Super User

Super User

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

“Qarşı yatan Ala dağ” – hərəkətdə olan zamanla hərəkətsiz məkanın mifoloji təsəvvürdə birləşdirilməsi cəhdi.

 

2.

Hüseyn Cavid:

“Şübhədir hər həqiqətin anası,

 Şübhədir əhli-hikmətin atası

Şübhə etməkdə həqlidir insan...”

Qeyri-səlis düşüncə tərzi, əlbəttə ki, şübhə ilə başlayır

 

3.

“...Bu dənizin sularını balıqlarından başqa içən olmadı”

 

4.

Axundovun gənc bəyləri qaçaq mala (olduğu kimi desək - oğurluğa!) gedəndə gizlətmirdilər ki, hara və niyə gedirlər. Bunu bu gün təsəvvür etmək belə mümkün deyil, göydəki ulduzları saymaq kimidir.

 

5.

Qapısı olmayan otaqda heç bir şey görmürsənsə, bu o demək deyil ki, otaqda heç nə yoxdur. Biz bunu belə də deyə bilərik: otaqda heç nə var.

 

6.

“ - Qurban olum, axı mənəm.

Aç qapını, bax, mənəm.

Qayıtmışam sağ, mənəm,

 Əvvəlki mən deyildim.

 

Xəyal kimi gərilmisən,

 sən o xəyal deyilmisən?!

Yorulmusan, yol gəlmisən,

Keç içəri, dincini al.”

 

7.

Şah İsmayıl dövründə qoşuna adam yığmaq şüarı: “Əgər yataqda tərləyib ölmək istəmirsənsə, əlində qılınc şəhid olub cənnətin qapısına gəlib dayanmaq niyyətin varsa, qoşul bizə!”

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

  

Yəqin ki, aranızda xalq artisti Eyyub Yaqubovun ifasında məşhurlaşan "Əlvida, Cəmilə!" mahnısını eşitməyən adam çətin tapılar. Bax, bu dəfə sizə həmin mahnının sözlərinin müəllifi Rəsmiyyə Sabir haqqında danışmaq istəyirəm. Rəsmiyyə xanım 1973-cü il oktyabrın 5-də Masallı rayonunun Ərkivan kəndində anadan olub. 1990-cı ildə orada orta təhsilini bitirərək Bakıya gəlib. Beş il indiki Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsilə yiyələnib. Oranı "Tikintinin iqtisadiyyatı və idarə edilməsi" ixtisası üzrə iqtisadçı-mühəndis kimi başa vurub. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 2008-ci ildən həmin institutda Elmi katib vəzifəsində çalışır. İqtisad elmləri doktorudur...

 

Deyir ki:- “Mənim şeirlərimə xeyli məşhur mahnılar bəstələnib: "Qələmin gözündən indi yaş gəlir", "Bağışlama bizi Vətən". "Sözümün üstündə durmuşam, Allah". Hələ mahnıları qoyuram bir kənara. Sadalasam çoxdur. Sosial şəbəkələrdə müxtəlif adamlar tərəfindən şeirlərimin tez-tez paylaşıldığının da şahidi oluram. Mənə çox qəribə gəlir, bəzən heç özüm bəyənmədiyim şeirləri daha çox bəyənirlər...”

 

Azərbaycanda və xaricdə rus, ingilis, türk dillərində çap olunmuş 110 elmi əsərin, 1 fərdi monaqrafiyanın, eləcə də 1 dərslik kitabının müəllifi, o cümlədən 6 müştərək monoqrafiyanın həmmüəllifidir. 

“Əlvida, Cəmilə” mahnısının sözlərini isə sifarişlə yazdığını dilə gətirir…

 

“Bu şeir bir oğlanın Cəmilə adlı bir qıza olan sevgisidir. Sifariş alıb yazmışam. Onun hisslərini özümdə ani olaraq təsəvvür edib, ayrılığı necə təsvir etmək olarsa, o cür də qələmə almışam. Mənim şeirlərim içərisində nə qədər özümə aid olmayan, başqalarının hekayətini əks etdirən şeirlərim, mahnı mətnlərim var. Mənim bir mahnı mətnim var ki, musiqisini Nadir Əzimov yazıb. Çox gözəl mahnı mətni idi, Rübabə Qarabağlı oxuyurdu. Sonradan o xanım deyəsən burdan köçüb getdi, məncə Türkiyədə yaşyır. Sənətdən də uzaqlaşıb. Sonrakı taleyin bilmirəm. Hətta ona klip də çəkdirib. “Get, mənim ömrümdən, birdəfəlik get”- bir evli oğlanla, subay qızın hekayətini anladırdı. Mənə bir xanım danışmışdı, çox duyğulanmışdım. Ona söz vermişdim ki, sənin sevgi hekayətini bir mahnıya döndərəcəm. Yazdım, Nadir müəllim bəyəndi və mahnı bəstələdi. Rübabə Qarabağlı da ona klip çəkdirib. Onu dinləyənlər elə bilirlər ki, mənim taleyimdir. Əsla, o mənim taleyim deyil.”- söyləyir.

 

 2000-ci ildə Türkiyədə keçirilən I Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır. Yüzdən çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə onun sözlərinə yazılmış mahnılardan ibarət "Səni aradım" adlı audio albom işıq üzü görüb. 2003-cü ilin "Fəxri Gənc"i adını qazanıb. "Həbs olunmuş sükut", "Rəngsiz göz yaşları", "Sonun başlanğıcı", İraqda nəşr edilən "Kölgəsiz dar ağacları", Türkiyədə işıq üzü görən “Unutdun məni”, "Sahilsiz adam” adlı şeir kitablarının müəllifidir. Azərbaycanı müxtəlif beynəlxalq tədbirlərdə təmsil edib. Türk, rus və ingilis dillərindən tərcümələrin müəllifidir. Şeirləri özbək və Türkiyə türkçələrinə, rus, ingilis, bolqar dillərinə tərcümə olunub. 2014-cü ildə ədəbi nailiyyətlərinə görə Qırğızıstan Respublikasının “Coomert Bekenbaev” adına medala və “Altın diplom”a layiq görülüb. 2015-ci ildə Özbəkistanda yayılan “Kitab dünyası” qəzeti tərəfindən Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin yaxşılaşdırılmasındakı xidmətlərinə görə Fəxri Diplomla və zaman-zaman müxtəlif fəxri fərmanlarla, o cümlədən təşəkkürnamə ilə təltif olunub. Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olub. Bir sözlə, uğurları çoxdur, hamısını sadalasam xeyli vaxt aparar...

 

Deyir ki:- “Mən kitablarıma heç vaxt maddi vəsait xərcləmirəm, xaricdə çap olunan kitablarım isə mükafatlar çərçivəsində işıq üzü görüb. Amma bu gün çoxu özü nəşriyyata vəsait ödəyir ki, mənim kitabımı dərc elə. Sözlərimə, yaradıcılığıma dəyər verənlər sağ olsunlar, mənim kitablarımı pulsuz çap edirlər. Satıb nəsə qazanırlarsa, onların işidir, mən maraqlanmıram.

Cəmiyyətdə qonorar olmalıdır. Mən Türkiyədə keçirilən şeir festivalından qonorar almışdım. Qardaş ölkədəki ənənə burada da olmalıdır. 

Kimsə kitablarını az-çox satır, o da tanışlıqla olur. Kimin çox tanışı varsa, onun da çox kitabı satılır. Bizim ən çox tanınan gənc yazarlarımızdan biri Kəramət Böyükçöldür. Mən həmişə görürəm ki, parklarda kitablarını özü satır. Bazar iqtisadiyyatı ilə çalışan sistemdə bu olmamalıdır. İqtisadçı olduğumdan bilirəm. Nəşriyyat o işləri öhdəsinə götürməli, icra etməlidir. Yazar daha böyük işlərlə məşğul olmalıdır. Fundamental işdən ötrü xırda-para işlərlə məşğul olmalı deyilsən. Azərbaycanda biz bunu görmürük. Nə zaman formalaşacaq, onu da konkret deyə bilmərəm...”

 

...Sakit təbiətli xanımdır, mübahisə etməkdən xoşu gəlmir. Məntiqlə hərəkət etməyi xoşlayır. Əzmkardır, məqsədinə çatana qədər çalışmağa davam edir və qələbə qazanmasa dayanmır. Daxil olduğu mühiti təfərrüatı ilə araşdırıb insanlar haqqında özündə təəssürat yaradır. Onun zehnində gözəl bir tarazlıq var. Nəyin doğru, nəyin yanlış olduğunu yaxşı bilir və ona uyğun hərəkət edir. Məzmunlu adamdır, hər yerdə bu xüsusiyyətini qoruyub saxlamağı bacarır. Verdiyi hər bir qərarda israrlıdır. Xoş və enerjili rəftarı ilə seçilir və ətrafdakı insanların diqqətini çəkir. Bu da onu cazibədar və cəlbedici göstərir. Mübahisə etməyi xoşlamasa da, mübarizədən- öz hüquqlarını müdafiə etməkdən çəkinmir. Olduqca harmonik xasiyyətə malikdir...

