Super User

Super User

Cümə axşamı, 25 Dekabr 2025 16:10

Türk dünyası məşhurları: İsmail Qaspıralı

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası məşhurları haqqında olan layihəsində bügünkü söhbətimiz İsmail Qaspıralı barədədir.

 

İsmail Qaspıralı (İsmail Bey Gasprinski / Gaspıralı) XIX-əsrin sonu və XX-əsrin əvvəllərində yaşamış görkəmli Krım Tatarı fikir adamı, müəllim, jurnalist, nəşriyyatçı, maarifçi və siyasi xadim idi. O, öz dövrünün ən önəmli türk dünyası intellektual liderlərindən sayılır və xüsusilə təhsil islahatı, mətbuat vasitəsilə milli şüurun yüksəldilməsi və Türk dünyasının birliyi ideyalarının yayılması ilə yadda qalmışdır.

İsmail Qaspıralı 1851-ci ildə Krımın Bakhchysarai yaxınlığında Avcıköy (bu gün Ukraynanın Krım regionu) kəndində anadan olmuşdur. Ailəsinin adı Gaspira kəndindən gəldiyi üçün soyadı “Gasprinski” olaraq qəbul edilmişdir. Çox erkən yaşda o, yerli müsəlman məktəbində əsas təhsil almış, daha sonra Simferopol gimnaziyasında və Voronej, daha sonra Moskva hərbi məktəbində təhsilini davam etdirmişdir. Bu xarici təhsil ona Avropa düşüncə tərzi, maarif ideyaları və geniş dünyagörüşü qazandırmışdır.

Qaspıralı 1870-ci illərin əvvəllərində Parisdə rus yazıçısı İvan Turgenyev ilə işləyərək fransız dilini öyrənmiş və Avropa mədəni-ictimai mühitindən təsirlənmişdir. Parisdə keçirdiyi vaxtdan sonra o, təhsil sisteminin modernləşdirilməsinin vacibliyini dərk etmişdir. 1876-cı ildə Krıma qayıdaraq müəllim olaraq fəaliyyətə başlamış, lakin klassik dini məktəblərdəki tədris metodlarını tənqid etdiyinə görə pedaqoji fəaliyyətini davam etdirə bilməmişdir.

1878-ci ildə Bakhchysarai şəhər dumasında çalışmış və bir müddət şəhər meri vəzifəsinə seçilmişdir. Bu dövrdə o, ictimai fəaliyyətini genişləndirmiş və Türk və müsəlman icmalarının problemlərinə diqqət yetirməyə başlamışdır.

1883-cü ildə Qaspıralı Krımda iki dildə – Krım Tatar və rus dillərində çıxan Tercüman (Terciman) qəzetini təsis etdi. Bu nəşr yalnız Krım Tatarları üçün deyil, eyni zamanda bütün Rusiya imperiyasındakı türk dillərində danışan icmalar üçün siyasi, mədəni, maarifçi və ictimai məsələləri işıqlandırmaq üçün vacib platforma oldu və uzun müddət fəaliyyət göstərdi. “Tercüman” fikir və information mübadiləsinin əsas vasitəsi olmaqla yanaşı, Türk dünyasında milli şüurun formalaşmasına əhəmiyyətli töhfə verdi.

Qaspıralı təhsil sistemində islahatların əsasını qoyan “Usul-ü Cedid” (yeni metod) konsepsiyasını dəstəklədi. Bu yeni metod dini təhsillə yanaşı müasir elmlər – riyaziyyat, tarix və coğrafiya dərslərini də təhsil proqramına daxil etməyi, eləcə də ana dilində tədrisin gücləndirilməsini nəzərdə tuturdu. Bu yanaşma Krım Tatarları arasında və daha sonra Qafqaz, Mərkəzi Asiya və digər türk cəmiyyətlərində geniş yayılmışdır.

O, ancaq qəzet nəşri ilə məhdudlaşmayaraq, 1905-ci ildən başlayaraq qadınlara və uşaqlara yönəlik mətbu nəşrlər də buraxdı, məsələn, Alem-i Nisvan qadın jurnalı (qızı Şefiqa Qaspıralı redaktoru oldu) və uşaqlar üçün jurnallar. Bu fəaliyyət milli şüurun daha geniş təbəqələrə çatdırılması və cəmiyyətin ayrı-ayrı qruplarının maariflənməsi məqsədini daşıyırdı.

Qaspıralı həm də pan-türkçülük ideyalarını müdafiə etmiş, türk dillərinin birləşdirilməsi və bu icmaların birgə fəaliyyəti üçün “dildə, fikir və əməliyyatda birlik” prinsiplərini irəli sürmüşdür. Onun bu ideyaları Türk dünyasında birliyin mədəni və ictimai bazasının yaradılmasına təsir etmişdir.

İsmail Qaspıralı 1914-cü ildə Bakhchysarai şəhərində vəfat etmişdir. Onun yaradıcılığı və fəaliyyəti bu gün də türk dünyasının maarifçilik, mədəni birləşmə və milli şüurun inkişafı sahəsində əsas simvollardan biri kimi qiymətləndirilir.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2025)

Cümə axşamı, 25 Dekabr 2025 11:01

3 gündə 24 yasaq düşüncə. 3-cü gün

 

Xatirə Səfər, “Ədəbiyyat və incəsənət” üçün

 

 

17.

Bəli, unudulmamaq… Yasaqlar qadınların mövcudluğunu unudur. Onların bəzən “zərif cins” olmaları ön plana çıxarılır və cəmiyyətə sərf edilən tərəfdən baxılaraq ictimaiyyətə təqdim olunur. Qadınların əksəriyyətinin qorunmağa, ailədə saxlanılmağa, müəyyən qadağa çərçivəsində qalmağa məcbur edildiyi bir toplumla eyni torpağı, havanı bölüşdüyümüz üçün təəssüf hissi keçirirəm.

18.

Bu cəmiyyətdə qadın sevə bilməz, əl-ələ tutub hardasa oturub söhbət edə bilməz. Rəfiqələri ilə dostluq bağı qurduğu zaman mütləq rəfiqələri ədəb-ərkan, mənəviyyat, tərbiyə testindən keçmiş olmalıdır; əks halda həmin adamlar qadını uçuruma aparacaq. Yaddan çıxan bir şey var: heç kim heç kimə öz iradəsindən artıq təsir edə bilməz.

