Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.

 

Den Valdşmidtdən 6 il əlavə yaşamaq sirri

 

Ömür çox qısadır, deyilmi? Uğur qazanmaq üçün əlində daha böyük zaman resursunun olması, əlbəttə ki, hədsiz əhəmiyyətə malikdir.

«Özünün ən yaxşı versiyan ol» kitabı ilə adi insanların görkəmli insanlara çevrilməsi yollarından bəhs edən tanınmış sosioloq Ven Valdşmidtin örnək göstərici bir həyatı olub. İlk dəfə universitetdən qovulan, məntiqlə bir qara sent belə qazanmamalı olan Den milyonlarla dollar qazanıb. «Rəhbər kimi mən on illər ərzində böyük satış artımına nail oldum, məsləhətçi kimi bu işi dünya üzrə bir çox kompaniyalara öyrətdim. Mən iyirmi beş yaşımda kompaniya rəhbəri oldum. Mən iş adamı, biznesmen olmaya-olmaya təsadüfən bu sahəyə düşüb özümə yol açdım. Mən bilirəm ki, qaydaları pozıb necə superulduz olmaq mümkündür. Özü də tək biznesdə yox, həyatın hər bir sahəsində. Yox, mən heç də sehirkar, qeyri-adi insan deyiləm. Mən adi bir oğlanam ki, bir neçə qeyri-adi işlər görüb başgicəlləndirici uğurlar əldə etmişəm».

Den Valdşmidtin uğur düsturu heç də düşündüyünüz qədər mürəkkəb deyil. Onun bir cümlədə şərhi təxminən bu cürdür:

«Öz həyatınızın məsuliyyətini hərtərəfli olaraq öz əlinizə götürün, dedi-qodulara, kənar müdaxilələrə arxa çevirərək öz gələcəyinizi qurun!»

 - Nə olsun ki, əvvəllər bunu heç kəs etməyib. Siz ilkə imza atın;

 - Nə olsun ki, bu sizdə bir neçə dəfə alınmayıb. Öz işəyanaşmanızı dəyişin;

 - Nə olsun ki, sizin ali təhsiliniz yoxdur. Məqsədyönlü olun. Oxuyun. Təhsil almaq heç vaxt gec deyil;

 - Nə olsun ki, sizə heç kəs inanmır. Sizin uğur qazanmağınız üçün başqasının təsdiqinin əhəmiyyəti yoxdur;

 - Nə olsun ki, çətin olacaq. Böyük uğurlar həmişə böyük ağrı və itkilər tələb edir;

 - Nə olsun ki, siz əziyyət çəkir, cəhd edirsiniz və heç nə alınmır. Cəsur olmaq, məqsədyönlü olmaq həmişə ən düz qərardır;

 - Nə olsun sizə zər hansı bir ziyan dəyəcək? Cəsurluğun qiyməti həmişə belə olur;

 - Nə olsun ki, sizi qiymətləndirmirlər? Bu o demək deyil ki, dəfnə çələngi başınıza taxılmayacaq;

 - İndiyədək öyrəndiklərinizin heç biri dolğun, dürüst olmadı?

Belə isə özünüzün qaydalarınızı yaradın;

 - Nə olsun ki, ekspertlər sizinlə razılaşmır? Ekspertlər səhv də edə bilər;

 - Nə olsun ki, siz aldığınızdan çox verirsiniz? Bəlkə siz, sadəcə xoşbəxt olmaqdasınız?

Den Valdşmidtə görə, insan öz qəlbinə baxmalı, ona uğur gətirməyə mane olan şeytanlarla mübarizə etməlidir. Sizi tutub saxlayan uğursuzluq və qorxuya nə qədər ki fikir verəcəksiniz, siz qalib ola bilməyəcəksiniz.

İlk öncə siz inanmalısınız ki, hazırda hansı durumda olmağınızdan asılı olmayaraq ən böyük uğura imza ata bilərsiniz.

«Sizin taleyinizi sizin qərarlarınız formalaşdırır», - yazır sosioloq. Və çox maraqlı bir dəlil gətirir: Bizim hər günümüzün reallığı gecələr yuxu yatmağımızdır, deyilmi? Necə də olsa, eyni vaxtlarda olmasa belə, günümüzün adi, yaxud gərgin və stresli olmasına məhəl qoymadan gecə mütləq yatırıq. Bəzilərimiz hətta vaxt tapıb günorta da ya yataqda, ya da masa arxasında, televizor önündə, divanda, harada gəldi mürgüləyirik. Den Valdenşmidt yazır, ömrünüzün növbəti əlli illik dönümünü (o, gənclərə xitabən yazır) yuxudan cəmi 1 saat tez oyanmaqla keçirin. Demək, siz təqribən 2281 əlavə iş günü, yaxud 6,25 il qazanacaqsınız, bunu da öz məqsədləriniz üçün sərf etməklə görün necə böyük bir xəzinə əldə etmiş olacaqsınız.

Necədir? İlk baxışda çox adi bir tövsiyədir. Hər gün 1 saat tez oyanmaq. Amma nəticədə 50 il əvəzinə 56, il yaşayacaqsınız, bunun nəyi pisdir ki?

Sosioloqun gətirdiyi digər rəqəmlər də olduqca maraqlı və ibrətamizdir.

 - Gün ərzində 20 dəfə özündə pozitiv əhval-ruhiyyə yaratsan, 15 il ərzində gələcəyini daha xoşbəxt etmək üçün 109500 şans əldə edə biləcəksən;

 - Hər gün əvvəlkindən 1 dəfə artıq doğru danışmaq – özünə inanmaq üçün 365 əlavə səbəb deməkdir;

 - 22 il ərzində hər həftə bir kitab oxumaq – dünyanın ən ağıllı adamlarından 1144 ideya öyrənməklə nəticələnir;

 - Hər ay 5 çox vacib yeni tanışlıq əldə etsəniz 35 il ərzində ən çətin anınızda güvənə biləcəyiniz 2100 nəfəri tanıyacaqsınız.

