İnci Məmmədadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Sovet ədəbiyyatının müstəqillik dönəminə adlayan ən adlı-sanlı şairlərindən, eləcə də ən sonunculardan biri idi Fikrət Qoca. 4 il öncə dünyasını dəyişdi. Bu gün isə onun 90-cı doğum günüdür. Ruhu şad olsun!
Mütləq ondan başlayım ki, bir çox şeirlərinə musiqi bəstələnib. Bunlardan bəziləri illərdir ki, hit mahnılar olaraq qalırlar. "Anacan dostum evlənir", "Könlüm", "Günay", “Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və əlbəttə ki, Polad Bülbüloğlunun ifa etdiyi"Gəl ey səhər" mahnıları ölməzlik statusu qazanan mahnılardır.
Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərib, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktoru, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi olub.
Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olub, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazıb.
1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, — qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb. Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ. Volker, X. Risal, İ. Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.
Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-ci ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülüb. Azərbaycan Respublikasının "Şöhrət" ordeni, "Şərəf"ordeni, "İstiqlal" ordeni ilə təltif olunub. Azərbaycan Dövlət Mükafatına layiq görülüb.
Kitabları
1. Qağayı
2. Hamıya borcluyam
3. Yatmadığım gecələrdə
4. Günlərin bir günü
5. Gül ömrü
6. İnsan xasiyyəti
7. Ömürdən səhifələr
8. Mavi dünyanın adamları
9. Taleyin ağır taleyi
Filmoqrafiya
- Uşaqlığın son gecəsi
- Mürafiə vəkillərinin hekayəti
- Qayınana
- Romeo mənim qonşumdur
- Qonşu qonşu olsa...
Mükafatları
Azərbaycan SSR əməkdar incəsənət xadimi
Xalq şairi
"Humay" mükafatı
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Fikrət Qoca 5 may 2021-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.08.2025)