Super User
Prezidentin fərdi təqaüdçüsü, xalq artisti Xalidə Quliyeva
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Kinomuzda, dublyaj sahəsində uzun illər səmərəli fəaliyyət göstərən Azərbaycan Respublikasının xalq artisti Xalidə Quliyevanın bu gün 73 yaşı tamam olur.
Mən də qərara aldım ki, aktrisanın ömür-gün yluna birgə tamaşa edək.
Xalidə Quliyeva 24 sentyabr 1952-ci ildə anadan olub.
Atası neftçi, anası isə evdar qadın olub. Ali məktəbə qəbul olunduqdan sonra Lütfi Məmmədbəyovun xalq teatrında çalışmağa başlayıb. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1973–1976-cı illərdə institutun nəzdindəki "Səda" Tədris Teatrında çalışıb. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında aktrisa kimi fəaliyyət göstərir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb.
Validə ("Qızıl qaz"), Fatimə ("Nəsimi"), Solmaz ("Bakıda küləklər əsir"), Milli ("Tütək səsi"), tibb bacısı ("Şahid qız"), Xalidə ("Xoşbəxtlik qayğıları") və s. rollarında çəkilib. Lider TV-nin həyata keçirdiyi çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublajında aktrisa kimi iştirak edir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Filmoqrafiya
1. Qızıl qaz
2. Nəsimi
3. Bakıda küləklər əsir
4. Tütək səsi
5. Dörd bazar günü
6. Çətirimiz buludlardır
7. Xoşbəxtlik qayğıları
8. Bir ailəlik bağ evi
9. Anın quruluşu
10. Bağlı qapı
“Ədəbiyyat və incəsənət”
(24.09.2025)
“ABAD” 9-cu ilini qeyd edib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ABAD" publik hüquqi şəxsin yaradılmasının doqquzuncu ildönümü ilə əlaqədar tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Dövlət Agentliyindən verilən məlumata görə, tədbirdə agentliyin sədri Ülvi Mehdiyev qurum əməkdaşlarını bu münasibətlə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
"ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev qurumun doqquz illik fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib. O bildirib ki, ötən il “ABAD”ın fəaliyyəti daha da genişlənib, işğaldan azad edilmiş ərazilərdə təqdimatlar keçirilib, bu bölgələrdən toplanan bal məhsulları brendləşdirilərək satışa çıxarılıb, ABŞ bazarına məhsul ixrac olunub. “Wolt Market” platformasında onlayn satış aktivləşdirilib, həmçinin beş yeni satış məntəqəsində “ABAD” məhsulları təqdim olunub. Bundan əlavə, müxtəlif yeni məhsul çeşidləri istehsal edilərək bazara çıxarılıb.
Pilot layihə olaraq Masallıda 7 ailə ilə fəaliyyətə başlayan “ABAD” 9 illik fəaliyyəti ərzində 677 ailəyə dəstək olaraq öz şəxsi bizneslərini inkişaf etdirməsi üçün xidmət göstərib. Həmin sahibkarlardan 508 nəfər dekorativ-tətbiqi xalq sənətimizi canlandıran və qoruyan istedadlı sənətkarlardır. 144 “ABAD”çı isə keyfiyyətli və təbii qida məhsulları istehsal edir. Bundan əlavə, 25 sahibkar müxtəlif sahələrdə öz bizneslərini uğurla inkişaf etdirir.
Tədbir çərçivəsində xidməti fəaliyyətində fərqlənən əməkdaşlar təşəkkürnamələrlə təltif olunublar.
“ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb və ötən doqquz il ərzində ailə əməyinə əsaslanan mikro, kiçik və orta sahibkarlığın inkişafı, məşğulluğun artırılması və regionlarda sahibkarların biznes fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm işlər görüb.
“Ədəbiyyat və
incəsənət”
(24.09.2025)
ŞEİR SAATI nda Zahid Əzizin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Çeir saatı rubrikasında bu gün sizlərə Zahid Əzizin şeirlərini təqdim edir.
BƏNDƏ KİMDİ, ALLAH VURUR
Bu dünyada adamlar var,
Öz oduyla hey qovrulur.
Bu dünyada adam da var,
Ayaz kəsir, qar dondurur.
Kimi kəsir yolumuzu,
Kimi qırır qolumuzu,
Kimlərsə sağ-solumuzu
Doğradıqca hey qudurur.
Əcəl alır doğmamızı,
Şirin-şəkər loxmamızı,
Atamızı, anamızı,
Sonra bizi ovundurur.
Baxan yoxdur soya, ada,
Ölən-itən düşmür yada.
Bu yağmurda, bu sel-suda
Çay quruyur, göl soğulur.
Kül eyləyib közümüzü,
Nurdan saldıq gözümüzü.
Özümüzlə özümüzü,
Bəndə kimdi, Allah vurur.
BAŞQADI
Bu dünyanın övladları ögeydi,
Ataları, anaları başqadı.
Mayaları bir torpaqdan olsa da,
Axşamları, sabahları başqadı.
Yaxşıları, yamanları eynidi,
Ümidləri, gümanları eynidi,
İnancları, imanları eynidi,
And yerləri, vallahları başqadı.
Gül-çiçəyi bir açılıb-solsa da,
Əl alında, gözlər yolda qalsa da,
Əməlləri eyni əməl olsa da,
Savabları, günahları başqadı.
Təmannası, diləkləri seçilmir,
Yeri-göyü, mələkləri seçilmir,
Arzuları, istəkləri seçilmir,
Nəfəsləri, tamahları başqadı.
Öz yeri var hər doğulan bəndənin,
Dönüşü yox ölüm adlı səfərin.
Bir olsa da kök-köməci bəşərin,
Tanrıları, allahları başqadı.
QALIR
Bu dünyada bir adətdi,
Lələ köçür, yurdu qalır.
Ər kişilər ocağının
Közü sönür, odu qalır.
