Super User

Super User

Çərşənbə, 24 Dekabr 2025 10:30

3 gündə 24 yasaq düşüncə. 2-ci gün

 

Xatirə Səfər, “Ədəbiyyat və incəsənət” üçün

 

9.Keçmiş dövrün qalığı olan qadın yasaqları və qadağaları bir çox ölkələrdə hələ də qanuni şəkildə və ya birtərəfli olaraq qanunsuz formada ölkədaxili qaydaların, qərarların hegemonluğunu təsdiqləyir.

10.Yasaqlar olmadan yaşamaq necə olardı, görəsən? Cəmiyyətə xaos kimi təqdim olunan hal-hazırkı mühit, ictimai-sosial vəziyyət, insanlar arasındakı münasibətlərdə yasaqların aradan qalxması şəxsi fikirlərin, şəxsi azadlıqların daha çox qabardılaraq gündəmə gətirilməsinə, bir çox şeylərin haqlı olmaya-olmaya haqq qazandırılıb normal səviyyədə təqdim edilməsinə səbəb olur.

11.İnsan düşünən, idrak edən varlıq olduğu üçün öhdəsinə yaratmaq və öyrətmək kimi missiyalar qoyulur. Hər kəs yaratmağa və ya öyrətməyə sahib bacarıqla dünyaya gəlirmi? Xeyr, mümkün deyil.

12.Bəzən indiki dövr üçün aktual olan problemlərdən danışanda kitab sektorundakı ciddi narahatlıqlar yada düşür. İnsanları vicdanları ilə sınağa çəkərək hədələmək, qorxutmaq həmişə asan olub. Ona görə də istədikləri sözləri, arzuları, hətta xəyalları belə ya utana-utana deyiblər, ya da elə sadəcə xülya kimi təsəvvür ediblər, yaxud da kitablarla ovudublar özlərini.

13.“Doğru sözü deyəni daş-qalaq edərlər” deyə söz yayılan cəmiyyətdə insan çətin ki, öz arzu-istəklərini asanlıqla gerçəkləşdirə bilsin. Hətta arzu-istək bir yana, haqqı olanı tələb etmək hüququndan belə məhrum edilir. Söz azadlığının ancaq kağız üzərində, formal şəkildə mövcud olduğu bir toplumda yaşamaq və bu toplumun bir üzvü olmaq həddindən artıq böyük iradə tələb edir.

14.Mən bir yazımda Şərq qadınlarının duyğularının kor, kar, lal, əlil qaldığı bir dövrü təsvir etmək istərdim.

15.İstənilən ailələrdə “cəmiyyət nə deyər, qohum-əqrəba nə deyər” düşüncəsi ilə doğulan, tərbiyə edilən qız övladları yaşayır. Onların beyninə təlqin olunan, “günah keçisi” adlanan bu düşüncələr və qadağalar vaxtından əvvəl ruhlarının qocalmasına, özlərini yalnız ana, bacı, qız övladı kimi görmələrinə səbəb olur.

16.Amma qadın yaradıcıdır, doğaraq artandır, öyrədəndir, sağaldandır, yaraları sarandır və s. Cəmiyyətdə və ailədə müxtəlif rollarda çıxış edən qadının ana təbiətdən tək istəyi var: gənc qalmaq, sevgi ilə bəslənmək, çəkdiyi ağrı-acıları gördüyü hörmət və qayğı ilə unutmaq, unudulmamaq.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2025)

 

В Сеуле подписан Меморандум с Центром ICHCAP при ЮНЕСКО

 

В рамках рабочего визита президента Фонда тюркской культуры и наследия Актоты Раимкуловой в Сеул был подписан Меморандум о взаимопонимании между Фондом и Международным информационно-сетевым центром нематериального культурного наследия в Азиатско-Тихоокеанском регионе при ЮНЕСКО (ICHCAP).

 

Документ подписали президент Фонда Актоты Раимкулова и исполняющая обязанности генерального директора госпожа Гюри Пак. Меморандум предусматривает установление институционального сотрудничества между сторонами в области охраны, изучения, документирования, цифровизации и международного продвижения нематериального культурного наследия.

В рамках Меморандума планируется реализация совместных проектов, проведение научного и информационного обмена, привлечение специалистов, а также продвижение совместных инициатив на региональных и международных платформах.

Документ открывает новые горизонты для укрепления сотрудничества и взаимного диалога между Тюркским миром и Азиатско-Тихоокеанским регионом, создавая широкие возможности для представления богатейшего культурного наследия тюркских народов не только в Европе, но и в Азии, а также на глобальной арене.