19.

Qadınlara qarşı qoyulmuş şəxsi qərəzli, dolu, hesablı, çıxarlı — səhv olsa belə — bu yasaqlar istənilən kişinin zəifliyini göstərir.

20.

İndiki dövrdə əksər kişilər həm psixoloji, həm də maddi cəhətdən zəif olduqlarını məhz ailədə qoyduqları fərqli tərz qadağalara sığınaraq sübut edirlər.

21.

Sevgi, hörmət, anlayış olmayan istənilən mühitdə yasaq düşüncələr çıxış yoluna çevrilir. Bu “çıxış yolu”nun qapısını bağlamaq isə özünə hörmət edən, özünü sevən, dəyərini ayaq altına atmayan qadınlara düşər.

22.

Qorxma… Sən qadınsan, kölə deyilsən. Haqqını kiminsə tapdalamasına izin vermə. Sən həyat yoldaşısan, həyat isə müştərəkdir. Bölüşüncə azalar dərd, ağrı. Sən dostsan, rəfiqəsən – istər kişi ilə, istərsə də qadınla dostluq bağı qura bilərsən. Sən övladsan – istədiyin peşəni, istədiyin insanı sərbəst və özgüvənli şəkildə seçmək haqqın var.

23.

Unutma… Sən səni sevənlər üçün baş tacısan. İzin vermə ayaq altına sərsinlər səni. Öz yerini özün müəyyən etmədikcə, üstünə uzadılan dilin ölçüsünü bilməyən sahiblər daha da çoxalacaq.

24.

Seçimlərini düzgün etdiyin təqdirdə bütün yasaq düşüncələrin qara tilsimi qırılacaq, üzərindəki hökmünü itirəcək və qadınlar xoşbəxt dünya sakinlərinə çevriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2025)

 

Cümə axşamı, 25 Dekabr 2025 08:29

Qaziantep, Çauşesku və Çaplin

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq.

 

Katoliklərin Milad bayramı

Christmas Day. Milad bayramı xristian dünyasının ən əsas bayramı hesab edilir, xristianlıq peyğəmbəri İsanın doğulmasını özündə ehtiva edir. Dünyanın 100-dən artıq ölkəsində Milad dövlət bayramı sayılır. Tarixdə xristianların Miladı bayram etməsinə aid ilk yazılı mənbə 4-cü əsrə aiddir. İsa Məsihin dəqiq doğulma tarixi həmişə mübahisələrə yer açıb, amma katoliklər bu tarixi 25 dekabr kimi qəbul ediblər. Olsun ki, məhz bu tarixi seçməkdə erkən dövr xristianlarının 25 dekabrda Xristin təməli və Pasxa bayramlarını qeyd etmələri, eyni zamanda Günəşin bərqərar olması gününü də bu təqvim günündə qeyd edilməsi rol oynayıb. Bu bayram 4 gün öncədən başlayıb 6 gün sonrayadək davam edir, bayramaxşamı – ayın 24-də soşelnik deyilən məcburi rituala bütün katoliklər əməl edirlər – buğda və bal qarışığı yeyilir, səmada ilk ulduz görününcəyə qədər bu post davam edir. Gecə, ayın 25-nə keçəndə, işıqlaşanda və  25-i günorta hər kəs Allaha xidmət edir, dualar oxuyur, şam yandırır. Kilsələrə böyük axın olur, uşaq və gənclər nəğmə oxuyaraq, şənlənərək evlərə gedir, hər bir ailəyə xoşbəxtlik diləyir. Əvəzində ailələr onlara qovrulmuş şabalıd, boyanmış yumurta, kolbasa qaxacları, meyvə və şirniyyat verir. Pay verməyən xəsis ev sahiblərini lağa qoyur, onları bədbəxtçiliklərlə qorxudurlar. Səs-küylü şənlənmələrdə hamı maska taxır, əsl karnaval əhval-ruhiyyəsi duyulur.

Məbədlərdə xüsusi Milad çörəkləri bişirilib insanlara paylanılır. Və ən vacibi – dekabrın 24-də, Miladdan bir gün öncə evlərdə rəngbərəng şarlarla bəzədilmiş küknar ağacları qurulur, bu, üstü meyvəli cənnət ağacının simvolu sayılır, bollu-bəhərli bir yeni il arzulanır hər kəsə.

 

Çauşeskunun və Yelenanın güllələnməsi

Lüteryanların da Milad bayramıdır bu gün. Pakistanda Kvay-e-Azam günüdür, o, Pakistanın milli dövlətinin atası-qurucusu hesab edilən şəxsdir. Pakistanın rəqibi olan Hindistanda Tulasi Pudjan Divas günüdür, bu günün bir adı da “müqəddəs reyhan günüdür”, indust dinində reyhan müqəddəs bitki hesab edilir. Peruda Takanakuy adlanan rəqs festivalı başlayır. Çin və Tayvan Konstitusiya, Kamerun uşaqların müdafiə günü, Mozambiksə ailə gününü qeyd edir. Zat aliləri amerikalılar isə bu gün iki mətbəx bayramı qeyd edirlər. Birincisi Milli balqabaq piroqu günüdür. Dadmışam, çox dadlıdır. İkincisi, Milli aşbazları öpmə günüdür. Bax bunu dadmamışam, nə yalan deyim.

1989-cu ilin bu günündə rumınlar ölkənin keçmiş rəhbəri Nikolae Çauşeskunu və həyat yoldaşı Yelenanı güllələyiblər. “Xalqın sərvətini ailə olaraq talayan, rumınları zillət içində yaşadan, azadlığa həsrət qoyan” diktator və həyat yoldaşı küçədə, minlərlə insanın gözü qarşısında öldürülüb.

1977-ci ildə dünyaşöhrətli komik aktyor Çarli Çaplin 88 yaşında vəfat edib. 1969-cu ilin bu günündə amerikalı Artur Blessit dünya tarixindəki ən uzun piyada səyahətinə başlayıb, o, 29 il ərzində  55011 kilometr məsafə qət edib. 1958-ci ildə SSRİ qanunvericiliyində milyonlarla insanın qəniminə çevrilmiş “xalq düşməni” ittihamı ləğv olunub. 1741-ci ildə isveç astronomu Anders Selsiy temperaturu ölçmək üçün şkalanı kəşf edib. Ən nəhayət, 1000-ci ildə macar qardaşlarımızın başda 1-ci Stefan olan Macar krallığı yaradılıb.

