Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
İnsan tarix boyu ən çox ağrısını da, ən çox ümidini də eşqə bağlayıb. Eşq insanı həm özündən qaçıran, həm özünə qaytaran yeganə hiss olub. Hər dövrün şairi, filosofu, düşünəni eşqi başqa cür görüb. Kimisi onu ehtiras adlandırıb, kimisi sirr, kimisi bəla deyib, kimisi dərman. Amma bir həqiqət dəyişməyib. İnsan eşqə düşəndə artıq əvvəlki insan olmur.
Eşq edən adam, istər-istəməz, dəyişir. Çünki eşq insanın gizlətdiyi tərəfləri üzə çıxarır, qorxularını, qaranlıqlarını, zəifliklərini, gücünü, inanmadığı tərəflərini.
Bəzən eşq insanı məhv edir, bəzən onu yenidən qurur.
Bəzən eşq insanın içində bir qapı açır ki, o qapıdan keçən adam artıq geri qayıtmaq istəmir. Bəzən eşq sadəcə bir insana yönəlmiş hiss olmur, bir varlığa, bir mənaya, bir işığa çevrilir.
Şərq ədəbiyyatı da bu eşqin min bir halını tanıyır. Ömər Xəyyam dünyəvi eşqi, Nizaminin saf eşq idealı, Yunus Əmrənin ruhani eşqi, bunların hamısı eyni ağacın fərqli budaqlarıdır. Hər şair eşqin özünə toxunan tərəfini görüb, öz dərdini öz dili ilə danışıb. Amma bu ağacın bir budağı var ki, heç kimdə Füzulidə olduğu kimi çiçəklənməyib. Çünki Füzulinin eşqi nə yalnız dünyəvidir, nə yalnız mənəvi. Onun eşqi, bu iki dünyanın arasında gərgin, yandırıcı, dərin bir körpüdür. Orada həm insan var, həm Tanrı, həm sevgi var, həm ağrı, həm ümidsizlik, həm sonsuzluq. Ona görə Füzulini oxumaq, sadəcə bir şairi oxumaq deyil. Bir ruhun necə addım-addım ilahi həqiqətə qalxdığını izləməkdir. Və bu qalxışın başlanğıc nöqtəsi eşqin özüdür, insan eşqindən ilahi eşqə gedən təlatümlü yol..
Eşq insanı dağıdan deyil, insanı Tanrıya aparan bir yol kimidir. Füzuli hər şeydən əvvəl eşqin şairidir, amma eşqin sadə, gündəlik, adi halının yox, insanı özündən qoparıb başqa bir həqiqətə sürükləyən, sanki ruhun içində gizlənmiş qapını açan eşqin. Onun poeziyasında eşq təkcə hiss deyil, eşq həm də insan ruhunun öz sınırlarını aşmaq cəhdi, insanın özünü tanımadığı tərəflərlə üzləşməsi, hətta bəzən öz içində batmasıdır. Füzuli üçün eşq insanı nə zövqə aparır, nə də rahatlığa. Əksinə, o, insanı sarsıdır, silkələyir, parçalayır. Çünki yalnız parçalanan ruh yenidən qurula bilir. Eşq ruhun əvvəlki formasını dağıdır ki, onun içindən yeni bir mənəvi forma doğulsun. Bu dağıntı həm əzablıdır, həm də zəruridir. Həm qaranlıqdır, həm də işıqla doludur. Eşq bir növ insanın öz qaranlığını yaşayaraq işığa çıxmasıdır.
