Super User
Yasəvi adına Beynəlxalq Qazax-Türk Universitetində görüş
TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN TƏŞƏBBÜSÜ İLƏ ICESCO-NUN BAŞ DİREKTORU UNİVERSİTETİNİN QONAĞI OLUB
21 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik Türkistana səfəri çərçivəsində Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin ilahiyyat fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə görüş keçirib.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüş zamanı elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, gənc nəslin dini-mənəvi dəyərlər ruhunda tərbiyəsi, həmçinin gələcəkdə birgə həyata keçirilə biləcək layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar “Divani Lüğət it-Türk” adlı Beynəlxalq Sərgisi və orada təqdim olunan nadir eksponatlar, tarixi əlyazmalar və XI əsrə aid türklərin mədəni quruculuq aspektinə diqqət çəkən əşyalar ilə tanış olublar.
Qeyd etmək lazımdır ki, bu Sərgi 10 iyun, 2025-ci il tarixində Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetində Türk Mədəniyyəti və İrsi Fondunun və Türküstan vilayəti Akiminin birgə əməkdaşlığı ilə təntənəli şəkildə açılmışdır.
Tədbirin sonunda Dr. Salim əl-Malik tələbələrin ünvanladığı suallara cavab verib, gənclərin elmə və maarifə olan marağını yüksək qiymətləndirərək, onların gələcəkdə Türk-İslam dünyasının inkişafında mühüm rol oynayacaqlarını vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək
Noyabrın 3-dən 5-dək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verr ki, tədbir Türkiyənin Antalya şəhərində təşkil olunacaq.
Forum çərçivəsində mədəniyyət elçiləri şəbəkəsinin fəaliyyəti əsasında Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təbliği, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri və Azərbaycan Evləri ilə mədəniyyət xadimlərinin qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsi nəzərdə tutulur.
Proqramda panel sessiyaları və müzakirələr, milli mədəni irs nümunələrindən ibarət sərgi və konsert proqramı təşkil ediləcək. Forum iştirakçıları, həmçinin, Antalya şəhərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən noyabrın 1-dən 9-dək keçiriləcək “Mədəniyyət Yolu” Festivalında iştirak edəcəklər. Azərbaycan sözügedən festivalda fəxri qonaq statusunda təmsil olunacaq.
Xaricdə yaşayan azərbaycanlı mədəniyyət xadimləri oktyabrın 1-dək https://culture.fillout.com/elchilersəhifəsi üzərindən qeydiyyatdan keçə bilərlər.
Azərbaycan Mədəniyyət Elçiləri Forumunun hər il dünyanın müxtəlif bölgələrində təşkili planlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
Güney Azərbaycan Ədəbiyyatı Antologiyasında Vüqar Nemətin “Kimdi bu dəli” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Kəleyberdə yaşayan Vüqar Nemətdir.
Vüqar Nemət
Kəleybər
KİMDİ BU DƏLİ?
Görəsən kimdi bu dəli?
Biz keçdik, bizi söymədi.
O tanrını qaraladı,
İt-pişik payı qoymadı.
Söydü, yeri-göyü söydü,
Döydü, kölgəsini döydü,
Hamının ağzını əydi,
Zorbaya, zora əymədi.
Getməz, o üzdən getmədi,
Bilmədik davası nədi?!
Birazdan çaldı, oynadı,
Artıq heç kəsi saymadı.
Ağıl axtara-axtara,
Gör bir gəlib çıxıb hara?!
Bu dünyaya, pula, vara,
Uymaz, heç nəyə uymadı.
Həm buralı, həm oralı,
Görəsən kimdir bu dəli??
Hamı yolun çaşdı, vəli
O öz yolunu caymadı!..
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
“Nikolayın evi”nin kontrabası və ya Berlin mühaciri
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu yazı kontrabas ifaçısı barədədir və bu yazını hazırlayanda maraq üçün iki-üç tanışımdan “kontrabas nədir” deyə soruşdum. Yalnız biri kontrabası tanıdı. Tanımaq səbəbi də “Nikolayın evi” adlı teleserialda komedik aktyor İlkin Misgərlinin bu alətlə macəralarını görməyidir.
Buna kimi bu sayaq şit, məzmunsuz filmlərin heç nəyə faydası olmaması qənaətində idim. Amma indi fikrim dəyişib. Əgər kimsə bu filmin sayəsində kontrabası tanıyıbsa, buna da min şükür.
Görkəmli kontrabas ifaçısı İlyas Hüseynov 1924-cü il sentyabrın 22-də Bakı şəhərində anadan olub. Yeddi yaşından fortepiano, 10 yaşından piano ilə məşğul olmağa başlayıb. Böyük Vətən müharibəsinin iştirakçısı olan musiqiçi müharibədən döndükdən sonra musiqi fəaliyyətini davam etdirib. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) M. M. Çudnovskinin sinfində təhsil alan İ. Hüseynov öz müəlliminin ənənələrini davam etdirərək pedaqoqun vəfatından sonra kontrabas sinfinə rəhbərlik edib.
Sonralar konservatoriyanın professoru olub. İstedadı və bacarıqlı ilə seçilən sənətkarın yetişdirdiyi tələbələr həm ifaçı, həm də pedaqoq kimi nəinki Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda böyük şöhrət qazanıb.
İ. Hüseynov pedaqoji fəaliyyətlə yanaşı,Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik orkestrində kontrabasçılar qrupunun konsertmeysteri olub, kamera orkestrində fəaliyyət göstərib. O, kontrabas aləti üçün dərslik, metodiki tövsiyələrin müəllifi olmaqla yanaşı, milli musiqi nümunələrinin kontrabas aləti üçün işləmələrini də həyata keçirib.
Bunların sırasında "Elegiya — İsrafimzadə", Qara Qarayevin "Yeddi gözəl" baletindən solo, Üzeyir Hacıbəylinin "Gülşən" baletindən rəqs və Azərbaycan bəstəkarlarının simfonik əsərlərindən parçaları qeyd etmək olar. Daha sonra sənətkar ailəsi ilə birgə Almaniyanın paytaxtı Berlin şəhərinə köçüb və yaradıcılığını orda davam etdirib.
Mükafatları
1. "Əməkdə fərqlənməyə görə" medalı
2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
İlyas Hüseynov 2017-ciilin 12 yanvarda– tam 93 yaşında Berlin şəhərində vəfatedib. Berlin şəhərində də dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
“Koroğlu” və “Manas” dastanlarında qəhrəmanlıq diskursunun müqayisəli analizi
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün “Koroğlu” və “Manas” kimi qəhrəmanlıq dastanlarından danışacağıq.
