Hər yoldan ötənin əlinə mikrofon verib səhnəyə çıxarırlar... Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 O vaxt (söhbət Sovetlər dönəmindən gedir) Cıdır düzünə çox böyük heyətlə getmişdik. Orda Amaliya Pənahova ilə Əlabbas Qədirov “Vaqif” əsərindən “Qazamat” pərdəsini oynamalı idilər. Orda bəzi hissələr yaddan çıxmışdı. Mən “Vaqif”i əzbər bilirdim. Dedim ki, mənim yadımdadır. Çıxıb oxudum. Heydər Əliyev aşıq Ədalətə dedi ki, Ədalət, sən də sazını götür gəl, bir “Yanıq Kərəm” çal, gözəllik yaransın.

O səhnə mənim heç vaxt yadımdan çıxmır. Heydər Əliyev məndən soruşdu ki, musiqi təhsilin var? Dedim ki, xeyr. Soruşdu ki, kimin ifalarını çox sevirsən? Şövkət Ələkbərovanın adını çəkdim. Dedim, o mənim sənət günəşimdir. Bundan sonra Şövkət xanımla dərslərə başladıq. Elə bilirdim ki, mənim böyük bacımdır. Qastrollara gedəndə bir otaqda qalırdıq. Şövkət xanıma kənardan baxardın, qorxardın ona yaxınlaşmağa, amma o qədər gözəl insan idi. Onun yanında dayanmaq da məsuliyyət idi. Yadıma gəlir, Heydər Əliyev mənim barəmdə Şövkət xanıma deyən il onun əmri Asəf Zeynallı adına Musiqi Kollecinə verildi. Sonra Şövkət xanım konservatoriyaya getmədi, xəstələndi. O, qanlı-qadalı illərdə xəstə-xəstə Almaniyada konsert verdi, ordan gələn pulu Dövlət Fonduna bağışladı. Mən ondan həm də həyat dərsi almışam. Ondan əvvəl də Ceyran Haşımovadan öyrənmişəm...

 

Bu danışan Firuzə İbadovadır. Firuzə xanımın bu gün doğum günüdür, 72 yaşını qeyd edəcək.

Firuzə İbadova 1954-cü il fevralın 18-də Bakı şəhərində anadan olub. 173 saylı orta məktəbdə təhsil alıb və buranı 1971-ci ildə bitirib. 1963-cü ildən Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətində Əfsər Cavanşirovun uşaq xorunun solisti olub. 1972-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Lalə" qızlar ansamblının, 1976-cı ildən Gülarə Əliyeva adına "Dan ulduzu" ansamblının solisti olub.

 

1979-cu ildə Rəşid Behbudovun mahnı teatrına solist kimi dəvət edilib. Görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi kimi də tanınır. 1980-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib. Elə həmin ildə Orta Asiyada keçirilmiş Azərbaycan ongünlüyündə konsert proqramı ilə çıxış edib. 1982-ci ildə Şuşa şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış məqbərənin açılışında iştirak edib.

1984–1985-ci illərdə Moskva şəhərində XII ümumdünya festivalının diplomantı və "Lenin komsomolu" mükafatı laureatı olub. Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin xətti ilə Azərbaycanın müxtəlif şəhər və rayonlarında konsert proqramları ilə çıxış edib. Bundan əlavə, Firuzə İbadova dünyanın 30-dan artıq dövlətində qastrol səfərlərində olub və Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərini səsləndirib.

Dəfələrlə beynəlxalq müsabiqələr laureatı olub.  Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının sifarişi ilə 20 Yanvar şəhidlərinin xatirəsinə yazılmış "Şəhidlər ağısı" (Əlimdə sazım ağlayır) (mus.: Hacı Xanməmmədov, söz.: Əzizə Cəfərzadə) mahnısının ifaçısıdır. Sözügedən mahnı AzTV-nin qızıl fondunda saxlanılır. Firuzə İbadova Azərbaycan klassik bəstəkarlarının yaratdıqları əsərlərin də ifaçısıdır.

Firuzə İbadova mütəmadi olaraq kütləvi dövlət tədbirlərinin iştirakçısıdır. 1993-cü ildən Abdulla Qurbaninin dəvəti ilə bir sıra hərbi hissələrdə müxtəlif konsert proqramları ilə çıxış edib. Azərbaycan Respublikası Prezidentinin 16 may 2006-cı il tarixli Sərəncamı ilə Firuzə İbadovaya "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı verilib.

2016-cı ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının "Oyuq" studiyasının musiqi rəhbəridir. 2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Milli Konservatoriyasının tərkibindəki İncəsənət Gimnaziyasının heyəti ilə "Şuşa ili" və "Heydər Əliyev ili" çərçivəsində keçirilən "Xarıbülbül" festivalının könüllü iştirakçısıdır.

 

-Efirlərdən də uzaq düşmüsünüz...

+Mən bu dəqiqə istəsəm, iki seans konsert verərəm. O qədər güclü və sağlamam. Səsim də yerindədir. Pis adətlər həmişə məndən uzaq olub. Verilişlər çox keyfiyyətsizdir. Hər yoldan ötənin əlinə mikrofon verib səhnəyə çıxarırlar. Bu, sənəti məhv eləmək deməkdir. Mən uşaqlıqdan bu işlə məşğulam. Təcrübəm və savadım da yerindədir. Hazırda gənclərə musiqi öyrədirəm…

 

Müğənninin müsahibələrdən birində toxunduğu mövzudur. Efirləri bayağılıqda qınayır. Haqlı da edir.

Allah bizim musiqini məhv olmaqdan qorusun.

Amin.

 

“Ədəbiyyat və incəsənət”

(18.02.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.