 - Hər il cəmi 1 artıq qələbə əldə etməklə həyatınız boyu otuz ağlasığmaz, başgicəlləndirici müvəffəqiyyətə imza atmış olacaqsınız.

Və o sual edir: «Məgər sizin əlavə 109500 xoşbəxt anınız, 30 müvəffəqiyyətiniz, özünə güvən üçün 365 səbəbiniz, 1144 yeni ideyanız və 2100 yeni dostunuzun peyda olması pisdirmi?»

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı bu gün sizlərə Poeziya saatında Gülnar Ümidin şeirlərini təqdim edəcək.

 

 

***

 

Üzüb ümidlərimi utanacam yaşımdan,

yığacam gözlərimi yollarından birtəhər.

Sonra darıxmagı da əlimin əsasıyla

çarpayının yanında unudacam hər səhər.

 

"Başqa"ların içində başqa kimim var mənim?

Gələnim olmayacaq qapımı da döyməyə.

Yeməyə söz tapmayan ac qalmış qulaqlarım

fürsət axtaracaq ilk, gözlərini döyməyə.

 

Axtaracam hər axşam yaddaşımı gözümdə,

yadıma düşməyəcək heç nə səndən savayı.

Səhər oyanacam ki, saatın zəngi çalır,

dərmanların vaxtıdı, ömür ötüb havayı...

 

 

***

 

Mən səni özümdə tapandan bəri

Özümü tapmadım itirən qədər.

İncimə, nə yalan deyim ki, daha

xətrin əziz deyil xatirən qədər.

 

Boğazdan yuxarı yaxşıyam deyib,

Boğazdan aşağı uduram pisi.

Xaraba qalmışda seçmək də olmur

Cilddən-cildə girən yaxşını, pisi.

 

Zaman da eynidir, şəhər də eyni,

İndi ötənlərdən yad gəlir səsin.

"Darıxmaq"dan əllərimi üzmüşəm,

Dizin-dizin süründürür nəfəsi.

 

Qaçmağa yolum çox, dayanmağa az,

Günlər təngnəfəs dayanıb yolda.

Həyat da tamaşa deyil ki, hərdən

bir az xoşbəxt olaq obrazda, rolda.

 

 

***

 

Bax indi  darıxıram,

dünən də darıxırdım.

Bilmirəm, Allah bilir, sabah da darıxacam.

 

Sən olanda nə var ki,

gedəndə yıxılacam,

gələndə unudacam.

Məni xatırlayanda

çəkdiyin siqaretlərin sayından yıxılıcam.

 

Dodağımda adına,

gözlərimdə sıxdığım yuxu lampalarının

bir gün doğrularına,

bir gün yalanlarına...

 

Sonra, sonra...

– Nə bilim, göylərə göndərdiyim

göydən asılı qalan cavabsız duaların sonuna sığınacam.

 

Sən olsan da, olmasan da,

Yenə də darıxacam...

 

 

***

 

Nəsli kəsilməkdə olan yaxşılığın bir-iki nümunəsi qalıb

hardasa kiminsə ürəyində.

İt iti tutmadığı küçələrdə

insanlar bir-birini didir.

Zamanın darağından keçmək çətinləşib,

Güzgüsü sınmış insanlar özünə özgə güzgülərdə baxır.

"Öz"lər itir özgələrdə.

Qayıtmaq asan deyil, ayaqqabılarını itirir insan,

Dönüş ar istəyir, qalmaq xar edir.

 

 

***

 

Qırılmış badədən içdim şərabı,

Doymadı, doymadı çat-çat dodağım.

İndi də  yadlara  gülümsəyirsən,

utandın? – Utanma, soyun, yanağım!

 

Yalandan nə deyim, unutmaq olmur,

Gözümdən düşənlər gözümə dəymir.

Dilim də özümə qənim kəsilib,

Xətrinə dəyirəm, sözümə dəymir.

 

Sevgimiz bicliyi təzə öyrənib,

Aldadıb çəkirəm, oyuna gəlmir.

Neyləsin ürəyim, dərdi boydadı,

Ölçürəm, sevgimin boyuna gəlmir.

 

Bu gün dünənlərə cavab tapmır ki,

Baxıb suallara gözünü döyür.

Nə olsun gözümdən düşən adamlar

Özgə ürəyində özünü öyür.

 

 

***

 

Sən gedəndə dalınca elə yıxılmışdım ki,

kəsdilər ayağımı.

Elə o gündən sonra sənə qaça bilmədim.

Susdum özgə evində elə həmin gündəcə,

Nə yalan deyim, sonra,

bu barədə heç yerdə söhbət aça bilmədim.

 

Sonra, sonra nə oldu?

Beşikdə qığıldayan körpələrim dinlədi

Özümü vərəqləyib,

özümə danışdığım yalançı nağılları.

Kəsilən ayağımı gizlətdim böyüdükcə

onların iməkləməyində,

onların da heç zaman kəsmədi ağılları.

 

Sonra, sonra nə oldu?

Böyüdü arzularım,

hərəsi gülüşündən pay verdilər ömrümə,

Hərəsi bir qolumu saxladı, dayaqlarım.

İlahi, nə möcüzəymiş!

Bir də baxdım, baxdim ki,

kəsildiyi yerindən boy atdı ayaqlarım...

 

 

***

 

Bütün sevənlərim sənin kimi sevmədi!

Sevdilər gözümü, qaşımı

– sevmədilər dünyaya baxışımı.