Füzulinin dili ilə desək, eşq həm yandırır, həm yaşadır, həm öldürür, həm dirildir. Bu paradoks onun bütün yaradıcılığında dolaşan görünməz bir damar kimidir. Elə bil eşq bir oddur, insan ona yaxınlaşdıqca yanır, amma uzaqlaşanda da üşüyür. Füzuli bu odun həm içindədir, həm kənarında,həm aşiqdir, həm də aşiqin taleyini seyr edən bir izləyici. Füzuli eşqi ilahiləşdirən şairdir. Çünki o, insanın insana olan eşqini Allahın insana verdiyi ən böyük imtahan və ən incə mərhəmət forması kimi qəbul edir. Eşq burada məqsəd deyil, vasitədir. İnsan eşqə düşəndə əslində Allahın ona göstərdiyi gizli bir yola düşür. İnsan bu yolda yandıqca saflaşır, saflaşdıqca yüngülləşir, yüngülləşdikcə cismin ağırlığından qurtulub ruhun dərinliklərinə çəkilir. Füzuli üçün eşq insanın içindəki "mən" adlı kiçik, dar, qorxmuş dünyanı parçalamaqdır. Eşq insanın öz eqosunun divarlarını aşması üçün bir zərbədir. Aşiq olmaq, bu mənada, ruhi bir inqilabdır. Çünki eşq insanı özündən özgəsinə çevirir, düşüncəni, nəfəsi, xəyalları bir başqa varlıq yönləndirir. Aşiq öz ehtirasından yox, öz yoxluğundan doğulur. O, tədricən öz "mən" indən soyunduqca, eşqin içindən doğan "biz" və ən sonda "O", yəni Allah görünməyə başlayır.
Elə buna görə də Füzuli üçün eşq təkcə emosional hal deyil, eşq Tanrıya aparan yoldur. Bu yolun başlanğıcı insana aiddir, amma sonu Allaha. İnsan bu yolu addımladıqca eşq dəyişir, dərinləşir, saflaşır. Bir vaxtlar bədənə aid olan hiss, zamanla mənəvi titrəməyə çevrilir, bir vaxtlar insana yönələn baxış, zamanla ilahi həqiqətə çevrilir. Füzulinin eşq fəlsəfəsində ən böyük sirlərdən biri də budur. İnsan sevdikcə Allaha yaxınlaşır, çünki sevgi insandan ilahiyə açılan yeganə qapıdır.
Və məhz buna görə Füzuli eşqi mərhələlərə bölür. Çünki insanın bir insana vurulması başqa, onun bu vurulmadan Allaha yüksəlməsi başqa mərhələlər tələb edir. Ruh pillə-pillə təmizlənir, yüksəlir və dəyişir. Məcnun da bu yolun yolçusudur. O, Leyliyə vurulsa da, Leylidə qalmır. O, eşqin başlanğıcından keçir, dərinliyinə enir və nəhayət ilahi həqiqətə çatır. Məcnunun eşq səfərini, hər addımı ilə özündən soyunma, öz bədənini arxada buraxma, yalnız ruhun işığını aparma yoludur. Füzuli bu yolu sadəcə təsvir etmir, bu yolu sistemləşdirir. Eşq ümymiyytlə dörd mərhələyə bölünərmiş, məcazi, həqiqi, əflatun və ilahi.
Bu dörd mərhələ, insan ruhunun eşqlə sarsılıb saflaşdığı dörd qapıdır. Və bu qapıların hamısı sonunda bir yerə aparır Allaha.
Eşqi mərhələlərə bölünəndə, onun ən aşağı, ən sadə pilləsi kimi məcazi eşq görünür. Amma bu "aşağı" olmaq kiçiklik deyil, bu, başlanğıcdır. Hər şeyin susduğu, amma qəlbin bir anlıq titrədiyi o ilk toxunuş. Həm insanidir, həm də fövqəlfaniliyə aparan gizli bir cığırdır. Məcazi eşq Füzuliyə görə insanın insana baxışından doğur. Bu eşq, aləmin böyük sirlərindən xəbərsiz, sadəcə bir anlıq təsir, bir anlıq işıq kimi yaranır. O qədər qısadır ki, insan onu yaşadığını belə sonradan anlayır. Və məhz bu qısa, keçici, qığılcım kimi eşq bir gün Qeysin ürəyinə toxunur. Füzulinin qələmində daha sonra Məcnuna çevriləcək o uşaq, o gənc… onu elə ilk əmələ gətirən qüvvə məhz məcazi eşqin bu anlıq, yüngül, ehtiyatsız küləyidir.