 

Qaziantepin azadlığı günü

Türkiyənin böyük şəhərlərindən olan Qaziantepin özünəməxsus xüsusiyyətləri var ki, bu da onu fərqli bir məkan kimi tanıdır. Əvvəla, şəhərin tarixi qədim dövrlərə dayanır. İkincisi, əvvəlki adı Antep olan bu qədim türk şəhəri Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan Qurtuluş savaşından sonra “Qazi” (qəhrəman şəhər) statusu qazanaraq Qaziantep adlandırılıb. Qaziantep həm də Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün rəsmi şəkildə əhali qeydiyyatına düşdüyü şəhərdir. Şəhər cənub-şərqi Anadolu bölgəsində sənayesinin inkişafı baxımından ön yerdə dayanmaqla yanaşı, həm də fərqli və zəngin mətbəxi ilə məşhurdur. Qaziantep böyüklüyünə görə Avropada 2-ci, Türkiyədə isə 1-ci olan zooparkı ilə də tanınır. 

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2025)

 

 

Cümə axşamı, 25 Dekabr 2025 10:16

“ASAN Radio” 10 yaşını qeyd etdi

 

“ASAN Radio” Prezident İlham Əliyevin tapşırığı ilə yaradılıb. 24 dekabr 2015-ci ildə yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio” demək olar ki, Azərbaycanın bütün ərazisində yayımlanır.

“ASAN Radio” dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektor üçün effektiv kommunikasiya platformasına da çevrilib. Ötən dövrdə qurumlar, yerli və beynəlxalq təşkilatlarla birgə uğurlu layihələr reallaşdırılıb. 

 Bu FM dalğasını sevilən musiqilərin ünvanı kimi də xarakterizə etmək olar.

“ASAN Radio” həm də media məktəbi rolunu oynayır. Tələbələr, könüllülər burada təcrübə qazanaraq jurnalistika sahəsində biliklər əldə edirlər. Media qurum tərəfindən sosial çarxlar da hazırlanır, həssas qruplar daim diqqətdə saxlanılır. 

“ASAN Radio” 44 günlük informasiya müharibəsinin iştirakçısıdır.  Cəbhə bölgəsinə səfər edən, işğaldan azad olunan torpaqlardan xəbər verən ilk radiodur.

“ASAN Radio” hər zaman keyfiyyətli video kontent və sosial mediada aktivliyi ilə fərqlənib. Rəsmi feysbuk səhifəsində izləyici sayı 200 000-ə yaxınlaşan yeganə radiodur. 2024-cü ildə isə ASAN Radionun bazasında ASAN TV yaradılıb və video məzmunun daha keyfiyyətli təqdimatına başlanılıb. 

“ASAN Radio və TV” yerli media məkanında ilklərə də imza atıb. Radioda, daha sonra isə TV-də ilk süni intellekt aparıcı bir sıra buraxılışları təqdim edib. 

“ASAN Radio və TV” bir çox sənədli və bədii filmlər də istehsal edib. Buna Vətən müharibəsindəki qələbəmizin 5 illiyi münasibətilə hazırlanan “Zəfər rəqsi” qısametrajlı bədii filmini nümunə gətirmək olar. 

 “ASAN Radio” Bakıda, bölgələrdə 100, 96.5, 95.6, 92.7, 102.0, 92.3, 99.0, 90.9, 99.8, 99.4, 95.3, 98.3, 90.9, 90.7 FM-də yayımlanır, eyni zamanda ASANRadio.az saytı və mobil tətbiq vasitəsilə də dinləyə bilərsiniz.

Fürsətdən istifadə edib “ASAN Radio” və TV kollektivini başda dəyərli Emin Musəvi olmaqla səmimi qəlbdın təbrik edirik! 

Hər şeyin asanı gözəldir. Medianın asanı isə mükəmməl gözəldir. 

“Ədəbiyyat və incəsənət”

(25.12.2025)

Çərşənbə, 24 Dekabr 2025 19:25

Zamanın məsuliyyəti… Liderin yaşı…

Əkbər Qoşalı,

“Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

24 dekabr – Azərbaycan dövlətinin çağdaş tarixində zamanla üz-üzə gəlmiş iradənin, məsuliyyəti üzərinə götürmüş yüksək ictimai-siyasi və əlbəttə, dövlət ağlının, taleyüklü qərarlara imza atan, sözü imzası qədər keçərli olan lider ömrünün rəmzidir.

 

Bu tarixdə doğulan insanın taleyi adi ola bilməzdi. Çünki tarix bəzən insanı öz ritminə çağırır, bəzən də insan tarixin ritmini dəyişir. Prezident İlham Əliyevin qərarları onun məhz tarixin ritmini uhulət-suhulətlə dəyişən kateqoriyadan olduğunu dəqiq göstərir. – O, zamanı idarə edən, onu milli çıxarların lehinə yönəldən azsaylı liderlərdəndir.

Onun liderlik trayektoriyasını əgər bir cümlə ilə ifadə etməli olsaq, belə deyə bilərik:

dövləti xilas etməkdən – dövləti qalib etmək mərhələsinə qədər uzanan yol.

Bu yolun başlanğıcı – sabitlik idi, davamı – inkişaf, zirvəsi isə Zəfər oldu.

Yaş – Azərbaycan Prezidentinin timsalında təqvim göstəricisindən ötə, siyasi məsuliyyətdir.

Prezident Əliyevin yaşı heç vaxt bioloji kateqoriya kimi təqdim olunmayıb. Onun üçün yaş – hesabatdır – dövlətə, xalqa, əcdada və gələcək nəslə verilən hesabat.

Bu gün artıq İlham Əliyevin liderlik dönəmi:

-Azərbaycanın ərazi bütövlüyünün bərpası,

-suverenliyin tam təmin olunması,

-dövlət idarəçiliyində rasional siyasi modelin formalaşdırılması,

-beynəlxalq münasibətlərdə milli maraqlara söykənən balanslı xətt,

-cəmiyyət içində siyasi dialoq və milli birliyin gücləndirilməsi

kimi fundamental sonuclarla ölçülür. 

 

Bu sonuclar təsadüf deyil, əsla. – Onlar illərlə qurulan strategiyanın, təmkinin, siyasi iradənin və vaxtında verilmiş qərarların məhsuludur. Bəs qərar necə verilir? – Əlbəttə, alternativlərdən ən yaxşısını seçərək…

Zəfər – emosional hadisə olaraq qavranmamalı, o, bir institusional sonuc olaraq qəbul görməlidir.

