
Super User
Motal nədir? - NİYƏ DƏ BİLMƏYƏK?
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”
Pendir, yağ və şor maldar əhali arasında, əsasən, motallarda saxlanılır. Azərbaycanda bir-birinə oxşar iki motal növü var:
Qarabağ motalı
Qazax motalı
Xırdabuynuzlu heyvan dərisinin iyidilərək yunu yonulur və duzlanaraq o qurudulur. Sonra dəri yenidən yumşaldılaraq içəri tərəfə çevrilir. Dərinin qolları iplə möhkəm bağlanır. Motala pendir yığılanda onun içərisinə bir qədər üzlü süd, dələmə və ya qaymaq tökülür ki, pendir həm yaxşı qalsın, həm də yağlılığı və dadı artsın. Ağzı bağlanan motalı uzun müddət saxlamaq olur. Xalq arasında buna Qarabağ motalı deyilir.
Qazax motalı adı ilə tanınan digər motal Azərbaycanın qərb zonasında geniş yayılmışdır. Bu növ motalı hazırlamaq üçün yenə də dəri duzlanır və günün altında möhkəm qurudulur. Dəri duzu aldıqdan sonra yenidən yumşaldılıb yunlu tərəfi içəri qatlanır. Duzlanmış yağ, pendir və ya şor motala doldurulur. Möhkəm sığanır və ağacla bərk basılır ki, içəridə hava qalıb motalın içərisindəki məhsulu xarab eləməsin.
Motal pendiri nəinki azərbaycanlılar, hətta Cənubi Qafqazın başqa xalqları arasında da yüksək qiymətləndirilir. Onun alıcısı çox, qiyməti üstün tutulur.
Bakı bazarlarında hazırda motal pendiri növündən asılı olaraq kilosu 35-60 manata satılır. Ən yaxşı motal pendiri keçi südündən hazırlanan hesab edilir.
Bəs Axtarma motal nədir?
Ağsaqqal-ağbirçəklərdən öyrənirik bunu:
-Bəziləri pendiri əvvəl-əvvəl çılğıya yığardı. Dərinin təmiz olan ət üzünə. Cılğıda pendir tamam yetişərdi. Sonra dərinin tük üzünə pendiri yığıb içinə azacıq nor, ya şor qatıb, üstünə bir az xama, süd vurub motal basardılar. Motal! Bir deyil-beş deyil, Allah bərəkət versin! Köç boyu özlərinə yük eləyib dağa çıxartmır, işarələdikləri bir yerdə torpağa basdırırlar ki, qayıdanbaş götürsünlər. Motal torpaqda 3-4 ay qalıb yetişir. Köç gedəndə hər yan çəmənzar, yarpaq, meşə idi. Geri qayıdanda həmin ağac-meşə libasını dəyişib, axtardıqlarını çətin tapır, bəzən heç tapmırlar. Qurd-quşa yem olur. Belə çətinliklə tapılan, qalıb torpaqda yetişən pendir bazarda da əl-əl axtarılır. Buna axtarma motal deyilir.
Dədə Ələsgər:
Axtarma motalın, balın, qaymağın,
Zənbur çiçəyindən bal alı, dağlar.
-deyəndə yaylağın digər nemətləri ilə yanaşı, məhz bu "axtarma motalı" nəzərdə tuturdu.
“Ədəbiyyat və incəsənət”
(06.01.2025)
“Küsməyə artıq bəhanə uydurmuruq…” - XATİRƏ
Zahid Teymurov, “Ədəbiyyat və incəsənət”
Gənc ailə idik. Alışırdıq bir birimizə. Bəzən, səbəbini bildirmədən, dinməz-söyləməz küsüb-barışırdıq. Keçirdik könülsüz, qısa sual-cavab rejiminə.
Axşam işdən qayıdanda, zəngi basmamış dərhal qapı açıldı.
- Salam, - mədəniyyətimi göstərirəm - Mən gedəndən elə burada gözləyirsən?
Cavab vermir. Qarşımdan da çəkilmir.
Sülh-əminamanlıq dövrünün vərdişinin əksinə, bir birimizə toxunmadan görüşürük.
Müharibə müharibədir. Qucaqlaşma baş tutmur. Qürurumuz yol vermir. Yalnız imitasiya.
- Здравия желаю! (Sağlam olun) - mənim salamıma açıqla cavab verir.
Barışmaq istəyirəm.
- Hər şey qaydasındadır? - soruşuram.
- Так точно! (Elədir ki var).
- Nədi, orduya çağırılmısınız?
- Tак точно! Сибирский военный округ! (Elədir ki var! Sibir hərbi dairəsi).
Evdə kitabların arasında nizamnamə var. Oxuyub. Söhbətə hazırlaşıb.
Qaydalardan kənar cavab verəcəyinə sual axtarırdım. Tapmadım.
- Darıxmırsan?
- Никак нет! (Heç də yox).
- Necəsən?
- Не могу знать! (Bilmirəm).
- Budur, sevdiyin tortu gətirmişəm.
- Служу Советскому Союзу! (Sovet İttifaqına xidmət edirəm).
Əsəbimlə oynayırdı. Mən barışmaq istəyirdim. O isə təslim olmağımı da istəmirdi. Nəmlənmiş gözlərini gözlərimdən çəkmirdi.