O gün Qeys Leylini görür,10 yaşında bir tifil. Heç bir qəhrəmanlıq, heç bir divanəlik, heç bir ilahi həqiqət yoxdur hələ. Sadəcə iki insan, iki baxış, iki nəfəs. Sanki dünyanın böyük əzabı və böyük gözəlliyi o baxışda yox, sadəcə bircə anlıq "xoşuna gəldi" hissində yatır.
Füzuli üçün məcazi eşqin sirri budur əziz dostum. İnsanın bir insanı bəyənməsi, əslində insanın öz ruhundakı boşluğu görməsi deməkdir. Tez gəlir, tez gedir, çünki o boşluq dolmur. O boşluq yalnız xəbərdarlıq edir ki, "Səndə bir yol var. Bu yol hələ başlamayıb." Qeys də bunu o zaman bilmir. Onun Leyliyə olan baxışı sadədir, bir nəfəs kimi, adi gəlir. Bu eşq hələ musiqi deyil, hələ fırtına deyil. Bu, hələ yalnız ilk dərəcəli cazibədir, insanın insana dediyi ən sadə söz:
"Sevdim… bəlkə də." Amma Füzuli üçün yenə də bu mərhələ vacibdir. Çünki məcazi eşq insanı özgələşdirir, amma dağıtmır. Silkələyir, amma yıxmır. Hələ ki, aşiq özündən qaçmır, hələ ki, eşqin içində Tanrı axtarmır. Bu eşq hələ insanın içindəki həyat qoxusudur, keçici, ölümlü, solğun.
Və elə bu solğunluğun özündə bir işarə vardır, tez sönən hər od, içində yanmağa hazır daha böyük bir atəşi gizlədir.
Qeys də Leylinin gözlərində yalnız ilk qığılcımı görür, amma bu qığılcımın onu mərhələlərdən keçirib ilahi eşqin oduna atacağını heç düşünmür. Bir baxışla başlayan, "otağa girib çıxmaq qədər qısa olan" məcazi eşq, əslində Məcnunun taleyində sükutla açılmış bir qapıdır. Çox sonra bağlanacaq bir qapının ilk çaqqıltısı. Bu mərhələdə Leyli hələ insan kimi sevilir, ilahi bir surət deyil. Bu mərhələdə Qeys hələ aşiq deyil, sadəcə təsirlənmiş bir gəncdir. Bu mərhələdə eşq hələ dünya kimidir, fanidir, nazlıdır, sürətli, yüngül və yalan kimi tez keçən. Lakin elə bu keçicilik, onu növbəti mərhələyə aparan gizli pilləkəndir. Çünki Füzulinin eşq yolunda heç nə təsadüfi deyil..
Məcazi eşq, yalnız başlanğıcdır. Həqiqi eşqə aparan ilk nəfəsdir.bMəcazi eşq qığılcımdırsa, həqiqi eşq artıq içəridə yanmağa başlayan odun ilk nəfəsidir. Bu eşq insana gec gələr, çünki ona qədər insan özünü yalanlarla, adi hisslərlə, keçici cazibələrlə qoruyur. İnsan gecikməyi sevir, sanki qəlbini təhvil verməkdən utanır. Amma nə vaxt ki bu eşq gəlir, artıq həmin insanın içində bir şey dəyişir.
Həqiqi eşqdə insan, insana bağlılıq yaranır. Artıq məsafə yoxdur. Artıq o, sadəcə gözəllik deyil, sadəcə bir baxışın təsiri deyil, sadəcə "xoş gəlmə" hissi deyil. Burda insan öz içində bir otaq açır və o otağı başqasına verir. Bu çox təhlükəli bir haldır, çünki insan öz qəlbini verəndə, onun ən gizli guşəsi bir başqasının nəfəsi ilə dolur. Amma bu eşq tez gedər, çünki insan bu bağlılıqdan qorxar. Şəxsə açdığı keçiddən sanki özü qaçmağa başlayır. Qəlbində yer verdiyi adamı sevməkdən deyil, həmin adamın qəlbində onun nə edəcəyini bilinmədiyindən qorxar. Həqiqi eşq insana gec yetişir, amma gedəndə iz qoymadan getmir. Onun getməsi, qəlbdəki o otağın susması kimidir, eşqin çıxıb getməsi deyil, nəfəsin itməsidir.