Sevdilər günlərimi, aylarımı

– sevmədilər sən olan yaddaşımı.

 

Bütün sevənlərim sənin kimi sevmədi!

Sevdilər ləblərimi

– sevmədilər sözlərimi.

Sevdilər  əllərimi

– sevmədilər əməllərimi.

 

Bütün sevənlərim sənin kimi sevmədi!

Sevdilər gözlərim güləndə

– sevmədilər ürəyim göynəyəndə.

Sevdilər, sevirlər bu gün də,

sevməyəcəklər sənin kimi heç vədə...

 

 

***

 

Elə yorğun gəlirdin,

saçımın sığalını unudurdum hər axşam.

Qızlarımdan seçmirəm deməyə nə var ki, ehh...

gəl indi onu mənim yaşıma anlat, ata

Vallah dəyişməmişəm

yenə cığal, ərköyün...

Məndən gedənlərimin izinə düşə-düşə gözümdən düşdüm, ata.

Heç xəbərin olmadı,

xeyir duaların da saçlarımın ağına düşdü, ata.

 

 

GƏLMİŞƏM...

 

Hər gecə gözlərimin

qapısında dayanan

sənsiz darıxmağımı

səninlə ötürməyə gəlmişəm...

 

Dünəndə nə vardısa,

Yır-yığış etdim daha,

İndi bu günlərimi

götürməyə gəlmişəm.

 

Bütün etiraflar da doğulmamış ölürlər,

Etdiyin günahların

izlərini izimlə

itirməyə gəlmişəm...

 

Öz adımı da yazım,

bəlkə, yazılarına?

Sətir-sətir yazdığın

vergüllü cümlələri

bitirməyə gəlmişəm...

 

 

***

 

Bulud kimi guruldayıb

yağ arada.

Mən susacam:

damcı-damcı dilənəcəm sözlərini.

 

Qürur nədi – unut hərdən,

yığ arada,

qulağıma ağlayarsan silənəcən gözlərini.

 

Qaranlığın keşiyini çəkir mənlə

çəyirtkənin yalvarışı.

Qorxma daha:

ürəyini xilas eylə!

gündüzlərə bel bağlama, çıx aradan.

 

Qiblən üzü Tanrıyadı,

Tanrı unudub məni sən tərəfdən:

bəlkə, mənə elə gəlir.

İmanımı yandırmaram:

sənin yerin ürəyimdə,

          bircə mənəm yox arada!

 

 

***

 

Gözünün güzgüsündə

daranırdım bu gecə.

Üzümə kirşanımı

Dodağının fırçası

Çəkirdi incə-incə.

 

Karlaşmışdı qulağım

eşitdiyim səslərə.

Nəfəsin danışırdı,

Acıq verirdi bütün

"əbəs"lərə, "bəs"lərə.

 

İlk dəfə idi bu gün

sənə səndən danışdım.

Acığına gəlməsin,

Sənə demişdim axı,

Sevgilimlə tanışdın.

 

Şəlləmişdi saçımı

kürəyimə əllərin.

Danışdıqca dilindən

Sürüşüb ürəyimə

Düşürdü ümidlərim.

 

Yol eyni, mənzil ayrı.

Qapının astanası

Utanır ayağımdan

Gözümdə səni görüb

Sevinir intəhası.

 

 

***

 

Taleyin qayçısı doğrayır günlərimi

bıçir 365 yerə,

12 qatda birləşdirir yenidən,

min dəfə geyindirir.

Yaşamağı heç olmasa geyinirsən doyunca

Ölümdü ömrünü bir nəfəsdə soyunan...

 

 

***

 

Sabah mütləq yazacam,

bu dəfə söz verirəm!..

Sındırıb qürurumu parça-parça sözlərlə,

Ağ gəlinlik geyinən kağız vərəqlərinin sinəsinə sərəcəm.

 

Sabah mütləq yazacam!

Göz yaşımla isladıb

çəkdiyim darıxmağın bütün şəkillərini,

Saatın əqrəbində tez sənə göndərəcəm.

 

Sabah mütləq yazacam!

Zaman qatarı keçir evinizin yanından,

Qurban olum, nə olar,

heç olmasa bu dəfə ünvanını dəyişmə!

Məktubumu al oxu,

söz verirəm sən oxu, sonra özüm gələcəm.

 

 

***

 

Soyuq suyun ömrü isinənəcən,

Darıxmağın ömrü küsənəcəndi.

Barışmağa bir bəhanə gəzirik,

Elə ayrılıq da bitənəcəndi.

 

Dərdin ölçüsü yox, çəkib bitirək,

Gözümüz kor deyil, gözdən itirək,

Keçmişdən nə qaldı, nə də götürək,

"Gələcək" bu ömrü biçənəcəndi.

 

Nə olsun, qucaqlıq qolumuz da var,

Sağa söykənməyə solumuz da var,

Şeytana daş atmaq yolumuz da var,

Çətini körpüdən keçənəcəndi.

 

İlləri boş yerə xərcləyir insan,

Yaxşıyla yamanı seçməyir insan,

Unudur, vərdişə çevirir insan,

Yaddaşı doyunca içənəcəndi.

 

Heç bilmir nə ilə yarışır ömrü,

Allah nə verdisə, barışır ömrü,

Axırda torpağa qarışır ömrü,

Çətini dünyadan köcənəcəndi.

 

 

EŞQİN KUZƏSİNİ DODAĞIMDA QIR

 

Günəş saçlarını dənizə sərib,

Hər səhər heç qalmaz  öyünməyindən.

Saçını xərçəngə pay verən ay da,

Utanar gündüzlər görünməyindən.

 

Nədir eqoistlik, nədir bu inad,

Həsrətin küləyi yad edir bizi.