Türk dünyasının iki ən möhtəşəm epik abidəsi- Azərbaycan və Anadolu coğrafiyasında formalaşmış Koroğlu dastanı ilə Qırğız xalqının milli eposu sayılan Manas qəhrəmanlıq fenomenini təsvir və təqdimetmə baxımından həm ortaq mədəni kodlar, həm də fərqli ideoloji çalarlar daşıyır. Bu dastanlar yalnız bədii əsərlər kimi deyil, həm də xalq yaddaşının, milli kimliyin və sosial-siyasi dəyərlərin formalaşdırıcı elementləri kimi mühüm əhəmiyyətə malikdir. Onların qəhrəmanlıq diskursunun müqayisəli təhlili türk epik düşüncəsinin mahiyyətini və onun müxtəlif tarixi mərhələlərdə necə dəyişdiyini anlamağa imkan verir.
Manasdastanı türk epik sistemində ən genişhəcmli və çoxqatlı struktur quruluşuna malik nümunədir. Burada qəhrəman obrazı təkcə fərdi cəsarətin simvolu deyil, həm də bütöv bir xalqın varlığını qoruma və milli birliyi bərpa etmək missiyasının daşıyıcısıdır. Manas obrazı ətrafında formalaşan motivlər əsasən xalqın düşmənə qarşı səfərbər olunması, torpağın və kimliyin müdafiəsi, qəhrəmanın isə yalnız fiziki gücü ilə deyil, həm də təşkilatçılıq və liderlik bacarığı ilə önə çıxması üzərində qurulmuşdur. Qırğız elmi ənənəsində Manas çox vaxt «xalqın ruhu» kimi təqdim edilir və onun qəhrəmanlığı şəxsi maraq yox, kollektiv taleyə xidmət kimi yozulur. Bu baxımdan, Manas dastanının qəhrəmanlıq konsepti dövlətçilik və milli suverenlik ideyaları ilə sıx bağlıdır.
Koroğlu dastanı isə qəhrəmanlıq anlayışına fərqli bir istiqamətdən yanaşır. Bu dastanın əsas qəhrəmanı olan Koroğlu bəzən təkbaşına haqsızlığa qarşı çıxan bir üsyançı, bəzən də sosial ədalət uğrunda mübarizə aparan xalq müdafiəçisi kimi təsvir edilir. Onun mübarizəsi genişmiqyaslı dövlətçilik ideyasından çox, konkret zalım hakimlərə və feodal təbəqəyə qarşı yönəlmişdir. Bu səbəbdən də Koroğlu dastanında qəhrəmanlıq fərdi təşəbbüs, şəxsi ləyaqət və xalqın gündəlik ədalət duyğusu ilə daha çox bağlıdır. Əgər Manas daha çox mərkəzləşdirilmiş və dövlətləşmiş qəhrəmanlıq modelinə uyğun gəlirsə, Koroğlu xalqın içindən çıxan və xalqla birgə nəfəs alan qəhrəman obrazını təmsil edir.
Hər iki dastanda qəhrəmanlıq motivləri cəsarət, sədaqət, səbr və əzm kimi ortaq etik dəyərlərlə ifadə olunsa da, bu dəyərlərin tətbiq sahəsi və diskursiv təqdimat forması fərqlidir. Manas qəhrəmanlığı rituallaşmış və mərkəzləşdirilmiş bir epik sistemin məhsulu olaraq kollektiv ideologiyanın daşıyıcısıdır. Manas dastanı ifaçı-manasçıların nəsildən-nəslə ötürdüyü zəngin performativ ənənə ilə möhkəmləndirilmişdir və onun qəhrəmanlığı xalqın milli yaddaşında müqəddəs bir obraz kimi yaşadılır. Koroğlu dastanı isə daha çox aşıq və ozan mühitində, improvizasiya elementləri ilə zəngin şəkildə ifa olunur və qəhrəmanlıq burada daha çox sosial tənqid və xalq ədalətinin bədii ifadəsi kimi çıxış edir.
Bundan başqa, iki dastanın tarixi inkişaf kontekstləri də qəhrəmanlıq diskursunun formalaşmasına təsir etmişdir. Manas dastanı əsasən Qırğız xalqının müstəqillik uğrunda mübarizə yaddaşı ilə bağlı formalaşmış və xüsusilə sovet dövründə milli kimliyin rəsmi simvoluna çevrilmişdir. Koroğlu dastanı isə Osmanlı, Azərbaycan və İran kimi fərqli siyasi-mədəni mühitlərdə yayılaraq çoxsaylı lokal variantlarda inkişaf etmiş, buna görə də onun qəhrəmanlıq diskursu daha çox sosial-etik müstəviyə yönəlmişdir.
Nəticə etibarilə, Manas və Koroğlu dastanları qəhrəmanlıq ideyasını fərqli tarixi, sosial və mədəni kontekstlərdə formalaşdıraraq türk epik düşüncəsinin iki mühüm qütbünü təmsil edir: Manas kollektiv və dövlətçi qəhrəmanlıq modelini, Koroğlu isə fərdi və sosial ədalət yönümlü qəhrəmanlıq modelini. Bu fərqlər yalnız dastan qəhrəmanlarının xarakterində deyil, həm də onların ətrafında formalaşan performativ ənənələrdə, mədəni kodlarda və ideoloji təyinatlarda özünü göstərir. Beləliklə, hər iki dastanın müqayisəli təhlili türk xalqlarının epik dünyagörüşündə qəhrəmanlığın çoxşaxəli və dəyişkən bir anlayış olduğunu nümayiş etdirir.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
REDAKSİYANIN POÇTUNDAN – Pərvanə Əliqızının hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında bu dəfə sizlərə Pərvanə Əliqızının “Susqun üsyan” adlı hekayəsini təqdim edirik.
Tibb işçilərinin psixosomatika, sadə insanlarınsa dəlixana adlandırdığı şöbədə səhərə açılan ilk günü idi. Palatada dəmir çarpayıdan və çarpayının üstündəki köhnə odeyaldan, pambıq döşəkdən, yumrulanıb bir yerə toplanmış yastıqdan, bir də köhnə sınıq salxaq dolabın üstündəki bir dəfəlik stəkandan başqa heç nə yox idi.