Подписание Меморандума и двусторонние встречи на высоком уровне, состоявшиеся в Сеуле, рассматриваются как важный шаг в деле расширения международного партнёрства Фонда тюркской культуры и наследия, укрепления сотрудничества со структурами ЮНЕСКО и продвижения богатого нематериального культурного наследия тюркских народов на международном уровне.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2025)

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyinin birgə təşkilatçılığı ilə İndoneziya və Azərbaycan arasında dövlət xidmətləri üzrə simpozium keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, onlayn formatda baş tutan simpozium 24 iyul 2017-ci il tarixində  imzalanmış Anlaşma Memorandumu və onun davamı olaraq 1 iyul 2024-cü il tarixində Cakarta şəhərində imzalanmış Fəaliyyət Planı çərçivəsində təşkil olunub. Belə ki, hazırda İndoneziya Respublikasında “ASAN xidmət” təcrübəsi əsasında yaradılmış 300-dən çox Dövlət Xidmət Mərkəzi fəaliyyət göstərir.

Əsas məqsəd dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmaların və idarəetmə mexanizmlərinin tətbiqi sahəsində bilik və təcrübə mübadiləsinin aparılması olub.

Açılış sessiyasında Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və İndoneziyanın  inzibati və bürokratik islahatlar naziri Rini Vidyantini çıxış ediblər. Onlar dövlət xidmətlərinin daha səmərəli, şəffaf və vətəndaş mərkəzli şəkildə təşkilini, eləcə də iki ölkə arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələlərini vurğulayıblar.  

İndoneziyalı nazir  “ASAN xidmət”in dövlət xidmətlərinin göstərilməsində vətəndaşların etimadını qazanması ilə yanaşı,  bu sahə üzrə beynəlxalq tərəfdaşlarını da ruhlandırdığını qeyd edib. 

Simpozium çərçivəsində Dövlət Agentliyinin və İndoneziyanın Bürokratik İslahatlar Nazirliyinin müvafiq şöbələri tərəfindən aidiyyəti sahələr üzrə geniş təqdimatlar edilib, suallar cavablandırılıb.

Sonda tərəflər əməkdaşlığın gələcək mərhələlərinə dair fikir mübadiləsi əsasında qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyini  vurğulayıblar. 

Tədbir hər iki ölkədən ümumilikdə 300-ə yaxın iştirakçını əhatə edib.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2025)

 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP) tərəfindən təşkil edilən Beynəlxalq Konfransında iştirak edib

 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Seul şəhərində (C.Koreya) keçirilən “Sərhədləri aşan miras və (ASEAN) Cənub-Şərqi Asiya Ölkələrinin Ortaq Mədəni İrsi: dəyərlər və regional əməkdaşlıq” mövzusuna həsr olunmuş Beynəlxalq Konfransda iştirak edib.

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondunun verilən məlumata görə, tədbir Cənubi Koreya Respublikasının Milli İrs Xidməti və UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzinin (ICHCAP) birgə təşkilatçılığı ilə baş tutub.

“Türk mədəni məkanında ümum mədəni irs üzrə regional əməkdaşlıq: Ortaq Türk İrsi Kataloqu” məruzəsi ilə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova beynəlxalq əməkdaşlığın mədəni irsin qorunması və təbliğində artan roluna diqqət çəkib. O, çıxışında Fondun Türk dünyasında ortaq mədəni dəyərlərin sistemli şəkildə sənədləşdirilməsi, gələcək nəsillərə ötürülməsi və beynəlxalq platformalarda tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən bəhs edib.

Seul şəhərində keçirilən konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Fond tərəfindən “Türk Dünyasına Baxış– 2040” və TURKTIME strateji sənədlərinə uyğun olaraq hazırlanmış Türk mədəni irsinə dair ilk çoxdilli kataloq “Türk Dünyasının Mədəni Kodu” nəşrini təqdim edib. Qeyd olunub ki, sözügedən kataloq ilk dəfə 4 noyabr 2025-ci il tarixində Səmərqənd şəhərində UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində beynəlxalq ictimaiyyətə təqdim olunub, Koreya Respublikasında baş tutan təqdimat isə layihənin növbəti beynəlxalq tanıtımı baxımından mühüm mərhələ kimi dəyərləndirilib.

Layihə Ortaq Türk İrsi Siyahısının formalaşdırılması və “TurkicHeritage” rəqəmsal platformasının yaradılması üçün əsas zəmin yaradıb.

Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti və təqdim edilən konsepsiya ASEAN ölkələrinin nümayəndələri, beynəlxalq təşkilatlar, akademik dairələr və dövlət qurumları da daxil olmaqla konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və böyük maraqla qarşılanıb. Xüsusilə Fondun xalqlar arasında mədəniyyətlərarası dialoqun və etimadın möhkəmləndirilməsinə verdiyi töhfələr diqqət mərkəzində olub.

