İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan publisitikasında bir imza var ki, oxucuları onu hər dəfə səbirsizliklə gözləyirlər. Günümüzdə jurnalistikanın əsas bəlası nədir – rəsmi və quru dildə olması, yalnız xəbər və məlumat səciyyəsi daşımağı. Halbuki bu xanım sözlərə o qədər ruh, can verir ki, onun publisistikasını bədii ədəbiyyat da zənn etmək olar. Bax buna görə də oxunur, sevilir.
Söhbət hamımızın sevimlisi Flora Xəlilzadədən gedir. Və bu gün onun doğum günüdür.
Flora Xəlilzadə 23 avqust 1953-ci ildə Zəngəzur mahalının Sisian rayonunun Urud kəndində anadan olub. Rayonun Vağədi kənd orta məktəbini bitirdikdən sonra ADU-nun Jurnalistika fakültəsinə daxil olub və 1977-ci ildə oranı bitirib. "Azərbaycan təbiəti" jurnalında, "Azərbaycan müəllimi", "Azərbaycan" qəzetlərində işləyib. Bir müddət "Azərbaycan qadını" jurnalının redaktoru olub. Uzun müddət İctimai televiziyada layihə rəhbəri, "Yadigarlar" verilişinin müəllifi və aparıcısı olub. Hazırda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri" Baş Redaksiyasının baş redaktoru vəzifəsində çalışır.
Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Televiziyasında yaradılan və verilişlərin keyfiyyətinə nəzarət edən Bədii Şuranın üzvüdür.
1972-ci ildən mətbuatda publisistik və bədii yazıları dərc olunur. Peşəkar jurnalist kimi mətbuatda çalışdığı dövrdə yüzlərlə elmi, ədəbi, publisistik, tənqidi məqalələri çap edilib. 20 — yə yaxın kitabın müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir çox mükafatların sahibidir.
4 mart 2013-cü ildə jurnalistika sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar Jurnalist" Fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
7 sentyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib
Kitabları
- Ruhumun ehtiyacı
- Bənövşə ətirli səs
- Aysel adını itirib
- Analar
- Bu mənim tale yolum
- Ürəyim aldatdı məni
- Taleyimdən keçən adamlar
- İgidliyin son zirvəsi
- Yuxular
- Məmməd Araza məktub
- Yolum düşə Zəngəzura
- Dağları tərpədən fəryad
- Yazıçılar təşkilatının rəhbərləri
Mükafatları
1. "Əməkdar Jurnalist" fəxri adı
2. "Tərəqqi" medalı
3. Prezident mükafatçısı
4. Şöhrət ordeni
5. Türkiyə Diyanet Vaqfının türkdilli xalqlar arasında keçirdiyi müsabiqənin mükafatı
6. Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi "Həsənbəy Zərdabi mükafatı"
7. Respublika Mətbuat Fondunun "Dan ulduzu" mükafatı (iki dəfə)
8. Nabat xanım adına xeyriyyə cəmiyyətinin təsis etdiyi "Nabat xanım mükafatı"
9. Lider Qadınlar İctimai Birliyinin təsis etdiyi "Salatın Əsgərova mükafatı"
10. Cəfər Cabbarlı mükafatı
Biz səmimi qəlbdən Flora xanımı təbrik edir, ona cansağlığı və yaradıcılıq zirvələri arzu edirik.
“Ədəbiyyat və incəsənət”
(23.08.2025)