Super User
Arzu Əyyarqızı "Qələm tutan incə əllər"də...
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində Cəlilabad ədəbi mühitinin xanım yazarlarını təqdim edir. Həmin layihə çərçivəsində təqdim edəcəyim növbəti söz və qələm əhli Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-şair Arzu xanım Əyyarqızıdır.
Qısa təqdimat:
Arzu Əyyarqızı Mayılova (Arzu Əyyarqızı): 1990-cı ilin noyabr ayının 20-də Cəlilabad rayonunun qədim tarixə malik olan Şatırlı kəndində dünyaya göz açıb. 1997-ci ildə doğulduğu kənddə Araz Qardaşxanov adına tam orta məktəbdə ibtidai təhsilə başlamış, 2008-ci ildə həmin məktəbi uğurla bitirərək məzun olmuşdur.
Orta məktəbi bitirdikdən sonra Cəlilabad Tibb Kollecinə daxil olaraq burada həkimlik üzrə orta ixtisas təhsili almış və diplomunu almışdır. Bir müddət Cəlilabad Müalicə Diaqnostika Mərkəzində baş tibb bacısı kimi çalışmış, ailə həyatı qurduqdan sonra bu vəzifəsindən öz ərizəsi ilə çıxmışdır. Lakin buna rəğmən hal-hazırda yaşadığı məkanda tibb bacısı kimi fəaliyyət göstərərək insanlara xidmət edir.
Anası və dayıları ədəbiyyat sahəsində olduğuna görə, bəlkə də genetik olaraq onun özü də bu sahənin vurğunu olmuşdur. Belə ki, hələ uşaq yaşlarından etibarən ədəbiyyat sahəsinə maraq göstərmiş, III sinifdə oxuyarkən isə ilk şeirini qələmə almışdır.
Hal-hazırda rayonumuzun şeir və poeziya sahəsində yazıb-yaradan gənc xanım şairlərindən biridir. Əsərləri mütəmadi olaraq dövrü mətbuatda dərc edilir. Ölkə hüdudlarından kənarda, Təbrizdə və Tehranda da onun qələmə ilə yazılmış şeirləri müxtəlif qəzet, dərgi və dərgilərdə işıq üzü görür. Müxtəlif antologiya və almanaxlarda da Arzu Əyyarqızının imzasını görmək mümkündür. Onun qələmə aldığı şeirlərin mövzu dairəsi genişdir. Bir neçə musiqi sözlərinin müəllifidir.
"Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, eyni halda ölkənin nüfuzlu bədii-ədəbi saytlarından olan "Zərif kölgələr" saytının idarə heyətinin üzvüdür.
Məlumat üçün bunu da, qeyd etmək lazımdır ki, öz milli-mənəvi dəyərlərinə sıx bağlı olan, eyni halda Azərbaycan xanımlarının baş milli baş geyimi olan kəlağayının ölkə səviyyəsində təbliğ olunmasında xüsusi rolu olan xanım şairin indiyədək bədii ədəbiyyat sahəsində 3 kitabı işıq üzü görmüşdür. Onlar aşağıdakılardan ibarətdir:
1. "Qəlbimin səsi" (2011);
2. "Açılsa dünyanın bəsirət gözü" (2023);
3. ''Ən müqəddəs pay kəlağay" (2024).
"Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin sədri, şəxsi “Kəlağayı Muzeyi”nin direktoru, AYB və AAB-nin üzvü Güllü Eldar Tomarlı onun bu il işıq üzü görmüş son əsərinə yazdığı təqdimatda belə yazır: "Uğurlu söz adamını söz yaşadır və yaşadacaq. Arzu xanım da buna əmindi. Çünki sözün xidmətində vicdanla dayanıb. Nə olsun ki, zamanın ən ağır şələsi - söz və fikir yükü belindədi, yorulmur, usanmır, qələminə müraciəti qəlbinin hökmüdür: "haqsızlığın kəs bağrını, ədalətin hakimi ol, yaz, qələmim, yaz doğrunu, Vicdanıma salma ləkə, təriflərə etmə meyil, Haqqı qoru, Haqqa əyil!". Arzu Əyyarqızının söz, fikr, düşüncə dünyasının leytmotivi budur! Mən hər şeirə poeziya demirəm. Arzu xanımın "Ruhum içir göz yaşımı" şeiri ilahi dərdin poeziyasıdır!"
2025-ci ildə Cəlilabad ədəbi mühitinin xanım yazarları barədə ilk dəfə olaraq yazılıb işıq üzü görmüş "Qələm tutan incə əllər" kitabında onun həyat yolu və poeziya nümunələrindən danışılmış, Cəlilabad ədəbi mühitini layiqincə təmsil etdiyinə görə, "Həməşəra" Fəxri Diplomuna layiq görülmüşdür. Həmçinin, bu ilin iyun ayında Azərbaycan Yazıçılar Birliyinin üzvülüyünə qəbul edilmişdir.