Fondun bu nüfuzlu forumda iştirakı göstərdi ki, Türk Mədəniyyəti və İrsi Fondu beynəlxalq əlaqələrini sürətlə genişləndirir. Təşkilat təkcə Avropa ilə deyil, həm də Asiya, Sakit okean regionu və ümumilikdə dünya ölkələri ilə əməkdaşlığı gücləndirir. Bu addım Türk dünyasının zəngin irsinin dünyada tanıdılması üçün yeni imkanlar yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2025)

 

Çərşənbə axşamı, 23 Dekabr 2025 12:13

Diaspor fəalları fərqləniblər

Soydaşlarımız yerli cəmiyyətlərə uğurla inteqrasiya edərək onların ictimai, siyasi, sosial həyatında olduqca fəal rol oynayırlar. Millətlər arasında mənəvi körpülərin qurulmasına, multikultural dəyərlərin formalaşmasına, gələcək naminə birgə fəaliyyətin təşviqinə töhfələr verirlər. Nəticədə Azərbaycan diasporunun üzvləri yaşadıqları ölkələrdə müxtəlif mükafatlara layiq görülürlər. Koreya Respublikasında yaşayan Rahil Əhmədova və Belçika Krallığında yaşayan Aydan Abdullayeva da bu baxımdan fərqləniblər.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Koreya Respublikasında Azərbaycan icmasının fəal üzvü Rahil Əhmədova multikultural ailələrə dair müsbət ictimai rəyin formalaşmasına verdiyi töhfələrə görə “15-ci LG və Dong-A Multikultural Mükafatı”nın “Grand Prize”inə layiq görülüb. Rahil Əhmədova Mükafatlandırma mərasimində bildirib ki, bu mükafat Koreyada yaşayan multikultural ailələr üçün bir təşviqdir və o, gələcəkdə də Koreya ilə Azərbaycan arasında körpü olmağa davam edəcək. 17 ildir həmin ölkədə yaşayan soydaşımız ictimai fəaliyyəti və beynəlxalq layihələri ilə çoxmədəniyyətli ailələrin cəmiyyətdə düzgün şəkildə tanıdılmasına töhfələr verir. Qeyd edək ki, “Dong-A Ilbo” Koreyanın 1920-ci ildən nəşr olunan aparıcı milli qəzetlərindən biridir. “LG və Dong-A Multikultural Mükafatı” isə 2010-cu ildə LG şirkəti və Dong-A Ilbo qəzeti tərəfindən təsis olunub. Mükafat Koreyanı multikultural dost cəmiyyətə çevirməyə əhəmiyyətli töhfə verən şəxsləri və qurumları dəstəkləmək məqsədi daşıyır. Bu il 9 nəfər və 3 təşkilat mükafata layiq görülüb. Tədbir Koreya mətbuatında da işıqlandırılıb: https://n.news.naver.com/article/020/0003680940?sid=102

Belçikanın Brüssel şəhərində yaşayan, diaspor fəalı Aydan Abdullayeva isə 2026–2027-ci illər üzrə Gənc Avropa səfiri (YEAs) seçilib. “Gənc Avropa səfirləri” (YEAs) təşəbbüsü 2016-cı ildə Avropa İttifaqının (Aİ) “Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı” (“EU NEIGHBOURS East”) çərçivəsində həyata keçirilməyə başlanıb. Bu təşəbbüs Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan, eləcə də Aİ-yə üzv dövlətlər və Birləşmiş Krallıqdan olan gəncləri bir araya gətirən, onları əlaqələndirən, qeyri-siyasi, könüllülük prinsiplərinə əsaslanan və dinamik şəkildə fəaliyyət göstərən bir kommunikasiya şəbəkəsidir. Şəbəkə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı barədə məlumatlılığın artırılmasını, müxtəlif mövzularda siyasi dialoqa dəstək verilməsini və daha yaxşı gələcək naminə birgə fəaliyyətin təşviq edilməsini hədəfləyir. Vrije Universitetində Sosial Elmlər üzrə təhsil alan Aydan Abdullayeva Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçısı və Azərbaycan Diaspor Gəncləri (ADG) təşkilatının üzvüdür.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2025)

Çərşənbə axşamı, 23 Dekabr 2025 11:48

“Adını tarixə yazan şəhid qardaşım" təqdim olundu

 

20 dekabr 2025-ci il tarixində Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Milli QHT Forumunda Aybəniz Camalovanın birinci Vətən müharibəsinin şəhidi Hüseyn Muxtar oğlu Məmmədovun əziz xatirəsinə həsr olunmuş "Adını tarixə yazan şəhid qardaşım" kitabının təqdimatı keçirib. Kitabın redaktoru araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist Vaqif Osmanlıdı.