Və Qeys, artıq Məcnunun yolunun qaranlıq başlanğıcında bu mərhələni də yaşayır. Leyliyə olan ilk baxışı artıq bir qığılcım deyildir. Artıq o, Leylini öz içində daşımağa başlayır. Leyli bir ad olmur, bir nəfəsə çevrilir. Qeys insan olaraq Leylini görür, amma qəlbi artıq insandan qaçaraq ona yaxınlaşır. Bu paradoks həqiqi eşqin özüdür dostum. Necə ki, insan sevdiyinə yaxınlaşa-yaxınlaşa özündən uzaqlaşır. Bu mərhələdə Leyli artıq adi bir qız deyil, Qeysin içində açılmış bir pəncərədir. Və bu pəncərə külək gətirir, ağrı gətirir, xoşbəxtlik gətirir, amma daha vacibi, özünü unutmaq hissi gətirir.
Həqiqi eşq insanı hələ yandırmır, amma isinməyə məcbur edir.
İnsan hələlik tam yanmır, hələki kül olmur, sadəcə odun içində addımlayır. Bu mərhələdə Qeys özünü özündən qorumağa çalışır. Leylidən qaçmaq istəmir, amma ona bağlanmaqdan qorxur. Çünki hər bağlılıq dağıdıcıdır, hər yaxınlıq insanın içindəki ən zəif telləri kəsir. Füzuli bu mərhələni ona görə ikinci pilləyə qoyur ki, burada eşq artıq insanın taleyinə toxunur. Qeys artıq bir daha əvvəlki kimi olmayacaq. Leyli artıq əvvəlki kimi olmayacaq. Bu bağ, nə qədər incə, nə qədər sadiq, nə qədər qorxulu olsa da, onların taleyini dəyişir. Həqiqi eşq insanın içini unudub başqasını öz içində gəzdirməsidir. Ən dərin iz burda yaranır, amma yenə də bu eşq hələ fəna deyil. Hələ sürgündür, hələ yarımçıqdır, hələ haldır. Həqiqi eşq insanı silmir. Sadəcə, bir gün silinəcəyinin xəbərdarlığını verir. Bu mərhələ də Məcnunu növbəti qapıya aparır..
Əflatun eşqə, eşqi möhtəşəmə, artıq insanın insana deyil, insanın məna axtarışına bağlandığı pilləyə. Həqiqi eşqin o qəlb pəncərəsini açmasından sonra, aşiq artıq bir daha geri dönmür. Amma o qəlb hələ də faniliklə bağlıdır, hələ də bir insanı, bir adı, bir üzünü daşıyır.
Əflatun eşqində isə bu bağlılıq artıq fərqli bir səviyyəyə qalxır. Burada aşiq sevdiyini sadəcə özü üçün sevmir. O, sevdiyi insana özünü bəyəndirmək, ona toxunmaq, onu fəth etmək ehtiyacından azad olur. Ona görə Füzuli bunu qismən "platonik" eşq kimi göstərir. Aşiq artıq bədəni və maddi varlığı deyil, gözəllik özünü, idealı, ruhun ideyasını sevir. Məcnun bu mərhələdə Leyli üçün yanır, amma artıq onu sadəcə qadın kimi görmür. Leyli bir insan olmur, o, gözəlliyin və əbədi idealın təcəssümü olur. Hər baxış, hər söz, hər qığılcım Məcnunun ruhunda bir rəmzə çevrilir. Bu eşq onu daha dərinə çəkir, daha çox silir, daha çox ruhunu açır.
Əflatun eşqi həm sakit, həm fırtınalıdır. Sakitdir, çünki artıq heç bir maddi gözlənti yoxdur. Fırtınalıdır, çünki aşiqin ruhu ideyaya, mənaya, mükəmməl varlığa yönəlir. İnsanın ömrü boyu çatmaq istədiyi, amma heç vaxt tam əldə edə bilməyəcəyi bir aləmə. Bu mərhələdə Məcnun Leylini yalnız insan olaraq sevmir. O, onun vasitəsilə kainatdakı gözəlliyi görür. Onun eşqi artıq məcazi deyil, həqiqi eşqdən də daha dərindir. O, insandan çıxaraq ideya aləminə keçir.
