Super User

Super User

Bazar ertəsi, 27 Oktyabr 2025 10:29

Miri Yusifin “Deja Vu”su

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Röya və Miri Yusif Xalq artisti adını alanda, yadımdadır ki, cəmiyyətdə çox adam buna ağız büzdü. Əlbət ki, Əlibaba Məmmədov, Zeynəb Xanlarova, Arif Babayev, Alim Qasımov kimi klassik xalq artistləri pleadasında repertuarına heç də birtərəfli yanaşılmayan belə gənclərin ucalmasına qısqanclıq böyük idi. Amma musiqnin bu yeni dalğasının nümayəndələri özlərini təsdiq edə bildilər, bir növ, “hər adam xalq artisti adını ala bilməz” sindromunu sındırmış oldular.

 

Mirbabayev Miryusif 27 oktyabr 1977-ci ildə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində anadan olub. Uşaqlıq illəri yaşadığı 8-ci kilometr qəsəbəsi ilə bağlıdır. Onun "Bakılı Sərçələr" mahnısı və ona çəkilmiş klip məhz həmin yerlə bağlı xatirələrinə həsr olunub.

Məktəb illərindən sonra ABŞ-a gedib. Burada bir çox işdə çalışıb. Özünün "karantin" adlandırdığı bu dövrdə yeni ruhda, yeni tərzdə mahnılar yazmağa başlayıb. Vaxt keçib və onun həyatı öz axarına düşməyə başlayıb. Ona Amerikada yaxın dostu Teymur Nuriyev dəstək olub. Artıq o, aradabir Bakıya gələ bilib.

Musiqi karyerasına 1996-cı ildə "Dəyirman" qrupunun tərkibində başlayıb. Dəyirman bir-birini öncədən tanıyan bir dostluq qrupu idi. Dəyirman qrupunun, daha sonra isə solo karyeraya başlayan Miri Yusifin prodüseri Emin Əfəndidir. Emin də Dəyirman qrupunun digər üzvləri kimi bu dostluq komandasının bir parçası idi. Emin Əfəndi və Miri Yusifin iş birliyi indiyə qədər davam edir.

Dəyirman — Azərbaycanda fəaliyyət göstərən bir rep qrupu olub. Əvvəlcə qrup "GGG-ailəsi" adlandırılsa da, sonralar onun adı "Dəyirman"a dəyişdirilib. Azərbaycan tamaşaçıları bu qrupu müğənni Leyla ilə birlikdə "Sarı gəlin" mahnısına çəkdirdikləri klip ilə tanıyıb. Sonralar "Dəyirman" Azərbaycanın bəzi xalq və uşaq mahnılarını rep üslubunda remiks edib. Qrupun ən uğurlu mahnılarından biri "Ya Qarabağ, ya ölüm" sayılır.

"Məktub" mahnısı isə 2011-ci ilin avqust ayında kliplə bir yerdə internetdə yayımlananıb. Məhz buna görə də bu mahnı 2012-ci ildə Miri Yusifə "Fəxri Fərman" mükafatını qazandırıb.

 

Nailiyyətləri

1. İlin hit mahnısı – Səndən Olmaz

2. Fəxri Fərman – Məktub

3. İlin Kişi müğənnisi

4. İlin mahnısı – İki doğma insan

5. Azərbaycanın əməkdar artisti

6. Azərbaycanın xalq artisti

 

Konsertlər

Azərbaycanda

1. "Adınla Bağlı"

2. "Səndən Olmaz"

3. "Deja Vu"

4. "Nirvana"

5. "Miri Yusif & Nigar Jamal"

6. "Yaşıl Teatr"

7. "Ağ Qarğa"

 

Xaricdə

1. Kanada

2. "Я-Никто"

 

Turnelər

- Kanada

 

Videoqrafiya

1. Bir Siqaret        2010

2. Bura Bakıdır ft. PRoMete

3. Karma

4. Petrol (duet Aygün Kazımova)     

5. Qınama  

6. Mən Heç Kiməm

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2025)

Bazar ertəsi, 27 Oktyabr 2025 16:29

Bu iki diktorun adları həmişə qoşa çəkilirdi

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikasının xalq artistləri Sabir Ələsgərov və Roza Cəlilova. Televiziyamızın bu iki diktoru birlikdə xəbərlər, musiqi, əyləncə proqramları aparırdılar, ümumxalq sevgisi qazanmışdılar. Respublikamızın hər bir guşəsində böyükdən kiçiyə hər kəs onları tanıyır, sevirdi. Təsəvvür edin, indi hansısa teleaparıcını bunca sevərlərmi? Əlbət ki yox.

 

Sabir Ələsgərov 27 oktyabr 1936-cı ildə Tbilisidə anadan olub. 1961-ci ildə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlayan Sabir Ələsgərov 1966–1972-ci illərdə radionun, 1972–1990-cı illərdə isə televiziyanın baş diktoru olub, 1990–2006-cı illərdə televiziyanın diktorlar şöbəsinin müdiri vəzifəsində çalışıb. "Xəbərlər" informasiya proqramının, "Səadət", "Günün nəbzi", "Səfa" kimi verilişlərin aparıcısı olub.

 Sabir Ələsgərov 20 noyabr 2020-ci ildə vəfat edib.

 

Mükafatları

1. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Dəmir qapı Dərbənd. Bir vaxtlar Böyük Azərbaycanımızın şimal qapısı olmuş bu diyara indi nə əlimiz yetər, nə ünümüz. Orada min illərdir yaradılan Azərbaycan mədəniyyətinə də aşkar sahiblənmək yasaqı vardır.

İndilərdəsə sizə orada doğulmuş bir məşhur azərbaycanlı barədə söhbət açmaq istəyirəm.

