Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün “Koroğlu” və “Manas” kimi qəhrəmanlıq dastanlarından danışacağıq.
Türk dünyasının iki ən möhtəşəm epik abidəsi- Azərbaycan və Anadolu coğrafiyasında formalaşmış Koroğlu dastanı ilə Qırğız xalqının milli eposu sayılan Manas qəhrəmanlıq fenomenini təsvir və təqdimetmə baxımından həm ortaq mədəni kodlar, həm də fərqli ideoloji çalarlar daşıyır. Bu dastanlar yalnız bədii əsərlər kimi deyil, həm də xalq yaddaşının, milli kimliyin və sosial-siyasi dəyərlərin formalaşdırıcı elementləri kimi mühüm əhəmiyyətə malikdir. Onların qəhrəmanlıq diskursunun müqayisəli təhlili türk epik düşüncəsinin mahiyyətini və onun müxtəlif tarixi mərhələlərdə necə dəyişdiyini anlamağa imkan verir.
Manasdastanı türk epik sistemində ən genişhəcmli və çoxqatlı struktur quruluşuna malik nümunədir. Burada qəhrəman obrazı təkcə fərdi cəsarətin simvolu deyil, həm də bütöv bir xalqın varlığını qoruma və milli birliyi bərpa etmək missiyasının daşıyıcısıdır. Manas obrazı ətrafında formalaşan motivlər əsasən xalqın düşmənə qarşı səfərbər olunması, torpağın və kimliyin müdafiəsi, qəhrəmanın isə yalnız fiziki gücü ilə deyil, həm də təşkilatçılıq və liderlik bacarığı ilə önə çıxması üzərində qurulmuşdur. Qırğız elmi ənənəsində Manas çox vaxt «xalqın ruhu» kimi təqdim edilir və onun qəhrəmanlığı şəxsi maraq yox, kollektiv taleyə xidmət kimi yozulur. Bu baxımdan, Manas dastanının qəhrəmanlıq konsepti dövlətçilik və milli suverenlik ideyaları ilə sıx bağlıdır.
Koroğlu dastanı isə qəhrəmanlıq anlayışına fərqli bir istiqamətdən yanaşır. Bu dastanın əsas qəhrəmanı olan Koroğlu bəzən təkbaşına haqsızlığa qarşı çıxan bir üsyançı, bəzən də sosial ədalət uğrunda mübarizə aparan xalq müdafiəçisi kimi təsvir edilir. Onun mübarizəsi genişmiqyaslı dövlətçilik ideyasından çox, konkret zalım hakimlərə və feodal təbəqəyə qarşı yönəlmişdir. Bu səbəbdən də Koroğlu dastanında qəhrəmanlıq fərdi təşəbbüs, şəxsi ləyaqət və xalqın gündəlik ədalət duyğusu ilə daha çox bağlıdır. Əgər Manas daha çox mərkəzləşdirilmiş və dövlətləşmiş qəhrəmanlıq modelinə uyğun gəlirsə, Koroğlu xalqın içindən çıxan və xalqla birgə nəfəs alan qəhrəman obrazını təmsil edir.
Hər iki dastanda qəhrəmanlıq motivləri cəsarət, sədaqət, səbr və əzm kimi ortaq etik dəyərlərlə ifadə olunsa da, bu dəyərlərin tətbiq sahəsi və diskursiv təqdimat forması fərqlidir. Manas qəhrəmanlığı rituallaşmış və mərkəzləşdirilmiş bir epik sistemin məhsulu olaraq kollektiv ideologiyanın daşıyıcısıdır. Manas dastanı ifaçı-manasçıların nəsildən-nəslə ötürdüyü zəngin performativ ənənə ilə möhkəmləndirilmişdir və onun qəhrəmanlığı xalqın milli yaddaşında müqəddəs bir obraz kimi yaşadılır. Koroğlu dastanı isə daha çox aşıq və ozan mühitində, improvizasiya elementləri ilə zəngin şəkildə ifa olunur və qəhrəmanlıq burada daha çox sosial tənqid və xalq ədalətinin bədii ifadəsi kimi çıxış edir.
Bundan başqa, iki dastanın tarixi inkişaf kontekstləri də qəhrəmanlıq diskursunun formalaşmasına təsir etmişdir. Manas dastanı əsasən Qırğız xalqının müstəqillik uğrunda mübarizə yaddaşı ilə bağlı formalaşmış və xüsusilə sovet dövründə milli kimliyin rəsmi simvoluna çevrilmişdir. Koroğlu dastanı isə Osmanlı, Azərbaycan və İran kimi fərqli siyasi-mədəni mühitlərdə yayılaraq çoxsaylı lokal variantlarda inkişaf etmiş, buna görə də onun qəhrəmanlıq diskursu daha çox sosial-etik müstəviyə yönəlmişdir.
Nəticə etibarilə, Manas və Koroğlu dastanları qəhrəmanlıq ideyasını fərqli tarixi, sosial və mədəni kontekstlərdə formalaşdıraraq türk epik düşüncəsinin iki mühüm qütbünü təmsil edir: Manas kollektiv və dövlətçi qəhrəmanlıq modelini, Koroğlu isə fərdi və sosial ədalət yönümlü qəhrəmanlıq modelini. Bu fərqlər yalnız dastan qəhrəmanlarının xarakterində deyil, həm də onların ətrafında formalaşan performativ ənənələrdə, mədəni kodlarda və ideoloji təyinatlarda özünü göstərir. Beləliklə, hər iki dastanın müqayisəli təhlili türk xalqlarının epik dünyagörüşündə qəhrəmanlığın çoxşaxəli və dəyişkən bir anlayış olduğunu nümayiş etdirir.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)