Yox həyanı ünümüzün,
Düşdüyümüz günümüzün.
Acı, şirin ömrümüzün
Tamı gedir, dadı qalır.
Bu nə divar, bu nə hörgü?
Bu nə mizan, bu nə bölgü?
Kimilərin malı-mülkü,
Kimlərinsə adı qalır.
VAR
Kim nə deyir, necə deyir, mənə nə? –
Eşitməyə öz laflarım, sözüm var.
Ürəyimdən keçənləri görməyə
Harda olsa görmək üçün gözüm var.
Əsir edib, hökm etməsəm dilimə,
Boş sözlərdən nə keçəcək əlimə.
Bu dünyanın gərdişini belimə
Qaldırmağa taqətim var, dizim var.
Zahid Əziz, tam axtarma hər barda,
Vəfa yoxdur nə dövlətdə, nə varda.
Məndən sonra məni fani dünya,
Yaşadacaq Əzizim var, izim var.
HƏQİQƏTLƏR, TƏZADLAR...
Bu dünyanın hər yerində
Ay doğmamış günəş batmır.
Hürə-hürə ulduzlara
Zəncirində itlər yatmır,
Bu da ömrün son baharı,
Yarı sancı, yarı ağrı,
Yaşayırıq yarı-yarı,
Harayımız haqqa çatmır.
Hər yan gömgöy, yaşıl, sarı,
Sığal çəkir gülə arı.
Tacirləri-tüccarları
Aldığını geri satmır.
Yad qoltuqda hey yatanlar,
Yad ocağa köz atanlar,
Südümüzə su qatanlar,
Dərdimizə sevinc qatmır.
Hər doğrunun bir yalanı,
Hər köçənin bir qalanı,
Birimizə dərd olanı
O birimiz yana atmır.
GECİKDİM
Sonuncu olsam da sevinc sarıdan,
Qəm-kədər çəkməkdə dərd ustasıyam.
Qismət bazarında “du bir” atsam da,
Görənlər hey deyir nərd ustasıyam.
Öz yeri-yurdu var gülün, qönçənin,
Hər gülşəndə nərgiz, qızılgül bitməz.
Elə bir hicranın xəstəsiyəm ki,
Davası-dərmanı, loğmanı yetməz.
Qıvrılıb yatıram əzab içində,
Həmdəmim olası savabım yoxdu.
Ömrüm itib-batıb əkin-biçində,
Bir qarnım yalavac, bir qarnım toxdu.
Yaşım çoxaldıqca boyum kiçilir,
Əkdiyim ağaclar məndən böyükdü.
Oğrun-oğrun ömrüm, günüm biçilir,
Gəzməyə tabım yox, əsam çürükdü.
Tanrı dərgahına yetişmək üçün
And-aman etməkdən sonuma yetdim.
Qatarmı tələsdi, mənmi yubandım? -
Bir onu bilirəm bir az gecikdim...
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)
Dorsa Deraxşani barədə danışacağam
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Sənə öz ölkəndə dəyər verməyəndə, sənin istedadına məhəl qoymayıb zorla səni molla rejiminin buxovlarına saldıqda – molla rejimi deyirəmsə, duydunuz ki, söhbət İrandan gedir – onda sən də məqam tapıb ölkədən qaçarsan. Ölkənə qazandıracağın şöhrəti başqa ölkəyə qazandırarsan.
Dünyaşöhrətli, fenomenal rejissor Pənahinin başına nələr gətirdilər, azadfikirliliyinə görə hətta həbsə də saldılar. Amma Cəfər Pənahidən danışmayacağam, Dorsa Deraxşani barədə danışacağam.
İranın görkəmli şahmatçısı Dorsa Deraxşani, İran yığma komandasının hicabsız oynamağa icazə verməməsindən sonra, o da dirəniş göstərdiyinə, hicab taxmayacağını söylədiyinə görə ona milli komanda üzvlüyü qadağan edilib və İranda yarışlarda iştirak etməsinə icazə verilməyib.
O da fürsət düşəndə ölkəni tərk edərək İranın ən qatı düçməni olan ABŞ-a pənah aparıbdır. Hazırda o, ABŞ-da uğurla karyera qurur. ABŞ yığması üçün çıxış etməyə başlayıb. Şahmatçı Münhendə keçirilən TEDx Youth konfransında da çıxış edib, orada peşəkar yolundan danışaraq seçim azadlığına məsuliyyətlə yanaşmağı tövsiyə edib.
Bax belə, əsassız qaydalara bağlılıq, bütün bir dövləti üstünlüklərdən məhrum edə bilər.
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)
“Dərədən-təpədən”i xatırlayanınız varmı?
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, bir şairimiz vardı, Məmməd Aslan. Vətəni Kəlbəcər yağı əsarətində olduğu üçün qələmini bu nisgilə kökləmişdi. Həm də AzTV-də bir veriliş aparırdı, “Dərədən-təpədən” adlı. Populyar idi bu veriliş, maraqlı mövzulara toxunardı, əm əsası, dili xalqın zəngin ibarələri ilə doluydu bu ağsaqqal kişinin. Ona qulaq asanda sanki dağların qarını, bulaqların pıqqıltısını, yovşanların ətrini duyurdun.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməyib. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyadıb. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllim kimi başlayıb. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışıb, "Yazıçı" nəşriyyatında böyük redaktor olub. Azərbaycan Dövlət Teleşirkətinin "Ekran-Efir" qəzetinin baş redaktoru olub.
Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlayıb. Dövri mətbuatda müntəzəm çıxış edib. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşıb. Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" (1980) şeirlər məcmuələrini şərikli tərcümə edib.
Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 4 noyabr tarixli fərmanı ilə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. 5 aprel 2000-ci il Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Kitabları
1. Allahın rəsulu
2. Dağ ürəyi
3. Böyürtkən böyrü tikan
4. Səhəri kim açır
5. Səsimə səs ver
6. Bizdən sonra nə qalır
7. Ürək möhlət verəydi
8. Durnalar lələk salır
Məqalələri
- Dəlidağın körpə şairi
Tərcümələri
1. Türk xalqlar şeirlərindən seçmələr
2. Yunus İmrə, Aşıq Veysəl, iki zirvə
Filmoqrafiya
1. Bu torpağın nemətləri
2. Məmməd Aslan
3. Soyuq münasibət
4. Şirvan qoruğu
5. Böyük ömrün 7 anı
Məmməd Aslan 23 sentyabr 2015-ci ildə Zaqatalada vəfat edib. Masazır qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)
Güney Azərbaycan Poeziyası Antologiyasında Əli Cavadpurun “İtin balası da baladır” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Əli Cavadpurun şeirlərini təqdim edir.
Əli Cavadpur
Təbriz
İTİN BALASI DA BALADIR..
Bu qədər it balasına
Kimdir yal verən deyə?!
Beş küçükdən dördünü
Basdırdılar diri-diri!
Bir birindən gözəl və totuq idi
İt küçükləri.
Zingiltiləri yandırdı göyü-yeri
İt ürəyi dözmədi, ana ürəyi idi
Eşdi çıxartdı balaların.
Ağzından alıb yenə basdırdılar adamlar!
Ana itin başına hava gəldi
O havada bala səsi var idi
Dilin yelə verə-verə qudurdu
Küçüklərin anası!
Adamların balasına hürdü
Küçüklərin anası!
Havalar soyudu, qar yağdı
Hələ dünyanın üzü də ağardı.
Qancıqlar köpəklər uladı yana-yana
Hər şey qarın altında qaldı
Qaldı gün çıxana.
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)
Ədəbiyyatın və incəsənətin ZƏİF YERİ
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, «Ədəbiyyat və incəsənət» portalının Cənub təmsilçisi
(Ədəbiyyat və incəsənət sahəsində etika dəyərlərinə sayğı ilə yanaşanlara ithaf olunur!)
Ədəbiyyat və incəsənət bəşər övladının ən dəyərli və qiymətli məşğuliyyət sahələrindən, yaradıcılıq nümunələrindən sayılır. Hər iki sahə sözün həqiqi mənasında maraqlı, dəyərli və mənə görə, müəyyən baxımdan müqəddəsdir. Bunlar insanoğluna xas olan sahələr olmaqla yanaşı, həm də tarix boyu bir sıra ciddi problemlər və bəzən qeyri-etik olaylarla üzləşmişdir. Çünki hər iki sahənin bir sıra zəif yerləri vardır. Əsas problemlər, münaqişə, qarşıdurma və bəzən də fiziki toqquşma və fəsadlar bir çox hallarda həmin zəif yerlərdən qaynaqlanır.
Ədəbiyyat və incəsənət sahəsində satira, yumor, ironiya və həcv kimi mövzulardan söz açılır və bunların hər biri haqqında müəyyən təriflər və qaydalardan bəhs olunur. Hər bir mövzu ilə yaxından məşğul olan və bu sahədə müsbət və ya mənfi anlamda yaradıcılıqla məşğul olanlar mövcuddur.
Terminlərin izahı:
Burada hər şeydən öncə həmin terminlərin mənası ilə ümumi formada tanış oluruq:
Satira:
Latın sözü olub terminologiyada müəllifin hadisə və adamlara gülüş və qınaq yaradan münasibətinin daha sərt obrazıdır. Satira bədii gülüşün bir növü sayılır. Satiranın yumordan fərqi onun açıq tənqid, rəqib və düşmən sözü kimi deyilə bilməsi, öz obyektini ifşa niyyəti daşımasıdır. Məlumat üçün qeyd etmək lazımdır ki, XIX əsr Azərbaycan satirik ədəbiyyatının qızıl dövrü sayılır. Q.B.Zakir, S.Ə.Şirvani və M.Ə.Sabir satirik poeziyanın böyük ustaları kimi tanınırlar. Lakin bu, onların həmin sahədə tam səhvsiz və qüsursuz olması anlamında deyil...
Yumor:
Həyatdakı gülünc, komik hadisələri, insanların zəif cəhətlərini və nöqsanlarını əks etdirən, gülüş doğuran əsərlər; ədəbiyyatda tərbiyəvi əhəmiyyət daşıyan tənqidi gülüşün bir növündən ibarətdir. Yumor ironiya ilə müqayisədə daha sərt münasibət sayılır. Yumora dost gülüşü də deyilir və qəzetlərdəki satirik səhifələrdə xüsusi rubrika kimi aparılır. Lətifə isə onun mühüm formalarından biridir.
İroniya:
Qədim yunan dilində "bəhanə", "ikiüzlülük" və "lağlağı" kimi izah edilir. Burada həqiqi məna gizlədilir və ya aşkar mənaya zidd olur. İroniya insanda belə hal yaradır ki, sanki, müzakirə predmeti görünən kimi deyildir. İroniya həm də deyilən sözlərin mənfi halda ifadə olunmasıdır. Məsələn: "Sən igidsən!", "Ağıllı-kamallısan…" - deməklə burada müsbət fikirlər mənfi məna daşıyır. İroniya bir yazıçının təsvir etdiyi adamlara və hadisələrə tənqidi münasibətinin ən zərif formasıdır. (Hər üç termin barədə ətraflı məlumat üçün bax: "Ədəbiyyat nəzəriyyəsi", Rəhim Əliyev, səh: 257-259. Mütərcim, Bakı, 2008).
Həcv:
Ərəb sözü olub, lüğətdə ələ salmaq, istehza, məzəmmət və təhqir etmək, alçaldıcı tənqid, söyüş söymək, aşağılamaq, müəyyən bir şəxsin eyblərini sadalamaq və alçaltmaq kimi mənalarla izah edilir. Həcv satiranın şəxsi məzmun daşıyan və ancaq şeirlə yazılan bir növüdür. Həcvdə müəllif öz şəxsi düşmənini ifşa edir və adətən söyüşlərdən də istifadəyə əl atır. Ədəbiyyat tarixində belə şeirlərin ən məşhur nümunələri şairlərin bir-birinə yazdıqları həcvlərdir.
