Super User
Bu gün Xalq şairi Fikrət Qocanın 90 illik yubileyi günüdür
İnci Məmmədadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Sovet ədəbiyyatının müstəqillik dönəminə adlayan ən adlı-sanlı şairlərindən, eləcə də ən sonunculardan biri idi Fikrət Qoca. 4 il öncə dünyasını dəyişdi. Bu gün isə onun 90-cı doğum günüdür. Ruhu şad olsun!
Mütləq ondan başlayım ki, bir çox şeirlərinə musiqi bəstələnib. Bunlardan bəziləri illərdir ki, hit mahnılar olaraq qalırlar. "Anacan dostum evlənir", "Könlüm", "Günay", “Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və əlbəttə ki, Polad Bülbüloğlunun ifa etdiyi"Gəl ey səhər" mahnıları ölməzlik statusu qazanan mahnılardır.
Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərib, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktoru, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi olub.
Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olub, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazıb.
1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, — qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb. Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ. Volker, X. Risal, İ. Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.
Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-ci ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülüb. Azərbaycan Respublikasının "Şöhrət" ordeni, "Şərəf"ordeni, "İstiqlal" ordeni ilə təltif olunub. Azərbaycan Dövlət Mükafatına layiq görülüb.
Kitabları
1. Qağayı
2. Hamıya borcluyam
3. Yatmadığım gecələrdə
4. Günlərin bir günü
5. Gül ömrü
6. İnsan xasiyyəti
7. Ömürdən səhifələr
8. Mavi dünyanın adamları
9. Taleyin ağır taleyi
Filmoqrafiya
- Uşaqlığın son gecəsi
- Mürafiə vəkillərinin hekayəti
- Qayınana
- Romeo mənim qonşumdur
- Qonşu qonşu olsa...
Mükafatları
Azərbaycan SSR əməkdar incəsənət xadimi
Xalq şairi
"Humay" mükafatı
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Fikrət Qoca 5 may 2021-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.08.2025)
Türk Mədəniyyəti və İrsi Fondu 13 yaşını qeyd edir
Bu gün Türk Mədəniyyəti və İrsi Fondunun yaranmasından 13 il ötür!
Fond 23 avqust 2012-ci il tarixində Türk Dövlətləri Təşkilatının Bişkek şəhərində keçirilmiş Zirvə Toplantısı zamanı Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan, Türkiyə Dövlət Başçılarının dəstəyi ilə yaradılmışdır.
“Ədəbiyyat və incəsənət” portalı bu 13 illik tarixə, xüsusən son ildəki misilsiz fəaliyyətə diqqət yönəldərək qeyd edir ki, Türk dünyasının ecazkar və günəşli şəhəri Bakıda yerləşən Fond türk xalqlarının sənətkarlıq, folklor, tarix, ədəbiyyat və digər mədəniyyət sahələrində irsinin qorunub saxlanması, inkişafı, möhkəmləndirilməsi və təbliği istiqamətində fəaliyyətini uğurla davam etdirməkdədir
Türk Mədəniyyəti Fondunun prezidenti, Qazaxıstanın və dünyanın tanınmış bəstəkarı Aktotı Raimkulova deyir ki, Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması Azərbaycan Respublikası Prezidentinin təşəbbüsündən qaynaqlanıb, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin dəstəyi ilə Türk Şurasının - indiki Türk Dövlətləri Təşkilatının 23 avqust 2012-ci il tarixində Bişkekdə keçirilən Zirvə Görüşündə qərara alınıb. Yarandığı gündən bu günədək əsas məqsədimiz Türk dünyasının zəngin irsinin və çoxəsrlik tarixinin öyrənilməsi, qorunması və təbliği olmuşdur. Bu missiya çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu bir sıra mühüm tədbirlərə imza atmış, mədəni əməkdaşlığın genişləndirilməsinə və ortaq dəyərlərin dünyaya tanıdılmasına töhfə vermişdir.
Gələcəkdə də Fond, Türk dövlətləri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, ortaq türk tarixi və irsinin yeni tədqiqatlarla zənginləşdirilməsi, həmçinin müasir texnologiyalar vasitəsilə daha geniş auditoriyaya çatdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Türk dünyasının birliyi və irsi gələcək nəsillər üçün ən böyük mirasımızdır!