Əflatun eşqində insanın qəlbində bir boşluq yaranır, amma bu boşluq qorxu doğurmur. Əksinə, bu boşluq aşiqi ilahi eşqə, yəni Allaha yönəldir. Çünki insanın ideya və mükəmməllik eşqi onu artıq maddədən, fanilikdən və məcazilikdən azad edir. Bu mərhələdə Leyli, Məcnunun taleyindəki vasitədir, ilahi yolun ilk işığıdır.
Füzuli burada göstərir ki, əgər insan məcazi və həqiqi eşqlə yanıb, sonra əflatun eşq ilə ruhunu ideaya yönəldirsə, artıq son mərhələyə, ilahi eşqə çatmağa hazırdır.
Əflatun eşqindən sonra aşiq artıq öz içindəki boşluğu, faniliyi və maddiliyi hiss etmişdir. Amma bu mərhələdə o, artıq özünü unudur. İlahi eşq, Füzuli üçün, insanın sevdiyi vasitəsi ilə Allaha yaxınlaşdığı mərhələdir. Burada Leyli artıq sadəcə bir insan deyil, Məcnunun ruhunda ilahi işıq və əbədi varlıq kimi mövcuddur. Məcnun Leyliyə baxdıqca artıq onu sevmir. O, sevginin özünü, ruhun yanğınını, varlığın işığını sevir. Onun baxışı bir insanı deyil, bütün kainatı əhatə edən eşqi göstərir. Məcnun burada yalnız deyil. Onun içindəki bütün məhəbbət, bütün əzab, bütün həsrət ilahi eşqin bir parçasına çevrilir. İlahi eşq insanı həm yandırır, həm də dirildir. Burada artıq ağrı şəxsi deyil, ruhun saflaşması üçün zəruri bir oddur. Məcnun o odun içində yanır, amma hər yanma onu Tanrıya yaxınlaşdırır. Burada Leyli sadəcə vasitədir, onun varlığı Məcnunu Allaha aparan yolun qapısıdır. Füzuli ilahi eşqi mənəvi qurtuluş və ilahi təcəssüm kimi təqdim edir. Məcnun artıq maddi və faniliyin kölgəsindən çıxmış, ruhunu təmizləyərək sonsuz işığa qovuşmuş bir varlığa çevrilmişdir. Bu eşq həm insanı yüksəldir, həm də onun varlığını bütünlüklə dəyişdirir. Beləliklə, Məcnun Leyli vasitəsilə addım-addım keçmişdir..
Məcazi eşq,qısa, ani, insana yönəlmiş qığılcım.
Həqiqi eşq, qəlbdəki otağın açılması, bağlılıq və qaçış paradoksu.
Əflatun eşq, insan gözəlliyindən ideya və ruh gözəlliyinə yüksəliş.
İlahi eşq, Tanrı ilə qovuşma, ruhun saflaşması, eşqin əbədi varlıq kimi yaşaması.
Məcnunun yolu göstərir ki, eşq yalnız insanı sevmək deyil. O, ruhun özünü kəşf etməsi, fanilikdən azad olması və İlahi ilə qovuşması üçün bir vasitədir. Leyli burada sadəcə başlanğıc, Qeys isə bu yolun əbədi səyahətçisidir.
Füzuli göstərir ki, hər aşiq əvvəlcə öz qəlbində yanmalı, sonra ideya və mənaya, nəhayət isə ilahi həqiqətə doğru yüksəlməlidir. Bu yol həm əzablı, həm də gözəldir, həm insan, həm Tanrı, həm həyat və həm də ölüm barədə dərin bir dərsdir.