Bu termin müəyyən bir şəxsə, ictimai quruluşa, yaxud həyatdakı mənfiliklərə qarşı yönəldilmiş istehzalı, kəskin, acı və kinayəli yazı kimi də izah edilmişdir. (Bax: "Azərbaycan dilinin izahlı lüğəti", 2/351. Şərq-Qərb, Bakı, 2006).
"Aşıq şeirinin poetik biçimləri və çeşidləri" kitabında bununla bağlı belə yazılır: "Klassik sənət ənənəsinə görə şair və aşıqlar özlərinin sənət və şəxsiyyətlərinə təhqiramiz münasibət hiss etdikləri zaman həmin hadisəyə və hadisənin səbəbkarına ünvanlanmış vulqar sözlərlə dolu şeir qoşurlar ki, bu da "həcv" adlanır. Həcvlərdə etik çərçivə gözlənilmədiyindən həcv qoşan aşıq və ya şair qarşı tərəfi aşağılamaq üçün vulqar ifadələrdən, söyüş və təhqirlərdən istifadə etməkdən də çəkinmir.
Həcv istər divan ədəbiyyatının, istərsə də xalq ədəbiyyatının ən müxtəlif şeir şəkillərində ola bilər. Aşıqlar həcv qoşarkən daha çox qoşma şəkilindən istifadə edirlər. Ustad sənətkarların yaradıcılığında nadir hallarda müraciət olunan həcvlər fərdi-qərəzkar səciyyə daşıdığından bu qəbildən olan mətnlər toy-düyün məclislərində, el-ailə içərisində söylənilməsi məqbul sayılmır". (Bax: "Aşıq şeirinin poetik biçimləri və çeşidləri", Məhərrəm Qasımlı, Mahmud Allahmanlı, səh: 131. Elm və təhsil, Bakı, 2018).
Subyektiv baxış:
İstər incəsənət, istərsə də ədəbiyyatda satira, yumor və ironiyadan istifadə etmək tam mənada yasaqlana bilməz. Ümumiyyətlə, bunları bir-başa həmin sahələrin zəif nöqtəsi kimi təqdim etmək də doğru yanaşma deyil. Sadəcə həmin sahələrə necə və hansı formada yanaşma önəmlidir. Təbii ki, bunların hər biri üçün mövcud qanunlar, xüsusilə də ağıl, etika və vicdanın tələbləri əsasında müəyyən çərçivə təyin edilməli və yalnız müəyyən edilmiş çərçivə əsasında addım atmaq lazımdır.
Mövcud qanunvericilik baxımından vətəndaşların şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddələr yer almış, dövlət və hökumət bu qanunların icrası ilə bağlı xüsusi məsuliyyəti öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində bununla bağlı belə yazılır:
"I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.
II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
III. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz..."
Nəticə etibarı ilə ədəbiyyat və incəsənət bütün özəllikləri və gözəllikləri ilə yanaşı heç bir halda heç bir insanın şərəf və ləyaqətini alçaltmağa vəsilə olmamalıdır. Bu qanunları pozan şəxslər üçün Cinayət Məcəlləsində xüsusi cəza tədbirləri də nəzərdə tutulmuşdur. Lakin həyatda məsuliyyətsiz olan bəzi nalayiq adamlar adətən qanun və cəzadan yayınmaq, xüsusilə də söz və tənqidlərini bir-başa və ünvanlı şəkildə deməkdən qorxduqları üçün bu kimi sahələrə baş vurur və beləliklə də heç bir ad çəkmədən kimisə qarşısına hədəf qoyaraq "həcv" adı altında nalayiq, əxlaqsız və tərbiyəsiz yazıları ilə çıxış etməklə əslində iç aləmindəki paxıllıq, məğlubiyyət və nakamlıq alovunu söndürməyə cəhd edirlər. Əlbəttə, bu arada həmin nalayiq işlərə imza atanları incələyib araşdırdıqda, belələrinin həqiqi yazıçı və şair olmadığı və sadəcə əlinə qələm alaraq özünü hörmətli yazıçılar və dəyərli şairlər sırasında gizlətdiyi bəlli olur. Belə bir nalayiq işə sifariş və xüsusi ödəniş qarşılığında əl atanların qəbahəti isə sözün həqiqi mənasında bu qısa yazıya sığmayacaq qədərdir.
İnsanoğlu ictimai bir varlıq olub, bu həyatda yalnız bir dəfə qonaq olduğu və müəyyən müddətdən sonra bu fani dünyanı tərk edib əbədiyyətə qovuşduğunu nəzərə alaraq öz davranışı, danışığı və yazılarında diqqətli olmalıdır. Qələm və incəsənətdən isə yalnız insani dəyərlər və ülvi hisləri yaşatmaq, insanlıq adına xidmət göstərmək üçün istifadə edilməlidir.
Hansısa bir səhnədə və ya yazıda təhqir, istehza və məzəmmət edilən, barəsində alçaldıcı təhqirlər və söyüşlərin istifadə edildiyi şəxsin yaxınları, əzizləri və sevənlərinin olduğu əsla unudulmamalıdır. Əslində mövcud olan haqsızlıq, əyrilik və yanlışlıqları xüsusi ustalıq, incəlik və məharətlə tənqid etmək, heç kimi təhqir etmədən fərqli və alternativ baxışı təqdim etmək mümkündür.