 

Bəstəkar Asəf Zeynallı 5 aprel 1909-cu ildə Dərbənddə doğulub. 7 yaşı olanda anası onu Dərbənd realnı məktəbinə qoyur. O, burda uşaq xorunda oxumağa başlayır, klarnet çalmağı öyrənir. Həmin illərdə Dərbənddəki nəfəsli orkestr yay axşamlarında şəhər parkında konsert verirdi. Asəf də hərdənbir orkestrin tərkibində klarnet çalmağa dəvət edilirdi.

Asəfin 11 yaşı olanda ailəsi Bakıya köçür. O, əvvəlcə hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənir, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır. "Truba üçün pyes"ini 14 yaşında texnikumda özü ifa edir.

Asəf Zeynallı 1923–1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirib. 1929–1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləyib. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.

Cəmi 23 il ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz qoyub. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun "Ölkəm", "Sərhədçi", "Çadra", "Sual", "Seyran" romansları milli vokal musiqimizin inciləridir. Piano üçün "Uşaq süitası" silsiləsi, "Çahargah" pyesi, violino və piano üçün "Muğamsayağı", 2 fuqa, simfonik orkestr üçün "Fraqmentlər", teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş aparıb. "İbtidai not savadı" adlı dərslik tərtib edib

 

Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə, yatalaq xəstəliyindən vəfat edib. Çəmbərəkənd qəbiristanlığında dəfn olunub, sonralar "Qurd Qapısı" qəbiristanlığına köçürülüb. Məzarının baxımsız vəziyyətdə olması bir neçə dəfə Azərbaycan mediasında gündəmə gəlib və tənqid edilib.

Musiqiçi Kövkəb Səfərəliyeva ilə nişanlı olub. Asəf Zeynallı vəfat etdikdən sonra Kövkəb xanım ondan sonra heç vaxt ailə həyatı qurmayıb.

 

Filmoqrafiya

1. Həyat romansı

2. Asəf

3. Bülbül və Asəf

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Tarixin səhifələrini vərəqlədik və rastımıza Xədicə Qayıbova ismi çıxdı. Ağır zamanda - 20-ci əsrin başlanğıcında musiqi mədəniyyətimizə, elmimizə töhfələr verən, repressiya qurbanı olan bu xanış barədə mütləq məlumatlanmaq lazımdır. Çünki tarix onu öyrəndikcə zənginləşir, öyrənmədikcə bəsitləşir.

 

Xədicə Qayıbova 24 may 1893-cü ildə ailəsinin altıncı uşağı olaraq Tbilisidə dünyaya gəlib. Atası torpaq idarəsində çalışan və Tbilisinin məşhur ruhanilərindən olan Osman bəy Müftizadə, anası isə XIX əsrdə burada məskunlaşan tatar əsilli Terequlovlar ailəsinə mənsub Züleyxa xanım olub. Atası qızına mükəmməl təhsil vermək arzusunda olub. Ona görə də bütün imkanlarından istifadə edərək onun Müqəddəs Nina Qızlar məktəbinə daxil olmasına nail olub. Xədicə xanım burada orta təhsillə yanaşı, eyni zamanda mükəmməl fortepiano təhsili də alıb.

1911-ci ildə Xədicə xanım "Qızıl xaç nişanı" ilə orta təhsilini başa vurub, eyni zamanda professor N. Nikolayevin fortepiano sinfində xüsusi kurs keçərək Qızıl haşiyəli diploma layiq görülüb. Xədicə xanım Sovet ordusunun Bakını işğal etməsindən sonra Azərbaycan SSR Xalq Təhsil Komissarlığında Şərq musiqisi şöbəsinə rəhbər təyin edilib.

 Musiqiçinin təşəbbüsü ilə "Qısamüddətli Şərq musiqi kursları" təşkil edilir, uşaq xoru yaradılır. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Azərbaycanlı qadınları üçün musiqi-dram studiyası yaradılıb. O illərdə qurulan Şərq konservatoriyasının banilərindən hesab olunan Xədicə xanım fortepianoda ifa etdiyi klassik muğam əsərləri ilə qısa zamanda şöhrət qazanıb.

Şərq və Avropa musiqisinin gözəl bilicisi kimi o, respublikanın mədəni həyatında fəal iştirak edir, Ü. Hacıbəyov, R. M. Qliyer (sovet bəstəkarı), Bülbül, H. Sarabski, M. L. Presman, L. Rudolf, L. Ab, Q. Primov kimi sənətkarlarla əlaqə saxlayıb, Azərbaycan musiqi folklorunun toplanmasında böyük rol oynayıb. 1927–1931-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsil alıb. 1933-cü ildə Xədicə xanım həbs edilib və əks-inqilabçılıqda ittiham olunub.

Ancaq lazımi qədər dəlil olmadığından 3 ay sonra sərbəst buraxılan Xədicə xanım çox keçmədən öz peşəkar fəaliyyətinə davam edib. 27 oktyabr 1938-ci ildə vəfat edib. Repressiya qurbanlarından biridir. Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən Qayıbova Xədicə xanım Osman qızına bəraət verilib və fevralın 29-da qızı Alanquya bu haqda arayış təqdim edilib

2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının, qızlarının eləcə də repressiyaya məruz qalan qadınların başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2025)

Bazar ertəsi, 27 Oktyabr 2025 08:03

Bilirdinizmi, Dilarə Əliyeva da sumqayıtlıdır?

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Düzü, mən bu aktrisanı daha çox komedik aktrisa kimi tanıyıram. “Məhəllə” komediyasından sonra bu qənaətim daha da möhkəmlənibdir, izləyicini nitqi, mimikası, jesti ilə hər artist güldürə bilməz, onda isə bu alınır.

 

Dilarə Əliyeva 27 oktyabr 1972-ci ildə istedadlar şəhəri Sumqayıtda dünyaya göz açıb. 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Teatr kollektivinin rəhbəri" fakültəsini bitirib. 1996-cı ildən 2009-cu ilədək C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi çalışıb. Fəaliyyət göstərdiyi müddətdə müxtəlif janrlı tamaşalarda maraqlı rollar oynayıb.