- Gəl bir daha küsməyək. Bütün günü üzülürəm - deyə pıçıldadım ona.
- Yox, küsək! Səninlə barışmağı çox xoşlayıram, - pıçıldayır qulağıma. - Bil, səninlə barışmaq üçün ölərəm... Ya, səni öldürərəm.
Ertəsi gün kitablar istədi.
- Buradakı kitabların hamısını oxumuşam. Brejnevin nüvə silahlarına dair çıxışı, Biysk yağ zavodunun sosialist öhdəçiliyi, Qazaxstan heyvandarlarının beşillik planı..., ,,Üsyan" romanı.
Axşam kitablar gətirdim - intizam nizamnaməsi, atıcı silahlar barədə təlimat, dəmir yolunda qaravulların xidməti barədə tələblər. Bir-bir baxdı. Gülümsəyib baxışlarını yendirdi.
- Məni lap utandırırsan. Burada hər şey sevgi, məhəbbətdəndir. Mənə uşaq ədəbiyyatı gərəkdir.
- Eybi yox! Üç yaşında deyilsən! Artıq böyümüsən.
... Neçə illər keçib o qayğısız günlərdən...
Küsməyə artıq bəhanə uydurmuruq. Barış həyatdır...
AD GÜNÜN MÜBARƏK. ÖTƏN GÜNLƏRİMİN ÇIRAĞI.
HƏYATIMIN BİR HİSSƏSİ YOX, TAM HƏYATIM OLASAN...
“Ədəbiyyat və incəsənət”
(06.01.2025)
Hər kəs bir şam yandırsa aləm nura qərq olar
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün sizə təqdim edəcəyim yazı bir az fərqli olacaq, bu gün sizlərə özümün də könüllü kimi iştirak etdiyim bir Xeyriyyə konserti haqda danışacağam.
Konsert Avropa Azərbaycan məktəbində keçirildi. Bu konsertin keçirilmə məqsədi 7 yaşlı anadangəlmə baş-beyin qüsurluğundan əziyyət çəkən Adəm adlı uşağın müalicəsinə dəstək olmaq idi. Konsert Xəzər Universitetinin 3-cü kurs tələbəsi olan Əsli Cəlilova tərəfindən təşkil olunmuşdu.
Öncəliklə Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Konsertin açılışı Milli Məclisin deputatı Ceyhun Məmmədova söz verilərək oldu. Ceyhun bəy gənclərin bu təşəbbüsünü yüksək qiymətləndirdiyini və bu cür aksiyalara davam etmələrini tövsiyyə etdi. Daha sonra isə Təşkilatçı Əsli Cəlilova Adəm haqqında ətraflı məlumat verdi və konsertə gələn iştirakçılara, blogerlərə, keçiriləcək lotereya üçün hədiyyələrlə dəstək olan sponsorlara xoş əyləncələr arzuladı.
Aparıcısı Valid Əliyev olan konsertdə iştirak edən müğənnilərin adlarını sıralayıram:
1. Dervish Band
2. Taleh Qəhrəmanov
3. Ceyhun Səmədov
4. Fərid Mərd
5. Ayna Band
6. Fahree
7. Elvin Mirzəzadə
8. Rzza
9. A 1 Dance group
Eyni zamanda konsert zamanı VİP biletlər arasında lotoreya baş tutdu və qaliblərə müxtəlif hədiyyələr təqdim edildi.
Konsertin gedişatında könüllülərin də rolu əvəzsiz oldu. Bu konsertdə iştirak edən könüllülər - içi mən qarışıq BDU könüllüləri, əsasən jurnalistika fakültəsinin təıəbələri, bir də Xəzər Universitetinin tələbələri idi.
Bax belə bir unudulmaz gün yaşanıldı.
“Ədəbiyyat və incəsənət”
(06.01.2025)
Ayın sükut dili: Səmanın səkkiz hekayəsi - ESSE
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Ulduzlar da bu axşam səndən danışdı,
Ay da pəncərəmizdə yandı, alışdı…
Məşhur bir mahnıdan
Səma hər gecə yeni bir sirr danışır. Gecələrin şahzadəsi Ay bəzən ulduzların arasında gizlənir, bəzən də öz əzəməti ilə onların işığını kölgədə qoyur. Ayın hər forması fərqli bir duyğunu, düşüncəni və mərhələni əks etdirir. Bu hekayələr səssiz, amma güclüdür. Ayın sükut dolu dilini anlamaq üçün gəlin onun səkkiz fazasını birlikdə oxuyaq.
1. Yeni Ay:
Başlanğıcın qaranlıq nidası.
Hər şey qaranlıqdır, sanki səma öz nəfəsini tutmuş, bir möcüzənin doğulmasını gözləyir. Yeni Ay, səmanın gizli bir andırcasıdır. Onun görünməzliyi boşluq deyil, bir başlanğıcın təməlidir. Bu mərhələ həyatımıza yeni niyyətlər, təmiz səhifələr gətirir.
2. Hilal:
Ümidin nazik xətti
Bir gün qaranlığı yaran incə bir işıq xətti peyda olur. Hilal ümidin simvoludur. Səmanın bu nazik gülü həyatın öz mahiyyətini xatırladır: həmişə bir çıxış yolu var. Hər yenilik balaca bir addımla başlayır.