Ədəbiyyat, nəsr, şeir və poeziyada həcvə gəldikdə isə cinsi, dini, siyasi, ictimai və mədəni baxışından asılı olmayaraq heç bir insanı və heç bir toplumu təhqir etmək, alçaldıcı söyüşlər və təhqiramiz ifadələrlə aşağılamaq olmaz. Etika qaydalarına görə, söyüş, təhqir, alçaltma, məsxərə və ələ salma kimi əməllər heç bir sahədə və heç bir halda icazəli sayılmır. Ümumiyyətlə, söyüş və təhqirin adətən söyüş və təhqirə yol açdığı və ciddi fəsadlar törətdiyini kimsə unutmamalıdır. Həm də məşhur deyimə əsasən, evi şüşədən olan kəs başqasının pəncərəsinə daş atmamalıdır...
Ədəbiyyat və incəsənət sahəsinə də bunlar deyil, insani dəyərlər, ədəb və etika hakim olmalıdır. Kimsə incəsənət və ədəbiyyatı, xüsusilə də müqəddəs sayılan qələmi belə iyrənc işlərə bulaşdırırsa, bu ilk növbədə həmin şəxsin zatən həyatda tərbiyəsiz və nalayiq, həm də bir küçə adamı olduğunun göstəricisidir. Bu baxımdan, həyatda bacarıqlı senarist, yazıçı, ədəbi təhlilçi, tənqidçi, şair, aktyor, alim və s. olmazdan öncə etikalı və mədəni bir insan olmaq lazımdır. Məncə ədəbiyyat və incəsənət sahələrini bərbad hala qoyan və onlarda zəif yer və ya yerlərə yol açan əsas məsələ də bu sahələrə daxil olan bəzi şəxslərin insani keyfiyyət, etika və mədəniyyət baxımından korluq çəkməsindən ibarətdir. Məhz belələri həmin sahəyə kölgə salır və onu ləkələyirlər.
Bir yazıçı və ya şair əlinə qələm alıb nəsə yazarkən yazdığının fərqində olmalı, yazdığı yazılarla insanların qəlbinə fərəh və ümid bəxş etməyi, onları zülmət və qaranlığa deyil, ziya və aydınlığa doğru sövq etməyi, həmçinin, onlara ülvi hisslərindən coşub-gələn ən gözəl fikirləri və milli-mənəvi dəyərləri aşılamağı hədəf almalıdır.
Əslində elə ədəbiyyat sahəsində müxtəlif şəxs və ya şəxslərə, siyasi-ictimai quruluşa, yaxud həyatdakı mənfiliklərə qarşı etiraz və tənqidləri ad çəkmədən, eyni halda heç bir təhqir, söyüş və nalayiq ifadəyə yol vermədən etika və ədəb çərçivəsində dilə gətirmək və qələmə almaq mümkündür. Lakin əfsuslar olsun ki, özünü bu çərçivəyə sala bilməyən və əlinə qələm alaraq yalnız təhqir, söyüş, alçaldıcı, məzəmmət edici və bu digər bu qəbil söz və cümlələrə can atanlar həyatda nə qədər bacarıqlı və istedadlı qələm əhli (yazıçı, senarist, tənqidçi, təhlilçi, şair, nasir və s.) olsalar belə qələmi etikasızlıq, tərbiyəsizlik və əxlaqsızlığa bulaşdırmış "qəhrəmanlar" və "qələm pəhlivanları" sayılırlar. Belələri oxucuların zehni və yaddaşında ədəbiyyat və bədii yaradıcılıq sahəsində adətən istedadlı ədiblər kimi deyil, daha çox tərbiyəsiz və etikasız adamlar kimi qalır, yalnız özləri kimi etikasızlıq və tərbiyəsizlikdən əziyyət çəkənlər tərəfindən alqışa layiq görülürlər. Öz etikasızlığı və tərbiyəsizliyinin nəticəsində qalanmış odun tüstüsündən boğulan və odunda yananlar da hər kəsdən öncə elə onların özləri olur.
Hər halda qanuni məsuliyyətdən boyun qaçıraraq öz tərbiyəsizliyini həcv və satira adı altında sərhədləri keçərək nümayiş etdirənlər üçün xüsusi cəza tədbirlərinin hazırlanması bir zərurətdir. Bununla bağlı Mədəniyyət Nazirliyi və ya Azərbaycan Yazıçılar Birliyi nəzdində xüsusi bir monitorinq mərkəzinin təsis edilməsi və beləliklə də qələm, ədəbiyyat və incəsənət adına ləkə yaxan bu qəbil etikasızların aşkarlanması və cəzalanmasını təklif etmək olar. Bəlkə də belələri üçün ən ağır cəza onların müxtəlif mədəni, ədəbi və ictimai statuslardan və eləcə də fəxri adlardan məhrum edilməsi və mərhələli şəkildə ədəbiyyat və incəsənət sahələrindən uzaqlaşdırılması ən gözəl və yetərli olardı...
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)
Azərbaycanın ilk ali təhsilli müəllimlərindən biri - Süleyman bəy Əbdürrəhmanbəyzadə
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Sizə Azərbaycanın ilk ali təhsilli müəllimlərindən biri haqqında söhbət açmaq istəyirəm. H.Zərdabi, S.S.Axundov, A.Şaiq, F.Ağazadə, R.Əfəndizadə, S.M.Qənizadə, Ə.Kamal, M.Mahmudbəyov, R.Əfəndiyev, Ə.Hüseynzadə və digər görkəmli şəxsiyyətlərlə çiyin-çiyinə çalışmış Süleyman bəy Əbdürrəhmanbəyzadəni nəzərdə tuturam.
Bir müəllim kimi xalq arasında geniş nüfuz qazanmış, ölkəmizin tanınmış maarif xadimlərindən olan Süleyman bəy 27 iyul 1860-cı il tarixdə keçmiş Nuxa qəzasının Qarabaldır kəndində (indiki Oğuz rayonunun Qarabaldır kəndində) anadan olub. Nəsəbcə kəndli mülkədar-bəy sinfindən idi. Atası Səlim bəy Hacı Əbdürrəhman bəy oğlu, anası isə Fatma xanım Hacı Əbdürrəhim bəy qızı olub.