Onun Xatirə (Hidayət, "Məhəbbət yaşayır hələ!"), Günay (Hidayət, "Durnalar qayıdanda"), Günay (M. Bayciyev, "Ər və arvad"), Henrietta (G. Mopassan, "Dərəbəylik"), Badam (V. Əliyev, "Madam-Badam"), Gəlin (Z. Yaqub, "Didərginlər"), Mişilin (M. Marinye, "Oğru"), Zərifə (G. Xuqayev, "Mənim qayınanam") kimi rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

D. Əliyeva bir sıra televiziya filmlərində də çəkilib.

Televiziya ekranında yaratdığı Leyli (N. Gəncəvi, "Leyli və Məcnun"), Durna (V. Səmədoğlu, "Yumurta"), Xavər (M. Atəş, "Gəlinlər"), Sarıca (M. Süleymanlı, "Bəylik dərsi"), Məhəbbət (T. İmanov, "Məhəllə") kimi obrazlar aktrisanın yaradıcılıq yolunun uğurları sayıla bilər. Və qeyd etdiyim kimi, “Məhəllə” kinokomediyasında Bakılı oğlanlar və Bu şəhərdə komandaları ilə birgə uğurlu işi!

Dilarə Əliyeva ATV telekenalının populyar "Çal-çağır" proqramının aparıcısı olub. Bu proqram reytinq qazanıb və sevilibdir.

Hal-hazırda isə ARB telekanalında "Söhbət Var" proqramının aparıcısıdır.

16 oktyabr 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.

 

Filmoqrafiya

1. Gəlinlər

2. Bəylik dərsi və ya keçmişdən gülməcələr...

3. Cavid ömrü

4. Məhəllə

5. Məhəllə 2 Moskvada

6. Mürafiə vəkillərinin hekayəti

7. Yumurta

8. Sirr

9. Sübhün səfiri

10. 3 bacı (rol: Səadət; özü)

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2025)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Çağdaş udmurt mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Vyaçeslav Ar-Serginin ötən il Azərbaycanda – “Avrasiya PRESS” Nəşriyyat Evində gün üzü görmüş “Sonuncu hərbi əmr” kitabı bugünlərdə ikinci dəfə nəşr olunub. “Sonuncu hərbi əmr” nəinki müəllifin, ümumən udmurt ədəbiyyatının Azərbaycanda, hətta Güney Qafqazda gün üzü görən ilk kitabı olma özəlliyi ilə seçilir.

 

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ortaq işi olan “Sonuncu hərbi əmr”in layihə rəhbəri və redaktoru Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı, məsləhətçiləri – Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Dr. Fazil Mustafa, Tatarıstanda yaşayan soydaşımız, tanınmış ictimai xadim İsmət Orucəliyev, rəyçiləri isə BAMF prezidenti Umud Rəhimoğlu, DGTYB başqanı İntiqam Yaşardır.

Udmurt yazıçısının hekayələrini ruscadan Azərbaycan dilinə DGTYB Məsləhət Şurasının üzvləri olan tanınmış ədiblər – Dos.Dr. Ruhəngiz Əliyeva (“Moqdos”, “Vəhşi ləpiri”), Prof.Dr. Rəsmiyyə Sabir (“Sonuncu hərbi əmr”), Dr. Həyat Şəmi (“Üç general”, “Nənəmin xatirəsinə”), yazıçı, türkoloq Şahnaz Kamal (“Padış itib”), tərcüməçi Talehə Əliyeva (“Toranlıqda yad qadın”), AYB Poeziya seksiyasının rəhbəri, şair-tərcüməçi İbrahim İlyaslı (“Göylər belə doluxsunub ağladı”), AYB üzvü, şair Şəfəq Sahibli (“Nit”), AYB üzvü, şair-publisist Şahməmməd Dağlaroğlu (“Şurdoşura gedən yol”) çevirib.

“Elm və Təhsil”də çıxan ikinci – təkmil nəşr Dr. Fazil Mustafanın “İkinci nəşrə önsöz”ü ilə başlayır. “Sonuncu hərbi əmr”ə həmçinin Umud Rəhimoğlunun “Birinci nəşrə önsöz”ü, Əkbər Qoşalı və filologiya üzrə fəlsəfə doktoru Xəyalə Zərrabqızının qələmə aldığı “Kiçik əhvalatlar... Böyük həqiqətlər” adlı tanıtım yazısıda daxil edilib. – Önsözlər və tanıtım yazısı kitabın önəminə vurğu edərək, udmurt yazıçının hekayələrindən yola çıxıb – onun bədii yaradıcılığı işığında ədəbi portretini yaradıb.

“Sonuncu hərbi əmr”in təmsil etdiyi udmurt ədəbiyyatı Udmurtiyanın dünəni və bu gününün güzgüsü, gələcək yaşamının isə yolgöstərəni sayıla bilər.

Onu da vurğulayaq ki, kitabın ilk təqdimatı ötən ilin may ayında Udmurtiya Milli Kitabxanasında, tanınmış mədəniyyət xadimlərinin qatılımı ilə keçirilib. Təqdimatda həmvətənimiz – kitabın tərcüməçilərindən olan Dr. Şahnaz Kamal, kitabın məsləhətçisi İsmət Orucəliyev və Udmurtiyadakı Azərbaycan diasporunun fəalları da iştirak edib.

İkinci nəşrin təqdimatını gələn ilin yazında müəllifin iştirakı ilə Bakıda keçirmək nəzərdə tutulub.

