Super User

Super User

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Uzaq 1943-cü ildə Moskvada Azərbaycan rəssamlarınısərgisində nümayiş olunan "Babək" əsəriböyük şöhrət qazanmışdır. Hər kəsin diqqətini cəlb edən rəsm əsəsrinin müəllifi Mahmud Tağıyev idi.

O, müstəqillik illərində bir daha Babək obrazına qayıdaraq "Babəkin çağırışı" adlı tematik əsərini ərsəyə gətirdi. Babək sevgisi həm də ümumən xalq sevgisi, vətən sevgisi hesab edilə bilər...

 

Mahmud Tağıyev 11 iyun 1923-cü ildə Bakıda anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1949–1953-cü illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində, 1953–1956-cı illərdə isə İ. Repin adına Leninqrad Dövlət Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.

Mahmud Tağıyev 1946-cı ildə rəssam Xalidə Səfərova ilə ailə qurub və həmin ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. Rəssam Tağı Tağıyevin qardaşı, Əkrəm Tağıyevin atasıdır. Mahmud Tağıyevin erkən yaradıcılığının əsas mövzuları natürmort və mənzərə əsərləri hesab olunur. O, 1960-cı illərdən başlayaraq sənaye və kənd təsərrüfatına aid mövzuları araşdırıb.

Rəssam Azərbaycanda sovet tikililərinin quruculuq prosesinin əsas məqamlarını təsvir edib. Bunlara Mingəçevir su anbarı və Sumqayıt alüminium zavodunun təsvirləri daxildir. M. Tağıyev bu illər ərzində portret janrını araşdırmağa davam edib və xüsusi olaraq tarixi portret janrına müraciət edib

Rəssamın yaradıcılığına "Əriklər" (1969), "Əncirlər" (1974), "Eyvan" (1987), "Natürmort", "Yaz gülləri" (1993), "Lalələr", "Almalar" (1993), "Məcnun", "Leyli", "Güldanda güllər", "Dağlarda bahar", "Bakı", "Neft emal zavodunun işıqları", "Avarçəkən", "Yuxu", "Çılpaq", "Dədə Qorqud", "Səməd Vurğun", "Yeddi gözəl" və başqa əsərlər daxildir.

Mahmud Tağıyevin Bakıda (1947-ci ildə Xalidə Səfərova ilə birgə, 1958, 1969, 1993), Moskvada (1990, 1988-ci illərdə X. Səfərova ilə birgə) fərdi sərgiləri keçirilib. Onun əsərləri Rusiya, Türkiyə, Ukrayna, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İran, Suriya və Misirdə sərgilənib.

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı

- Zaqafqaziya respublikalarının 1-ci bienallının diplomu (Tbilisi, Gürcüstan SSR)

- "Müasir Azərbaycan incəsənəti" rəssamlıq müsabiqəsinin 3-cü mükafatı (BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən Bakıda təşkil olunub)

 

Rəssam barədə sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü Əsəd Quliyev yazır:

“M.Tağıyev istedadlı mənzərə və natürmort ustası kimi tanınır. Onun bu janrlarda yaratmış olduğu sənət əsərləri özünəməxsus bədii rəssam təxəyyülü və peşəkar işlənilmə xüsusiyyətləri ilə diqqəti cəlb edir. Şübhəsiz ki, rəssamın portret janrında yaradılmış əsərləri də onun yaradıcılığının əsas tərkib hissəsidir.

 M.Tağıyevlə Xalq rəssamı Xalidə Səfərovanı sənət yolları ilə birgə həm də ömür yolları bağlayırdı. Onlar bir ömür birgə yaşayıb-yaratmış, ölkəmizin füsunkar rayonlarına yaradıcılıq səfərləri etmiş və yaratdığı çoxsaylı əsərlərini zaman-zaman sənət adamlarının ixtiyarına təqdim etmişlər. Respublikamızda gənc rəssamların ilk qrup sərgisinin təşkili məhz M.Tağıyev və X.Səfərovanın adları ilə bağlıdır.

 1947-ci ildə açılmış sərgidə rəssamların ümumilikdə 150-dən artıq etüd, mənzərə, natürmort nümunələrinin nümayiş olunduğu qeyd edilir.

Sənətkarın portret əsərlərindən "Xalidə Səfərovanın portreti", "Avtoportret", "Qadın portreti", "Səttar Bəhlulzadənin portreti", "Səməd Vurğunun portreti", "Dünyanı qoruyaq. Oxuyur Müslüm Moqamayev", "Nizami dünyası", "Füzulinin portreti", "Dədə Qorqud" və başqalarını qeyd edə bilərik. Bu portret əsərlərinin qəhrəmanlarını nəzərdən keçirdikdə rəssamın uğurlu yaradıcılıq məharəti ilə yanaşı, onun həm də tarixi şəxsiyyətlərin, sənət adamlarının daxili mənəvi dünyalarını təcəssüm etdirmək bacarığına malik olduğunu duyuruq.

M.Tağıyevin mənzərə əsərlərindən "Ağdam mənzərəsi" (1945), "Krım. Ay-Petri" (1955), "Mingəçevir dənizi" (1957), "Mingəçevir su anbarı" (1958), "Daşkəsən. Kanat yolu" (1960), "Doğma yaylaqda" (1961), "Göyçə gölü" (1960),  "Ağrı dağı" (1961), "Quşçuluq" (1963), "Bakı, Qağayılar" (1964), "Mənim Bakım" (1971), "Turşsu" (1980) və başqalarını göstərmək olar.

Bu əsərlər bu gün bədii əhəmiyyəti ilə yanaşı, həm də özündə tarixilik, doğmalıq, təbiətə qarşı həssaslıq yaşadır. Rəssamın Qarabağa, Şuşaya, Cıdır düzünə, doğma Qarabağ təbiətinin gözəlliklərinə incə rəssam duyumu ilə yanaşaraq lirik sənət lövhələrində ustalıqla canlandırması olduqca şairanədir. Onun Qərbi Azərbaycan mənzərələri bu gün tarixi dəyər  daşıyır.

M.Tağıyev təbiəti, ilahinin yaratdığı təbii gözəllikləri və nemətləri - gülləri, ağacları, dağları, dərələri, meyvələri - sadəcə sevmirdi, həm də ilhamlanaraq, sevə-sevə kətanda tərənnüm edirdi.

 Onun çoxsaylı natürmortlarında - "Natürmort. Üzüm və meyvələr" (1957), "Çiçəklənən bağ" (1958), "Güllər və meyvələr" (1964), "Lalələr" (1965), "Ulduz çiçəkləri və meyvələr" (1965), "Bağda. Narlar" (1966), "Yemişlər və tərəvəzlər" (1966), "Azərbaycan nemətləri" (1972), "Nərgizlər" (1973) və başqalarını seyr edən tamaşaçı meyvələrin rəng çalarlarını, əlvan güllərin təravətini sanki duyur, hiss edir”.

