Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
İnsanlar tez-tez şikayət edirlər: “Küçə heyvanlarının əlindən bayıra çıxa bilmirik, bizə mane olurlar”.
Doğrudanmı? Yoxsa məsələ tam əksinədir, biz onların yaşamasına mane oluruq?
Küçədə rastımıza çıxan hər it, hər pişik kiminsə vecsizliyi, kiminsə qorxusu, kiminsə mərhəmətsizliyinin nəticəsidir. Onlar bu şəhərin sakini olmağı seçməyiblər. Onları küçəyə çıxaran nə aclıqdır, nə də öz istəkləri- onları küçəyə çıxaran insanların məsuliyyətsizliyidir.
Yadımdadır, illər əvvəl qapımızın yanından bir küçə iti keçmişdi. Bir dəfə ona yemək verdim, başını sığalladım. O gündən sonra hər səhər qapımızın qarşısında məni gözləyirdi. Üşüməsin deyə üstünü örtürdüm, dərsə gedəndə arxamca qaçırdı. Səssiz, sakit, sadəcə varlığı ilə insana güvənən bir canlı idi.
Bir gün arxamca qaçarkən bunu görən tanımadığım bir kişi itin üstünə daş atdı. Guya mənə “kömək etdi”. Ertəsi gün isə qapının qarşısında yalnız üstünü örtüyüm adyal qalmışdı. İtin özü yox idi. Axşama qədər gözlədim, narahat oldum. Sonra öyrəndim ki, qonşular onu “aparıblar, uzaqlaşdırıblar”. Hara, necə- bilmirəm. Amma sanki məni sevən, mənə alışan birini itirdim.
İndi sual verirəm: o it kimə mane olurdu? Mənəmi? Yoxsa onu daşlayan, yoxa çıxaran insanlara?
Küçə heyvanlarını təpiklə itələyən, daşlayan, öldürən, maşının altına salan, “quduzdur” deyib iynə vurduraraq həyatına son qoyan kimdir? Bunları edən də heyvanlardırmı? Yoxsa bunlar bizim cəmiyyətin susaraq razılaşdığı qəddarlıq nümunələridir?
Bir pişiyi ayağı ilə itələmək, bir iti qorxutmaq, sadəcə “narahat edir” deyə bir canlının həyatını yarımçıq qoymaq — bu nə cəsarətdir, nə də güc. Bu, yalnız vicdanın yoxluğudur.
Onlar canlı deyilmi? Acı hiss etmirlərmi? Qorxmurlar? Sevmirlərmi?
Əslində, küçə heyvanları bəzi insanların dilsiz, amma ən saf və ən gözəl versiyasıdır. Onlar xəyanət etmir, unutmaz, yarı yolda qoymaz. İt qədər sadiq ola bilməyən insanlar onlardan narahat olur. Çünki sədaqət, mərhəmət və səssiz sevgi güzgü kimidir- kimdə yoxdursa, onu narahat edir.
Bu şəhərdə problem küçə heyvanları deyil. Problem onların gözlərinə baxanda utanmayan insanlardır. Problemi həll etmək istəyiriksə, daş atmaqla yox, məsuliyyət götürməklə başlamalıyıq. Çünki küçələr heyvanlardan təmizlənəndə yox, vicdanlardan mərhəmət silinəndə təhlükəli olur.
“Ədəbiyyat və incəsənət”
(18.02.2026)