 

 

***

Millət vəkili, Milli Məclisin Komitə sədri Fazil Mustafanın ikinci nəşrə yazdığı önsözü oxucularla paylaşırıq:

 

Udmurt yazıçısı, Azərbaycanın könül dostu Vyaçeslav Ar-Serginin Bakıda ilk kitabının birinci nəşri (2024) oxucular, mətbuat və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılandı, Udmurt Milli Kitabxanasında geniş təqdimat törəni keçirildi, bütövlükdə, Azərbaycan-Udmurt ədəbi-mədəni fikir alış-verişinə önəmli bir töhfə oldu. Yaradıcı heyət “Sonuncu hərbi əmr”in daha da təkmilləşdirilməsi və zənginləşdirilməsi məqsədilə, yeni nəşrdə bəzi dəyişikliklər, redaktələr edib. Kitabın yalnız hekayələrə mövzu olmuş məsələlərin incələnməsini təqdim etmək məqsədi daşımadığını, həmçinin oxuculara əlavə nəzəri və praktiki perspektivlər, çağdaş dönəmin güncəl məsələləri ilə bağlı yeni baxış bucaqları təqdim etdiyini deyə bilərik.

Vyaçeslav Ar-Serginin kitabının dost udmurt ədəbiyyatının, mədəniyyətin tanıdılmasına və araşdırılmasına yeni aspektlər gətirdiyinə inanırıq. Bu, Bakıdan təqribən 2.631,5 km və ya quru yolla 35 saatlıq məsafədə yaşayıb-yaradan və yaradıcılığının təzə fəslinə doğru irəliləyən Vyaçeslav Ar-Serginin toplumsal məsələlərə dair dərin anlayışla yazdığı əsərlərdən ibarətdir. Yazıçı çağdaş mədəniyyət problemləri və onların tarixi köklərinə, texnoloji inkişafa uyğunlaşmış yeni baxışlarla çağdaş toplumun dinamikasına, yaşanan təzadlara bir daha işıq salıb.

Buradakı hekayələr, udmurt etno-mədəni mühitindən gələn zəngin mirası günümüzün tələbləri ilə birləşdirərək, daha universal və əhatəli bir incələmə təqdim edir. Mədəniyyətin yalnız bir dönəm və ya sahə ilə sınırlanmayan tərəfləri, müxtəlif coğrafi ərazilərdəki təsirləri bu kitabda toplanmış hekayələrin əsas özəlliklərindəndir.

“Sonuncu hərbi əmr”in məqsədi təkcə bilgi təqdim etmək deyil, həm də oxucunun etno-mədəni mühitin hərtərəfli və çoxsahəli anlayışına yiyələnməsinə kömək etməkdir.

Beləliklə, bu kitab həm də gündəlik həyatda tətbiqi mümkün önərilər və incələmələr təqdim edərək, oxucunun intellektual-mədəni inkişafına töhfə verir. Ədəbiyyat üzərindən estetika və biliklər aşılayan bu işin ədəbi dostluqları inkişaf etdirmək istəyənlərçün dəyər daşıdığına inanırıq... Udmurt ədəbiyyatına, sənətinə ilgi duyanları “Sonuncu hərbi əmr”ə görə qutlayır, necə kitablı görüşlər nəsibiniz olsun deyirəm.

Məmnuniyyətlə vurğulamaq istərdim ki, kitab respublikamızın vətəndaş cəmiyyəti institutları içərisində öz yeri, rolu olan iki nüfuzlu QHT-nin – Dünya Gənc Türk Yazarlar Birliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə işi olaraq meydana çıxıb. Hər iki quruma və əlbəttə, kitabın araya-ərsəyə gəlməsində əməyi keçən qələm adamlarının hər birinə yeni uğurlar diləyirəm!

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2025)

 

Faiq Balabəyli, şair. “Ədəbiyyat və incəsənət” üçün.

 

Poeziya ilə nəfəs almaq, söz demək, tanış olmaq elə bir ünsiyyət formasıdır ki, zənnimcə bundan doğması, bundan isti olanı yoxdur. Şeirlə ən ülvü hissləri, dünyaya, insanlığa bağlılığı, Vətənə sevgini, lirik duyğuları çatdıra bilənlərə, elə bunu dərk edənlərə də nə xoş. Bu dəfə tanınmış bir söz adamından, onun poeziyasından bir neçə yarpaq nümunə göstərməklə, bəhs etməklə oxucularla fikrimi bölüşmək istəyirəm.

 

Son illər dilimdən düşməyən, ürəyimdə dövr edən bu misralarla –

“Vətəninə göz dikəni əz, oğlum

dostun kimdir, düşmənin kim, sez oğlum”,

- Sərhat Kabaklı imzasını tanıdım desəm, düz olmaz. Şairi çoxdan tanıyır, təsadüf etdikcə oxuyurdum. Amma şairi, qeyd etdiyim bu misralarla davam edən şeiri ilə daha çox sevdim, desəm, əlbəttə yanlış olmaz.

Bu şeirdə dünya görmüş, Vətənin işğalında yaşamış, basqılar görmüş bir xalqın ahılının, müdrükünün nəsihəti, öyüdü var.

Gün gidende, ay gelende gel, oğlum

Cihan yanar sen gülende gül, oğlum.

Bir yol var ki Hak yoludur bul, oğlum

Yeri bilmek, göğü bilmek bil, oğlum.

Heç yanlışlıq yox, bu bir öyüddür, Vətən, el-oba, ulus dardadır, gəl oğlum, gəl. Gəl ki gəlişindən gülüşündən dünya lərzəyə gəlsin, haqq yolunu, həqiqəti tap, ona sığın, mübariz ol və Yerin yer, Göyün göylüyünü bil, tanı və tanıt.

Sərhat bəyin digər könül oxşayan şeirlərinin də təsir dairəsindən qurtulmaq olmur, şairin hansı duyğularla yaşamasından, milli ruhun ənginliklərdə pərvazlanmasından qürurlanırsan. Bir şeirində deyir:

Üfüqlər küsməsin qeyri günəşə

Qaranlığın arxasından dan gəlir.

Təbii ki belədir Günəş hər batdıqda yenidən doğmaq, dan yerini al şəfəqlərlə boyamaq üçün qeyb olur.

