
Super User
Sumqayıtda əbədi məşəli məhz o yandırıb - UNUTMADIQ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
II və III dərəcəli "Şöhrət" ordeni mükafatçısı, Böyük Vətən müharibəsi veteranı Mustafa Məmmədov 9 yanvar 1921-ci ildə Qərbi Azərbaycanın (İndiki Ermənistanın) Gəncə quberniyasının Qazax qəzasında, Qararaya kəndində doğulub.
Böyük Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. 77-ci Azərbaycan diviziyasının tərkibində döyüş yolu keçib. Novorossiysk, Kerç uğrunda gedən qanlı döyüşlərdə iştirak edib.
Novorossiysk — Qara dənizdə Rusiyanın ən böyük müdafiə şəhəri idi. Bu şəhər Qara dənizin ən rahat dəniz körfəzlərindən birində yerləşir. 1941-ci ilin noyabr ayının ortalarında alman-faşist qoşunları Sevastopol istisna olmaqla, bütün Krımı ələ keçirmişdi. Ali Baş Komandanlığın 16 noyabr 1941-ci il tarixli qərarı ilə Novorossiysk Sevastopolun ərzaq təminatı bazası müəyyən edilmişdir. Faşistlər Novorossiysk şəhərinin mühüm strateji əhəmiyyətini nəzərə alaraq, qısa müddətdə limanı məhv etmək və mühasirəyə almağı planlamışdılar.
225 gün sahəsi 30 kvadrat kilometr olan bu plasdarmada qanlı döyüşlər davam edib. Bu ərazini onlarca artilleriya və minaatan batareyası atəşə tuturdu. "Kiçik torpaq" düşmənin böyük qüvvələrini özünə zəncirləyib və 1943-cü ildə onun qoşunlarının darmadağın edilməsində böyük rol oynayıb.
Sentyabrın 9-dan 10-na keçən gecə Mustafa Məmmədov uzun müddətdir gözlənilən, uzun aylar davam edən mühasirədən sonra Novorossiyskə hücumda iştirak etməyə hazırlaşırdı.
Şəxsi heyət məsuliyyətli vəzifəni yerinə yetirməli idi: ilk hücum üçün bir yol açmaq lazım idi. O zaman ordunun siyasi bölməsinin rəisi Leonid İliç Brejnev döyüşçülər qarşısında çıxış edərək onları həvəsləndirib.
"Bu çıxış həlledici döyüşə ilham verən, əsgərlərin ürəyinə yatan sözlər idi. Bu, bizə yeni qüvvə və düşməni mümkün qədər tez əzmək arzusu bəxş edən ruhlandırıcı söhbət idi", — deyə uzun illər sonra öz uşaqlarına Mustafa Məmmədov bildirib.
(Yeri gəlmişkən, sonradan SSRİ baş katibi olaraq şəxsiyyətə pərəstiş yeridən Brejnev “Kiçik torpaq” adlı kitabını okivar reklam etmişdi).
Həmin gün əsgərlər tərəfindən qəhrəmanlıq möcüzələri göstərilib. Faşistlər bu şiddətli müqavimət qarşısında tab gətirə bilməyiblər.
Qəhrəmanımız “Qafqazın müdafiəsinə görə" medalı daxil olmaqla altı medala layiq görülüb. Gördüyü işə vicdanlı münasibət göstərdiyinə görə 11 dəfə fəxri fərmanlarla təltif olunub. Böyük Vətən müharibəsində Qələbənin 40-cı ildönümündə Sumqayıtda məhz ona yeni "Əbədi məşəl" abidəsinin alovunu yandırmaq tapşırılıb. Sumqayıtda Leonid İliç Brejnevin 75 illiyi münasibətilə ad gününə təbrik teleqramını Kremlə məhz o göndərib.
O, 2001-ci ilin 9 iyununda Sumqayıtda dünyasını dəyişib.
Allah rəhmət eləsin Amin.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
“Hörün məni divarlara” - CAVANŞİR MƏMMƏDOVUN ONSUZ KEÇƏN 71-İ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bugünkü təqvimi vərəqlədikcə doğum günü bu günə təsadüf edən bəzi şəxslər barədə söz açmaq istəyirəm. Onlardan biri Cavanşir Məmmədovdur.
Cavanşir Məmmədov 1954-cü il yanvarın 9-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olmuşdur.
O, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir. Azreklam agentliyində qəzet və jurnal üzrə redaktor, kənd təsərrüfatı elmi xəbərləri jurnalında korrektor, "Yazıçı" nəşriyyatında redaktor, Azərbaycan Assosiasiyasında ədəbi-mədəni əlaqələr üzrə müavin, "Aydınlıq" qəzetində şöbə müdiri, "Xalq qəzeti"ndə isə baş müxbir vəzifələrində çalışmışdır. Cavanşir "Ulus" qəzetinin əməkdaşı olmuşdur.
XX əsrin 60-cı illərindən bədii yaradıcılığa başlamışdır. İlk mətbu şeiri "Şərq qapısı" qəzetində dərc olunmuşdur. Dövri mətbuatda şeirləri, hekayələri və publisist yazıları vaxtaşırı işıq üzü görmüşdür.
Əsərləri:
1. Gözümün ilk ovu
2. Hörün məni divarlara
3. Qiblə yeli
4. Durnalar qərib olmur
5. Mən qəribin qardaşıyam
6. Ömrümüzdə yanan ocaq
1990-cı ildən Azərbaycan Yazıçılar birliyinin, 1996-cı ildən isə Azərbaycan Jurnalistlər birliyinin üzvü idi.
Şair ilk əvvəl Eloğlu təxəllüsü ilə, 1992-ci ildən isə Dərviş təxəllüsü ilə yazılarını çap etdirmişdir.
15 dekabr 2014-cü ildə ürək çatışmamazlığından vəfat etmiş və Bakı şəhərində dəfn edilmişdir.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
TANIDAQ! – yazar Adil Abdullayev
İnciMəmmədzadə
Adil Abdullayev 1950-ci il yanvarın 6-da Azərbaycanda Zərdab rayonunun Əlvənd kəndində müəllim ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra uşaq və yeniyetmələr üçün yaradıcılıq təşkilatında baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır (1967–1968).
Bakıda 1 saylı mətbəədə mütəxəssis (1977), Azərbaycan Dövlət Nəşriyyatında oxucu, korrektor, kiçik redaktor, redaktor, böyük redaktor (1977–1985), ictimai-siyasi ədəbiyyat redaksiyasında müdir (1986) vəzifəsində işləmişdir.
Bədii yaradıcılığa kiçik yaşlarından başlamışdır. İlk əsəri 1960-cı ildə "Pambıqçı"rayon qəzetində işıq üzü görmüşdür. Bundan başqa, o, dövri mətbuatda hekayə, oçerk və məqalələrləçıxış etmişdir. Uşaqlar üçün bir sıra maraqlı kitablar onun tərtibi, ön sözü ilə kütləvi tirajla nəşr olunmuşdur. Həmçinin o, bir sıra dərslik, dərs vəsaiti, tədris proqramı, monoqrafiyavə s. elmi əsərlərin də müəllifidir.
1978-ciildə AzərbaycanYazıçılarBirliyinə üzvseçilmiş qəhrəmanımızınkitablarına baxdıqca geniş yaradıcılıq spektri gözə çarpır:
1. Zərdabi yurdunun övladları (oçerklər toplusu)
2. İlk milli mətbuatımız
3. Qonağı yola ver (hekayələr)
4. Sehrli üzük
5. 1001 sual, 1001 cavab
6. Balalara töhfələr
7. Hikmət çələngi
8. Kişi sözü
9. Abdullayev A., Sadıq İ. Azərbaycanda nəşriyyat tarixi: dərslik.
10. Kitabşünaslıq: nəşriyyat işinin əsasları və təşkili: monoqrafiya
11. Seçilmiş əsərləri.
Bu günlərdə onun doğum günüydü.
Allah xeyirli ömür nəsib etsin Amin.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
Uorren Baffet: “Çökən müəssisədən vaxtında çıxmağa çalışın!”
“Ədəbiyyat və incəsənət” portalı sizlər üçün bilik xəzinəsinin qapılarını taybatay açmaqdadır. Dünyaşöhrətli investor, filantrop Uorren Baffet həm də uğur nəzəriyyəsinin banisidir. Onun “Uğur qazanmaq qaydası” təlimi də var. Ötən gün sizlərə nəzəriyyənin ilk 10 bəndini təqdim etdik. Bu gün növbəti bəndi diqqətinizə çatdırırıq.
Əminik ki, sizlərə bu dahi şəxs çox faydalı olacaq.
Qayda 11
Çökən müəssisədən vaxtında çıxmağa çalışın!
«Gəncliyimdə mən bir dəfə qaçış yarışlarına pul qoymuşdum, uduzdum, pulumu qaytarmaqçün yenə qoydum, yenə uduzdum. Bundan sonra mən fikrimi toplamağı bacardım. Sonralar mənə yalnız ziyan gətirən biznesdən dərhal çıxmağa başladım».