Arzu xanım həm də son zamanlar fəaliyyətə başlamış "Həməşəra Poeziya Məclisi"nin yaradıcısı və rəhbəridir. Ailəlidir, üç övladı var.
Bədii ədəbiyyat nümunələri:
Arzu Əyyarqızının qələmi ilə yazılmış şeirlərdən bir neçəsi ilə tanış olaq:
"İtirmişik"
Zaman gedir, ölüm yaxın biz gəlmirik özümüzə,
Elə şirin görünür ki, dünya bizim gözümüzə,
Bizdən geri qalan nədir, heç baxmırıq izimizə,
Özümüzü itirmişik!
Haqq-ədalət itib-batıb, insanların arasında,
İnsan özü dayanıbdır şeytanların sırasında,
Nəfsimiz də yuva salıb gözümüzün qarasında,
Gözümüzü itirmişik!
Öz donumuz yarım, yamaq, özgəsinə bürünürük,
Maska geyib üzümüzə başqa cürə görünürük,
Azdıq ömrün yollarında o dünyaya sürünürük,
İzimizi itirmişik! Özümüzü itirmişik!
"Sən demə eşq bu imiş"
Əllərim boş cibimdə,
Yenə ürəyim dolu.
Fikirlərdən yüküm var,
Bağlıdır arzu yolu.
Gözlərim də dikilib,
Dənizin gözlərinə.
Səma başını qoyub,
Dənizin dizlərinə.
Dəniz səmaya vurğun,
Mən dənizin özünə.
Dalğalar qəzəb ilə,
Düşür ləpə izinə.
Buludlar da vurğundur,
Ağappaq ləpələrə.
Qovuşmaqçün köç edir,
Dağlara, təpələrə.
Sən işə bax, ilahi,
Sən demə eşq bu imiş.
Alovun da vurğunu,
Söndürəni, su imiş.
Son olaraq doğma elimizin tanınmış şairi Arzu xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(22.08.2025)
Turqut Uyarın anım gününə
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Türk poeziyası mövzusuna baş vursan, saatlarca danışmalı olarsan. Həm klassik, həm çağdaş şairlər arasında ən müxtəlif ideologiyalara, mənsəblərə xidmət edənlər, ən müxtəlif cərəyanlara baş vuran, ən müxtəlif tematik mövzuları əhatə edənlər sıralanıblar. Bu gün onlardan biri barədə danışacağam – Türkiyədə anım günü qeyd edilən Turqut Uyar barədə.
Turqut Uyar, 4 Avqust 1927-ci ildə Fatma Xanım və Hayri Bəyin altı uşağının beşincisi olaraq Ankarada anadan olub. Atası orduda xəritə mayoru kimi xidmət edib və gecələr boyu Ankaranın ilk Latın əlifbasında yazılmış küçə nişanlarında işləyən xəttat olub. Atasının vəzifəsi səbəbindən, müxtəlif şəhərlərdə ibtidai təhsil alarkən maddi səbəblərdən orta təhsilini hərbi məktəbində davam etdirməli olub.
Uyar, 1948-ci ildə "Arz-ı Hal" şeiri ilə Kaynak jurnalı tərəfindən başladılan şeir yarışmasına qatılıb və yarışmada ikinci olub. Türkiyem adlı ikinci şeir kitabını 1952-ci ildə bazara çıxarıb. Dünyanın Ən Gözəl Ərəbistanı, dil, mövzu, görüntü, ifadə, forma / mahiyyət əlaqələri baxımından böyük bir dəyişikliyi özündə əks etdirən Uyarın ilk ikinci yeni kitabı 1959-cu ildə nəşr olunub. İlk dəfə 1981-ci ildə Toplu şeirlər adlanan əsərlərini nəşr etdirib. 1984-cü ildə ikinci dəfə Büyük Saat adı ilə Toplu şeirləri nəşr edilib.
Kitabları
Şeirləri
1. Arz-ı Hal
2. Türkiyem
3. Dünyanın En Güzel Arabistanı
4. Her Pazartesi
5. Kayayı Delen İncir
Toplu şeirləri
Toplu Şiirler
Büyük Saat
İncələmə
Bir Şiirden
Mükafatları
1. Türk Dil Dərnəyinin Tərcümə Mükafatı, Kainatın Quruluşunun Lucretius'dan tərcüməsi ilə (Tomris Uyar ilə)
2. Behçet Necatigil Kayayı Delen İncir ilə Şiir Mükafatı
3. Sedat Simavi Fondu Ədəbiyyat Mükafatı, Büyük saatla
Şair 22 avqust 1985-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.08.2025)
Nəriman Nərimanovun himayə etdiyi acar qızı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Haqqında danışacağım aktrisa teatrımızın inkişafı üçün az əmək qoymayıb, birti-birindən gözəl rollar yaradıb. Qəribə də taleyi olub. Söhbət Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti Rəmziyyə Veysəlovadan gedir. Miılliyyətcə acar türkü olan Rəmziyyə xanım 1914-cü il fevral ayının 11-də Bakıda şəhərində anadan olub.
