Super User
UNUDULMAZ MÜSAHİBƏLƏR - “Anladım ki, belə yaşamaq çətin olacaq” – məşhur yakut yazarı Yelena Kuorsunnax
Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
“Şimal təbiəti çox mürəkkəb və zərifdir. Lap elə qar dənəcikləri qədər zərif. Bir isti nəfəsdən əriyə bilər.
“Biz Şimal adamı, qar adamıyıq...” - Böyük şairlərimizdən biri Semyon Danilov da özünün “Qar” şeirində belə yazırdı. Bizim təbiətimiz özünə bənzəyən insanları yaradıb. Diqqətlə baxsanız, görərsiniz ki, bizim antropoloji quruluşumuz da xarakterimizə uyğundur. Bizim insanların oturaq həyat tərzi keçirən insanlara məxsus bədən quruluşaları vardır: sümükləri incə, bədənləri lətik, sifətləri normal ölçüdə, enlikürəkdirlər. Elə iqlimimizin özü kimi səssiz müdriklik, səbirlilik və dözümlülük, çalışqanlıq, bütün çətin vəziyyətlərdən ləyaqətlə çıxş yolu tapmaq - bütün bunlar bizim insanlara məxsus əsil insani keyfiyyətlərdir.
Bu xüsusiyyətlərimizlə biz öz Vətənimizə bənzəyirik. Bilirsiniz, mən sərt qış günlərində yola çıxanda səssizlik içərisində uzanan qarlı və buz tutmuş yollarda qatı dumanın içərisindən göy üzündə bədirlənmiş ayın bəyazlığa büründüyünü görürəm. Bir də uzanan bəmbəyaz yolların kənarında yakut atlarının qaraltısı bu mənzərəyə başqa bir harmoniya qatır. 50 dərəcəlik mənfi şaxta temperaturda bu atların dözümlülüyünə, dırnaqları ilə buz tutmuş biçənəklərdən özlərinə yem axtarmaqlarına heyran qalmamaq olmur. Məgər bütün bu görünənlər qədim yurdumun fəlsəfəsi deyilmi?! Gör bir milyon illər ərzində təbiətimiz bizim Buzlu cənnətimizdə hansı möcüzələri yaradıb. Biz istidən soyuğa sığınanlarıq. Qlobal istiləşmə təkcə təbii aləmdə baş vermir, insanların fikrinə də təzahür edir. Bu, bizim ana təbiətimiz üçün qorxulu simptomdur. Biz əgər soyuğu əldən versək, yer kürəsini təbii fəlakətlər bürüyüəcək.”
Gözəl fikirlərdir, deyilmi? Bunlar yakutların milli iftixarı olan Platon Oyunskinin nəticəsi, yakut yazıçısı Yelena Sleptsova-Kuorsunnaxın olduqca maraqlı “Buzlu cənnət” kitabındandır.
Bu zərif və gözəl xanımı təqdim etməzdən əvvəl, öz yazdığı əsərindən kiçik bir abzası təqdim etdim. İstədim ki, Yelena Kuorsunnaxın hansı ruhun daşıyıcısı olduğunu biləsiniz.
Mən onun babasının - Platon Oyunskinin “Qırmızı şaman” kitabını dilimizə tərcümə etmişəm. Kitabı tərcümə etməyə başlayanda bilmirdim ki, bir tərcümə olunmuş əsər bir xalqın bayramına çevrilə bilər. İkinci dəfə Saxa Yakut Respublikasına səfərimdə Yelena xanım və həyat yoldaşı Andrian məni evlərinə qonaq dəvət etdilər. Bundan əvvəl isə Platon Oyunskinin ev muzeyində görüşmüşdük. Yelena xanım mənim onun üçün göndərdiyim yasəmən rəngli kəlağayını atmışdı çiyinlərinə. Bu, Yelena xanımın bizim ümumi mədəniyyətimizə olan sayğısının təzühürü idi.
Onların evinə Yakutiyanın xalq yazıçısı, Yazıçılar Birliyin sədri Natalya Xarlampyeva ilə birlikdə getdik. Blokun giriş qapısını açdıqda doğma yemək ətri vurdu məni. Elə bil ki, nəyi isə özüm bişirmişdim.
Yelenanın mənzilində əsrarəngiz bir bəyazlıq və saf qar havası var idi. Hər tərəfdən işıq və təmizlik axırdı. Elə bil ki, çöldəki qarın rəngini evinə gətirmişdi. Bizi dolu bir süfrə ətrafında əyləşdirdi. Sonra digər qonaqları da gəldi.
Məşhur xomus ifaçıları German və Klavdiya Xatılayevlər idi gələnlər. Mənim Yakutiyada olduğum görüşlərin əksəriyyətində bu tanınmış incəsənət ustaları mahnı və xomus ifa etmişdilər.
Yelena xanımın mənim şərəfimə açdığı süfrədə Azərbaycan üzümü, narı və şərabı var idi. Sonra isti bir yemək də gətirdi. Qapıdan içəriyə girəndə məni vuran gözəl yemək ətri elə bu imiş. O, bibər dolması bişiribmiş. Süfrə arxasında dedik, güldük, danışdıq, oxuyub, oynadıq da. Elə bil ki, bu insanları 100 il idi ki, tanıyırdım.
Arada bir Yelena xanım saxsı buxarıda ocaq qaladı. Buxarılar şaman ailələrində, yakut mədəniyyətində xüsusi yer tutur. Bütün kənd evlərində buxarı olur. Bu buxarılara atılan odunla, təzəklə evi isidirlər. Həm də evə çağırılan şaman ancaq buxarısı olan evdə ayin keçirə bilir. (Buxarılar, yeri gəlmişkən, Azərbaycan məişət və mədəniyyətində də xüsus yer tutur. Mənim babamın Xeybəri kəndidəki evindəki qədim buxarı bu gün də qalmaqdadır.) Sonra nənəsindən qalma bir bıçağı başımın üstündə fırlatdı, kürəklərimə vurub üstümdəki ağırlığı götürdü. Yanan ocağın üstünə dualar, alqışlar oxudu.
Soruşdum:
-Bunlar nə deməkdir?
Dedi:
-Bu bıçağın üstündəki dəmir düymələr, ucundakı oyuq - hamısı şaman ayinini keçirmək üçündür. Nənəm bu bıçaqla baxanda uzaq yolları görürdü. Bıçağın 100-dən çox yaşı vardır. Şamanlıq bizim şəcərədə olub. Nəslin ən güclü şamanlarından bir də babam Platon olub. Və genetik bağlılıq və kodlarla bu şamanlıq mənə nənəmdən ötürülüb. Özümü şaman saymasam da, ancaq ki, ruhları qonaq çağırmaq üçün şaman ayinlərini bəzən icra edirəm.
Sualları bir-bir ona ünvanlamağa başladım.
-Siz Yakutiyanın hansı bölgəsində dünyaya gəlmisiniz?
-Tatta Ulusunun Çerkex kəndində. Sizə deyim ki, Saxa Yakutiyanın ən tanınmış və istedadlı insanlarının əksəriyyəti bu Tatta Ulusunda dünyaya gəliblər.
-Mənim üçün ən maraqlı məqam, indi yakutların sayılıb-şeçilən və istedadlı yazıçısı Yelena Kuorsunnaxın sirkdə 25 il müddətində təlimçi işləməsini eşitməyim oldu. Sirkə necə gəlib çıxdığınızı xatırladarsınızmı?
-Sirk artisti olmaq mənim uşaqlıq arzum idi. Doğulduğum kəndə sirk tamaşalarından ibarət qastrol səfərləri demək olar ki, çox nadir hallarda gəlirdi. Bizim uşaqlığımız bu sevinclərdən və həyəcanlardan demək olar ki, kənar olub. Bunun əvəzinə kəndimizdən hər ailədə ancaq oxumağa meyilli, istedadlı adamlar yetişirdi. Onların əksəriyyətində ədəbi yaradıcılıq üstünlük təşkil edirdi. Tatta Ulusunun hər bir ailəsində ya yazıçı, ya da ki, şair olması mütləqdir. Mənim sirkə meylliliyim ailəmizdə çoxunun xoşuna gəlmirdi. Onlar məni ədəbiyyatçı görmək istəyirdilər. Mədəniyyət məktəbini bitirən ili Sverdlovsk şəhəri yaradıcılıq kollektivinin truppası bizim məktəbə gəlmişdi. Onlar Yakutiyanın özündə sirk truppası yaratmaq üçün aktyorlar seçirdilər. Mən o seçilənlərin arasına düşdüm. Sverdlovsk sirkində təlimlərə və məşqlərə qatıldıq. Mən arzuların xəyallarına uçan gənc bir qız haradan biləydim ki, sirk ustası olmaq üçün bütün ağırlıqları insanın əzaları və sümükləri çəkəcək. Lakin yavaş-yavaş alışmağa başladım. Mütəmadi keçirilən məşqlər məni döndərib bir sirk aktyoru edə bildi. Hiss edirdim ki, seçimimdə yanılmamışam. Çünki bu sənət inadı, çətinliyi, dəqiqliyi və rasionallığı, qarşılıqlı zəhməti, dözümü, ədalətli və dürüst olmağı, riyaziyyatı sevir. Çünki burada dəqiq hesablanmış rəqəmlərə güvənərək hərəkət etməlisən. Əks halda, qəza və fəlakət qaçılmazdır. Artıq bütün sirk sənəti aktyorluğunun sirrlərini öyrənəndən sonra qarşımda seçim yarandı, mən heyvanların təlimini seçdim. Düşünürdüm ki, əgər gələcəkdə Vətənim Yakutiyada sirk binası tikiləcəksə, orada yəqin ki, heyvanları əhlilləşdirən bir təlimçi də olmalıdır. O da elə özüm olum. Mən Sovet İttifaqının ən məşhur təlimçiləri, şirləri və aslanları əhlilləşdirən sirk dinastiyasının nümayəndələri Lyudmila Alekseyevna və Vladimir Dmitriyeviç Şevçenkonun, onların anası Aleksandra Aleksandrovanın dərslərini öyrənməyə başladım. Sonralar öz vətənimdə heyvanların və quşların atraksionunu yaratdım. Yəni ki, indi həm quşların, həm də heyvanların dilini bilirəm.
-Çox maraqlıdır.