Bəli, 2020-ci ilin payızında – noyabrın ilk, 44 günlük savaşın axırıncı ongünlüyündə əldə edilən parlaq sonuc Azərbaycan üçün sadəcə hərbi qələbə olmadı. – Bu, siyasi düşüncənin, diplomatik təmkinin və dövlətçilik ağlının ən uyumlu sintezi idi.

Sonra 2023-cü ilin sentyabrındakı yığcam, hüquqi əsaslı və beynəlxalq legitimliyi təmin olunmuş antiterror əməliyyatını unutmamalıyıq.

Daha sonra isə 2024-cü ildə baş tutan, İlham Əliyevin məhz Xankəndidə səs verdiyi Prezident seçkiləri – artıq Zəfər seçkisi kimi tarixə düşdü. Seçkilərin ölkənin bütün ərazilərində keçirilməsi – bu, təkcə rəmz sayıla bilməz; bu, tarixi yekunlaşmanın siyasi aktı idi. 

Bax, burada liderlik emosiyaya yox, institusional dövlət yaddaşına söykəndi.

İsmarıc – liderin özünün verdiyi ismarıc belə oxuna bilər: lider xalqdan yuxarıda deyil, xalqla eyni məsuliyyətdədir. – “Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər”. – Prezident bu kəlamı Zəfər seçkisindən düz 10 il öncə demişdi…

Yəni, Prezidentin fərqli və örnək cəhətlərindən biri də budur:

o, dövlət başçısı mövqeyini xalqdan ayrı bir mərtəbə kimi deyil, xalqla eyni məsuliyyət müstəvisi kimi qəbul edir.

Prezidentin öz adgünlərini sosial obyektlərin açılışında keçirməsi, məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşməsi, Qarabağda – Şuşada, Ağdamda, Xankəndidə olması təsadüfi deyil. Bu davranış modeli sadə bir ismarıc verir:

“Prezidentin ən xoş günü xalqın içində olduğu, xalq üçün qurduğu-yaratdığı gündür.

Bu dediklərimizdən çıxış edərək, deyə bilərik:

24 dekabr İlham Əliyevin ömründə yeni yaşdan daha üstün, Azərbaycan dövlətinin tarixində yeni mərhələnin rəmzi sayıla bilər.

Bu mərhələ:

-“Böyük Qayıdış”ın tamamlanması,

-regional və qlobal layihələrdə Azərbaycanın mövqeyinin daha da güclənməsi,

-Türk dünyası ilə strateji birliyin dərinləşməsi,

-sosial rifah və institusional çağdaşlaşmanın davamı

kimi hədəflərlə xarakterizə olunur.

Bu mərhələ artıq qalib dövlətin məsuliyyət mərhələsidir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2025)

 

Bu gün Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. “Ədəbiyyat və incəsənət” portalı prezident.az saytında yer alan təbrik mətnini təqdim edir:

 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Türk Mədəniyyəti və İrsi Fondunun kollektivi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Sizin uzaqgörən və məqsədyönlü rəhbərliyinizlə Azərbaycan Respublikası dinamik inkişaf yolu keçərək regional və beynəlxalq miqyasda nüfuzunu daha da möhkəmləndirmiş, siyasi, iqtisadi, sosial və mədəni sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Şübhəsiz ki, bu amil bütün Türk dünyasını qürurlandırır və sevindirir.

Türk dünyasının gündən-günə güclənməsinə göstərdiyiniz daimi diqqət və dəstək təşkilatımızın ortaq Türk irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyətinin daha da genişlənməsinə mühüm töhfə verir.

Zati-aliləri, bu əlamətdar gündə Sizə bir daha ən xoş arzularımı çatdırır, Azərbaycan Respublikasının rifahı naminə həyata keçirdiyiniz ali missiyada yeni-yeni uğurlar diləyirəm.

Sizi, həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm.

Dərin hörmətlə,

 Aktotı Raimkulova

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2025)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Əhərdə yaşayan Xan Sənəmdir.

 

 

Xan Sənəm

Əhər

 

 

QIRMIZI NİSSAN

 

Kitabların dili olsa da, qulağı yoxdur yəqin! Bunu, atam otağında hər gün sancıdan sızıldayarkən, heç səs duymurlar kimi durudan baxan minlər kitabı görüncə anladım. Elə saymaz, elə səssiz baxırdılar, sanki bütün qazancını onlara verən və bütün ömrünü ayaqlarına qoyan bu iniltinin yiyəsini tanımırlar. Daha o gəl-getdən, səs-küydən, qoltuqlarına qəzet vurmuş şallı-papaqlı uzun paltolu alim dostlardan da xəbər yoxdur. Hamısı ya ölüb ya tutulub ya da başqa ölkələrə köçüblər.

Atamın kitab qurdu olduğuna rəğmən üç balasının biri belə onun qədər sıx-sıx oxumağa raqib olmadı. Bəlkə də onun, yazı-pozu eşqindən özünü otaqda həbs edib bizdən və özəlliklə anamdan alması üçündür ki, istəmədən bir təhər içimizdə o kitablara qarşı nifrət yaranmışdı.

Rahat-rahat oxuyub yazsın deyə, müəllimlikdən istefa vermişdi. İki səhminə şərik olduğu fabrikdən gələn gəlirə qane olmuşdu. Deyirdi: “Enimizi də görər, boyumuzu da”.

Kişi sanki dünyanın tərkini qılmışdı. Yeyib-içdiyini içində saxlamağa qadir olsaydı o hərdəni də, kağız qoxusu divarlara hopmuş qarğınmış otaqdan çıxmazdı. Pəncərənin rəfinə belə yarıya kimi kitab qalamışdı. Onun havası da, işığı da, arvad-uşağı da o kitablar idi.

Anam daha əlindən zara gəlmişdi. Babamdan ayrılmaq istəyirdi. Əlindəki buxçanı yaxındakı alma ağacının haçasına qoydu. Ağlaya-ağlaya başına atdığı narın güllü çadrasının ətəklərini yığışdırıb, özəl tərz ilə qoltuğuna yerləşdirdi. Biləyimdən tutub ora-bura çırpa-çırpa hovuzun qırağına sürütlədi.