Onsuz da köhnə olan xəstəxananın ən baxımsız yeriydi bu şöbə. Burda divarlar qarayla boz rəngin vəhdətindən əmələ gəlmiş qəribə cansıxıcı bir rənglə rənglənmişdi. Bəlkə rəssamlardan soruşan olsaydı onlar insanı donduran , biganəliyə sürükləyən bu rəngin adını bilməzdilər. O, ibtidai sinif müəlliməsi kimi təhsil aldığına görə rənglərdən və onların xarakterindən xəbəri vardı. Özünü buralara gətirib çıxaran səbəbləri burdakı rənglərlə birləşdirəndə, nəhayət ki, rəngin adını tapdı bu, biganəliyin, laqeydliyin, insanı hər kəsdən, hətta özündən də küsdürən, özləri uzaq adları isə ”yaxın” olan yaxınlarının qayğısızlığının rəngi idi. Canındakı heysizliyin rəngi idi.
Dünən vurulan iynələrdən bədəninin bütün əzələləri boşalmışdı. Belinin üstündə güclə saxladığı bədənini bükülmüş dizlərinə söykəyib, iki qatlanıb oturmuşdu. Həmişə sevə- sevə darayıb formaya saldığı saçları pırpızlaşıb elə həqiqi dəli obrazı yaratmışdı. Zehninin dərinliklərində dəli olmadığını anlayırdı. Hətta çığırıb, ağlayan və qızımı dəlixanaya aparmayın deyib, gah həkimlərin dizinə qapanıb, gah da atasının üstünə qaçıb onun sinəsini yumruqlayan bibisinin səsini xatırlayırdı.
Dağınıq baxışlarıyla pəncərədən çölə baxdı. Pəncərənin qarşısında təkəbbüründən heç kimə, heç nəyə pay verməyən atası qaş qabağından qar yağdırırmış kimi siqaret çəkirdi. Bir az aralıda illərlə qəbullandığı mütiliyin, çarəsizliyini, soyuğunu sümüklərinə hopdurmuş anası yayın istisində nimdaş pencəyinə bürünmüş və psixoloji vəziyyəti heç də ondan seçilməyən qardaşına söykənib durmuşdu. Bir anlıq kütləşmiş zehni ilə ayırd etməyə çalışdı:- görəsən atası bir əşya qədər dəyər vermədiyi, amma ona iki övlad vermiş bu qadını özünə yaraşdırmadığı üçün belə kənara çəkilmişdi, yoxsa getdiyin evdə lal olmalısan nağılıyla yuxuya getmiş anası silkələnib yuxudan oyanmışdı? İnana bilmirdi!.. Dünyanın bu vaxtı qaynatadan ayıbdı deyə başından örpəyin açmayan, bir dəfə də olsun güzgünün qabagında durub öz gözəlliyinə tamaşa etməyən, onu əzənlərin, övladlarını əzənlərin qarşısında yumağa dönən anası axı bir gündə oyana bilməzdi! Bəlkə də .... Ola bilərdi.. övladının canının yanması onu həqiqətən ayıltmışdı...
Yenə yaddaşı dünənki günə qayıtdı. Tarım çəkilmiş sinirləri sanki rahatlamaq üçün onu çırpınmağa bağırmağa vadar edirdi. Gücü gəldikcə qışqırıb özünü pəncərədən atmağa çalışırdı. Tıbb işçiləri onu zorla pəncərədən ayırıb çarpayıya yıxmışdılar. Əl qolunu bağlayıb müqavimətini qırmağa çalışırdılar.Dünənki çığırtılarının içərisində bir – birini günahlandıran ailə üzvlərinin mübahisələrini necə eşitmişdi bilmirdi. Atası həkimlərə ailədə hər şeyin normal olduğunu demişdi. Ancaq hadisələrin gedişatı bibisinin gəlişi ilə dəyişmişdi.Onun dəlixanaya köçürüləcəyini eşidəndə ürəyində saxladığı qəzəbini qardaşına və neçə gündür özünü doğma ana kimi təqdim edən qardaşının nigahdan kənar ikinci arvadına püskürmüşdü. Baldızının qəfil hücumunun qarşısını almaqdan ötrü həmişəki kimi naz qəmzəli ədasıyla ərinə, daha doğrusu ailəsindən dartıb qopardığı adama sığınmağa çalışdı.
-Sən etdin! Atamın nəvələrini sən dəli etdin!-deyib qadının üstünə cumdu .
- Görürsən bacın məni nələrdə günahlandırır? Mən sənin övladlarını öz övladım bilirəm.-deyirdi.
Bu dəfə vəziyyət özgə idi. Hökmlü ailə başçısının həm öz maskası düşmüşdü, həm də qızın sevdiyi oğlanın başqasıyla evli olduğunu eşidib özündən çıxmışdı.
-İkinizdə susun! Mən qızımı sizə etibar etmişdim. İndi eşitdiklərimə baxın!
Gah bacısını, gah da ikinci arvadını danlayırdı. Özündən başqa hər kəsdə günah axtarırdı. Ərinin köməyinə çatmayacağını görəndə yazıq cildinə girib, ağlayırmış kimi burnunu çəkə - çəkə kənara çəkildi. Amma baldızı susmaq bilmirdi. Qardaşının öz ailəsinə yaşatdıqları onun səbrini tükətmişdi. Ata da susmaq bilmirdi. O, da öz dilinin altında deyinib , dururdu. Demək qızını dəli edən sevdiyi oğlanmış!.. .
Ancaq şahidi olduğu səhnələri gördükcə, öz - özünə təkrarlayırdı: “ Dəli olmağımın səbəbini özüm daha yaxşı bilirəm . Həmin səbəblər nə dünən, nə də bu gün meydana gəlməyib.. Dəqiq desəm kiçik qardaşım, yəni ögey qardaşım ilə yaşıddır. “
Uşağın dünyaya gəlməsindən ilk xəbər tutan bibisi olmuşdu. Yenə bu günkü kimi aciz gəlinlərini və onun övladlarını qorumağa çalışmışdı. Həmin vaxt oğullarının nüfuzunu qorumaq istəyən valideynləri onu susdurmuşdular. Bu durum hər kəsdən çox o qadının işinə yaramışdı. Tədbirli tərpənib hadisələri öz xeyrinə çevirmişdi. Ərinin ailəsinin onların münasibətindən xəbər tutduğunu bilən kimi onun övladlarını, ilk növbədə Ayşəni ələ almağa çalışmışdı.