-Öz işimə çox bağlı idim. Lakin valideynlərimin tənəsindən qurtara bilmirdim. Onlar hər dəfə mənə ədəbiyyatın dalısınca getməyi məsləhət görürdülər. Babam və nənəm hələ kiçik yaşlarımdan mənə şerlər, nağıllar öyrədir, həmin parçaları əzbərdən söylədirdilər. Özü də ki, elə belə yox. Hər bir nitqimi xüsusi deklamasiya ilə deməliydim. Babamın 100 yaşı var idi. O daima deyirdi ki, sən bizim ədəbiyyat dinastiyamızı, yolumuzu, davam etdirməlisən. Onlar uşaq vaxtı mənə şeirlər yazmağı da öyrədirdilər. Bilmirəm necə alınırdı. Bilmirəm bu necə baş verirdi. Elə bilirdim ki, elə bütün uşaqlar mənim kimi şeir yazırlar. Lakin sirk ustası olmaq arzum məni ədəbiyyatdan bir az aralı salmışdı. Belə fikirləşirdim ki, ədəbiyyatı onsuz da bilirəm. Ancaq sirk ustalığını isə öyrənməli və davam etdirməliyəm. Günlərin bir günü valideyinlərimin təkidi ilə imtahan verib filologiya fakultəsinə qəbul olundum. 6 il filologiya fakultəsində təhsil aldım. Lakin bu təhsilimi başa vursam da, öz sevdiyim sirk ustalığı sənətimdən ayrılmaq fikrim yox idi. Deyir, sən saydığını say, gör fələk nə sayacaq. Günlərin bir günündə, mənim sağlamlığımda baş verən dəyişiklik üzündən sevdiyim sənətimdən ayrılmalı oldum. Düz 25 ilimi bu sənətə verdim. Bu sənət də mənə ad-san verdi, xasiyyətimi möhkəmləndirdi. Elə həmin ili ədəbiyyat öz qapılarını mənim üçün açdı. İndi fikirləşirəm ki, sən demə, ədəbiyyatın qapıları mənim üçün elə həmişə açıq olub. Sadəcə mənim dönüb o qapıdan keçməyim gərək imiş. Çünki o qapının arxasında bizim Tatta Ulusunun ədəbiyyatçılarının ruhu keşik çəkir. Artıq bizim ədəbiyyatla, vətən mücadiləsi aparan şəxsiyyətlərimizlə tanış olduğunuzdan siz də bunu bilirsiniz. Ustad yazarlardan A.E.Kulakovski-Eksekyulex Aleksey, A.İ.Safronov-Alampa, N.D.Neustroyev, yakut xalqının dahisi Platon Alekseyeviç Sleptsov, “Yakut lüğəti”nin müəllifi E.K.Pekarski, ilk həkim P.N.Sokolnikov, ilk rəssam İ.İpopov, ilk hüquqşünas M.M. Fyodorov, Su Donanmasının ilk kapitanı A.D. Boqatırev, ilk universitet rektoru A.E. Mordinov, pedoqoji universitetin əsasını qoyan P. İjequsov, ilk jurnalist P.İ. Orosin-Xayıkı, ilk qadın ədəbiyyatçılar V.D. Davıdova və A.D. Neustroyeva, ilk opera sənətçisi Anna Yeqorova... və başqaları... Bunlar hamısı bizim millətin var olması, yaşaması, onun ədəbiyyatının, mədəniyyətinin yüksəlməsi üçün çalışıblar. Onlar bizim xalqın işıqlarıdır. Bu gün Vətənimin hər yerində onların adına küçələr, meydanlar, teatrlar, təhsil müəssisələri vardır. Bizim nəsil şəcərəmiz hər zaman birinci olmağa öyrəşib. Kəndimizdən məhz mənim ilk sirk ustası olmağım da səbəbsiz deyil. Bizim ailəmizdən də bir çox ziyalı yakut ailələri kimi siyasi təqiblər yan keçməyib. Platon Sleptsov Oyunski atam Vasiliy Vasilyeviçin doğma əmisidir. Bilirsiniz ki, babam Platon Oyunski Yakutiya Muxtariyyətinin əsasını qoyub. 1939-cu ildə isə siyasi baxışlarına görə həbsxanada dünyasını dəyişib. Ölüb, ya öldürülüb, bu haqda bizdə dəqiq məlumat yoxdur. Ana nənəm Anna Sofronova məşhur Orosin tayfasının qızı idi. Zadəgan ailəsindən olduğuna görə onun və yaxın qohumlarının ömrü repressiyalarda keçmişdi. Nənəm repressiya təqibərindən gizlənərək babam Sofronun olduğu kəndə gəlib çıxır. Onun qalmağa yeri olmur. Ana babam Sofron Fyodroviç Boppoenov – Boppoen Uus (Dəmirçi) onu evinə qəbul edir. Həmin vaxt babamın 50, Annanın isə 22 yaşı olur. Ağır günlər onları bir-birinə dostlaşdırır, evlənirlər. Nəsil şəcərəmizin əksəriyyəti həm ata tərəfim, həm də ana tərəfdən olan doğmalarım ölüm düşərgələrində işgəncələrə məruz qalıblar, sürgünlərdə həlak olublar. Sonralar mən ailəmizin və doğmalarımızın həyatından bəhs edən, arxivlərdə saxlanılan 100-dən artıq cinayət işlərini oxuyub araşdırmışam. Bir daha əmin olmuşam ki, o günahsız insanların hamısı yakut zadəganları və ziyalıları oluqları üçün Stalinin, sovet rejiminin qurbanına çevriliblər. Bütün bu hadisələri xatırlamaqla onu demək istəyirəm ki, bizim ulusumuzun insanları çox tərəqqipərvər və işıqlı olduqlarına görə sovet repressiyası o işığı boğub. Lakin buna baxmayaraq bizim yurdun adamlarının, elə mənim də öz yurduma, elimə -obama olan sevgim heç zaman tükənməyib. Çəkdiyimiz əzablar bizi vətənə daha çox bağlayıb. Tatta yurdum - ölkəm, vətənim üçün canından keçənləri yetişdirib. Mənim də damarlarımda o qohumların, o doğmaların qanı axır.
-Sizin həm də gözəl səsiniz, yakutlara məxsus səs tembriniz, oyukunuz vardır. Bu səs haradan gəlir? Bayaq süfrə başında mənim üçün gözəl mahnılar oxudunuz. Siz oxuyanda mən bizim gözəl avazı olan Fatma Mehraliyevanın, Rubabə Muradovanın səsini eşitdim elə bil. Həm də bir azca da həsrət, hicran var səsinizdə... Nədir bu həsrət, bu müəmmalar?
-Mən bayaq sizə babamdan danışdım axı... Anam Anastasiya babamın kiçik qızı olub. Atam Vasiliy ilə anam evləndikdən sonra babam onların yanına köçür. Mənim 10-12 yaşım olanda onun 100 yaşı var idi. Gözlərinin işığı sönənə qədər bizim aymakda (oymaqda) o həm zərgər, həm də dəmirçi kimi məşhur olub. Qızıl, gümüş, hər növ dəmir onun əlində min cür gözəlliyə dönürdü. Özündən naxışlar icad edirdi. Mən bunları lap böyüyəndən sonra anladım. Babam Sofron da, atam Vasiliy də olonxoust idilər. Bizim kəndin adamları Osuoxaya yığışırdı tez-tez. (osuoxay - elliklə rəqs etmək deməkdir. Bu rəqsi ifa edərkən 100 nəfərdən 1000 nəfərə qədər əl-ələ verib, dövrələmə gedirlər. Əsas oxuyan adam olonxoustdir. O, bənd-bənd, sətir-sətir mahnılar deyir, ətrafdakılar da təkrar edirlər. Bizdə bəzi bölgələrdə oxunan haxıştalar kimi – red.). Mən özümdə olan hər şeyə görə babam Safrona borcluyam. O bütün vaxtını mənimlə əylənməyə sərf edirdi. Gah mahnı oxutdurur, gah da hansısa Olonxodan (dastandan) parçaları əzbər söylətdirirdi. Evimizə qonaq gələndə mən mütləq onlar üçün ya şer söyləməli, ya hansısa əsərdən parça ifa etməli, ya da oyuku oxumalıydım. Mənim atam Xalq və el mahnılarının, toyukuların mötəbər ifaçısı idi. Bildiyiniz kimi belə mahnıları ancaq kılısı - boğaz səsi olan adamlar oxuyur. O, səsi ilə insanları sehrləyirdi, mən də onun mahnılarını dinləməyi elə sevirdim ki, elə bil ana laylası idi. Mən mahnı oxuyanda atamı yamsılayırdım. Bir də görürdün ki, aymakdakı qonşularımız bizə gəliblər. Əsil ədəbiyyat və incəsənət məclisi yaranırdı. Bəzən də kəndin balaca uşaqlarını babam və atam evə toplayar, bizə səhnəciklər qurardılar. Babamın əlində həmişə tənbəki ilə dolu müştük olardı. Onun çəkdiyi tənbəkinin tüstüsü heç gözümün qabağından getmir. Bir də monoton səsi var idi. Nənəm də bizim üçün şirniyyatlar bişirərdi. Tüstünün və şirniyyatların ətri evimizə yayılardı. Anamın da gözəl əl qabiliyyəti var idi. O da bir tərəfdə oturub bəzəkli tikmələr tikərdi. Elə bil ki, şaxtanın pəncərələrimizə çəkdiyi naxışları anam da ağ qar rəngli parçaların üzərinə köçürərdi. Biz uşaqların səhnəcikləri hazır olanda böyüklərin qarşısında çıxış edərdik. Uşaqlığımın hər günü yadda qalan olub. Böyüdüyüm bu yaradıcı mühit məni yaratdı, desəm, səhv etmərəm. Mənim ata babam Platon Oyunskinin əsərləri 60-cı illərə qədər qadağan olunmuşdu. Bibim Sardana Oyunskaya babama bəraət alandan sonra, onun əsərlərini üzə çıxardılar. Ana babam Safron isə onun əsərlərinin çoxunu əzbər bilirdi. Gözləri görmədiyinə görə həmin kitabları yenidən mənə oxudurdu. O əsərlərin içərisində Platon Oyunskinin qələmə aldığı “Olonxo” var idi. Və mən hələ uşaq ikən anlamağa başladım ki, əgər insan kiçik yaşlarından Olonxo aləmini bilmirsə, böyüdkdən sonra Olonxonu, xalq ədəbiyyatını ona sevdirmək çətin olacaq. Bu ədəbiyyat da öz qapılarını hər istəyənə açan deyil. İllər keçəndən sonra bibim Sardana Platonova Oyunskaya mənə dedi ki, “Rəşadətli Nurgün Batır” əsərini yeni tərtibatla, uşaqlar üçün çap etməliyik. Mən bu əsərin üzərində 6 il əmək sərf etdim. 201 hekayə və 60 illüstrasiyadan ibarət kitabı tərtib elədim. Mən bu kitabla yaşadım. Oradan su içdim, şirə çəkdim. Özüm də bilmədən, bir də gördüm ki, ədəbiyyat artıq ömrümün bir parçasına çevrildi.
-Ədəbiyyata ilk gəlişiniz necə olub?
-Mən ilk dəfə ədəbiyyata şeirlə gəldim. Sonra isə doğmalarımın ruhu məni ədəbi əsərlər yaratmağa yönəltdilər. 2004-cü ildə çıxan ilk kitabımın adı “Annanın taleyi” idi. Nənəmin həyatından yazmışdım. Gimnaziyada təhsil alan gözəl və gənc bir qızın qardaşlarını həbs edirlər, bundan sonra onu gimnaziyadan qovurlar. O, peşiman, arzuları darmadağın olmuş halda kəndinə qayıdır. Burada da onu heç kim gözləmir. Çünki Anna artıq xalq düşmənlərinin ailəsini təmsil edirdi. Oktyabr inqilabı Annanın xoşbəxt həyatını, gəncliyini, yurdunu əlindən alır. Povestim elə ilk günlərdə mənə uğur gətirdi. Oxucular əsərin davamını istəyirdilər. Çünki məndən əvvəl repressiya qurbanlarının adını çox az yazıçı çəkmişdi. Eləcə də mənim sələflərim, mənə yazıçılıq yolumda cığır açan Natalya Xarlampyeva, Nikolay Yeqoroviç Vinokurov məsləhətlər verdi, dramaturq Vasiliy Yeqoroviç Vasilyev-Xarısxal “Annanın taleyi” povestimi Saxa Akademik Teatrında səhnələşdirdi. Mən atrtıq əmin idim ki, öz nəslimin, şəcərəmin taleyi xalqım üçün çox lazımdır. Ona görə də axtarışlarıma davam etdim.
