Vətən fədaisi - Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi Şəhidi Şahlar Şükürov Featured

 Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Bəzi insanlar var ki, onlar öz gələcəyini, öz xoşbəxtliyini, öz arzularını Vətənin xoşbəxtliyinə, Vətənin azadlığı naminə fəda edirlər.

Belə insanlar öz canlarını, qanlarını belə bu yolda fəda etməkdən çəkinmirlər.

Bilirlər ki, bu yolda ölüm var, amma yenə bu yolda qorxmadan addımlayırlar.

Azərbaycanın belə igid oğulları tarix boyu var olmuşdur və var olacaqdır da.

 

Abbas Səhhətin unudulmaz misraları deyəcəklərim üçün gözəl poetik bəzəkdir:

 

Vətən – əcdadımızın mədfənidir,

Vətən – övladımızın məskənidir.

Vətənin sevməyən insan olmaz,

Olsa, ol şəxsdə vicdan olmaz.

 

Vətən yolunda Şəhid olan qəhrəman oğullarımız həmişəyaşarlar siyahısında yer alanlardır.

Onlar öz qanları və canları ilə bu qəhrəmanlıq dastanlarını yazanlardır.

Şəhidlik anlayışının kökü qədim tarixə malikdir. Şəhidlik anlayışı bizim kimliyimizin əsasıdır.

44 günlük müharibədə də biz "Dəmir yumruğa" çevrilib Vətənin azadlığı uğrunda əsl şücaət göstərdik. Dünyaya Azərbaycanın qədim tarixi və müqəddəs torpaqlarının yalnız ona məxsus olduğunu bəyan etdik.

Bu Ali Baş Komandanın və müzəffər ordumuzun "Şər" üzərində möhtəşəm və unudulmaz qələbəsi idi.

 

Qəhrəmanlıq, igidlik bizə valideynlərimizdən miras ötürülür və canımıza, qanımıza hopur.

 Azərbaycanın qəhrəman, unudulmaz, əbədiyaşar igid oğullardan biri də öz canını, qanını Vətən üçün qurban verən Şahlar Əvəz oğlu Şükürovdur.

Şahlar Əvəz oğlu Şükürov 1952-ci ilin may ayının 17-də Kəlbəcər rayonunun Zülfüqarlı kəndində doğulmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Universiteti) daxil olmuşdur.

1972-ci ildə Ş.Şükürov Sovet Ordusu sıralarında hərbi xidmətə çağırılmışdır. Ordu sırala­rından tərxis olunduqdan sonra Bakıdakı islah-əmək müəssisələrinin birində işləmişdir. Sonra fəaliyyətini Ucar rayon Daxili İşlər Şöbəsində davam etdirmişdir.

1986-cı ildə Ş.Şükürov Rostov Ali Polis Akademiyasını bitirmişdir. 1987-ci ildə Zərdab rayon DİŞ-də əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilmişdir. Polis mayoru rütbəsi almışdır.

Ş.Şükürov tez-tez qaynar nöqtələrdə olur, erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak edirdi. 1990-cı il iyul ayının 11-də hərbi qulluqçuların müşayiəti ilə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisindən keçərkən, düşmənin qəfil hücumu ilə rastlaşdı. Ş.Şükürov bu qeyri-bərabər döyüşdə onlarla erməni faşistini məhv etdi və özü də qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ailəli idi. İki övladı yadigar qalıb.

Ş.Şükürov Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilmişdir.

Zərdab rayonunda Ş.Şükürov adına küçə var. Rayondakı məktəblərin birinə Qəhrəmanın adı verilmişdir.

Bəli, yaşasaydı mayın 17-si öz ailəsi ilə doğum gününü qeyd edəcəkdi, amma Vətən sevdası onun ömrünü aldı.

Bu sevgi, bu igidlik onun ömrünü qısaltdı.

Şəhidin ömür-gün yoldaşı Elmira xanım Şahlar Şükürovla bağlı xatirələrində söyləyir ki: Şəhidin anası oğluna söyləyib ki, oğul, təhlükəsiz yollardan keç, amma atası da anında bildirib ki, sonra desinlər Şahlar qorxaqdı, Murov yollarından keçmir.

Şahlar Şükürov, əlbəttə, qorxunu çoxdan dəfn etmişdir, elə yollarda da Şəhid oldu".

Şəhidin atası el ağsaqqalı Əvəz Şükürov müsahibələrin birində sarsılmadan söyləyib ki: " Mən düşmən qarşısında heç əyilməmişəm və əyilməyəcəyəm.

Mənim övladlarım, nəvələrim, nəslim torpağın yolunda canından keçməyə həmişə hazırdır".

Şəhidin bacısı Tahirə Şükürova Milli Qəhrəman Rafiq Nəsrəddinovun adını daşıyan 39 nömrəli tam orta məktəbdə illərdir direktor vəzifəsini icra edir. Azərbaycan Dövlət Himni oxunarkən gözlərində həmişə  qürur doğulur və  bu baxış Vətən sevgisinin qandan gəldiyinin isbatıdır.

Şəhidlərimiz Vətən var olduqca var olacaq.

Şəhidlər ölməz, Vətən bölünməz!

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.