Hörmətli alimimiz Ə.Tahirzadənin “İ.Qutqaşınlı: Əsərləri” (“Lider nəşriyyatı”, Bakı-2005) kitabına yazdığı qeydlərə və aydınlatmalara görə, S.Əbdürrəhmanbəyzadə tanınmış yazıcı İ.Qutqaşınlı ilə eyni nəsildəndir. Onun əmisinin nəvəsi olub.
Orta təhsilini Nuxada (Şəkidə) alıb. 1878-ci ildə Nuxa şəhər altısinifli ali xalq məktəbinə gedib və 1883-cü ildə oranı bitirib. Attestatdakı 10 fənnin 5-dən qiymətləri “5+”, 5-dən isə “5”olmuşdur.
1883-cü ilin 26 avqustunda Tiflis Aleksandr Müəllimlər İnstitutunun direktoruna ərizə yazaraq qəbul imtahanlarına buraxılmasını xahiş edib. Qeyd edək ki, ondan başqa, həmin il bu məktəbə sənəd vermiş heç bir orta məktəb məzununun qiymətləri yuxarıda göstərilən kimi yüksək olmamışdır. O, imtahanlardan uğurla keçərək həmin İnstituta qəbul edilib. (Bu institut Bakı milyoncusu Ş.Əsədullayevin şəxsi vəsaiti hesabına fəaliyyət göstərirdi.)
Azərbaycanın görkəmli şəxslərindən Sultanməcid Qənizadə və Həbib bəy Mahmudbəyov Tiflis Aleksandr Müəllimlər İnstitutunda onun tələbə yoldaşları olublar.
Sonralar tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi olmuş S.Qənizadə onun haqqında belə yazmışdı: “Əbdürrəhmanbəyzadə Süleyman bəy … dərslərdə bizdən güclü idi... Bu yoldaş nəsəbcə kənd mülkədar-bəy sinfindən idi. Din və savad cəhətcə Nuxa sufiləri kimi fanatiklik dərəcəsində pəhrizkar bir vücud olduğundan, pansion mühitində mümkün olan qədəri şəriət şərtlərini mülahizə edirdi. İçkidən o payədə nifrətli idi ki, çaxır şişəsi olan süfrəyə əl uzatmazdı. Pasxa bayramlarında kuxnyamız üçün üç gün tətil olduğuna görə, süfrəmizdə kolbasa, qaxac və bu qisim qızartma, sovutmalı yeyintilər düzülürdü. Əbdürrəhmanbəyzadə bunlardan elə gen qaçardı ki, hətta boyalı yumurtalar donuz yağına bulaşdıqlarına ehtimal etdiyindən, onlardan da etiraz edərdi. Demək olurdu ki, məktəb pansionuna gəlib düşmüş bu adam həyat yolunda azıxıb öz zamanəsində yüz il sonra dünyaya gəlmişdi. Yemək-içmək, seyrü səfa…onu maraqlandırmazdı, əmin-amanlıq kölgəsində ciddi səylə öz dərsinə məşğul olduğundan, dərs kitablarından savayı özgə kitabları mütaliə etməzdi. Dörd ilin müddətində müxtəlif millətlərdən ibarət yüz nəfərlik pansion ailəsində …bir nəfər müxalif düşməni yox idi. Heç kəsin də onunla çəkişməsi olmazdı... Bu acizanə Allah bəndəsinin xəmrəsində şeytan sifətindən bilmərrə birisi də yox idi. Kin, küdurət, ədavət, söyüş, savaş Abdurraxmançikə də yaraşmazdı”.
S.Qənizadə onun haqqında bunları da bildirirdi: “Süleyman bəy uşaqlığını Ərəş uyezdinin “Qarabaldır” adlı xüsusi bir kəndində keçirdikdən sonra Nuxa şəhərində altıklaslı ali xalq məktəbində parlaq surətdə kurs qurtarıb instituta imtahan vermişdi. İnstitut ənənəsincə, hər il baş sırada qurtaran tələbələrə bir qızıl və iki gümüş medal ənam olunurdu. O ilki mürəxxəslər cümləsində qızıl medalın Abdurraxmançikə veriləcəyi gözlənirdi”.
Sonrakı qeydlərdən bəlli olur ki, “tatar” (türk) olduğuna görə Süleyman bəyə qızıl deyil, gümüş medal verilib. Ədəbiyyat müəlllimləri, şovinist vəbaşqa dinlərə, özəlliklə islama nifrət bəsləyən İvan Qorodenski ilə onun mübahisəsi düşüb və ona etirazını bildirib: “Bəli, biz də dinimizdən dönübxristian olsaydıq, yəqin ki, bizə də qızıl medalverirlərdi”.
Dörd il ali məktəbdə təhsil alan Əbdürrəhmanbəyzadəyə 14 iyun 1887-ci ildə Tiflis Aleksandr Müəllimlər İnstitutundan verilmiş attestatonun institutu bitirdiyini və şəhər məktəbi müəllimi rütbəsi aldığını təsdiqləyir.
Bu institut 50 ilə yaxın bir müddətdə vilayətlərin şəhər məktəbləri üçün müəllim kadrları hazırlayıb. O vaxt müsəlmanların şəhər məktəblərində müəllim işləməsi çar hökuməti tərəfindən qadağan edildiyindən ali təhsilini başa vuran Süleyman bəy də 1887-ci ildə Şuşa qəzasının Tuğ kəndinə müəllimtəyin edilib. 1888-ci ildən 1899-cu ilədək olan 11 ilmüddətində Xaçmaz (Oğuzda), Bum (Qəbələdə), Gülablı (Ağdamda) və Padar (Oğuzda) kəndməktəblərində müdir işləyib. 1899-cu ildə Nuxaşəhərinə birinci ictimai rus-türk məktəbinə müəllim keçirilib.
Ümumiyyətlə, 1901-ci ildən Bakı şəhərməktəbində ştatlı müəllim vəzifəsində işləməyə başlayanadək 6 məktəbdə çalışmışdır.