-Bir əsəri yazmağa nə qədər vaxt sərf edirsiniz?
-Bəzən bir romanı 10 ilə yazıram. Məsələn, “ Аан Тала” –“ Göylərin tufanı” tarixi romanım vətənimin azadlığı, varlığı, quruculuğu üçün canından keçən fədakar insanlarımızdan bəhs edir. Bu kitabı yazmaqla mən həm qan qohumlarımın, həm də repressiyaya uğrayanların qarşısındakı borcumu vermiş oldum. Tarixin qırılmış səhifələrini mən muncuq-muncuq topladım, hadisələri, sənədləri bir-birinə uyğunlaşdırmaq üçün nə qədər axtarış apardım. XIX-XX əsrin yakut dövlətini yaradan ziyalılarının həyatını kitabxanalarda, arxivlərdə ələk-vələk elədim. Gizlinlərin üzərinə işıq salmağa çalışdım. Bu işi sona çatdırmağa mənə ömür-gün yoldaşım Andrian Vasilyeviç Lukin ən yaxın sirdaş və köməkçi oldu. O bu romanın doğulmasını 10 il gözlədi. Mən evdə ancaq yazdığım kitabın qəhrəmanları ilə yaşadım. Onlarla süfrə başında çay içdim, onlarla danışdım, onlardan bəhs edən kitablarla yatıb-durdum. Məhkəmə proseslərini öz evimdə qurub bəzən hakim oldum, bəzən müqəssir, bəzən də qalib. O qəhrəmanlarımın içərisində elələri var idi ki, onlara vuruldum, dəli kimi sevdim, başlarına gətirilən hadisələrə ağladım, sızladım, yandım, əzablar çəkdim. Məhkəmələrində səsim gəldikcə vəkil kimi bağırdım ki, ay hakim, niyə belə qərar verdin, niyə onların ömrünü yarımçıq qoydun... Mən 19-cu əsrin sonlarında, 20-ci əsrin əvəllərində yaşadım. Bəzən aylarla evdən çıxmadım. Qorxdum ki, evdən çıxsam hər hansı süjet xəttini itirə bilərəm. Sonuncu nöqtəni qoyandan sonra isə içərimdə bir boşluq var idi. Bir səhər çağı 10 il mənimlə olan bütün dostlarım məni tərk etmişdilər. Özümü qınadım ki, axı mən onları başıma niyə yığırdım ki, onlar da məni belə tərk edirdilər... Sonra anladım ki, belə yaşamaq çətin olacaq. Yenə Andrianın köməkliyi ilə adi həyata qayıtdım. Axı mən və digər dəyərli yazıçılarımız bunu etməsəydilər, bugünkü nəsil onların adını sovet rejiminin vurduğu “qara ləklə”lərlə tanıyacaqdı. Bəlkə də heç tanımaq istəməyəcəkdilər. Lakin bu gün bizim dövlətimizdə, cəmiyyətimizdə, hamı bu dövləti - Saxa Yakutiya Muxtar Respublikasını quranları tanıyır. Və onların başında mənim və türk dünyasının fəxr etdiyi Platon Alekseyeviç Sleptsov- Oyunski dayanır.
- 27 aprel 1922-ci ildə Yakutiya Muxtar Respublikasının yaranması ilə bağlı fərman qüvvəyə minib. Və bu Respublikanın yaranmasının Manifestinə imza atan ilk dövlət xadimi sizin babanız Platon Alekseyeviç Sleptsov-Oyunski olub.
- Mənim üçün həmin gün şərəfli tarixdir. Bu gün qoynunda gəzdiyim torpağın, Vətənin bizim əlimizdən getməməsinin səbəbkarı babam və onun silahdaşları olublar. Mücadilələr, zindanlar olub nəsibləri. Babamın məzarı yoxdur, adı var, heykəlləri var, həbsdən xilas olmuş kitabları var. Babamın və silahdaşlarının qurduqları dövlətin təməli o qədər möhkəm idi ki, 1991-ci ilə qədər yaşadı. 1991-ci ilin 24 dekabrından etibarən isə Saxa Yakutiya Respublikası adlandırıldı. Mən çox xoşbəxətəm ki, indi Vətənimin dövlət kimi var olmasının 100 illiyini qeyd edirik. Bizim arzularımız çoxdur, onların hamısına çatacağıq. Bir də ki, müsahibəmizin sonunda Aida xanım, sizə xüsusi minnətdarlığım var. Mənim babam, yakut xalqının möhtəşəm oğlu Platon Oyunskini türk dilinə ilk dəfə siz tərcümə etdiniz. Azərbaycan və türk dillərində babamın əsərləri danışdı. Bu bizim üçün böyük xidmətdir. Platon Oyunskinin əsərləri türk dünyasında yeni üfüqlər, yeni cığırlar açacaq. Bütün türkdilli xalqlar Saxa Yakut yurdunu quranları, yaradanları tanımalıdır. Bizim ədəbiyyatımız çox zəngindir. Çünki kökümüzü, indentikliyimizi unutmamışıq.
Əziz oxucularımız, söhbətimizin sonunda Elena Sleptsova Vasilyevna–Kuorsunnax haqqında bu qısa arayışı da yazıram: Elena Sleptsova 14 iyun 1964-cü ildə Yakutiyanın Tattı Ulusunun Çerkex kəndində doğulub. M.K.Ammosov adına Yakutiya Dövlət Universitetini bitirib. 19 şer və nəsrdən ibarət kitabın müəllifidir. Saxa Yakutiya Respublikasının əməkdar artisti, P.A.Oyunski adına Dövlət Mükafatının və N.E.Mordinova adına “Uşaq ədəbiyyatı” mükafatının laureatıdır. Böyük Vətən Müharibəsinin 75 illiyinə həsr olunmuş ədəbiyyat müsabiqəsinin Qran Pri laureatı, Yakutiya və Rusiya Yazıçılar Birliyinin Namjila Numbuyeva Beynəlxalq şer turnirinin Qran Prisinin sahibidir. Onun şerlərindən ikisi ilə oxucularımızı tanış edəcəyəm. Bu şeirləri də mən- Aida Eyvazlı tərcümə etmişəm.
Qara paltar
Ah, bu qara paltar nəyimə gərək?
Onu ki, bayramda geyməyəcəyəm.
Rəngi qaradır...
O mənim rəngimi boğur,
O məni dərdli göstərir
O məni dərdə bürüyür...
Rəngi qaradır...
O tarixdən bir qərinə keçibdir,
Uçulubdur dirəklərim,
Evimizin qapıları,
evimizin divarları uçulubdur...
Hər uçqunda bir balta səsi var,
Bir də qara paltar rəngi...
O paltarın rəngi qaradır...
Lakin biliriəm ki,
Bir gün gələcək
Mən də bəyazdan tikilən
ağ paltarımı geyinəcəyəm...
Sonra da
bütün paltarlarımın ətəklərindən
Qara kaymaları götürəcəyəm ...
Şairlər sevəndə...
Şairlər sevəndə başqa cür sevir,
Onların sevgisi tanrıdan gəlir.
Tayqa da oxuyur, çaylar da daşır,
Təbiət danışır şeir dilində,
Təbiət danışır şair dilində.
Şairin ilhamı qovur başından
Bütün qovğaları, çətinlikləri.
Şairlər sevəndə qayğısız olur,
Yaşıl ormanlarda, Göy Səmalarda
Ruhu pərvaz edir dərinlikləri.
Şair ağlayanda başqa cür ağlar,
Onun göz yaşları torpağı yuyar.
Şair ağlayarsa, göylər qaralar,
Dolu buludlardan yağmurlar yağar.
Şairlər ağlasa tufanlar qopar,
Şairlər nicatı sevgidə tapar.
“Ədəbiyyat və incəsənət”
(27.11.2025)
Dünya ədəbiyyatı - Hans Kristian Andersen, “Mələk”
“Ədəbiyyat və incəsənət” portalının “Dünya ədəbiyyatı” rubrikasında sizlərə Hans Kristian Andersenin “Mələk” nağıl-hekayəsini təqdim edirik. Hekayəni dilimizə Dünyaxanım Mehdiyeva-Qəribli tərcümə edibdir.
Hər dəfə yaxşı, xeyirxah, gözəl çöhrəli uşaq öləndə, dünyasını dəyişəndə göydən yerə Mələk enib kőrpənin əlindən tutub, qucağına götürür və iri qanadları ilə onun ən sevdiyi yerlərin üstündən uçur. Yol üstü onlar cürbəcür güllərdən yekə gül dəstəsi toplayıb, özləri ilə səmaya gotürürlər. Hardakı onlar yerdən fərqli olaraq daha da gözəl çiçəklənib, daha ətirli rayihə saçırlar. Ulu Tanrı da bütün o çicəkləri köksünə sıxır, amma ona ən çox gözəl görünənin yalnız bircəsini öpür: həmin gül Tanrıdan səs payı alır və mübarək ruhların xoruna qatılır.
Bunların hamısını ölmüş uşağı qucağında səmaya doğru aparan Mələk danışırdı. Uşaqsa Mələyi elə bil yuxudaymış kimi eşidirdi. Onlar, uşağın həyatda ikən gəzdiyi, olduğu yerlərin, gozəl çicəklər açan yaşıl bağların, bağçaların üstündən uçurdular.
-Bu güllərdən hansılarını səmaya götürək,- deyə Mələk mehribanlıqla uşaqdan soruşdu.
Bağçada gözəl, yarı cəhrayi rəngli qızıl gül kolu vardı. Lakin kiminsə pis, kobud əli onun budaqlarını elə sındırmışdı ki, yarı açmış qöncələrlə dolu olan kol, demək olar qurumuş və kədər içində sallanıb qalmışdı.
- Yazıq kol,- deyə uşaq sarsıntı ilə dedi. Əgər mümkünsə gəl onu da özümüzlə səmaya götürək ki, orada bu gül, yenə də açsın.
Mələk, kolu götürüb və uşağı elə bərk öpdü ki, körpənin gözləri azca açıldı. Daha sonra onlar çoxlu tər güllər, həmçinin təvazökar bənövşələr və sadə xrizantemlər də dərdilər.
- Bax indi tamamlandı. Biz, mənim sevdiyim gülləri götürdük,- deyə uşaq sevinclə dilləndi.
Mələk razılıqla başını silkələdi və onlar uçmağa davam etdilər.
Gecə sakit və işıqlı idi; bütün şəhər yatmış və dərin yuxuya getmişdi. Onlar dar bir küçənin üstündən uçurdular. Səkidə, yol qırağında saman, kül qırıqları, cürbəcür zir-zibil; alebastr qırıntıları, kirəmit qırıqları, cırım- cındır, geyinilmiş şlyapalar… Bir sözlə sanki bir əsrə yaxın işlənmiş və formasını itirmiş əşyalar tökülüb qalmışdı : elə bil bir gün əvvəl buradan köç olmuşdu.