Suya həsrət könüldə dəfnə budağı

Yaşıl yaşıl göyərəcək an gəlir, -

deyən şairin yuxarıda bəhs etdiyim, “Bil oğlum” şeirinin bu misrarlarıyla da həmahəngdir:

Çabuk büyü, çabuk yetiş tez oğlum

Çakal gezen şu dağlarda gez oğlum

Vatanıma göz dikeni ez oğlum

Tarihini şerefinle yaz oğlum.

Və zaman gəldi, dünən çocuq bildiyimiz oğullarımız illəri qabaqladılar sanki, tez böyüdülər. Çaqqalların, düşmənlərin gəzdikləri dağlara boy verdilər, sıralandılar, vətənimizə göz dikənləri əzdilər, tariximizin şanlı tarixini şərəflə yazdılar.

Sərhat Kabaklı şeiriyyətində tarixə güzar etmək, ötənləri xatırlamaq, yaddaşa hopdurmaq, unudulmamaq  əsas xətt kimi keçir. Ötənləri unudanlar bu günündə yanından səssiz ötüb keçər. Bu baxımdan, şairin şeirlərinin birində dediyi bu sözlər, xatırlatmalar necə də yerinə düşür:

Kor- sağır gecələrin bir də sabahı vardır

Və qışdan sonra gələn, əlbəttəki, bahardır.

Həm də heç nə unudulmur, heç nə  yaddan çıxmır deyiminin müqabilində, düşünürsən ki, nə yaxşı ki, nələrsə bilinməmiş qalır?

Daşların dili olsa, desə dünü bu günə

Ağlayan nəyə ağlar, gülənin məramı nə?

- deyən şairimizə əlbəttə haqq vermək olar.

Və yenə də şairin həmin məşhur şeirinə dönürəm, oğlumuza, nəvəmizə, övladlarımıza üz tuturam, Sərhat bəyin bu misraları ilə ərklə, ötkəm səslə deyirəm:

Senden gider sonsuzluğa yol oğlum

Dört bir yana salmalısın kol oğlum

Ekmeğini aç olanla böl oğlum

Haram yeme, Hak yolunda öl oğlum.

Və qayıdıram yuxarıda iki beytini misal göstərdiyim digər şeirə:

Bir əsirlik çinarın hər budağından

Hər yaprağından min ah ilə ün gəlir,

-deyən şair elə bu şeirin ilk misralarında deyirdi ki,  bir eşqə düşdük ki, sevgilinin cigərindən qan gəlir. Bu sevgi, bu eşq sevgilərin ən böyüyü, ən alisi olan yurd-yuva, el-oba, VƏTƏN sevgisi ola bilər ki, şairin özü demiş bu sevgini sübutlamaq, vətəni azad etmək üçün ,

“Bir fitrət sonrası, bir gülüş anı

Könlü buruk, dəmir yumruq xan gəlir”,

-necə ki, gəldi, necə ki, 32 il işğal altında olan topraqlarımızı azad etdi.

Və yenə də dönüş edirəm, öyüd, nəsihət, məsləhət və çağırış dolu “Bil oğlum” şeirinə:

Zulüm dolu saltanattan in, oğlum

Zalimlere duymalısın kin, oğlum

Nefis ki bir mantık yutan dev oğlum

Mağrur olma insanları sev, oğlum...

..Xəyanətə tasaklanmaq yox, oğlum,

Qılıncını xain qəlbə sox, oğlum.

Türk dünyasının tanınmış söz adamı, şair Serhat Kabaklı poeziyasında özümüzü, soyumuzu, Vətənə sevgini, sözə vurğunluğu sezməmək olmur.

Şairin qəlb ağrıdan duyğularımızı titrədən, inlədən kövrək bir şeiri ilə fikrimi tamamlamaq istəyirəm. Şairin “Öncə göyərçinləri vurdular” şeirini sakit oxumaq, oxuyub da kövrəlməmək olmur:

Öncə yaşılı sildilər tablolardan

Siyaha yıkadılar pəmbə şəfəqi

Hüzün üstümüzdən getməsin, deyə

Viranəyə döndərdilər

Gözəlim çiçəklərlə bürünən

Bağçanı, bağı.

Şeirlə o qədər doğma, o qədər qəlbə yaxındır ki, əzbərimdə olan və misal olaraq göstərdiyim bu şeirləri Azərbaycan və Türkiyə türkcəsində ifadə etdim. Olsun, zatən bu poeziya nümunələri, şeirlər hər birimizindir, sənin, onun, mənim və əlbəttə ki, böyük söz adamı Serhat Kabaklının...

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2025)

 

 

Bazar ertəsi, 27 Oktyabr 2025 13:02

Uşağı Həccə göndərmək zərurəti

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Müqəddəs Həcc ziyarəti dinimizin ən ümdə məqamıdır, dəyərləndirir, hörmət edirik. Əfsus ki, bir dəb də düşübdür, dindən, etiqaddan tamam uzaq olan nakəslər Həcc ziyarətinə gedib, sanki törətdikləri bəd əməllərə bir toxunulmazlıq qazanmaq istəyirlər. Xalqın gözü tərəzidir, bu səbəbdən də xalqımız belələrinə şəbədə qoşur, lətifə yaradıcılığına baş vurur. Növbəti belə bir əhvalatı oxucularıma əxz eləmək istədim.

 

Adamın biri Həccə gedərkən mallarını qonşusu olan başqa bir hacıya təhvil verir. Tam 500 qoyun, 5 inək, 600 qızıl sikkə.

Adam Həcc ziyarətini bitirib gəldikdən sonra qonşusu hacıdan mallarını geri istəyir.

Hacı: “Vallahi xatırlamadım, mübarək, istəsən bizim uşaqlara soruşum” – deyir.

Hacının 8 oğlu var imiş, onların 7-si hacıymış. Hacı olan bütün uşaqlar onlardan soruşularkən “biz də xatırlamırıq” – deyirlər.