Rəssam 21 noyabr 2001-ci ildə Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

 

Cümə axşamı, 11 İyun 2026 09:35

Doğma Sumqayıta daim sədaqətlə

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Onun haqqında danışmazdan öncə bizim üçün vacib olan bir şeyi mütləq qeyd edim – o bizilm portalın Sumqayıt təmsilçisidir, Gənclik şəhərinin mədəni həyatını günbəgün respublika səviyyəsində işıqlandırır, bundan zövq alır. İşinə daim məsuliyyətlə yanaşan, peşəkar jurnalistikada xeyli yol gəlib də əsil baqaj toplayan bir jurnalistdir, redaktordur İlhamə Məhəmmədqızı.

Bəs niyə o, bu gün rubrikamızın qəhrəmanıdır?

Əlbəttə ki, düz tapdınız – İlhamə xanımın doğum günüdür.

 

İlhamə Məhəmmədqızı 1969-cu il iyun ayının 11-də Sumqayıt şəhərində anadan olub. Əslən Borçalı mahalındandır. Borçalı mahalının Keşəli kəndində doğulan ulu babası Hüseyn Vəli oğlu 19-cu əsrin ikinci yarısında orada tanınan xeyriyəçi olub. El arasında ona Katta Söyün deyiblər. Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbdə oxuyub.

Artıq məktəbdə oxuduğu illərdə bədii yazıları və məqalələri "Pioner", "Azərbaycan gəncləri", "Sosialist Sumqayıtı" qəzetlərində çap olunub. Məktəbi bitirdikdən sonra ilk əmək fəaliyyətinə Sumqayıt şəhər radio verilişləri redaksiyasında diktor kimi başlayıb. Bununla yanaşı, o həmçinin fəal jurnalist fəaliyyətini davam etdirib, jurnalist ixtisası üzrə işləyir.

 İlhamə Məhəmmədqızı 1990-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub və 1995-ci ildə bu təhsil müəssisəsini müvəffəqiyyətlə bitirib bakalavr dərəcəsi alıb. Təhsilini başa vurduqdan sonra jurnalist fəaliyyətini davam etdirib, özünə məxsus olan tərzdə bu işə yaradıcılıqla yanaşıb.

Belə ki, onun yazıları təkcə respublika mətbuatında deyil, həmçinin Gürcüstanda, İranda və daha sonra Türkiyədə də çap olunub. Müxtəlif illərdə Azərbaycanın dövri mətbuatında uğurla çalışıb. "Sintez", "Kauçuk", "168 saat", "Hər şey sizin üçün", "Borçalı", "Qafqazpress", "Azad Azərbaycan" qəzetlərində, "Azərbaycan dünyası", "İT Magazine", "Formula uspexa" jurnallarında müvəffəqiyyətlə fəaliyyət göstərib.

"İdeal Market" qəzetinin təsisçisi və Baş redaktoru, "İstedad" MMC-nin təsisçisi və Baş direktoru olur. Dünya TV-nin "Əsrin sədası" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. Dünya TV-də yayımlanan "Həmsöhbət" verilişinin müəllifi və aparıcısı, Sumqayıt şəhər İcra Hakimiyyətinin təsis etdiyi "Sumqayıt" qəzetinin məsul işçi, həmçinin, qeyd etdim, bizim "edebiyyatveincesenet.az" portalının Sumqayıt təmsilçisidir.

İlhamə Məhəmmədqızı tək jurnalist kimi deyil, həm də yazıçı, şair kimi imzası ilə tanınan, sevib-seçilən və yaradıcılıq fəaliyyətinin çox şaxəli budaqlar ilə ətrafa kölgə salan, ədəbi cameənin diqqətindən kənarda qalmayan şəxsdir. Bir sıra kitabların müəllifidir. Həmin kitablarda insan taleyi, yurd sevgisi və saf məhəbbət mövzularında qələmə aldığı bütün yazılarda onun səmimi, kövrək duyğuları sezilir.

Ulu Öndərin 100 illiyinə həsr olunmuş dövlət sifarişli "Dahinin xatirəsinə" adlı kitabın elmi redaktoru olub. Təfəkkür Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisası üzrə dərs deyibdir.

İlhamə Məhəmmədqızı Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Uğurlu yaradıcılığına görə Həsən bəy Zərdabi mükafatı, "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı, Sumqayıt şəhər İcra Hakimiyyəti və digər qurumlar tərəfindən dəfələrlə fəxri fərman, diplom və mükafatlara layiq görülüb. Jurnalist işlədiyi müddət ərzində yüzlərlə müsahibə və reportaj hazırlamışdı. Vaxtaşırı yerli və ölkə televiziya kanallarının qonağı olur.

 

Kitabları

- Xatırla məni.

- Dərdə açma qapını.

- Möcüzə işığında.

- Söz dünyam.

- Ömrün naxışları.

- Var olsun yaxşılar və yaxşılıqlar.

- Zirvəyə doğru.

- Hikmət dünyası.

- Bəs kimə deyim.

- Bizim istedadlar.

- Xoşbəxtəm varlığımla, yaradıcılığımla.

 

Mükafatları

- Həsən bəy Zərdabi mükafatı

- "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı.

 

Elə buradanca bütün kollektivimiz adından İlhamə xanımı təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

 

(Cəlilabad ədəbi mühitinin görkəmli siması, yazıçı, şair-publisist Ustad Əfrahim Abbasa ithaf olunur!)

 

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist.

“Ədəbiyyat və incəsənət”

 

 

Cəlilabad rayonu və xüsusilə də Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli, eyni halda fəxarətli nümayəndələrindən biri də ədəbiyyat sahəsində peşəkarlığı qədər təmiz ürəyi və ziyalı şəxsiyyəti ilə tanınan və hörmətə layiq görülən şair, yazıçı-publisist, esseist və ədəbiyyatşünas, Turan Xalq şairi Əfrahim Abbasdır.

Bu qısa təqdimat yazısında görkəmli ustad şairimiz Əfrahim müəllimlə bağlı məlumat və şəxsi təəssüratımı qələmə almaq və bununla da dəyərli ustadımızı gənc nəsilə daha yaxından tanıtdırmağa çalışacam...

 

Qısa bioqrafik məlumat:

Əfrahim Abbas (Abasov Əfrahim Rzalı oğlu): 1951-ci ilin iyun ayının 10-da Astraxanbazar (indiki Cəlilabad) rayonunun Şabanlı kəndində anadan olmuşdur. 1968-1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil almışdır. 1972-ci ildən etibarən 2021-ci ilə kimi Cəlilabad rayon Şabanlı kənd tam orta məktəbində riyaziyyat-fizika müəllimi işləmişdir. 1976-1977-ci illərdə ali təhsilli olduğu üçün 1 illik hərbi xidmətdə olmuşdur.

Ədəbi mühitdə "Əfrahim Abbas" təxəllüsü ilə çıxış edən Əfrahim müəllimin ilk dəfə 10-cu sinifdə oxuyarkən "Amerikanın faciəsi" adlı şeiri "Kommunist" qəzetində çap olunub. O dövrdən də mütəmadi olaraq yaradıcılıqla məşğul olmuşdur.

Poeziya sahəsindəki uğurlu fəaliyyəti ilə yanaşı pedaqoji sahədə də rayonun önəmli və uğurlu müəllimlərindən biri olmuşdur. Onun pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. İndiyədək 15-ə yaxın fəxri-fərmanla, ilin müəllimi müsabiqəsində I dərəcəli diplomla mükafatlandırılmış, Azərbaycan Maarif Nazirliyi tərəfindən "Metodist müəllim" və "Ali dərəcəli müəllim" adlarına layiq görülmüşdür.