Mələk, bütün bu lazımsız zir-zibilin içindəki köklərilə bir ovuc torpağa sarılmış, sınmış gül dibçəyindən tökülən çöl gülünə işarə elədi. Gül, artıq solmuş və yararsız hala düşdüyündən, onu atmışdılar.
- Gəl bunu da özümüzlə götürək,- deyə Mələk bildirdi. Mən sənə uçduğumuz müddətdə bu gül haqqında danışacağam.
Mələk yerə enib, gülü götürdü və uçduqca danışmağa başladı.
- Bu dar küçədə, alçaq zirzəmidə bir kasıb və xəstə oğlan yaşayırdı. O, lap körpə yaşlarından həmişə yataqda xəstə yatırdı. Özünü yaxsı hiss etdikdə isə qoltuq dəyənəyi ilə bu balaca hinə bənzər otağında iki dəfə irəliyə və geriyə gəzirdi. Vəssalam. Yay vaxtı hərdən günəş yarım saatlıq bu zirzəmiyə də boylanırdı. O zaman oğlan, günəşin şəfəqləri altında əyləşib, əllərini günün işığına uzadıb, barmaqlarından axan al qana tamaşa eləyirdi. Belə günəş altında oturmalar ona gəzintini əvəzləyirdi. Meşələrin zəngin yaz örtüyünə bürünməsini isə o, qonşu oğlunun ona yenicə yarpaqlamış fıstıq budağını gətirməsindən bilirdi. Oğlan, həmin budağı başının üzərində tutub fikrən yaşıl fıstıq ağacının altına uçurdu. Hardakı günəş parlayır və quşlar cəh-cəh vururdu. Bir dəfə qonşu oğlan ona çöl-çəmən çiçəkləri gətirmişdi. Onların arasında olanlardan birinin üstündə kökü də vardı. Oğlan, həmin gülü dibçəkdə əkib, çarpayısına yaxın bir yerdə qoydu. Görünür əli çox yüngül oldu. Çünki gül tez özünü tutdu və böyüməyə başladı. Özündən yeni çıxıntılar, köklər verdi. O artıq hər il açırdı və oğlan üçün bu gül, bütöv bir bağçaya bərabər idi. Həmin çöl gülü oğlanın torpaqdakı balaca, gözəl xəzinəsi idi. Oğlan ona su verir, qulluq eləyir və balaca hinə düşən hər günəş şəfəqinin ondan yan keçməməsinə fikir verirdi. Oğlan, balaca sevimlisi ilə yaşayıb, nəfəs alırdı. Axı o gül məhz onunçün açıb və rayihə saçırdı. Hətta
Ulu Tanrı oğlanı yanına səslədiyi, çağırdığı anda belə oğlan, üzünü gülə tərəf çevirdi... Son dəfə ona həsrətlə baxdı…
Budur artıq bir ildir ki, oğlan Tanrının yanındadır və bir il idi ki, həmin gül hamı tərəfindən unudulmuş, pəncərədə qalmış, solmuş, qurumuş və digər lazımsız əşyalarla bir yerdə küçəyə atılmışdı. Bax biz, indi həmin solmuş, zavallı gülü özümüzlə götürdük. Çünki o kral bağ-bağçalarındakı gur açan güllərdən daha çox sevinc bəxş etmişdi həmin oğlana.
- Sən bütün bunları hardan bilirsən, -deyə körpə maraqla Mələkdən soruşdu.
- Bilirəm, - deyə Mələk dedi. Axı o kasıb, şikəst, qoltuq dəyənəkləri ilə gəzən oğlan mən özüm olmuşam. Mən, öz gülümü tanıdım!
Bu zaman körpə gözlərini daha da iri açıb, Mələyin gözəl və sevinclə dolu simasına maraqla baxdı.
Elə həmin andaca onlar Uca Yaradanın yanında, səmada peyda oldular. Harda ki, əbədi sevinc və şadlıq hökm sürür. Ulu Tanrı bütün gülləri köksünə basdı, lakin təkcə o zavallı, solmuş çöl çiçəyini öpdü və həmin gül də Ulu Tanrını əhatə eləyən mələklərin xoşuna gəldi…
Mələklərin bəziləri Ulu Tanrının lap yanında, o biriləri bir az aralıda, digərləri isə lap aralıda, əksəriyyəti isə çox-çox uzaqda uçurdu, amma buna baxmayaraq onlar hamısı sevinc dolu, bəxtiyar və xoşbəxt idilər…
Hamı oxuyurdu. Böyüklər də, yenicə dünyasını dəyişmiş körpə də və səkiyə, küçəyə lazımsız əşyalarla birgə atılmış, solmuş, qurumuş həmin çöl çiçəyi də… Çünki artıq o da dirçəlmiş, yarpaqlar və gözəl çiçəklər açmışdı…
Ədəbiyyat və incəsənət”
(27.11.2025)
Türk ədəbiyyat – Dilavər Osman, Kırım
“Ədəbiyyat və incəsənət” portalının Türk ədəbiyyatı rubikasında bu gün sizlərə Kırımtatar şairi Dilavər Osmanın şeirləri təqdim edilir. Şeirləri tatarcadan və ruscadan çevirən Dr. Həyat Şəmidir.
Canını əzabdan qoruyan şair olmaz!
Canını əzabdan qoruyan
Şair olmaz.
Özünü xalqdan ayıran
Yaşıyammaz.
Adını, dilini unudan -
Müğənni heç olmaz.
Dünyanı kitabdan tanıyan –
Bunu anlamaz.
Dilavər Osman Kırım tatarıdır. Özbəkistanın Bekabad şəhərində anadan olub. Təhsilini və musiqi kolecini Özbəkistanda tamamlayıb. Kazan şəhərində Musiqi Konservatoriyasını bitirib. Şeirləri Kırımtatar dilində və Kazan şivəsində “İdil”, “Kazan atəşləri”, “Tatar eli”ndə, “Yıldız” kırımtatar dərgisində, Qazaxıstan, Özbəkistan, Rumıniya və Türkiyədə çap olunub.
“Kırım gülləri”, “Kırım – qanayan yaram” şeir kitablarının müəllifidir. Eyni zamanda Kazanda kırımtatar şairlərinin şeirlərindən ibarət “Kırım mənim ürəyimdə” adlı tərcümə kitabını nəşr etdirmişdir.
Tatarıstan və Ukrayna Yazarlar Birliyinin üzvüdür.
Dilavər Osman 1998-ci ildə Kırımtatar Milli Məclisinin başkanı Mustafa Əbdülcəmil Kırımoğlunun mətbuat katibliyinə təyin olunmuşdur. Akməsciddə Kırım Dövlət Mühəndislik Universitetində müəllim olaraq çalışmışdır.
2009-cu ildən “Yıldız” kırımtatar ədəbiyyat dərgisinin baş redaktorudur. Kırımtatar Yazarlar Birliyinin katibidir. Tatarıstan və Kırım Cümhuriyyətində bir çox mükafatlara layiq görülmüşdür. 2007-ci ildə Musa Cəlil ödülü ilə mükafatlandırılmışdır.
AZAD MİLLƏT YOLUNDA
(Qurultayın 100 illiyinə)
And içirəm, söz verirəm millət üçün ölməyə,
Bilib-görüb millətimin göz yaşını silməyə.
Bilsəm, görsəm, min yaşasam, qurultaylı xan olsam,
Ölsəm bir gün məzarçılar gələr məni gömməyə.
Noman Çelebicihan, 1916
(Kırımtatar xalqı qurultay vəkillərinin 1917-ci ilin dekabr ayında Bağçasarayda elan etdikləri Krım (Qırım) Hökumətinin başçısı. O, 1918-ci ilin fevral ayının 23-də bolşeviklər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş və meyiti Qara dənizə atılmışdır. Şair kırımtatar xalqının “And içirəm” himninin müəllifidir)
Dalğalandı göy bayrağın, Qurultaylı xalq oldun,
Hayqırışla “Haqqım” dedin, xalqla birgə var oldun,
“Ey, gidi tatar gəncləri”[1] “And içirəm” sizinlə,
Bilib, görüb millətini çağırdın haqq sözünlə.
Böylə gündə basıb gəldi ağlar, qırmızılar, almanlar,
Nehirlərdən sular deyil, axan bizim al qanlar.
Tatarlar asıb-kəsildi, dağıdıldı saraylar,
Nomanların andı üçün qurban getdi babalar.
Qurultayı devirdilər, gənc tatarlar tutuldu,
Neçə canlar fəda oldu, həbslərə atıldı.
Basqın oldu - kəskin oldu, öldü igid ərənlər,
Həlak oldu millət üçün canından can verənlər.
Yüz il keçdi, yenə endi Xansaraya kölgələr,
Tatarların başı üstdən əsdi qapqara yellər...
“Bastırıq[2]”dan eşidirəm, çıxammadı Nomanlar,
Göz yaşını Göy Bayrağa tökdü bizim analar.
Eşidirəm yenə fəryad, qalmaqallı Krımdan...
Gənc tatarlar qurban getdi azad millət yolunda,
Daha neçə yüz il keçər, xalqın ulduzu sönməz,
Nomanları doğuran xalq heç bir zaman yenilməz.
SƏNSİZ
Mən səni gözlədim ümid sönəndə,
Inancım tükənib, zülmət enəndə.
Mən səni aradım, gəzdim yuxuda,
Bulmadım, tapmadım, yoxsan orada.
Sən mənə gərəksən, qoruyanımsan,
İstidən, soyuqdan, yaxşı-yamandan
Sənsiz boş dünyanın küncü-bucağı,
Zülmətə qərq olar günün hər çağı.
Sənsiz açılmaz ki, bağımda güllər,
Boynunu bükərlər məxmər qönçələr…
Soluxan güllərin göynər yarası,
Çiçəklər ağlayar, olmaz çarəsi.
QARĞALAR
Krıma qarğa basqını başladı,
Sürü-sürü gəlib Krımı daşladı…
Yenə əsib coşur qara dalğalar,
Qarğalar tək qapqaradır buludlar.
Ötməz oldu Krımda bülbüllər,
Susdu torağaylar, büküldü güllər,
Susdu azan səsi, susdu səlalar,
Talandı camilər və mədrəsələr.
Krımı dərd sardı və yadlar aldı,
İnlədi içindən daşı-torpağı.
Sular durdu, saf bulaqlar ağladı,
Yasa batdı Krım xiyabanları.
Çatırdağın[3] uca zirvəsinə,
Qonub toplandılar bu qara quşlar.
Ağ Qayanın[4] ağappaq üzündən,
Axar gözüdolusu qan yaşlar…
Qarğalar qarıldayır, dolaşırlar,
Hər yerdə ac itlər ulaşırlar,
Dünya gördükcə heyrətə gəlir,
Kimin yurdunu görün kim paylaşır?
Ah Krımda susdu huzur səsləri,
Qarğalar yanında sərçələr gəzir,
Ana yurdum, səni kim qoruyacaq,
“And içirəm” deyibən qurtaracaq?
Uzandı Krıma yenə yad əllər,
Qarğalarla doldu… ümid Allaha.
Yurdumda duyulur əcnəbi səslər,
“Ey tatar, necəsən?” deyən yox daha.