- Nənəsiz qalasan, indi hay-hayda buları nə cür təmizliyim?

Ağzımdan göbəyimə kimi yol çəkən böyürtkən ləkələrini deyirdi. Ağ paltarıma baxmalı deyildi. Ətəyimdən tutub yuxarı çəkərək, başımdan çıxartdığı paltarı öncə əlində topaladı, sonra o biri əlini isladıb köksümə çəkib, həmin topa ilə quruladı. Göz yaşları yanaqlarında kəhrə bağlamışdı. Yaşıl gözləri daha parlamırdı. Ayağa durub çadrasını üzülmüş belinə doladı. Deyinə-deyinə quruyan paltarları hirs ilə şəritdən yığıb astanadan içəri atdı.

Günəşin isti əlləri mərmər tənimi həvəslə tumarlayırdı. Əyilib su içməyə ağzımı şirə dayadım.

İndi “Nazim Hikmətin” şeirindən bir parçası öz səsi ilə zehnimə gəlir: “Seviyorum seni, Ekmeği tuza banıp yer gibi Geceleyin ateşler içinde uyanarak Ağzımı dayayıp musluğa su içer gibi...”

Yumruğu kürəyimin ortasında otursa da, ruhumun qatbaqatını gəzişib gələcəyimə sarı əzib dağıltmağa sarı getdi!

- Nənəsiz! Deməmişəm o cür su içməzlər?

O zərbənin ardınca başım elə silkələndi ki, üstdən qabaq dişim şirə dəyib ağzımdan atılıb hovuza düşdü. Ağlamadım; ağrımırdı; laxlayırdı zatən. Bu da o birisi kimi iki-üç günə düşəcək idi. Qan dadını ağzımda hiss eləsəm də udub ona bildirmədim. Bilsə nə olacaq ki? Bir yumruq daha yeyəcəkdim. Üzümü ona sarı döndərdim. Buxçasını ağacdan alıb, çadra qarışıq qoltuğuna vurdu. Əlində gətirdiyi təmiz paltarı əynimə çəkdi.

Yenə qolumdan tutub sürüdü.

- Yeri gedək, day bura bizim yerimiz deyil. Ev deyil ki, karvansaradı, Əli çıxır, Vəli girir; Vəli çıxır, Əli girir. Mən də onlara qaravaş olmuşam, qıvraq yeri!

Həmişəki sözlər, həmişəki oyunlar. Neçə gün sonra “Balalarım ac qaldı” deyə, sallana-sallana qayıdacaq idi. Arada dəyən mənə dəyirdi. Qolçaqlarımdan, oyuncaqlarımdan, küçə yoldaşlarımdan, üç-beş gün uzaq düşürdüm. Lap önəmlisi həyətimizin sevgisindən, görüşündən, nakam qalıb ölüşkəyirdim.

Onda kim inanardı, bu xına xınalardan olmayacaq? Elə o gediş getdik. Sanki bizi aparan o röyanın sahibi yuxudan durubmuş. Daha heç kəs anamı qaytaranmadı. Nə atamı, qardaşlarımı dinlədi, nə bircə ağ saqqalı, ağ birçəyi. Atam da acığa düşüb “Boşamıram” dedi.

Davalarını verib qarşısında əyləşirəm. Pərişanlığı çiyinlərini bürüyən ağarmış saçlarına toxunuram. Dinib danışmır. Damarları zol durmuş, ağ-apağ, zəif və qoca əllərindən tuturam.

- Baba! Anam orda can çəkişir, sən də burda belə xəstə düşübsən. Gəlin inadı buraxın bahəm yaşıyaq. İyirmi il oldu! Bəs deyil? Onun dava-dərmanına kürür-kürür pul ehtiyacdı. Hanı o karxanadar dostların, tanışların? Hanı səhmin var idi? Gəlirin onlardan idi?

Di gətir daaa... Mən day tək canıma yetirə bilmirəm. Sərətandı (Xərçəng xəstəliyi); şuxluq deyil ki. Mənim aylığın həmin iki nəfərin qarının doyura. Sən ki müəllimliyi yaxcı bilirsən. Sevinirəm qardaşlarım xaricdə ticarətə baxır. Qadam onların ticarətinə. Genə evlənməmişdən beş-üç qıran yollardılar. Altı-yeddi ildi onu da kəsiblər. Allah balalarından çəkdirəcək.

Heç bilmirdim kimə danışıram. O yallı-yalmanlı Nəsrulla Xandan bir quru ad qalmışdı, bir də xəstə nəfəs. Mən bilən qədər kitablarda heç zaman ailənizə qarşı bu qədər acımasız davranın deyə bir sözlər yazılmayıbdır. Atam bunu haradan öyrənmişdi, necə bacarırdı? Bilmirəm! Əllərindən öpüb, çantamı götürdüm.

- Baba, qurbanın olum, day mən getməliyəm. Yadınnan çıxmasın ha, yatanda bu çəhrayı davanı hətmən at. Sabah genə baş vuracıyam.

Həyətdəki güllərin, ağacların bir çoxu atamın və əlbəttə ki anamın oduna yanıb qurumuşdular. Bu illərdə çəkdiyim əziyyətlərin ucbatından onların bu məzlum hallarını düşünməyəcək qədər sərt, ruhsuz və başı soyuq olmuşdum. Tək düşündüyüm şey əvvəl anamın sağlığını qaytarmaq, sonra onu atam ilə barışdırmaq idi...

Sinifdən çıxdım. Uşaqların başıma düşən səs-küyündən sərsəm olmuşdum. Elə ki, iş yoldaşlarımdan biri öncədən danışdığımız elçilik mövzusuna toxunar-toxunmaz, yazığı toparlayıb dik-dik cavablar dedim. Baxa-baxa donub qaldı. Dalıma baxmadan müəllimlər otağının qapısını çırpıb mədrəsədən çıxdım.

- Görür ha min bir fikrim, dərdim, qayğım var; hələ genə o qarnı yekə qardaşın gözümə soxur. Neylim vəkildir. Dədəmin dərdinə ki! Mənə indi cərrah doktor ehtiyacdı. Anamı qurtara bilən bir möcüzə.

Bunları xiyabanda yeriyərkən qəzəbdən dilaltı deyirdim. İlk gördüyüm taksiyə əl sallayıb saxlatdım. Minərkən də dizimi qapısının kəskin bir yerinə çırpdım. Çox acıyırdı. Getdiyim ünvanı sürücüyə deyib başımı şüşəyə dayadım. Gözlərimi yumdum...

