İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Günəşə, Aya, ulduzlara baxınca ağlıma yalnız iki ad gəlir, Kopernik və Tusi. Bu, uşaqlıqdan astronomiyaya olan marağımdan ilgilənir.
Bu gün sizə Tusi barədə danışacağam. Tam 825 il əvvəl dünyaya gəlmiş bu ünlü insanın yubileyidir bu gün.
Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il 18 fevralda (11 camadiyul əvvəl 597-ci il) Tus şəhərində anadan olub. İlk təhsilini atasından alıb, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin – İbn Sina və Bəhmənyar əl-Azərbaycaninin davamçılarının yanında təhsil görüb. Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırıb.
Hələ gənc yaşlarından etibarən o, bir sıra hökmdarların diqqətini cəlb edib. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasirəddin Möhtəşəm onu sarayına qonaq çağırıb və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edib.
1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur "Əxlaq-i Nasiri" əsərini tamamlayıb, lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən Ələmut qalasına aparılıb. O, burada sürgün həyatı keçirib.
Nəsirəddin Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, qaladakı zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olub. Alim 1242-ci ildə tamamladığı məşhur "Şərh əl-İşarat" (Əbu Əli ibn Sinanın "İşarələr və qeydlər" adlı fəlsəfi risaləsinə şərh) əsərinin sonunda yazırdı:
"Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi".
1253-cü ildə Çingiz xanın nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başlayıb. Onun qoşunları 1256-cı ildə fətholunmaz sayılan Ələmut qalasını tutub, İsmaililər dövlətinin hakimiyyətinə son qoyub, Tusini və digər alim məhbusları azad edib. Nəsirəddin Tusi Hülaku xanın şəxsi məsləhətçisi təyin olunub.
Hülaku xan dövlətinin mərkəzini 1260-cı ildə Azərbaycana salır. Elxanilər adlanan bu yeni dövlətin başçıları "elxan"lar (el xanları) idi. Hülaku xan öz dövlətinin paytaxtı kimi əvvəlcə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Marağanı, sonra isə Təbrizi seçir. Elə həmin vaxt Tusi Marağa rəsədxanasının tikintisinə başlayıb.
Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanıb. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunub. Bununla belə Nəsrəddin in yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutub
Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında "Şəklül-qita" ("Bütöv çoxtərəfli haqda risalə), "Came'ül-hesab" ("Lövhə və tozun köməyi ilə hesab toplusu"), "Dairənin ölçüsü", "Təhrir Öqlidis" ("Evklid "Başlanğıc"ının təsviri") kimi kitablar xüsusi yer tutub. Dörd hissədən ibarət "Zici-İlxani" ("İlxanilərin astronomik cədvəlləri") əsəri isə alimin adını dünya astronomiya tarixinə salıb.
1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan "Evklid "Başlanğıc"ının təsviri" əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görüb. Alimin beş kitabdan ibarət yazdığı "Bütöv dördtərəfli haqqında risalə" də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynayan əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılıb.
Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir. Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa alimin tarixə, minerologiyaya, fizikaya, tibbə, iqtisada, coğrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətə layiqdir
Bunların arasında "Bağdadın tarixi", "İşığın əks olunması və sınması haqda risalə", "Evklid optikası", "Göy qurşağının öyrənilməsinə dair risalə", "Qiymətli daşlar haqqında kitab", "Tibb qanunları", "Dövlət maliyyəsi haqqında risalə", "Xoşbəxt günlərin seçilməsi" (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər.
Ensiklopedik alim Nəsirəddin Tusinin bir çox əsərləri dünyanın müxtəlif kitabxanalarında mövcuddur. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Qazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.
Onun əsərlərinin çoxu ərəb dilindədir.
Əsas əsərləri:
- Şərhül-İşarat (20 ildə hazırlanmış)
- Şəklül-Qita (Tam dördtərəfli haqqında traktat)
- Zic-Elxani (Elxani astronomik cədvəli)
- Təcridül-Etiqad (Əqidənin təcridi)
- Təcridül-Kəlam (Kəlamın təcridi)
- Təcridül-Məntiq
- Təhriri-Öqlidis (Evklidin şərhi)
- Təhrirül-Məcəsti
Tusi 25 iyun 1274-cü ildə (18 zilhiccə 672-ci il) Bağdadda vəfat edib. 1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Ayın görünən tərəfindəki kraterə Nəsrəddin Tusinin adını verib. 1981-ci ildə Tusinin anadan olmasının 780 illik yubileyi geniş qeyd olunub, şərəfinə medal təsis edilib, həyatı haqqında qısametrajlı Nəsirəddin Tusi sənədli filmi çəkilib, Nəcəfqulu İsmayılov tərəfindən portreti yaradılıb.
Azərbaycan Respublikasının bir sıra elm, təhsil və mədəni-maarif müəssisəsinə, o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına, küçələrə (məsələn, Bakı və Naxçıvan şəhərlərindəki Nəsirəddin Tusi küçəsinə), Bakı şəhərindəki Nəsirəddin Tusi adına klinikaya, Bakı şəhəri Yasamal rayon Nəsirəddin Tusi adına 173 saylı məktəbə onun adı verilib.
Bundan əlavə, 1989-cu ildə Tehran Texnologiya Universitetinə Nəsrəddin Tusinin adı verilib. YUNESKO-nun qərarı ilə anadan olmasının 800 illik yubileyi dünya miqyasında qeyd edilib. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında" 13 iyun 2000-ci il tarixli Fərmanı ilə yubiley komissiyası yaradılıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.02.2026)