Analığının ilk dəfə onun yanına gəldiyi günü xatırladı. Hələ atasının ikinci arvadı haqqında yeni eşitmişdi. Xəbərin təsirindən qurtulamamış qadın özünü onun yaşadığı bibisi evinə çatdırmışdı. Zəngin səsinə qapıya yaxınlaşanda, qapıda bərli - bəzəkli, anasının tam əksi olan bir qadın dayandığını gördü . Qadın açıq qəhvəyi saçlarını toplayıb arxaya yığmışdı. Saçlarıyla həmrəng qəhvəyi iri gözləri, əndamı kimi ətli dodaqları, yay kimi aşağı-yuxarı dartılıb, sifətinə xüsusi işvə verən, qalın, uzun qaşları var idi. Həyatın təqdim etdiyi bir təzad da bu qadının ona öz anasından çox bənzəməsi idi. Qadın bədəninə sərbəst oturmuş enli ətəkli geyimdəydi. Sağ - sola hərləndikcə ətəyi dalğalanır ona bir azda naz qatırdı. Qapını açar – açmaz onun boynuna sarılıb, üzündən öpdü. Heç soruşmağa ehtiyac qalmadı. Özü – özünü təqdim etdi. Əlində çarəsi olsaydı onu qapıdan qovar, anasının alçaldılmış mənliyinin qisasını alardı. Lakin atasının qəzəbindən qorxduğu üçün susurdu. Qızın susqunluğundan istifadə edib, bir azda cəsarətləndi. Bu cəsarətin bir qismi baldızının evdə olmamasından irəli gəlirdi. Qızın çaşqınlığı ona planın həyata uğurla keçəcəyi müjdəsini verirdi. Ona görə dilini işə saldı.
Bax canım artıq mənim qızım sayılırsan. Səni burda qoya bilmərəm, atan da bunu istəyir. Bu gündən öz evimizdə birlikdə yaşayacağıq.
Ayşən bibisinin fikrini bilmədən heç yana getmək istəmirdi. Qadının təkidi, atasının tapşırığı ilə buraya gəldiyini deməsi onu qərarsız qoymuşdu. Ovunun çaşqınlığı Gülşahı daha da ürəkləndirmişdi. Nə baş verdiyini bilənə qədər analığı artıq onun əşyalarını toplamışdı. Analığın evinə çatanda telefon danışıqlarını eşitdi və atasından xəbərsiz buraya gətirildiyini anladı.Atası qızının o evdə yaşamağının düzgün olmadığını deyirdi. Gülşahsa, bunun ən doğru variant olduğuna ərini inandırmağa çalışırdı : - İndiki ailən bizim münasibətimizdən xəbər tutub, uşaqların məni tanımalı və bilməlidirlər ki, onları öz övladımdan ayırmıram - deyirdi. Nəhayət onun zəif damarını tutub öz planını həyata keçirə bildi. Bu gündən sükan onun əlinə keçdi.
Artıq onun evində qalır, dərslərinə burdan davam edirdi.Analığının qurduğu oyunların tam mərkəzinə düşmüşdü. Özünü şirin satmaq üçün oğlunu acılayır, o yana bu yana keçib onu qucaqlayırdı. Allahın qadınlara verdiyi analıq hissiyatı onda da var idi və buna görə də hərəkətlərdəki saxtalığı duyurdu. Uşağın ərköyün tövrlərindən açıq aydın görünürdü - atasıyla bu qadın onu çox əzizləyiblər. Nə özü nə də qardaşı belə nəvaziş görməmişdi.
Onu ən çox incidən hər kəsin yanında zəhmli olan atanın ikinci arvadın yanında əmrə müntəzir durması idi. Halbuki anası onların hansısa bir problemini ərinə çatdırmaq üçün qaynananın və qaynatanın köməyindən istifadə etməli olurdu.
Hərdən anasını bu qadınla müqayisə edirdi. Görəsən belə qayğı və diqqət anası üçün olsaydı, yenədəmi evdə səssiz kölgə kimi gəzərdi? Atasının və analığının saxta hərəkətləri onu yormuşdu. Anası ilə dərdləşə bilməzdi. Onsuz da anası hər şeyi içində səssiz-səmirsiz çəkirdi. Zahirən ailəyə bənzəyən ailəsindən uzaqlaşıb, bütün meylini sevdiyi oğlana salmışdı.
Bir gün dərsdən gələndə yolboyu onu təqib edən oğlan zəhləsini tökmüşdü. Yaşadıqları məhəlləyə çatanda ürəklənib, onu qovmaq istədi. Hərdən həyətdə qarşılaşdığı boy-buxunlu, cüssəli oğlan haradan peyda oldusa, bir anda yad adamın başının üstünü alıb, aşının suyunu verdi. Özünü itirdiyindən oğlana təşəkkür etməmiş evə qaçdı. Bir neçə gündən sonra qarşılaşanda köhnə tanışlar kimi hal - əhval tutdular. Xilaskarı yavaş-yavaş ürəyinə yol tapdı. Gözündə bütə çevirdiyi adamın heç bir cəhətdən atasına oxşamağın istəmirdi.
Analığı tezliklə onun sevdiyi oğlan haqqında öyrəndi və bu dəfə əlinə daha böyük şans düşdü. Ayşənin oğlanla görüşünə şərait yaradıb sonra da atan bilsə, nə deyəcəm deyib, özünün “xüsusi “xidmətini şişirdirdi. Nəhayət ki, Ayşənin qorxduğu başına gəldi sevdiyi adam nəinki atasına bənzəməmiş hətta ondan da betər olmuşdu..Oğlanın başqasıyla evli olduğunu eşidəndə qəzəbindən nə edəcəyini bilmirdi. Ona yalançı, ikiüzlü, alçaq olduğunu desə də , əvəzində aldığı cavab bu olmuşdu.
Necə yəni məndə atan kimi iki arvad almalıydım?
Söz Ayşəni ildırım kimi vurmuşdu.
Ailəsinin və sevdiyinin ona uddurduğu zəhəri qaytarmaq üçün ürəyi bulanmağa başlamışdı. Bütün bədənini çulğalayan ikrah hissi beynini sıxmağa və bədənini zəiflətməyə başlamışdı. Gözlərinin yumulduğunu müvazinətinin itdiyini hiss edirdi. Xəstəxanada ayılanda təşviş içində olan atasını görəndə nə baş verdiyini xatırlamağa çalışdı. Xatırladı da... Amma dəli olmaq bahasına...
Baş verənləri xatırladıqdan sonra yenidən gözləri dəmir barmaqlıqlı pəncərəyə dikildi. Bilirdi bu gündən sonra pəncərənin arxasında onu rahat həyat gözləmir. Yaşadığı rayona qayıdanda – Hər kəsi qınamağa hazır olan, başqalarının dərdlərini gülüşə çevirib yüngül beyinlərinin ac mənliyinə məzə kimi yedirtmək istəyən insanlar Dəli Ayşən deyib üstünə güləcəkdilər. Hər kəs ona eşqindən dəli olmuş deyəcəkdi, heç olmazsa biri də çaşıb atasının burnundan qabağı görməyən təkəbbüründən,xəyanətindən dəli olduğunu desəydi ... Bu incə bu zərif varlığı dünyanın ən qaniçən canavarının qarşısına atsaydılar onun zərifliyinə qıymazdı, amma yaşadığı mühitdə insan adlanan ən yırtıcı varlıqlar ona qıyacaqdılar.