Əvvəlki bəndlər isə bunlar idi:
Qayda 1
Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!
«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».
Qayda 2
«Yox!» deməyi öyrənin
«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».
Qayda 3
Heç vaxt başqalarına qulaq asmayın
«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.
Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»
Qayda 4
Cəld və məhsuldar hərəkət edin
«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».
Qayda 5
Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız
«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».
Qayda 6
Hər şey barədə əvvəlcədən razılaşın
«İstənilən işi başlayanda dərhal maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».
Qayda 7
Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin
«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».
Qayda 8
Öz pullarınızdan düzgün istifadə edin
«Birinci qayda: heç vaxt pulunuzu itirməyin. İkinci qayda: heç vaxit birinci qaydanı unutmayın.
Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».
Qayda 9
Öz vəsaitinizlə yaşayın!
«Çalışın, heç vaxit borca pul göitürməyin. Götürsəniz, heç cür inkişaf edə bilməyəcək, bütün həyatınızı yoxsulluq içində keçirəcəksiniz. Cəld borclarınızı qaytarın və dövriyyəyə buraxmaq üçün azacıq kapital toplayın».
Qayda 10
Qətiyyətli olun!
«Qətiyyətsizliklə siz heç nəyə nail ola bilməyəcəksiniz. 1984-cü ildə mən bir kompaniya almışdım. Bu kompaniyada bir qadından – kompaniyanın qurucusundan çox xoşum gəlirdi. İş onda idi ki, böyük maliyyəsi olmayan və olduqca qətiyyətli olan bu xanım yalnız qətiyyəti hesabına mebel satışı ilə məşğul olan böyük bir mağazalar şəbəkəsi aça bilmişdi».
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
Azərbaycanlı gənc rəssamların Romada sərgisi açılacaq
Yanvarın 23-dən 30-dək Romanın Medina Art Galereyasında azərbaycanlı gənc rəssamların “Mədəni diplomatiya sənəti - Sülh naminə incəsənət” (Art of Cultural Diplomacy-Art for Peace) adlı qrup sərgisi açılacaq.
Sərgi Azərbaycanın İtaliyadakı səfirliyi, səfirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.
“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzindən AzərTAC-a bildirilib ki, sərgidə 22 gənc rəssam iştirak edəcək və onların 57 rəsm əsəri ilə yanaşı, gənc heykəltaraş Kənan Həsənquliyevin “Qarabağ cəngavəri” adlı heykəli də nümayiş olunacaq.
Sərginin məqsədi Azərbaycanın gənc rəssamlarının istedadını italyanların və İtaliyada olan turistlərin diqqətinə çatdırmaqdır.
Sərginin açılış mərasimi yanvarın 24-də keçiriləcək. Sonda iştirakçı rəssamların hər birinə səfirlik tərəfindən sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, bu, “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin İtaliyada sayca üçüncü sərgisidir. Mərkəz tərəfindən bu ölkədə təşkil olunan ilk sərgi 2012-ci ildə Romada, ikinci sərgisi isə 2014-cü ildə Milanda açılıb.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
Kinematoqrafçılar üçün ingilis dili kursu layihəsinə qəbul elan edilib
Azərbaycan Kinematoqrafçılar İttifaqı “FilmEnglish – kinematoqrafçılar üçün ingilis dili kursu” layihəsinə qəbul elan edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Məlumatda bildirilir ki, layihənin əsas məqsədi gənc kinematoqrafçıların kino dünyasında çox əhəmiyyətli olan ingilis dili biliyinin təkmilləşdirilməsidir.
Üç ay davam edəcək kurslarda iştirak pulsuzdur. Dərslər həftədə 2 dəfə olmaqla, axşam saatlarında keçiriləcək. İngilis dili kursuna qatılmaq istəyən şəxslər məlumatlarını PDF formatda bir səhifədən çox olmamaqla, yazılı portfolionu Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına “AKİ-nin ingilis dili dərsi kursu” başlığı ilə göndərməlidirlər.
Müraciətlər yanvarın 25-dək qəbul olunur.
Layihədə iştirak ödənişsizdir.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü ilə “1-ci Uşaq Teatr Festivalı” başlayır
Azərbaycan teatrının yaranmasının 152-ci ildönümünü münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə martın 10-dan 17-dək “1-ci Uşaq Teatr Festivalı” keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, uşaqlar üçün nəzərdə tutulan festival Azərbaycan xalq nağıllarının yaşadılması və yeni nəslin mədəniyyətə marağının artırılması məqsədilə təşkil olunur.
