Heyif ki, könlünü aldadıb həyat... Featured

Varis, “Ədəbiyyat və incəsənət”

 

Şair Musa Ələkbərli vəfat etdi. Yox, axtarmayın, siz onun haqqında internetdə elə bir məlumat da tapa bilməyəcəksiniz. Kitab mağazalarında xüsusi tərtibatlı, illüstrasiyalı kitablarına da rast gəlməyəcəksiniz. Çünki o, haqqını ala bilməyənlərdən idi. Bütün ömrünü poeziyaya, şeiriyyata xərclədi, bir vaxtlar xüsusən sevgi şeirləri dillər əzbəri olsa da, çox misrasında Vətən, yurd sevgisi, milli-mənəvi dəyərlər tərənnüm edilsə də qalın divarlı otaqlardakılar onu görməzə gəldilər. Beləcə, yetişdiyi 75 illik yubileyini də sükutla, gözləri yolda keçirəsi oldu. 76-cı baharına isə tam ümidsizliklə qədəm qoydu...

Ağırdır, çox ağırdır, bütün yaradıcılıqları və öz çəkiləri də üstündə Musa Ələkbərlinin bir şeiri qədər gəlməyənlər televizor ekranlarını, radio dalğalarını, qəzet və sayt səhifələrini, tədbir zallarını yağır etdikləri halda bu boyda şair ömrünün bu son illərini haradasa adının bircə kəlmə çəkilməsinin həsrətini çəkdi...

Bir şeirində dediyi kimi...

 

Həmişə belədir, ulu dünyanın,

Ağrısı, acısı mərdə gələcək...

 

Qısaca, yaddaş üçün tərcümeyi-halını vərəqləyək: 

Musa Ələkbərli 1950-ci ilin 25 aprel günü Gədəbəy rayonunun Ataxal kəndində anadan olub. Orta məktəbi Böyük Qaramurad kəndində başa vurub. ADU-nin filologiya fakültəsini bitirib. Sovet dönəmində “Gənclik” nəşriyyatında yeniyetmələr üçün ədəbiyyat redaksiyasının redaktoru vəzifəsində çalışıb.
Ədəbi fəaliyyətə orta məktəbdə oxuyarkən başlayıb. "Pərvanə" ədəbi dərnəyinin rəhbəri olub. Bir neçə tərcümələri var. "Məndən şeir istə", "Ürəyimin işığında", "Bəlkə bir də görüşdük", "Gözlərim yol çəkir", "Aydanım ay işığı", "Gözümdə ağlayan bulud" və s. kitabların müəllifi olub. Bir çox kitaba redaktorluq edib, ön söz yazıb. "Şur" nəşriyyatının direktoru vəzifəsini də daşıyıb.

Vəssalam. Daha heç nə. Burada təltiflər-filanlar görə bilməyəcəksiniz.

Musa Ələkbərlinin ən çox sevdiyim şeirlərindən birinin belə bir bəndi var:

 

Duyğular köhnədir, arzular boyat,

Bu yatan eşqimi harayla, oyat.

Heyif ki, könlünü aldadıb həyat,

Heyif ki, peşiman olub gəlmisən...

 

Elə Musa Ələkbərlinin özünün də könlünü həyat aldatdı. Onun qulağına şairliyin, söz adamının yüksək məqamı barədə dürlü-dürlü sözlər pıçıldadı. O da inandı. Bu məqama yüksəlmək amacında yola çıxdı.

Nə yazıq ki, yoluna daş-kəsək düzdülər...

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.