1920-ci ildə Gürcüstanda Sovet Hakimiyyəti qurulanda onun valideynləri öldürülüb, evləri isə müsadirə edilib. Bundan sonra onun bütün qohumları Qazaxıstana sürgün edilib. Ailəyə çox yaxın olan təxmini adı dəqiqləşdirilən Petinov adlı bir şəxs həm altı yaşlı Rəmziyyəni, həm də qardaşı Neyməti Nəriman Nərimanovun yanına gətirib. Daha sonra böyük dövlət xadimi Nəriman Nərimanov uşaqları Bakıda Bahar xanım Ağalarovanın uşaq evinə yerləşdirilib. Çox təəssüf ki, Rəmziyyə xanımın qardaşı Neymətin sonrakı taleyi barədə məlumat yoxdur.
Rəmziyyə Veysəlova Bakıda yeni tipli qız məktəbində bir müddət təhsil alıb. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olub. Burada sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Türk İşçi Teatrının yardım heyətinə qəbul olunub, kütləvi səhnələrə çıxıb, tamaşalarda iştirak edərək epizodik rollar oynayıb. Musiqili səsi, mürəkkəb məqamlarda da canlı və plastik hərəkətli səhnə davranışı, güclü texnika vərdişləri, məlahətli görkəmi, iti yaddaşı, emosional cazibə qüdrəti vardı.
1932-ci ilin sonlarında Rəmziyyə xanım ailə vəziyyəti ilə əlaqədar Aşqabad şəhərinə köçüb. Aktrisa orada üç ilə yaxın "Rəmziyyə" və "Rəmziyyə Əfəndiyeva" kimi çıxış edib, müəyyən təcrübə toplayıb və az müddətdə teatrın aparıcı aktrisalarının cərgəsinə çıxıb. 1934–1935-ci il teatr mövsümündə Bəhram Əfəndiyev (həyat yoldaşı) və Rəmziyyə xanım Gəncə şəhərinə gəlib və hər ikisi Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının kollektivinə qəbul olunublar.
Aktrisanın altmış iki illik aktyorluq fəaliyyətinin sənət töhfələrinin əsas inciləri bunlardır: Ceyran ("Özgə uşağı", Vasili Şkvarkin), Almaz, Solmaz, Mariya Timofeyevna, Sitarə ("Almaz", "Od gəlini", "1905-ci ildə" və "Nəsrəddin şah", Cəfər Cabbarlı), Gülnar və Xuraman, Məryəm ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun) və s.
Mükafatları
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
3. "Şərəf nişanı" ordeni
4. Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı
Gəncə Dövlət Dram Teatrının görkəmli aktyorlarından olan Rəmziyyə Veysəlova 1993-cü il avqust ayının 22-də Gəncə şəhərində vəfat edib və Bağbanlardakı Fəxri Xiyabanda dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.08.2025)
Şəkinin ipək xasiyyətli İlqar Kərimovu - PORTRET
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu dəfə sizə tanınmış qarmon ifaçısı, bəstəkar İlqar Kərimovdan danışmaq istəyirəm. O, 1960-cı ilin avqust ayının 21-də Şəkidə dünyaya gəlib. Səkkiz illik təhsilini Şəki şəhər 2 nömrəli məktəbdə alsa da, tam orta təhsilini Şəki şəhər 43 №-li texniki-peşə məktəbində başa vurub.
1979-1984-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda ali təhsilə yiyələnib. 1978-1979-cu illərdə Şəki kolxozlararası tikinti idarəsində rəngsaz, 1984-1987-ci illərdə Azərbaycan SSR Avtomobil Yolları Tikintisi və İstismarı Nazirliyinin təmir-tikinti sahəsində iş icraçısı, 1988-ci ildə “Azərkinovideo” İstehsalat Birliyində sahə rəisi, 1989-1991-ci illərdə “Azərkinovideo” İstehsalat Birliyinin təmir-tikinti idarəsinin rəisi, 1991-1996-cı illərdə “Azərkinovideo” İstehsalat Birliyinin təmir-tikinti trestinin müdiri, 1996-2016-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təmir-tikinti trestinin müdiri vəzifələrində çalışıb. 2016-cı ildən “İFAN” şirkətinin direktorudur...