Özünə acıya-acıya bir ailədən üç qadını, özünü, anasını birdə bibisini müqayisə etməyə başladı.
Bibisi Sevda haqsızlığa dözə bilmirdi. Çətinə düşəndə gücü qışqırıb, ağlayıb, susmağa çatırdı. Anası, bu qadın sanki susmaq üçün yaradılmışdı. Ailə quran gündən ərindən çox qaynana və qaynatanın rəğbətini qazanmağa çalışmışdı. Bəlkə heç vaxt ərinin diqqət mərkəzində olmayacağını anlayandan sonra belə səssiz köləyə dönmüşdü. Özünə gələndə isə nə qışqırıb, nə də susmuşdu.. Elə birdəfəlik dəli olmuşdu.
Bulanıq gözlərini pəncərədən çəkib, ayaq barmaqlarının ucuna zillədi. Eynən anası kimi üşüyə-üşüyə halsız qollarıylla dizlərini bir az da bərkdən qucaqladı. Əvvəl yüngülcə yellənməyə başladı, sonra isə ağlını yerindən oynadan fikirlərin əlindən yenidən krizə girdi. Gücü gəldikcə qışqırıb özünü sola-sağa çırpmağa başladı...
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
Xətai rayonunda “II Kəlağayı Festivalı” keçirildi
20 sentyabr 2025-ci il tarixdə Konstitusiya və Suverenlik ili çərçivəsində Xətai rayonunda mühüm mədəni hadisə baş tutdu. Xətai Rayon İcra Hakimiyyətinin, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və “Kəlağayı Ev Muzeyi”nin təşkilatçılığı ilə Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində “II Kəlağayı Festivalı” keçirildi.
“Ədəbiyyat və incəsənət” portalına İctimai Birlikdən verilən məlumata görə, festival çərçivəsində sərgi ilə tanışlıq, rəsmi açılış mərasimi və geniş konsert proqramı təqdim olundu. Tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, digər dövlət qurumlarının nümayəndələri, tanınmış incəsənət və ədəbiyyat xadimləri, aşıqlar, şairlər, media təmsilçiləri və çoxsaylı sakinlər iştirak etdilər.
Rəsmi hissədə “Mirvarid Dilbazi Poeziya Məclisi”nin sədri, “Kəlağayı Ev Muzeyi”nin direktoru Güllü Eldar Tomarlı tədbiri açaraq festivalın əhəmiyyətindən danışdı. Xətai Rayon İcra Hakimiyyətinin birinci müavini Etibar Əhmədov və şöbə müdiri Pənah İmanov, Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar İttifaqının sədri Ülviyyə Həmzəyeva, əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayeva və filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva çıxış edərək kəlağayının milli kimliyimizdəki əhəmiyyətini və belə tədbirlərin vacibliyini vurğuladılar.
Festival çərçivəsində zəngin sərgi proqramı da təqdim olundu. Sərginin açılışını Güllü Eldar Tomarlı edərək eksponatları iştirakçılara təqdim etdi. Tədbirdə Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində təhsil alan gənclərin əl işləri nümayiş etdirildi. Quramaçı sənətkarlar Ella Bağırova, Aybəniz Camalova, Asif Qasımov, Viktoriya İsmayılova və Könül Hüseynovanın əsərləri, eləcə də Şəki və Basqal kəlağayıları iştirakçılara təqdim olunaraq satışa çıxarıldı. Bundan başqa, Güllü Eldar Tomarlının yaratdığı “Kəlağayı Ev Muzeyi”nin əsrlərə söykənən 200 qədim kəlağayısı, dekorativ-tətbiqi sənət nümunələri və kəlağayı mövzusunda nəşrlər sərgi iştirakçılarının xüsusi marağına səbəb oldu.
Konsert proqramı da rəngarəng çıxışlarla yadda qaldı. Əvvəlcə Sosial Xidmətlər Agentliyinin Peşə-əmək Reabilitasiyası Mərkəzinin eşitmə və nitq məhdudiyyətli gəncləri Azərbaycan Respublikasının Dövlət Himnini əl işarələri ilə ifa edərək alqışlarla qarşılandılar. Daha sonra şəhid Ramil Yusifzadənin anası Reyhan Yusifova “Qələbə” mahnısını ifa etdi. Şəki Uşaq İncəsənət Məktəbindən xoreoqraf Xumar Əsədovanın rəqs qrupu “Naxçıvani” və “Arşın mal alan” filmindən rəqs nömrələri təqdim etdi. Əməkdar Mədəniyyət işçisi Aşıq Solmaz Kosayeva, “Səma” rəqs qrupu, bəstəkar və müğənni Arif Mehmandost, vokal müəllimi Fərqanə Salamova, “Nənə qızlar” ansamblı, müğənnilər İnci Şirvanlı, Uğur Şirvanlı, Nigar Ağdamlı, İntizar Bahardoğan, Həsən Həsənli, aşıqlar Rəvanə Lerikli, Aşıq Həqiqət, Nərmin Cəlal, şair Brilyant Atəş müxtəlif çıxışlarla festival iştirakçılarına unudulmaz anlar yaşatdılar.
Xatırladaq ki, kəlağayı 2014-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş və beynəlxalq səviyyədə tanıdılmışdır. Bu əlamətdar hadisənin 10 illik yubileyi münasibətilə 2024-cü ildə keçirilmiş “I Kəlağayı Festivalı” Xətai rayonunda başlanaraq, ölkəmizin müxtəlif bölgələrində və xaricdə uğurla davam etdirilmişdir.
“II Kəlağayı Festivalı” tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı və milli-mənəvi dəyərlərimizin təbliği, qeyri-maddi mədəni irsimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm mədəni hadisə kimi yadda qaldı.
Sonda Güllü Eldar Tomarlı qeyd edib ki, " Kəlağayı Festivalı" ənənəvi şəkildə dövlətimizin dəstəyi və qayğısı ilə hər il keçiriləcək.
Güllü Eldar Tomarlı göstərdiyi mənəvi və təşkilati dəstəyə görə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev cənablarına , Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin müşaviri Vüsal Sehranoğluna, zəhməti keçənlərə və festival iştirakçılarına təşəkkürünü bildirib.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Baba Vəziroğlunun şeirləri
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
POEZİYA
BABA VƏZİROĞLU
CƏNAB ALİ BAŞ KOMANDAN
Sənin kimi fatehi zaman yetirməz bir də,
Haqq-ədalət carçısı, tarix yazan sərkərdə.