3. Birinci Dördlük:
Döyüşə hazırlıq
Ayın yarısı işıqlıdır, digər yarısı qaranlıq. Bu faza mübarizənin başlanğıcını göstərir. Həyatda irəliləmək üçün qarşımıza çıxan maneələri aşmalıyıq. Ayın bu forması bizə cəsarətli olmağı, iradəmizi sınamağı öyrədir.
4. Dolun Ayın Artması:
Zirvəyə doğru
Ay demək olar ki, bütövdür, lakin hələ bir qədər işıq çatışmır. Bu faza zirvəyə yaxınlaşan yolu təmsil edir. Səy göstərənlər üçün bu, mükafatın qapısını aralayan bir çağırışdır. Yolun sonuna az qalıb, dayanmaq olmaz.
5. Tam Ay:
Səmanın qəlbi
Tam Ay doğulanda gecə işığa bürünür. Onun dairəvi əzəməti bütövlük və tamamlanmanı simvolizə edir. Bu mərhələ arzuladığımız hədəflərə çatmaq, sevincimizi doyunca yaşamaq üçün bir fürsətdir. Bu, Ayın ən saf hekayəsidir – aydınlıq və harmoniya.
6. Dolun Ayın Azalması:
Təcrübə kölgələri
Tamlıqdan sonra işıq tədricən solmağa başlayır. Dolun Ayın Azalması bizə hər qalibiyyətin arxasında öyrənilməsi lazım olan dərslərin olduğunu xatırladır. Bu mərhələ düşünmək, təcrübələrimizi dəyərləndirmək üçün bir yoldur.
7. Sonuncu Dördlük:
Vidalaşma melodiyası
Ayın sol yarısı işıqlıdır, sağ yarısı qaranlıq. Sanki səma köhnə xatirələrlə vidalaşır. Bu mərhələ həyatdan lazım olmayanları təmizləmək üçün bir çağırışdır. Keçmişin yükünü buraxıb irəliləmək üçün qapını bağlamağın vaxtıdır.
8. Hilalın Azalması:
Sükutun son nəğməsi
Nazik bir qövs yenidən görünür, amma bu dəfə sol tərəfdə. Bu mərhələ səmanın yorğun sükutudur. Yeni bir dövrün astanasında, istirahət və daxili sakitlik çağırışıdır.
Ayın Bitməyən Söhbəti!
Ayın hər bir forması sükutunda bir çox söz gizləyir. O, bəzən başlanğıcı, bəzən sonu, bəzən isə yolun özünü təmsil edir. Həyatımız da eynən Ay kimi – bəzən tam, bəzən natamamdır. Amma hər zaman irəliləyir, dəyişir və yeni dövrlər başlayır.
Ayın bu sükut dolu dili bizi dinləməyə, düşünməyə və dəyişməyə dəvət edir.
Sən də bax, bəlkə Ayın bu gecə sənə özəl bir hekayəsi var?
“Ədəbiyyat və incəsənət”
(06.01.2025)
Yarayla istehza edər yaralanmamış olan - PRİTÇA
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Bir soyuq qış gecəsi idi. Səfəvi sarayının dəhlizlərində sakitlik hökm sürürdü. Şah Abbas İçərişəhərdəki gizli bir məclisdən qayıtmış, öz şəxsi otağında düşüncələrə dalmışdı. Onun sükutunu qıran isə Əmirzadə Arazın səsi oldu.
– Şahım, bu nə haldır? Axı hər kəs sizin cəsarətinizdən danışır. Nə üçün bu qədər kədər içindəsiniz? – deyə Araz ehtiyatla soruşdu.
Şah Abbas ağır nəfəs alıb əllərini ocağa tərəf uzatdı. Onun üzündə dərin qırışlar yaranmışdı. Sanki keçmişin ağırlığı bu qırışlara hopmuşdu.
– Araz, sən heç yaralanmısan? – deyə Şah Abbas birdən soruşdu.
– Yox, şahım, Allah saxlasın, mən hər zaman diqqətli olmuşam, – deyə Araz qürurla cavab verdi.
Şah Abbas acı-acı gülümsədi:
– Bəs sən heç bilirsənmi, yarası olan biri üçün istehza nə qədər ağırdır?
Bunu deyib şah sərt baxışlarını ona çevirdi: – Mənim hər zəfərimdə, hər itirdiyimdə bir yara var, Araz. Amma insanlar bunu görmür. Onlar yalnız zahiri qələbəni görürlər, qəlbimin dərinliklərindəki qanayan yaralardan xəbərsizdirlər.
Araz susdu. Şahın sözləri ona düşündürdü.
– Bir hadisəni sənə danışım, – deyə şah davam etdi. – Çaldıran döyüşündə babam Şah İsmayıl böyük bir məğlubiyyət yaşadı. Onun yarası yalnız bədənində deyil, qəlbində idi. Amma nə oldu? İnsanlar onu məğlubiyyətinə görə qınadı. Heç kim onun yaşadığı acını, çəkdiyi əzabı anlamadı.
Araz sakitcə başını aşağı saldı.