Hansı yol üstündə dayanıb yenə,

Hansı şəhərlərə ötürür bizi?

 

Götür gözlərimi sinənə sıx ki,

Dəyişsin qəlbimin döyüntüsünü.

Gəlişin, bəlkə də, alışdıracaq

Eşqin közü qalmış göyüntüsünü.

 

Üzü buludlara yol çəkən duam

Tutub ətəyindən çəkəcək səni.

Gözünün yaşını silib qoluna,

Bulud gözlərindən çəkəcək çəni.

 

Eşqin kuzəsini dodağımda qır,

Çatlayıb doyursun susuzluğumu.

Ərşinə çəkilmiş gecələrim, de?

Nə qədər içəcək yoxsuzluğunu?

 

Bağladım dilimi əlimə bərk-bərk,

Qaldırıb ardınca "sağ ol" deməsin.

Keçmişin iziylə yola düşüb gəl,

Məndən başqa səni kimsə görməsin.

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2025)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Rəhim Təkindir.

 

 

Rəhim Təkin

Təbriz

 

USTA

 

Nə bir nə on, nə yüzü?! min gəmim batıb usta!

Gəmim batıb da şərab küplərim atıb usta!

 

O körpəkən də durub öz ayaqları üstə,

Bu bəxt elə ayaq üstündə də yatıb usta!

 

Yana-yana soyumaq birdən olsa çatladacaq,

Bu çatlaq indi gəlib çiynimə çatıb usta!

 

Dedim məni o gözəl qız dolandırar başına,

Dolandırıb daşımı, daş ürək atıb usta!

 

Onu unutmağa xatir çoxum gedibdi mənim,

Azalmağa gedirəm, day əlim batıb usta.

 

Bu qədər dava nədir mömin ilə dinsizdə?

O bir baxışda behişti alıb-satıb, usta.

 

 “Ədəbiyyat və incəsənət”

(18.06.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Doğrudur, uşaq vaxtı rəssamlıqla yanaşı, musiqibalet dərslərinə gedib, amma bunların arasında ən sevdiyi sənət rəssamlıq olub. Hətta bu bacarığını nəzərə alıb, məktəbdə oxuduğu sinfin hər ay çıxan divar qəzetinin tərtibatını ona tapşırıblar. Bir dəfə Məhəmməd Füzulinin yubileyində qara qələmlə portretini elə çəkib ki, hamı heyran olub, müəllimləri tərəfindən çox bəyənilib...

Deyir ki:- “Rəssamlıq mənim üçün sənətdir, hobbi deyil. Əgər hobbi olaraq məşğul olsaydım, əsərlərimi bağışlamaq rahat olardı. Üzərində böyük zəhmət, vaxt sərf etdiyim əsərləri əgər bağışlamaq ehtiyacı duyuramsa, bunun mütləq mənəvi qarşılığı olur. Bağışlamadan öncə razılaşdırıram ki, həmin kəslər gələcəkdə gənclərin inkişafına töhfə verəcək layihələri dəstəkləyəcəklər. Amma suvenir kimi heç vaxt bağışlamamışam, bağışlamaram da...

Rəssamlığa olan sevgisi onu rəssam olmağa həvəsləndirir. Və bu sənətin arxasıyca getməkdə ona yazıçı-publisisti, ssenarist və jurnalist Sara Nəzirova istiqamət verir. Sonra səkkiz ilə yaxın əməkdar rəssam Bəyimxanım Hacızadədən, o cümlədən SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvü Əsgər Əsgərovdan bu sənətin sirlərini öyrənir. Daha sonra İtaliyada, Vyanada rəssamlıq dərsləri alır. Avropa muzeylərində böyük rəssamlar Leonardo da Vinçi, Mikelancelo, Pikasso kimi sənətkarların əsərlərini saatlarla araşdırır və hər gün səhər muzeyə gedir, axşama qədər o rəssamların rəsmlərinin surətini köçürürdü...

 

Hər hansı bir şəxsiyyətin rəsmini çəkirəmsə, mütləq onun həyatını, əsərlərini araşdırıram. İkinci mərhələdə oxuduğum materialları sintez edirəm. Şəxsiyyəti araşdıraraq kəşf edirəmrəsmini çəkməyə başlayıram. Əvvəlcə eskiz üçün fotolardan istifadə edir, qələmlə kağıza köçürürəm. Ən uğurlusunu tapdıqdan sonra rəsminin üzərində işləyirəm. Bu proses çox gərgin olur. Məsələn, “İstiqlal” tablosuna üç il vaxt sərf etmişəm.Bir neçə il öncə Türkiyənin Konya şəhərində keçirilən, 65 ölkənin qatıldığı simpoziumda Azərbaycanı təmsil edirdim. Açılışa nazirlikdən nümayəndələr də qatılmışdı. Həmin vaxt Atatürkün portretini işləmişdim və telefonumda idi. Söhbət əsnasında dedim ki, məndə Atatürkün portreti var, baxmaq istəyərsinizmi? Bu, onlar üçün maraqlı oldu və portreti göstərdim. Çox bəyəndilər və xahiş etdilər ki, portreti Ankaraya aparım. Həmin tablonu muzeyə qoydular. O muzey Atatürkün evi hesab olunur və çox əhəmiyyətlidir. Çünki Mustafa Kamal Atatürkün Selanikdə dünyaya gəldiyi evin surətidir. Mənim əsərimi ikinci mərtəbədə yerləşdirdilər və dövlət sərvəti adlandırdılar.”- söyləyir.