Qürurludur, kübarlıq ona gendən gəlib. Ağayanə davranışı ilə dostlarının qəlbini fəth edə bilib, yanlarında xüsusi hörmət qazanıb. Ulu babası Əkbər aga Şəki İpək fabrikinin(sonradan kombinat adlandırılıb) sahibi olub. Onun həm də Telavidə də İpək fabriki vardı. İtaliya və başqa Avropa ölkələri ilə ticarət əlaqəsi saxlayırdı. Məşhur Şəki ipəyi onun adıyla bağlıdır...
1966-cı ildə- 6 yaşında olarkən, ilk dəfə qarmon aləti ilə məşğul olmağa başlayıb. İlk müəllimi Nurəddin Bədəlov, sonra isə Vaqif Mustafayev olub. 1976-1978-ci illərdə Şəkidə Şahid Əbdülkərimovun “Şəfa” ansamblında, 1979-1984-cü illərdə Bakıda Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Arzu” ansamblında, 1983-1986-cı illərdə əməkdar incəsənət xadimi Agası Məşədibəyovun rəhbərlik etdiyi “Azərbaycan təranələri” ansamblında, 1979-1990-cı illərdə professor Abbasqulu Nəcəfzadənin rəhbərlik etdiyi “Günaydın” instrumental ansamblında, 1982-1989-cu illərdə “Meyxana” ansamblında və Baba Mahmudoğlunun rəhbərlik etdiyi Azərbaycan Televiziyası və Radiosunun “Dastan” folklor ansamblında qarmon ifaçısı olub...
Sakit təbiətli, mədəni, gözütox adamdır. Qəribə xüsusiyyəti var, heç zaman imkan verməz ki, o olan yerdə kimsə əlini cibinə salsın. Bir neçə dəfə qonaqlıqda olmuşuq. Hamısının da məsrəflərini özü ödəyib. Səxavətlidir...
Uzun illər Azərbaycan Televiziya və Radiosunun çəkilişlərində, dövlət tədbirlərində, böyük konsert salonlarında Azərbaycanın populyar müğənnilərini, o cümlədən xalq artistləri Baba Mahmudoğlunu, Teymur Mustafayevi, Səfa Qəhrəmanovu, İlhamə Quliyevanı, Gülağa Məmmədovu, Yalçın Rzazadəni, Qəndab Quliyevanı, Canəli Əkbərovu, həmçinin, Xədicə Abbasova, Nazim Agayev, Səyyad Əlizadə, Saleh Bədəlov, Süleyman Zeynalov, Rəna Axundova və Elçin Cəlilov kimi tanınmış müğənniləri müşayiət edib. “Qarmon məktəbini yaradan Əhəd” kitabının həmmüəllifi və bir sıra rəqs havalarının, müxtəlif musiqi kompazisiyalarının müəllifidir...
Onu sənətşünaslıq elmləri doktoru, professor, dostum Abbasqulu Nəcəfzadənin vasitəsi ilə tanımışam. Necə deyərlər, dostumun dostudur. Hər görüşümüzdə onun necə gözəl bir insan olduğunun şahidi olmuşam. Aramızda haqq-salam var, xətri mənim üçün çox əzizdir. Deyirlər, zadəganlıq nəsildən nəsilə ötürülür. Bu mənada İlqar Kərimova da ulu babasına olduğu kimi “ağa” deyə müraciət etmək olar. Avqustun 21-i – yəni bu gün İlqar ağanın 65 yaşı tamam olur. İnanıram ki, bu yubiley günündə onu təbrik edənlər çox olacaq. Həyat və yaradıcılığına yaxından bələd olanlar isə haqqında gözəl yazılar qələmə alacaqlar...
Hörmətli İlqar ağa! Yubileyiniz münasibəti ilə sizi təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, xoş müjdəli günlər arzulayıram!..
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
VAQİF SƏMƏDOĞLU, “İki adsız şeir...”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
VAQİF SƏMƏDOĞLU,
İki adsız şeir
***
Batan
Gəminin suya atılan
yükü kimi
kənara atıram ümidlərimi,
Ömrün divarında
bu gün yenə
kəndir dayanıb,
qapı yerinə...
***
Nəhəng bürünc xaç kimi
yırğalanır sinəmdə
aramızda qalmış buludlar,
Təyyarənin uğultusu,
məsafə.
Qəflətən şamları sönmüş
kilsədir
Qara dəniz
sənsiz...
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
Onun “Kəcil qapısı” adlı romanının yüz minlərlə oxucusu olub.
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu gün dünyaya gəlmiş ədiblər sırasında bir ad da var, Seyfəddin Dağlı. Yaşlı nəsil vurğulayır ki, onun “Kəcil qapısı” adlı bir romanı olub ki, yüz minlərlə oxucusu olub.
Seyfəddin Əliağa oğlu Abbasov (Seyfəddin Dağlı) 1921-ci il avqust ayının 21-də (bəzi mənbələrdə 27-də) Abşeronun Xızı kəndində anadan olmuşdur. 1927-ci ildə Bakıda yeddiillik məktəbi bitirdikdən sonra N.Nərimanov adına Sənaye Texnikumunun kimya fakültəsində təhsil almışdır. Tələbə ikən “Kommunist” qəzeti redaksiyasında müxbir, ədəbi işçi, şöbə müdiri və məsul katib vəzifələrində işləmişdir.