– Şahım, mən sizdən öyrənməliyəm. Bəlkə də mənim bu günə qədər yaralanmamış olmağım məni anlayışsız edib. Amma mən indi başa düşürəm ki, yara bəzən qüruru öldürsə də, insanı kamilləşdirir.
Şah Abbas gözlərini bağladı, sanki ağır xatirələrdən qurtulmaq istəyirdi.
– Araz, insan həqiqi döyüşçü olmaq istəyirsə, əvvəlcə yaralanmağı öyrənməlidir. Yarasız olan, yaralanmışın acısını heç vaxt dərk edə bilməz.
O gecə Şah Abbasın sözləri Arazın həyatında dönüş nöqtəsi oldu. İnsan yalnız fiziki cəhətdən deyil, həm də ruhən yara alıb bunu başqalarına hiss etdirmədən yaşamağı öyrənməlidir.
Bu hadisə tarixdə bir izi olmayan adi danışıq kimi qaldı, amma Şah Abbasın sözləri saray divarlarından keçib, gələcək nəsillərə miras kimi çatdı.
“Yarayla istehza edər yaralanmamış olan” – amma yalnız yaralanan anlayar ki, həyatın həqiqi dərsi bu yaraların dərinliyində gizlidir.
“Ədəbiyyat və incəsənət”
(06.01.2025)
6 YANVAR TƏBRİKİ - “İnsan yalnız ruhundan imtina etdikdə məğlub olur”
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Hər bir ilin sonunda, hər bir digər ilin başlanğıcında sanki həyatın özü bizə bir dəstə suallar verir - bu il kim olduq, nə qazandıq, nə itirdik?
Bu sualların cavabı həmişə aydın olmur, çünki həyatın axarı nə qədər sadə görünsə də, içimizdə qarmaqarışıqlıq buraxır. Yeni il qapımızı döyməsi köhnə ilin gətirdiyi dərsləri və itirdiyimiz zamanın dəyərini dərk etmək üçün bir fürsətdir.
Bu gün yalnız təqvimin dəyişməsi deyil, həm də ruhun təzələnməsi üçün bir məqamdır. Yeni il nurunun işığında dünya yenidən sevgini və bağışlamağı öyrənir. İnsanlar bəzən sadə hədiyyələrlə, bəzən də səmimi sözlərlə bir-birinə yaxınlaşır. Amma ən böyük hədiyyə bəlkə də ruhun səmimiyyətidir – sevgi ilə dolu, heç bir şərt qoymadan verilən bir təbəssüm.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü isə bizi bir kökə bağlı olmağın nə qədər dəyərli olduğunu xatırladır. Bəli, biz dünyanın müxtəlif guşələrinə səpələnmiş bir millətik. Amma unutmayaq ki, biz hələ də bir ağacın budaqlarıyıq, köklərimiz bir yerdədir. Həmrəylik – sadəcə şüar deyil, bir çağırışdır. Birlikdə olmaq, bir-birimizi hiss etmək, bəzən də bir-birimizin yaralarını sarmaq üçün bir fürsətdir. Bu gün bizim tariximizdə və ruhumuzda dərindən kök salmışdır.
Yeni ilin özü isə bizə yenilənmək üçün bir mesajdır. Həyatın çətinlikləri bəzən insanı sındırmağa çalışır. Amma insan yalnız ruhundan imtina etdikdə həqiqətən məğlub olur. Mən sizlərə bu altıncı gününü yaşadığımız yeni ildə yalnız xoşbəxtlik deyil, həm də güc arzulayıram. Elə bir güc ki, keçmişdəki bütün ağrıları bir dərs kimi dəyərləndirə biləsiniz.
Qoy bu 2025-ci il sizə sevgi və hüzur gətirsin. Həyatınızın hər günü özünüzü bir az daha dərk etdiyiniz bir gün olsun.
İnsan özünü tapdıqda, həm həyatını, həm də ətrafını dəyişdirmək gücünə sahib olur. Siz - oxucularımın hər bir mənim üçün həyatın fərqli bir rəngisiniz və mən minnətdaram ki, bu rənglər dünyamı daha da gözəlləşdirir.
Unutmayın, xoşbəxtlik yalnız xarici dünyada deyil, ruhun dərinliklərində gizlidir.
Yeni ildə bu xoşbəxtliyi tapmağınızı, onu əzizləyib qorumağınızı arzulayıram.
Ruhunuzda həmişə işıq və sevgi yansın!
Səmimi hörmət və sevgi ilə!!!
“Ədəbiyyat və incəsənət”
(06.01.2025)
Azadlıq və “Qağayı Conatan Livinqston" -KİTAB BƏLƏDÇİSİNDƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Əməkdaşlarımızın sosial sorğu kimi ortaya qoyduğu azadlıq mövzusu demək olar ki, oxuduğum kitabın mövzusu ilə də üst-üstə düşdüyündən istədim bir yazıda həm sorğuya, həm də kitaba münasibət bildirim.
"Əksər qağayılar üçün uçuş özünü sahildən yemə çatdırmaq və geri qayıtmaqdan ibarətdir. Bundan artığına onlar can atmırlar. Onların əksəriyyəti üçün uçmaq yox, qarın əsasdır. Amma Conatan üçün başlıca hədəf yemək deyildi, uçmaq idi."