S.Əbdürrəhmanbəyzadə müəllim kimi xalq arasında geniş nüfuz qazanmışdı. Sonralar məşhur müəllim və uşaq yazıçısı olmuş Süleyman bəy Axundov (onlar şəxsən tanış olmuş, dərsliklərin hazırlanmasında birgə fəaliyyət göstərmişlər) özünü fərqləndirməkdən ötrü “Süleyman Sani” (“ikinci Süleyman”) adını götürmüş, beləliklə, Süleyman Əbdürrəhmanbəyzadədən sonra ikinci olduğunu nəzərə çarpdırmışdı.
O, bir sıra nüfuzlu komissiyaların üzvü olmuşdur. Belə ki, rus-müsəlman qadın əktəblərində müəllimə və müdir vəzifələrini tutmaqüçün ərizə verənlərin türk dilində müsabiqə imtahanını götürəcək şəhər idarəsinin seçdiyi özəl komissiyanın (Ə.b.Hüseynzadə və Əhməd Kamalbəylə), “Nicat” Müsəlman Maarif Cəmiyyəti qəzetinin redaksiya heyətinin və s. üzvü olmuşdur.
Həyatı boyu özünün içtimai-siyasi aktivliyi ilə fərqlənmiş, xalqın maariflənməsi üçün sağlamlığını belə əsirgəməmişdir. A.Şaiq, S.S.Axundov, H.Zərdabi, F.Ağazadə, R.Əfəndizadə, S.M.Qənizadə, M.Mahmudbəyov, R.Əfəndiyev, Ə.Kamal,Ə.Hüseynzadə və digər maarifpərvər ziyalılarla əməkdaşlıq etmişdir. 1906-cı ildə Azərbaycan müəllimlərinin birinci qurultayı keçirilərkən burada ən çox fəallıq göstərən müəllimlərdən də biri S.Əbdürrəhmanbəyzadə olub. “Həyat” qəzetində həmin qurultay haqqında getmiş yazıda onun da fəaliyyəti işıqlandırılıb. O, Azərbaycan müəllimlərinin ikinci qurultayının işində də fəaliştirak etmişdir.
S.Abdürrəhmanbəyzadənin məktəblər üçün dərsliklərin hazırlanmasında böyük əməyi olmuşdur. O, müəllimlərin birinci (1906) və ikinci (1907) qurultaylarından sonra Mahmud bəy Mahmudbəyov, Süleyman Sani Axundov, Abdulla bəy Əfəndiyev, Fərhad Ağazadə ilə birgə “İkinci il” dərsliyinin hazırlanmasına başlamışdı. Bir il sonra bu dərslik hazır idi. Dərslik həm pedaqoji, həm də didaktik-metodik cəhətdən yeni tələblərə cavab verirdi. Kitabın dilinin sadəliyi, aydınlığı, bədiiliyi, məzmununun dolğunluğu, metodik cəhətdən materialların seçimi, uşaqlara veriləcək biliklərin onların yaş və anlaqlıq səviyyələrinə uyğun olması, sadə xalq dilində yazılması, uşaqlarda bədii zövq tərbiyə etməsi, cəlbediciliyi onun əsas məziyyətləriidi. Təsadüfi deyildir ki, Süleyman Sani Axundov “İkinci il”i "inqilabvari dərslik" adlandırmışdır. Ü.Hacıbəyov isə "Tərəqqi" qəzetində çap etdirdiyi rəydə yazırdı:“İkinci il" tərbiyə işlərində uşaqlarınhəm qəlbini, həm ağlını və həm də zövqünü tərbiyə edəcək”. C.Məmmədquluzadə Ö.F.Nemanzadə və digərləri də dərsliyi yüksək qiymətləndirmişdilər. Həmin dərslik 1920-ci illərdə təkmilləşdirmələrlə yenidən nəşr olunaraq I pillə məktəblərdə istifadə olunmuşdur.
Süleyman bəy Əbdürrəhmanzadə 1922-ci ildə Mahmud bəy Mahmudbəyovun başçılığı ilə hazırlanmış “Yeni türk əlifbası” adlı başqa bir dərsliyin də həmmüəlliflərindən olmuşdur.
O, dönəmin ən məşhur pedaqoji nəşrlərindən biri “Dəbistan” dərgisi, “Rəhbər” jurnalı və “Nicat” qəzeti ilə fəal əməkdaşlıq etmişdir. Əbdürrəhmanbəyzadə 1906-cı ildən nəşrə başlayan və ilk pedaqoji jurnal olan “Dəbistan”ın sonuncu nömrəsində "Dil millətin həyatına bir vasitədir" başlıqlı yazısında ana dilimizin qorunması və işləkliyi baxımından H.Zərdabinin gördüyü işlərdən söz açmışdır. “Nicat” qəzetinin 1911-ci il 12-ci sayında onun hekayəsini, 56-cı sayında isə Mirzə Fətəli Axundzadənin yubileyi haqqında yazısını oxuyuruq.
14 dekabr 1917-ci ildə Bakı III ali ibtidai məktəbinin müəllimi S.Əbdürrəhmanbəyzadə Bakı Şəhər İdarəsi məktəblər komissiyasının sədrinə yazdığı ərizədə bu ilin dekabrından onu xidmətdən çıxmış saymağı və Şəhər Duması qarşısında ona şəhər məktəbindəki 16 illik xidmətinə görə təqaüd təyin edilməsi haqqında vəsatət qaldırmağı xahiş edib və görünür, elə o zamandan da təqaüdə çıxıb.