Bu gün o, rəsmi olaraq Türkiyə və Azərbaycan rəssamı hesab olunur. 18 iyun 1981-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə kompüter proqramlaşdırılması ixtisası üzrə təhsil alıb. Bu istiqamətdə aldığı təhsil və ərsəyə gətirdiyi əsərlər onun peşəkar səviyyəyə çatmasına böyük töhfə verib. Rəssamın əsərləri Azərbaycan Respublikası Müəllif Haqları tərəfindən qorunmaqdadır. 2011-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2012-ci ildə onun "Milli Qablar" əsəri Dünya Uşaq Ensiklopediyasına qeydə alınıb. Rəssamın 2012-ci ildə qələmə aldığı "Novruz" əsəri "Azərbaycan Təsviri Sənətində Tarix və Şəxsiyyət" kitabına salınıb.2013-cü ildə Beynəlxalq yarışmanın qalibi olub. Elə həmin il gənc Azərbaycan rəssamlarının İtaliyanın Milan şəhərində keçirilən sərgisində onun əsərləri böyük tamaşaçı rəğbəti qazanıb. 2014-cü ildə isə Türkiyədə dördüncü Beynəlxalq Canlı Rəsm Simpoziumunda Azərbaycanı təmsil edib. Bu simpoziumda yaratdığı "Nar" əsəri hazırda da Konyanın Modern Muzeyində sərgilənməkdədir. Onun ərsəyə gətirdiyi "Atatürk Portreti" əsəri Ankarada Atatürk Ev Muzeyində bu gün də sərgilənir və Türkiyə Cumhuriyyətinin sərvəti kimi dəyərləndirilir. 2017-ci ilin may ayında Bakı Yunus Əmrə İnstitunun təşkilatçılığı ilə İzmir Balçova Bələdiyyəsi və Kardeşlik İşbirliyi Dərnəyinin birgə əməkdaşlığı ilə "Rənglərin Qardaşlığı" layihəsinə rəssam-kurator kimi qatılaraq, iki ölkənin mədəniyyətini, sənətini və qardaşlığını təmsil edib. Müstəqilliyimizin 25-ci ildönümü zamanı Ulu Öndər Heydər Əliyevin portretini yaratmağa müvəffəq olub. Daha sonra "Atatürk Dönəmi", "Modern Türkiyə", "Xocalı Soyqrımı" əsərlərini yaradıb. Onun bu sahədə qazandığı uğurları sadalamqla bitmir. O qədər gözəl işlərə imza atıb ki, hamısını sadalasam qorxuram ki, vaxtınızı çox alaram...

Məşhur diplomat və şair Draqo Ştambuk onun istedadını belə dəyərləndirir: “Çağdaş bədii proseslərin çox təzadlı bir axara kökləndiyi, yaradıcıların "müasir" görünmək yarışının milli bədii dəyərlərimizə ziyan gətirdiyinin qabarıq göründüyü indiki şəraitdə bəzən bütün bunların əksini özündə yaşadan sənət nümunələrinə də rast gəlmək olur. Vurğuladığımız bu yeni və özünəməxsus bədii tutumu gənc rəssam Günay xanımın müxtəlif mövzulu və janrlı əsərlərində görmək mümkündür. Əvvəlcə onun müxtəlif sərgilərdə nümayiş olunan rəngkarlıq lövhələri, sonra isə özü ilə şəxsi tanışlığımdan sonra əmin oldum ki, rəssamlıq məkanımıza əski milli dəyərlərimizə özünəməxsus bədii münasibət göstərmək istəyində olan bir gənc yaradıcı gəlib.

Bəli, bu dəfəki söhbətimin qəhrəmanı- hal-hazırda Bursa Zəki Müren Gözəl Sənətlər Litseyi və AMK tərkibində İncəsənət Gimnaziyasının "Qardaş Məktəb" layihəsinin ideya müəllifi, təşkilatçısı və iki dövlətin mədəni əlaqələrinin inkişafı üçün önəmli hesab edilən layihənin baş kuratoru, rəssam Günay Mehdizadədir. Onu həm də Günay Zebiç kimi də tanıyırlar...

İyunun 18-i – yəni bu gün Günay xanımın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.

Yeni yaşı mübarək olsun!

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fndunun “Ədəbiyyat  və incəsənət” portalı ilə birgə layihəsində mövzumuz yenə də türk mifologiyasıdır. Bu dəfə quşlardan danışacağıq.

 

Türk mifologiyasında heyvan obrazları təbiət hadisələrinin, kosmik güclərin və metafizik enerjilərin rəmzi olaraq çıxış edir. Bu heyvanlar arasında quşlar, xüsusilə qartal, hümabayquş, xüsusi yer tutur. Onlar təkcə təbiət varlıqları deyil, həm də göyün dili, ilahi ruhun simvolu, bəzən isə qorxunun və ölümün xəbərçisi kimi çıxış edirlər. Bu araşdırma adı çəkilən üç quşun türk mifoloji dünyasında necə mənalandığını, hansı kontekstlərdə ortaya çıxdığını və xalq yaddaşında necə yaşadığını ortaya qoyur.

 

1. Qartal – Güc, səma və Tanrı ilə əlaqə

1.1. Qartalın simvolikası

Qartal qədim türklərdə göy ünsürünün rəmzi kimi çıxış edir. O, Tanrının elçisi, Tanrıya yaxınlıq, qoruyucu ruhdövlətin gücü kimi qəbul olunurdu.

1.2. Mifoloji və dastanlardakı rolu

Orxon-Yenisey yazılarında qartal birbaşa qeyd olunmasa da, Göy Tanrıya işarə edən metaforik təsvirdə onun simvolikası hiss olunur. Qədim türklərin şaman ayinlərində qartal şamanın göyə qalxmasını təmin edən müqəddəs quş hesab olunurdu.

“Uçmaqka barğan kişi qartal qılığına girər.”
(Ölən adam qartal şəklində Uçmaq (Cənnət) aləminə uçar.)