 

Düşünürəm ki, bu söhbətimlə sizə alim, şair Rəsmiyyə Sabir haqqında az da olsa məlumat çatdıra bildim. Oktyabrın 5-i Rəsmiyyə xanımın növbəti ad gününü qeyd etdi. Yeni yaşlara yeni uğurlarla!!!

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Yalçın Türkaydır.

Şüirlərin orfoqrafiyasına toxunulmayıbdır.

 

 

Yalçın Türkay

Təbriz

 

  

GÜNƏŞ BATARKƏN – YALNIZLAŞAN YAŞAM

 

Axşam bürküsündə yalnız qaldıqda

Sonsuz macəralar həndəvərində

Keçir yüz illiyin xatirələri

Ayağın altından addım ataraq.

 

Duymazsan qədrini, gecikər ömür,

“Yalnızlıq” ansızın anlam taparaq.

 

Günəş up-uzaqda bir daha batar,

Şübhə ilə,

Kölgəndən uzaqlaşarsan!

Buludsuz göylərin (indiki “anı”)

Dibindən ahəstə-ahəstə keçər!

 

Günəş up-uzaqda bir daha batar,

Sən isə bir daha yalnızlaşarsan!

Sən isə bir daha yalnız yaşarsan!!...

 

 

 “Ədəbiyyat  və incəsənət”

(08.10.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı Aida Eyvazlı ilə Türk dünyasına səyahət rubrukasında Krımda gəzişməsini davam edir. Yolumuz Ağ Məscidədir. İndi bu şəhər Simferopol adlanır. Ordan da Yaltaya dönəcəyik.

Arzu edək ki qədim türk torpağı olan, qardaş krım tatarlarının yaşadığı bu bölgəyə tezliklə sülh gəlsin.

 

Təkcə  krımlıların ürəyində deyil, böyük Türk tarixində adı əbədiləşən Ağməsciddən danışaq. Əslində şəhərin  tarixi skiflərin dövrünə qədər gedib çıxır. Bəzi mənbələrdə Ağməscid  yurdunun yaşının 50 min il olduğu qeyd edilir. Bu gün rusların yenidən işğal etdiyi bu qədim türk torpaqları Sovet illərində  Krım Muxtar  Vilayəti  kimi status aldı. Paytaxtı isə Simferopol şəhəri oldu.

 

Krım yarımadasını gəzmək üçün əslində bütün yollar  paytaxt Simferopoldan keçir və buraya qayıdır.1944-cü il 18 mayda bir gecənin içərisində “vətən xaini” kimi Krımdan sürgün edilən Krım tatarları da dünyanın bütün yollarından gəzib keçdikdən sonra, 1985-ci ildən etibarən doğma ata yurdlarına köç etməklə, şəhərin  dağlıq hssəsində və mərkəzində yerləşməyə başladılar. (Onların başlarına gətirilən fəlakətlər bir başqa mövzunun söhbətidir. Hələlik isə Krımımızı gəzirik).

Bir qayda olaraq, Krıma gələnlər mütləq Qara dənizin sahilində dincəlməyə üstünlük verirlər.  İki əsrdən artıqdır ki, bu yarımada tursitləri qəbul etməkdədir. Krım Ukraynanın tərkibində olanda burada turizm çox yüksək səviyyədə inkişaf etmişdi. Simferopolun 37 kilometrliyində yerləşən  Yaltaya trolleybusla  40 dəqiqəyə gedib çatmaq olur. Məcara axtaran turistlərin əksəriyyəti Simferopoldan yaltaya trolleybusla getməyə üstünlük verirdilər. Dolanbac dağ yolları və aşırımları  ilə Yaltaya getməyin başqa ləzzəti var. Bu yolla irəlilədikcə  yolun sol tərəfində Qara dəniz aydın görünür. Dağlarda isə  ilin fəsillərinə uyğun olan gözəllik mənzərələrindən doymaq olmur. Əslində Krımı addım-addım gəzəndə bu yerlərin Azərbaycana nə qədər çox bənzədiyinin fərqinə varırsan. Krım yarımadası kiçik  Azərbaycandır. Bizim ərazilərə çox bənzəyir.

Yaltaya gələn insanlar daha çox  dənizin sahilində hündür qayalıqda yerləşən “Qaranquş yuvası” qəsrinə çıxıb, bu hündürlükdən Krımı seyr etməyə üstünlük verirlər. İçərisində onlarla filmlər çəkilən “Qaranquş yuvası”nın maraqlı tarixçəsi var. Bu gözəl və əsrarəngiz gözəlliyyə malik olan “Qaranquş yuvası” qəsri, sən demə, Azərbaycanın neft puluna tikilib. Bu haqda isə bizə Krım Azərbaycanlıları çəmiyyətinin sədri Rəhim Hümbətov danışdı. O dedi:

-Yaltada  qala-saray kimi məşhur olan, qayanın 40 metr hündürlüyündə yerləşən  “Qaranquş yuvası”ının indi 103 yaşı var.  Lakin Krımın Yalta şəhərinin Qaspralı qəsəbəsində yerləşən  Qaranquş yuvası 1873-cü ildə Yekaterina taxta oturandan sonra inşa edilib. Yaxın Avropa ölkələrindən buraya torpaq almaq üçün axışıb gələn tacirlərdən biri saray həkimi, həm də Yalta şəhərinin idarəçilik sisteminin üzvü  Albert Tobin  Qayaya sahiblənir, burada taxtadan  ev tikir.  Gəlib gedənlər, görənlər bu kiçik daxmanı “Qaranquş yuvası” adlandırırlar.  Məlum olmayan səbəblərə görə, Tobin  qayanın kənarındakı evini tacir Anna Raxmaninovaya satır. A. Raxmaninova öz dövründə Moskvada ən bahalı mülklərin sahibi  kimi məşhurlaşmışdı. Aldığı mülklərdən yaxşı gəlir götürərərək, onları publik mərkəzlərə çevirə bilirdi. 1911-ci ildə isə səhhəti ilə əlaqədar olaraq, onun bahalı mülklərinə marağı azaldığından, həmin binanı Bakıda neft milyonçusu olan alman əsilli  baron fon Ştenqeylə satır. Təbii ki, Ştenqeyl bu bahalı  “Qaranquş yuvası”nı Bakıdan qazandığı neft pullarınn hesabına alır və dərhal orada bərkitmə, bərpa və yenilənmə işləri aparır. Buna görə əsil adı Avrora qayası olan bu yerə Moskvadan modernist-memar Leonid  Şervudu dəvət edir. Şervuddan  qəsri qotik üslubunda tikməsini  xahiş edir.  Şervud öz növbəsində  Fransada məşhur memar  Oqyust Rodendən dərs almışdı. Ona görə də həm məkanın, həm də ətraf aləmin gözəl təbiətini və mənzərəsini nəzərə alan istedadlı memar burada nadir sənət nümunəsini yenidən yaradır. Bu pilləkənli kompozisiya kiçik ərazidə yerləşsə də,  fundamentin eni 10 metr, uzunluğu isə 20 metr olur.  Binanın hündürlüyü isə 12 metrdir. Memar qalanın içərisində dəhliz, qonaq otağı, ikinci mərtəbəyə-- qülləyə  qalxan pilləkənlər və iki yataq otağı tikməklə bu möcüzəli sənət əsərini tamamlayır. Mülkün ətrafında isə balaca bağ salır. Zatən Krımın torpağı o qədər məhsuldardır ki, burada nə əksən bitir. Balaca qəsrin gözəlliyinə heyran olan  baron fon Ştenqeyl memardan zəhmət haqqını əsirgəmir. Onu müxtəlif hədiyyələrlə də mükafatlandırır. Artıq 1914-cü ildə ildə köhnə daşlardan tikilmiş balaca daxmanın yerində möhtəşəm bir qəsr dayanmışdı. Qəsrin sahibi bu sevinci çox yaşamır. 1914-cü ilin 28 iyulunda başlanan birinci Dünya Müharibəsinə görə  alman əsilli neft milyonçusu Rusiya İmperiyasının hüdudlarını tərk etmək məcburiyyətində qalır. “Qaranquş yuvası”nı isə tez-tələsik  rus taciri və xeyriyyəçisi Pavel Şelaputinə satır.

1927-ci ildə Yaltada güclü zəlzələ olur. Dənizdə zəlzələnin gücü 9 bala çatır.  Qaranquş yuvasının qarşısındakı bağ uçulub  Qara dənizə tökülür.  Məşhur krımlı rəssam İvan Konstantinoviç Ayvozovski də “Doqquzuncu val”  rəsm əsərini bu tufandan sonra çəkir.

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

 

 

 

Rəqsanə Babayeva

Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün

 

Dövlətlər arasında münasibətlərin ən həssas, amma eyni zamanda ən incə vasitəsi hərbi güc, iqtisadi maraqlar və ya sərt siyasi çıxışlar deyil – mədəniyyətdir. Çünki mədəniyyət sərhəd tanımır, millətlərin ruhunu bir-birinə yaxınlaşdırır, insanların düşüncə və qəlb dünyasına təsir göstərir. Diplomatiyanın sərt, çox vaxt quru dildən ibarət olan üslubuna qarşı, incəsənət və ədəbiyyat insanların qəlbinə işləyən yumşaq gücdür. Məhz buna görə də müasir dövrdə “mədəni diplomatiya” anlayışı dövlətlərin beynəlxalq münasibətlərdə ən təsirli alətlərindən birinə çevrilmişdir.