Adətən insanlar özlərinə bənzəməyənləri sevmirlər, bilmirəm bu mənada mənim bəxtim gətirib, yoxsa yox. Düzü fərqli olduğun bir toplum tərəfindən sevilmək və ya o toplum tərəfindən qovulmaq, bu ehtimallardan hansında insanın bəxti gətirmiş sayılır, bu özü belə mübahisəli mövzudur.
Getməklə qalmağın mahiyyəti, zəruriliyi məkana, zamana, kimliyinə və situasiyaya görə bir-birindən fərqlənir.
Eyni ilə Riçard Baxın “Qağayı Conatan Livinqston” əsərinin qəhrəmanı Conatanın öz dəstəsindən qovulmağını, daha sonra isə öyrəndiklərini dəstəsinə də öyrətməkdən ötrü öz istəyi ilə geri qayıtmasını buna misal çəkə bilərik.
Conatanın düşüncələri mənsubu olduğu dəstəsinin həyat fəlsəfəsinə müxalif idi. Onun fikrincə həyatın mənası bütün günü sadəcə bir qarın çörək üçün əlləşib-vuruşmaqdan ibarət ola bilməzdi. Onun üçün həyatın daha ümdə bir hədəfi olmalıydı, uçmaq kimi, azadlıq kimi. Yaxşı bəs adına azadlıq dedikləri bu məhfum nədən ibarətdir?
Əsərin bir yerində Conatan tələbələrinə söyləyir ki: "- Bir qanadın ucundan digər qanadın ucunadək bütün bədənimiz fikrimizin gözlə görüləcək formasından başqa bir şey deyildir. Əgər düşüncəmizi buxovlayan zəncirləri qırıb-atsaq, bədənimizdəki zəncirləri də qırmış olarıq.”
Bir qədər əvvəllərdə isə bu cümlələri oxuyuruq:"- İstənilən yerə fikir sürətiylə uçmaq o deməkdir ki, sən artıq orada olduğunu özünə təlqin edirsən.
Çianqa görə bu fəndin mahiyyəti ondan ibarət idi ki, Conatan daha özünü qırx iki düym qanadları olan, yalnız kiçik bir ərazidə hərəkət edə bilən məhdud imkanlı bir bədəndə qapanıb qalmış varlıq kimi hiss eləməsin"
Bəli, əsərdə obrazlarımız qağayılar olsa da, əslində söhbət sadəcə qağayılardan getmir, söhbət elə bizdən, bəşərin özündən gedir.
Və əsərdə qağayıların dilindən deyilən bu fikirlər də, nə nağıl, nə fantastikadır. Həqiqətin özüdür.
Bəli, insan əslində bədəni ilə məhdud bir varlıq deyil.
Conatanın "bədənimiz fikrimizin gözlə görüləcək formasından başqa bir şey deyil" fikrini başqa sözlə bədənimiz ruhumuzun gözlə görüləcək formasıdır kimi də ifadə edə bilərik. Və davamındakı düşüncəmizi buxovlayan zəncirlər ifadəsində də məhz nəfs nəzərdə tutulur.
Əsərdəki mövzuları qağayılar deyil də insanlar üzərindən dəyərləndirsək
İnsanın iki növ ruhu vardır. Heyvani ruh və insani ruh. İnsan heyvani ruhunun diqtəsi ilə dördayaqlıdan belə aşağı, insani ruhunun diqtəsi ilə isə mələkdən belə üstün bir məqama yetişə bilər.
Yəni alçalmaq da, ucalmaq da ən nəhayətində insanın öz əlindədir.
İnsan muxtar bir varlıqdır, ixtiyar sahibidir. Lakin eyni zamanda insan "seçimlərdə" muxtar olduğu qədər "seçimində" də məsuldur, mükəlləfdir.
Bu məqamda məncə azad olmaq insani ruhun heyvani ruha qalib gəlməsidir.
Nəfsə gəldikdə isə “Qurani-Kərim”in nəzərinə görə insan nəfsinin 5 növü vardır.
1-ci Məlhəmə nəfsidir.
Bu nəfs növünə ilham edən nəfs də deyilir.
Allah insana yaxşılığı da, pisliyi də əta edir və hər kəs öz tərəfini tutub ona əməl etsin.
Yəni insan fitrətən əslində nəyin pis və nəyin yaxşı olduğunu dərk edir. Başa düşür ki,
doğruluq, ədalət və s. yaxşı sifətlər, xəyanət, riya, zülm və s. isə bəyənilməyən və rəzil sifətlərdir.
2-ci məsulə nəfsidir.
Bu nəfs növünə məsul nəfs, vəsvəsə edən nəfs də deyilir.
Məsulə nəfsi insanın meyillərini dəyişdirməyə çalışır. İnsana pisi yaxşı, yaxşılıqları pis kimi, haqqı batil, batili isə haqq kimi göstərir.
3-cü əmmarə nəfsidir.
İnsan əmmarə nəfsinə yetişəndə o şeylər ki, məsulə nəfsi onun gözündə cilvələndirmişdi, yaxşı göstərmişdi, onları həyata keçirməyə başlayır. Yəni insan arıtq nəfsinin əsirinə çevrilir. Əmmarə nəfsi insana nə diqtə edirsə insan onu edir. Və əgər insan Allaha söykənməz və ona pənah aparmazsa əmmarə nəfsinə məğlub olacaq.