 

“Ədəbiyyat və incəsənət” portalına İB-dən verilən məlumata görə, tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açaraq şəhid Hüseyn Məmmədovun şərəfli ömür yolundan danışdı.

Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himnimiz səsləndirildi.

  Söz aparıcılıq üçün təşkilatın idarə heyətinin üzvü, şair, şəhid bacısı Lalə İsmayıla verildi. O, qeyd etdi ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində şanlı zəfərimizin, tarixi qələbimizin 5 illiyi münasibəti ilə şəhid Hüseyn Məmmədovun adına bağlanan bu kitab ruhuna töhfədir. Mənə elə gəlir şəhid Hüseyn Muxtar oğlu haqqında ən yaxşı kitabı bacısı Aybəniz Camalova yaza bilərdi və yazdı. Çünki qardaşını  hamıdan yaxşı tanıyırdı.

Sonra söz kitabın müəllifi Aybəniz Camalovaya verildi. Qardaşı haqqında xatirələrini, onun qəhrəmanlığını dilə gətirən  şəhid bacısının kədərinin içində böyük qürur var idi. O, bildirdi ki, qardaşı haqqında saralmış vərəqlərdəki xatirələri, qeydləri, topladığı xatirə şəkilləri artıq kitab kimi ictimaiyyətə, xalqa təqdim olunursa, bu da bizə bir təsəllidi. Bu oğullar “Vətən” dedilər, Vətən uğrunda, torpağımızın azadlığı, xalqımızın xoş sabahı, bu günü və gələcəyi üçün canlarından  keçdilər. Şəhid qardaşımın bir oğlu, bir qızı qaldı. Onun cavan həyat yoldaşı üçün, bizim üçün asan olmadı bu illər. Amma bu gün qürurluyam. Zəfər bizimdir, xalqımın sevinci mənimdir. Şəhid qardaşım Hüseynin ruhu şaddı.

Kitabın redaktoru Vaqif Osmanlı çıxışında Aybəniz Camalovanın lirik duyğularının təbiiliyini önə çəkərək onun təcrübəli filoloq, orta və ali məktəb müəllimi olduğunu, “Nitq mədəniyyəti” fənnini tədris etdiyini vurğuladı. Aybəniz xanımın şəhid qardaşı Hüseynin qəhrəmanlığını və tarixi Zəfərimizi tərənnüm edən bayatıları onun kövrək bacı, ana, nənə, vətəndaş duyğularıdır. Aybəniz xanım həm də respublikamızda tanınmış quramaçıdır. İncəsənətin zərif sahəsi olan qurama sənəti ilə ədəbiyyatı ustalıqla birləşdirən müəllif gələcək nəsillərə örnək nümunələr - qurama kimi rəngarəng publisistik yazılar və şeirlər yaradıb.

Tədbirdə şəhidimizin qardaşı Sərxan Muxtaroğlu, bacısı Elmira Muxtarqızı, Amerikadan gələn, Bakıda Azərbaycan tarixi üzrə tədqiqat aparan professor Kelsi Rays, şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynova, şəhid Əli  Abbasquluzadənin anası Nəzakət ana, əmək veteranı, Prezident təqaüdçüsü Tərlan Musayeva, "Üçüncü Bahar İB"-i adından Gültəkin Səlimova, Mingəçevirdən Pəri Tağıyeva, Afət Mehdiyeva, Mələk Tağıyeva,  ziyalı Sabit  Əzimov, Asif  Abdülhəlimov, Faiq Quliyev, Elçin Həsənov, Elçin Həmidov,    "Ailələrə Sosial Dəstək" İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının müdafiəsi" İB-nin sədri Mehriban Abdullayeva, "Əbədi Turan" Kitab Fondunun sədri, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad, Polad Ağa İbrahimovun rəhbərlik etdiyi "Ədəbi Tədbirlər Birliyi" nin üzvləri Mənsurə Cabbarlı və Mustafa Məmmədov  çıxış etdilər.

Sonda Güllü Eldar Tomarlı Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İsgəndərliyə, katibliyin rəhbəri Ləman Ağalarovaya və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2025)

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi və Əli Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə AYB üzvü, şair Xaqani Ayxanın 60 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbir Poeziya Evində baş tutub.

 

AYB Poeziya bölməsinin rəhbəri, Poeziya Evinin direktoru İbrahim İlyaslı qonaqları salamlayıb və yubiley tədbirinin əhəmiyyətindən danışıb. Daha sonra AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin çıxış edərək Xaqani Ayxanın yaradıcılıq yolu, poeziyada tutduğu mövqe və ədəbi fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.