Azərbaycanın bu sahədə təcrübəsi xüsusilə diqqətəlayiqdir. Çünki əsrlərlə zəngin irsə malik bir xalq üçün mədəniyyət sadəcə estetik zövq deyil, həm də milli kimliyin qorunması və dünyaya tanıdılması vasitəsidir. Muğamdan miniatür sənətinə, aşıq yaradıcılığından caz musiqisinə qədər bizim hər bir incəsənət nümunəmiz diplomatiyada vizit kartı rolunu oynayır.

 

Mədəniyyət – millətin pasportu

 

Dövlətlər özünü dünyaya necə tanıdır? Əlbəttə ki, siyasətçilərin imzaladığı sənədlərlə, iqtisadi güclə, amma bunların hamısı məhdud auditoriyaya təsir edir. Bir xalqın pasportu onun mədəniyyətidir. UNESCO siyahısına daxil edilmiş muğamımız, Xocalı abidələrində əks olunmuş qədim tariximiz, Şuşada bərpa edilən məclislər və teatrlar bizi dünyada sözlə yox, sənətlə tanıdır.

Bu gün Parisdə bir azərbaycanlı musiqiçinin ifa etdiyi muğam, Tokioda nümayiş olunan xalça sənətimiz və ya Berlin festivalında göstərilən filmimiz, rəsmi bəyanatlardan daha çox təsir gücünə malikdir. Çünki sənət səmimidir, o təbliğatdan çox, həqiqəti göstərir.

 

Yumşaq gücün sərt nəticələri

 

Bəzən “yumşaq güc” anlayışı zəiflik kimi qəbul olunur. Halbuki tarix göstərir ki, musiqi, ədəbiyyat və teatr bəzən toplardan daha güclü ola bilir. XX əsrin ortalarında caz musiqisi ABŞ-ın dünyada nüfuz qazanmasında necə rol oynadısa, bu gün də Azərbaycan cazı beynəlxalq arenada ölkəmizi müasir, açıq fikirli bir dövlət kimi tanıdır.

Muğam festivalları, beynəlxalq sərgilər və kino festivallarında iştirak təkcə mədəniyyət hadisəsi deyil, həm də diplomatik uğurdur. Çünki bu tədbirlərdə Azərbaycan yalnız sənətini göstərmir, eyni zamanda öz dəyərlərini, sülh və birgəyaşayış fəlsəfəsini təqdim edir.

 

Qarabağ həqiqətlərinin mədəni dildə ifadəsi

 

Uzun illər işğal altında qalan Qarabağ torpaqları bu gün mədəniyyətin bərpası ilə yenidən həyat tapır. Şuşada keçirilən “Xarıbülbül” festivalı sadəcə musiqi bayramı deyil, həm də dünyaya bir mesajdır: Azərbaycan mədəniyyətlə yaradır, dağıntılardan sonra qurur, barış və sənət gətirir.Qarabağ mövzusunun teatr tamaşalarında, filmlərdə və rəsm əsərlərində işlənməsi həm xalqın yaddaşını möhkəmləndirir, həm də beynəlxalq ictimaiyyətə incəsənətin dili ilə həqiqətləri çatdırır. Sərt siyasi bəyanatlar bəzən qulaq ardına vurulur, amma bir film kadrı, bir muğam sədası yaddaşlardan silinmir.

 

Ədəbiyyatın diplomatik missiyası

 

Ədəbiyyat tərcümələr vasitəsilə sərhədləri aşır. Nizami Gəncəvi, Füzuli və Nəsimi əsrlər boyu Şərq və Qərb arasında körpü rolunu oynayıb. Bu gün müasir yazıçılarımızın əsərləri də müxtəlif dillərə çevrilərək Azərbaycan haqqında təsəvvür yaradır.

Bir roman diplomatik müstəvidə ölkəni daha dərindən tanıdır: insanlar siyasətçilərin çıxışlarına deyil, yazıçıların hekayələrinə inanır. Bu mənada, dövlətin yazıçı və tərcüməçilərə verdiyi dəstək, milli ədəbiyyatın dünyaya çıxışı üçün əvəzsizdir.

 

Teatr və kino – səhnədə diplomatiya

 

Teatr tamaşası bir millətin ruhunu göstərir. Azərbaycan teatrı uzun illərdir ki, beynəlxalq festivallarda çıxış edir və bu çıxışlar dövlətlərin mədəni dialoquna çevrilir.

Kino isə müasir dövrdə ən güclü mədəniyyət diplomatiyası vasitəsidir. Bir filmin beynəlxalq festivalda göstərilməsi minlərlə tamaşaçıya, yüzlərlə tənqidçiyə və jurnalistə birbaşa mesajdır. Qarabağ, multikulturalizm və milli irs mövzularında çəkilən filmlər Azərbaycanı dünyaya tanıtmaqda mühüm rol oynayır.

 

Gənc nəslin rolu

 

Mədəni diplomatiyanın gələcəyi gənc sənətçilərin əlindədir. Onlar sosial şəbəkələr, rəqəmsal platformalar vasitəsilə ölkəmizi daha geniş auditoriyalara tanıda bilirlər. Bu gün Londonda caz ifa edən bir azərbaycanlı gənc musiqiçi, Parisdə rəsm sərgisi açan bir tələbə rəssam və ya Berlində qısa film nümayiş etdirən bir gənc rejissor əslində diplomatik missiyanı yerinə yetirir.

Dövlətin bu gənclərə yaratdığı imkanlar, onların beynəlxalq səviyyədə dəstəklənməsi Azərbaycanın gələcək mədəni diplomatiyasını daha güclü edəcək.

 

Mədəniyyət və diplomatiya bir-birindən ayrılmazdır. Diplomatiya xalqları yaxınlaşdırmaq üçün çox vaxt mədəniyyətin dilinə möhtac qalır. Azərbaycan bu sahədə zəngin irsi və güclü yaradıcı potensialı ilə dünyada öz yerini möhkəmləndirir.

İncəsənət hər zaman sülhün, anlaşmanın və birgəyaşayışın vasitəsi olub. Azərbaycan da bu prinsiplə dünyaya özünü təqdim edir: biz müharibədən sonra belə yaradırıq, dağıntılardan sonra sənətlə qururuq, düşmənçiliyi yox, harmoniyanı tanıdırıq.

Dövlətin diplomatiyası sərt çıxışlarla deyil, incə muğam sədaları, xalçaların naxış dili, kinonun parlaq kadrları ilə daha güclü olur. Bu, Azərbaycanın həm gücü, həm də üstünlüyüdür.

Çünki tarix sübut edib: mədəniyyət unudulmur, incəsənət silinmir, ədəbiyyat həmişə qalır.

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

 

Çərşənbə, 08 Oktyabr 2025 14:04

ANAR, “Yağış şeiri”

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

YAĞIŞ ŞEİRİ

 

Yağış tikir yeri göyə,

Ağacları, adamları,

yastı-yapalaq damları

Vura-vura, döyə-döyə,

İynə-iynə, lülə-lülə,

İlgə-ilgə, gilə-gilə.

Yağış göyü yerə tikir.

Torpağa damlalar əkir,

Göy – yaş, yer – yaş,

Yağış yağır yavaş-yavaş,

Xəlbirdən süzülür yağış,

Göylərdən üzülür yağış,

Quru yer yox bircə qarış,

Hər yer nəmdi, hər yer yaşdı,

Hovuz, ləyən aşdı-daşdı,

Yağır dağa, daşa yağış,

Yaş üstünə yaşa yağış,

Var ol, yağış, yaşa, yağış,

Bircə sənsən mənə tanış.

                     19 oktyabr 2004

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“İtkin gəlin və “Əfsanəsiz illər”... Sovet dönəmində tirajı 100 minə çıxan bu kitabları oxumayan əsla qalmamışdı. Təkrar nəşrlər sıralanır, kitab əllərdən düşmürdü...

Amma indi bu yazıçı unudulubdur, daha kitabları da çıxmır...

Bu il avqust ayında 90 illiyi də izsiz keçdi...

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb. Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. Əfqanıstanda mütərcimlik edib.

Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləyib (1976-cı ildən) və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışıb. 1994–96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olub. "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib.

"İtkin gəlin" romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilib. 2002-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasına üzv olub. 2003-2008-ci illərdə VHP Ali Məclisinin üzvü olub. Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, "Təyyarə kölgəsi", "Vəfalım mənim" romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı..

1980-ci illərin ikinci yarısında Ə. Hacızadənin qələmə aldığı "Möcüzə" romanı o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus bir baxışı əks etdirirdi. Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərruxi Yəzdiyə həsr olunan monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Əlibala Hacızadə həmçinin bir sıra orta əsr mənbələrini dilimizə tərcümə edib.