1.3. Tamğa və bayraq üzərində qartal

Göytürk və Səlcuq dövründə qartal ikibaşlı və ya təkbaşlı formada dövlət rəmzi kimi istifadə olunurdu. Qartal başı “hakimiyyətin göylərdən verildiyi” inancını daşıyır.

 

2. Hüma quşu – Səadət, bəxt və ilahi seçilmişlik

2.1. Hüma quşunun mənşəyi və təsviri

Hüma quşu daha çox Orta Asiya, İran və Anadolu folklorlarında formalaşmış, lakin türklər arasında da dərin məna qazanmış mifoloji quşdur. Onun adı türk və fars ədəbiyyatında tez-tez rast gəlinir. Hüma quşu heç zaman yerə qonmaz, daima göydə uçar və başının üstündən keçdiyi insana bəxt, hökmdarlıq, xüsusi qismət bəxş edər.

“Hüma quşunun kölgəsi düşənin taleyi açılar, padişah olar.”

2.2. Hümanın sufizmdə və şamanizm təsirlərində rolu

Sufi ədəbiyyatında hüma Allahın inayətini simvolizə edən quş kimi qavranılır. Şamanik sistemdə isə uçucu ruhlar arasında bəxt və ruhi bələdçilik simvoludur.

2.3. Ədəbiyyatda və dastanlarda Hüma

Oğuznamədə birbaşa olmasa da, bəzi nəslin seçilməsi, göydən gələn ilahi bələdçilik məfhumları Hüma quşunun ideyasına uyğun gəlir. Molla Pənah Vaqif və Füzuli kimi klassiklərin də şeirlərində Hüma obrazı idarəetmə haqqının ilahi qaynağını simvollaşdırır.

 

3. Bayquş – Sirr, qorxu və qoruyucu ruh

3.1. Bayquşun ikili simvolikası

Bayquş türk mifologiyasında ziddiyyətli mənalar daşıyır: bir tərəfdən ölüm, qəbir, sirr ilə bağlıdır, digər tərəfdən isə müdriklik, gözəgörünməz təhlükədən qorunma ilə əlaqələndirilir. Bayquşun gecə uçması onun görünməyən aləmlə əlaqəsi olduğuna işarə sayılmışdır.

3.2. Türk inanclarında bayquş

Qədim türk inancına görə, bayquşun səsi bəzən ölümün habercisi, bəzən isə şamanın himayəçisi sayılırdı. Şamanların geyimlərində bayquş lələkləri istifadə olunardı.

“Bayquş qanadı – ölü ilə diri arasında keçid qapısıdır.”

3.3. Xalq ədəbiyyatında və atalar sözlərində

  • “Bayquş oxuyan ev viran olar.” – mənfi semantika
  • Lakin eyni zamanda bayquş bəzən qoruyucu ruh kimi qəbul olunurdu və türbə yaxınlarında ruhların qoruyucusu sayılırdı.

 

Türk mifoloji dünyasında quşlar sadəcə canlı varlıqlar deyil, kosmik güclərin, qədim inanclarınkollektiv simvolların daşıyıcılarıdır. Qartal – göy, güc və dövlətin rəmzi; Hüma – səadət, liderlik və ilahi bəxşişin simvolu; Bayquş isə – qorxu və qoruma arasında dəyişən bir metafizik obraz kimi çıxış edir. Bu quşlar vasitəsilə türklər həm özlərini Tanrıya yaxınlaşdırmış, həm də bu dünya ilə o dünya arasında bir mifik körpü yaratmışlar.

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2025)

 

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

    

***

 Hüseyn Cavidin həyat yoldaşı

 Müşkinaz xanımın əziz xatirəsinə

 

Dünyadan nə gözəl bir xanım getdi,

Elə bildim ruhdan öz canım getdi.

Bir böyük şairin ilham məbədi

Yumdu gözlərini, yumdu əbədi...

Sındırılmış həyat, məhəbbət getdi,

Dünyadan bir vüqar, bir ismət getdi.

Gözəllik mülkünün nazlı sultanı,

Faciəli ömrün qəmli dastanı,

Qəlbi bala dağlı bir ana getdi

Ağır töhmət qoyub dövrana, getdi.

 

Niyə axdı, niyə günahsız qanlar?

Niyə susdu, niyə, soyuq vicdanlar?

Əsrin cinayəti açılmayacaq,

Tarix gizlədəcək varaqlarında

Sonra da gələcək nəsillər, ancaq

Qalacaq suallar dodaqlarında...

Tarix gizlədəcək varaqlarında.

Cavab verməyəcək nahaq qanlara

Cavab verməyəcək o dövranlara.

 

Əsrin vicdanında qalar bu ləkə,

Adsız şəhidlərin tökülən qanı.

Soyuq vicdanları oyadar bəlkə

Oyadar qanlara batan dünyanı...

 

Dünyadan cəfakeş bir ana getdi,

Ağır töhmət qoyub zamana, getdi.

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Türkiyə ədəbiyyatşünası, folklorçusu Ənvər Uzun 

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının türk ünlülərinin tanıtımı layihəsində Türkiyə ədəbiyyatşünası, folklorçusu Ənvər Uzun barədə danışacağıq. Çünki bu gün bu ünlü şəxsin doğum günüdür. 

 

Ənvər Uzun 18 iyun 1958-ci ildə Türkiyə Cümhuriyyətinin Akçaabat qəzasının Dumankaya kəndində anadan olub. 1992-ci ildə Əskişəhər Anadolu Universitetinin ədəbiyyat fakültəsini bitirib. 1997-cı ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Yaşar Qarayevin elmi rəhbərliyi ilə "Hüseyn Cavid və Türkiyə ədəbi muhiti" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

 

Bir müddət Türkiyə Futbol Federasiyasında futbol hakimi vəzifəsində fəaliyyət göstərib. Daha sonra Trabzon Bələdiyyəsi Kültür Kurulunun üzvü olub. Trabzon Yazarlar Birliyinin, Anadolu Basın Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, "Beynəlxalq Muzeylər Birliyinin Azərbaycan Milli Komitəsi" və Trabzon Valiliyi Yöresel Kültürə Katkı xüsusi ödülünü alıb.