1941-1956-cı illərdə Sovet Ordusunda xidmət etmiş - avtomexanik, “Ordu” qəzetində ədəbi işci, “Diviziya” qəzetinin redaktoru olmuşdur. Sovet ordusunun tərkibində İrana getmiş, sonra Moskvada Hərbi Akademiyaya qəbul olunmuşdur. Təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra həm jurnalistlik, həm də yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, 1956-1959-cu illərdə Dövlət Radio Komitəsində baş redaktor, “Bakı” telestudiyasının direktoru və sədr müavini, “Kirpi” satirik jurnalının baş redaktoru olmuşdur.
1965-1973-cü illərdə Bakı zəhmətkeş deputatları Sovetinin X, XI, XII, XIII, XIV çağırışlarında deputat seçilmiş, 1976-cı ildə “Azərbaycanfilm” kinostudiyasında ssenari redkollegiyasının üzvü, 1980-ci ilin may ayından ömrünün sonuna qədər “Yazıçı” nəşriyyatında redaktor vəzifəsində çalışmışdır.
Yaradıcılığa şeirlə başlasa da sonralar bunu ardıcıl şəkildə davam etdirməmişdir. Onun satirik şeirlərindən bəzilərinə hətta musiqi də yazılmışdır. Bunlardan bəstəkar Cahangir Cahangirovun bəstələdiyi, müğənni Mirzə Babayevin oxuduğu “Çayçı” mahnısı çox məşhurdur. Sonralar respublika dövri mətbuatında çap etdirdiyi felyetonlarla yaradıcılığa davam etmiş, İkinci Dünya müharibəsi dövründə felyetonları və satirik hekayələri “Vətən uğrunda” jurnalında, “Ədəbiyyat qəzeti”ndə və Təbrizdə “Vətən yolunda” adlı hərbi qəzetdə çap olunmuşdur.
1948-ci ildə Azərbaycan Dövlət Nəşriyyatı “Dəniz kəşfiyyatçısı” adlı ilk kitabını sonralar isə “Bahar oğlu”, “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” kitablarını nəşr etdirmiş və geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Əsərləri rus və digər xarici dillərə tərcümə olunmuşdur. Yazıçının dram əsərləri “Adı sənin, dadı mənim” (1963), “Aydınlığa doğru” (1965), “Mənziliniz mübarək” (1971), “Təzə gəlin” (1975), “Kölgələr pıçıldaşır” (1976) respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulmuşdur. “Bahar kimi solmaz” (1979) ədəbi ssenarisi əsasında film çəkilmişdir.
Seyfəddin Dağlı 1983-cü il yanvar ayının 18-də vəfat etmişdir. Bakı küçələrindən birinə onun adı verilmişdir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
Mötəbər nəslin istedadlı nümayəndəsi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Nəsil şəcərəsi insanın həyat yoluna daim işıq tutur. Buna kim inanmırsa Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi Gündüz Abbasovun həyat hekayəsini söyləyə bilərəm.
Gündüz Abbasov 20 noyabr 1930-cu ildə Bakının Dağlı məhəlləsində, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasovun ailəsində dünyaya gəlib. Şəmsəddin Abbasovun həyat yoldaşı Mələk xanım dahi azərbaycanlı dramaturq Cəfər Cabbarlının qardaşı qızı idi.
Uşaqlıqdan sənətə həvəs göstərən Gündüz 1952-ci ildə Bakı Rəssamlıq məktəbini, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirib.
Ədəbiyyat sahəsinə böyük marağı olan Gündüz Abbasovun 1950–1960-cı illərdə "Papasının qızı", "Canlı körpü" və "Qanadlar" adlı üç kitabı çap olunub. Az müddət olsa da, Azərbaycan radiosunun gənclər şöbəsinin müdiri, sonra "Uşaqgəncnəşr" və "Azərnəşr" nəşriyyatlarının redaktoru, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri kimi vəzifələrdə çalışıb.
Gündüz Abbasovu kinoda "Onun böyük ürəyi" və "Bir qalanın sirri" filmlərində ifa etdiyi rollar məşhurlaşdırıb. Bundan sonra ard-arda bir neçə filmdə çəkilən aktyor çəkildiyi filmlərdə müxtəlif planlı yaddaqalan xarakterik rollarda çəkilib. Aktyor ciddi rollarla yanaşı "Mozalan" kinojurnalının bir çox süjetlərində də iştirak edib. Aktyorun çəkildiyi sonuncu film "Yuxu" filmi olub. Sağlığında filmi görə bilməsə də, yaratdığı Hidayət əmi obrazı tamaşaçıların yaddaşında hər zaman xatırlanır.