 

Kitabları

1. Heykəl gülür (hekayələr)

2. Unutmaq olmur (povest)

3. Məhəbbət olmayan evdə (povestlər)

4. Fərruxi Yəzdinin poeziyası

5. Cehiz (hekayələr)

6. Pəhləvan (hekayələr)

7. Təyyarə kölgəsi (roman)

 

Əsərləri

1. Möcüzə

2. Yandırılmış Adam

3. Əlibala Hacızadə

4. Dünyanı Tanı

5. Vəfalım Mənim

6. Əfsanəsiz İllər

7. İtkin Gəlin

8. İnam

 

Əlibala Hacızadə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub, İranda "Ölməz şəxsiyyətlər" mükafatına layiq görülüb, çoxillik elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilib.

8 oktyabr 2009-cu ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

FƏRİD HÜSEYN

 

DAŞ QAZAN

 

Yanmış kibrit çöplərinə baxıram:

başından kül olmağın kədəri bürüyür könlümü...

Həyat sonda ayaqlarımızın dibinə gömür işığımızı -

eynən kibrit çöpləri kimi...

 

Sevdiyim şeirləri qalın kitablara sürgün eləyiblər,

Bir də onları axtarıb tapmağa vaxt nə gəzir?

Oğlumun gözlərindən başqa

sürətim hər yerdə kiçilir.

 

Ölüm ayağındaymışam kimi

itirib bütün mənasını sirlərim.

Qəlbimin daşlığında boğuldu

tumar çəkməyə həsrət əllərim.

 

Könlümdə qiyama qalxıblar

dilimdəki qullar...

Sizə ölüm yoxdur, ey unutmadıqlarım...

Daş qazandır yaddaşım - gec qızar, gec soyuyar.

 

 

TALE YORĞUNU

 

Çoxumuz yorulduq taleyimizdən,

çünki gec gələn sevincə yer saxlamamışdı təəssüf.

Bir-birini yaxşı tanımaqdan xəstə düşmüş

insanlara necə kömək əli uzadasan?

Qaralmış üzlərə baxmaqdan

qançır olmuş bəbəklərin əllərindən

matəm yaylıqlarını hansı haqla alasan?

 

Axar sular surətlərimizi

korların qabağına tökdü,

heç kəs tanımadı bizi, dünya!

Özünü də itirdin, bizi də...

 

Gecəni gözləməkdən qaranlığa qarışdıq, dünya.

Qiyamət günə qurulmuş saatlar yatdı.

Cavabsız suallarda sözləri kim düzdü bir-birinin yanına?

Qəbirlərin arasındakı bir adamlıq cığırları kim saldı?

On bir iqlim qurşağından kim tor atdı nəfəsimizə?

Ananın qocalmasıyla barışmaq üçün

onu nənəmizə bənzətməyi kim öyrətdi bizə?

Yalana şeir donu biçənlərin parçasının pambığı

ölü dillərin kəfəni deyildimi?

Səni tanıyandan sonra,

kitabların üz qabığının hasarından

həqiqət çökəkliyinə yıxılmağa alışdıq.

Yarlı-yaralı su içdik, dünya! -

Özünü də öldürdün, bizi də!

 

 

“VƏFA” SÖZÜNÜ İLK DƏFƏ EŞİDƏRKƏN...

 

Eşitdim qovulmusan yer üzündən,

amma çox qala bilməzsən getdiyin yerdə

qayıdacaqsan qəlbinin ardıyca.

Qayıt, yer tap özünə öz ömründə...

 

Dilindən "Allah" sözü düşməyən bir riyakarı

bir topa pulu sayarkən görmüşdüm.

Əllərinin sürəti ilə

gözlərinin ehtirasının toqquşduğu yerə baxmışdım.

Orda Allahdan əsər-əlamət yox idi.

 

Sən ki, "vəfa" sözünü eşidəndə

qulaqlarını tutub qaçan adamsan...

Yerini yaxşı bilirəm.

Pul sayanların əllərinin sürəti ilə

gözlərinin ehtirasının toqquşduğu yerdəsən.

Ən doğma günlərin dərdinə arxa çevirmisən,

yox olmusan,

gücünü arsızlıqdan alan zamana yoluxmusan...

 

 

CƏSARƏT GİLEYİ

 

Bu dəfə bircə sən yox idin həmişəki görüşdə

və hər şeyin əvvəlki kimi olması

yaman üzdü məni,

sanki qorxaqcasına

səni unutmağımızı bayram edirdi işıqlar,

sənsə zülmətin zəncirləri arasından bizə baxırdın.

 

Kaş bu dəfə məclisdə nəsə çatışmayaydı,

kimsə gəlməyəydi,

birimizin halı pisləşəydi,

amma olmadı.

Dostlar şərab süzdü

və hər şeyin əvvəlki kimi olması

məni yaman üzdü.

 

Sənin baş qəhrəmanı olduğun

lətifəni danışdılar adını çəkmədən,

arsız gülüşlər arasında əridin ağız boşluğumuzda.

Badə səsləri əvvəlki ahəngiylə qarışdı bir-birinə

və mənim bağrımın başı göynədi

hər şey əvvəlkitək davam etdiyinə görə.

 

Sonra sənin yoxluğunla sağollaşmadı heç kəs –

dağılışdıq evə.

Mənsə üzümü qaranlığa tutub pıçıldadım:

xatirələrini halal elə.

 

 

GÖZƏL XANIMLARIN QOCALMASI

 

Nədənsə heç qəbul edə bilmirəm
gözəl xanımların qocalmasını.
Boynunun altında şırım qırışı
dəbli şallar ilə sarımasını.

 

Qabaran damarlar əlin üstündə
sanki qocalığın xəritəsidir.
Alaca gözlərin altında tuluq –
“Geriyə yol yoxdur” – işarəsidir.

 

Enib dik dabanın göydələnindən
yastı dabanların zirzəmisinə.
Sözlərə işvəylə zinət vurmurlar,
əda od ələmir səs zəmisinə.

 

Kənar baxışları sezmirlər daha
itir duyumları, itir hissləri.
Hamımız bir bezin qırağıyıqmış, –
daha ayırmırlar yaxşı-pisləri.

 

Boyasız dırnaqlar qalınlaşaraq
hamısı qayıdıb öz rənglərinə.
Min cür saç rəngindən qisas almaqçün
yaxşı fürsət düşüb ağın əlinə.

 

Çoxdan xəyal kimi çəkilibdirlər
bir vaxt hər görüşə gül gətirənlər.
Qocalar evində nərd oynayırlar
masaya haçansa ləçək səpənlər.

 

Hərdən cavanlığı salaraq yada,
şaqqanaq çəkirlər yenə ucadan.
Ürəkdən gəlməyən gülüş tez sönür
sanki sısqa tüstü çıxır bacadan.

 

Töküb şəkilləri qarşılarına
bəzən özlərinə çəkirlər həsəd.
İtmiş gözəlliyi kim xatırlasın?
Qocada yaddaş yox, cavan nabələd.

 

Qocalıq azadlıq verir onlara.
gözəllik məhbəsmiş, gözəllər məhbus.
Bugünkü ağ saçlı qadına baxsan
dünənini düşün! Əfsus, səd-əfsus...

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Şiringül Musayevanın tamaşa mətnləri təqdim edilir.

 

 

Şiringül MUSAYEVA

 

Kiçik süjetli tamaşa üçün mətnlər

TƏRCÜMƏÇI VƏ YAZIÇI

 

Yazıçı pırpız saçlı tərcüməçiyə yaxınlaşır:

– Siz tərcüməçisiniz? İstəyirəm hekayəmi tərcümə edəsiniz.

– Sən məni tanımırsan? Necə yazıçısan, məni hamı tanıyır. Əmrahov mənim tərcümələrimlə dünya miqyasında tanındı.

– Üzrlü sayın. Bundan sonra tanıyaram.

– Hansı dilə tərcümə etdirirsiniz?

Yazıçı təəccüblə:

– Neçə dil bilirsiniz?

– Mənim bilmədiyim dil yoxdur. Əsas dillərin hamısını bilirəm.

– Əhsən! Mən sizi  necə tanımamışam. Hələlik ingiliscəyə çevirin.

– Pulu bəri başdan ödəyin. Mən hər tərcüməçinin tayı deyiləm. Bahalıyam.

– Əlbəttə, buyurun.

         Üç gün sonra tərcüməçi zəng edir:

– Hekayəndə ana soruşur:

  Qız, məcməyi haradadır? Qız ona nə cavab verir?

  Ay, üzrlü sayın. Hekayəyə baxım. Əzbər yadımda deyil.

         Üç gün sonra tərcüməçi zəng edir:

– Tərcümə hazırdır.

– Təşəkkürlər.

– Tərcüməni redaktə elətdir.

– Nədən?

– Necə nədən? Sən hələ redaktə nədir bilmirsən. Bütün yazılar redaktə olunmalıdır. Əmrahov da tərcümələrimi redaktə etdirirdi. Düzdür, heç bir tərcümədə adımı qeyd etməyib. Amma tərcümə yazıçıdan irəlidir. Bunu hamı bilir.

– Mən rus dilinə tərcümə etdirdim. Belə söhbət olmadı. Tərcümə də,  oxuyanların fikrincə, mükəmməl idi.

– Nə çərənləyirsən? Mənim kimi tərcüməçi var? Sən hələ tərcümə, redaktə nədir, bilmirsən. Hekayəni də özün yazmamısan.