Səndən ilham, güc alır zabit, əsgər səngərdə,
Hərb və sülh meydanında sən zəfər çalan adam,
Cənab Ali Baş Komandan!
Düşmənimiz baş əydi sən and içən bayrağa,
Sənin azad etdiyin hər bir qarış torpağa.
Anamız Azərbaycan qovuşur Qarabağa,
Qalmayacaq qisassız bir damla tökülən qan,
Cənab Ali Baş Komandan!
Getdiyin bu şanlı yol Ulu Öndər yoludur,
Sənin ordun yenilməz, sənin xalqın uludur.
"Yaşasın Azərbaycan!" - arzun, amalın budur,
Milyon-milyon ağızdan səslənir xeyir-duan,
Cənab Ali Baş Komandan!
Qarabağ səmasında yenə günəş doğuldu,
Sənin dəmir yumruğun birlik oldu, güc oldu.
"Mənəm-mənəm" - deyənlər bəs noldu, necə oldu?
Ana südütək halal, sənə bu şöhrət, bu şan,
Cənab Ali Baş Komandan!
Sən yalnız, tək deyilsən, mətin türk qardaşın var,
Bir vəfalı, mehriban ürək-can sirdaşın var.
Bircə sözün, əmrinlə bu xalq ayağa qalxar,
Səninlə Azərbaycan - bir könüldə iki can -
Cənab Ali baş Komandan!
XATİRƏDİR
Niyə yanır bu ocaq,
Yanıb, külü qalacaq.
Bilmirəm nə olacaq,
Olanı xatirədir...
Qar yağır narın-narın,
Üzü gülür dağların.
O yaşıl yarpaqların
Solanı xatirədir...
Ay çəmənin çiçəyi,
Niyə soldu ləçəyin?!
Bu dünyanın gerçəyi,
Yalanı xatirədir...
Niyə çıxdıq yola biz,
Dəli olub bu dəniz.
Bir adadır sevgimiz,
Hər yanı xatirədir...
Gerçəkdi, yoxsa yalan,
Gəlib keçdi nə zaman?!
Sevginin ömrü bir an,
Qalanı xatirədir...
MƏNDƏN BİR DƏ OLMAYACAQ
Gecə-gündüz çıraqla sən,
Hələ məni gəzəcəksən.
Axtarmaqdan bezəcəksən,
Məndən bir də olmayacaq...
Yollara gül ələsən də,
Səhər-axşam diləsən də,
Başına kül ələsən də,
Məndən bir də olmayacaq...
Başqa yaz, bahar gələcək,
Yağış yağıb, qar gələcək.
Dünya sənə dar gələcək,
Məndən bir də olmayacaq...
Var olacaq, yox olacaq,
Məndən bir də olmayacaq...
Səni sevən çox olacaq,
Məndən bir də olmayacaq...
Düz qəddini əyəcəksən,
“Hayıf ondan” - deyəcəksən.
Dizlərinə döyəcəksən,
Məndən bir də olmayacaq...
Yatma belə, hələ oyan,
Getmə belə, hələ dayan.
Səni sevən, səni duyan,
Məndən bir də olmayacaq!..
SƏNSİZ KEÇƏN GÜNLƏRİM
Söz tapmadıq danışaq, dindi qatar astaca,
Səni məndən ayırar indi qatar astaca,
Qanadımız sevgiydi - heç bilmədik, ayrılıq
Qovub haqlayar bizi, gəlib çatar astaca...
Burda günəş parlayır, sənsiz istisi yoxdu,
Burda yağış başlayır, sənsiz kəsdisi yoxdu.
Sənsiz keçən günlərim oxşayır bir-birinə,
Sənsiz keçən günlərin yaxşısı, pisi yoxdu...
Hələ çox göynəyəcək sənsiz həsrətin yeri,
Bir gün gedən qatarlar bir gün dönərmi geri?
Bilirəm ki, sən mənsiz necə yetim qalırsan,
Bilirsən ki, mən sənsiz fağır, yazığın biri...
Adlayıb neçə kəndi, gəzsəm neçə şəhəri,
Ürəyində bitirmiş ömrümün hər səfəri.
Dönüb bir gün qatara, qayıdaram, əzizim,
Qapı kimi üzünə açıb nurlu səhəri...
Burda günəş parlayır, sənsiz istisi yoxdu,
Burda yağış başlayır, sənsiz kəsdisi yoxdu.
Sənsiz keçən günlərim oxşayır bir-birinə,
Sənsiz keçən günlərin yaxşısı, pisi yoxdu...
ŞUŞA...
Şəhər varmı dünyada,
Bu donda, bu biçimdə,
Bir duvaqlı gəlinsən,
Şuşam, duman içində!
Ay Qarabağ gözəli,
Ay Natavan qəzəli.
Başına sığal çəkib,
Ulu Tanrının əli.
Başında duman oldu,
Bağ-bağçan talan oldu,
Könül candan ayrıldı,
Həsrətin yaman oldu.
Necə dözdük bu dərdə,
Gəl səni qucum bir də.
İlham gəlir, qarşıla,
Tarix yazan sərkərdə!
Şükür gəldi bu çağın,
Üzeyir bəy qonağın.
Yenə muğamat deyir,
Sərin İsa bulağın.
Sən məndən könül istə,
Deyim ki, gözüm üstə.
Bülbüldən bir Heyratı,
Xan əmidən Şikəstə.
Cıdır düzü gül açdı,
Xarıbülbül dil açdı.
Azərbaycan bayrağı,
Sənə necə yaraşdı!.
Baxıb doymuram yenə,
Şükür, Tanrı, bu günə.
Vaqif yenə söz qoşur,
Şuşam, sənin hüsnünə.
Adın zəfərlə qoşa,
Yaşa, əbədi, yaşa.
Qarabağın maralı,
Azərbaycan gözəli,
Şuşa, ay qədim Şuşa,
Şuşa, ay cavan Şuşa,
Şuşa, ay əziz Şuşa!!!