Tələbəlik illərindən etibarən respublikanın bütün dövrü mətbuatda şeirləri çap olunub. Qələmə aldığı şeirləri 1972-ci ildən etibarən rayon mətbuatında da vaxtaşırı çap olunur. O, rayonumuzun dəyərli ziyalılarından biri olaraq müqəddəs müəllimlik peşəsi ilə yanaşı həm də bacarıqlı yazıçı-şair olmuş və hal-hazırda Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndələrindən biridir.

Əfrahim Abbas müxtəlif səpgidə yazılmış şeirlər, poemalar və qəzəllərlə əhatələnən 7 kitabın və bir tarixi romanın müəllifidir.

Məlumat üçün qeyd etmək lazımdır ki, 19.04.2011-ci il tarixdə nəşr edilmiş, 1054 səhifəlik, "Azərbaycan Yazıçıları XX-XXI yüzillikdə" kitab-ensiklopediyasında haqqıda (səh.230) qısa məlumat verilmişdir.

Şeirin Əruz vəznində, eləcə də satira janrında xüsusi məharəti olan Əfrahim müəllim Prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Turan Yazarlar Birliyinin üzvü, Turan Xalq şairi, Ümumrespublika ədəbi müsabiqəsinin qalibi, "Qızıl Qələm" Media Mükafatı, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, TYB-nin xüsusi Ödülü və "Turan Ödülü", həmçinin, və "Əsrin yazarı" medalının laureatıdır. Ailəlidir, 5 övladı (iki oğlu, 3 qızı) və 9 nəvəsi var. 

 

Əfrahim adının mənası:

Əfrahim (və ya İfraim) adı ibrani (yəhudi) mənşəli kişi adı olub, "bərəkətli", "məhsuldar" və ya "ikiqat bərəkət" mənasını verir. Müqəddəs Tövratın "Yaranış" kitabında yazıldığına görə, bu ad, İsrail oğullarının tanınmış peyğəmbəri həzrət Yusifin oğlunun adı kimi tanınır. Həmçinin, mələk adı ilə də əlaqələndirilir.

 

Əsərləri:

Əfrahim müəllim Abbasın indiyədək işıq üzü görmüş əsərləri aşağıdakılardan ibarətdir:

1. "Adınla başladım" (Şeirlər);

2. "Qaytar özümə zalım dünya" (Seirlər);

3. "Azadlıq aşiqiyəm" (Şeirlər);

4. "Anama borcluyam mən" (Şeirlər);

5. "Dad əlindən zalım dünya" (Poema);

6. "Sən niyə tənhasan" (Şeirlər);

7. "Məhv edilmiş iki tale" (Tarixi roman);

8. "Dünya səndən gedəcəyəm" (Şeirlər);

9. "Dünya mənim içimdədir" (Şeirlər və qəzəllər).

Məlumat üçün qeyd etmək lazımdır ki, Əfrahim müəllimin hələ işıq üzü görməmiş "Yadplanetli gəlin"  adlı bir povesti də vardır. 

 

Subyektiv baxışım:

Belə bir atalar sözü var: "Görünən dağa nə bələdçi?" Bu hikmətli atalar sözündə məqsəd odur ki, bəzən elə insanlar var ki, onların təqdimata heç bir ehtiyacı olmur. Bu söz daha çox şəxsiyyəti, kimliyi, sözü, işi və davranışı göz önündə olan və tanınan insanlar haqqında işlənir.

Görünən dağa bələdçi lazım olmadığı kimi, Cəlilabad ədəbi mühitinin görkəmli və aydın nümayəndəsi Əfrahim Abbasın da təqdimata ehtiyacı yoxdur. Çünki o, varlığı, şəxsiyyəti, dəyərləri ilə öz adı və təsirini təsbit etmişdir. Lakin düşünürəm ki, bəzən böyük və əzəmətli bir dağ insanların gündəlik müşahidəsi altında olduğu bir halda ondan xəbərsiz və ona qarşı etinasız ola bilərlər. Bunu bəzi aydın və görkəmli insanlar barədə də müşahidə etmək mümkündür. Hər halda insanların məlumat azlığı, diqqətsizlik, hər kəsə adəti üzrə yanaşma tərzi və digər səbəblər ucbatından bu sahədə haqsızlıqlar ola bilər. Bu baxımdan, cəmiyyətin dəyərli və görkəmli simalarını səmimiyyət və ədalət çərçivəsində olduğu kimi təqdim etmək və dəyərləndirmək bir zərurətə çevrilir. Məhz buna görə, dəyərlimiz Əfrahim Abbas müəllimi də təqdim etmək lazımdır.

Heç şübhəsiz, bu qəbil təqdimatlar məddahlıq və yaltaqlıq deyil, əslində dəyərli olanı dəyərləndirmək, eyni halda onu tanımayanlar və xüsusilə də gənc nəsilə daha çox tanıtdırmaq, həmçinin, bütün bunların çərçivəsində həm də dəyərləri təbliğ etmək və yaşatmağa xidmət göstərən müqəddəs bir işdir.

Bu izahlardan sonra Əfrahim müəllim barədə öz səmimi və subyektiv baxışımı təqdim etmək istərdim: Cəlilabad ədəbi mühitində "Əfrahim Abbas" təxəllüsü ədəbiyyat sahəsində ustad, Əruz elminin mükəmməl bilicisi, ədəbi təhlilçi və tənqidçi, peşəkar şair, bacarıqlı yazıçı və esseist olmaqla yanaşı, həm də bütün ədəbi bacarığı və ustalığı qədər əsil ziyalı və insani dəyərlərin daşıyıcısı olan bir əziz pedaqoq, ziyalı insan və görkəmli şəxsiyyət mənaları ilə bərabərdir. Çünki bu təxəllüs bütün bunları onu yaxından tanıyan dinləyicinin zehnində canlandırır.

Əfrahim Abbasın poeziya dünyası dərin, qiymətli və mükəmməldir. İstənilən mövzuda, həmçinin, istənilən vəzn və formada qələmə aldığı şeirlərin dili rəvan, oxunaqlı, sərrast və yetərli, həmçinin, dinləyicinin qəlbinə yol tapa bilən poeziya nümunələridir. Bu xüsusiyyətlər onun müxtəlif mövzularda qələmə aldığı esselər və hekayələrdə də özünü göstərir. Bu da onun sözün həqiqi mənasında bacarıqlı qələm sahibi və məharətli söz ustası olduğundan xəbər verir.

Əfrahim müəllim tək və sadə bir insan deyil, bütün varlığı və ədəbiyyat sahəsində malik olduğu bacarıqları ilə görkəmli bir ustaddır.