Orta məktəb illərində surətçıxarma üsulu ilə yayınlanan "Meşale" adlı şagird dərgisinin nəşrinə rəhbərlik edib. İlk qələm təcrübələrini həmin dərginin səhifələrində sınaqdan çıxarıb. Daha sonra müxtəlif qəzet və dərgilərdə ədəbiyyat, sənət, tarix, folklor və idmanla əlaqəli yazılar yazmağa başlayıb. "Koroğlu" adlı ilk elmi araşdırması ciddi uğur qazanıb. "Asistentlərin eşqi" romanı təfriqə şəklində yayınlanıb. Romanda insanın şüuraltında yaşayan duyğu anaforunda nəzarəti qeyb etməsi lirik tərzdə bədii ifadəsini tapıb.

Xeyli sayda publisist, folklor və tarixi-coğrafi mövzulu yazıların müəllifidir. Ənvər Uzunun araşdırmaların Azərbaycanın Güneyində (İranda) yaranan ədəbiyyat, folklor, mətbuat kimi mövzular aparıcı yer tutur. Müəllifin elmi tədqiqatlarının bir qismi Azərbaycanda və İranda yayınlanıb. Türkiyə, Azərbaycan və Avropa ölkələrində yayınlanan bir çox ədəbi dərgi və qəzetlərdə məqalələri dərc olunub. Dünyanın bir çox ölkələrində keçirilən konfrans, simpozium, forum və seminarlara qatılıb, Türkiyə və Azərbaycan mədəniyyəti və ədəbiyyatını layiqincə təmsil edib.

 

Kitabları 

 

1. Kur’anı Kerim ve Etnikler

2. Hüseyn Cavid və Türkiyə ədəbiyyatı 

3. 100 Güney Azərbaycan şairi 

4. Ermenistan’ın Ortaya Çıkışı (tərcümə)

5. Trabzon’da Sinema Kültürü.

6. İran Türk folkloru

7. Trabzon Yer Adları

8. Bir Ömrü Yazdım

9. İran İzlenimlerim

10. Hatıralarda Ali Rıza Yıldız

11. Dumankaya Monografyası

12. İran Türklerinde Meydan Temaşaları

13. Koroğlu 

 

Tərcümələri

 

1. Ali Şîr Nevai Hakkında Rivayetler

2. Rusya’nın Erzurum’daki Başkonsolosu Mayevski’nin Hatıraları

3. Azerbaycan Muhaceret Edebiyatı (Aktarma)

4. Ruhun Ağrıları (Aktarma)

5. Güney Azerbaycan’ın Doğusundaki Yer Adları (Aktarma)

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Yaşlı həmkarlarım mənə düzəliş verdilər, Sovetlər dönəmində onu bu cür təqdim edirdilər – Azərbaycan SSR və Naxçıvan MSSR-in əməkdar artisti Yaşar Səfərov. Bu gün bu istedadlı, nikbin müğənninin anım günüdür, vəfatının 19-cu ildönümüdür.

 

 Yaşar Səfərovun 26 iyun 1940-cı ildə Naxçıvanın Şahbuz rayonunun Şahbuzkənd kəndində anadan olub. A. Zeynallı adına musiqi texnikumunun vokal və kamança şöbələrini, Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültəsini bitirdikdən sonra o, uzun illər Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Şikrətinin solisti olub. Kuba, Avstriya, Macarıstan, Danimarka, Türkiyə və bir çox xarici ölkələrdə konsertlərlə çıxış edib, Azərbaycan musiqi sənətini müvəffəqiyyətlə təmsil edib. O, Azərbaycan bəstəkarlarının bir çox mahnı və romanslarının ilk ifaçısı olub.

 

1974-cü ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Naxçıvan MSSR-in Əməkdar Artisti, 1989-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adlarına layiq görülmüşdür. F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının solisti kimi əsgərlər qarşısında tez-tez çıxışlar edib. Vətəni, xalqımızın igid oğullarını vəsf edən mahnıları ilə onlara mətinlik hissi aşılayıb. O, eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Prezident təqaüdçüsü idi.

 

Repertuarında ilk əvvəl xalq mahnılarına, bəstəkar mahnılarına önəm verirdisə, sonrakı illərdə bununla yanaşı Azərbaycan və Qərb bəstəkarlarının klassik operalarından ariyalar, romanslar da oxumağa başlayır. Yaradıcılıq taleyi Yaşar Səfərovu yeni uğurlara doğru aparırdı. Belə uğurlardan biri də onun 1959-cu ildə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin xor kollektivində solist olaraq işə qəbul edilməsi idi. Böyük bəstəkar və dirijor Səid Rüstəmovla ilk tanışlıq və yaradıcılıq təmasları da elə məhz bu vaxtdan başlayıb. 