4-cü ləvvamə nəfsidir.
Bu nəfs növünə danlayan nəfs də deyilir.
İnsan əmmarə nəfsinə uyub xəta edəndə, günah edəndə, insanda vicdan hissi oynmağa başlayır ki, bu da ləvvamə nəfsinin başlanğıcı sayılır.
Ləvvamə nəfsi gördüyü pis əməllərə görə insanı danlamağa, mühakimə etməyə başlayır. Vicdan insanı boğur və insan ləvvamə nəfsinin sayəsində peşman olaraq tövbəyə üz tutur və paklanır.
Ləvvamə nəfsinə yetişmiş şəxs vicdan məhkəməsi ilə üzləşmiş şəxs sayılır.
5-ci mütməinnə nəfsidir.
Bu nəfs növü nəfsin ən ali məqamıdır.
Qurani-Kərim bu nəfs barəsində buyurur:
Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir)!
Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq! Mənim bəndələrimin zümrəsinə daxil ol". ("Fəcr" 27-29).
Nəfsin mutməinnə həddinə yetişmiş insan kamil insandır. İnsan o qədər təkamül edir, nəfsini elə tərbiyə edir ki, artıq şeytan belə ona təsir qoya bilmir.
Və mütməinnə nəfsinə yetişən insan azad olur.
Çox təəssüf ki, günümüzdə bir çox insan azadlığı istədiyi hər şeyi etməkdə, özünə heç bir qadağa qoymamaqda görür, lakin, bilmir ki, bu zaman insan nəinki azad olur, əksinə, nəfsinin əsirinə çevrilir. Azadlıq isə insanın bütün nəfsi istəhkləri üzərində qələbə çalıb mütməinnə nəfsinə yetişməsidir. Kamil insan olmasıdır.
Conatanın da söylədiyi kimii
"düşüncənizi buxovlayan zəncirləri qırıb-atsanız, bədəninizdəki zəncirləri də qırmış olarsınız."
Bütün nəfsi istəklərini ram etmiş kamil insanın bütün bədən əzaları da artıq tam olaraq ona tabe olur.
Böyük islam Alimlərindən biri olan Əllamə Təbatəbai bir gün göz əməliyyatı üçün İngiltərəyə gedir. Həkimlər əməliyyata başlamazdan əvvəl ona narkoz vuracaqlarını söylədikləri zaman o, narkozdan imtina edir.
Həkimlər heyrətlənir, bunun heç cür mümkün olmayacağını, əməliyyat əsnasında onun hey gözünü yumub-açacağını söyləyirlər. Lakin, alim gülümsəyərək belə cavab verir: "Gözün nə ixtiyarı var, öz-özünə yumulub açıla, o mənim ixtiyarımdadır, mən onu yummayacağam”.
Həkimlər onun bu sözlərindən nə qədər heyrətlənsələr də, əməliyyat narkozsuz baş verir və əməliyyat əsnasında Əllamə Təbatəbai qətiyyən gözlərini yummur.
Bəli, insanın nəfsi üzərində qazandığı qələbə - əsl azadlıq məhz tam olaraq budur.
Həmçinin yalnız nəfsini tam olaraq ram etmiş kamil bir insan əsərdə
"fikir sürətiylə uçmaq" kimi keçən "Teyyülərz" ( bədənin sürətli yerdəyişməsi,
insanın özünü olduğu məkandan nəzərdə tutduğu və istədiyi məkana aparması) etmək qüdrətinə nail ola bilər.
Əsərdə də deyildiyi kimi insan (əsərdə insan deyil, qağayılar nəzərdə tutularaq deyilir) sıxıntını, ətaləti, qəzəbi və qorxunu qəlbindən çıxardığı zaman daha gözəl və uzun bir ömür yaşayır.
Bizim cəmiyyətlərimiz də eyni ilə Qağayı Conatanın dəstəsi kimidir.
Burada dəstə başçıları kimi olanlar da var, digər qağayılar kimi olanlar da və nəhayət Qağayı Conatan kimi fərqlənənlər, öyrənmək həvəsi ilə yaşayıb, nəfsini tərbiyə edərək daim özünü inkişaf etdirənlər də.
Riçard Bax “Qağayı Conatan Livinqston” əsərində bir qağayı həyatının motivləri əsasında oxucuya həyatın hər gün sadəcə bir qarın çörəkdən ötrü əlləşib-vuruşmaqdan ibarət olmadığını, bəşərin əslində nələrə qadir olduğunu, həyatını yaradılışına, misyasına uyğun qurarsa, öyrənmək eşqi ilə daim çalışarsa, həyatın mənası haqqında təfəkkür edərsə, həyatda yeməkdən, savaşdan, hakimiyyətdən daha ümdə məsələlərin varlığı kimi ilkin bir həqiqəti dərk edərsə və nəfsini tərbiyə edərək kamillik həddinə yetişərsə, azad olarsa insanın hansı məqamlara yüksələ biləcəyini və hansı qüdrətə sahibi ola biləcəyini çatdırır.
Və sonda qeyd etməliyəm ki, kitabın nəfis tərtibatına görə “Parlaq imzalar” nəşriyyatına xüsusi təşəkəkkür düşür.
