Təhminəni Meral Konrat oynamışdı, o isə səsləndirdi Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Adamınsəsinin özündənməşhurolması... Səsiilə tanınması... Onundataleyiməhzbelə idi. Millikinomuzdaonlarlaobrazasəsiilə nəfəsverən, səsiilə möhürvurannəcibxanım... Millikinomuzun, azqala, qadınsəsyaddaşı, qadınnəfəsyaddaşı...

 

Nəcibə Hüseynova 16 may 1952-ci ildə Bakıda anadan olub. İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1969–1973). Lənkəran Dövlət Dram Teatrında (1973–1981), Tədris Teatrında (1981–1982), "Azərbaycanfilm" kinostudiyasının kinoaktyor studiyasında (1982–1992), AzTV-də çalışıb. Vaxtilə ANS TV-də də çalışıb. Dublyaj sahəsində mütəxəssis aktrisadır.Lənkəranda 2 dəfə, Bakıda(Yasamal üzrə) isə 1 dəfə deputat seçilib

 

Mükafatları

- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı

- Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

 

Repertuarı

- Afroditanın qolları

- Ağabəyovlar

- Gedərgəlməz

- Gedərsən bizə

- Özgə ömür

- Park

- Sahilsiz gecə

- Gümüşgöl əfsanəsi

- Hədiyyə

- Xoca

- Araqarışdıran

- İmtahan

 

Nihat Pirə verdiyi müsahibəsinin bəzi məqamlarına diqqət edək:

– Sizin tərcümeyi-halınızda yazılıb ki, iki dəfə Lənkəran, bir dəfə isə Yasamal rayonu üzrə xalq deputatı olmusunuz. Mənim üçün çox maraqlı məlumatdır, ona görə elə buradan başlayaq.

– Bəli, bu, sovet hakimiyyəti dönəmində olub. O zaman mən Lənkəran Teatrında çalışırdım. Düzü, istəmirdim, ürəyimcə deyildi, amma oldum. Hətta o zaman mənim partiyaya üzv olmağımı da istəmişdilər. Axırı dedim ki, istəmirəm, mən yaradıcı adamam, yaradıcılığımla məşğul olmaq istəyirəm. Elə o vaxtlarda şəhər sovetinin deputatlılğına namizədliyim irəli sürüldü və seçildim.

– Bəs Bakıda?

– İki dəfə ardıcıl Lənkəranda seçiləndən sonra Bakıya köçəsi oldum.

– Niyə?

– Ailə məsələləri ilə əlaqədar idi. Evlənmə ərəfəsi idi, ona görə köçməli oldum. Gəldim, “Azərbaycanfilm” kinostudiyasında işləməyə başladım, elə o zaman Yasamal rayonundan namizədliyim irəli sürüldü və seçildim. Məndən əvvəl Həmidə Ömərova bir neçə dəfə seçilmişdi, fərqlilik olsun deyə, bu dəfə məni seçdilər.

– Bəs sonra?

– Sonra günün birində “Azərbaycanfilm” kinostudiyasının tərkibində Kinoaktyor studiyası yaratdılar. Bu cür studiyalar SSRİ-nin əksər şəhərlərində var idi. Aktyor, aktrisalar filmlərə çəkilmədiyi dönəmdə orada müxtəlif tamaşalarda oynayırdılar, bir növ, boş qalmırdılar. Bu çox yaxşı təşəbbüs idi, çünki aktyor daim işləməlidir. Mən də qoşuldum ora.

– Sizin az da olsa, kino karyeranız da olub.

– Bəli, olub. Düzü, kino mənim ağlımda yox idi. “Azərbaycanfilm” kinostudiyasında təsərrüfat hesablı işləyirdik. Buna görə də filmə çəkilməlisən ki, maaşı özün qazanasan. Onda belə bir neçə filmə çəkildim, epizodik, kütləvi rollarda və sair. Dublyaja da məhz o dönəmdə gəldim. Kino bir yana, dublyaj aktrisası olacağım yatsam belə yuxuma girməzdi. İlk dəfə böyük bir komandanı saldılar səsyazma studiyasına.