– Nədən? Özüm yazmışam.

– Dedim, özün yazmamısan. Sən mənim kimi tərcüməçiyə irad bildirirsən?

– Nə üçün bu fikrə gəldiniz?

– Mən səndən soruşdum: ana deyəndə məcməyi haradadır, qız nə dedi? Sən cavab verməliydin. Cavab verə bilmədin. Normalda  bilməliydin. Sənsə, telefonu bağlayıb  əsəri yazan adamdan soruşdun.  "Hekayəyə baxım" deməyin sənin hiylən idi. Sən hekayəni yazan adamdan məcməyinin yerini soruşurdun.

– Ah, əfəndim ...

– Mən elə-belə tərcüməçi deyiləm, Əmrahov mənim tərcüməmlə dünya çapında tanınır.

Yazıçı dəhşətə gəldi... Tərcüməçi bu vəziyyətdədirsə, görən tərcümə nə haldadır?

 

 

BACILAR

 

Gözəl mənzərəli bir kənd. İki bacı əllərində su qabı bulağa gedir. Böyük bacı on iki yaşlarında. Kiçik bacı doqquz yaşında. Böyük bacı bir qədər qüsurlu: ayaqları əyri, boyu qısa, gözləri çəp.

Kiçik bacı göyçək, suyuşirin.

Böyük bacı yolda tez-tez büdrəyib yıxılır. Hər yıxılanda ayağa durub kiçik bacıya çımxırır:

  Səməçə, ayaqlarını düz at, yeriyə də bilmirsən.

  Mən yaxşı yeriyirəm.

  Yeriyirsən... Ayaqlarıma dolaşıb məni yıxırsan.

  Sən özün yıxılırsan. Mən sənə heç nə etmədim.

Bulağa çatırlar. Bulaqda bir neçə qadın var. Bulaq başı sulu və palçıqlıdır.

Cavan bir qadın bacılara müraciət edir:

– Verin qablarınızı doldurum. Qabları doldurub kiçik bacıya  vermək istəyəndə böyük bacı irəli atılıb qabı alır. Yerimək istəyəndə ayaqları dolaşıb palçığın içinə yıxılır. Ayağa durub palçıqlı əlləri ilə kiçik qızı vurur və deyinir:

– Bu belədir. Həmişə buna görə əziyyət çəkirəm. Halhop!

– O heç nə etmədi, sən özün yıxıldın ki... Gəl əllərini yu, – cavan qadın deyir.

Bu dəfə qabları doldurub kənara çıxardır. Ağzı bağlı balaca qabı böyük qız, o birini kiçik qız götürür.

         Bacılar yollarına davam edirlər. Kiçik qız qorxudan qabaqda gedir ki, böyük bacı yıxılarsa, onu təqsirləndirib vurmasın.

Birdən böyük qız yenə yıxılır.

Elə yerindəcə bağırmağa başlayır:

– Halhop, səməçə,  sənə görə yıxılıram. Yüz dəfə demişəm, əl-ayağıma dolaşma. Nə faydası ...

 

 

İMKANLI KİŞİ AXTARIŞINDA

 

Çox kök, hardasa yüz iyirmi kiloluq qadın, altmış yaşlarında və zərif, incə qadın əlli yaşlarında həyətdə ağac kölgəsində qoyulmuş skamyada əyləşiblər. Söhbət edirlər.

         Zərif qadın deyir:

– Qızımın padruqası ad günü keçirdir. Qızım axşam orada olacaq.

– Harada? – gombul soruşur.

– Gənclik molda

– Ora çox bahalıdır.

– Bilirəm. Bunların imkanı yaxşıdır.

Gombul böyük maraqla:

         – Anası kimdir qızının padruqasının? Mən tanıyıram?

– Yox, anası rəhmətə gedib.

– Bəs kişi neynir, subaydır?

– Subaydır, arvadının ili təzə çıxıb.

– Bura bax, Gülü, gəl o kişini mənə düzəlt.

Gülü heyrətini büruzə verməyərək deyir:

– Kişinin əlli beş yaşı var, səndən kiçikdir.

– Nə olsun? Yaşa baxan var? Artistlər özlərindən otuz yaş kiçiklə hərlənir.

– Cavanlar da otuz yaş böyüklə, – Gülü etiraz etmək məqsədi ilə deyir.

– Mənə nə olub? Kimdən əskiyəm,  – gombul hikkədən qaralır.

Gülü gülür, söhbəti zarafata yozub dəyişir.

...

Aradan bir müddət keçi. Qadınlar həmin yerdə oturub.

Gombul:

– Gülü, qızının padruqasının atasına de, bizi kafeyə, restorana dəvət etsin.

Gülü bir müddət cavab verə bilmir.  Handan-hana:

– Kişiyə elə söz demək olar? O bizə necə baxar? Ayıbdır axı.

– Nədən ayıbdır?

– Arvadı ölüb. Ağırxasiyyət adamdır. Hər adamla oturub-durmur.

– Sən hər adamsan?

– Yox. Elə bizimlə ağırtəbiət olduğumuz üçün münasibət saxlayırlar. Həm də yerliyik. Ona elə desəm, mənə dəvə nalbəndə baxan kimi baxar. Mən heç vaxt kiməsə belə söz demərəm və kimləsə restorana getmərəm. Sənə də məsləhət görmürəm.

...

Gülü gombuldan gen gəzməyə başlayır. Gombul isə hər həyətə düşəndə ona zəng edir, qapısını döyür. Gülü müxtəlif bəhanələrlə ondan gen gəzir. Aradan bir müddət ötür.

Bir dəfə Gülü həyətdə bir dəstə arvadın söhbət etdiyini görüb yaxınlaşır. Arvadlar nə barədəsə danışıb gülürlər.

– Nə olub? – Gülü maraqla soruşur.

– Binanızda yaşayan gombulu tanıyırsan?

– Tanıyıram.

– Eşitməmisən, nə edib?

– Nə edib?

– Gedib təzə binada yaşayan Əflatunun – imkanlı kişinin  qapısını döyüb.

Gülü:

         – Sonra?

– Sonra deyib ki, sən dul, mən dul, gəl mənə bənd ol.

– Kişi bənd olub?

– Yox ey, deyib, ay xala, get o yanda hərlən. Bu da deyib: onda qızım var, onu al.

– Vay-vay ...

– Kişi deyib p...nu o yana elə. Qızı da yüz otuz kilo olar. Bunlar nəsillikcə çox gombuldur.

– Yazıq neyləsin bunlar onun varına daraşsa, bircə ilə bitirərlər, – qadınlardan biri dedi.

– Bəs bunu sizə kim dedi? – Gülü saralaraq soruşdu.

– Kim olacaq Mədinə xala. Səsə-küyə çıxıb.Yazıq kişi qapını güclə bağlayıb, gözətçini çağırıb gombulu qapıdan uzaqlaşdırıb.

– Qadında üzə bax.

– Varlı hər bunun kimisinə varını qapdırsaydı, varlı olmazdı, – Mədinə xala söhbəti kəsdi, – daha bu barədə danışmayın, qızlar, siz də qadınsınız, söhbəti bitirin. Ayıbdır.

 

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin hər iki mərhələsi milli mənlik, milli kimlik uğrunda mücadilə, yaddaşa qayıdış ideologiyası ilə bağlı çoxsaylı fərman və sərəncamlarla müşayiət olunur. Onun 1972 və 1982-ci illərdə Mərkəzi Komitənin adından aldığı iki qərar Sovet İttifaqının üstünə yerimək, gəmidə oturub gəmiçi ilə savaşmaq deməkdi. İlk qərar Nəriman Nərimanovun Bakıda , Azərbaycanın qatili Sergey Mironoviç Kirovun abidəsinin ucaldıldığı ərazidə, elə onun əzəmətində ucaldılaması ilə bağlı idi. Digər qərar isə daha dəhşətli idi. Ulu Öndər 1982-ci ildə yenidən Bolşevik Rusiyasının üstünə yerimiş Hüseyn Cavidin nəşini Sibir çöllərindən Bakıya gətirmiş, Naxçıvanda ata yurdunda torpaq müqəddəsliyinə qovuşdurmuşdu.

 

Siyasi hakimiyyətinin ikinci mərhələsində aldığı 5 tarixi qərar isə onun qüdrətli Sərkərdə-Xaqan əzəmətini dünyaya yenidən sübut etmişdi. Böyük Qayıdışından sonra “Atəşkəs” müqaviləsinə imza atıb mənsub olduğu millətin genefondunun xilaskarına çevrilən Ulu Öndər, “ Əsrin müqaviləsi” ilə Müasir Azərbaycanın Memarına çevrilib Tarixi Zəfərin Vizit kartına döndü. Ulu Öndərin Zərifə xanım Əliyevanın nəşinin Moskvadan Bakıya köçürülməsi, Fəxri Xiyabanda atasının, qüdrətli dövlət xadimi, polkovnik-komissar  Əziz Məmmədkərim oğlu Əliyevin yanında torpağa verilməsi ilə bağlı aldığı qərar isə ailəni dövlətin mikromodeli hesab edən millətin yaddaşına verdiyi dəyər idi.