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
Müasir Azərbaycan romanında yeni üfüqlər
Rəqsanə Babayeva
Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün
Azərbaycan ədəbiyyatı əsrlər boyu zəngin və çoxşaxəli inkişaf yolu keçib. Klassik dövrün dastanları, poeziyası və realizm ənənələri müasir dövrdə roman janrında yeni nəfəs tapır. XX əsrin sonlarından başlayaraq, Azərbaycan yazıçıları sosial, tarixi, milli və bəşəri mövzuları daha geniş və fərqli baxışlarla işləyir, müasir romanı həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıdırlar. Müasir Azərbaycan romanı artıq yalnız hekayə anlatmaqdan çıxmış, düşüncə, tədqiqat və eksperiment sahəsinə çevrilmişdir.
Mövzuların genişlənməsi
Müasir romanın ən mühüm yeniliklərindən biri mövzuların genişlənməsidir. Ənənəvi olaraq sevgi, qəhrəmanlıq, ailə və sosial həyat mövzuları işlənirdisə, bu gün yazıçılar qloballaşma, müasir texnologiya, ekoloji böhran, qadın və gənclik problemləri kimi mövzulara da toxunurlar.
Xüsusilə Qarabağ mövzusu müasir romanlarda milli yaddaş və mənəvi dəyərlərin güzgüsü kimi çıxış edir. Müharibənin gətirdiyi dağıntılar, insan hekayələri, torpaq və aidiyyət məsələləri yalnız tarixi fakt kimi deyil, həm də obrazlar və emosiyalar vasitəsilə təqdim olunur.
Yeni dillər və üslub imkanları
Müasir Azərbaycan romançılarının dili və üslubu da fərqlidir. Klassik realizm ənənələri qorunmaqla yanaşı, eksperimental üslublar, psixoloji roman elementləri, zaman və məkan oyunları, dialoq və monoloqların interaktiv formaları istifadə olunur. Bu, oxucuya yalnız hadisəni izləmək yox, həm də obrazların daxili dünyasına daxil olmaq imkanı yaradır.
Yazıçılar müasir roman vasitəsilə milli kimliyi qoruyur, eyni zamanda qlobal ədəbiyyatın tələblərinə uyğun yeniliklər təqdim edirlər. Bu da Azərbaycan romanının dünya ədəbiyyatında öz yerini möhkəmləndirməsinə şərait yaradır.
Gənc yazarların rolu
Müasir Azərbaycan romanında gənc yazarların rolu xüsusilə önəmlidir. Onlar həm klassik ənənəni davam etdirir, həm də yeni texnologiya, sosial media və qloballaşan dünya ilə bağlı problemləri işləyirlər.
Gənc yazıçılar milli irsi unutmadan, onu müasir janr və süjetlərdə təqdim edirlər. Bu yanaşma həm milli kimliyin qorunmasını təmin edir, həm də romanı yeni oxucu auditoriyası üçün daha cəlbedici edir.
Qarabağ və müasir roman
Son illərdə Qarabağ mövzusu müasir Azərbaycan romanında həm tarixi, həm də mənəvi aspektdə işlənir. Müharibə və azadlıq hekayələri yalnız dramatik təsvir deyil, həm də milli yaddaşın qorunmasıdır. Yazıçılar torpağa bağlılığı, qəhrəmanlığı, insan taleyini və mədəni irsi müasir süjet vasitəsilə təqdim edirlər. Bu, roman janrını yalnız ədəbiyyat sahəsi kimi deyil, həm də milli-mədəni dəyər kimi gücləndirir.
Beynəlxalq üfüqlər
Müasir Azərbaycan romanı artıq yalnız yerli oxucu üçün deyil, dünya auditoriyası üçün də maraqlıdır. Tərcümə olunmuş əsərlər beynəlxalq kitab sərgilərində, festivallarda təqdim olunur, Azərbaycan ədəbiyyatının zənginliyi və müxtəlifliyi ilə tanışlıq imkanı yaradır.
Bu proses milli kimliyin qlobal səviyyədə təqdimatı, həm də mədəni diplomatiya vasitəsi kimi çıxış edir. Xarici oxucular Azərbaycan romanını oxuyarkən yalnız ədəbiyyat deyil, həm də tarix, mədəniyyət və milli dəyərləri öyrənir.
Yeni mövzular və eksperimentlər
Müasir romançılar eksperimental metodlardan da istifadə edirlər. Romanlarda vaxtın qeyri-xətti axını, bir neçə perspektivdən hekayənin təqdim olunması, fantastik elementlər və psixoloji dərinlik yeni oxucu təcrübəsi yaradır. Bu, Azərbaycan romanına yalnız estetik deyil, həm də konseptual dərinlik verir.
Məsələn, gənc yazarların psixoloji və sosial problemləri işlədiyi romanlar, milli kimlik, müharibə və ailə münasibətləri kimi mövzularla paralel olaraq təqdim olunur. Bu yanaşma romanın həm yerli, həm də beynəlxalq səviyyədə dəyərini artırır.
Müasir Azərbaycan romanı yeni üfüqlər açır. O, yalnız hekayə anlatmaqla kifayətlənmir, həm də milli kimliyi qoruyur, milli irsi gələcəyə çatdırır, gənc nəsli düşünməyə və yaratmağa ilhamlandırır. Qarabağ motivləri, qadın və gənclik hekayələri, ekoloji və sosial mövzular romanı həm zəngin, həm də universal edir.
Bu gün Azərbaycan romançılığı həm ənənəni yaşadır, həm də müasir üslublarla oxucunu təəccübləndirir. Müasir roman gənc yazarların enerjisi, milli irs və qlobal baxışın sintezidir.
Beləliklə, müasir Azərbaycan romanı yalnız ədəbiyyat deyil, həm də milli kimliyin, tarix və mədəni irsin yeni üfüqlərdə təcəssümüdür.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
Ədəbiyyatımızın zadəgan qızı Zemfira Məhərrəmli
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Yüksək mədəniyyət, mehriban davranış, xeyirxahlıq kübarlıqdan irəli gəlir. Kübarlıq isə zadəganlıq əlamətidir, əsilzadələrə xas olur. Sadə, təvazökar, işgüzar və zəhmətkeş xanımdır. Yazıb-yartmaq, maarifləndirmək onun həyat kredosudur. Ərsəyə gətirdiyi əsərlərin hər biri insanlığa, mənəviyyata xidmət edir. Ünsiyyətdə nəzakətli və iltifatlıdır. Məhz elə bu keyfiyyətləri onu həmişə diqqət mərkəzində saxlayıb...