Məcnun Leyliyə ömrünün sonunda, ölümün soyuq əlini hiss edərək, onu sözün əsl mənasında itirir. Amma Füzulinin kainatında itirmə yalnız maddi anlam daşımır, bu, ruhun yanğısıdır, qəlbin sarsıntısıdır. Məcnunun Leylinin qəbrinə yaxınlaşması yalnız insan baxımından qadağan olsa da, ruhani baxımdan onların eşqi burada zirvəyə çatır. İslamın qaydalarına görə, naməhrəmlər eyni qəbirdə ola bilməz. İnsan qanunu bunu qadağan edir, sosial normlar buna icazə vermir. Amma Məcnun üçün qanunlar, cəmiyyətin diktəsi heç vaxt onun eşqini bağlamayıb. O, Leylinin yanına, onun qəbrinin başına gəldikdə artıq dünya və qanunlar arxa planda qalır. Burada eşq artıq məcazi deyil, həqiqi deyil, möhtəşəm də deyil.
Bu, ölüm və əbədi varlıq içində ilahi bir vəhdətə çevrilir. Məcnun öz bədənini qanunların, dünyanın və ömrün sərhədlərinə tabe etməyərək, Leylinin yanında öz ruhunu sərbəst buraxır. Onların ruhları artıq maddi dünyadan azaddır, ölümlülük qadağalarını aşır. Füzuli üçün Məcnun Leylidə yalnız bir qadın yox, insanın bütün varlığını əhatə edən eşqin simvolunu görür. Məcnun üçün bu qadağan olunmuş son görüş, eşqin maddi və sosial sərhədləri aşdığı andır. Leylinin qəbrində Məcnun sanki öz ruhunu, öz eşqini və öz varlığını birləşdirir. Bu, həm günah, həm də qurtuluş anıdır. İnsan qanunu onu qınaya bilər, amma ruhani və ilahi eşq bunu bəraət edir. Məcnun burada faniliyin qanunlarını yıxır, ilahi eşqin qanununu yaşayır. Leyli ilə eyni qəbir, simvolik mənada onların ruhlarının əbədi və ayrılmaz birliyini göstərir. Beləcə, Məcnun və Leyli hekayəsi yalnız insan eşqi və sosial qadağalar haqqında deyil. Bu, həm də ölüm, əbədi varlıq və ilahi vəhdət haqqında bir dərs olur. Füzuli göstərir ki, həqiqi eşq, əgər ilahi mərhələyə çatarsa, heç bir dünyəvi sərhəd və qadağa onu dayandıra bilmir. Məcnun Leylinin qəbrində dayananda, artıq dünya sükut içindədir. Qanunlar, qaydalar, sosial qadağalar hamısı uzaqlaşır. Burada yalnız eşq var, yalnız ruh var, yalnız ilahi vəhdət var. Məcnun ölü və canlı arasındakı o qırıq xəttə addım atır. Leyli isə sadəcə bədən deyil, odur, işıqdır, ruhun əbədi əksidir.
Füzuli üçün bu sonluq həm də insanın özünü tam itirməsi və ilahi eşqə qovuşmasıdır. Məcnun Leylidə yalnız bir insan görmür. O, ilahi eşqin özünü görür. Onun baxışı, içindəki yanğın, həsrət və sevgi birləşərək bir növ kainatın sükutuna qarışır. Məcnunun Leyli ilə eyni qəbirə qoyulması, qadağan olunmuş bir akt, amma eyni zamanda ruhun sərhədləri aşdığı və faniliyin içindən ilahiyə çıxan son mərhələnin təsviridir. Burada hər an həm günahdır, həm də qurtuluş, həm itki, həm də əbədi bir qovuşma. Füzulinin eşq fəlsəfəsi göstərir ki, həqiqi və ilahi eşq yalnız maddi varlıqda yaşanmır. O, insanı parçalayır, ruhunu təmizləyir, onu özündən uzaqlaşdıraraq Allaha yaxınlaşdırır. Məcnun və Leyli bu yolu addım-addım keçirlər..
Məcazi eşq, qısa, ani qığılcım, başlanğıc.
Həqiqi eşq, qəlbdə açılan otaq, bağlılıq və qaçış paradoksu.
Əflatun eşq, insanın insana yox, ideya və ruh gözəlliyinə bağlanması.
İlahi eşq, Tanrı ilə qovuşma, ruhun saflaşması və əbədi varlıq.
