Hans Xristian Andersen Mükafatının Münsiflər Heyətinin prezidenti Respublika Uşaq Kitabxanasında Featured

Xəbər verdiyimiz kimi, Bakıda fəaliyyətə başlayan V Uşaq Kitab Festivalı çərçivəsində Hans Xristian Andersen Mükafatının Münsiflər Heyətinin prezidenti, naşir və nəşriyyat işi üzrə fəlsəfə doktoru Şirin Kreydeh festivalın fəxri qonağı qismində Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində qonaq F.Köçərli adına Respublika Uşaq Kitabxanasını ziyarət edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, görüş zamanı kitabxananın fəaliyyəti, həyata keçirilən layihələr, eləcə də Azərbaycan uşaq ədəbiyyatının inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

 

Qonaq kitabxana ilə tanışlıq zamanı Azərbaycan uşaq ədəbiyyatının inkişaf perspektivləri və bu sahədə həyata keçirilən layihələrlə bağlı maraqlı suallar ünvanlayıb. Təqdim olunan məlumatlardan məmnun qalan Şirin Kreydeh kitabxananın fəaliyyəti və xüsusilə inklüziv layihələrin həyata keçirilməsini yüksək qiymətləndirib. O, uşaqların layihələrə fəal şəkildə cəlb olunmasını da müsbət hal kimi qeyd edib.

Bununla yanaşı, Uşaq Kitabları üzrə Beynəlxalq Şura  Azərbaycan Milli Bölməsinin fəaliyyəti ilə maraqlanan qonağa qurumun beynəlxalq əməkdaşlıq istiqamətində gördüyü işlər barədə məlumat təqdim olunub.

Görüşün sonunda Şirin Kreydeh F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın Azərbaycan Milli Bölməsinin gələcək fəaliyyətinə uğurlar arzulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.