Qeyd etdiyimiz kimi, Azərbaycan Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə Dövlət başçılarının dəstəyi ilə yaradılan, sonradan Özbəkistanla sıralarını genişləndirən, Macarıstan və Türkmənistan ilə bir qədər də genişlənəcəyi gözlənilən bu təşkilat türk xalqlarının milli və mənəvi dəyərlərinin təbliği sahəsində bir çox dəyərli layihələrə imza atır: kitablar nəşr edilir, görkəmli tədqiqatçı alimlərin iştirakı ilə sərgilər, konfranslar təşkil olunur. Türk dünyasının maddi mədəniyyət abidələrinin bərpası sahəsində işlər aparılır.
Xanım Raimkulova söyləyir ki, türk dünyasının tarixini və mədəniyyətini birgə araşdırmaq üçün bütün türk birliklərinin bir araya toplanması və birgə işləməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Əlbəttə ki, bu cür nəcib və lazımlı missiyanı həyata keçirən bu komandaya yalnız uğurlar və uğurlar arzulamaq olar.
“Ədəbiyyat və incəsənət”
(23.08.2025)
Misilsiz skripka ifaçısı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Respublikasının xalq artisti Zəhra Quliyevanı haqlı olaraq misilsiz skripka ifaçısı hesab edirlər. Onun dilləndirdiyi skripka həqiqətən də lap Paqanini ifası kimi gözəl, mükəmməldir.
Bu gün Zəhra xanım barədə boş yerə danıçmıram. Təqvimdə 23 avqust günüdürsə, demək ki, Zəhra xanım çoxsaylı təbrikləri qəbul edir. Axı bu gün onun doğum günüdür. Ustad sənətkar 74 yaşını qeyd edir.
Zəhra Quliyeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan skripkaya olan sevgisi onu bu sehirli çalğı aləti ilə ilk təmasa gətirib və o, bu təmasdan əsla ayrılmayıb. İlk təhsilini 1959–1970-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində alıb. 1970-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olduqdan sonra burada Sərvər Qəniyev və M.Tağıyevin siniflərində təhsil alıb və buranı 1975-ci ildə fərqlənmə diplomu ilə bitirib.
Zəhra Quliyeva 1976–1978-ci illərdə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının aspiranturasında assistent-stajor bölməsində Boris Qutnikovun sinfində təhsilini davam etdirib.
Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə Rostov şəhərində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlə çıxış edib, Leninqrad Dövlət Konservatoriyasında təhsilini davam etdirdiyi zaman isə burada bir sıra konsert salonlarında çıxış edib və Qərb bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini də ifa edib.
O, 1978-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətə başlayıb. Həmin ildən 1993-cü ilədək burada "Simli alətlər" kafedrasında müəllim işləyib.
1983–1990-cı illər arasında Azərbaycan Dövlət Televiziyasında "Zəriflik" adlı müəllif proqramını yaradır. O, burada həm Azərbaycan, həm də dünya şöhrətli rəssam və musiqiçilərin sənətindən, onların həyat və yaradıcılığından söhbət açır. 1990-cı ildə Zəhra Quliyeva Azərbaycan Musiqi Xadimləri İttifaqının sədrinin I müavini vəzifəsinə təyin olunur. Bu illərdə o, bir sıra konsert qastrol səfərlərinə çıxıb, İngiltərədə Aberdin musiqi festivalında iştirak edib.
Azərbaycana qayıdan Zəhra Quliyeva hazırda ifaçılıq və müəllimlik fəaliyyətini davam etdirir. Bakı Musiqi Akademiyasının skripka kafedrasında, ifaçılıq sinfiylə yanaşı, o, həm də "Skripka sənəti tarixi" fənnindən də tələbələrə məruzələr oxuyur.
Mükafatları
- "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı
- Azərbaycan Respublikasının xalq artist
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü.
“Ədəbiyyat və incəsənət”
(23.08.2025)
Mədəniyyət Nazirliyi tarix-mədəniyyət abidələrinin qorunmasına diqqəti artırmaqdadır
MİNDƏN ÇOX ABİDƏYƏ MƏLUMAT LÖVHƏSİ QURAŞDIRILACAQ
Könül, “Ədəbiyyat və incəsənət”
Mədəniyyət Nazirliyinin mədəni irsimizin qorunub saxlanmasını prioritet hesab etməsi əlbəttə ki, alqışlanan haldır. Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix-mədəniyyət abidələrinə məlumat lövhələrinin yerləşdirilməsi ilə bağlı yeni layihənin icrasına başlayıb. Bu barədə Dövlət Xidməti məlumat yayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məlumatda layihənin əsas məqsədinin abidələrin mühafizəsinin gücləndirilməsi, bu sahədə ictimai maarifləndirmənin təmin olunması, insanların diqqətinin abidələrin qorunmasına yönəldilməsi, həmçinin abidələrin təbliği ilə qanunsuz müdaxilələrin vaxtında qarşısının alınması olduğu bildirilir.