Filmoqrafiya
1. Alman klinikasına şəxsi səfər - rol: Stepan Leonozov
2. Arvadım mənim, uşaqlarım mənim
3. Aygün
4. Babək
5. Bir qalanın sirri
6. Bizim küçə
7. Cəza
8. Dədə Qorqud
9. Çətirimiz buludlardır
10. Doğma sahillər
Gündüz Abbasov 1995-ci ildə 21 avqustda vəfat edib. Bu gün onun anım günüdür.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
GAP Antologiyasında Sürəyya Xəliq Xiyavlının “Halay çəkən qayalar” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xiyavda yaşayan Sürəyya Xəliq Xiyavlıdır.
Sürəyya Xəliq Xiyavlı
Xiyav
HALAY ÇƏKƏN QAYALAR
Guruldayır hüzün
Qolumdakı saatı yerə ataraq
Qaçıram qarğalıqdan
Pillə-pillə enirəm içimə!
Qapını iki əlli bütün gücümlə bağlayıram;
Gözümün içinə baxır qapı
Anlayır məni!
İçim;
Qorunmuş, əl çatmayan bölgə
Ətrafı hörülüb halay çəkən qayalarla...
Burada heç çeşid bağlantı mümkün deyil
Yalnız şeir ulaşımı var
Burada əskidən bir dizə çəkəndə
Dünya işıqlanardı
Burası tanrı tar çalan yer.
Bir şeir alışdırıram
Uzaqlaşıram saxta salxım söyüdlərdən
Yaxınlaşıram ən güvəndiyim sənə
Sən,
Şeirlərin dayanmayan ürəyi...
Oyağam və yuxuda
Yuxudayam və oyaq
Tar çal ayılım dostum!
Tanıyım tanımayanları
Qara quyuları
Daşıl vicdanları.
Tar, tanrı, sən
Sən, tanrı, tar.
Qapını açmam gərək;
Güvən nəfəs, nəfəs, nəfəs... Yayılmalı
Sən varsan
Sürəyyanın güvən tanrısı.
Bir pillə, iki pillə, üç...
Gözlərimi yumuram
Qollarımı açıram
Günəşə sarılıram
Taaaaar çaaaaal...
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
UNUDULMAZ SUMQAYITLILAR - “Nə qədər yara var, yoxdur əlacı”, Xaliq Oğuz
Könül, “Ədəbiyyat və incəsənət”
“Unudulmaz sumqayıtlılar” rubrikasında bu gün sizlərdən filoloq, Azərbaycan radiosunun əməkdaşı, şair, “Cığırdaş” gənclik mərkəzinin qurucusu, “168 saat” qəzetinin ilk təsisçilərindən biri, əslən Laçından olan, Sumqayıtda dünyaya göz açmış və cəmi 33 il ömür sürmüş, doxsanıncı illərdə qəfil ürək tutmasından vəfat etmiş Xaliq Oğuzu xatırlamağı rica edəcək.
Xaliq Oğuz dogma Sumqayıtı çox sevirdi, onun rifahı naminə çox işlər görürdü. Yeniyetmə və gənclərin maariflənməsi, Qarabağ probleminin ortaya çıxdığı ilk illərdə milli vətənpərvərlik ruhunun qaldırılması, ədəbiyyatımızın inkişafı naminə külüng döyənlərdən idi.
Xaliq Oğuzun xatirəsi doğmalarının, dostlarının, tanışlarının, oxucularının yaddaşında daim yaşayacaqdır.
Bu gün sizlərə onun şeirlərini təqdim edəcəyik.
Ağrıma ürəyim, ağrıma belə
Kiməsə ümidəm, kiməsə dayaq,
Kiməsə bir quru təsəlliyəm mən.
Hardasa şöləsi zəif bir çıraq,
Hardasa lap günəş məsəlliyəm mən.
Çağırır ardınca neçə yol, cığır,
Əlçatmaz zirvələr səsləyir məni.
Bir ana mən gedən yollara çıxır,
Bir gözəl nigaran gözləyir məni.
Nə ömür yarıdır, nə mənzil hələ.
Ağrıma ürəyim, ağrıma belə.
Yenə təbiətin bahar çağıdır,
Şeirlər cücərir çölün düzündə.
Torpağın donunu nəğmə dağıdır,
Ümidlər göyərir pöhrə gözündə.
Qartallar qıy çəkir zirvə taxtına,
Gədiklər bürünür dumana, çənə.
Sevənlər tələsir vədə vaxtına,
Kövrək bulaqlar da dil açıb mənə
Deyir, qələmini tez ol al ələ.
Ağrıma ürəyim, ağrıma belə.
Yanımda-yörəmdə doğmam dayanıb,
Məni xəbər alır yaxın da, yad da.
