Şəmil Sadiq: Yaza bilməyən nəsil danışa da bilməyəcək Featured

 

“Ədəbiyyat və incəsənət” portalı Şəmil Sadiqin olduqca aktual bir mövzuda yazdığı məqaləsini təqdim edir.

 

Əziz gənclər, şifahi nitq nə qədər vacibdirsə, yazı bacarığı da bir insan üçün bir o qədər həyati əhəmiyyət daşıyır. Çünki yazı sadəcə sözlərin kağız üzərinə düzülməsi deyil. Yazı sistemdir. Yazı  plandır. Yazı düşünə bilməkdir. Yazı fikrin məsuliyyətini üzərinə götürməkdir.

Həyatda diqqət etmisinizsə, yazı bacarığı olan insanlar istənilən sahədə daha tez önə çıxırlar. Səbəbi sadədir: onlar düşüncələrini formalaşdıra, ifadə edə və təqdim edə bilirlər. Mən yazı deyəndə qrammatik qaydaları əzbərləməyi nəzərdə tutmuram. Mən yazı deyəndə insanın öz düşüncəsini yazı vasitəsilə ifadə edə bilməsini nəzərdə tuturam.

Bəli, qrammatik və fonetik biliklər vacibdir. Amma bunlar texniki alətlərdir. Eynilə gözəl xəttin olması kimi. Gözəl xətt yazı bacarığı deyil, qrammatikanı bilmək də yazı bacarığının özü deyil. Yazı bacarığı  düşüncəni strukturlaşdırmaq bacarığıdır.

Həyatda bunu tez-tez görürəm. Biri gəlir, saatlarla danışır, ideyalar verir: “Bunu belə edək, onu belə edək.” Deyirəm: “Çox gözəl. Zəhmət olmasa, bunu yaz, baxaq, sonra həyata keçirək.” Gedir. Və bir daha gəlmir. Çünki yaza bilmir. Danışmaq asandır, yazmaq məsuliyyətdir.

Bu problemi illər əvvəl valideynlərlə görüşlərdə də müşahidə etdim. Şikayətə gəlirdilər, uzun-uzadı danışırdılar, mübahisələr yaranırdı. Sonra bir üsul tapdım. Dedim: “Siz deyin, mən yazım.” Yazmağa başlayanda maraqlı bir mənzərə ortaya çıxırdı. On şikayətdən səkkizi yolda yox olurdu. Çünki yazı düşüncəni süzgəcdən keçirir. Yazı insanı öz fikri ilə üz-üzə qoyur.

Bu gün isə vəziyyət daha da ciddidir. Artıq yazı bacarığı olmayan insanlar çatbotlardan belə istifadə edə bilmirlər. Çünki süni intellekt belə düşünə bilən və düşüncəsini ifadə edə bilən insanla işləyir. Yazmağı bacarmayan insan, əslində, düşünməyi bacarmayan insana çevrilir.

Ona görə də əziz müəllimlər, uşaqların yazı bacarığına xüsusi diqqət yetirin. Onlara daha çox yazdırın. Onların düşünməsinə, ifadə etməsinə şərait yaradın. Çünki dərdini ifadə edə bilməyən insan, gec-tez həyatın kənarında qalır.

Əli cibində göstəriş vermək asandır. Amma fikrini yazmaq, məsuliyyətini daşımaq, icraya keçmək – bu, başqa səviyyədir.

Biz danışan yox, düşünən və yazan nəsil yetişdirməliyik. Əks halda, çox danışan, amma heç nə yarada bilməyən bir cəmiyyətlə üz-üzə qalacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.