Dizimdəki yaranın göynərtisindən zar-zar zarıyırdım. On üç yaşlı Mustafa saçlarımı tumarlayır öpür; göz yaşlarımı silir; on beşini yeni bitirmiş Məhəmməd isə qıçımın yarasını bağlayır. Armud ağacından armud dərərkən düşmüşəm. Anam hovuz başında ovuşdurduğu paltarların ərovunu (Sabun və ya hansısa bir təmizləyici maddədən suya çəkilməmiş paltarda qalan) alıb suya çəkir. Hər dəfə də paltarları şəritə asdıqca üçümüzü də qatıb qabağına vur hay deyinir. Atam bir əlində çubuq, pencəyi çiynində, yarısı kitab ilə aşağıdan yuxarıya pərdələnmiş pəncərədən bizə baxıb nələrsə yazır...

Taksi dayanır. Dediyim yerə çatmışıq. Orası həsrətlərimin gen-geniş və arzularımın dar və qaranlıq küçəsi idi. Kirayəni hesablayıb təşəkkür eləyərək enirəm. Uzaqdan atamı görürəm. Qapıda qırmızı bir Nissan dayanıb. Maraqlı-maraqlı addımlarımın sürətinə artırıram. Mən çatınca maşın gedir.

- Salam baba, nolub?

Əlimə iki qatlanmış xırda kağız verir. Mən soruşmağa hən-hün eləyincə, çoxdandır duymadığım xəstə səsini qulaqlarıma yayır:

- Maman üçün nə lazımdı gör!

Kağızın qatını açıb baxıram. “Dər vəche aqaye Nəsrollah Zərrin, babəte xəride hezar o həştsəd celd ketab...” (Farscadır: Min səkkiz yüz kitab alınmasına görə Cənab Nəsrullah Zərrin adına.)

 

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2025)

 

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

“ De mənə varmıydın, ya bəlkə yoxdun?!

 De mənə yuxudu bəlkə bu dünya?!

Bu bulaq suyunda sənmiydin axdın?!

O bulud apardı səni haraya?!”

2.

Antiqona ölümü seçir. O, nişanlısının atası Fiv şəhərinin hakimi Kreontun qərarına qarşı çıxaraq şəhərə hücum edib həlak olan qardaşlarının cəsədini torpağa tapşırır. Beləliklə, şəxsi mənafeyi ictimai mənafedən üstün tutur. Beyrək də ölümü seçir. O, Qazan xana dönük çıxmadığına görə Dış Oğuz bəyləri tərəfindən ölümcül yaralanır. Qazan xana dönük çıxmamaq dövlətçiliyə, ictimai mənafeyə, Oğuzun bütövlüyünə dönük çıxmamaq demək idi. Antiqona və Beyrək! Hər ikisi həlak olur. Amma heç biri məhv olmur.

3.

“ Dədə Qorqud” dastanında boy boya (birində Beyrək əsirlikdən qaçır, o birində Beyrək öldürülür) xəbər göndərir. Eynən Ramiz Rövşəndə olan kimi: dağ dağa duman göndərir – sevgi məktubu kimi.

4.

Sanço Pansa ölüm yatağına düşmüş Don Kixota deyir: “Dünyada ən böyük axmaqlıq göz görə-görə ölümə yol verməkdir. İnsanı kimsə öldürmədən özü nə üçün ölsün?! Tənbəl olmayın, qalxın, şərtləşdiyimiz kimi cəngavər paltarı geyib çölə gedək. Bəlkə kollardan birinin dibində tilsimi açılmış Dulsineyaya təsadüf etdik, kim bilir?!”

5.

“ Od olub yandıraram” - mifoloji təsəvvürün təzahürüdür. Bundan doğan “od kimi yandıraram” ifadəsi isə Yazı təsəvvürünün məhsuludur.

6.

Haydegger: “Həyat insanla sonsuz qara boşluq arasında bir oyundur.”

Ətrafımızda nə varsa, hamısı oyundu.

7.

Fal açana:

“Fal nə dedi, falı açan?

 Səsin batdı, harda qaldı?

 Köhnə ömür burayacan,

 Yeni ömür falda qaldı.”

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2025)

 

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Bu məqalə insanın qadağan olunmuşa niyə çəkildiyini sadə dillə, amma dərin məntiq üzərindən izah edir. Burada məqsəd psixologiyanı çətin terminlərlə nümayiş etdirmək deyil; insan davranışının kökünü, tarix boyu təkrar olunan nümunələrlə açmaqdır. Qadağan olunmuşa meyl nə müasir zəiflikdir, nə də fərdi problem. Bu, insan şüurunun ən köhnə reflekslərindən biridir.

 

İnsan beyni qadağan olunanı avtomatik olaraq fərqli kateqoriyaya salır. Çünki qadağa neytral məlumat deyil, emosional yüklü siqnaldır. “Olmaz” deyilən yerdə beyin təhlükə ilə yanaşı marağı da işə salır. Bu iki hiss birlikdə işlədiyi üçün qadağan olunan obyekt daha güclü iz buraxır.

Tarixə baxdıqda bu mexanizmin ilk izlərini miflərdə görürük. Adəm və Həvva hekayəsi bunun ən sadə və universal nümunəsidir. Cənnətdə hər şey mövcuddur, aclıq, təhlükə, yoxsulluq yoxdur. Amma bir ağac qadağandır. Psixoloji baxımdan bu qadağa diqqəti bütün bolluqdan çəkib tək bir nöqtəyə yönəldir. İnsan beyni məhz bu nöqtədə sual verir: “Niyə?” Cavab olmadıqca cazibə artır.

Antik Yunan mədəniyyətində qadağa və cazibə əlaqəsi daha açıq simvollarla göstərilir. Prometey tanrıların qadağan etdiyi odu insanlara verəndə cəzalandırılır. Burada od sadəcə istilik deyil, düşünmək, bilmək və inkişaf etmək haqqıdır. Yəni qadağan olunmuş şey birbaşa azadlıqla əlaqələndirilir. Bu mif göstərir ki, insan tarix boyu qadağanı həmişə məhdudiyyət yox, aşılması lazım olan sərhəd kimi görüb.