Mərhələli şəkildə həyata keçiriləcək layihə çərçivəsində 2025-ci il ərzində Bakı şəhəri və bölgələrdə yerləşən 1200-dən artıq abidəyə məlumat lövhəsinin quraşdırılması planlaşdırılır.
Lövhələrdə yer alan bütün məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı Qərarı ilə təsdiq olunmuş məlumatlar əsasında hazırlanır. Yeni lövhələrdə hər bir tarixi abidənin adı, tarixi, inventar nömrəsi və əhəmiyyət dərəcəsi barədə zəruri məlumatlar öz əksini tapır. Bu da həm yerli sakinlər, həm də ölkəmizi ziyarət edən turistlər üçün abidələrimiz haqqında aydın və etibarlı mənbə rolunu oynayacaq.
Dövlət Xidməti bir daha bütün vətəndaşları tarix-mədəniyyət abidələrinin qorunmasına dəstək göstərməyə, xalqımızın zəngin mədəni irsinin gələcək nəsillərə bütöv şəkildə çatdırılmasına həssas yanaşmağa çağırır.
Əlbəttə ki, çağırışa qoşulmaq hər bir vətəndaşımızın ümdə vəzifəsi olmalıdır.
“Ədəbiyyat və incəsənət”
(23.08.2025)
Ağdərə sakinləri məşğulluqla təmin olunurlar - AKTUAL
Tahirə Ağamirzə, “Ədəbiyyat və incəsənət” üçün
Böyük Qayıdış proqramı çərçivəsində Ağdərə rayonuna köç etmiş vətəndaşların məşğulluq imkanlarının artırılması istiqamətində işlər davam edir.
Doğma yurduna qayıdan sakinlər özünəməşğulluq proqramına cəlb olunaraq müxtəlif istiqamətlər üzrə aktivlərlə təmin edilirlər. Proqram çərçivəsində onlar həm dayanıqlı gəlir mənbəyi formalaşdırır, həm də regionun sosial-iqtisadi inkişafına dəstək olurlar.
Sizlər üçün onlardan bəzilərinin fikrini aldıq.
Aktivlərlə təmin olunmuş Ağdərə sakini Reyhan Həsənova:
-Biz Ağdərə rayonunun Kərəmloi kəndindən məcburi köçkün düşmüşük. Bərdədə yaşamışıq. Yenidən doğma Vətənə qayıtmışıq, burda yaşayırıq. Çox şükür. Allah Prezidentimizin canın sağ, ömrün uzun eləsin. Biz bura köçdükdən sonra Məşğulluq Agentliyinə müraciət elədik. Sağ olsunlar, bizə təsərrüfatda çalışmaq üçün heyvanlar verdilər. Biz də çalışacağıq ki, doğma yurdda heyvandarlığımızı genişləndirək. Öz sahələrimizdə kənd təsərrüfatı məhsullarını əkib-becərək, halal zəhmətimizlə qazanc əldə edək.
Aktivlərlə təmin olunmu Ağdərə sakini Səriyyə Alıyeva:
-Müraciət elədik Məşğulluq Agentliyinə, işsizlikdən əziyyət çəkirdik, çünki ayrı bir gəlir yerimiz yox idi. Çox sağ olsunlar, heyvandarlıqla məşğul olmaq üçün bizə xeyli sayda iribuynuzlu və xırda buynuzlu heyvarlar verdilər. Dövlət Məşğulluq Agentliyinə minnətdarlığımızı bildiririk.
Şəkildə: Ağdəfrə rayonunun Kolatağ kəndinə çatan ilk köç karvanındakı 26 ailəyə mənzil açarları təqdim edilərkən.