Bu dünya əzəldən sirrə boyanıb,
Nə qədər düyün var möcüzə adda.
Hər canlı işığa, nura can atır,
Yarasa zülmətə sarılıb qalır.
Min illik yol var ki, əlimiz çatır,
Bir addım yol var ki, qırılıb qalır.
Neçə ocaq yanır tüstüsü acı,
Nə qədər yara var yoxdur əlacı.
Ovunmaq da olmur təsəlli ilə.
Ağrıma ürəyim, ağrıma belə.
Qoltuq ağacının qoltuqdur yeri,
Kiminsə yükünü daşıyır ancaq.
Mənəm deyənlər var, indi əksəri
Özgə qoltuğunda yaşıyır ancaq.
Qalxsa da zirvəyə caynaqda cücə
Hünər qartalındır, qartala alqış.
Cücədən qartallıq umasan necə,
Zirvə fəth etməyə qartal yaranmış.
Mən də od övladı, Qorqud soyuyam,
Çətin əqidəmdən dönəm, soyuyam.
Neçə ki, bağlıyam vətənə, elə,
Ağrıma ürəyim, ağrıma belə.
Qəlbimdə nə qədər arzu-kamım var,
Ülvi istəyim var, xoş məramım var.
Ümidə, gümana sığınmışam mən,
Bu günə, sabaha bir inamım var.
Oğul böyüdürəm vətənə əsgər,
Gəlin həvəsində, toy həvəsində,
Hələ yazılmamış nə qədər əsər
Beləcə dustaqdır döş qəfəsimdə.
Tale də vaxt tapıb qurmağa tələ,
Ağrıma ürəyim, ağrıma belə.
Deyirlər ki, atam saxlayıb məni
Deyirlər ki, atam saxlayıb məni,
Büküb yapıncının ətəklərinə.
Bələyib qəlbinin hərarətinə.
Kiçik yaşlarımdan həsrət qalmışam,
Ana istəyinə, məhəbbətinə.
Deyirlər ki, atam saxlayıb məni,
Qəlbinin yağını yedirib mənə,
Gözünün nurunu əmizdiribdir.
Beləcə, o məni anamdan qalan
Şirin xatirə tək əzizləyibdir.
Deyirlər ki, atam saxlayıb məni,
Almışam əlindən rahatlığını,
Qovmuşam gözünün yuxusunu da.
Deyrilər, o məndən, tək mənim deyil,
Alıbdır anamın qoxusunu da.
Deyirlər ki, atam saxlayıb məni,
Laylayım bir kövrək çoban bayatı,
Yüyrüyüm atamın qolları olub.
Yastığım bir nimdaş motalı papaq,
Beşiyim bənövşə kolları olub.
Deyirlər ki, atam saxlayıb məni,
Bəzən gizləyərək öz aclığını,
Sonuncu tikəsin yedirib mənə.
Ancaq dil açanda hər şeydən qabaq,
“Ana” kəlməsini dedirib mənə.
Deyirlər ki, atam saxlayıb məni,
Şehlər üz-gözümdən yuxunu yuyub,
Küləklər saçıma sığal veribdir.
Hər novruz bayramı yetişən zaman
Kəndimizdə neçə ana olubsa,
Hamısından mənə sovqat düşübdür,
Hərə bir bağlama qoğal veribdir.
Deyirlər ki, atam saxlayıb məni,
Arabir girərək yuxularıma,
Üzünü ömrümdə görəmmədiyim
O gəlin anam da yoxlayıb məni.
Deyirlər ki, atam saxlayıb məni.
Hər gün görüşünə tələsirəm mən
Hər gün görüşünə tələsirəm mən
Adlayıb illərin üstdən harayla.
Hələ də barışmır ürəyim nədən
Taleyin bəxtimə yazdığı payla.
İstək bir tərəfə, qismət bir yana
Niyə belə olsun? Niyə? Bilmirəm!
Dünyanın dərdinə mən yana-yana
Kimsəyə dərdimi deyə bilmirəm.
Göydə uldularsa həyan olaydı,
Əlim çatmasa da, çataydı ünüm.
Məni bircə nəfər duyan olaydı,
Təsəllim olaydı tək bircə günüm.
Bu lal sükutların qulağı karmı?
Dinləyə dərdimi, bilə dərdimi.
Soyuq divarların insafı varmı
Barı bircə dəfə bölə dərdimi.
Mənim şeirlərim həsrət qoxuyan,
Hər misram özümə göz dağı olur.
Eh, axı bunları kimdir oxuyan?
Bütün nakamların yazmağı olur.
Bütövlük ömrümün naxışı, tacı
Yarımçıq nə varsa, heçdir, hədərdir.
Nakam məhəbbətin tüstüsü acı,
Yandırıb-yaxmağı qəbrə qədərdir.