Qədim Romada da oxşar nümunələr var. Senat tərəfindən qadağan edilən kitablar və fikirlər gizli şəkildə daha sürətlə yayılırdı. Qadağa həmin ideyaları zəiflətmir, əksinə, onlara “təhlükəli həqiqət” statusu verirdi. İnsanlar məzmunu deyil, qadağaya qarşı çıxma hissini yaşayırdılar.

Orta əsrlərdə kilsənin sərt nəzarəti bu psixologiyanı daha da gücləndirdi. Oxunması qadağan edilən kitablar, ifadəsi günah sayılan fikirlər gizli dairələrdə dolaşırdı. Qadağa ideyanı öldürmürdü; onu daha cazibədar edirdi. Çünki qadağa olan yerdə risk var idi, risk isə insanı canlı hiss etdirirdi.

Bu mexanizm fərdi səviyyədə isə uşaqlıqdan formalaşır. Uşaq ilk dəfə izahsız “olmaz”la qarşılaşanda bunu təhlükə yox, sirr kimi qəbul edir. Beyin səbəbi bilmədiyi üçün özü ssenari qurur. Bu ssenarilər çox vaxt reallıqdan daha cazibədar olur. Beləliklə, qadağa xəyal gücü ilə birləşir.

Uşaq üçün qadağan olunan şey tədricən güc simvoluna çevrilir. Çünki qadağanı qoyan fiqur güclüdür. Deməli, qadağan edilən də güclü olmalıdır. Bu assosiasiya şüuraltına yazılır və insan böyüdükdən sonra da dəyişmir, sadəcə obyektlər dəyişir.

Yetkinlik dövründə qadağalar valideyndən cəmiyyətə keçir. Artıq “olmaz”ı ailə, ənənə, din, sosial norma və insanın öz daxili səsi deyir. Bu mərhələdə qadağan olunmuşa yönəlmək çox vaxt obyektə yox, öz iradəsini sübut etməyə xidmət edir. İnsan bəzən seçim etdiyini hiss etmək üçün qadağanı pozur.

Tarix boyu qadağan edilmiş münasibətlər daha güclü emosional bağlar yaradıb. Çünki bu münasibətlərdə qorxu, risk və itirmə ehtimalı var. Bu hisslər beyində sevgi ilə qarışır və insan bunu “daha dərin bağ” kimi qavrayır. Əslində isə dərinlik çox vaxt riskin yaratdığı emosional yüksəlişdir.

Burada daxili boşluq anlayışı ön plana çıxır. Sevgi, qəbul və təhlükəsizlik ehtiyacı qarşılanmayan insan üçün qadağan olunmuş davranış ani doluluq hissi yaradır. Bu hiss uzun sürmür, amma güclüdür. Beyin bu gücü yadda saxlayır və təkrar axtarır.

Qadağan olunmuşa meylin kimliklə də birbaşa əlaqəsi var. İnsan bəzən qadağan ediləni seçərək özünü başqalarından ayırır. Çünki icazə verilən yollar kütləvidir, qadağan olunan yol isə fərdi görünür. Bu, “mən fərqliyəm” hissini gücləndirir.

Ən təhlükəli məqam isə budur: insan bəzən qadağan olunmuşu sevdiyini düşünür, amma əslində sevdiyi şey qadağanın yaratdığı emosional intensivlikdir. Qadağa aradan qalxanda cazibə də itir. Bu zaman insan özünü aldadılmış hiss edir, amma səbəbi anlamır.

Müasir dövrdə qadağalar dəyişib, mexanizm isə eyni qalıb. Sosial mediada gizli, qadağan, hamı bilməsin kimi təqdim olunan məzmunlar daha sürətlə yayılır. Bu, insan psixikasının minilliklərdir dəyişməyən reaksiyasıdır.

 

Tarixdən əlavə konkret nümunələr

 

Renessans dövründə anatomiya üzərində aparılan tədqiqatlar qadağan edildiyi halda sənətkarlar insan bədənini gizli şəkildə öyrənməyə davam edirdilər. Leonardo da Vinçinin gizli disseksiyaları bunun açıq nümunəsidir. Qadağa marağı söndürmədi, onu daha sistemli və məqsədli hala gətirdi.

Avtoritar rejimlərdə yasaqlanan mahnılar və şeirlər kütlə arasında daha sürətlə yayılır. Çünki bu əsərlər sadəcə sənət nümunəsi deyil, müqavimət rəmzinə çevrilir. İnsanlar məzmunu yox, qadağaya qarşı durma hissini yaşayırlar.

Sosial təbəqələrarası və ya ailə tərəfindən qadağan edilən münasibətlər tarix boyu daha dramatik və intensiv yaşanıb. Romeo və Cülyetta narrativi bu mexanizmin klassik simvoludur. Burada sevginin gücü, çox vaxt riskin yaratdığı emosional sıxlıqdan qaynaqlanır.

 

Bioloji tərəf

 

Qadağa riski artırır. Risk isə beyində həyəcanla bağlı reaksiyaları gücləndirir. Bu vəziyyət diqqəti kəskinləşdirir və xatirəni möhkəmləndirir. Ona görə də qadağanla yaşanan təcrübələr daha unudulmaz olur və insan tərəfindən “daha real”, “daha dərin” kimi qiymətləndirilir.

 

Qadın psixikasında qadağan olunmuşa meyl

 

Qadın psixikasında qadağan olunmuşa meyl çox vaxt yanlış şəkildə emosional zəiflik kimi izah edilir. Halbuki bu meylin kökündə zəiflik yox, tarixi və sosial təzyiqlərə uyğunlaşma dayanır. Minilliklər boyu qadının istəyi nəzarət altında saxlanılıb və çox vaxt başqaları tərəfindən müəyyən edilib. Bu səbəbdən qadağan olunmuş şey qadın üçün sadəcə obyekt deyil, öz istəyi üzərində söz haqqıdır.

Qadınlara tarixən “istəmək” deyil, “uyğun olmaq” öyrədilib. Bu səbəbdən açıq və icazəli seçimlər çox vaxt qadının daxili ehtiyaclarını əks etdirməyib. Qadağan olunan isə daha çox ona məxsus kimi hiss olunub.

Münasibətlər kontekstində qadağan olunmuş bağ qadına həm risk, həm də seçilmə hissi verir. Bu vəziyyət emosional intensivlik yaradır və çox vaxt dərinlik kimi qavranılır. Əslində isə bu dərinlik təhlükəsizliklə ehtirasın eyni anda yaşanmasından doğur.

