Mədəniyyət Nazirliyi tarix-mədəniyyət abidələrinin qorunmasına diqqəti artırmaqdadır Featured

MİNDƏN ÇOX ABİDƏYƏ MƏLUMAT LÖVHƏSİ QURAŞDIRILACAQ

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Mədəniyyət Nazirliyinin mədəni irsimizin qorunub saxlanmasını prioritet hesab etməsi əlbəttə ki, alqışlanan haldır. Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix-mədəniyyət abidələrinə məlumat lövhələrinin yerləşdirilməsi ilə bağlı yeni layihənin icrasına başlayıb. Bu barədə Dövlət Xidməti məlumat yayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məlumatda layihənin əsas məqsədinin abidələrin mühafizəsinin gücləndirilməsi, bu sahədə ictimai maarifləndirmənin təmin olunması, insanların diqqətinin abidələrin qorunmasına yönəldilməsi, həmçinin abidələrin təbliği ilə qanunsuz müdaxilələrin vaxtında qarşısının alınması olduğu bildirilir.

Mərhələli şəkildə həyata keçiriləcək layihə çərçivəsində 2025-ci il ərzində Bakı şəhəri və bölgələrdə yerləşən 1200-dən artıq abidəyə məlumat lövhəsinin quraşdırılması planlaşdırılır.

Lövhələrdə yer alan bütün məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı Qərarı ilə təsdiq olunmuş məlumatlar əsasında hazırlanır. Yeni lövhələrdə hər bir tarixi abidənin adı, tarixi, inventar nömrəsi və əhəmiyyət dərəcəsi barədə zəruri məlumatlar öz əksini tapır. Bu da həm yerli sakinlər, həm də ölkəmizi ziyarət edən turistlər üçün abidələrimiz haqqında aydın və etibarlı mənbə rolunu oynayacaq.

Dövlət Xidməti bir daha bütün vətəndaşları tarix-mədəniyyət abidələrinin qorunmasına dəstək göstərməyə, xalqımızın zəngin mədəni irsinin gələcək nəsillərə bütöv şəkildə çatdırılmasına həssas yanaşmağa çağırır.

Əlbəttə ki, çağırışa qoşulmaq hər bir vətəndaşımızın ümdə vəzifəsi olmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.