Sonunda Məcnun və Leyli yalnız bir-birində deyil, bəlli olmayan, əbədi və ilahi eşqdə birləşirlər. Füzuli göstərir ki, eşq nə fanidir, nə də tam maddidir. O, insan ruhunun ilahi bir yoludur, hər mərhələsi ilə insanı dəyişdirir və ən sonunda sükutun içində əbədi bir işığa çevirir. Beləcə dostum, Məcnun və Leyli hekayəsi bizə təkcə romantik bir dastan deyil, ruhun ilahi səfəri və insanın özünü kəşfi barədə dərs verir. Fanilik və əbədiyyətin, qadağalar və sevginin, ağrı və işığın iç-içə keçdiyi o yol, Füzulinin eşq fəlsəfəsinin zirvəsidir.
Və bəlkə də bütün bu eşq anlayışlarının, məcazinin o ani alovunun, həqiqinin qəlbdə açdığı yarı-bağlı qapının, əflatunun uzaqdan seyr edən, amma heç vaxt əl uzatmayan susqunluğunun, içində mən özümü tam başqa bir yerdə tapıram.
Çünki mən sevirəm.
Və o yanımdadır.
Bu artıq bir hekayənin içində öz rolunu axtaran gəncin duyğusu deyil. Bu, insanın həyatında üçüncü mərhələyə keçdiyi bir andır, o mərhələ ki, eşq nə tez gəlir, nə də tez gedir. O, insanın içində sakitcə yer salır, əvvəl səs-səmirsiz oturur, sonra yavaş-yavaş nəfəsini bütün otağa yayır.
Mən də elə buradayam. Hələ ilahi eşqin sonsuzluğuna qalxmamışam, amma məcazi eşqin küləyi çoxdan dayanıb.
Həqiqi eşqin zərif izləri də geridə qalıb. Bu üçüncü yerdə, mənim eşqimdə, insan öz seçimini edir. Qaçmaqla qalmaq arasında, qorxu ilə şəfqət arasında, itirmək ehtimalı ilə yan-yana yaşamaq cəsarəti arasında bir növ qərarsız tarazlıq qurur. Mən də o tarazlığın üstündə dayanmışam. Onunla bir yerdəyəm, amma yenə də ürəyimin dərinliyində sanki gizli bir mərasim gedir.. Keçid mərasimi...
Sanki bütün aşiqlik mərhələlərinin tozu mənim üstümdədir, həm Leylinin qəbrində bitən o ilahi fəryadın şəffaf izi, həm də məcazi bir baxışın 3 saniyəlik titrəyişi. Amma mənim eşqim daha realdır. Daha yerdəndir. Daha insandır. Və buna görə daha qiymətlidir. Çünki artıq birinə qəlbimdə yer verməklə kifayətlənmirəm, o yeri onunla birgə yaşayıram. Lakin insan öz eşqinin üçüncü mərhələsinə çatanda anlayır ki, sevgi sadəcə hiss deyil, bu, həm də bir yükdür. Şirin, amma ağır. Hüzurlu, amma məsuliyyətli. Çünki artıq qarşındakı adam sənə yalnız xoş duyğular bəxş etmir. O, sənin varlığının bir hissəsinə çevrilir və onunla birlikdə, özündən qaçdığı bütün kölgələri də üzərinə gətirir. Mənim eşqim də belədir. Yanımda duran bir insanın təbəssümündə işıq tapıram, amma onun varlığının altında gizlənmiş qaranlıqları da hiss edirəm.
Və bu qaranlıqdan qaçmaq yerinə, ona yavaş-yavaş alışdığımı görürəm. Bu artıq məcazi eşqin yüngül küləyi deyil. Bu, bir ruhun başqa bir ruhla gizli müqaviləsidir, dillə yox, baxışlarla imzalanan bir müqavilə. Füzuli deyirdi ki, "eşq bir oddur ki, yanmayan olmaz." Mən yandığımı hiss edirəm. Amma bu yanma əvvəlki yanmalarım kimi məni məhv etmir, məni formalaşdırır. Sanki taleyim öz əlini uzadıb məni nəyəsə aparır, amma hara aparır, bilmirəm. Və bəlkə də bilməmək gözəldir. Çünki eşqin ən böyük cazibəsi onun qeyri müəyyənliyindədir. Bu mərhələdə insan həm güclənir, həm də zəifləyir. Həm özünü tapır, həm də özündən bir parça itirir. Bir tərəfim deyir ki, bu məhəbbət məni yaşadır, digər tərəfim isə pıçıldayır ki, "diqqətli ol, ən dərin ağrılar da buradan başlar."