Ulu Öndərin Şəhid analarının gözyaşının, al-qanı ilə tarix yazan  Şəhidlərin sonsuz Vətən sevgisinin adına Şəhidlər xiyabanında ucaldılan Əbədi Məşəl abidəsi, eyni zamanda Naxçıvanda Hüseyn Cavid məqbərəsinin ucaldılması ilə aldığı qərarlar da onun Sərkərdə-Xaqan ucalığının əzəməti olmaqla yanaşı, həm də Hüseyn Cavidin irsinə, ailə faciəsinə və kədərinə etiramının göstəricisi idi. Məhz o məqbərənin ucaldılması ilə Çırağı söndürülən, pərən-pərən düşən Cavidlər eyni məqamda , məkanda torpaq müqəddəsliyinə qovuşdular.

 

Siyahıda olanlardan birinə daha çox diqqət yetirilir

XX yüz ilin əvvəlində İsmayıl bəy Qaspıralı İstanbula gedir. Əli bəy Hüseynzadə ilə görüşür. Əli bəydən onu dostu Rza Tevfiklə görüşdürməyi xahiş edir. Görüş zamanı Qaspıralı Rza Tevfikdən xahiş edir ki, Qafqazdan, Çar Rusiyasından, Türküstandan seçilmiş gənclər gələcək onlara xüsusi dərslər keçsin. Siyahıda Azərbaycandan 11 nəfər var idi. Onlardan birinə daha çox diqqət yetirilir. Həmin gənc sonralar Cavid Əfəndi olaraq tanınan Azərbaycan romantizminin banilərindən biri, Azərbaycanda ilk mənzum faciə və dramın müəllifi, bir sıra ədəbi janrları, xüsusən də sonet, marş və türküləri Azərbaycan poeziyası tarixinə ilk dəfə gətirən Hüseyn Cavid idi.

 

Mehmet Akif Ərsoydan, Xalid Ziya Uşaqlıgildən, Rza Tevfikdən dərs alır

Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda, Nuhun çıxdığı torpaqda, Əshabi-Kəhf müqəddəsliyinin, Haçadağın, İnandağın ətəyində, Gilan məbədinin, İbn Küseyr və Möminə xatun türbəsinin yaxasında dünyaya gəldi. İbtidai təhsilini burada, orta təhsilini isə Məhəmməd Tağı Sidqinin üsuli-cədid yolu ilə qurduğu “Məktəbi-tərbiyə”sində aldı.  Ruhani ailəsində doğulan Hüseyn Cavidin ilk müəllimi ətinin və sümüyünün yiyəsi, eyni zamanda ruhunun atası Abdulla Əfəndi olmuşdu. 1896-1898-ci illərdə “Məktəbi-tərbiyə”də Məmməd Tağı Sidqidən dərs alan Cavidi Əfəndinin təhsilinin Təbriz dövrü, “Talibiyyə” mədrəsəsində keçən illər  onun klassik ədəbiyyatı, Qurani-Kərimi mənimsəməsinə, eyni zamanda ərəb, fars dillərini mükəmməl şəkildə öyrənməsinə təsir etmişdi. Təbrizdən sonra İstanbula gedən, Rza Tevfikdən dərs alan, Hüseyn Cavid 1906-cı ildə İstanbul Darülfününü – Universitetini qazanır. Türkiyə Cümhuriyyətinin himninin müəllifi, istiqlal şairi Mehmet Akif Ərsoydan, Xalid Ziya Uşaqlıgildən, Rza Tevfikdən dərs alır. İstanbul mühiti, türk-islam düşüncəsi Hüseyn Cavidin mənəvi dünyasının formalaşmasına təsir edir. Həyatının dönüş nöqtəsinə çevrilir. 1909-ci ildə İstanbul Universitetinin ədəbiyyat bölməsini bitirir. Təhsilini başa vurduqdan sonra doğulduğu Naxçıvanda, daha sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildə isə Bakıda müəllimlik edir. 1909-1910-cu ildə “Ana” pyesini, “Məsud və Şəfiqə”ni yazır. 1913-cü ildə isə “Keçmiş günlər” adlı ilk şeir kitabı nəşr edilir. 1914-cü ildə Azərbaycan ədəbiyyatı tarixində hadisə sayılan,  ilk mənzum faciə - “Şeyx Sənan”ı, 1918-ci ildə isə “İblis” dramını qələmə alır.

 

Milli düşüncənin və romantizm ədəbi cərayanının öndərlərindən biri

Bu dövrdə Azərbaycan ədəbiyyatında iki mühit var idi: romantiklər və realistlər. Onlara “Füyuzatçılar” və “Molla Nəsrəddinçilər” də deyirdilər. “Molla Nəsrəddin” sərt tənqidlə maarifçiliyin tərəfdarı idi. “Füyuzat” isə ənənəni qorumaqla onun mümkün olacağına inanırdı. Hüseyn Cavid isə “Füyuzatçılar”ın – Əhməd bəy Ağaoğlunun və Əli bəy Hüseynzadənin düşüncəsini müdafiə edir, “Füyuzat”da çap etdirdiyi məqalələrlə ümummilli maraqlara töhfədə bulunurdu. Bu səbəbdən də istər “Füyuzat” ədəbi məktəbinin, istərsə də Hüseyn Cavid irsinin tədqiqatçısı olan alimlər Cavid Əfəndi ilə “Füyuzat”ı milli düşüncənin və romantizm ədəbi cərayanının öndərlərindən hesab edir.

 

Bakı əsilzadələri onun Təbrizdən Naxçıvana keçməsi xəbərini alıb rahatlandılar

1918-ci ilin mart ayında erməni daşnaklarının Bakıda törətdiyi soyqırım onların vəhşiliyinin göstəricisi olmaqla yanaşı minlərlə soydaşımızın qanına qəltan edilməsi ilə nəticələndi. Bu qanlı günlərdə Cavid Əfəndi Bakıda  Səfa Məktəbində və Səadət Ruhani Məktəbində müəllim işləyir, “Təbriz” otelində qalırdı. Qanlı terror gecəsində ermənilər otelə hücum çəkir, 60-dan çox insanı əsir alır. Onların içərisində Hüseyn Cavid də olur. Ermənilər qarşılarına çıxan hər kəsə atəş açır, müqavimət göstərənləri yerindəcə güllələyirdilər.

Belə bir dəhşətli məqamda ölümlə pəncəyə-pəncəyə olan Cavid Əfəndi məqamdan istifadə edib gözdən yayınır, gecə ilə limana gəlir və o taya soyqırımı qurbanlarına qoşulub Təbrizə keçir. Bu dövrdə erməni daşnakları Qərbi Azərbaycanda, Zəngəzurda, Naxçıvanda, Təbrizdə, Mərənd, Xoy, Ərdəbil, Urmiya istiqamətində də soyqırımlar törədirlər. Təbrizdən sonra Araz çayı vasitəsi ilə Naxçıvana keçən Hüseyn Cavid nəhayət ki, öz ata-baba yurduna qovuşur. Cavidi soyqırımı qurbanlarının sırasında görməyib nigaran olan Bakı əsilzadələri onun Bakıdan Təbrizə, Təbrizdən Naxçıvana keçməsi xəbərini alanda rahatlanırlar.

 

Kazım Qarabəkir Paşa ilə Cavid Əfəndinin dillərə dastan dostluğunun təməli belə qoyulur

Hüseyn Cavidin Naxçıvana dönüşü Naxçıvan Milli Şurasının və Müdafiə Komitəsinin sədri Mirzə Nəsrulla bəy Əmirovun Osmanlıya, Atatürkə müraciəti, Naxçıvanın erməni daşnaklarından – Ozanyan və Andranikin dəstəsindən təmizlənməsi üçün yardım istəməsi, Kazım Qarabəkir Paşanın rəhbərlik etdiyi IX Qafqaz İslam Ordusunun Naxçıvana gəlişi ilə üst-üstə düşür. İstanbul Universitetində təhsil alarkən Cavid Əfəndinin himayədarı kimi onun bütün məsrəflərini, təhil haqqını, kirayə xərclərini üzərinə alan Naxçıvan Qızlar Seminariyasının, Naçıvan Milli Şurasının və Naxçıvan Müdafiə Komitəsinin sədri, Araz-Türk Cümhuriyyətinin qurucularından biri Mirzə Nəsrulla bəy Əmirovun istəyi ilə Hüseyn Cavid Seminariyada və IX İslam Ordusunun Komandanı Kazım Qarabəkir Paşanın təməlini qoyduğu Hərbi Rüşdiyyədə dərs deyir. İki tarixi şəxsiyyətin Kazım Qarabəkir Paşa ilə Cavid Əfəndinin dillərə dastan dostluğunun təməli belə qoyulur, hər iki qüdrətli şəxsiyyət Naxçıvanın sevimlisinə, gözdə nuruna, döyünən qəlbinə çevrilir. Onun biri Süngünün, digəri Qələmin simgəsi, bəlgəsi kimi tarix yaradır. Bu gün nəinki Naxçıvanda, Odlar Yurdu Azərbaycanda, Osmanlıda, Türkiyə Cümhuriyyətində dostluğun, qardaşlığın, əbədi sevginin, birliyin, bütövlüyün rəmzinə çevrilən hər iki qüdrətli Türk ehtiramla anılır.