Hacı ən son hələ Həccə getməmiş olan kiçik oğlunu çağırıb soruşur:

-Oğlum, bu adam Həccə gedərkən bizə bir şey əmanət etdimi?

Uşaq əlbəəl cavab verir:

-Əlbəttə, baba. 500 qoyun, 5 inək, 600 qızıl vermişdi.

Hacı çarəsiz qalıb malları sahibinə qaytarır. Qonaq getdikdən sonra isə hirslə böyük uşaqlarına deyir:

-Sabah bu təkəri də Həccə göndərirsiniz!

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2025)

Bazar ertəsi, 27 Oktyabr 2025 14:33

Dünya ilə halallığa gəlmiş idik...

 

 

Nizami Novruzov,

Göyçə mahalı, Kiçik Məzrə kənd icmasının sədri, fəlsəfə doktoru. “Ədəbiyyat və incəsənət” üçün

 

Vətəni niyə sevirik?

Bəlkə ona görə ki, ilk dəfə gözümüzü bu torpaqda açmışıq, ilk addımlarımızı bu yerlərdə atmışıq, onun torpağında yeriyib, suyundan içmiş, havası ilə nəfəs almışıq?

Bəli, bu da var. Amma vətən sevgisi təkcə bunlarla izah olunacaq qədər sadə deyil. Çünki vətən – doğulduğumuz əsrin, ilin, ayın, günün təqvimdəki ünvanı deyil yalnız, həm də alnımıza yazılmış ilahi qismətin təcəssümüdür.

 

Vətəni sevmək – Tanrının bizə bəxş etdiyi yazıya, ayaq basdığımız torpağa, bu torpaqda bizdən əvvəl yaşamış, indi isə onun bağrında uyuyan əcdadlarımıza, bizi dünyaya gətirən valideynlərimizə, bu torpağın üzərində bizimlə birgə nəfəs alan həmvətənlərimizə ehtiramımızdır.

Elə buna görə də insanlığın iftixarı, aləmlərin nuru Həzrət Məhəmməd Peyğəmbər (s.ə.s.) buyurmuşdur: “Vətənə məhəbbət – imandandır.”

Məhz bu ruhun daşıyıcısı olan, "Dədə Ələsgər İrsinin Tədqiqi və Təbliği Mərkəzinin" direktoru, mərifət və ədəbiyyat aşiqi Hacı Abbas Bağırovun qələmə aldığı “Nərimanlı – Hüseynağalı aşıqları və şairləri” kitabı vətənə duyulan tükənməz sevginin daha bir təcəssümüdür. Bu kitabda Nərimanlı kəndinin sözünə, sazına könül vermiş 44 nəfər aşıq və şairin həyat yolu və yaradıcılığından nümunələr yer alır. Onların misralarında Göyçənin küləyi pıçıltı kimi dolaşır, Nərimanlının daşı, torpağı, ahı və duası bir nəfəsə çevrilib ürəklərə hopur.

Dərin minnətdarlıq hissi ilə qeyd etmək yerinə düşər ki, əslən Göyçə mahalının Basarkeçər rayonundan – Nərimanlı kəndindən olan Abbas Göyçəgölün bu əsəri vətən həsrəti ilə yaşayanların, yurd nisgilini könlündə yaşadanların ruhuna bir təsəlli, qəlbinə bir nur olacaqdır.

Əziz oxucu! Bu kitab – ömrünü halallıqla yaşayan bir insanın halal zəhmətinin, min bir çətinliklə ərsəyə gətirdiyi söz xəzinəsidir. Bu əsər bizi həm ruhən, həm də mənəvi olaraq birliyə, mübarizəyə, öz ata-baba torpaqlarımıza – necə ki Qarabağa qayıtdıq, eləcə də Qərbi Azərbaycanımıza dönüşə səsləyir.

Bu yolda iradəniz sarsılmasın, yolunuz açıq, qismətiniz mübarək olsun!

 

Mahir Bayram

Dünya ilə halallığa gəlmiş idik,
Gör, nə qədər sarsıntılar udduq, yedik!
Candan əziz çox canları qeyb elədik,
“Dünya haqsız, ədalətsiz!” – gileyləndik...

Bəxtimizi böləmmədik dünya ilə,
Baş qaldırdıq haqsızlığa, gah da felə!
Ha söysək də bu dünyanı belə-belə...
Dünya bizə əl eylədi: – “Gülə-gülə...”

Hardan bilək, haqlı bizik, yoxsa dünya?!
Yaşamımız həqiqətmi, yoxsa röya?!
Sonu varmı sualların, gəlmir saya?!
Ömür, sorğu ümmannında düşüb suya!
Çoxu yaman cəhd eləyir, görür guya.

 

Abbas Göyçəgöl

Gözlərin məluldur, baxışın dərin,
Heyran oldum baxışına, ay qağa.
Alnından üzünə tökülən tərin,
Qoşulaydım axışına, ay qağa.

Dağ çayısan, sularında durullam,
Sən ocaqsan, ocağında qor ollam.
Bir yox, beş yox, gündə yüz yol vurullam,
Bu həyata naxışına, ay qağa.

Köhlənini dağlara çap, rahat sür,
Qoy olmasın nə taleyin, bəxtin kür.
Səcdə edib, baş əyərəm bir ömür,
Şimşək kimi çaxışına, ay qağa.

Düzlüyündü əyriliyi edən ram,
Almasan da arzulardan doyub kam.
Heyran-heyran boylanaram, baxaram,
O getdiyin yoxuşuna, ay qağa.

 

Aşıq Fətullah

Səksən səkkizdən bağlanıb
O Göyçəyə gedən yollar.
Sinəmi yaman dağlayıb,
O Göyçəyə gedən yollar.

Bax, qərib bir duman ötər,
Gedib Ağbulaqdan içər.
Gəlib Məzrələrdən keçər,
O Göyçəyə gedən yollar.