Onun ən bariz xüsusiyyətlərindən biri də hər zaman öz milli kimliyi, milli-mənəvi dəyərləri və dövlətçilik ənənələrinə sadiq qalmasıdır. Heç bir zaman özünü başqalarından üstün tutmaz, qələm yoldaşlarının uğurundan rahatsız olmaz, gənclərə dəstək verməkdən isə əsla usanmaz. Ziyalı xüsusiyyəti ilə yanaşı dostlar və əzizlərlə ünsiyyətlə hər zaman şən, zarafatçı olsa da, zarafatlarında kimisə alçaltmır və ya kiminsə qəlbini qırmır. Buna görə də istər ədəbi mühitdə, istərsə də cəmiyyət arasında gənc nəsilin sevimlisidir.

Həyatda və xüsusilə də ədəbi mühitdə söz və qələm sahibi olmaq, məharətlə qələm işlədib bir-birindən gözəl və samballı şeirlər, mənalı və düşündürücü esselər, hekayələr, povest və romanlar yazmaq bir çoxlarının əlindən gələ bilər. Lakin ədəbiyyat sahəsindəki bacarıq və məharətlə yanaşı həm də həyatda sözün həqiqi mənasında gözəl, mədəni, etikalı və ləyaqətli bir insan və ziyalı şəxsiyyət olmaq hər kəsin bacarığı çərçivəsində deyil. Lakin etiraf etmək lazımdır ki, Əfrahim Abbas müəllim ədəbiyyatla ziyalılığı bir-birinə möhkəm calamış əziz və dəyərli bir şəxsiyyətdir. Buna görə, onun adını dilə gətirəndə və ya qələmə alanda insanın qəlbi rahatlaşır və istər-istəməz fəxarət və qürur hissi keçirir. Bütün bu sadalananlar Əfrahim Abbas şəxsiyyətinin ayrılmaz parçası sayılır...

 

Arzu və diləklər:

Bu təqdimat yazının sonunda Ulu Tanrıdan bu il 75 illik yubileyini qeyd edən doğma elimizin əziz və dəyərli ziyalısı, Cəlilabad ədəbi mühitinin fəxarəti və görkəmli nümayəndəsi, ustad şair, publisist və esseist, AYB, AJB və TYB-nin üzvü hörmətli Əfrahim müəllim Abbasa və əzizlərinə uzun, sağlam, mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yeni-yeni yaradıcılıq uğurları diləyirəm!

 

 "Ədəbiyyat və incəsənət"

(11.06.2026)

 

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçən fədakar oğullardan biri, qələmi silahla əvəz edən şəhid telejurnalist Alı Mustafayev milli mətbuat tariximizin ən parlaq simalarından biridir. Onun həyat yolu və yaradıcılığı həm bir jurnalist peşəkarlığının, həm də sarsılmaz vətənpərvərliyin nümunəsidir.

 

Əlbəttə ki, çox maraqlıdır – insan peşəsinimi üstün tutur, yoxsa canınımı? Canını fəda edən hər kəs əlbət ki, birincilərdəndir.

Alı Mustafayev 1952-ci il aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlamışdır. Alı bəy sadəcə xəbər çatdıran bir jurnalist deyil, həm də hadisələrin mərkəzində olmağı bacaran, publisistik yazıları ilə xalqın səsini duyuran bir ziyalı idi.

Qarabağ münaqişəsinin başladığı ilk günlərdən etibarən Alı Mustafayev öz peşə borcunu döyüş bölgələrində yerinə yetirməyə başladı. O, ən qaynar nöqtələrdən – Şuşadan, Ağdamdan, Laçından hazırladığı reportajlarla erməni təcavüzünü dünyaya çatdırırdı. Onun reportajları sadəcə informasiya deyil, eyni zamanda düşmənə qarşı bir mənəvi müqavimət idi. O, çəkiliş kamerasını özünə qalxan edərək, xalqın başına gətirilən müsibətləri tarixə həkk edirdi.

1991-ci il noyabrın 20-si Azərbaycan tarixinə "Qarakənd faciəsi" kimi daxil oldu. İçərisində dövlət rəsmilərinin və sülh məramlı heyətin olduğu "Mi-8" helikopteri Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən vuruldu. Həmin vaxt helikopterdə olan və hadisəni anbaan lentə almağa çalışan Alı Mustafayev də digər ziyalılarımızla birlikdə şəhidlik zirvəsinə ucaldı. O, son nəfəsinə qədər kamerasını əlindən buraxmadı.

Alı Mustafayev göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Onun adı bu gün məktəblərdə, küçələrdə yaşayır və gənc jurnalist nəsli üçün bir məktəb rolunu oynayır.

"Alı Mustafayev jurnalistikaya vicdanın və cəsarətin ölçüsü kimi gəldi, şəhadəti ilə isə ölməzliyə qovuşdu."

Onun qısa, lakin şərəfli ömrü sübut etdi ki, vətənə xidmət təkcə səngərdə deyil, həm də həqiqətin səsini ucaltmaqla mümkündür. Alı Mustafayev bizim yaddaşımızda hər zaman əlində mikrofon, çiynində kamera ilə döyüş meydanında addımlayan qorxmaz bir vətən övladı kimi qalacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

 

Cümə axşamı, 11 İyun 2026 11:00

Dəyişim nədir? - ESSE

Aynur İsmayılova.

Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Bilmirdim, bu qədər dəyişir insan. Dəyişim bəzən yaxşılığın, bəzən də yamanlığın əlamətidir. Son zamanlarda insanlarda gördüyüm dəyişiklik daha çox yamanlığa yatqındır.

 

Hər kəs ətrafa öz pəncərəsindən baxır. Amma heç kim pəncərəsinin tozunu silmək istəmir. Sonra da hər şeyi tozlu hesab edir. Halbuki bəzən problem qarşı tərəfdə deyil, baxdığımız aynanın bulanıqlığındadır.

Hər kəs dəyişimin vacibliyindən danışır. Amma kimsə dəyişimin nə olduğunu, necə olduğunu göstərmir. Yalnız “öz” böyüyür. Öz fikiri, öz istəyi, öz doğrusu… Elə bil insan dəyişmək üçün deyil, özünü haqlı çıxarmaq üçün yaşayır. Halbuki dəyişimin ilk addımı “öz”dən bir az uzaqlaşa bilməkdir.

Bu dünya tək bir insan üçün dönmür. Milyardlarla insanın yaşadığı, nəfəs aldığı bu sonsuz evrəndə bir “öz”, bir “mən” nə qədər də kiçik görünür.

Təəssüf ki, insan bəzən özünü o qədər böyüdür ki, dünyanın ondan ibarət olmadığını unudur. Bunun adına isə dəyişim deyilir. Amma dəyişim bu deyil.

Dəyişmək yaşamı qəbul etmək, ona ayaq uydurmaq, hər şeyin sənin istədiyin kimi olmayacağını anlamaqdır. Özünü böyütmək yox, yerini tanımaqdır. “Mən”dən çıxıb “biz”ə çata bilməkdir.

Dəyişim hər şeyi öz ətrafında döndərmək deyil, dünyanın sənsiz də döndüyünü anlayacaq qədər yetkinləşməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

Cümə axşamı, 11 İyun 2026 10:29

Hər kəsin bağçasında yaşamaq, yoxsa ölmək?