Tədbirin moderatoru, şair Zirəddin Qafarlı Xaqani Ayxanın şeirlərindən nümunələr səsləndirərək sözü qələm adamlarına verib. Çıxış edənlər - Əli Nəcəfxanlı, Rafiq Oday, Əbülfəz Əhməd, Elvin İntiqamoğlu, Əli Niyazbəyli, Xan Rəsuloğlu və Esmira Günəş şairin yaradıcılıq xüsusiyyətləri, poetik dünyası və ədəbiyyatımıza verdiyi töhfələr barədə maraqlı və dəyərli fikirlər səsləndiriblər.

Tədbirin sonunda söz şair Xaqani Ayxana verilib. Yubilyar göstərilən diqqət və ehtirama görə hər kəsə təşəkkürünü bildirib, həmçinin yeni qələmə aldığı şeirlərini oxuyaraq tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2025)

 

Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili və digər kurslarda təhsil alan tələbələrə diplomların təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə müxtəlif ölkələrdən olan tələbələrə ümumilikdə 186 diplom və sertifikatlar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, diaspora rəhbəri tədqiqatçı-alim Seymur Nəsirovun verdiyi məlumata görə, mərasimdə Seymur Nəsirov çıxışında iki ölkə arasında mövcud olan əlaqələrin tarixindən danışıb. Qeyd edib ki, Azərbaycan əsilli məşhur alimlər, sənətkarlar, sərkərdələr Misirdə, ümumiyyətlə İslam dünyasının inkişafına böyük töhfələr veriblər. Bu kontekstdə diaspora rəhbəri İslam coğrafiyasının işğalçılardan qorunmasında böyük qəhrəmanlıq göstərmiş Nurəddin əz-Zəngi və Səlahəddin Əyyubinin adlarını qeyd edib. S.Nəsirov Misir və Azərbaycan arasında coğrafi baxımdan uzaq məsafəyə baxmayaraq, hər iki ölkənin xalqlarını bir-birinə tarixən sıx elmi və mədəni əlaqələrin bağladığını diqqətə çatdırıb.

S.Nəsirov rəhbərlik etdiyi cəmiyyətin fəaliyyəti barədə də məlumat verib. Bildirib ki, 2014-cü ildən fəaliyyət göstərən cəmiyyət Azərbaycan dilinin və ədəbiyyatının, mədəniyyətinin təbliği ilə məşğuldur.

İdarə heyətinin sədri əlavə edib ki, cəmiyyətdə təşkil edilən kurslarda indiyədək müxtəlif ölkələrdən 3000-ə yaxın tələbə təhsil alıb və hazırda 61 ölkədən olan 650-dən çox şəxs ödənişsiz əsasda təhsilini davam etdirir. Burada Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər tədris olunur.

Qeyd edək ki, Misir-Azərbaycan Dotluq Cəmiyyətinin fəaliyyəti, ərəb ölkələri mediası tərəfindən yüksək qiymətləndirilərək qeniş şəkildə dərc olunur.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2025)

Çərşənbə axşamı, 23 Dekabr 2025 12:00

Qulu Ağsəs, “Qədir gecəsi”

 

“Ədəbiyyat və incəsənət” portalı şair Qulu Ağsəsin unudulmaz sənətkar, Xalq artisti Qədir Rüstəmovun buaykı 90 illik yubileyi münasibətlə yazdığı "Qədir gecəsi" adlı xatirə yazısını təqdim edir.

 

— Ə, qaqa, maşın mənim, ev dostumun, bə bunlar nə adnan gəlib doluşublar içəri?..

Adil müəllim Qədiri bir də bağrına basdı, “şofer”ə əl uzatdı, Zöhrabla hal-əhval elədi, mənə yaxınlaşanda oğurluq üstdə tutulan uşaq kimi qızardım, başımı əvvəl aşağı, sonra tavana sarı qovzadım, Qədirin atmacası havada üzürdü...

Montajdan çıxıb redaksiyaya girəndə uşaqlar nahardaydı, stolun üstündəki “zapiska”da “Qulu, Zöhraba (“Azadlıq”) zəng vur” sözləri elə pintiliklə yazılmışdı ki, Sitarənin “poçerk”i gendən çağırırdı.