“Ədəbiyyat və incəsənət”
(23.08.2025)
Fikrət Qocanın xatirəsinə həsr olunan elektron resurslar virtual oxuculara təqdim edilib
F. Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Qocanın anadan olmasının 90 illiyi münasibətilə elektron resurslar hazırlayaraq virtual oxucuların istifadəsinə təqdim edib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, kitabxananın Elmi-metodika şöbəsi tərəfindən tərtib edilən “Özü Qoca, Sözü uca şairimiz – Fikrət Qoca” adlı metodik vəsait kütləvi oxucuların istifadəsi üçün zəngin mənbədir. Vəsait iki hissədən ibarətdir. Birinci hissədə şairin həyat və yaradıcılığı, yubileylə bağlı rəsmi sərəncam, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri təqdim edilib. İkinci hissədə isə kitabxanalarda təşkil ediləcək tədbirlərə dair metodik tövsiyələr öz əksini tapıb. Vəsaitin sonunda mövzu üzrə 21 adda kitab və 107 adda dövri mətbuat materialının siyahısı verilib.
Məlumat-biblioqrafiya şöbəsinin hazırladığı “Adında müdriklik, sözündə əbədiyyət” adlı veblioqrafiyada isə şairin ədəbi irsi və fəaliyyətinə dair məlumatlarla yanaşı, onun şeirlərinə bəstələnmiş mahnılar, foto və video materiallar daxil edilib. Elektron mənbədə 18 adda kitab və 108 adda dövri mətbuat materialının biblioqrafik təsvirləri və tam mətnləri yer alıb.
Hər iki elektron resursun hazırlanmasında əsas məqsəd Fikrət Qocanın zəngin yaradıcılıq irsini sistemli şəkildə oxuculara təqdim etmək və onun poeziyasında əks olunan milli-mənəvi dəyərləri gənc nəslə aşılamaqdır.
Vəsaitlərlə aşağıda qeyd edilmiş linklər vasitəsilə tanış ola bilərsiniz:
“Ədəbiyyat və incəsənət”
(23.08.2025)
i Fikrət Qocanın xatirəsinə həsr olunan elektron resurslar virtual oxuculara təqdim edilib
Xalq şai
F. Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Qocanın anadan olmasının 90 illiyi münasibətilə elektron resurslar hazırlayaraq virtual oxucuların istifadəsinə təqdim edib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, kitabxananın Elmi-metodika şöbəsi tərəfindən tərtib edilən “Özü Qoca, Sözü uca şairimiz – Fikrət Qoca” adlı metodik vəsait kütləvi oxucuların istifadəsi üçün zəngin mənbədir. Vəsait iki hissədən ibarətdir. Birinci hissədə şairin həyat və yaradıcılığı, yubileylə bağlı rəsmi sərəncam, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri təqdim edilib. İkinci hissədə isə kitabxanalarda təşkil ediləcək tədbirlərə dair metodik tövsiyələr öz əksini tapıb. Vəsaitin sonunda mövzu üzrə 21 adda kitab və 107 adda dövri mətbuat materialının siyahısı verilib.
Məlumat-biblioqrafiya şöbəsinin hazırladığı “Adında müdriklik, sözündə əbədiyyət” adlı veblioqrafiyada isə şairin ədəbi irsi və fəaliyyətinə dair məlumatlarla yanaşı, onun şeirlərinə bəstələnmiş mahnılar, foto və video materiallar daxil edilib. Elektron mənbədə 18 adda kitab və 108 adda dövri mətbuat materialının biblioqrafik təsvirləri və tam mətnləri yer alıb.
Hər iki elektron resursun hazırlanmasında əsas məqsəd Fikrət Qocanın zəngin yaradıcılıq irsini sistemli şəkildə oxuculara təqdim etmək və onun poeziyasında əks olunan milli-mənəvi dəyərləri gənc nəslə aşılamaqdır.
Vəsaitlərlə aşağıda qeyd edilmiş linklər vasitəsilə tanış ola bilərsiniz:
“Ədəbiyyat və incəsənət”
(23.08.2025)
Aygün Bəylər – fərqli səsi ilə yaddaşlarda yaşayan sənətkar
Kübra Quiyeva, “Ədəbiyyat və incəsənət”
Qısa bioqrafiya
22 avqust 1975-ci ildə Bakının Suraxanı qəsəbəsində dünyaya gələn Aygün Hümmətova – səhnədə tanıdığımız adı ilə Aygün Bəylər – Azərbaycan musiqisinin ən orijinal simalarından biri olub. Uşaqlıqdan musiqiyə həvəs göstərən sənətkar əvvəlcə nağara sinfi üzrə təhsil alıb, sonra isə Dövlət Uşaq Filarmoniyasına qəbul olunub. Daha sonra konservatoriyada muğam sənətinin incəliklərini öyrənib və səhnəyə öz üslubu ilə qədəm qoyub.