Hər gün görüşünə tələsirəm mən
Adlayıb illərin üstdən harayla.
Ürəyim barışmır heç cürə nədən?
Taleyin bəxtimə yazdığı payla.
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
BİZİM KİNO - "Onun bəlalı sevgisi"
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
 Boşanmış qadın və subay oğlan sevgisi... Bütün zamanların qlobal problemi.
“Onun bəlalı sevgisi” Bayram Bayramovun “Bəlalı Sevgi” romanı əsasında 1980-cı ildə çəkilib. Film maraqlı bir səhnə ilə başlayır. Avtomobil idarə edən Şövkət işıqforda dayanıb, yaşıl işığın yanmasını gözləyir, yanında dayanan avtomobilin içində olan kişilər ona baxıb nəsə danışır...
Aradan 42 il keçib və bu epizod bu gün də yollarda baş verir... Hiss olunur ki, aradan illər keçməsinə baxmayaraq, Azərbaycan kişisinin təfəkküründə heç bir irəliləyiş olmayıb.
Filmdə tələbə Bəhruz diplom işi üçün istehsalat psixologiyası mövzusunu seçir və buna görə də tikiş fabrikində katib kimi işləməyə başlayır. Bir müddət çalışdıqdan sonra Bəhruz məhsulun aşağı keyfiyyətdə olmasını müəyyən edir. Buna səbəb isə işin düzgün aparılmamasıdır.
İş prosesində Bəhruz, gözəl direktor Şövkətə aşiq olur... Filmdə yer almış mahnılar da ürəkoxşayandır.
Bir ötən sevgini unuda bilsəm,
Könülümü sevginlə ovuda bilsəm,
Bir axşam yanına qayıda bilsəm,
Bağışla, bağışla, məni bağışla.
Bəzən olur, yeni tanış olduğun insanı sanki illərdir ki, tanıyırsan. Şövkət də Bəhruza bu hissi yaşadır. “Hərdən mənə elə gəlir ki, Sizi illərdir tanıyıram” deyir . Əslində belə idi, Şövkət gənc yaşlarında Bəhruzgilin məhəlləsində olan xalasıgilə gəlirmiş. Uzun hörükləri olan Şövkət, Bəhruzun elə o zamanlardan xoşuna gəlirmiş. Hər günün bir hökmü var...
Filmdə görünür ki, qadınlar hələ o dövrdə də lider ruhlu olublar. Şövkət boşandıqdan sonra tikiş fabrikində direktor vəzifəsində çalışır. Rəhbər ruhu onu Bəhruzla getdiyi restoranda da buraxmır. Yeməkləri o sifariş edib ofisiantdan tez gətirməsini tələb edir. Bəhruz isə alışmayıb Şövkətin bu davranışına, onun qadın kimi davranmasını arzulayır.
Romantik bir yemək əsnasında digər masalardan bir kişi onların masasına yaxınlaşıb söz atır:
“Şövkət sənmisən, aya günə dönmüsən, deyirlər vəzifəni böyüdüblər”.
Şövkət isə “düz deyirlər” deyib yeməyinə davam edir. Bu, Şövkətin keçmiş həyat yoldaşının dostlarından biri idi.
Şövkət tələbəlik illərində sevdiyi ilə ailə həyat qursa da, evliliyi heç 3 ay davam etmir.
Bir gün Bəhruz sevgisini etiraf edir... Şövkət bu sevgini qəbul etməkdə tərəddüd edir. Boşanmış olduğunu deyir. Amma Şövkətin boşanmış olması Bəhruz üçün problem deyil. O, Şövkəti təmiz hisslərlə sevir...
Bəhruz işlədiyi müddətdə Şövkətin səhvlərini də görür. Ancaq bu səhvləri qəbul etmək istəmir Şövkət. Amma sonda qalib gələn Bəhruzun sevgisi olur. Şövkət də qəbul edir bu sevgini...
Bütün dövrlərdə kişilər müstəqil qadınlarla münaqişədə olub. Bu, həqiqətən belədir: güclüsənsə, ayaq üstündə dura bilirsənsə, heç kimə möhtac deyilsənsə, mütləq əlindən heç nə gəlməyənlər səninlə mübarizə aparır. Səni aşağılamağa çalışır, əlindən gələni edir ki, səhvə yol verəsən...
Filmdə də Qaraxanovla Əjdər Sabiroviç, Şövkətin büdrəməsi üçün çalışır... Amma Bəhruz, Şövkətin büdrəməsinin qarşısını ala bilir. Sonda sevgi qələbə çalır...
Ümumiyyətlə, Azərbaycan kinoları arasında “Onun bəlalı sevgisi” filmi bir qədər müasirliyi ilə fərqlənir. Sanki film bu günlə dünənin sintezidir...
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)


				    
				    
				    
				    
				    
				    
				    
				    
				    
				    