Fariz Əhmədov,

“Ədəbiyyat və İncəsənət” portalının Naxçıvan təmsilçisi

 

Bir neçə aydır ki, Azərbaycanda uşaqlar üçün nəşr olunan yeganə “Məktəbli” qəzeti üçün “Yaşıl və Cəsur” adlı bir hekayə yazıram. Bu, iki məktəblinin dostluğundan, sədaqətindən, dürüstlüyündən və təmənnasız sevgisindən bəhs edən bir hekayədir.

 

Bu ay düşündüm ki, hekayənin növbəti bölümünü fərqli hazırlayım.

Hadisələrdən gedişatında anlaşılmazlıq səbəbindən Yaşıl Cəsurdan inciyir. Cəsur isə səhərədək Yaşılın pəncərəsinin qarşısında oturub onu gözləyir. Səhər Yaşıl yuxudan oyanır, qəfəsindəki quşlara dən səpərkən pəncərədən baxıb Cəsuru görür və anlayır ki, dostu bütün gecəni evə getməyib.

Cəsur ayağa qalxır və əlində tutduğu hekayə ilə birgə gül toxumları olan torbaları Yaşıla uzadır.

-Bunlar nədir? - deyə Yaşıl soruşur.

Cəsur gülümsəyir:

-Sabah məktəbdə bu hekayəni və gül toxumları olan torbaları bütün uşaqlara payla. Hekayəni oxuduqdan sonra hər kəs gülləri öz bağçasında əkəcək. Beləcə, biz hər kəsin bağçasında bitəcəyik.

Bu sadə cümlənin içində bəlkə də dünyanın ən böyük həqiqəti gizlənib. Biz də həmin cümləni həqiqətə çevirmək qərarına gəldik. Qəzetin hekayə çap olunduğu səhifəsinə gül toxumları tikildi və qəzet bütün abunəçilərə göndərildi.

Doğrusu, çox maraqlanırdım. Görəsən uşaqlar o toxumları əkəcəklərmi? Bəlkə heç hekayəni oxumayacaqlar? Bəlkə həmin səhifəni çevirmədən keçəcəklər? Bəlkə toxum paketləri açılmadan qalacaq? Bu suallar beynimdə dolaşarkən telefonuma bir mesaj gəldi. Nömrə tanış deyildi. Mesajda sadəcə bir şəkil vardı. Şəkli açdığım anda içimdə nəyinsə qopduğunu hiss etdim.

Həmin hissi sözlə ifadə etmək çətindir. Şəkildə bir məktəb bağçası görünürdü. Uşaqlar müəllimləri ilə birlikdə hekayəni oxumuş, sonra isə gözləmədiyim bir şey etmişdilər. Hekayədəki şəkli kəsmiş, gül toxumlarını torpağa əkmiş və həmin şəkli də güllərin yanında torpağa basdırmışdılar.

Mən güllərin əkilməsinə sevinəcəyimi düşünürdüm. Fəqət heç ağlıma gəlməzdi ki, uşaqlar güllərlə birlikdə məni də torpağa basdıracaqlar. Şəkilə baxdıqca boğazım düyünləndi. İlk dəfə idi ki, diri-diri torpağa basdırılmağın necə hiss olduğunu anlayırdım. O an öz-özümə sual verdim: Mən indi ölmüşəm, yoxsa hər kəsin bağçasında yaşamağa başlamışam? Cavabı isə göz yaşlarım verdi. Demək ki, ölən insan deyil, unudulan insandır.  Səni xatırlayan bir uşaq varsa, sən yaşayacaqsan. Sənin yazdığın bir hekayə kiminsə ürəyinə yol tapıbsa, sən yaşayacaqsan. Bir ovuc toxum kiminsə əlində ümidə çevrilibsə, sən yaşayacaqsan.

 Göz yaşlarım dayanmırdı. Həm kövrəlmiş, həm qürurlanmış, həm də uşaqların böyüklərin çoxdan unutduğu bir həqiqəti mənə yenidən öyrətdiklərinə heyran qalmışdım: Əsl sevgi paylaşdıqca çoxalır. Əsl dostluq əkildikcə böyüyür. Əsl hekayələr isə kitab rəflərində yox, insanların qəlbində yaşayır. İllər keçəcək və bu gün əkilən o kiçik toxumlar çiçəyə dönəcək. Yazda açacaq, payızda solacaq, sonra yenidən açacaq. Hər bahar bir az daha çox, bir az daha gözəl, bir az daha rəngarəng. Bəlkə də illər sonra hansısa uşaq həyətində açan bir gülə baxıb soruşacaq: - Bu gülün hekayəsi nədir? Və kimsə ona Yaşılın və Cəsurun hekayəsini danışacaq. Bəlkə də həmin uşaq həmin gün ilk dəfə dostluğun nə olduğunu anlayacaq. Bəlkə də dünyanı dəyişən bir sevgi məhz o gün başlayacaq.

İllər keçəcək və sən daima bağçalarda gül olaraq çiçək açacaq, payızda solacaq və gələn baharda daha çox gül açacaqsan. Hər kəs bir-birinə sənin hekayəni danışacaq. Hər evdə sən yaşayacaqsan. Hər uşağın yastığının altında sənin hekayən və o gül toxumları olacaq. Hər uşaq bir “Yaşıl”, hər uşaq bir “Cəsur” olacaq!

Çünki bəzən bir hekayə sadəcə hekayə olmur. Bəzən bir ovuc toxum sadəcə toxum olmur, həm də ümid olur. Və həmin ümid bu gün də “Məktəbli” qəzetinin səhifələrində yaşayır.

Əgər siz də bir gün öz hekayənizin hansısa uşağın bağçasında çiçək açmasını istəyirsinizsə, tələsin. Bəlkə növbəti toxum məhz sizin əlinizə düşəcək. Bəlkə növbəti hekayə məhz sizin ürəyinizdə bitəcək. Bəlkə də sabah açacaq bir gülün başlanğıcı bu gün aldığınız “Məktəbli” qəzeti olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

 

 

Cümə axşamı, 11 İyun 2026 15:07

Səni anlayıram...

Rəqsanə Babayeva,

dəbiyyatvə İncəsənət" portalının Beyləqanİmişlitəmsilçisi

 

 

İnsan həyatı boyunca müxtəlif yorğunluqlar yaşayır. Bəzən uzun yol getməkdən yorulur, bəzən ağır işdən, bəzən də gecələr yuxusuz qalmaqdan. Bu yorğunluqların əksəriyyəti görünür. İnsan üzünə baxanda, gözlərinin altındakı kölgələrə diqqət edəndə və ya addımlarının ləngiməsini görəndə onun yorulduğunu anlamaq olur.

Amma elə yorğunluqlar da var ki, onlar nə gözlə görünür, nə də dillə ifadə olunur.

Bu yorğunluqlar insanın ruhunda yaşayır.

 

Onlar heç bir tibbi arayışda qeyd olunmur, heç bir rentgen şəklində görünmür, heç bir analizdə aşkarlanmır. Amma insanın bütün həyatına təsir edir.

Bəlkə də müasir dövrün ən böyük problemi məhz budur: insanlar əvvəlki dövrlərlə müqayisədə daha rahat yaşayırlar, lakin daha yorğundurlar.

Bu paradoks kimi görünə bilər.