Gözəl adı var- Zemfira. Adının mənası ciddi, şanslı, aktiv və diqqətli deməkdir. Bir vaxtlar işğal altında olan torpaqlarımız uğrunda döyüşən fədakar qadınlar haqqında ərsəyə gətirdiyi “Qarabağ müharibəsi: zərif talelər” kitabı bəlkə də, bu mövzuda qələmə alınan ən gözəl publisist yazılar toplusudur. İndiyədək iyirmi kitabı işıq üzü görüb. Onların əksəriyyətində məhz Qarabağdan söhbət açılır. Bu xanıma hakim kəsilən milli qeyrət, düşmənə nifrət yazdığı əsərlərdə də öz əksini tapıb. Bu da onun böyük vətənpərvər olduğunun təzahürüdür…
Deyir ki:- “Mən Qarabağ Veteran Qadınlar Təşkilatının fəxri üzvüyəm. İllər öncə, ilk təsis konfranslarında mənə üzvlük biletini təqdim etdilər. "Haqqımızda yazan, bizi tanıdan sizsiniz”,-deyirdilər. Bu sözlər mənim üçün qürurverici idi. Bayramlarda, həyatımın hansısa əlamətdar günündə, bəzən isə çətinlikləri olanda zəng edirlər. Kömək edə biləndə sevinirəm. Bizim üçün xüsusi bir gün var. 8 Mart Qadınlar Bayramı günü biz şənlik keçirmirik. Bir qucaq al qərənfillə Şəhidlər Xiyabanına gedir, bu müqəddəs məkanda uyuyan şəhid qızlarımızı yad edirik...”
1991-ci ildən mətbuatda həm də hərbi mövzuda yazılarla çıxış edir. Dəfələrlə “qaynar” nöqtələrdə olaraq Qarabağ müharibəsinin dəhşətləri, torpaqlarımızın bölünməzliyi uğrunda çarpışan oğul və qızlarımızın hünərini əks etdirən silsilə cəbhə reportajları hazırlayaraq dərc etdirib. 2010-cu ildə “Tərəqqi” medalına, 2018-ci ildə AYB-nin Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb. 2018-2019-cu illərdə IX və X “The first” ödülləri ilə mükafatlandırılıb. Prezident mükafatçısıdır. 2003-cü ildə elmi iş müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Müəllifi olduğu bir sıra publisistik və bədii əsərləri ana dili ilə yanaşı rus, ingilis və türk dillərində çap olunub…
“Səmimi etiraf edim ki, ədəbi yaradıcılığımda bir telefon zəngi mühüm rol oynayıb. "Bakı” qəzetində işlədiyim zaman xalq yazıçısı Hüseyn Abbaszadə mənə zəng etdi. 1997-ci ilin aprel ayı idi. Dedi ki, qızım mən sizin telefonunuzu xalq şairi Qabildən almışam. Onun əlində mənim ”Döyüşə qızlar gedir” kitabımı görübmüş. Sonradan bu kitabdakı sənədli hekayələrimi oxuyub və bəyənib. Böyük Vətən Müharibəsinin odlu yollarından keçən, sonradan "General” və "Qayıdanlardan biri” romanlarını qələmə alan yazıçımız məsləhət gördü ki, bədii yaradıcılığa başlayım. İnanın, məni əmin elədi ki, sizdə gözəl alınacaq. Ondan sonra bədii yaradıcılıqla məşğul olmağa başladım. "Ulduz", "Azərbaycan”,”Yazıçı qadınlar” jurnallarında, "Söz”dərgisındə,"Ədəbiyyat", "525-ci qəzet”, "Kaspi" və "Mir literaturı” qəzetlərində yazılarım dərc edilirdi.”- söyləyir.
Sadə, təvazökar, zəhmətsevər, işgüzar xanımdır. Məhsuldar işləməyi bacarır. Ərsəyə gətirdiyi əsərlərin hər biri mühüm tarixi hadisədir- insanlığa, mənəviyyata xidmət edir. Məhz, elə bu keyfiyyətləri onu həmişə diqqət mərkəzində saxlayır. Bir sözlə, yazıb-yartmaq, maarifləndirmək onun həyat kredosudur…
Deyir ki:- “Bəzən gənclərin "hüquqşünas olmaq istəyirdim, balım çatmadı, jurnalist oldum” kimi fikirlərinə rast gəlirik. Bu, günümüzün həqiqətləridir. Indiki Bakı Dövlətt Universitetinə qəbul olunduğumuz 1973-cü ili göz önünə gətirirəm. 50 yer uğrunda 1000-dən çox abituriyent mübarizə aparırdı. O vaxtlar test üsulu yox idi. 4 imtahanın hər birindən 4 qiymət alan neçə gənc bu fakültəyə qəbul oluna bilmədi. Bu müsabiqəyə qanı-canı ilə jurnalist olmaq istəyənlər qatılmışdı. Fəxr edirəm ki, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Qulu Xəlilli, Nurəddin Babayev, Nəriman Zeynalov, Famil Mehdi, Yalçın Əlizadə, Cahangir Məmmədli kimi müəllimlərdən dərs almışam. Qeyd edim ki, bu gün jurnalistikamızda ümid verən gənclər çoxdur. Bütün bunlara baxmayaraq, problemlər də qalmaqdadır. O zaman baş redaktorumuz Nəsir İmanquliyevin yaxşı bir sözü var idi. Deyirdi ki, yazını gərək elə yazasan ki, sim kimi cingildəsin. İndi isə dil qaydalarının pozulması yaralı yerimizdir. Özüm təmiz üslubun tərəfdarı olduğumdan bəsit, cılız, qrammatik qaydalara riayət edilməyən yazılara düşmənəm. Bu xüsusiyyətimə görə də inanın ki, bütün yazılarıma divan tuturam...”
Çox gözəl xanımdır. Onun yardımsevər, həssas, nəcib və incə olması bu gözəlliyə xüsusi rəng qatır. Bundan əlavə başqalarının qayğısına qalmaq və yaxşılıq etmək onun üçün əsl həyat nümunəsidir. Odur ki, xoş duyğularla yaşayan insanlara qarşı nəzakətli və mehribandır. İşlərini elə qurur ki, uğur yolunda gərəksiz maneələrlə üzləşmir. Problemsiz bir həyat onun ən böyük arzusudur. Xaraktercə zərif və cəlbedicidir. Cazibədarlığından necə istifadə etməyi bilən bu insanda uşaq səmimiyyəti var. Yalan danışmağı, bayağılığı, fiziki gərginliyi sevmir. Düşüncələrində müstəqil, fəaliyyətində azaddır. Bir sözlə, haqqında söhbət açdığım yazıçı-publisist Zemfira Məhərrəmli necə deyərlər, istiqanlı, insanpərvər xanımdır...
Tezliklə Azərbaycan xanımına xas olan ən gözəl xüsusiyyətləri özündə birləşdirən Zemfira xanımın 70 yaşı tamam olur. Onu yubileyi münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)