Xalq Maarif Komissarlığı Məktəb Şöbəsinin müdir əvəzi Komissarlığın Kollegiyasına məktub göndərərək keçmiş Xalq Müəllimi, 33 il qulluq etmiş, yaşlı və az qala kor olan Süleyman bəyə ayda 6.000 manat yardım göstərilməsini xahiş edib. Komissarlığın Kollegiyası 12 iyun 1920-ci ildəyardım göstərilməsini təxirə salaraq, istənilən məbləğin hansı maliyyə qaynağından götürülə biləcəyini aydınlaşdırmağı təklif edib. Xalq Maarif Komissarlığının 21 iyul 1920-ci il tarixli kollegiyaiclasında 33 il xidmət etmiş, indi iflic olmuş və hədsiz ağır maddi duruma düşmüş müəllim Əbdürrəhmanbəyzadəyə birdəfəlik 1.000.000 manat həcmində yardım verilməsi və ona özəl sosial təminat kəsilməsi haqqında məsələyə yenidən baxılmışdır. Kollegiya həmin məbləği ödəməyi qərara almış və Xalq Komissarları Şurası qarşısında ona müəllimlərin orta əməkhaqqı hesabı ilə aylıq sosial yardım göstərilməsi haqqında vəsatət qaldırmışdı.
S.Əbdürrəhmanbəyzadənin 1922-ci ildə Bakıda vəfat etdiyi güman olunur.
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)
Vaqif Səmədoğlu Anarın müdafiəçisi kimi
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
VAQİF SƏMƏDOĞLU ANARIN MÜDAFİƏSİNƏ QALXDI
“Yazıçılar Birliyinin rəhbərliyinə başqa adam gətirilsə, təşkilat dağılacaq”
“Yazıçılar Birliyinin rəhbərliyinə başqa adam gəlsə, bu qurumun olan-qalanı da əldən gedəcək. Onda Yazıçılar Birliyi iflic olacaq, nə təşkilat qalacaq, nə də binası. Bu gənclərin arxasında duranlara hansı idarənin rəhbərliyi həvalə olunubsa, ora dağılıb, onlara tapşırılan nəşriyyat kimi... Həmin adamlar Yazıçılar Birliyinin rəhbərliyinə gətirilsələr, bu təşkilat dağılacaq”.
Bunu APA-ya verdiyi açıqlamasında şair-dramaturq Vaqif Səmədoğlu deyib. Onun sözlərinə görə, Yazıçılar Birliyinin rəhbərliyinə qarşı hücumlar haqsızdır və bu hücumların arxasında duranlar yanılırlar. V.Səmədoğlu gənc yazarların dövlətdən qayğı istəməsini başa düşmədiyini deyib: “Gənc yazıçılar nə istəyir, bilmirəm. Hansı qayğıdan söhbət gedə bilər? Əvvəllər sovet hökuməti vardı, yazıçılara evdən, maşından verirdi”.
“Azadlıq” qəzeti, 17 may 2006
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)
SSRİ Xalq Artisti adını hər adam ala bilməzdi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Opera sənətimizin krifey nümayəndəsi idi o. Tək Azərbaycanda deyil, bütün SSRİ-də, socialist düşərgəsində ad eləmişdi. Onun iştirak etdiyi tamaşalara bilet tapılmazdı… SSRİ Xalq Artisti adını almışdı, bu adı hər adam ala bilməzdi
Sizə Firəngiz Əhmədova barədə danışıram…
Firəngiz Əhmədova 23 sentyabr 1928-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil olub. Vokal sənətində ilk dərslərini həmin məktəbdə almağa başlayıb. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1946–1951-ci illərdə Azərbaycan Radiosu Xorunun, 1951–1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
Konservatoriyanın ikinci kursunda oxuyanda onu Opera və Balet Teatrına dəvət ediblər. Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış edib. Əsas partiyaları: Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Sevil ("Sevil", F. Əmirov), Səriyyə ("Azad", C. Cahangirov), Sona ("Bahadır və Sona", S. Ələsgərov), Maro ("Daisi", Z. Paliaşvili), Aida ("Aida", C. Verdi), Toska ("Toska", C. Puccini) və s.
Firəngiz Əhmədova Azərbaycanın opera sənətinin inkişafında çox böyük rol oynayıb. Opera tamaşalarında böyük sənətkarlarla — Bülbül, Müslüm Maqomayev, Rauf Atakişiyev və başqaları ilə tərəf-müqabil olan Firəngiz Əhmədova o illərdə Sovet İttifaqına daxil olan respublikalarda, eləcə də Çexoslovakiya, Polşa, Bolqarıstan, Rumıniya və başqa ölkələrdə qastrol səfərlərində oldu, Azərbaycan mədəniyyətini layiqincə təmsil edib.
Opera sənətində yüksək uğurlar qazanan Firəngiz Əhmədova müxtəlif kamera əsərlərinin və romansların bənzərsiz ifaçısı kimi də tanınıb. O, Üzeyir Hacıbəylinin "Sənsiz", Asəf Zeynallının "Ölkəm", Niyazinin "Arzu", Əşrəf Abbasovun "Heyran olmuşam", Ağabacı Rzayevanın "Oxu, gözəl", eləcə də P. Çaykovski, S. Raxmaninov, S. Taneyev və digər klassik rus bəstəkarlarının romanslarını və mahnılarını sənətkarlıqla ifa edib.
Firəngiz Əhmədova 1989-cu ildən ildən Azərbaycan Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib. SSRİ Ali Sovetinin (4-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5-ci çağırış) deputatı olub. Ölkəmizdə opera sənətinin inkişafı sahəsində nailiyyətlərinə görə o, Azərbaycan SSR əməkdar artisti, Azərbaycan SSR xalq artisti və SSRİ xalq artisti fəxri adlarına, müxtəlif orden və medallara layiq görülüb, o cümlədən müstəqil Azərbaycanın ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif olunub. 2002-ci ildən prezident təqaüdçüsü olub.
Filmoqrafiya
1. O olmasın, bu olsun
2. Konsert
3. Sevil
4. Azərbaycan elləri
5. Firəngiz Əhmədova
6. Onu bağışlamaq olarmı?
Korifey sənətçi 16 dekabr 2011-ci ildə Bakı şəhərində vəfat edib və I Fəxri Xiyabanda dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)