“-Alo, zəhmətolmasa, Zöhrab Əmirxanlını...”- Salam. - Salam. -Necəsən? -Necəsən? -Yenə “Azadlıqdasan? — Yenə radioda çürüyürsən?” — Zöhrabınsəsindənhisselədimki, diabetinindilinin şəkəriylə tərs-mütənasibvaxtlarıdı, yənikefikökdü, taleyindənrazıdı, burnumakababiyigəldi. “Ağdamlı Adil müəllim zəng vurmuşdu, dedi, Qədir Bakıdadı, danışmışam, sənə müsahibə verəsidi, götür gəl Ələtə...” Bir şey kəsdirəmmədim, ancaq sual verməyin də mənası yoxuydu, Zöhrab ki başladı, dəndiyində söz saxlayan deyil.

“Dur gəl “Azadlıq”a, gedək “Kubinka”ya, beşin yarısı Qədir dostunun maşınında bizi gözləyəcək, istəyirəm, ikimiz bir yazı hazırlayaq”. “Kubinka”ya çatanacan sözü bir yerə qoyduq ki, Qədiri maşından saldıraq, müsahibəni elə Bakıda alaq, Adil müəllimdən zəng vurub üzr istəyərik. Qədir çatan kimi üstünü aldıq, Zöhrab sağdan, mən soldan, birimiz havadan, o birimiz qurudan hücuma keçmək istədik. Sözü kimə deyirsən?

Qədir daş atıb başın tutdu: “Ə, əvvəla, mən heç sizi tanımıram, Adilə hörmətim var, ona görə bəlkə sizi də maşına götürdüm. İkincisi, mən Bakıda karıxıram, sözümü-hərəkətimi bilmirəm, heç Əliyev mənə orden verəndə ağızdolusu təşəkkür də eləyə bilmədim. Siz kimsiniz, ə?” Çar-naçar maşına oturduq. “Mənim adım Zöhrabdı”, “Mənimki Quludu”, sürücü geri qanrılıb güldü: “Mən də Qədirin şoferiyəm”. Qədir tərsikdi: “Şofer nədi, ə, sən bunların ikisindən də mərifətli oğlansan...” (Allah, sən özün Zöhraba səbr ver!) Zöhrab deyən məni eşitdi, üzündəki göy qurşağı əriyib itdi, başını irəli uzadıb Qədirdən nəsə soruşmaq istədi. Qədir dönüb gözlərini elə bərəltdi ki, ikimiz də mumladıq: “Ə, başımı qatmayın, bu saat avariya eliyəjəm” (Allaha and olsun, sükanda ayrısıydı, amma biz inandıq...).

Ələtə xeyli var... 96-nın payız aylarıdı gərək ki. Bizdə heylə demirlər ha. Vay odu bir ağsaqqaldan nəyinsə yaşın soruşasan, o saat qayıdacaq ki, Keçicığırı altındakı dağdağanı ildırım vuran ili... dəyirman Məhəmmədi yer çəkəndən azca irəli... güneyin dalından beləməsinə qalxanda Salmanlar kəhrizinin baş quyusuna şappa düşəndə... Divangirin gamışı Qalaya qaçanda... Amma mən sizə dəqiq vaxt deyirəm: Qədir Rüstəmov təzəcə “Şöhrət” ordeni alıb, ev alıb, yenə nəsə bağışlayıblar, şəhərdə min cürə şayiə gəzir, indi bir-bir özündən soruşacam, bircə Ələtə çataq. Postdan keçəndə “QAİ” saxladı: “Sənədləri!”. “Sənəd mən!” — Qədir buyğur polisə çəmkirdi. “Bay, Qədir müəllim, sizə qurban olum, nətərsiz?” Postdakılar maşını dövrəyə aldılar. içəridən biri qaça-qaça gəldi ki, rəis Qədiri görmək istəyir, deyir, ayağını yuxarı qoysun, mənim yanıma. Di dur Qədirin qabağında, Azərbaycan polisi, görüm necə durursan?! “Ə, mən q...bəyəm-zadam, yanına çağıra, sən öl, kişiyə deyərəm, onun şalvarını çıxartdırar” (Vaxtın sürətini artırıram — müəl.). Polis üzrxahlıq eləyir: “Ötən dəfə Rəmiş də gəlmişdi...” Rəmişin adını eşidəndə Qədir lap hövüllənir: “Rəmiş kimdi, ə, sən məni ona tay tutursan? Sür, ə!..” Zöhrab qulağıma pıçıldayır ki, bundan müsahibə verən olmaz. Qədir Zöhrabdan iş yerini xəbər alır. Duet başlayır. Zöhrab Elçibəyi, Qədir Əliyevi müdafiə eləyir. Axırı Zöhrab “pas” gedir, Qədirsə kirimək bilmir: “Çox da mənə xalq artisti adı verib, amma ondan prezident olmaz. Elə bil, Rəmişi padşah qoymusan, adamın dədəsinin goruna söyərlər, sən öl. Gördün də Elçibəyi. Bizi qoydu Leylanın düzündə”.

