İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu yazı kontrabas ifaçısı barədədir və bu yazını hazırlayanda maraq üçün iki-üç tanışımdan “kontrabas nədir” deyə soruşdum. Yalnız biri kontrabası tanıdı. Tanımaq səbəbi də “Nikolayın evi” adlı teleserialda komedik aktyor İlkin Misgərlinin bu alətlə macəralarını görməyidir.
Buna kimi bu sayaq şit, məzmunsuz filmlərin heç nəyə faydası olmaması qənaətində idim. Amma indi fikrim dəyişib. Əgər kimsə bu filmin sayəsində kontrabası tanıyıbsa, buna da min şükür.
Görkəmli kontrabas ifaçısı İlyas Hüseynov 1924-cü il sentyabrın 22-də Bakı şəhərində anadan olub. Yeddi yaşından fortepiano, 10 yaşından piano ilə məşğul olmağa başlayıb. Böyük Vətən müharibəsinin iştirakçısı olan musiqiçi müharibədən döndükdən sonra musiqi fəaliyyətini davam etdirib. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) M. M. Çudnovskinin sinfində təhsil alan İ. Hüseynov öz müəlliminin ənənələrini davam etdirərək pedaqoqun vəfatından sonra kontrabas sinfinə rəhbərlik edib.
Sonralar konservatoriyanın professoru olub. İstedadı və bacarıqlı ilə seçilən sənətkarın yetişdirdiyi tələbələr həm ifaçı, həm də pedaqoq kimi nəinki Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda böyük şöhrət qazanıb.
İ. Hüseynov pedaqoji fəaliyyətlə yanaşı,Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik orkestrində kontrabasçılar qrupunun konsertmeysteri olub, kamera orkestrində fəaliyyət göstərib. O, kontrabas aləti üçün dərslik, metodiki tövsiyələrin müəllifi olmaqla yanaşı, milli musiqi nümunələrinin kontrabas aləti üçün işləmələrini də həyata keçirib.
Bunların sırasında "Elegiya — İsrafimzadə", Qara Qarayevin "Yeddi gözəl" baletindən solo, Üzeyir Hacıbəylinin "Gülşən" baletindən rəqs və Azərbaycan bəstəkarlarının simfonik əsərlərindən parçaları qeyd etmək olar. Daha sonra sənətkar ailəsi ilə birgə Almaniyanın paytaxtı Berlin şəhərinə köçüb və yaradıcılığını orda davam etdirib.
Mükafatları
1. "Əməkdə fərqlənməyə görə" medalı
2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
İlyas Hüseynov 2017-ciilin 12 yanvarda– tam 93 yaşında Berlin şəhərində vəfatedib. Berlin şəhərində də dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)