Nərimanlıdan Kəlbəcərə,
Cənnət olar o dağ, dərə.
Fətullahı salıb dərdə,
O Göyçəyə gedən yollar.

 

Xəstə Bayraməli

 

Ay el-oba, mənim dəli könlümün

Nə vaxtdı arzusu gözdə qalıbdı.

Qəlbinizmi qəlbimdədi, bilmirəm,

Yoxsa ürəyimmi sizdə qalıbdı?

 

Sona yetmir ayrılığın zəmisı,

Bu aradan il ötüşüb cəmisi.

Yoxa çıxıb yarım vüsal gəmisi,

Hicran adlı bir dənizdə qalıbdı.

 

Düşsə Bayraməli min qeylü-qala,

Yenə də sadiqdi ilkin minvala.

Qoy zaman atını çapsın dördnala,

Əsrin sədəqəti bizdə qalıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2025) 

 

 

 

                                                                                   

 

 

 

Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyanın mətbuat katibi, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan Milli Konservatoriyası həyatımda və yaradıcılığımda iz qoydu. Çətinliklərim olsa da, burada tanıdığım işini, sənətini sevən sənətkarlar qazancım oldu. Sənət elə bir gözəllikdir ki, o, hər yerdə, hər yanda özünü biruzə verir. Onu gizlətmək, torpaqlamaq olmur. Əslində sənət, həyatın mənası, özü deməkdir. Əlbəttə, sənətkarlar da...

Bizim ali təhsil ocağımız sənət məbədidir. Bu yoldan çıxmış hər bir tələbəyə gələcəyə ümidlə baxmağa, bu yolda ürəklə irəliləməyə zəmanət verir.

Bu günkü müsahibim də instrumental muğam ifaçımız, kamança ustası Pərviz Fərhadovdur. Onu konsertlərdə müşahidə etmişəm və daim ölkədən kənarda olduğu səfərlərdən sevincli dönərkən həmişə mövzusu və ürəyi dolu bir əməkdaşımız olub. “Sənətkarla Müsahibə” layihəmdə onunla da həmsöhbət olmaq istədim.

Beləliklə, müsahibim Azərbaycan Milli Konservatoriyasının müəllimi Pərviz Fərhadovdur — sənətini sevən bir gənc, gözəl müəllim, istedadlı həmkarımız.

 

-Pərviz müəllim, bilirəm ki, əsliniz Füzulidəndir, düzdürmü? Demək ki, vətən acısını siz daha yaxşı bilirsiniz. Ona görə də bütün yaradıcılığınızı bir sözlə ifadə etsək, elə onun da adı “Vətən” olardı.

 

-Düzdür, Füzulidə anadan olmuşam, daha sonra Bakıya köçüb 45 saylı Nərimanov rayon məktəbində orta təhsil almışam.

 

-Necə oldu, kamançanı seçdiniz, bu sənətə necə gəldiniz?

 

-O zaman qardaşım Qara Qarayev adına musiqi məktəbinə daxil olmuşdu, tar sinfinə gedirdi, deyə mən də bu həvəsə düşdüm. O zamanlar Xalq artisti Elçin Həşimov və Əməkdar artist Elnur Əhmədovu çox izləyirdim, həmişə də elə bilirdim ki, qardaşdırlar. Bu təsirlə mən də bu sənətə gəlmək, qardaşımla birgə ifa etmək istəyirdim. Qardaşımın həvəsinə əlindən tutub onunla gedirdim, hazırlığa qoşulurdum. Amma evdə deməmişdim. Axırda evə zəng edib demişdilər ki, hazırlıq ödənişini edin. Uşaq ağlımla bu tərəfini düşünməmişdim. Valideynlərim məni ilk müəllimim Sahnaz Muradovanın yanına apardılar və birinci sinfə – kamança sinfinə yazdırdılar. Mən həmişə kamançaya maraqlı idim. Bax, bu sevgi belə yarandı.

2007-ci ildə orta məktəbi bitirdim, Asəf Zeynallı adına Musiqi Kollecinə sənədlərimi verdim, lakin daxil ola bilmədim. Elnur Əhmədovun mənə dərs deməsini arzulayırdım, amma təəssüf ki, 1,6 bal çatmadı. Qismət elə gətirdi ki, Azərbaycan Milli Konservatoriyasına daxil oldum.

Bəli, arzuma da çatdım — Elnur Əhmədov mənə dərs dedi. Afət Kazımova isə not ifaçılığı müəllimim olub. Artıq xoşbəxt idim. Elnur müəllim bizə bəzən qardaş, bəzən də valideyn kimi yanaşırdı. Afət müəllimə də ailənin bir üzvü  kimi qayğımı çəkirdi. Mən də öz  tələbələrimə  qayğı göstərməyi onlardan öyrənmişəm.

 

- Pərviz müəllim, bizim gözəl xanəndəmiz Aytən Məhərrəmova, tarzən Ədalət Behbudov və siz — bu sizə nə deyir?

 

- “Aypara” muğam qrupu.  “Aypara” muğam qrupuna bəzən “Muğam üçlüyü” də deyilirdi. Bu qrupu biz yaratdıq, birgə bir çox uğurlu konsertlərimiz və səfərlərimiz oldu. Xalq artistləri Mənsum İbrahimov, Elçin Həşimov və Əməkdar artist Elnur Əhmədovun “Gəncləşən Muğam” layihəsi çərçivəsində bir çox səfərlərdə iştirak etdik. Azərbaycanın bölgələrində, Sumqayıtda, Gəncədə, Respublika Sarayında və digər yerlərdə konsert proqramları ilə çıxış etdik.

2019-cu ildə Aypara Muğam Qrupunu rəsmi şəkildə yaratdıq. Bu ad altında iki albom ərsəyə gətirdik, onlardan biri Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində yazılıb. 2011-ci ildə Respublika Muğam Müsabiqəsinin qalibi olduq. Azərbaycan Milli Konservatoriyasının bu yolda bizə böyük dəstəyi oldu. Həmin il Beynəlxalq Muğam Müsabiqəsində də iştirak etdik. Hərçənd, nəticə əldə edə bilmədik, sonradan hazırlaşdıq və məqsədimizə çatdıq. 2015-ci ildə artıq Beynəlxalq Muğam Müsabiqəsinin qalibi olduq.