Axı texnologiya inkişaf edib. Məişət işləri asanlaşıb. Məlumat əldə etmək üçün kitabxanalarda saatlarla vaxt keçirməyə ehtiyac qalmayıb. Dünyanın o biri başındakı insanla saniyələr içində əlaqə qurmaq mümkündür.

Bəs niyə insanlar özlərini bu qədər yorğun hiss edirlər?

Bu sualın cavabı insanın bədənində deyil, ruhunda gizlənir.

Keçmiş nəsillərin yorğunluğu ilə bugünkü nəslin yorğunluğu arasında böyük fərq var.

Bir zamanlar insanlar torpaqla mübarizə aparırdı. Quraqlıqla, soyuqla, aclıqla mübarizə aparırdı. Yorğunluqlarının səbəbi bəlli idi.

Bu gün isə insanların çoxu öz hissləri ilə mübarizə aparır.

Müqayisə ilə...

Gözləntilərlə...

Tənhalıqla...

Daim nəyəsə çatmağa çalışmağın yaratdığı daxili gərginliklə...

Ən qəribəsi isə odur ki, insan bu yorğunluğu ətrafındakılara izah edə bilmir.

Çünki heç nəyi yoxdur kimi görünür.

Sağlamdır.

İşləyir.

Gülür.

Danışır.

Gündəlik həyatına davam edir.

Amma daxilində görünməyən bir yük daşıyır.

Elə bir yük ki, onun ağırlığını yalnız özü hiss edir.

Müasir insanın ən böyük yorğunluqlarından biri daim güclü görünmək məcburiyyətidir.

Biz elə bir dövrdə yaşayırıq ki, insanlar hisslərini gizlətməyi öyrəniblər.

Kədərlidirlər, amma gülümsəyirlər.

Qırılıblar, amma susurlar.

Ürəkləri ağrıyır, amma "hər şey yaxşıdır" deyirlər.

Çünki zəif görünməkdən qorxurlar.

Halbuki insan olmaq zəiflik deyil.

İnsan olmaq hiss etməkdir.

Kədərlənməkdir.

Darılmaqdır.

Ümid etməkdir.

Yanılmaqdır.

Yenidən ayağa qalxmaqdır.

Ancaq sosial şəbəkələrin yaratdığı mükəmməllik illüziyası insanları öz həqiqətlərindən uzaqlaşdırıb.

Hamı xoşbəxt görünür.

Hamı uğurludur.

Hamı gülümsəyir.

Hamı həyatından razıdır.

Ən azından ekranlarda belə görünür.

İnsan isə başqalarının ən yaxşı anlarını öz həyatının ən çətin günləri ilə müqayisə edir.

Və yorulur.

Çox yorulur.

Bəzən bir gəncin yorğunluğu dərs yükündən qaynaqlanmır.

O, gələcəklə bağlı qeyri-müəyyənlikdən yorulur.

Sabahın necə olacağını bilməməkdən yorulur.

Özünü sübut etməyə çalışmaqdan yorulur.

Daim kiminsə gözləntilərini doğrultmaq istəyindən yorulur.

Valideynlərin gözləntiləri...

Cəmiyyətin gözləntiləri...

Müəllimlərin gözləntiləri...

Dostların gözləntiləri...

Və ən ağır olanı – insanın özündən gözləntiləri.

Bəzən insan özü özünə ən sərt hakim olur.

Öz səhvlərini bağışlamır.

Öz uğursuzluqlarını unutmur.

Özünü daim başqaları ilə müqayisə edir.

Sonra da yorulduğunu etiraf edə bilmir.

Çünki hamı ondan daha güclü görünür.

Əslində isə hər insanın görünməyən bir hekayəsi var.

Metroda yanımızda oturan adamın.

Marketdə kassada işləyən qadının.

Universitetə tələsən tələbənin.

Məktəbə gedən müəllimin.

Hamısının içində danışılmamış bir hekayə yaşayır.

Biz insanların üzünü görürük.

Ancaq daşıdıqları yükü görmürük.

Bəlkə də buna görə bir-birimizə qarşı daha anlayışlı olmalıyıq.

Çünki heç kim görünən qədər sadə deyil.

Heç kim görünən qədər problemsiz deyil.

Heç kim görünən qədər rahat yaşamır.

Bir vaxtlar Azərbaycan ailələrində insanlar daha çox söhbət edirdi.

Axşamlar bir süfrə ətrafında toplaşmaq adi hal idi.

Nənələr nağıl danışardı.

Babalar həyat təcrübələrindən bəhs edərdi.

Valideynlər uşaqlarının dərdini dinləyərdi.

Bu söhbətlər yalnız ünsiyyət deyildi.

Onlar həm də mənəvi dayaq idi.

İnsan danışdıqca yüngülləşirdi.

Dərd bölündükcə azalırdı.

Bu gün isə eyni evdə yaşayan insanlar bəzən bir-birindən uzaqdır.

Hamının əlində telefon var.

Amma hamının qəlbində bir səssizlik də var.

Texnologiya bizi bir-birimizə bağladı.

Lakin bəzən ruhlarımızı bir-birimizdən uzaqlaşdırdı.

Ən ağır yorğunluqlardan biri də anlaşılmamaq yorğunluğudur.

İnsan hər şeyi izah etməkdən yorulur.

Hisslərini anlatmaqdan yorulur.

Özünü sübut etməkdən yorulur.

Bir müddət sonra susmağa başlayır.

Çünki düşünür ki, onsuz da heç kim başa düşməyəcək.

Bu səssizlik isə zamanla insanın daxilində böyük bir boşluğa çevrilir.

Bəzən bir insanın ehtiyacı olan yeganə şey məsləhət deyil.

Pul deyil.

Hədiyyə deyil.

Sadəcə dinlənilməkdir.

Sadəcə kimsənin onu mühakimə etmədən dinləməsidir.

Mədəniyyət tariximizə baxanda görürük ki, Azərbaycan insanı həmişə mənəvi dəyərlərə böyük önəm verib.

Ailə münasibətləri, qonşuluq əlaqələri, dostluq və qonaqpərvərlik bizim milli kimliyimizin əsas hissələrindən biri olub.

Çətin günlərdə insanlar bir-birinə dayaq durub.

Sevincləri də, kədərləri də birlikdə yaşayıblar.

Bu birlik hissi insanın yorğunluğunu azaldan ən güclü amillərdən biridir.

Çünki insan tək olanda yorğunluq daha ağır görünür.

Paylaşılanda isə yüngülləşir.

Bəlkə də müasir dövrün ən böyük ehtiyacı yenidən bir-birimizi dinləməyi öyrənməkdir.

Soruşmağı öyrənməkdir:

"Necəsən?"

Və cavabı həqiqətən eşitmək istəməkdir.

Çünki çox vaxt insanlar bu sualı nəzakət naminə verirlər.

Cavabı isə gözləmirlər.

Halbuki bəzən bir insanın bütün həyatını dəyişmək üçün səmimi şəkildə verilmiş bir sual kifayət edir.

Hər birimizin daxilində heç kimə anlatmadığımız yorğunluqlar yaşayır.

Bəzilərimiz keçmişin yükünü daşıyırıq.

