Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Təməli İkinci Dünya Müharibəsindən 2 il sonra qoyulan və dünyanın sonuna doğru irəliləyişini simvolik olaraq təmsil edən “Qiyamət Günü Saatı”nın (Doomsday Clock) əqrəbi artıq 24:00-a yaxınlaşır. Bəs bu, nə məna verir?
“Qiyamət Günü Saatı” 1947-ci ildə Albert Eynşteyn və Çikaqo Universitetinin alimləri tərəfindən təsis edilən "The Bulletin of the Atomic Scientists" jurnalında başladılan bir layihədir. "The Bulletin of the Atomic Scientists" jurnalının üz qabığında vaxtaşırı “Qiyamət Günü Saatı”nın şəkillərini dərc edir. Bu saat bəşəriyyətin qlobal nüvə münaqişəsinə neçə dəqiqə qaldığını göstərir və bununla da beynəlxalq vəziyyətdəki gərginliyi simvolizə edir. Ukrayna və Yaxın Şərqdəki hərbi münaqişələr, eləcə də artan iqlim böhranı, nüvə güclərinin aqressiv davranışı və süni intellektin inkişafı ilə bağlı qorxular səbəbindən gecə yarısına ən yaxın zaman — 23:58:35 artıq 2026-cı ildə müəyyən edilib. Qeyd edək ki, əqrəbin yerdəyişməsi barədə qərarı bir qrup alim verir ki, onların da arasında 18 Nobel mükafatçısı var.
Nüvə silahına malik ölkələr arasında gərginlik artdıqca, bu, həmin saatda öz əksini tapırdı. Məsələn, 1953-cü ildə - soyuq müharibənin təməlinin qoyulduğu vaxtlarda saat 23:53-ü göstərirdi. Bu, simvolik olaraq, Qiyamətin başlamasına 7 dəqiqənin qaldığını özündə əks etdirirdi. Layihənin 78 illik tarixi ərzində saatın əqrəbləri 27 dəfə yerini dəyişib. Ən pis vəziyyət vaxtilə ABŞ və SSRİ arasında yaranan “Karib böhranı” ərəfəsində özünü daha çox göstərmişdi. Həmin vaxt dünyanın iki qütbü və iki supergücü olan bu ölkələr nüvə bombardmanının astanasına gəlmişdi və bütün dünya nəfəsini tutub, düyməyə ilk kimin basacağını gözləyirdi. Həmin vaxt “Qiyamət Günü Saatı”nın baş verməsinə cəmi 2 dəqiqədən daha az bir müddət qalırdı. “Karib böhranı”ndan sonra demək olar ki, saat əvvəlki vəziyyətinə qayıtdı və bir də 1991-ci ildə SSRİ-nin dağılması ilə “Qiyamət Günü Saatı” 17 dəqiqə geriyə çəkildi.
2020-ci ilin başlanğıcında pandemiyanın dünyanı bürüməsi ilə azalan dəqiqələr indi Rusiya-Ukrayna müharibəsinin başlaması ilə saniyələrə çevrilib. Alimlər sonuncu dəfə 2026-cı il yanvarın 27-də “Qiyamət Günü Saatı”nı gecə yarısına 85 saniyə (1 dəqiqə 35 saniyə) qalmış vəziyyətə gətiriblər ki, bu da indiyə qədər qeydə alınmış "nüvə apokalipsisi"nə ən yaxın mövqedir.
“Ədəbiyyat və incəsənət”
(18.02.2026)