Qarğalar padişahı, eyvah dost!
Yaşıl yurda ayaq basammırıq biz.
Ağ günümüz qara oldu, eyvah dost!
Yol-izdəki qarğalara verək son.
Qopar bir gün yenə də fırtına,
Qarğalar sürülər öz yurduna.
Dağılar qara buludlar bir gün,
Qılınar şükür namazı hər gün.
VƏTƏN
Ağ qağayılar uçar,
Dənizlərin üzündə.
Duyular çiçək qoxusu…
Görüşənədək, cəsur Kırım!
Dağlar, dənizlər,
“Getmə” deyə pıçıldaşan sahillər…
Doğma yurdum mənim: ormanlar, çaylar,
Sönməsin ocağın, isti qucağın…
Şəlalələr uçar, uçar xəyallar.
Əcdadımdan qalıb hər daşında izlər.
Yox, mən səndə deyil,
səhralarda doğuldum,
böyümədim
büllur sularından içərək.
Fəqət,
taleyimin əvvəli-sonu sənsən.
Mən dan yeri söküləndə gəldim,
Sənə “Vətənim” dedim,
Krım!
Vətənim sənsən…
“Ədəbiyyat və incəsənət”
(27.11.2025)
Oğuzdakı qoca çinar - Nadir və nəsli kəsilməkdə olan ağac barədə
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Çinar — çinarkimiklər fəsiləsindən olan bitkidir. Latınca "Platanaus", rus dilində "Platan”, bizim dilimizdə "Çinar” adlanır. O, çiçəkli bitkilərin ən qədim növlərindən biridir. Gözəlliyinə, görkəminə və nadir bioekoloji əlamətlərinə görə onu şərqin ağac florasının mirvarisi, möhtəşəm gövdəsi, əzəmətli, yaraşıqlı çətirinə görə isə cənubun nəhəng ağacı adlandırırlar. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azərbaycanın "Qırmızı Kitab"na daxil edilmişdir.
Çinar bitdiyi yerin havasını ionlaşdıraraq təbii kondisioner rolunu oynayır, havanı təravətləndirir. Xalq təbabətində çinarın yarpağından və qabığından istifadə geniş yayılıb. Antiseptik xüsusiyyətlərə malik çinarın yarpağından və gövdəsinin qabığından hazırlanan dəmləmələr və məhlullar əsasən qızdırmanın salınmasında, saçdakı kəpəyin təmizlənməsində, baş dərisindəki qaşınmanın qarşısının alınmasında, ilan sancmasında, həmçinin sulu və açıq yaralar zamanı istifadə olunur.
Çinarlar 2000-2300 ilə qədər yaşaya bilir. Ölkəmizdə belə yaşlı çinar ağaçları çoxdur. Bu cür çinar ağacları təbii abidələr kimi təbii-mədəni irsimizin qiymətli nümunələri sırasındadır.
Onlardan biri də Oğuz şəhərinin şimalında mövcud olan çinar ağacıdır. Bu ağaç haqqında müxtəlif miflər uydurulmuşdur, hazırda da xeyli əfsanə və rəvayətlər söylənilir.
Nədənsə hər dəfə bu çinarı gördükcə yadıma böyük S.Vurğunun aşağıdaki misraları düşür:
Bu qoca dünyanın şahidiyəm mən...
Kölgəmdə dincəlir hər gəlib-gedən.
Bağçalar gül açır yaş torpağımda.
Quşların adı var hər yarpağımda.
Mən bu yer üzünə gələndən bəri
Olmuş budaqlarım hava səngəri.
Kötüyüm dünyanın sirrilə dolu,
Bax ayrılmamışam öz kötüyümdən!..
Həqiqətən, “qoca dünyanın şahidi olan” bu ağacın “kötüyü dünyanın sirri ilə doludur”. Ağac haqqında hələlik ilkin yazılı mənbə 1885-ci ildə “Ağbyur” adlı uşaq jurnalının 12-ci sayında çap olunmuş məqalədir. Məqalənin müəllifi yazır: “Vartaşen (Oğuzun əvvəlki adı – red.) camaatı bu böyük Çinara müqəddəs kimi yanaşır, deyirlər ki, pirdir. Vartaşen pirində, Çinarda basdırılan müqəddəs yoxdur. O müqəddəs olmaq üçün insana ehtiyac duymur. Əvəzində ənənəyə görə inanılır ki, bu pirin altında bir ilan yaşayır. Heç kim onu görməyib və Allah eləməsin ki, o öz yuvasını nə vaxtsa tərk etsin.
Mən bir daha yarpaqların arasına daxil olaraq gövdəyə baxdım. Çox da hündür deyil, bir yarım, iki insan boyunda olar. Kökdə isə digər balaca ağaclar bir hasar yaradır, 30 arşın olar. Ağaclarla gövdə arasında elə məsafə var ki, baxan elə bilər sanki bir altlığa heykəl yerləşdirilib. Lakin yuxarı doğru baxdıqca ləkəsiz ağ qabıq mənzərəsi hər şeyi daha da mistikləşdirilir. "Ay Allah!" mən dedim, "sən necə yaxşısan, necə böyük və ucasan ki, belə bir alicənab canlının doğulmasına şərait yaratmısan." Mən Luvr muzeyindəki antik Venera heykəlini görəndə heç Vartaşen çinarını görəndə yaşadığım kimi şiddətli hisslər yaşamamışdım”. (Tərcümə Cavid Ağaya aiddir)
Udi əsilli M.Bejanov da 1892-ci ildə Tiflisdə çap etdirdiyi “Vartaşen kəndi və onun sakinləri haqqında qısa məlumat” adlı məqaləsində bu çinar ağacından bəhs edir. M.Bejanovun yazdığına görə, belə bir rəvayət var ki, qədim zamanda düşmədən qorumaq üçün torpağa İncil kitabı basdırılıb və üzərindən çinar toxumu səpilib. Nəticədə belə bir böyük ağac bitib.
Ağacı kəsmədən, illik böyümə ölçüsünə əsasən bəzi düsturlar var ki, həmin düsturlarla onun yaşını təyin etmək mümkündür. Bunlardan biri də ağacın gövdəsinin enini (sm ilə) 2,5-ə bölməklə alınan düsturdu.
M.Bejanov 1892 ci ildə sözü gedən ağacın eninin 32 arşın, yəni 22,4 metr olduğunu yazır. (1arşın=0.70sm). Bu zaman hesablama etdikdə, 2240sm/ 2,5 = 896 alınır. Yəni bu ağacın 1892 ci ildə 896 yaşı olub hal hazırda isə 1028 yaşı var.
Təəsüf ki, ildırım ağacın gövdəsini parçaladığı üçün hazırda dəqiq ölçmə aparmaq mümkün deyl.
M.Bejanovdan yuxarıda göstəriyimiz iqtibasdakı “…qədim zamanda düşməndən qorumaq üçün torpağa İncil kitabı basdırılıb” ifadələrinə təkrar diqqəti cəlb etmək istərdim. Maraqlıdır, görəsən, “düşmənlər” kim imiş və İncili kimdən qoruyurmuşlar? Adamın ağlına bir başqa fikir gəlir. Güman ki, söhbət xristianlığı qəbul etmiş udilərdən gedir, İncili islamı yaymaq üçün gələn ərəblərdən qoruyurmuşlar. Əgər elədirsə, onda ağacın yaşını ən azı 150-200 il artırmaq lazımdır. Nə isə, mütəxəssislərin ciddi araçdırmalarına ehtiyac duyulur.
İndi bu çinar və onun ətrafı muqəddəs sayılır, pir və ziyarət hesab olunur. Ümumiyyətlə, ölkəmizin bütün bölgələrində xeyli ağaç pirləri mövcuddur. Çinara isə Azərbaycanın, demək olar ki, bütün bölgələrində ehtiramla yanaşılır.
Ümumiyyətlə, ağaca stayiş etmək müxtəlif xalqlarda bir ənənə olmuşdur. Hələ vaxtı ilə Musa Kalankatlı "Alban tarixi" əsərində qeyd edirdi ki, hunlar hündür və bol yarpaqlı palıd ağaclarına sitayiş edirdilər, ağacın tökülmüş yarpaqlarını və ya qurumuş budaqlarını öz ehtiyacları üçün yığanların belə ağac tərəfindən dəhşətli yaralarla, dəliliklə və hətta ölümlə cəzalandırıldığına inanırdılar. XIX əsrdə yaşamış udi mənşəli M.Bejanovun Oğuz çinarı haqqındakı qeydlərində də bu fikir təsdiq olunur.
Bu gün də insanlar (daha çox regionun köklü sakinlərindən olan udilər) müxtəlif münasibətlərlə Oğuz çinarının altında şamlar yandırır, arzular tuturlar. Onu da qeyd edək ki, müsəlman xalqların nümayəndələri də buranı müqəddəs yer hesab edirlər. Təsadüfi deyil ki, M.Paşayeva tarix üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyanın avtoreferatında yazır: “…inancından asılı olmayaraq istər xristian, istərsə də müsəlman əhali eyni dərəcədə inanaraq buranı ziyarət edir, birgə ayinlər icra edirlər. Bu da yerli əhalinin ortaq mənəvi dəyərlərə sahib olduğunu göstərir”.
Vaxtı ilə akademik V.Tutayuq xanım ölkəmizin digər bölgələrində olduğu kimi Oğuz rayonundakı yaşlı ağcaqayınla yanaşı, haqqında söhbət açılan çinarı da təbiət abidəsi kimi qeydə almış, onların qorunması ilə bağlı müvafiq orqanlar qarşısında məsələ qaldırmışdır.
Sözügedən ağac hazırda qorunur və bölgəyə səfər edən yerli və xarici turistlərin ciddi marağına səbəb olur.
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
“Biri ikisində” – Rızkul İzatovanın şeiri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin şeirləri təqdim edilir.
Rızkul İZATOVA
(Qırğız)
13 may 1994-cü ildə Qırğız Respublikasının Narın bölgəsinin Koçkor elinin Tendik kəndində anadan olub. Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
YENƏ MƏNİ GÖZLƏRMİSƏN...
Könül əgər qırılarsa, düzəlməz,
Görməz olar... Bütün yollar qarışar.
Gül üzündən vaz keçməyi bacarmaz,
Başqasıyla ağıl necə barışar?
Qaş çatılı, ürək üzgün, həvəs yox,
Bu hal ilən, deyin, necə yaşaram?
Çox adamın eşqinə mən susqunam,
Qayğıların ağuşunda çaşaram.
Əsil adam, dinlə mənim sözümü,
Xoşbəxtliyin üçün əngəl olamam.
Yaraşıqlım, bu eşqin yox çözümü,
Özgəninəm, gəlib səndə qalamam.
Yenə məni gözlərmisən hələ sən...
Uyğunlaşdırdı: İbrahim İlyaslı
“Ədəbiyyat və incəsənət”
(27.11.2025)
ANAR, “Balaca Vaqifin böyük sənəti”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR. “BALACA” VAQİFİN BÖYÜK SƏNƏTİ
Vaqif Səmədoğlunun 75 yaşı tamam olur. Vaqif haqqında Azərbaycanda, Türkiyədə və Moskvada dərc edilmiş bir neçə məqaləm var. O yazılarımda yaradıcılığını anladığım, duyduğum və bacardığım şəkildə araşdırmağa çalışdım. Bu yazım isə bir az başqa səpkidədir.