 

Qurani-Kərimi Mirzə Nəsrulla bəy Əmirova, “Öyüdlərim” adlı şeirlər kitabının əlyazmasını isə Hüseyn Cavidə ərməğan edir

Kazım Qarabəkir Paşanın “Mənim tanıdığım Naxçıvan fədakardır, mərddir!” deyib dəyər verdiyi qədirşünas naxçıvanlılar Ali Gildiyalı tacir Mirzə Nəsrulla bəy Əmirovun sərmayəsi, Kazım Qarabəkir Paşanın iradəsi ilə qurulan Naxçıvan Rüşdiyyəsinə sonralar Naxçıvanın xilaskarının, IX İslam Ordusunun komandanın adını verir. Rüşdiyyənin fəxri müəllimi kimi tələbələrə mühazirələr oxuyan Kazım Qarabəkir Paşanın istəyi ilə burada poeziya, ədəbiyyat gecələri keçirilir, Kəlamla Qələmin, Qələmlə Süngünün vəhdətində sərkərdə-xaqanlarımızın ruhu ehtiramla yad edilir. Naxçıvanın elmi-mədəni elitasının nümayəndələri, şair, yazıçı və rəssamları, incəsənət xadimləri həmin gecələri öz əsərləri ilə rövnəqndirirlər. Cavid Əfəndinin rəhbərliyi ilə təşkil edilən konsert proqramlarının, teatr tamaşalarının daha mükəmməl şəkildə alınması üçün Kazım Qarabəkir Paşa ona yardımda bulunmaqda çəkinmir.

I Dünya müharibəsindən sonra bağlanan müqavilələrə əsasən Osmanlı Hərbiyyə Nazirliyi Kazım Qarabəkir Paşanı geri çağırmalı olur. Paşanın “Əgər ordum buradan çıxarsa, burada bir türk, bir müsəlman qalmayacaq, hər birini qətl edəcəklər!” deməsinə baxmayaraq geri dönmək məcburiyyətində qalır. Getmədən öncə isə iki dostuna  Qarsı işğaldan azad etdikdən sonra Ocaqlı köyündə üzünü söykəyib  namaza getdiyi Qurani-Kərimi Naxçıvan Müdafiə Komitəsinin sədri Mirzə Nəsrulla bəy Əmirova, “Öyüdlərim” adlı şeirlər kitabının əlyazmasını isə Hüseyn Cavidə  təqdim edir. Rüşdiyyənin tələbələrinə isə son sözü belə olur: “Sevimli yavrularım! Bu kitabı sizin üçün yazdım. Bu əlyazısı kitabımı sizə təlim edəcək çox dəyərli hocam, hocamız, mənim əziz dostum, qardaşım Hüseyn Cavid bəy Əfəndilərinə ərmağan edirəm...”

Bu hadisənin üstündən 3 il keçdikdən, Hüseyn Cavid Naxçıvandan Bakıya döndükdən sonra 1921-ci ildə həmin əlyazmasını Kazım Qarabəkir Paşanın imzası ilə nəşr etdirir. Nəşrin himayədarı Paşanın digər dostu Mirzə Nəsrulla bəy Əmirov olur. Deyilənə görə, o bunun üçün qızıl cib saatını bağışlayır. Kitab 1925-ci ildə Maarif Komissarlığı tərəfindən yenidən çap edilir.

 

“İblis”in, “Peyğəmbər”in qələmə alınması dar ağacına qalxmaq, ölüm fərmanını öz əlinlə vermək idi

1918-ci il sentyabr 15-də Bakı işğaldan azad edilir. Tiflisdə elan olunub 10 gün sonra Gəncəyə köçürülən Cümhuriyyətin nəhayət ki, sentyabrın 17-də Bakı mərhələsi başlayır. Seyid Mirbabayevin malikanəsindən qaldırılan Bayraq Bakının tarixi sakinlərinin və sahiblərinin ünvanını dünyaya nümayiş etdirir. Məclisi Məbusan Tağıyevin Qız Məktəbinin binasında fəaliyyətə başlayır. Quruluşun, zamanın sərt diqtəsinə baxmayaraq Cümhuriyyətin rəsmi qurumları formalaşdırılır. “İstiqlal Bəyannaməsi”ni qəbul edən tarixi şəxsiyyətlər, Əlimərdan bəy Topçubaşovun simasında Azərbaycanın İstiqlalının Versal Sülh Konfransında  tanınmasına nail olur. 1919-cu ildə Cavid Əfəndi Naxçıvandan Bakıya, paytaxta dönür. Fətəli xan Xoyski və Nəsib bəy Usubbəylinin rəhbərlik etdiyi hökumətdə məktəb və maarif məsələlərinin təşkilində yardımçı olur. Hazırlıq kurslarında ədəbiyyatdan, Tağıyevin Qız məktəbində şəriətdən dərs deyir. 1919-cu ilin mayında keçirilən Müəllimlər İttifaqının idarə heyətinin üzvü, Azərbaycan Müəllimlər Konfransından Təlifat-Nəşriyyat heyyətinin sədri seçilir. Həmin ildən o, həm də Bakı Müəllimlər Seminaryasında müəllim kimi fəaliyyətə başlayır. 1937-ci ilə, repressiya qurbanına çevrilənə qədər burada çalışır. Tağıyevin Qızlar Məktəbinin binası kimi təməli qoyulan, Məclisi Məbusanın ilk iclasının çağrıldığı müqəddəs məkan kimi yaddaşlara yazılan, indi Cavidin Ev Muzeyini və Əlyazmalar İnstitutunun binası kimi tanınan binada yaşamağa başlayır.

 

Quran nədir anlamazdıq, Vətən nədir bilməzdik

Həmin il “İblis” əsəri səhnəyə qoyulur. Hüseyn Cavidin sənətkar taleyini həll edən “İblis”  zamanın aynasına çevrilir. Bütün dövrlərin şah əsəri kimi quruluşun, zamanın üstünə yeriyir.

1922-ci ildə “Peyğəmbər”i, 1925-ci ildə Osmanlı sevgisindən adında qüsura yol verdiyi, dünya fatehinin ruhunu incitdiyi “Topal Teymur”u qələmə alır. Allahsızlar cəmiyyətinin qurulduğu, ciblərə Allahsız knişkasının qoyulduğu, “Molla Nəsrəddin” jurnalının “Allahsız” adında nəşr olunduğu, dini etiqad azadlığının ləğv edildiyi, Şura hökumətinin pantürkizm, panislamizm adında fırtınalar qopardığı ərəfədə “Peyğəmbər”in , “Topal Teymur”un qələmə alınması başını kötüyün üstünə qoymaq, dar ağacına qalxmaq, ölüm hökmünü, fərmanını öz əlinlə vermək idi. “Quran nədir anlamazdıq, tən nədir bilməzdik. Qarşımızda yetimlərin göz yaşını silməzdik. Ağlanacaq bir hal idi. Özümüzə güldürdük. Dilimizin, dinimizin getməsinə gülürdük...” nidası ilə al bayraqlı, oraq-çəkicli quruluşun, Şərqin Demokratik Cümhuriyyətini qan gölündə boğan Qızıl Ordunun, Şura hökumətinin üstünə yeriyən Cavid Əfəndi sükutu, poeziyası, nəsri, dramaturgiyası ilə İstiqlalın boğulduğu, mücahidlərin susdurulduğu, ölümün, mühacirətin ağuşuna atdığı bir dövrdə üsyan edirdi. Darülmüəllimin auditoriyalarını Salman Mümtaz, Hənəfi Zeynallı, Bəkir Çobanzadə kimi Əbədi İstiqlalın şərbət camına çevirir, Şeyx Cəmaləddin Əfqani, Əhməd Rasim Əfəndi, Namik Kamal, Rza Tevfik, Mehmet Akif Ərsoy, Ziya Göy Alp, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə kimi ruhunu, duyğusunu, sonsuz millət, məmləkət sevgisini tələbələrinin, yetirmələrinin, ardıcıllarının beyninin şırımlarına köçürürdü.

 

Nə öncə öylə səadət, nə böylə zillət olaydı!

Elmi-irfan bulağından içən, ruhunun davamçılarına da türkçülük adında müqəddəsliyin bulağından içirən Cavid Əfəndinin bütün yaradıcılığı iki dövrə bülünür. Cümhuriyyətə qədərki, Cümhuriyyətdən sonrakı dövr. Dəyişən quruluş, zaman, iflasa uğradılan Cümhuriyyət Hüseyn Cavidin taleyində kədər dolu səhifələrin yazılması ilə davam edir. Üzüntülü, üzgün taleyi, üzülən ürəyi ilə onu imtahana çəkir. Əslində o, yer üzü ilə Cümhuriyyətdən sonra vidalaşıb qutarmışdı. Sadəcə Cəfər Cabbarlı, Bəkir Çobanzadə, Salman Mümtaz kimi “Dan Ulduzu!”nun yenidən doğacağı, zülmətləri nura qərq edəcəyi məqamı gözləyir, son ümidin işartısının sönməməsi üçün qələmini süngüyə çevirib deyirdi: “Tükəndi taqəti-səbrim! Ədalət, ah, ədalət! Nə öncə öylə səadət, nə böylə zillət olaydı!”

