İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Həyat bəzən insanı sərt küləklərlə sınağa çəkir, bəzən də o küləklərin arasından işıqlı bir yol açır. Yekaterina Ponteley qızı Məmmədovanın taleyi də məhz belə bir yolun hekayəsidir. Sınaqlardan keçərək möhkəmlənən, qürbətdən vətənə uzanan, zəhmətlə ucalan bir ömür yolu…
O, Rusiyada böyük və mehriban bir ailədə dünyaya göz açıb. Atası rus-alman müharibəsindən ağır yaralı qayıtmış, illərlə əziyyət çəkmiş və nəhayət, vaxtsız dünyasını dəyişmişdi. Həyatın ağırlığı erkən yaşlarından çiyinlərinə qonmuşdu. Orta məktəbi bitirər-bitirməz çalışmağa başlamışdı. Çünki anasının yeddi övladı böyütməsi asan deyildi. Gənclik arzuları, yarımçıq qalan institut illəri… Amma Yekaterina xanım heç vaxt taleyindən gileylənmədi. Əksinə, həyatın ona öyrətdiyi dözümlülüyü özünə yol yoldaşı etdi.
İyirmi yaşında taleyi onu azərbaycanlı bir gənclə qarşılaşdırdı. Bu tanışlıq ömürlük bir bağa çevrildi. 1976-cı ildə o, Azərbaycana - yeni həyatına doğru addım atdı. Həmin vaxtdan bu torpaq onun doğma yurduna çevrildi. İki oğlu dünyaya gəldi: Ruslan Qax şəhərində, Elnur isə Sumqayıtda doğuldu. Ana olmaq onun həyatına yeni rənglər, yeni ümidlər qatdı.
Zəhmətkeşliyi onu mühasibatlıq ixtisasına gətirdi. Əvvəl 35 saylı təmir-tikinti, sonra 17 saylı tikinti trestində çalışdı. 2002-ci ilin avqustunda isə “Lift Servis” Birliyində işə başladı. O illər çətin idi, kadr çatışmazlığı vardı. Amma Yekaterina xanım çətinlikdən çəkinən deyildi. Kadrlar şöbəsinin müdiri olmaqla yanaşı, paralel olaraq baş mühasib vəzifəsini də icra etdi. İllər keçdi, təcrübəsi artdı, etimad qazandı. Bu gün isə abunə şöbəsinin müdiri kimi çalışır.
Onun üçün iş sadəcə əmək fəaliyyəti deyil, ailədir. Yeni gələn əməkdaşlara yol göstərir, bildiklərini səxavətlə bölüşür, kollektivdə mehriban mühit yaradır. Bu kollektiv onun üçün doğmaya çevrilib. Beş il əvvəl həyat yoldaşını itirdikdən sonra iş yoldaşları onun kədərini bölüşüb, boşluğunu doldurub. “Onlar mənim ailəmdir,” - deyir Yekaterina xanım kövrək təbəssümlə.
Onun dörd nəvəsi var - ömrünün ən şirin bəhrələri.
Bir zamanlar Rusiyada qalan ailə üzvləri ilə əlaqəsi kəsilmişdi. Bu nisgil ürəyində dərin iz buraxmışdı. Günlərin birində müəssisənin rəhbəri Cümşüd İsmiyev onun kədərini sezdi, səbəbini öyrəndi və ailə üzvlərinin tapılmasına kömək etdi. Bu diqqət və insanlıq Yekaterina xanımın yaddaşında silinməz minnətdarlıq kimi yaşayır.
Bu gün müəssisədə işlər daha da müasirləşib. Rəqəmsal sistem, onlayn dispetçer xidməti yaradılıb. Əvvəllər daxil olan şikayətlərin yerini indi minnətdarlıq zəngləri tutub. Liftlər tər-təmiz, sakit musiqi sədaları altında bir nöqtədən idarə olunur. Bu inkişafın bir parçası olmaq ona qürur verir.
Yekaterina xanım artıq 20 ildir ki, Yeni Azərbaycan Partiyasının üzvüdür. Ölkə başçısı İlham Əliyevlə fəxr etdiyini dilə gətirir. 2018-ci ildə və 70 illik yubileyi münasibətilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən fəxri fərmanla təltif olunması onun üçün böyük sevinc və şərəf olub.
Söyləyir ki, yaşadığı yaraşıqlı və füsunkar Sumqayıtın cazibədar şəkillərini tez-tez çəkib Rusiyadakı qohumlarına göndərir. “Belə gözəllik yaradanları Allah qorusun,” - deyə dua edir.
“Xoşbəxtəm ki, bu respublikanı seçmişəm,” - deyir Yekaterina xanım. - “Allah mənə yol açdı, bu gözəl xalqla tanış oldum. Mənə burada yaşamaq çox xoşdur.”
Onun ömrü səssiz bir qəhrəmanlıq dastanıdır: Zəhmətin, sədaqətin, insanlığın dastanı. Və bu dastanın hər sətrində bir minnətdarlıq, hər səhifəsində bir ümid işığı var.
O, hər kəsə sağlamlıq arzulayır. Biz isə öz növbəmizdə belə ömür yoluna sonsuz hörmət və ehtiram bəsləyirik.
“Ədəbiyyat və incəsənət”
(18.02.2026)