2002-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülən Aygün Bəylər milli musiqimizi xarici ölkələrdə də təbliğ edib. Onun səhnədəki dik duruşu, kişi cizgilərini xatırladan sərtliyi və eyni zamanda qadın incəliyi ilə zəngin səsi hər kəsin yaddaşında iz qoyub.
Bir uşağın xatirəsi
Mən uşaq olanda onu televizorda görüb dinləyirdim. O vaxt nə dediyini tam anlamırdım, amma geyimi, danışığı və səsinin gücü yaddaşıma həkk olunmuşdu. Hətta mahnılarını əzbərləyib lağa qoyduğum da olub. İllər keçdikcə isə başa düşdüm: səhv etmişəm. Onun hər sözü, hər misrası bir ömür dərsi imiş.
Unudulmaz misra
Oxuduğu mahnıları elə seçərdi ki, musiqisi kimi sözləri də gözəl olardı. Bu sözlər uzun müddət yaddaşlara hopub qalırdı. Məsələn, məni çox tutan misralar...
"Soyuqluğun buz olanda yanağımda
nəfəsinlə bir başqasını isitmisən..."
Bu söylənilən sadəcə bir xəyanət hekayəsi deyil.
“Soyuqluğun buz olanda yanağımda” – münasibətdəki biganəliyi, donuq sevgini ifadə edir.
“Nəfəsinlə başqasını isitmisən” – nəfəs insanın ruhu, canı, həyat payıdır. Bu nəfəsi başqa birisinə vermək isə yalnız sevgi yox, bütöv bir ruhun paylaşılması deməkdir.
Bu səbəbdən həmin misra könüllərə toxunur. Çünki hər kəs bir dəfə də olsa “yanında ola-ola uzaq olan” birinin soyuqluğunu hiss edib.
Ölməz xatirə
Yaşasa, bu il Aygün Bəylərin 50 yaşı tamam olacaqdı. O, qısa ömrünə böyük sənət irsi sığdırdı. Mərd, sözübütöv, eyni zamanda qəlbi kövrək bir Azərbaycan qadını idi.
Aygün Bəylər bu dünyadan köçsə də, səsi və misraları yaddaşımızda əbədi yaşayır.
Məkanı cənnət olsun.
“Ədəbiyyat və incəsənət”
(23.08.2025)
Nədir onu bu qədər sevdirən? - FLORA XƏLİLZADƏ ÜÇÜN
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan publisitikasında bir imza var ki, oxucuları onu hər dəfə səbirsizliklə gözləyirlər. Günümüzdə jurnalistikanın əsas bəlası nədir – rəsmi və quru dildə olması, yalnız xəbər və məlumat səciyyəsi daşımağı. Halbuki bu xanım sözlərə o qədər ruh, can verir ki, onun publisistikasını bədii ədəbiyyat da zənn etmək olar. Bax buna görə də oxunur, sevilir.
Söhbət hamımızın sevimlisi Flora Xəlilzadədən gedir. Və bu gün onun doğum günüdür.
Flora Xəlilzadə 23 avqust 1953-ci ildə Zəngəzur mahalının Sisian rayonunun Urud kəndində anadan olub. Rayonun Vağədi kənd orta məktəbini bitirdikdən sonra ADU-nun Jurnalistika fakültəsinə daxil olub və 1977-ci ildə oranı bitirib. "Azərbaycan təbiəti" jurnalında, "Azərbaycan müəllimi", "Azərbaycan" qəzetlərində işləyib. Bir müddət "Azərbaycan qadını" jurnalının redaktoru olub. Uzun müddət İctimai televiziyada layihə rəhbəri, "Yadigarlar" verilişinin müəllifi və aparıcısı olub. Hazırda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri" Baş Redaksiyasının baş redaktoru vəzifəsində çalışır.
Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Televiziyasında yaradılan və verilişlərin keyfiyyətinə nəzarət edən Bədii Şuranın üzvüdür.
1972-ci ildən mətbuatda publisistik və bədii yazıları dərc olunur. Peşəkar jurnalist kimi mətbuatda çalışdığı dövrdə yüzlərlə elmi, ədəbi, publisistik, tənqidi məqalələri çap edilib. 20 — yə yaxın kitabın müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir çox mükafatların sahibidir.