 

 Bizə başa saldılar ki, burada kütləvi səhnənin səsini yazmalıyıq. Siz öz aranızda danışın, bizə, sadəcə, qarışıq, qur-qur səs lazımdır. Elədik. Birdən köməkçi rejissor mənə yaxınlaşdı ki, orada balaca bir səhnə var, gənc bir qız salam verəcək, onu səsləndirə bilərsənmi? Dedim, yaxşı. Yaxınlaşdım, dedim, salam, vəssalam. Hər şey beləcə təsadüfən baş verdi. Bir müddət sonra həmin köməkçi rejissor məni yenidən çağırdı ki, gənc bir qızı səsləndirməlisiniz. Təsəvvür edin, Şahmar Ələkbərovla Əminə Yusifqızı baş rolları səsləndirəcək, mən isə epizodik bir rolu. Üç-dörd cümləlik mətn idi, bir həyəcan keçirirdim, bir həyəcan keçirirdim, ilahi...

Sağ olsunlar, ikisi də mənə dəstək oldular, Şahmar müəllim əlini çiynimə qoydu ki, qorxma, qorxulu heç nə yoxdur. Əminə xanım da dedi ki, ürəyini sıxma, buradayıq. O vaxt indiki kimi texniki vasitələr yox idi, nəsə səhv olsa, hər şey başdan yazılmalı idi. Həmin dublyajı bir cəhdə yazdıq.

 Köməkçi rejissor dedi ki, əla, çox əla, bir xeyli təriflədi. Mən isə həyəcandan özümü itirmişdim, az qala, heç nə eşitmirdim, o dərəcədə yəni... Beləliklə, bundan sonra mənə bir neçə ikinci dərəcəli obrazın dublyajı həvalə olundu. Sonra isə baş rollar verildi.

– Amma sizi daha çox populyar edən Təhminə obrazının səsi oldu.

– Elədir və çox qəribədir. Buna qədər, məsələn, “Ölsəm, bağışla” filmində Gülya obrazını da səsləndirmişdim. Amma daha çox məşhurluq Təhminə obrazı ilə oldu. Bilirsiniz, mənə elə gəlir, filmin özü çox məşhur oldu. Bu da ona görə idi ki, filmə qədər Xalq yazıçısı Anarın müəllifi olduğu roman artıq məşhurluq qazanmışdı, əldən-ələ gəzirdi. Başqa bir amil isə məncə, Meral Konratın özü ilə bağlıdır. İstənilən halda, xarici aktrisa idi, diqqət çəkirdi. Özü də Təhminəni səsləndirən zaman mən artıq kinostudiyada çalışmırdım, televiziyada idim. Rasim Ocaqov dəvət elədi, getdim, dedi, neçə vaxtdır, səni axtarıram. “Təhminə” filminin çəkilişləri başa çatıb, səsləndirmə isə sənlikdir. Çox təəccüb elədim, gözlənilməz idi. Dediyim kimi, kitabı çoxdan oxumuşdum, şöhrəti məlum idi. Beləcə səsləndirdim və film də roman kimi kifayət qədər məşhurluq qazandı.

-Nəcibə xanım, səsiniz özünüzdən məşhurdur. Bu sizi incitmir ki?

– Yox. O filmə qədər də özümdən daha çox səsim tanınırdı, amma o filmdən sonra səsim daha da məşhurlaşdı. Mən 1987-1993-ci ilə qədər AzTV-də “Yeni filmlər” verilişinin aparıcısı olmuşam. Siz məşhurluq deyirsiniz, mən məşhurluğumun zirvəsini məhz o dönəmdə yaşamışam. Həm səsimlə, həm də görünüşümlə, çünki efirdən də artıq tanıyırdılar məni. Mən televiziyada partlayışı da xatırlayıram. Verilişimizi yazdıq, çıxanda gördüm ki, ətrafda rus əsgərləri var.

Bunlar kimdir? Niyə gəliblər? Yəni bir növ hazırlıq gedirdi. Veriliş axşam efirə getməli idi. Televiziyanın çıxışında görürəm, silahlı, başlarında kaskalarla əsgərlər gəlir yenə. Bilirsiniz, adətən, orada bizim öz polislərimiz olurdu, döyüş paltarında əsgərləri görmək adamı, əlbəttə, qorxudurdu. Axşam oldu, veriliş başlayacaqdı, bir də gördüm, ekran getdi. Elə bildim, televizorumuza nəsə olub. Sən demə, stansiyanı partladıblarmış.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.