Mən partlayıram: “Qədir müəllim, bunu indi niyə deyirsiniz?”

“Havaxt deyim, bəs? Bəri bax, ağsaqqal mənə orden verib — verib, ev verib — verib, noolsun içində yaşamayanda?! Heç yaxşı kişilər şikəst balasına heylə baxmırlar...” Şoferin dünya vecinə deyil, arabir Qədirlə məzələnir: “Leylanın düzün yaman dedin e. Haradı ora?” Qədir sözü boynundan atır: “Mən nə bilim haradı, bu “açkili” oğlanlardan xəbər al...” Ələt xaraba nə uzaqmış? Tərslikdən Adil müəllim evdə yoxdu, harasa çıxıb, ikinci mərtəbədəki stolların üstü naz-nemətlə doludu, ev sahibi gəlsə, “bismillah” eləyərdik.

...Zöhrab Adil müəllimlə məni əməlli-başlı tanış eləməyə ehtiyac duydu, Qədirin yolda çıxardığı oyunlardan danışdı, üstündən də and-aman elədi ki, bizi boş qaytarmasın. Çörəkdən sonraya razılaşdıq (Vaxtın sürətini təzədən artırıram — müəl.). Stola araq sel kimi axır, Adil müəllim şeiri şeirin, sağlığı sağlığın dalınca qoşur.

Qədir deyilən Allah bəndəsi əlini süfrəyə uzatmır, vur-hay qəlyanı körükləyir. At minnətinə sözü ona veririk. Diktofonu yavaşca stolun üstünə qoyuram, düyməsini sıxmamış Qədirin gözü alır, çörək burnumuzdan gəlir (A bədbəxt, guya Qədir nə deyəsidi ki? Gözəl bilirsən ki, onun möcüzəsi səsindədi), biz üzr istəyirik, diktofonu qulaqlayıb o biri evə atırlar. Zöhrab Adil müəllimi öyrədir soruşsun ki, Hacıbaba nətər oxuyanıydı? Qədirin cavabı hazırıymış: “Allah rəhmət eləsin, əziyyət çəkirdi”. Bəs Ağaxan, Arif, Süleyman? — “Sağ olsunlar, zəhmət çəkirlər”. Zöhrab girəvədən istifadə eləyir, üzünü Adilə tutub Qədirə eşitdirir: “Şamaxıda bir qız peyda olub — Elnarə, qeyri-adi səsi var, stili də özünəməxsusdu”. Qədir tora düşür: “Ə, mənim ağzımı açmayın, yerindən qalxan özünə bir stil qayırır. Ayrı şeyi bilmirəm, muğamatın bircə yolu var: Xan yolu. Bu, el yoludu. Mən də o yolu gedirəm — dədə-baba. Bunlar qıraqdan gedirlər, qaçaq-quldur yoluynan”.

Zöhrabın tükü durulur, üzünü şəstlə Qədirə tutub: “Alim Qasımov xaricdə zənciylə oxuyandan sonra Az.TV ona hücuma keçib, Habil Əliyev o günü Alimi “vapşe” yıxıb sürüdü, deməli, siz də onunla həmrəysiz, eləmi?” — soruşur. Qədirə bu söz bəsiymiş ki, təzədən “öz ampluasına” qayıtsın: “Habil özünə gülür, Xan əmimə ayaq verən kamançada bu durub “Cücələrim” çalır. O kimdi Alimə sataşır?” Sonra təzədən mülayimləşir: “Allah başlarından töksün, hamısı zəhmət çəkir”. Gecədi, saat on ikiyə işləyir, heç nə alınmadı. Zöhrab getmək üçün məclisdən izn alır. Adil müəllim bizi buraxmaq istəmir, o biri otaqda yerimiz hazırdı, Qədir “Gecdi, getsələr yaxşıdı” — deyir. Səhərdən bəri onun əlindən canı boğazına yığılan Zöhrab tələsik plaşını geyir. Mənim paltomu hirslə üstümə atır: “Getdik!” (“Qəzeti də belə-belə olsun, səni də...”) Adil müəllim əl-ayağa düşür, Qədir özünü sındırmadan yerindən qalxır: “Bunları özüm evlərinə qoyajam”. Bizi yola salmaq üstündə qırğın düşür, Qədir dediyindən dönmür, “şofer”i divanın üstündən paltoları yığışdırır... Birdən: “Ə, bə mənim ordenim hanı?” — hamı Qədirin yaxasına baxır, ora Leylanın düzü kimi bomboşdu, irəlidən də gərək ki, bir şey yoxdu. Adil müəllim yazıq stolun altına baxır, mən qorxumdan ciblərimi eşirəm, Zöhrabın hirsindən üzü səyriyir, “şofer” qanımızın arasına girir: “Qədir, bəlkə evdə qoymusan?” (Bir azdan ağlımıza gələcək ki, orden və medalların vur-tut eskizi hazırdı...) Qədir sürətlə otaqdan çıxır, səhərki qaydayla “Jiquli”də tərkləşirik. Saat bir olar. Arabir maşının qabağından qurd-quş keçir, Qədir cuşa gəlir: “Üstünüzdə tüfəng olanınız yoxdu?”.. Kamal Abdulla yazır ki, Bakıya təşrif buyuran Oljas ağanı (Süleymenov) rayona qonaq aparmışdıq, yedik-içdik, dərdləşdik, şeir dedik, Oljas ağa təkidimizə baxmayaraq, dodağın dodağından ayırmadı. Geri qayıdanda, heç kəsin unamadığı yerdə başladı, nə başladı... Əsl oxumalı gecəydi, yorğun adamlar, maşında da Qədir Rüstəmov. Qədir oxumadı, dinmədi, danışmadı. Biz də ağzımıza su alıb oturduq. Düşəndə yalandan əl tutduq.