Bəzilərimiz gələcəyin qorxusunu.

Bəzilərimiz itirdiklərimizin həsrətini.

Bəzilərimiz isə heç nəyi itirmədiyimiz halda içimizdəki boşluğu.

Bu yorğunluqlar görünmür.

Ancaq var.

Onlar bizimlə birlikdə oyanır.

Bizimlə birlikdə işə gedir.

Bizimlə birlikdə küçələrdə gəzir.

Bizimlə birlikdə gecələr yatağa uzanır.

Və səhər yenidən bizimlə birlikdə oyanır.

Amma bütün bunlara baxmayaraq insan ruhunun gözəl bir xüsusiyyəti var.

O, sağalmağı bacarır.

Bir dost söhbəti ilə.

Bir kitabın səhifələri arasında.

Bir ana duasında.

Bir müəllim sözündə.

Bir uşağın təbəssümündə.

Bir mahnının səsində.

Bir bahar səhərində.

İnsan bəzən çox kiçik şeylərdən güc alır.

Çünki ruhu yaşadan böyük möcüzələr deyil.

Kiçik ümidlərdir.

Bu gün küçədə qarşılaşdığınız hər insanın görünməyən bir yorğunluq daşıdığını düşünün.

Bəlkə satıcı yorğundur.

Bəlkə müəllim yorğundur.

Bəlkə tələbə yorğundur.

Bəlkə sürücü yorğundur.

Bəlkə də ən çox gülümsəyən insan hamıdan çox yorğundur.

Biz bunu bilmirik.

Ona görə də insanlara qarşı daha mərhəmətli olmaq lazımdır.

Bir xoş söz demək lazımdır.

Bir təşəkkürü əsirgəməmək lazımdır.

Bir salamı unutmaq olmaz.

Çünki bəzən insanların ehtiyacı olan ən böyük dəstək məhz budur.

Heç kimə anlatmadığımız yorğunluqlar həyatın ayrılmaz hissəsidir.

Ancaq onları daşımaq məcburiyyətində olduğumuzu düşünmək yanlışdır.

İnsan paylaşdıqca yüngülləşir.

Danışdıqca sağalır.

Dinlənildikcə güclənir.

Sevildiyini hiss etdikcə yaşamağa daha çox bağlanır.

Bəlkə də bu səbəbdən dünyanın ən gözəl sözlərindən biri "yanındayam" cümləsidir.

Bu iki söz bəzən uzun çıxışlardan daha təsirlidir.

Çünki insanın ən böyük ehtiyacı mükəmməl olmaq deyil.

Tək olmadığını hiss etməkdir.

Və bəlkə də həyatın ən böyük həqiqəti budur:

Hamımız yoruluruq.

Hamımız bəzən qırılırıq.

Hamımız bəzən susuruq.

Amma bir-birimizə əl uzatdığımız müddətdə heç bir yorğunluq bizi məğlub edə bilməz.

Çünki insanı yaşadan yalnız nəfəs deyil.

Ümiddir.

Mərhəmətdir.

Sevgidir.

Və ən əsası, bir insanın başqa bir insana səmimi qəlbdən "səni anlayıram" deyə bilməsidir.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

 

 

 

 

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Qardaş Türkiyədə “Sait Faik – Dəniz Hekayələri” adlı yeni nəşr edilən kitab haqqında sizlərə məlumat vermək istərdik.

Adil İzci’den bir tərtib;

“Sait Faik – Dəniz Hekayələri”

 

Sait Faik yaradıcılığına böyük sevgi bəsləyən yazar Adil İzci, Sait Faik Abasıyanıkın əsərlərindən seçdiyi dəniz və ada mövzulu hekayələri “Sait Faik – Dəniz Hekayələri” adı altında bir araya gətirib. Zuhal Arda’nın rəngli illüstrasiyaları ilə hazırlanmış və “Ve Yayınevi” tərəfindən çap olunan kitab 144 səhifədən ibarətdir və 27 hekayədən ibarətdir.

Yaddaşı ədəbi baxımdan təzələmək məqsədi ilə hazırlanan əsərin “Sait Faik: O böyük klassik yazıçımız!” başlıqlı bölümündə qısaca olaraq belə qeyd olunur:

“Qısası, yazıçı gündəlik həyatını bəzən bu dünya üzərində də qurur. Elə bir dünyadır ki, bu dünya biz oxuculara sanki əsas bir sığınacaq kimi görünür. Biz də o dünyada bir yerə tutunmağa can atır, hətta yenidən-yenidən tutunuruq. Bu tematik tərtibin, ‘Dəniz Hekayələri’nin əsas məqsədi də məhz budur: həmin kontekstdəki hekayələrlə oxuculara, yeni oxuculara birlikdə bir məkan təqdim etmək, oxu müddətində o məkanda hərəkət etmək, daha da irəli gedərək orada itmək imkanı yaratmaq… ‘Sait Faik mavisi’ni oxucuların gözləri önünə sərmək…”

Kitabın açıqlaması belədir:

“İnsansız heç bir şeyin gözəlliyi yoxdur. Hər şey onun sayəsində, onunla gözəldir.”

Müasir hekayəçiliyimizin qurucularından Sait Faikin hekayələrində dəniz, həyatın özü kimi gerçəkdir; ada və dəniz insanları, küləklər, qayıqlar, balıqlar və dəniz quşları öz təsirli atmosferi ilə insanın ən saf hallarına toxunur. Azadlığı ada həyatında tapan Sait Faik, həyatın və insanın özünəməxsus dalğalı hallarını dənizin və təbiətin möhtəşəm gözəlliyi ilə birləşdirərək sadə, təsirli və böyük hekayələrə çevirir.

Dəniz qoxusu ilə insan istiliyinin bir-birinə qarışdığı bu hekayələrdə hər birimiz özümüzdən bir şeylər tapırıq; öz dənizlərimizə üzür, gizli adalarımızı kəşf edirik. Öz həyat hekayəmizin qəhrəmanı olduğumuzu xatırlayır, yaşamın gözəlliyini dərk edirik.

Adil İzci tərəfindən Sait Faik külliyyatından diqqətlə seçilən hekayələrdən ibarət “Dəniz Hekayələri”, “hər şeyin insanla gözəl olduğu” tamamilə fərqli bir dünyanı izah edir. Hekayələrə rəssam Zuhal Arda’nın rəngli illüstrasiyaları müşayiət edir.

Sait Faik’in ada və dəniz atmosferini bir arada təqdim edən hekayələrini toplu şəkildə oxuma imkanı verən bu kitabları kitab satış saytlarından rahatlıqla əldə edilə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

Murad Vəlixanov,

"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

Azərbaycan kinosunda Bakı neft sənayesinin çiçəkləndiyi, milyonçuların və mesenatların fəaliyyət göstərdiyi XX əsrin əvvəlləri hər zaman maraq doğurub. Rejissor Rövşən Almuradlının 1995-ci ildə ekranlaşdırdığı "Yük" tammetrajlı bədii filmi isə bu mövzuya tamamilə fərqli, fəlsəfi və psixoloji prizmadan yanaşan unikal bir ekran əsəridir. Film, Bakı milyonçusu Ağa Musa Nağıyevin real həyat hekayəsi, onun daxili dünyası, xəsisliyi ilə səxavəti arasındakı ziddiyyətlər və çiyinlərində daşıdığı mənəvi "yük" haqqındadır.