“Ədəbiyyat və incəsənət”
(06.01.2025)
UNUDULMAZ TƏƏSSÜRATLAR - Türk dünyası gənc yazarlarının Lənkəran toplantısı barədə
Könül, “Ədəbiyyat və incəsənət”
Türk xalqlarının sıx inteqrasiyası fonunda ədəbi dairələr də öz əməkdaşlıqlarını genişləndirməkdədirlər. Bu cərgədə əlbəttə ki, Dünya Gənc Türk Yazarlar Birliyi əhəmiyyətli rol oynamaqdadır.
Bayram tərilində bu dəfə qurumun səsi Lənkərandan gəldi.
Daha ətraflı məlimat almaq üçün qurumun başqanı İntiqam Yaşara üz tutduq.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və bizim Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə "Türk dünyası gənc yazarlarının Lənkəran toplantısı" adlı layihənin yekun tədbiri məhz subtropiklər diyarı Lənkəran şəhərində baş tutdu.
Lənkəran Mədəniyyət Mərkəzində reallaşan tədbiri giriş sözü ilə açan Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov tədbirin Türk dünyası üçün önəmini diqqətə çatdırdı. Ardınca mən çıxış edərək Dünya Gənc Türk Yazarlar Birliyinin tədbir üçün niyə məhz Lənkəranı seçməsinə aydınlıq gətirdim. 2024-cü il Lənkəran şəhərinin Türk dünyasının Gənclər paytaxtı seçilməsi çərçivəsində il boyu burada önəmli tədbirlər təşkil olundu və bu tədbirin də mövzu ilə əlaqədar növbəti addım olduğunu diqqətə çatdırdım.
Azərbaycan Yazıçılar Birliyi Lənkəran şöbəsinin sədri Qafar Cəfərov bölgənin gənc yazarlarının ədəbiyyatımıza verdikləri töhfədən bəhs etdi.
Daha sonra Türk ölkə və topluluqlarından gələn yazarlar - Özbəkistandan şair Suhrab Ziya, Mohira Eşpoladova, Türkiyədən Enver Aykol, Çuvaşıstandan Natalya Gerasimova çıxış edərək layihənin önəmindən bəhs etdilər. Yazar Banu Muharremin moderatorluğu ilə davam edən tədbirdə Azərbaycandan olan yazarlar Bilal Alarlı, Yusif Nazim, Ayşən Rəhim, Müşfiq Cəbi, Aysel Xanlarqızı, Taleh Mansur, Rizvan Fikrətoğlu, Aytən Qurbanova, Şükür Əli və digərləri çıxış edərək fikirlərini bölüşdülər. Sonda xarici ölkələrdən gələn nümayəndələrə və tədbirin təşkilatçılığında dəstək olan qurumlara Dünya Gənc Türk Yazarlar Birliyinin təltiflərini təqdim etdik.
Xatirə fotosu ilə tədbirimizə yekun vuruldu.
2024-cü il bitdi, türk dünyası ədəbi gəncliyin birgə fəaliyyəti isə 2025-ci ilə adladı.
“Ədəbiyyat və incəsənət”
(06.01.2025)
Bu gün Braziliyada Embraer 190-ın qara qutusunun deşifrəsinə başlanılıb
4 yanvar, 2025-ci il - Bu gün Braziliyada ötən il dekabrın 25-də Aktauda qəzaya uğramış Azərbaycana məxsus Embraer 190 təyyarəsinin qara qutusunun deşifrəsinə başlanılıb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Braziliya Hərbi Hava Qüvvələrinə istinadən xəbər yayan Euronews-dan məlumat götürüb.
Braziliyanın Hərbi Hava Qüvvələrinin Avia Qəzaların Araşdırılması Mərkəzinin (CANİPA) mütəxəssiləri xəbər verirlər ki, dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğramış Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsinin qara qutusunun deşifrəsini 4 yanvar tarixindən etibarən mütəxəssislər qrupu həyata keçirir.
Təyyarənin istehsalçısı olan Braziliya mütəxəssisləri ilə yanaşı deşifrə prosesinə 3 ölkənin – Qazaxıstan, Azərbaycan və Rusiyanın mütəxəssiləri də qatılıblar.
Məlumatda deyilir ki, “qara qutudan” götürülən analiz – pilotların səsi və bütün uçuş boyu təyyarənin vəziyyəti barədə məlumatlar qısa müddətdə tam əldə ediləcək.
Analizin nəticələri barədə məlumatlar Mülki Aviasiya Konvensiyasına əsaslanaraq qəzanın baş verdiyi ölkəyə– Qazaxıstana veriləcək.
Foto: Gavin Blackburn, AP
“Ədəbiyyat və incəsənət”
(04.01.2025)
Göylərə qərq olan qəhrəmanlarımız
Aysel Fikrət, «Ədəbiyyat və incəsənət”
Yeni il gəlsə də bu hadisə əsla ötən ildə qalmadı, bu hadisə tarixdə qalacaq, mütləq qalacaq.
Ölkə başçımızın sərəncamı ilə onlar Milli Qəhrəman oldular. Onları dəfn etdik. Anaların fəryadı səmada əks-səda verdi. O səmada ki, onlar təyyarədən sağ qalma ehtimalı olmadan sərnişinlər üçün əllərindən gələn qəhrəmanlığı etdilər. Qonşu ölkənin etinasızlıqla qəbul etmədiyi təyyarəni çarəsizlik içində, son damla ömür payına qədər qorudular. Çarəsizliklə, ölüm ilə döyüşdülər.