Əvvəlcə başlıqda dırnaq arasında “balaca” sözünü izah edim. “Balaca” sözü Rəsul Rzanın misralarından gəlir. Bu yazını Türkiyədə yazmağa başlayıram. Əlimin altında atamın kitabı yoxdur. Odur ki, Rəsul Rzanın misralarını sitat kimi deyil, orda ifadə olunmuş fikir kimi verirəm. Fikir isə dəqiq yadımdadır:
Sevirəm Füzulini, Sabiri,
Bir də “balaca” Vaqifi.
Vaqif Səmədoğlunun nə boyu balacadır, nə şəxsiyyəti, nə də bu şeir yazılan vaxt yaşı...
“Balaca” sözü Vaqifi böyük Molla Pənahdan fərqləndirmək üçün işlənib. Əlbəttə, Rəsul Rza Molla Pənah Vaqifi də sevirdi, “Sən elə gözəlsən binədən, Pəri” misraları dilinin əzbəri idi. Amma “balaca” Vaqifin adının Füzuliylə, Sabirlə bir sırada çəkilməsi gənc şairin istedadına verilən yüksək qiymət idi.
Vaqifin ilk şeirlərini atama mən oxumuşdum. Və elə ilk tanışlıqdan onu şair kimi qəbul etmişdi. Sonrakı, daha mükəmməl şeirləriylə tanış olduqca onun haqqında “Geniş yollara çıx” adlı məqalə yazdı və Vaqifin bir neçə şeiriylə birlikdə “Azərbaycan” jurnalında çap etdirdi.
Hər şeydə bir başqa niyyət axtaranlar, hər şeyi tərs yozanlar, hər hərəkətdən pis nəticələr çıxaran bəzi ağzıgöyçəklər haray-həşir qaldırdılar: “Rəsul Rza Səməd Vurğunun oğlunu öz tərəfinə çəkir, öz üslubuna uyğun yazmağa çağırır” və s. və bu kimi ax-vaylı çərənləmələr. Halbuki elə həmin məqalədə Rəsul Rza Vaqifə müraciətlə deyirdi: “Həm adınla, həm mənsub olduğun ocaqla bağlı şair adını şərəflə daşı, usanma, yorulma, yaz, yarat”.
Vaqifin “mənsub olduğu ocaqla”, yəni Səməd Vurğun ocağıyla nə qədər bağlı olduğunu zaman özü sübut etdi. Zaman onu da sübut etdi ki, məqsəd Vaqifi kimdənsə ayırmaq, kiminsə tərəfinə çəkmək deyildi. Məqsəd ilk addımlarından böyük istedadı bəlli olan gənc qələm sahibini vaxtında lazımınca dəyərləndirmək, ona yol açmaq, onu yersiz hücumlardan qorumaq idi. Elə ilk şeirlərindən top-tüfənglə qarşılanan gənclərin isə qorunmağa ciddi ehtiyacı vardı. Ədəbi mühitimizin bir qəribə şakəri var: ilk oxunuşdan qəribə, qeyri-adi görünən hər şeyi dərhal amansız tənələrlə qarşılamaq. Özü də ən yaramaz üsullara əl ataraq: sərt, ölçüsüz-biçisiz tənqidlərdən tutmuş hərzə replikalaracan, “şeir, ya tapmaca” səpkili nadan yazılarından tutmuş qəzəbi təşkil olunmuş “oxucu məktublarınacan”.
Mühafizəkar ədəbi mühitdə ən çox nifrəti məhz ən çox heyrətləndirən şairlər qazanır. İllər keçdikcə o vaxtlar Vaqifə və bir neçə başqa istedadlı və bənsərsiz şairə hücumlar normal şüura istehza kimi, bədii məntiqə karikatura kimi səslənir indi. Şübhə yoxdur ki, o dövrdəki nadanların müasir mənəvi xələfləri istedadlı adamlara cahilcəsinə atmacalar atarkən bunlar da haçansa inanılmaz karikatura kimi, ağıl sapıntısı kimi qavranılacaqdır.
Amma ən qəribə paradoks odur ki, bir vaxtlar yeni poeziyanın ilk örnəklərinə ağız büzənlər ədəbiyyatda həmin təmayüllər təsdiq olunandan sonra əvvəl dediklərini unudaraq, dünən inkar etdiklərini bu gün tərifləməyə başladılar. Vaqif poeziyasına münasibətdə də belə sifət və mövqe dəyişənlər az olmadı, Vaqifin poeziyasında sərbəst və heca vəznində şeirlərin haqq-hesabını çəkib, onu məhz ənənəvi şeirin təmsilçisi kimi təqdim etməyə çalışdılar.
Vaqifin ilk şeirlərinin birində belə misralar vardı:
Yazıram şeirin neçə dilində
Yazıram bəzən.
Qorxuram deməyə də
Rəsul Rza stilində.
Şeiri çapa verərkən Vaqif mənim xahişimlə bu misraları çıxartdı – dedi-qodulara qida verməmək üçün.
Amma mən bu gün tam məsuliyyətlə deyə bilərəm ki,Vaqifin poeziyası nə Rəsul Rza stilində,nə Səməd Vurğun səpkisində yazılmış şeirlərlə səciyyələnir. Vaqif sənətinin böyüklüyü onun təkrarsızlığında, bənzərsizliyində və yalnız onun özünə məxsus stilində, səpkisindədir…
Əlbəttə, hər bir böyük şair sələflərinin yaradıcılığından da bəhrələnir. Böyük şair müxtəlif vasitələri, bədii səpkiləri yalnız özünəməxsus şəkildə mənimsəyərək, öz orijinal üslubunu yaradır. Bu barədə ən dürüst və dəqiq fikri Vaqif Səmədoğlu Rəsul Rzanın 90 illiyi qeyd edilərkən yubiley gecəsində çıxışında dedi:
“Həyat sübut etdi ki, Səməd Vurğunun ənənəvi formalardakı poeziyası nə qədər novator poeziya idisə, Rəsul Rzanın yeni formada yazdığı seirləri, əsərləri o qədər Azərbaycan poeziyasının ən gözəl, ən qabaqcıl ənənələrinə söykənir”.
Bu sözləri bütünlüklə Vaqif Səmədoğlu poeziyasına da şamil etmək olar. Onun şeirlərində ənənəvi şeirimizdən gələn axıcılıq, qulağayatımlılıq yeni şeirə məxsus gözlənilməz, qeyri-adi obrazların və təşbehlərin vəhdətində canlanır.
Vaqifin daha sonrakı mərhələlərdə yazdığı şeirlərlə tanış olarkən atamın dediyi sözlər yaxşı yadımda qalıb: “Vaqif çox irəli gedib. Gərək özümü yığışdırım”.
Yəni təcrübəli, tanınmış şair gənc qələm sahibinin uğurlarıyla bağlı yaradıcılıq yarışına girməyə həvəslənirdi. Atamın dilindən heç bir başqa şair haqqında – istər öz nəslinə mənsub olanlar, istər daha sonrakı nəsillərin nümayəndələri – heç biri haqqında belə söz deməyini eşitməmişdim.
Məncə, Vaqifin ən parlaq özəlliyi, ən böyük uğuru heç kəsin demədiyini heç kəsin ağlına gəlməyən şəkildə deməsindədir. Bu poeziya bizə bildiyimizi bir daha izah etməyə çalışmır, bizi hər şeyə tamam başqa bucaqdan baxmağa çağırır.
İki dəfə iki dörddür. Bu, həqiqətdir. Bunu və buna bənzər həqiqətləri şeirlə ifadə etsən, heç bir etiraz doğurmaz. Amma bu, arifmetik həqiqətdir, reallığın həqiqətidir, bədii həqiqət deyil. Bədii həqiqət isə çox vaxt reallığın məntiqi dışındadır. Vaqifin belə misraları var:
İndi özündən küs,
Mənim min inamım var dünyada.
Adi şeirdə bu misralardan sonra nə gələ bilərdi? İnamın sadalanması – dünyaya inam,insanlara inam,ədalətə inam və s.
Amma Vaqif bu misraları belə davam edir:
Uzaqda bir külək var,
Küləyin üstdə bayraq.
Şəxsən mənimçün poeziyanın gözlənilməzlik gücü məhz bundadır. Yəni ayrıldığın insana “indi özündən küs” deyəndən sonra nəyə arxalandığını, nəyə dayandığını ifadə etmək üçün belə gözlənilməz, oxşarsız və ona görə də qəlbin ən gizli qatlarına varan bir obraz tapılıb.
Uzaqla, çox uzaqda, çox-çox uzaqda bir külək var və bu uzaq küləyin (“uzaq külək” özü nə qədər qeyri-adi ifadədir) üstündə də bayraq. Yəqin ki, heç bir şərhlə, izahla bu obrazın cazibəsini sübut etmək mümkün deyil, bunu yalnız duymaq olar.
Vaqif poeziyası onlarla, yüzlərlə belə örnəklərlə zəngindir.
Yaxud ictimai təhlükələrin xofunu, nigaran qəlblərdə oyanan səksəkəsini bu misralardan yaxşı necə ifadə etmək olardı:
Bilirsənmi, artıq kəsib
Ümid keçən yolları
Tikilməmiş türmələrin
Hörülməmiş hasarı.
Emin Sabitoğlunun yazdığı gözəl mahnının sözləri – Vaqifin sözləri yadıma düşür:
Bir axşam taksidən düşüb payıza,
Bilmədik hayana, haraya gedək.
Bahar həsrətiylə payız axşamı
Yenə həzin-həzin titrədi ürək.
Payızın əlindən qaçıb bir küncə
Dayandıq üzümüz dənizə sarı
Yenə tapılmadı payız gəlincə
O uzaq günlərin itmiş açarı.
İlk variantda əslində şeirin bəzi misraları başqa cür idi:
Bir axşam taksidən düşüb payıza,
Bilmədik hayana, haraya gedək.
Dərin sularını qatıb dayaza
Dəniz də bağlandı yay kinosu tək.
Payızın əlindən qaçıb bir küncə
Dayandıq üzümüz qibləyə sarı.
Yenə tapılmadı payız gəlincə
O uzaq günlərin itmiş açarı.
Kinomuzun ovaxtkı rəhbərliyi bu misraları bu şəkildə buraxmadı. Yaxşı, hələ onu başa düşmək olar ki, sovet adamları üzü qibləyə sarı dayana bilməz, bəs payızda yay kinosunun bağlanması niyə etiraz doğururdu? Demə, bu da kinoteatrların planı yerinə yetirə bilməməsinə işarə kimi yozula bilərdi.
Adil Bəbirovun bəstələdiyi başqa bir gözəl mahnı – Vaqifin sözlərinədir:
Gördüyümüz şəhərləri,
Sevdiyimiz şeirləri,
Ah çəkdiyin gecələri,
Yox dediyin küçələri,
Payız rəngli baharları,
Kölgən düşən divarları
Ürəyimdən qopar, qopar,
Özünlə apar.
Eşq bitəndə ağrılı xatirələrdən qurtulmaq üçün bitən sevgini andıran hər şeydən xilas olmaq istəyirsən: haçansa sevgilinin kölgəsi düşmüş divarları da özüylə aparmasını xahiş edirsən.