4 mart 2013-cü ildə jurnalistika sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar Jurnalist" Fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
7 sentyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib
Kitabları
- Ruhumun ehtiyacı
- Bənövşə ətirli səs
- Aysel adını itirib
- Analar
- Bu mənim tale yolum
- Ürəyim aldatdı məni
- Taleyimdən keçən adamlar
- İgidliyin son zirvəsi
- Yuxular
- Məmməd Araza məktub
- Yolum düşə Zəngəzura
- Dağları tərpədən fəryad
- Yazıçılar təşkilatının rəhbərləri
Mükafatları
1. "Əməkdar Jurnalist" fəxri adı
2. "Tərəqqi" medalı
3. Prezident mükafatçısı
4. Şöhrət ordeni
5. Türkiyə Diyanet Vaqfının türkdilli xalqlar arasında keçirdiyi müsabiqənin mükafatı
6. Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi "Həsənbəy Zərdabi mükafatı"
7. Respublika Mətbuat Fondunun "Dan ulduzu" mükafatı (iki dəfə)
8. Nabat xanım adına xeyriyyə cəmiyyətinin təsis etdiyi "Nabat xanım mükafatı"
9. Lider Qadınlar İctimai Birliyinin təsis etdiyi "Salatın Əsgərova mükafatı"
10. Cəfər Cabbarlı mükafatı
Biz səmimi qəlbdən Flora xanımı təbrik edir, ona cansağlığı və yaradıcılıq zirvələri arzu edirik.
“Ədəbiyyat və incəsənət”
(23.08.2025)
Bu gün repressiya qurbanı Əli Nazimin anım günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
1941-ci ilin 23 avqustunda dəmir barmaqlıqlı həbsxana daha bir can aldı. Cəmi 35 il ömür sürən, bütün həyatını xalqının elm və maarif sahəsində xidmətində duran, bununla belə, amansız və qəddar sovet diktaturasına qurban gedən Əli Nazim işıqlı dünyaya əlvida dedi.
Bu gün onu vəfatının növbəti ildönümündə anacağıq.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Nazim 1906-cı ildə Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. İlk təhsilini də orada "Mədrəseyi-Nicat"da alıb, farsca yazıb oxumağı öyrənib. O, 1916-cı ildə Batumidə yaşayan ailəsinin yanına gedib, orada rus dilini öyrənib. 1922-ci ildə Səməd Ağaoğlunun Batumidə yeni əlifba komitəsi təşkil etdiyi zaman Nazim də komitənin işində fəal iştirak edib. O, 1922-ci ildə Bakıya köçüb, burada pedaqoji texnikumda oxuyub. Texnikumda oxuduğu illərdə "Yeni yol" və "Kommunist" qəzetlərində məqalələr dərc etdirib.
Texnikumu bitirdikdən sonra 1925-ci ildə Leninqrad Şərqşünaslıq İnstitutuna daxil olub. Nazim məşhur sovet şərqşünasları akademik A. N. Samoyloviç və professor Y. Bertelsin tələbəsi olub. Bəli, Nizami Gəncəvini tədqiq edən həmin o məşhur Bertelsin.
O, institutda oxumaqla yanaşı, tənqidi fəaliyyətini də davam etdirib və müasir ədəbiyyatın aktual problemlərinə dair məqalələr yazaraq Bakıya göndərib. Bu məqalələr "Kommunist", "Maarif və mədəniyyət" qəzetləri səhifələrində işıq üzü görüb. Əli Nazim 1927-ci ildə institutun son kursunda oxuyarkən Türkiyəyə elmi ezamiyyətə göndərilib. Beləliklə, Türkiyə mətbuatında onun müasir Azərbaycan ədəbiyyatı haqqında geniş məqaləsi çıxıb. Ezamiyyətdən qayıdandan sonra Əli Nazim Moskva Kommunist Akademiyasının aspiranturasına daxil olub. Burada ədəbiyyatşünas professor V. F. Pereverzevin mühazirələrini dinləyib.
1930-cu ildə o, aspiranturanı əla qiymətlərlə bitirərək Kommunist Akademiyasının elmi işçisi, SSRİ xalqları ədəbiyyatı və incəsənəti bölməsinin elmi katibi vəzifələrində işləyib. Həmin il o, kommunist partiyası sıralarına daxil olub.