"Hər şey yaxşı olacaq," - dedilər. Axı hər şey pis ola bilməz.
Azərbaycan 20 Yanvar kimi böyük faciəni yaşamış, uzun illər müqəddəs torpağı uğrunda itkilər vermiş bir ölkədir. Zəfər sevinci bu bəlalara su çilədi, dərdini dinlətdi. İndi isə bu faciədən sonra kiçikdən böyüyə hər kəs hüznə qərq olub. Şəhərin küçələrindən bayram abu-havası silindi. Hər kəs qayğılı və fikirliydi. Azərbaycanın onsuz da keşməkeşli tarixində bu da bir acı səhifə oldu.
Doğmaları ilə Yeni İli qarşılamağa gedən dinc sakinlərin belə bir faciə ilə üzləşməsi dəhşətlidir. Faciə qurbanı olan soydaşlarımıza ilk qayğını göstərən Qazaxıstan dövləti oldu. Düşünürəm, təyyarəmiz başqa bir torpağa düşsəydi, eyni qayğını görəcəkdikmi? Enməyə belə imkan verməyən, təyyarəni ölümə sürükləyən və hələ üstəlik onu ittiham edənlər bizə necə yanaşardı? Təyyarəmiz Çeçenistan Respublikasının ərazisinə düşsəydi, bəlkə də sağ qalanlar həyatda olmazdılar.
Ən dəhşətli hal çətinlikdə və darda qalmaqdır. Azərbaycan xalqının hər sahəsində, hər peşəsində torpağına və işinə sadiq belə qəhrəmanlarımız var.
Vətən sevgisi elə bir məfhumdur ki, hər millətə xas deyil. Bu qəhrəmanlar Azərbaycan torpağına, Prezident İlham Əliyevə layiq oldular. Prezident İlham Əliyevin məlum çıxışını dinlədikdə fəxr etdim, qürur duydum. Ucalıq budur: xalqının yanında olub, ona etinasız yanaşan hər kəsə həddini bildirmək.
Azərbaycan 44 günlük Vətən müharibəsi strategiyası ilə torpaqlarını geri alan qəhrəmanlar ölkəsidir. Bütün dünyaya səs salan döyüş taktikasını hərb meydanında tarixə yazıb. İndi necə olur ki, belə bir etinasızlıqla üzləşirik?
Həmin an sərnişinlərin keçirdiyi qorxu, körpələrin duyduğu hisslər, 13 yaşlı azyaşlı oğlanın doğmalardan uzaq keçirdiyi çarəsizlik və zülm — bütün bunları düşünməmək mümkün deyil.
Təmsil etdiyim, mətbuat katibi olduğum Azərbaycan Milli Konservatoriyasının rektoru sənətşünaslıq doktoru Kamilə Dadaş-zadə həmin gündən etibarən bütün tədbirləri təxirə saldı. AMK-nin Elmi Şurasında qəza nəticəsində həyatını itirmiş sərnişinlərin xatirəsinə bir dəqiqəlik sükut elan olundu. Hadisənin faktları açıqlanmağa davam etdikcə və həlak olanların kimliyi bilindikcə ağrımız da artır. Azərbaycan Milli Konservatoriyasının Musiqi məbədi olan təhsil ocağının səsi-sədası kəsilib. Musiqi səsləri eşidilmir. Bu cür faciələr tələbələrimizin də daxili aləminə mənfi təsir edib. İmtahan qayğıları ilə yanaşı bu faciənin də abu-havası onları düşündürür. Azərbaycan gəncliyi xoşbəxt və işıqlı yaşamağa layiq olduğu halda nə qədər çətinliklər yaşayıb. Bu məqam həmişə məni düşündürüb.
Göylər mələyi Hökümə xanımın ölüm təhlükəsini tam dərk etdiyi anda sərnişinlərə göstərdiyi qayğı Azərbaycan qadınlarının nə qədər güclü olduğunun bir sübutudur. 25 dekabr, saat 10:30-da hadisə yerində bütün mübarizə və qurtulmaq cəhdi sona çatdı. Dünyada ən dəhşətli sarsıntı etimadı itirməkdir. Son dəqiqəyə qədər sərnişinlərə ümid dolu sözlər deyən Hökümə qızımız nümunədir. Faciədən sağ qalmış sərnişinlərdən biri son ana qədər bizimlə danışdı. Ona halal olsun, çünki son dəqiqəyə qədər xidməti vəzifəsini yerinə yetirdi.
Son illər müharibə zamanı olduğu kimi, bu faciədə də gənclərimizə böyük ümid bəsləyirəm. Bu torpağın suyu, çörəyi qəhrəman övladlarımıza halal olsun.
Sarsıntımız sonsuzdur. Göylərdə mələyə çevrilmiş soydaşlarımızın ruhu qarşısında baş əyirəm. Vətənimi, torpağımı, dövlətimi sevirəm. Qəhrəmanlarımla fəxr edirəm.
“Ədəbiyyat və incəsənət”
(02.01.2025)