Aypara Muğam Qrupu ilə xarici ölkələrdə də konsertlərimiz oldu. Ulu öndər Heydər Əliyevin 88 illiyinə həsr olunmuş Füzuli rayonunda, Beynəlxalq Muğam Mərkəzində solo konsert verdik. Xanəndə Vüsal Zamanovla, həmçinin “Qarabağ canım mənim” adlı konsert proqramında birgə çıxış etdik. Muğam Televiziya Müsabiqəsinin “Qran-pri” mükafatçısı Elməddin İbrahimovla bir çox ölkədə solo konsertlərimiz olub.

Sonra “Vətən” Qrupunda fəaliyyətə başladım. Naxçıvan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Latviya və Litva kimi ölkələrdə konsert proqramları ilə çıxış etdik və dövlət tədbirlərində iştirak etdik. “Vətən” qrupu Azərbaycan musiqisini təbliğ edən, ölkə-ölkə, oba-oba dolaşan bir musiqi karvanıdır.

Ruslan Zərbəliyev – Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi və xanəndə Səfalı Mirzəliyevlə birlikdə bu üçlüyü yaratdı və adını “Vətən” qoydu. O gündən bəri vətənimizi təmsil edirik.

Polşada beynəlxalq festivalda “Xarı Bülbül” və milli musiqi alətlərimizin simvolları ilə bəzədilmiş geyimlərimiz böyük maraq doğurdu. Polşanın dövlət televiziyası bizə sual verdi, biz isə onlara Xarı Bülbül haqqında məlumat verdik və “Qarabağ Azərbaycandır” fikrini dolayı yolla çatdırdıq. 2016-cı ildən TÜRKSOYbizi rəsmi şəkildə öz ansamblının tərkibinə dəvət etdi. TÜRKSOY ansamblının üzvü olaraq, UNESCO-nun baş mənzil qərargahında — Fransada keçirilən təqdimatda 30 illik yubiley medalı ilə təltif olunduq. Bizim Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyası ilə memorandumumuz mövcuddur. Onun bir bəndində qeyd olunur ki, “Vətən” qrupunun əsas məqsədi milli musiqimizi dünyaya tanıtmaqdır.

Litvada 41 ölkə arasında keçirilən beynəlxalq festivalda iştirak etdik. Konsertdən öncə 4 kilometrlik yürüş təşkil olundu və biz də Azərbaycan bayrağı ilə bu yürüşdə iştirak etdik. Sözlə ifadəedilməz hisslər idi. Həmişə bayrağımızı sevdim və qürurla daşıdım.

Mən çox sevinirəm ki, mənə müəllimlik etmiş sənətkarlarla bu gün eyni müəssisədə müəllim yoldaşıyam. Həyatda vətəni təmsil edib musiqimizi tanıtmaqdan daha böyük hədəfim yoxdur. Azərbaycan musiqisini dünyada tanıtmaq məni yaşadır.

Atam birinci Qarabağ müharibəsi veteranıdır. Mən birinci sinifdə oxuyanda o, müharibədən qayıtdı. Babam Füzulidə şəhid olub. Əlbəttə, ağır idi, amma bu odun-alovun içindən keçib sınmamaq mənim üçün həyat dərsi oldu. Sənət yolu bəzən çətin olur, amma mən tələbələrimə həmişə deyirəm: “Əgər istedadın varsa, o, bir gün parlayacaq. Yoxdursa, özünü bu yolda yorma.”

Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan muğamına böyük diqqət göstərirlər. Bizim borcumuz musiqimizi təbliğ etmək və bayrağımızı ucalarda saxlamaqdır. Zəfər günündən iki gün əvvəl mən televiziya kanalında idim. Dedim ki, babam şəhid olub, amma atama qismət olacaq bu günü görmək. Və dediyim kimi, Füzulinin azad olunması xəbərini aldıqda atam bayrağı evin damına sancdı. Əlbəttə, şəhidlər verdik, amma vətən sevgisi insanın taleyini müəyyənləşdirir. Azərbaycan Milli Konservatoriyasında təhsil almaq, öz müəllimləri ilə həmkar olmaq və vətəni təbliğ etmək mənim üçün həm missiya, həm də həyat tərzidir.

 

Pərviz müəllim tələbələrinə qarşı da eyni qayğını göstərir. Onlarla dost kimidir, çünki belə görüb. Bu günlərdə isə “Vətən” Qrupu ilə yeni səfərə hazırlaşır. Pərviz Fərhadov — Azərbaycan Milli Konservatoriyasının konsertmeyster müəllimi, “Vətən” qrupunun üzvü, ölkəmizi milli musiqi sərvətimizlə tərənnüm edən gənc sənətkar. Əlbəttə, bu cür vətən eşqi və sənət sevgisi olan gənclərlə həmsöhbət olmaq insana ruh verir, yaşadır.

Pərviz müəllimə uğurlar diləyirəm. Çünki musiqi insan ruhunun sözdən öncə yaranmış ifadəsidir. İnsan ruhu, orqanizmi, sevgisi özü də eşidilməyən bir musiqidir — ruhun qoruyucusudur. Öz ifalarında bu hissləri dilə gətirən sənətkarlar isə yer üzünə dağılmış mələklərdir. Söhbət əsl sənətçilərdən gedir. Missiyası — milli musiqimizi qoruyub gələcək nəsillərə çatdırmaq olan Azərbaycan Milli Konservatoriyasının daha bir əməkdaşı ilə müsahibəmi təqdim etdim və bu görüş bir daha sübut etdi ki, sənətə sevgi ilə bağlı qəlblər heç vaxt sönmür.

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.