Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Siyasi baxışlarına görə uzun müddət xaricə çıxışına qadağa qoyulan Əziz Nesinə 1965-ci ildə pasport almağa icazə verilir. Bu hadisədən dərhal sonra o; Bolqarıstan, Rumıniya, Almaniya, Polşa və Sovet İttifaqını əhatə edən geniş bir səyahətə çıxır. Bu səfər duracaqlarından biri də Azərbaycan olur.
Nesin orada azərbaycanlı dilçilərlə yaşadığı "uydurma söz" polemikaları ilə bağlı xatirəsini "Akbaba" jurnalının 1 dekabr 1965-ci il tarixli sayındakı məqaləsində belə nəql edir:
Üç ay əvvəl Bakıdaydım. Azərbaycan ziyalıları ilə dil davasından danışırdıq. Onlar da dilin özləşməsinə bir növ qarşı idilər. İçlərindən biri dedi:
— Dil məhv oldu, uydurma ilə dil olmaz!
— Nədir uydurulan? — deyə soruşdum. Başladı bu nümunələri verməyə:
— "Stüardessa" yerinə guya "göyqonaqsal arvad" uydurublar, düzdür? Avtomobilin türkcəsi guya "özitişməli götürgəc" imiş, heç belə şey olar? "İmambayıldı" yeməyinə "içi keçmiş dindar kişi" deyirlərmiş...
Baxın, dil geriçilərinin uydurduğu bu yalanlar ta Azərbaycana qədər gedib çıxıb.
Siz də çox eşitmiş olarsınız bu yalanları. Güya siqaretin türkcəsi "tüstüsəl dumanğac" imiş. Döşəkçənin türkcəsi "qıça qoyğan" imiş. Velosiped "ayaq itər götürgən" imiş. Hələ "İstiqlal Marşı" da guya olub "Milli düttürü"...
Otuz beş il əvvəl həqiqətən də "rəhmətlik" yerinə "keçmişi xınalı" desəydilər, lap yerinə düşərdi. Çünki bu qədər yalançıya onsuz da rəhmət düşməz ki...
“Ədəbiyyat və incəsənət”
(26.03.2026)


