3 gündə 24 yasaq düşüncə. 3-cü gün Featured

 

Xatirə Səfər, “Ədəbiyyat və incəsənət” üçün

 

 

17.

Bəli, unudulmamaq… Yasaqlar qadınların mövcudluğunu unudur. Onların bəzən “zərif cins” olmaları ön plana çıxarılır və cəmiyyətə sərf edilən tərəfdən baxılaraq ictimaiyyətə təqdim olunur. Qadınların əksəriyyətinin qorunmağa, ailədə saxlanılmağa, müəyyən qadağa çərçivəsində qalmağa məcbur edildiyi bir toplumla eyni torpağı, havanı bölüşdüyümüz üçün təəssüf hissi keçirirəm.

18.

Bu cəmiyyətdə qadın sevə bilməz, əl-ələ tutub hardasa oturub söhbət edə bilməz. Rəfiqələri ilə dostluq bağı qurduğu zaman mütləq rəfiqələri ədəb-ərkan, mənəviyyat, tərbiyə testindən keçmiş olmalıdır; əks halda həmin adamlar qadını uçuruma aparacaq. Yaddan çıxan bir şey var: heç kim heç kimə öz iradəsindən artıq təsir edə bilməz.

19.

Qadınlara qarşı qoyulmuş şəxsi qərəzli, dolu, hesablı, çıxarlı — səhv olsa belə — bu yasaqlar istənilən kişinin zəifliyini göstərir.

20.

İndiki dövrdə əksər kişilər həm psixoloji, həm də maddi cəhətdən zəif olduqlarını məhz ailədə qoyduqları fərqli tərz qadağalara sığınaraq sübut edirlər.

21.

Sevgi, hörmət, anlayış olmayan istənilən mühitdə yasaq düşüncələr çıxış yoluna çevrilir. Bu “çıxış yolu”nun qapısını bağlamaq isə özünə hörmət edən, özünü sevən, dəyərini ayaq altına atmayan qadınlara düşər.

22.

Qorxma… Sən qadınsan, kölə deyilsən. Haqqını kiminsə tapdalamasına izin vermə. Sən həyat yoldaşısan, həyat isə müştərəkdir. Bölüşüncə azalar dərd, ağrı. Sən dostsan, rəfiqəsən – istər kişi ilə, istərsə də qadınla dostluq bağı qura bilərsən. Sən övladsan – istədiyin peşəni, istədiyin insanı sərbəst və özgüvənli şəkildə seçmək haqqın var.

23.

Unutma… Sən səni sevənlər üçün baş tacısan. İzin vermə ayaq altına sərsinlər səni. Öz yerini özün müəyyən etmədikcə, üstünə uzadılan dilin ölçüsünü bilməyən sahiblər daha da çoxalacaq.

24.

Seçimlərini düzgün etdiyin təqdirdə bütün yasaq düşüncələrin qara tilsimi qırılacaq, üzərindəki hökmünü itirəcək və qadınlar xoşbəxt dünya sakinlərinə çevriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.