Amma yenə də sevirəm. Sevginin riskini də, cazibəsini də, uçurumu da qəbul edirəm. Çünki bu dəfə eşq mənə yüklənməyib, mən özüm onu seçmişəm. Bu, məcazi eşqin ani toxunuşu deyil. Bu, həqiqi eşqin geri dönməz qapısı da deyil. Bu, əflatun eşqin uzaqdan baxmaqla kifayətlənən susqunluğu da deyil. Bu, mənim eşqimdir dostum, özümə bənzəyən, özüm kimi yorulan, özüm kimi gecikən, özüm kimi dirçələn bir eşq.
Və bəlkə də mənim üçün bütün hekayələrin finalı, Füzulinin Leyliyə çatmadığı yerdə mənim öz sevgilimə çata bilməyimin sadə, amma möhtəşəm xoşbəxtliyidir.
Füzulinin yaratdığı eşq, məcazi, həqiqi, əflatun və ilahi eşq insan ruhunun səssiz təkamülünü göstərir. Məcazi eşqin ani qığılcımı, həqiqi eşqin bağlayıcı ağırlığı, əflatun eşqin uzaqdan heyran baxışları və nəhayət, ilahi eşqin ruhu özünə çağıran sonsuz cazibəsi... Bunların hər biri bir insanın içində bir ömür boyu yaşaya, eyni anda dəyişə, eyni anda bir-birinə qarışa bilər. Leyli və Məcnunun hekayəsi, bir insanın eşqdən Allaha doğru səfərinin simvoludur. İnsandan başlayan, Allaha qədər yüksələn bir yanma. Bədənlə açılan, ruhla tamamlanan bir yol. Amma bu hekayənin bizə verdiyi ən böyük dərs budur əzizim. Eşq heç vaxt təkcə iki insanın arasında olan hiss deyil. Eşq, insanın özünü hara apardığı, özünü nəyə çevirdiyi, öz içində hansı qapıları açdığı bir səfərdir. Məcnun Leyliyə çatmadı, çünki onun eşqi insanla tamamlanacaq qədər kiçik deyildi. Onun eşqi ilahi eşqin son mərhələsinə qədər qalxacaq qədər böyük idi. Və bu yüksəlişin içində o özü-özündən keçdi, öz varlığını atəşə verdi və nəticədə bir ömrün mənası eşqin özünə çevrildi. Lakin bizim hekayələrimiz fərqlidir. Bəzən insan ilahi eşqə çatmaq üçün sevdiyindən keçməli olur, bəzən isə sevdiyi insanın özü onu Allahın yaratdığı ən dərin dəyərə, yaşamağa, sevməyə, dəyişməyə aparır.
Mənim hekayəm də belədir. Mən eşqin üçüncü mərhələsindəyəm deyəsən, əflatun eşqin düşüncə ilə, ruhla, öz-özünə danışan tərəfi ilə. Sevdiyim yanındadır və mən onunla birgə həm özümü, həm də dünyamı yenidən tanıyıram. Bu artıq Məcnunun tənha səhra səsləri deyil. Bu, insanın öz taleyi ilə çiyin-çiyinə dayanmasıdır. Və bəlkə də elə buna görə Füzulinin eşqi yalnız keçmişin hekayəsi yox, bizim həyatımızın da xəritəsidir. Çünki hər birimiz məcazdan başlayıb həqiqətə, həqiqətdən əflatuna, əflatundan isə öz içimizdəki ilahi işığa doğru yavaş-yavaş, asta-asta, yanaraq gedirik.
“Ədəbiyyat və incəsənət”
(05.12.2025)


