“Az tanınmışlar”dan - Etibar Vəliyev Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Gün gələcək görəcəksən, qiyamətdə, qiyamətdir.

Namaz qılmaq, səcdə etmək, Allaha bir itaətdir.

Tanrı bizi xəlq eyləyib, təbib nədir, loğman nədir.

Dərdimizə çarə varsa, İlahidən şəhadətdir.

Etibar Vəliyev (Sev Allahı)

 

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Etibar Vəliyevin doğum günüdür.

Bu ad sizə tanış gəlmədisə tanışlıq verək.

Etibar Vəliyev 1963-cü il mayın 16-da Lənkəran rayonunun Ləj kəndində anadan olub. 1978-ci ildə Lənkəran rayonunun Ləj kənd məktəbini bitirib. 1978–1981-ci illərdə Bakı Plan-Uçot Texnikumunda "kənd təsərrufatı istehsalatında mühasibat uçotu" ixtisası üzrə təhsil alıb. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. 1986–1992-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında "Kənd təsərrufatının iqtisadiyyatı və təşkili" ixtisası üzrə təhsil alıb, iqtisadçı ixtisasına yiyələnib.

1986–1988-ci illərdə Lənkəran rayonunun "Puşkin", "Oktyabrın 60 illiyi" sovxozlarında iqtisadçı və 1988–1998-ci illərdə Lənkəran "5 №-li çay fabriki"ndə baş mühasib işləyib. 1998–2001-ci illərdə Lənkəran Dövlət Universitetində "İqtisadiyyatın əsasları" fənnini tədris edib. 1998–2019-cu illərdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçi — baş əmək müfəttişi vəzifəsində çalışıb.

2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinin (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı) rəisi vəzifəsinə təyin olunub. 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncama əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Məktəb illərindən bədii yaradıcılıqla məşğul olub. Yüzlərlə müxtəlif şeirlərin müəllifidir. İlk şeiri indiki "Lənkəran" qəzetində çap olunub. 2006-cı ildən "Məşəl" ədəbi-bədii, elmi-publisistik jurnalında məsul katib, 2018-ci ildən isə baş redaktor müavini kimi fəaliyyət göstərib.

2007-ci ildə "Məşəl" ədəbi-bədii, elmi-publisistik jurnalının nəşrə başlamasının 5 illiyi munasibəti ilə "Həsən bəy Zərdabi" mükafatı ilə təltif edilib. 2007-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2008-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 2007-ci il 12 mart tarixli 2023 nömrəli sərəncamına əsasən 1 illik xüsusi təqaüdə, 2018-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Fəxri Fərmanına, 2019-cu ildə isə ədəbi fəaliyyətinə görə Rəsul Rza adına beynəlxalq mükafata layiq görülüb.

 

Kitabları

1. "Görüşə Gəl" (şeirlər)

2. "Baxmağa Dəyər" (şeirlər)

3. "Mənim Duyğum" (şeirlər)

4. "Ürəyimdə döyünən vətən" (şeirlər)

5. "Analı dünyam" (şeirlər)

6. "Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları" (həmmüəlliflə)

 

Mükafatları

- Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" mükafatı

- Azərbaycan Azərbaycan Yazıçılar Birliyinin Fəxri fərmanı

- Azərbaycan Beynəlxalq Rəsul Rza mükafatı

- Azərbaycan "Dövlət qulluğunda fərqlənməyə görə" medalı

 

Allah xeyirli ömür nəsib etsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.