Vaqif hansı janrda yazır-yazsın, şeir, mahnı mətni, pyes, kinossenari – hər an istedadı görünür. Vaxtilə qəzetdə çap etdirdiyi qısa, yığcam fikirlərini “Müdriklərlə üz-üzə” adlı kitabında topladı. Vaqifin qısa, yığcam, siqlətli kəlamları dünya ədəbiyyatında bu janrın ustaları sayılan XVII əsrin fransız mütəfəkkiri Laroşfukonun, XX əsrin polyak müdriki E.S.Letsin məşhur aforizmlərindən geri qalmır.
Kitabın hansı səhifəsini açsan, dərindən-dərin fikirlərlə rastlaşacaqsan. Təəssüf ki, onların hamısını bura köçürmək mümkün deyil.
Vaqif Səmədoğlunun teatr, kino və televiziya əsərlərinin üstündən sükutla keçmək olmaz, çünki onlar da sənətin bu növlərində tamamilə unikal hadisələrdir. “Bəxt üzüyü”nün iştirakçılarını – ağacları sulamaq üçün çırpınan Tanrı bəyi, “detdom uşaqlarının atasının adı olmaz” deyən yetimi, Hacı Qara, Məşədi İbad, Kərəmov kimi folklor personajına çevrilmiş Moşu Göyəzənlini unutmaqmı olar? Ramiz Əzizbəylinin çəkdiyi film kinomuzun əsl milli koloritə malik olan nadir örnəklərindən, ən gülməli və ən kədərli ekran əsərlərindəndir.
Ramiz Həsənoğlunun tamaşaya qoyduğu “Yaşıl eynəkli adam” telefilmləri haqqında da eyni sözləri söyləmək olar. “Yayda qartopu oyunu” pyesində can verən, amma ölüm ayağında belə hamını incidən cəmiyyətin rəmzi obrazı yaradılmışdır.
Vaqifin ən maraqlı səhnə əsərlərindən biri “Generalın son əmri”dir. Vaxtilə Gənclər Teatrında rəhmətlik Hüseynağa Atakişiyev bu pyesi uğurla tamaşaya qoymuşdu. İndi həmin pyesi Ramiz Həsənoğlu Milli Dram Teatrında qurur. Ramizin rejissor yozumuyla tanışam, məşqlərinə baxmışam. Bu quruluşun teatrımızın tarixində orijinal bir hadisə olacağına əminəm, çünki əsərin dramaturgiyası buna geniş imkan yaradır. “Sabun operaları” estetikasında yaranan səhnə əsərləri arasında “Generalın son əmri” polifonik zənginliyiylə seçilir. Bu pyes həm güclü sarkazma malik olan, həm absurd, həm sürrealist teatrın ünsürlərini daşıyan, həm də sırf realist personajlarla xəyalı iştirakçıların ünsiyyətini əks etdirən, diriykən ölənləri və ölüykən diriləri səhnəyə gətirən unikal əsərdir.
Vaqifin son zamanlar xəstələndiyi məlumdur. Mən də bu haqda ona görə yazıram ki, mətbuat bu barədə dəfələrlə məlumat verib. Amma mən xüsusi qeyd etmək istərdim ki, Vaqif bu çətin sınaqdan da heyrətamiz bir kişiliklə, mərdlik və qoçaqlıqla keçir. Vaqifin güclü yumoru əsərlərindən də bəllidir, onu tanıyanlarla ünsiyyətindən də. Amma bu yumor, demə, həm də çox cəsur yumor imiş və bu cəsarət belə anlarda tam dolğunluğuyla açıldı. Vaqif xəstəliyini də zarafata sala bilən hünər sahibidir. Onunla mütəmadi əlaqə saxlayan adam kimi bunu daima müşahidə edirəm.
Bir neçə vaxt qabaq mənə telefon etdi:
– Məni qınayırsan ki, çoxdan şeir yazmıram, – dedi. – Təzə şeir yazmışam, tapşır internetdən çıxarsınlar, oxu.
Tapşırdım, çıxarıb gətirdilər. Şeirdə Allaha müraciət edirdi ki, onu nə vaxt çağıracaq, gündüzmü, gecəmi?!
Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?
Oxuyub dərhal Vaqifə zəng elədim.
– Şeirini oxudum, – dedim, – amma orda başqa bir yazı da var, görmüsən?
– Nə yazı?
– Allahın sənə cavabı. Allah sənə deyir ki, indi başım yaman qarışıqdır, işim-gücüm çoxdur, məni belə yersiz suallarla narahat eləmə. Bir on-on beş ildən sonra müraciət edərsən,onda baxarıq.
Allahla zarafat olmaz, Vaqif. Allaha dua etmək olar. Mən də hər gün Allaha dua edirəm ki, sənin ömrünü uzatsın. Vaxtilə mənə bağışladığın ilk kitabında “dünya bir yana,sən bir yana” yazmışdın.
Mən də bu gün eyni sözləri sənə deyirəm:dünya bir yana,sən bir yana, Vaqulya. Mümkün qədər çox yaşa. Hamımıza lazımsan. Yaradıcılığını toplayan, layiqincə dəyərləndirən, sənin yolunda hər fədakarlığa qatlanan Nüşabə xanıma lazımsan. Səni çox sevən dostlarına, yaxınlarına lazımsan. Milyonlarla oxucuna,tamaşaçına lazımsan.
Mənə lazımsan…
75 yaşın mübarək, qardaşım.
İstanbul–Bakı,31 may–2 iyun,2014
“Ədəbiyyat və incəsənət”
(27.11.2025)
İynə-sap günü, Qolodomor və Alfred Nobelin vəsiyyəti
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bugünə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırıram:
27 noyabr. İynə və sap günü
Nədir bu günün anlamı, dərzilərləmi bağlıdır? Dərhal deyim ki, yox. İynə və sap – bir-birini tamamlama günüdür. Sapsız iynənin, iynəsiz də sapın bir dəyəri olmadığı üçün onlar vəhdətin simvoludurlar. İnsanların da, bildiyiniz kimi həyatda ikinci yarısı, onunla vəhdət təşkil edəcək tərəf-müqabili olur. Bu iynə və sap günündə hamıya öz vəhdət yarısını düz tapmağı, səhv etməməyi arzulayıram.
27 noyabr. Ukraynada milli matəm günü
Bu gün qardaş Ukrayana xalqı Qolodomor qurbanlarının xatirəsini ehtiramla yad edəcək. 1932-33-cü illərdə ukraynalıların kütləvi olaraq aclıqdan qırılması faktı mövcuddur. 13 milyon insanını həyatını itirdiyi o dəhşətli hadisənin səbəbini uzun illər Sovet rejimi dövrün çətinlikləri, taxıl ehtiyatlarının tükənməsi, quraqlıq, eyni zamanda əksinqilabi ünsürlərin törətdikləri sobotajlarla izah edib. Amma perestroykanın aşkarlıq siyasəti sovetlərin müdhiş cinayətinin üstünü açıb. Sən demə, 30-cu illərdə Ukraynanı bürüyən milli-azadlıq hərəkatının, Ukrayna xalqının sovet imperiyasından qopma tələblərinin müqabilində Kreml süni aclıq yaradaraq xalqı cəzalandırıbmış.
27 noyabr. Nüfuzlu alim Zakir Qarayevin ad günü
Gəlin qocaman alimimizi təbrik edək və haqqında bəzi bilgilər əldə edək. 2001-2004-cü illərdə İstanbul Universitetinin Tibb fakültəsi, Mikrobiologiya və immunologiya kafedrasında professor vəzifələrində çalışan, 2004-cü ildən Azərbaycan Dövlət Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrasına müdirlik edən Zakir Qarayev müxtəlif mikroorqanizmlər, radiasiya, hormonal preparatlar, antibiotiklər və s. təsirindən orqanizmdə baş verən immun çatışmazlıqların və ikincili infeksiyaların formalaşma mexanizmlərinin tədqiqinə, diaqnostika, müalicə və profilaktika tədbirlərinin təkmilləşdirilməsinə nail olan görkəmli alimimizdir. (Üstünə düşsə, covid əleyhinə vaksin də hazırlaya bilər). O, 300-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir. Z.Qarayevin yazdığı “Tibbi mikologiya” kitabı mikoloji xəstəliklərin diaqnostikası və müalicəsi haqqında qələmə alınan yeganə əsərdir. Onun rəhbərliyi altında 69 fəlsəfə doktoru, 20 elmlər doktoru hazırlanıb. O, SSRİ-də 3 dəfə dünya miqyaslı konqres təşkil edib, 2009-cu ildə Bakıda 23 ölkədən 300-dən çox alimin qatıldığı 3-cü Avrasiya Klinik Mikrobiologiya, İmmunologiya və İnfeksion Xəstəliklər Beynəlxalq Konqresinin prezidenti kimi konqresin təşkilatçısı olub. Z.Qarayev dünyanın bir çox nüfuzlu elmi cəmiyyət və universitetlərinin akademiki və fəxri doktorudur. O, 2010-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
27 noyabr. Karandaş yadınıza düşürmü?
Hərb sevgili ruslar dəniz piyadası gününü bayram edəcəklər. Braziliyada əmək təhlükəsizliyi, İspaniyada müəllim, Britaniyada Lankaşir, Tailandda sağlamlığı möhkəmləndirmə günüdür. ABŞ isə bu dəfə Milli kremli Bavariya tortu gününü qeyd edəcək.
2010-cu ilin bu günündə amerikalı rejissor, “Ulduz müharibələri” və “Heç vaxt heç vaxt demə” kimi məşhur filmlərin rejissoru İrvin Kerşner dünyasını dəyişib. 1940-cı ildə xüsusən uşaqların çox sevdiyi, filmlərinə baxmaqdan doymadıqları, kinematoqrafiyanın savaş filmləri janrının ən görkəmli nümayəndəsi, Çin əsilli Amerika aktyoru Bryus Li doğulub.
1901-ci ildə Mixail Rumyantsev (şəkildə) – məşhur sovet klounu dünyaya gəlib. Uşaqkən bir dəfə atam məni Bakı Sirkinə aparmışdı, Karandaşın məzhəkəsinə. Bax Karandaş həmin Rumyantsevin təxəllüsüydü. Nə qədər gülmüşdümsə başımdan ağrı qalxmışdı. Sonradan – gərək ki, 83-cü ildə onun vəfat etməsi xəbərindən çox sarsılmışdım, xatırlayıram. O vaxtın yumoru, məzhəkəsi indiki kimi bayağı deyildi, hər bir ştrix hansısa anlamı ifadə edirdi. Həm gülürdün, həm düşünürdün.
1895-ci ildə isveçli Alfred Nobel Bakı neftindən qazandığı milyonlarının vəsiyyətnamə yazaraq Nobel fonduna köçürülməsini təmin edib. 1701-ci ilin bu günündə başqa bir məşhur isveşlinin – astronom, geoloq və meteroloq Anders Selsinin (temperaturun dərəcə ölçüsü onun adıyladır) doğum günüdür. 1095-ci ildə Roma Papası 2-ci Urbanın qərarı ilə tarixdə ilk səlib yürüşü baş tutub. E.ə. 8-ci əsrdə isə antik dünya ədəbiyyatının tanınmış siması, şair Horatsiy dünyasını dəyişib.
