“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Elşən Mehdinin şeirləri təqdim edilir.
ŞEİR VAXTI
Elşən MEHDİ
***
Əzbərçi savadımı susqunluq əvəzlədi,
Əvvəl deyirdim, sonra bildim Allah kərimdi,
İndi bildim qocalar dərdin niyə gizlədir,
Həyat yaşadığımdan başa düşdüklərimdi…
Sahillər uzandıqca sakinlər tox yatırlar,
Dənizə tor atırlar, balıq oldu-olmadı.
Həqiqət bir yoldursa, dayananlar çatırlar –
Qismət göydən düşən yox, yerdən bitən almadı.
Sözü sehr bilmirəm, hardasa dörd-beş ildi,
Bint bağlayan yaşımdı gözü bağlı yarama
üç nöqtələr azaldı, suallar dəyişildi:
“Necə ağlayıram?”dan “Niyə ağlayıram”a…
***
Dəniz, dalğa, göyərçin…
Liman, gəmi, adamlar…
Səma, bulud, xəbərçi…
qoca, eynək, bir damla…
Liman, gəmi, adamlar…
Siqnal, sevinc, həyəcan…
Əsgər, qadın, sədaqət…
Sürət, addım, balaca…
Mərmi, tüstü, məhəbbət
Liman, gəmi, adamlar…
Sərçə, dəniz, həmahəng…
Ata, xoşbəxt, şaurma…
Külək, azad, çərpələng…
Uşaq, xoşbəxt, dondurma…
Liman, boşluq, mahi-tab…
Qaya, qayıq, qayıqçı…
Həyat, qırış, iztirab…
Ömür, ömür, yarımçıq…
***
Poçtalyon xoş xəbərçün qapıları döyürdü,
Saçı ağaranların çoxu namaz qılırdı,
Uşaqlar ağaclarda hər fəsil böyüyürdü,
Pul necəsə olurdu, hardansa tapılırdı…
Sonra necə oldusa, insan evdə darıxdı,
Səmasında şəhərin qara bayquş göründü,
Adını bilmədiyim qonşular üzə çıxdı,
Xəbərlərə inanan sonuncu nənə öldü…
Yaşlı kişi görürəm, yuxudur elə bil ki,
Nə rahibdi kilsədə, nə məsciddə nasehdi;
Üç-dörd saat danışır, axırda da deyir ki,
Bağışlayın, cənablar, coğrafiya taledi…
Nə dünya dəyişəcək, nə güldüyüm adamlar,
Mən bu hekayələri hardansa tanıyıram,
Talesiz ölkələrin yorğun aydınlarına
Göyərçin qanadında yuxu arzulayıram…
***
Adam-adam azaldıq, fikir-fikir dəyişdik –
Dostlar çıxıb getdilər, arzuların iziylə,
Küçədə hərdən-hərdən, yadlar kimi görüşdük,
Hə, qayğılar çox şeyi aparırmış özüylə…
Hə, sən demə, cavanlıq yarımçıq əlyazmadı,
Qırıq-qırıq yaşanıb itir ay işığıtək,
Heç kim onu günahsız, göz yaşıyla yazmadı,
Eh, bu canavar nəfs, eh, bu yırtıcı istək…
***
Məzarlıqdakı "otaq"ları dostluq bağlarına görə qurun,
Yanbayan basdırın eyni dərddən qocalanları,
Damlara göyərçin şəkilləri çəkin,
Dənizə uzaqdan, ancaq diqqətlə baxın həmişə,
"gəmidir, yoxsa adacıq?" sualına cavab tapıb korlamayın sualı.
Qadından "Niyə susursan?" soruşub
itirməyin o şəffaf sirri.
Sevmədiyiniz əminizə nifrət etməyin, atanızın sizin qədərinizdən yan keçən modelidi pis əmi.
Çox şükür!
İnternata ancaq xüsusi günlərdə getməyin,
Uşaqlar şəkərbura deyil.
Nəzir qutularına xeyirxahlıq barədə məktublar yazın atın,
Ümidin öldürücü qüvvəsinə inanmayın.
“Ədəbiyyat və incəsənət”
(05.12.2025)