Qadağa aradan qalxdıqda və münasibət adi hala çevrildikdə cazibənin azalması da buradan qaynaqlanır. Qadın bu nöqtədə sevdiyi şeyin insan yox, hiss olduğunu fərq etməyə başlayır.

 

Son söz

 

 

Bu məqalə qadağan olunmuşa meyli nə romantikləşdirir, nə də patologiyalaşdırır. Qadağan cazibə yaradır, çünki insan azadlıq istəyir. İnsan riskə yönəlir, çünki hiss etmək istəyir. İnsan qadağanı pozur, çünki öz həyatının subyekti olmaq ehtiyacı var.

Qadağan olunmuşa meyl səhv yol deyil. Bu, insanın azadlığa gedən yolu harada axtardığını göstərən daxili işarədir.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2025)

 

 

Çərşənbə, 24 Dekabr 2025 13:06

Tanınmış Qərbi azərbaycanlılar: Kamil Əliyev

Nigar Xanəliyeva, “Ədəbiyyat və İncəsənət”

 

Görkəmli xalçaçı-rəssam Kamil Əliyev barədədir bugünkü söhbətim.

Kamil Müseyib oğlu Əliyev 1921-ci il oktyabrın 22-də İrəvan şəhərində dünyaya göz açmışdır. İrəvan torpaqları onun nəslinin dədə-baba yurdu olmuşdur. Mövcud məlumatlara əsasən, Kamil Əliyev tanınmış ictimai və elm xadimi Əziz Əliyevin bibisi Gülsüm xanımın nəvəsi idi.

 

1905-ci il İrəvan qırğınları zamanı Müseyib kişi ailəsi ilə birlikdə qaçqın düşmüş, əvvəlcə Gəncəyə, daha sonra isə Türkiyənin Qars şəhərinə köçmüşdür. Təxminən bir ildən sonra vəziyyətin nisbətən sakitləşməsi ilə ailə yenidən İrəvana qayıtmışdır. Bu ağır və keşməkeşli illər gələcək rəssamın yaddaşında silinməz izlər buraxmışdır. 1930-cu illərdə isə Kamil Əliyevin ailəsi Bakıya köçərək Çəmbərəkənd məhəlləsində məskunlaşmışdır.

Kamil Əliyev 1930-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Texnikumuna qəbul olunmuşdur. Təhsil aldığı dövrdə paralel olaraq “Azərxalça” birliyinin bədii-təcrübə laboratoriyasında növbətçi rəssam kimi çalışmışdır. Burada Qəzənfər Xalıqov, Əmir Hacıyev və Lətif Kərimov kimi görkəmli sənətkarlarla birgə fəaliyyət göstərmişdir.

Texnikumu bitirdikdən bir il sonra İkinci Dünya müharibəsi başlamışdır. Gürcüstanda üç aylıq hərbi hazırlıq keçdikdən sonra Kamil Əliyev birinci Belarus cəbhəsinə göndərilmişdir. Polşanın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş, Berlinə qədər döyüş yolu keçmişdir. Bir neçə dəfə yaralansa da, cəbhəni tərk etməmişdir. 1945–1946-cı illərdə Almaniyada Sovet Ordusunun tərkibində xidmət etmiş, 1946-cı ildə ordudan tərxis olunaraq vətənə qayıtmışdır. 1947-ci ildən etibarən xalça istehsalı-yaradıcılıq kombinatında rəssam kimi fəaliyyətə başlamışdır.

1958-ci ildə dahi şair Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə Kamil Əliyev onun portretini xalça üzərində yaratmışdır. Zaman keçdikcə yaradıcılığı daha da yetkinləşmiş, o, Nizami Gəncəvinin, milli dramaturgiyanın banisi M.F.Axundovun portretlərini də xalça sənətində canlandırmışdır. 1973-cü ildə UNESCO xətti ilə qeyd olunan İmadəddin Nəsiminin yubileyi münasibətilə toxuduğu “Nəsimi” xalçası onun diqqətçəkən əsərlərindən biri olmuşdur.

 

1985-ci ildə Kamil Əliyev Hindistana yaradıcılıq səfərinə getmiş və bu səfər nəticəsində “Hindistan”, “İndira Qandi”, “Rabindranat Taqor” adlı əsərlərini ərsəyə gətirmişdir. Onun yaradıcılığı Misir, İtaliya, Hindistan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, İsveçrə, ABŞ və Almaniyada keçirilən beynəlxalq və fərdi sərgilərdə nümayiş olunmuşdur.

Rəssamın sənətində fərdilik və orijinallıq mühüm yer tutur. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəcibə Abdullayeva onun yaradıcılığı barədə qeyd edirdi ki, “Xilə-buta”, “Tirmə”, “Xonça”, “Ləçək-turunc”, “Butalı”, “Təbriz” kimi xalçalar Kamil Əliyevin özünəməxsus və təkrarolunmaz üslubunun formalaşdığını təsdiqləyir.

1996-cı ildə Kamil Əliyev “Azərxalça” İstehsalat Birliyinin müdiri vəzifəsində çalışmışdır. 1998-ci il onun yaradıcılıq fəaliyyətində xüsusi yer tutur. Həmin ilin mart ayında Cenevrədə 136 ölkənin iştirak etdiyi beynəlxalq sərgidə Azərbaycan xalçası “Ən keyfiyyətli ticarət markası” adına layiq görülmüşdür. Elə həmin ilin iyulunda sənətkara “Qızıl Amerika” mükafatı təqdim edilmiş, eyni zamanda ona professor elmi adı verilmişdir.

Kamil Əliyev 1960-cı ildə “Tətbiqi incəsənət ustası” fəxri adına layiq görülmüş və bu ada sahib olan ilk şəxs olmuşdur. 1967-ci ildə “Əməkdar rəssam”, 1982-ci ildə isə “Xalq rəssamı” fəxri adları ilə təltif edilmişdir. O, iyirmiyə yaxın orden və medalla, o cümlədən 1999-cu ildə Azərbaycanın ən ali dövlət təltiflərindən biri olan “İstiqlal” ordeni ilə mükafatlandırılmışdır.

Görkəmli xalçaçı-rəssam Kamil Əliyev 2005-ci il martın 1-də vəfat etmişdir.

 

"Ədəbiyyat və incəsənət"

(24.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.