 

Yaşar Səfərovun səhnə həyatı çox uğurlu olub. Səs diapazonuna, səhnə mədəniyyətinə, həyatda davranışına görə onu çox istəyiblər. Şövkət Ələkbərova onu hər dəfə görəndə deyərmiş: "həm ifaçı həm də qədərsiz insan olduğun üçün sənə qədərsiz hörmətim var". Təsadüfi deyil ki, Ramiz Mirişli, Cahangir Cahangirov, Tofiq Quliyev və başqa bəstəkarlar yeni nota aldıqları mahnıları ifa etməyi məmnuniyyətlə ona həvalə edərdilər. Elə bu səbəbdən də müğənninin repertuarındakı mahnılar günbəgün artırdı. Hazırda qızıl fondda saxlanılan "Oxu tar", "Şeir deyildi", "Ağ çiçəklər", "Süsən qızlar", xalq mahnılarından "Küçələrə su səpmişəm", "Gözəlim sənsən" və başqa mahnılar ilk dəfə səhnədə onun ifasında səslənəndə alqışlarla qarşılanıb. 

 

Yaşar Səfərovun sənət dünyasında Naxçıvanla bağlı mahnılar xüsusu yer tuturdu. Müğənni yaradıcılığı boyu Naxçıvanı vəsf etməkdən yorulmayıbdır. Harada oxuyursa oxusun, hansı səhnədə çıxış edirsə etsin, onun konserti “Naxçıvan” mahnısı ilə başlayıb onunla da sona yetərdi. Müğənni qəlbən, ruhən doğma diyara bağlı idi. Bu sevgi hələ uşaqlıqdan onun qəlbində baş qaldırmışdı. Sənətşünaslar "Yaşarın səsində şır-şır axan Arazın səsinin doğmalığı var "-deyirdilər. Doğma diyarı vəsf edən nəğmələrin ən gözəl təqdimatçısı idi desək, yəqin ki, yanılmarıq. Konsert salonlarında, mavi ekranda, radio dalğalarında həmişə bir səs eşidilirdi: Ramiz Mirişli, "Naxçıvan təranələri", oxuyur Azərbaycan Televiziya və Radiosunun solisti Yaşar Səfərov.

18 iyun 2007-ci ildə, ömür kitabının 66-cı səhifəsində dünyaya gözlərini qapadı. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2025)

 

 

 

 

 

 

 

Çərşənbə, 18 İyun 2025 14:04

Qayıtmalı olduğum yer

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bir vaxtlar mən heç kimə fikir verməzdim. Məktəbin sakit guşəsində dayanıb ətrafa baxar, səssizcə yeməyimi yeyərdim. Hər kəs bir-birinə qarışaraq əylənib-güləndə, mən uzaqdan onlara tamaşa edərdim. Onların səs-küyü mənim dünyamı poza bilməzdi. Mən buna icazə vermirdim.

 

Hər dəfə bir əl məni ora aparmaq istəyəndə, mən geri çəkilirdim. Çünki mən yalnız xoşbəxt idim. Sevincimi, kədərimi öz içimdə yaşardım. Digər yaşanmışlıqlar mənə yad və saxta görünürdü. Mənim isə öz içimdə qurduğum bir dünya vardı — səssiz, sakit, yalansız və yalnız mənə aid.

Amma zaman keçdi. İnsan böyüdükcə içindəki səssizliyi qorumaq çətinləşir. İndi mən, əvvəl seyr etdiyim səhnənin içində yer almışam. Başqalarının cızdığı sərhədlərin içindəyəm. Hamı kimi gəzirəm, gülürəm, dinləyirəm, danışıram. Amma bəzən elə bilirəm, o sakit guşəni hələ də axtarıram.

Bəzən o qıza geri qayıtmaq istəyirəm — heç kimə fikir verməyən, özü içində xoşbəxt olan, özü üçün yaşayan o qıza. İndi anlayıram ki, o sadəcə tək deyildi — o, özlüyündə tam idi.Bəzən insan tək qalmaq istədiyi üçün deyil, içindəki səsi daha yaxşı eşitmək üçün uzaq durur. Mən səssizliyin içində özümü tapmışdım. Səs-küyün içində isə özümü itirdim. Bəlkə də indi qayıtmalı olduğum yer, bir vaxtlar tərk etdiyim o sakit guşədir…

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2025)

 

 

 

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Sizlərlə Marqlı söhbətlər rubrikasındayıq. Bu dəfə yolumuz 19-cu əsr Almaniyasınadır. Alman imperatoru II Vilhelm barədə danışacağıq.

 

II Vilhelm (1859-1941) özünü bir çox məsələlərdə mütəxəssis hesab edirdi. Baxmayaraq ki, bu məsələlər bəzən dövlət idarəçiliyi işlərindən kifayət qədər uzaq idi. Bir dəfə o, hətta şəxsən bir döyüş gəmisinin layihəsini hazırlayır. Bundan sonra o, gəmiyə mühəndislik və konstruktor işləri ilə bağlı rəy vermək xahişi ilə İtaliyanın Dəniz işləri nazirinin müavini, məşhur gəmiqayırma mütəxəssisi Benedetto Brinə müraciət edir. Bununla bağlı kayzer vüqarla deyir: - Bu layihə mənim çoxillik araşdırmalarımın, uzun düşüncələrimin və diqqətli, israrlı əməyimin bəhrəsidir! 

 

Bir neçə həftə sonra təcrübəli gəmi inşaatçısı Brin ona öz rəyini göndərir. Rəydə belə yazılmışdı: "Əlahəzrətin inşa edəcəyi gəmi yer üzündə indiyə qədər mövcud olan ən güclü, nəhəng və gözəl gəmi olacaq. O, misli görünməmiş sürətə çatacaq, silahları dünyada ən güclü, dor ağacları ən hündür, topları isə ən uzun məsafəyə sahib olacaq. Gəminin gözəl daxili bəzəyi kapitandan tutmuş gənc matrosuna qədər bütün heyətə əsl zövq verəcək. Amma bu möhtəşəm gəminin yalnız bir çatışmazlığı var: onu suya salan kimi o, qurğuşun ördək kimi batacaq”.

 

Hərə öz işi ilə məşğul olsa, daha gözəl olmazmı?

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.