30-cu illərin əvvəllərində Ə. Nazim öz fəaliyyətini Bakıda davam etdirib. O, Azərbaycan Elmi-Tədqiqat İnstitutunun ədəbiyyat şöbəsinin müdiri və Ali Pedaqoji İnstitutda kafedra müdiri vəzifələrində çalışıb.
O, ədəbiyyat nəzəriyyəsi, poetika, poetika tarixi, ədəbiyyat tarixi və s. kurslar üzrə mühazirələr oxuyub, seminar aparıb. O, eyni zamanda, tənqidçi kimi də fəaliyyət göstərib. Azərbaycan Sovet Yazıçıları İttifaqı İdarə Heyətinin və bir sıra mətbuat orqanı redaksiya heyətinin üzvü olub. Rus dilində nəşr olunan "Ədəbiyyat ensiklopediyası"nın şöbə redaktoru kimi fəaliyyət göstərən Əli Nazim burada Azərbaycan və türk ədəbiyyatı haqqında məqalələr dərc etdirib.
İlk məqalə və şeirləri 1921-ci ildə Batumidə çıxan "İştirak" qəzetində çap olunub. Onun tənqidi fəaliyyəti bütünlüklə on beş ilə yaxın bir vaxtı əhatə edir. İyirminci illərdə tənqidin ən aktual məsələsi ədəbiyyat və inqilab problemi, yeni ədəbiyyat və onun hansı yollarla yaradılması problemi olub. Ə. Nazim Azərbaycanda bu problemə müraciət edən ilk sovet tənqidçilərindən biri olub. Onun 1924–25-ci illərdə nəşr olunmuş məqalələrində — "Yeni yol" qəzetində dərc olunan "Ədəbi ehtiyaclarımız", "Yeni həyat və yeni ədəbiyyat", "Ədəbiyyatımız və ədəbiyyat tariximiz" kimi məqalələrində, sosialist çevrilişi ilə ölkədə əmələ gələn ictimai-siyasi və mədəni dəyişiklikləri əks etdirib.
Tənqidçinin xüsusi diqqət yetirdiyi problemlər sırasında yeni ədəbiyyatın yaradıclıq siması, ədəbiyyatda ideyalılıq və sinfilik problemləri olub. Onun "Bugünkü ədəbiyyatımız haqqında", "Proletar ədəbiyyatı ətrafında", "Bugünkü Azərbaycan ədəbiyyatı və onun ictimai məfkurəvi siması", "Süleyman Rüstəm haqqında kiçik bir mülahizə", "Günəşi içirik… günəşlənirik", "Yeni vəzifələr qarşısında", "Mədəni inqilab və mədəni irs məsələsi", "Çığırdaşlarımız haqqında","Yeni Azərbaycan ədəbiyyatı", "Proletar ədəbiyyatımızın yaradıcılıq siması", "Ədəbiyyatımızı bolşevikləşdirmək və həqiqi proletar ədəbiyyatı yaratmaq…", "Şeirimizin və şüurumuzun xəstəlikləri haqqında", "Üç şeir" və məqalələri müasir ədəbiyyatın yaradıclıq məsələlərinə həsr olunub.
Kitabları
1. Aydın
2. İblis
3. Lahuti
4. Şair qız
5. Ömər Xəyyam
6. Simurqun yaradıcılıq yolu
7. Cəfər Cabbarlı
8. Sabir Tahirzadə
9. Yeni həyat və yeni ədəbiyyat
10. Əbdürrəhim Haqverdiyev
1937-ci ildə SSRİ-də həyata keçirilən Stalin repressiyası nə qədər kommunist ideologiyasına sədaqətli görünsə belə Əli Nazimdən də yan keçməyib. Əvvəlki illərdə Türkiyə ilə əlaqəli hər kəsi həbs edirdilər, onu da həyatının Türkiyədəki ezamiyyət dönəminə görə həbs ediblər, 10 il müddətinə məhkumluq veriblər. Amma səhhəti ağır həbsxana rejiminə cəmi 4 il tab gətirib.
Əli Nazim 1941-ci il avqustun 23-də həbsxanada vəfat edib.
Sonradan İosif Stalin cəhənnəmə vasil olandan sonra bir çox aydınımız, o cümlədən də Əli Nazim 1957-ci ildə bəraət alıblar. Anca çi fayda. Ömür ki daha gedib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.08.2025)


				    
				    
				    
				    
				    
				    
				    
				    
				    
				    