“Ədəbiyyat və incəsənət”
(27.11.2025)
Şeir saatı Təranə Dəmirlə
“Ədəbiyyat və incəsənət” 2 gün dalbadal – dünən və bu gün sabah sizlərə Təranə Dəmirin şeirlərini təqdim edir.
DƏRDİ VAR
Onsuz da bu dünyada
Hərənin öz dərdi var.
Ağlayanın birdisə,
Gülənin yüz dərdi var.
Bölünmüşük sədlərə,
Şəkillərə,bütlərə,
Tükəsini yüz yerə
Bölənin yüz dərdi var.
Arzunu sus aparır,
Ürəyi buz aparır,
Gedən canın qurtarır,
Gələnin yüz dərdi var.
Dünya düşüb təpərdən,
Nə göydənik,nə yerdən,
Xəbər çıxmır xəbərdən,
Bilənin yüz dərdi var.
Hərə öz havasında,
Şükründə,duasında,
Şahlar taxt davasında,
Kölənin tüz dərdi var.
Gün görən yox biz təki,
Dayan təki,döz təki,
Hərə bir fikir çəkir,
Şələnin yüz dərdi var.
Soluruq yarpaq-yarpaq,
Ölürük torpaq -torpaq,
Hamımız ovuq,ancaq,
Tələnin yüz dərdi var.
ŞAİR OLDUM
Tək-tənha uşaqdım,
Hamıdan uzaqdım.
Dostum divarlardı,daşlardı,
Ağaclardı,quşlardı.
Ayla,ulduzla danışardım,
Gec küsüb,tez barışardım.
Darıxanda barmaqlarıma
rəngli-rəngli üzük şəkli çəkərdim,
Hər ölən kəpənəkçün göz yaşı tökərdim.
Dilimi kimsə bilməzdi,
Saçlarım sığala gəlməzdi,
Sonra şair oldum.
NEYNİM
Neyləyim bir yerdə qərar tutmadım,
Gəzdim aran məni,gəzdim dağ məni.
Hayana getdimsə yurda tələsdim,
Çəkdi öz canına bu torpaq məni.
Çəkdi şoran çöllər məni uzaqdan,
Dumana tələsdim,çənə tələsdim.
Təndir çörəyinin ətrinə qaçdım,
Buğdaya tələsdim, dənə tələsdim.
Kəndin çamuruna,tozuna döndüm,
Açmadı şəhərin havası məni.
Məni tanımadı burda ağaclar,
Şəhərin sərçəsi, qarğası məni.
Öyrəşə bilmədim gen küçələrə,
Maşın tüstüsünə,siqnal səsinə.
Bir ürkək, bir sakit kənd uşağıydım,
Sığmadım şəhərin təntənəsinə.
Qaldım şəhər ilə kəmd arasında,
Nə şəhərli oldum,nə kəndli,neynim.
Mənim bahar ömrüm, mənim qış ömrüm,
Eləcə yollarda tükəndi, neynim.
MƏNİ
Ol dedi,düşdüm tələyə,
İnandım bəxtə,taleyə,
Dayandım üzüküləyə,
Küləklədi zaman məni.
Yol verdim gəlib gedənə,
Düşdüm neyçinə,nədənə,
Bu ruh sığmadı bədənə,
Buraxmadı qadam məni.
Qanadlandım,uçammadım,
Ayaqlandım,qaçammadım,
Heç kimdən heç nə ummadım,
Tanımadı Adam məni.
Könlümü açdım varağa,
Açınca düşdüm qınağa,
Qoymadılar yaşamağa
Bu bəy məni,bu xan məni.
Bəlkələrdən tutub qaldım,
Kölgələrdə batıb qaldım,
Neyləyim ki,yatıb qaldım,
Olmadı oyadan məni.
“Ədəbiyyat və incəsənət”
(27.11.2025)
Azərbaycan Nəşriyyatları Assosiasiyası Türküstan Kitab Sərgisində iştirak edir
Noyabrın 26-da Qazaxıstanda Türküstan Kitab Sərgisinin açılış mərasimi keçirilib.
Sərgidə Azərbaycan Nəşriyyatlar Assosiasiyasının (ANAİB) üzvü olan Hədəf Nəşrləri, XAN Nəşriyyatı və Altun Kitab Nəşriyyatı da öz stendləri ilə iştirak edirlər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgiyə fəxri qonaq kimi qatılan ANAİB İdarə Heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq qeyd edib ki, kitab milli kimliyin qoruyucusu və mədəniyyətimizin ipək yoludur.
“Bu festival yalnız kitab təqdimatı deyil, türk dünyasının ortaq mədəni xəritəsinin yenidən çəkilməsi, oxucularla nəşriyyatlar arasında körpünün qurulmasıdır. Festival türk dünyasının sözə, kitaba və mədəniyyətə olan sevgisinin bayramıdır”, – deyə Şəmil Sadiq öz çıxışında vurğulayıb. Türk dünyasının filosof şairi, azərbaycanlı mütəfəkkir Hüseyn Cavidin “Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” fəlsəfəsini xatırladan Şəmil Sadiq tədbiri Azərbaycan nəşriyyatlarının və türk dünyası oxucularının mədəni əlaqələrini möhkəmləndirən, fikir mübadiləsinə imkan yaradan və gələcək üçün yeni əməkdaşlıq imkanlarını açan mühüm platforma kimi dəyərləndirib.
Sərgi çərçivəsində TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan stendini ziyarət edib.
“Ədəbiyyat və incəsənət”
(27.11.2025)
Türk yazı sistemlərinin tarixi
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası haqqında olan layihəsində bügünkü söhbətimiz Türk yazı sistemlərinin tarixibarədədir.
Türk yazı sistemlərinin tarixi türk xalqlarının mədəni inkişaf dinamikasını, onların siyasi-coğrafi mühitlə qarşılıqlı münasibətlərini və dillərin funksional dəyişikliklərini əks etdirən çoxqatlı prosesdir. Bu tarix eyni zamanda türk xalqlarının müxtəlif dövrlərdə fərqli sivilizasiya mərkəzləri ilə əlaqəsini, dini və ictimai transformasiyaları da göstərir. Türk etnoslarının ən qədim yazılı abidələri Orxon–Yenisey runik sistemi ilə bağlıdır. Qədim türk runik yazısı VI–VIII əsrlər arasında Orxon vadisi və Yenisey bölgəsində formalaşmış, Göytürk dövlətinin siyasi tarixi, ictimai quruluşu və ideoloji təsəvvürləri bu yazı ilə daş və digər materiallar üzərində əks olunmuşdur. Runik işarələr fonetik prinsiplərə əsaslanan, lakin öz quruluşunda xüsusi qrafik simvollardan ibarət unikal türk yazı sistemini təmsil edir. Bu sistem türk dillərinin erkən dövr fonetikasını və leksikasını öyrənmək üçün əsas mənbə olmaqla yanaşı, türk runik epigrafikasının özünəməxsus inkişaf mərhələsini təşkil edir.
Orxon–Yenisey ənənəsindən sonra türk xalqlarının istifadə etdiyi əsas yazı sistemlərindən biri Uyğur yazısı olmuşdur. Uyğur yazısı qədim Soqd əlifbasından törəmiş, lakin zamanla türk dilinin fonetik xüsusiyyətlərinə uyğunlaşdırılmışdır. IX–XIV əsrlər arasında Uyğur Kağanlığında, daha sonra Qaraqanilər, Qaraxanlılar və digər türk siyasi birlikləri dövründə geniş yayılmış bu yazı ədəbi dilin inkişafında mühüm rol oynamışdır. Türk dünyasında erkən dövlət və şəhər mədəniyyətinin yayılması ilə Uyğur yazısı iqtisadi, siyasi və dini mətnlərin əsas daşıyıcısına çevrilmiş, buddizm, manixeyçilik və nestorian xristianlığı kimi dini ənənələrin türk mühitində yazılı ifadəsinə imkan yaratmışdır.
Türk xalqlarının islamı qəbul etməsi ilə yazı ənənəsində yeni mərhələ – ərəb əlifbasına keçid başlanmışdır. X əsrdən etibarən oğuz, karluk və digər türk qrupları arasında ərəb yazısı geniş yayılmış, xüsusilə Səlcuq və sonrasında Osmanlı dövründə bu əlifba türkdilli ədəbiyyatın əsas qrafik bazasına çevrilmişdir. Ərəb əlifbasının tətbiqi həm dini, həm hüquqi, həm də mədəni sahələrdə vahid yazı sistemi formalaşdırmış, türk-islam mədəniyyətinin yüksəlişi ərəb qrafikası vasitəsilə yazılı mədəniyyətin inkişafını da sürətləndirmişdir. Eyni zamanda bu əlifba türk dilinin fonetik quruluşunu tam əks etdirməsə də, uzun əsrlər boyunca geniş sosial-mədəni funksiyaya malik olmuşdur.
XIX əsrin sonları–XX əsrin əvvəllərində Rusiya imperiyası və daha sonra SSRİ tərkibində yaşayan türk xalqlarının yazı sistemi yenidən dəyişmiş və bir sıra türkdilli respublikalarda kiril qrafikasına keçid baş vermişdir. Kiril əlifbasının tətbiqi siyasi və inzibati məqsədlərlə əlaqəli olmaqla yanaşı, türk dillərinin fonetik xüsusiyyətlərinə uyğunlaşdırılmış müxtəlif variantların yaranmasına səbəb olmuşdur. Bu proses dilin tədrisi və idarəçilik mühitində vahidlik yaratmağa yönəldilsə də, türk dünyasının qrafik bütövlüyünü parçalamış və müxtəlif bölgələr arasında yazılı mədəni əlaqələrin məhdudlaşmasına gətirib çıxarmışdır.
XX əsrin ilk yarısından etibarən türk xalqlarının bir qismi, xüsusilə Türkiyə Cümhuriyyəti, daha sonra müstəqillik əldə edən digər türkdilli respublikalar latın əlifbasına keçid prosesinə başlamışdır. Latın qrafikasının tətbiqi fonetik uyğunluq, sadəlik, texnoloji integrasiya və beynəlxalq əlaqələrin asanlaşdırılması baxımından əlverişli hesab edilmişdir. Müstəqillikdən sonra Azərbaycan, Türkmənistan, Özbəkistan kimi ölkələr latın əlifbasını dövlət yazı sistemi kimi qəbul etmiş, Qazaxıstan isə mərhələli keçid modelini həyata keçirməyə başlamışdır. Latın yazısının genişlənməsi türk dünyasında qrafik inteqrasiya imkanlarını artırmış, müasir texnoloji mühitdə dilin istifadəsini daha çevik etmişdir.
Beləliklə, türk yazı sistemlərinin tarixi hər bir mərhələdə müxtəlif siyasi, dini və mədəni faktorların təsiri altında formalaşmış kompleks və çoxşaxəli inkişaf xəttidir. Orxon runik yazısından başlayaraq uyğur, ərəb, kiril və latın qrafikası arasında baş verən keçidlər türk mədəniyyətinin davamlı transformasiyasının göstəricisidir və bu yazı sistemləri türk xalqlarının minillik mədəni irsinin ayrılmaz tərkib hissəsidir.
“Ədəbiyyat və incəsənət”
(27.11.2025)