 

Anarın qələmi və tarixi həqiqətlərin bədii təhlili

​Filmin bu dərəcədə dərin, dolğun və intellektual alınmasının əsas səbəbi ssenari müəllifi, xalq yazıçısı Anarın bənzərsiz dəst-xəttidir. Anar ssenarini yazarkən sadəcə tarixi sənədlərə istinad etməyib, həm də dövrün ictimai-siyasi ab-havasını, bir insanın daxili tənhalığını və sovet rejiminin gəlişi ilə Bakı burjuaziyasının yaşadığı böyük sarsıntını dramatik şəkildə qura bilib.

​Filmin quruluşçu rejissoru Rövşən Almuradlı isə 1990-cı illərin ortalarının çətin iqtisadi şərtlərinə rəğmən, tarixi Bakını, milyonçuların malikanələrini və dövrün vizual estetikasını kadra köçürməyi bacarıb.

 

Xarakterlərin toqquşması və aktyorların ustad oyunu

​"Yük" filminin aktyor heyəti Azərbaycan teatr və kino sənətinin ən parlaq simalarını bir araya gətirib:

​İlham Əsgərov (Ağa Musa Nağıyev): Filmin əsas yükü İlham Əsgərovun çiyinlərindədir. O, Musa Nağıyevin təzadlı xarakterini – oğlunu erkən yaşda itirən yaralı bir atanı, eyni zamanda pulun və var-dövlətin içində boğulan, daxilən tənha və qəmgin bir insanı dahi bir ustalıqla canlandırıb.

​Məbuda Məhərrəmov (Zeynalabdin Tağıyev): Filmdə digər bir tarixi şəxsiyyət, Hacı Zeynalabdin Tağıyev obrazı da yer alır. İki milyonçunun dialoqları, dünyaya və xeyriyyəçiliyə baxış bucaqları arasındakı fərqlər filmin ən maraqli xətlərindən biridir.

​Fəxrəddin Manafov, Yaşar Nuri və Larisa Xalafova: Bu ustad sənətkarlar da filmdəki digər tarixi və bədii personajlara can verərək, hekayənin dramatik yükünü tam dolğunluğu ilə tamaşaçıya ötürürlər.

 

Filmin fəlsəfi mənası və mənəvi yük

​Filmdə "Yük" ifadəsi bir neçə mənada simvolizə olunur. Bu, həm Musa Nağıyevin sahib olduğu nəhəng sərvətin onun çiyinlərinə qoyduğu ağırlıq, həm gənc yaşda itirdiyi oğlu İsmayılın mənəvi kədəri, həm də dəyişən epoxanın, yaxınlaşan qırmızı terrorun cəmiyyət üzərinə gətirdiyi qorxulu gələcəkdir.

​Süjet, insanın dünya malına olan bağlılığı ilə mənəvi azadlığı arasındakı əbədi mübarizəni sorğulayır. Filmin sonunda sovet rəhbərliyinin Bakını işğal etməsi və milyonçuların mülklərinin müsadirə olunması, vizual olaraq bütün maddi sərvətlərin keçici, yalnız mənəvi dəyərlərin qalıcı olduğunu sübut edir.

 

Zamanın sınağından keçən ekran incisi

​"Yük" filmi operator işi, işıq-kölgə həlli və Xəyyam Mirzəzadənin bəstələdiyi hüznlü, fəlsəfi musiqisi ilə bütöv bir sənət əsəridir. 1990-cı illərin çətin dövründə belə monumental bir tarixi dramın ərsəyə gəlməsi milli kinomuzun böyük uğurlarından biridir.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

Cümə axşamı, 11 İyun 2026 17:11

General ömrünün “Sumqayıt dönəmi”

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Onun adı fars mənşəli olub, əsasən "özgür", "sərbəst", "müstəqil" və "heç kəsdən asılı olmayan" mənalarını ifadə edir. Eyni zamanda, heç bir əngələ və ya məhdudiyyətə sığmayan, əsarətdən qurtulan kimi yozulur. O, 1976-cı ildə iyun ayının ikinci həftəsinin çərşənbə günündə dünyaya gəlib. Həmin gün ayın 9-u olub...

 

Xarizmatik adamdır. Güclü intellektual marağı onu yeni təcrübələr qazandırır və ideyaları araşdırmağa sövq edir. Odur ki, həmişə öyrənməyə çalışır. Yaxşı nitq qabiliyyəti var. Səlist danışmağı bacarır və daim öyrənmək həvəsi onu çox vaxt uğurlu edir. Həm öyrənməkdə, həm də öyrətməkdə mahirdir. Səmimiyyəti və ünsiyyət qurmaq bacarığı ilə özünə qarşı insanlarda etibar yaradır, ona inanırlar. Məqsədi maarifləndirmək, məlumatlandırmaq və sərbəst düşüncəni təşviq etməkdir. Araşdırmağa, analitikaya meyillidir. Problemlərə məntiqi yanaşır və praktik həllər tapmaqda çətinlik çəkmir...

 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin general-mayorudur. Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi vəzifəsini icra edir. Bəli, söhbət Azad Əyyub oğlu Abdullayevdən gedir. İyunun 9-u 50 yaşı tamam oldu. 50 illik yubiley qızıl yubiley sayılaraq insanın həyat təcrübəsinin zirvəsini, kamilliyini və keçmişdən nəticə çıxararaq yeni bir başlanğıc etməsini bildirir. Ümumiyyətlə, 50 rəqəmi mələklərin numerologiya sistemində və müxtəlif ənənələrdə azadlıq, şəxsi müstəqillik, hikmət, sağlamlıq və mənəvi yüksəliş kimi qəbul olunur. Bu rəqəm həmçinin həyatda yeni qapıların açılmasını və dəyişiklikləri simvolizə edir. 50 rəqəminə müxtəlif aspektlərdən yanaşsaq görürərik ki, Quranda 50-ci surə Qaf surəsidir. Bu surədə yazılır: “And olsun ki, Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da üz vermədi.” İncildə isə 50 rəqəmi sevinci, məhsuldarlığı və ilahi lütfü təmsil edir. Mendeleyev cədvəlində 50-ci element Qalaydır. Qalay heç vaxt korroziyaya uğramır, uğraması üçün uzun müddət ötməlidir. Bir də, 50 rəqəmi Sumqayıt şəhərinin poçt indeksi kimi qeydiyyata alınıb, həm də Sumqayıt avtomobillərinin dövlət qeydiyyat nişanıdır. Nəzərə alanda ki, insan ömrü illərlə ölçülür, deməli Qazax rayonunun Yenikənd kəndində dünyaya gələn cənab generalın ömründə “Sumqayıt dönəmi” başlayır. Onu qızıl yubileyi münasibətilə təbrik edirik!..

 

P.S. Yubiley sözü latın mənşəli “yubilaeus” kəlməsindən götürülüb, xüsusi mərasimlə qeyd olunan əlamətdar tarixi ifadə edir...

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

 

5 -dən səhifə 2936

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.