Mən:

— Qədir müəllim, icazə verin, bu gecəni yazım? Siz oxumadız, oxumadız...

Qədir Rüstəmov:

— Səni məhkəməyə verərəm.

— Sonra da yazmaq olmaz?

— Sonra... nə bilim, ə, nə olar, nə olmaz? Allah-zadam?

Mən Qədir oxumayan gecəni Allahın izniylə yazdım. Üstündən üç il yarım keçəndən sonra. Qədirə gənəşmədən, Zöhrabdan xəbərsiz. Bilib nə deyəsidilər: Allah deyillər ki?..

(Fevral, 2000)

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2025)

 

 

 

 

 

Çərşənbə axşamı, 23 Dekabr 2025 18:10

“Maraqlı söhbətlər”də pakistanlıların əqrəb sevgisi

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

İnsanlar bəzən gözgörəsi həyatın dibinə atılırlar. Xüsusən, bu, narkotikaya alüdə olanlarda belədir.

 

Pakistanlılar əqrəblərdən narkotik vasitə kimi istifadə edirlər. Əqrəbi öldürdükdən sonra onları günəşin altında qurudur, toz halına gətirir, qızdırır və tüstüsünü nəfəs alırlar. İstifadəçilərin fikrincə, eyforiya hissi 10 saata qədər davam edə bilər. Alınan ləzzət o qədər güclü olduğu deyilir ki, hətta heroini də üstələyir. Bununla belə, orqanizm ölümlə nəticələnə bilən toksinlərə uyğunlaşarkən, ilk 6 saat dözülməz dərəcədə ağrılara davam gətirməlidir.

Bu narkotikin aktiv maddəsi əqrəb sancmasından gələn zəhərdir. Buna görə də, tüstünü nəfəs aldıqdan sonra ilk 6 saat bədən zəhərə uyğunlaşana qədər ağrılı olur  və yalnız bu müddətdən sonra “kayf” başlayır. Bununla belə, ölüm halları da qeydə alınıb.

Maraqlıdır ki, bu təkcə pakistanda deyil, digər Cənubi Asiya ölkələrində də yayılaraq, bir problemə çevrilib. Əslində, əqrəblərdən narkotik vasitə kimi istifadə edilməsi aludəçiliyi hələ 2007-ci ildə məlum oldu. O vaxt Əfqanıstanda narkotiklər haqqında kitab yazan amerikalı sosioloq Devid Makdonald təkcə Kabildə təxminən 60 000 əqrəb həvəskarının olduğunu təxmin edirdi.

Rəsmi olaraq əqrəb narkotik sayılmadığından, ondan istifadə ilə bağlı heç  bir qadağa yoxdur və bu məqsədlə də kütləvi şəkildə tutulur. Bu səbəbdəndir ki, Pakistanın bəzi bölgələrində onların sayı həddən çox dərəcədə aşağı və yox səviyyəyə düşüb.

Əqrəblər əslində olduqca faydalıdır, çünki onların zəhərindən xərçəng və İnsan immunçatışmazlığı virusua qarşı dərman hazırlamaq üçün tibbdə çox istifadə olunur.

Məlumdur ki, əqrəb zəhəri dünyada ən qiymətli zəhər sayılır və onun 1 litri təxminən 10,3 milyon dollara başa gəlir. Onu əldə etmək olduqca çətindir.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.