Festivalda 15 komandanın təqdim edəcəyi xalq nağılları əsasında hazırlanacaq tamaşalar 20-35 dəqiqə davam edəcək. Bu yanaşma uşaqların milli irsimizə bağlılığını möhkəmləndirməklə yanaşı, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə imkan yaradacaq.
Festivalın məqsədi mədəni irsimizi qorumaqla yanaşı, uşaqlara komanda şəklində işləmə bacarıqları qazandırmaq, səhnə mədəniyyəti ilə tanış olmalarına və öz istedadlarını nümayiş etdirmələrinə şərait yaratmaqdır. Tədbir Azərbaycan xalq nağıllarının yaşadılması və yeni nəslin mədəniyyətə marağının artırılmasını hədəfləyib.
Layihənin ideya müəllifi Azərbaycan İncəsənət Məktəbinin direktoru Tural Əliyev, layihənin rəhbəri Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin metodisti Dağlar Yusif Əfəndi, layihənin bədii rəhbəri Azərbaycan İncəsənət Məktəbinin təsisçisi Fərid Bağırov və layihənin koordinatoru Azərbaycan İncəsənət Məktəbinin meneceri Rübabə Hüseynovadır.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
Azərbaycan Milli İncəsənət Muzeyində “Sevgi odası” adlı bal təşkil ediləcək
Yanvarın 13-də Əli və Ninonun əfsanəvi sevgi hekayəsinin canlandırılacağı ab-havada “Sevgi odası” adlı əsrarəngiz bal təşkil ediləcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək bal Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının immersiv tamaşa formatında keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
Dövlət dəstəyi ilə lentə alınmış filmlərin təqdimatı keçiriləcək
Yanvarın 17-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə lentə alınmış “Narqız” animasiya, “Tərsinə kölgələr” və “Erkən hisslər” qısametrajlı bədii filmlərinin təqdimatı keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yaymışdır.
Qeyd edək ki, hər üç film 2023-cü ildə keçirilən “Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi” və 2024-cü ildə keçirilən “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək” müsabiqəsində qalib gəlmiş ekran əsərləridir.
“Peri Film” MMC tərəfindən istehsal olunmuş “Narqız” filminin rejissoru tamaşaçıların “Tıq-tıq xanım” animasiya filmi ilə yaxşı tanıdığı Məsud Pənahidir.
“Rental Azərbaycan” MMC tərəfindən istehsal olunmuş “Erkən hisslər” qısametrajlı bədii filmi 2023-cü ilin sonunda keçirilmiş film müsabiqəsinin qalib işlərindəndir. Ekran işini gənc rejissor Nurlan Həsənli lentə alıb.
Kinotənqidçi, rejissor Hacı Səfərovun “Tərsinə kölgələr” qısametrajlı bədii filmi “Chinar Film” MMC tərəfindən istehsal olunub. Ekran əsəri 2024-cü ildə ARKA tərəfindən keçirilən “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsində qalib gəlib.
Xatırladaq ki, ötən bir il ərzində Mədəniyyət Nazirliyi və ARKA tərəfindən 40-dan çox film layihəsinə maliyyə ayrılıb. Həmin filmlərin təqdimatı il ərzində davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
Kolumbiya Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
Kolumbiya Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
“Ədəbiyyat və incəsənət” portalı Diaporla İş üzrə Dövlət Komitəsindən aldığı məlumata görə, ABŞ-nin Nyu York şəhərində yerləşən Kolumbiya Universitetində də 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan-Amerika Gənclər Federasiyasının (AAYF) təşkilatçılığı ilə baş tutan tədbirə Kolumbiya Universitetinin azərbaycanlı və əcnəbi tələbələr, eləcə də Ayova, Corciya və digər ştatlardan gələn tələbələr qatılıb.
“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AAYF-nin sədri Leyla Aslanova açılış nitqi ilə çıxış edərək, iştirakçıları salamlayıb, birliyimizin və həmrəyliyimizin millətimizi daha da gücləndirdiyini vurğulayıb.
AAYF-nin idarə heyətinin üzvü Fərid Axundov qəza nəticəsində həlak olanların ailələrinin kədərinə şərik olduqlarını bildirib və yaralananlara Allahdan şəfa diləyib.
Tədbirdə iştirakçılar öz təcrübələrini paylaşaraq, bir-biri ilə tanış olmaq imkanı qazanıblar. İnteraktiv hissədə Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı viktorina keçirilib. İlk üç yeri tutan qaliblər mükafatlandırılıb. Tədbir qarşılıqlı fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)