Cümhuriyyətə qədər sonetləri, marşları, pyesləri, dram əsərləri, “Həyat”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”,  “Açıq söz” kimi qəzetlərdə işıq üzü görən publisistik yazıları ilə mənəvi əzəmətini sübut yetirən Hüseyn Cavid Cümhuriyyətdən sonra qələmə aldığı misraları ilə fırtınalı dənizi xatırladır, üsyan dolu hayqırtıları ilə millətinin istiqlal badəsinə zəhər süzənləri inkar etməkdən çəkinmirdi. 1926-cı ildə Türkaloji Qurultaydan sonra onu qorumaq istəyən dostları tərəfindən müalicə adı ilə Almaniyaya göndərilən Cavid Əfəndi ilk mühacirətini yaşasa da, böyük dönüşü ilə Sarı Aşığın “Qürbət cənnət olsa da, yenə Vətən yaxşıdır!” nidasını gerçəyə çevirir. Türkçülük, Turançılıq dolu düşüncəsinin aynası olan əsərlərini qələmə alır, mücahid ömrü sürür. Şəhid olacağı günə müntəzir olur. Cümhuriyyət sevdasının son anda onunla, o müqəddəs adla – Şəhidliklə bağlı olacağını qəbul edir.

 

İki il Keşlə və Bayıl həbsxanalarında işgəncə verdikdən sonra Sibirə, Moqadana sürgün edilir

1928-ci ildə “Azər”, 1929-cu ildə “Səyavuş”, 1935-1936-cı illərdə “Xəyyam” əsərlərini qələmə alır. “İblis”in intiqamı ilə mənfur quruluşun, rejimin iç üzünü, mahiyyətini, batini eybəcərliyini insanlığa təqdim edir. “İblis”dən sonra İblisin, Mərkəzdəki qaniçənlərin iç üzü açılır. Artıq onlar Cavid Əfəndinin əsərlərini Sovet teatrlarının səhnəsindən görmək istəmirlər. Bakı, Tiflis, Təbriz səhnələrini fəth edən   əsərlərin müəllifinə , millətin müəlliminə millətçi damğası vurub hədəfə gətirirlər.

1937-ci ildə ona pantürkist və panislamist damğası vurub 2 il Keşlə və Bayıl həbsxanalarında işgəncə verirlər.1939-cu il iyulun 4-də isə “ Anti-Sovet təbliğatında iştirakına görə həbs cəzasına məhkum edir,  Sibirə, Moqadana sürgün edirlər. Cavid Əfəndinin, daha doğrusu “Peyğəmbər”in qapısını gecə gələn qara maşınlardan düşən cəlladlar sonuncu dəfə döyür. çırağını söndürür. Müşkünaz xanımın, Ərtoğrulun, Turan Cavidin sinəsinə dağ çəkir. 8 il həbs cəzasına məhkum edilən Cavid Əfəndi  1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin Tayşet rayonun Şevçenko kəndində dünyaya vida nəğməsi oxuyur.

 

Allahım, o biri gözümün nurunu alma,  Cavidin işlərini bitirim!

Hüseyn Cavid 1918-ci ildə Müşkünaz xanımla nigaha getmiş, onu könlündə sultana çevirmişdi. 1919-cu il oktyabrın 22-də unudulmaz, həm də nakan bəstəkar Ərtoğrul Cavid, 1921-ci ildə isə Şura hökumətinin qılıncının dalının, qabağının kəsdiyi ərəfədə ikinci övladı Tomris, 1923-cü il oktyabrın 2-də isə  TURAN adı verdiyi Turan Cavid doğulmuşdu. Oğlu Tomris ağır xəstəlikdən 10 gün sonra vəfat etmişdi. O müthiş günlərdə 1942-ci ildə Ərtoğrul  ordu sıralarına, II Dünya müharibəsinə çağrılır. Ancaq xalq düşməninin – Hüseyn Cavidin oğlu olduğu üçün ön cəbhəyə deyil, Gürcüstana, arxa cəhbəyə, islah əmək kolonyasına bərabər yerə daha ağır işləri icra etmək üçün göndərilir. Bu ağır, dözülməz şəraitə ciyər ağrısından – daha doğrusu vərəmdən əziyyət çəkən Ərtoğrul Cavid cəmi bir il tablayır. 1943-cü il noyabrn 14-də ağır xəstəlikdən dünyasını dəyişir, ruhu atasının nigaran ruhuna qovuşur. Qızı Turan xanım isə Turan Cavid imzası ilə onun irsinin qoruyucu mələyinə, sönmüş çırağının pərvanəsinə çevrilir. Cavid Əfəndinin nur və həsrət qoxuyan köksünü kimsəyə dəyişmir. Təkliyi, tənhalığı seçir. Əlyazmalarını bərpa edir, onların üzünü köçürür, bu yolda gözünün birinin nurunu bütünlüklə itirən Turan Cavid deyirlər, hər gün üzü qibləyə durub dua edərmiş: “Allahım, o biri gözümün nurunu alma,  Cavidin işlərini bitirim!”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısında yer alan Hüseyn Cavid irsinin ən qüdrətli tədqiqatçısı, təbliğatçısı da varisi Turan Cavid olur. Məhz onun toplayıb, tədqiq edib bir araya topladığı, üzünü köçürdüyü əlyazmaları sistemli şəkildə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində nəşr edilir. Abidələri ucaldılarkən, portretləri çəkilərkən, yubiley mərasimləri təşkil edilərkən onun tövsiyyəsi, istəyi, arzusu nəzərə alınır.

 

Hər kəs bir nəfərin ətrafına toplaşmışdı. Hər kəs kədərli idi...

Sovet sürgün düşərgəsindən bəhs edən xatirələrdə Hüseyn Cavidlə bağlı kədərli bir məqam var: “Sürgün düşərgəsində hər gün onlarla adam ölür və heç kim buna fikir vermirdi. Hər kəs öz həyatını düşünürdü. Ancaq bir gün hər kəs dayandı və heç kəs işləmədi. Bu indiyədək görülməyən bir hal idi. Hər kəs bir nəfərin ətrafına toplaşmışdı. Hər kəs kədərli idi. Ölən Cavid Əfəndi idi!”

Bu ağrılı xatirə ruhumu tarıma çəkdi. Son anda əcəl şərbəti ilə deyil, zalımların zəhər camı ilə müjdələnən, varlığı ilə dünyanın dizini titrədən, qüdrətli imperiyalar, dövlətlər quran sərkərdə-xaqanlarımızı – Atillanı, Alp Arslanı, Çingiz Xaqanı, Fateh Mehmeti, Nadir şah Əfşarı gözümün qabağına gətirdi. İçimə qəribə bir kədər, kədərqarışıq sükut doldu. Pantürkizmin, panislamizmin meydan suladığı illərdə Hüseyn Cavid “Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” dedi. “Mənim Tanrım gözəllikdir, sevgidir” söyləməkdən çəkinmədi”. Kəssə hər kim tökülən qan izini, Qurtarın dahi odur, yer üzünü!” nidası ilə tarix yaratdı.

 

İçdikcə yandıran əcəl şərbəti

Qızıl Ordunun Qırmızı Terrorundan, 37-ci ilin dəhşətli repressiyalarından, 20 yanvar dəhşətlərindən, Xocalı soyqırımından, Qarabağın, Şərqi Zəngəzurun 30 illik işğalından, intizarından sonra Xudafərin körpüsündə, Şuşa qalasında, Murovun zirvəsində Bayrağa dönmək “Ağla gəlməyən, görülməyən hal idi”. O gün, 300 ildir Odlar Yurdu Azərbaycanın sinəsinə “Gülüstan”, “Türkmənçay” dağını çəkən, Cümhuriyyəti yarı yolda qoyan, Cavidlərə qıyan imperiyaların çökdüyü, öldüyü gün idi! O gün, həm də Hüseyn Cavidin dirildiyi, Dirilik suyunu yenidən içdiyi gün idi. Bəlkə kimsə barışmayacaq: “Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı! Nə xəlq olaydı, nə xaliq, nə əski həsrət olaydı! Nə dərd olaydı, nə dərman, nə sur olaydıq, nə matəm! Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı!” deyəcək. Amma, kimin necə düşünməsindən asılı olmayaraq “Yanlış da, bir naxışdır!”

Donunu Şura hökumətinə, Bolşevik Rusiyasına dəyişən Çar Rusiyasının yanlışların diyarı olmasına ən kəsərli dəlillərdən biri Hüseyn Cavidin içdikcə yandıran əcəl şərbəti, ailə faciəsidir. Stalinin ölümündən sonra, 1956-cı ildəki bəraəti, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iradəsi ilə Vətənə çiyinlərdə dönən nəşi, doğulduğu torpaqda-Naxçıvanda ucalan Cavidlər Məqbərə Kompleksi ilə O, sübut etdi ki, Odlar Yurdu Azərbaycanın Hüseyn Cavid adlı Haqqdan yanan Çırağını kimsə söndürə bilməz. “Hər kəsə xain olan insan İblis! Cümlə xəyanətlərə bais olan iblis də bir “mələk” olsa belə!

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.