ANAR, “Balaca Vaqifin böyük sənəti” Featured

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

                                                        

ANAR. “BALACA” VAQİFİN BÖYÜK SƏNƏTİ

 

Vaqif Səmədoğlunun 75 yaşı tamam olur. Vaqif haqqında Azərbaycanda, Türkiyədə və Moskvada dərc edilmiş bir neçə məqaləm var. O yazılarımda yaradıcılığını anladığım, duyduğum və bacardığım şəkildə araşdırmağa çalışdım. Bu yazım isə bir az başqa səpkidədir.

 Əvvəlcə başlıqda dırnaq arasında “balaca” sözünü izah edim. “Balaca” sözü Rəsul Rzanın misralarından gəlir. Bu yazını Türkiyədə yazmağa başlayıram. Əlimin altında atamın kitabı yoxdur. Odur ki, Rəsul Rzanın misralarını sitat kimi deyil, orda ifadə olunmuş fikir kimi verirəm. Fikir isə dəqiq yadımdadır:

 

Sevirəm Füzulini, Sabiri,

Bir də “balaca” Vaqifi.

 

Vaqif Səmədoğlunun nə boyu balacadır, nə şəxsiyyəti, nə də bu şeir yazılan vaxt yaşı...

“Balaca” sözü Vaqifi böyük Molla Pənahdan fərqləndirmək üçün işlənib. Əlbəttə, Rəsul Rza Molla Pənah Vaqifi də sevirdi, “Sən elə gözəlsən binədən, Pəri” misraları dilinin əzbəri idi. Amma “balaca” Vaqifin adının Füzuliylə, Sabirlə bir sırada çəkilməsi gənc şairin istedadına verilən yüksək qiymət idi.

Vaqifin ilk şeirlərini atama mən oxumuşdum. Və elə ilk tanışlıqdan onu şair kimi qəbul etmişdi. Sonrakı, daha mükəmməl şeirləriylə tanış olduqca onun haqqında “Geniş yollara çıx” adlı məqalə yazdı və Vaqifin bir neçə şeiriylə birlikdə “Azərbaycan” jurnalında çap etdirdi.

Hər şeydə bir başqa niyyət axtaranlar, hər şeyi tərs yozanlar, hər hərəkətdən pis nəticələr çıxaran bəzi ağzıgöyçəklər haray-həşir qaldırdılar: “Rəsul Rza Səməd Vurğunun oğlunu öz tərəfinə çəkir, öz üslubuna uyğun yazmağa çağırır” və s. və bu kimi ax-vaylı çərənləmələr. Halbuki elə həmin məqalədə Rəsul Rza Vaqifə müraciətlə deyirdi: “Həm adınla, həm mənsub olduğun ocaqla bağlı şair adını şərəflə daşı, usanma, yorulma, yaz, yarat”.

Vaqifin “mənsub olduğu ocaqla”, yəni Səməd Vurğun ocağıyla nə qədər bağlı olduğunu zaman özü sübut etdi. Zaman onu da sübut etdi ki, məqsəd Vaqifi kimdənsə ayırmaq, kiminsə tərəfinə çəkmək deyildi. Məqsəd ilk addımlarından böyük istedadı bəlli olan gənc qələm sahibini vaxtında lazımınca dəyərləndirmək, ona yol açmaq, onu yersiz hücumlardan qorumaq idi. Elə ilk şeirlərindən top-tüfənglə qarşılanan gənclərin isə qorunmağa ciddi ehtiyacı vardı. Ədəbi mühitimizin bir qəribə şakəri var: ilk oxunuşdan qəribə, qeyri-adi görünən hər şeyi dərhal amansız tənələrlə qarşılamaq. Özü də ən yaramaz üsullara əl ataraq: sərt, ölçüsüz-biçisiz tənqidlərdən tutmuş hərzə replikalaracan, “şeir, ya tapmaca” səpkili nadan yazılarından tutmuş qəzəbi təşkil olunmuş “oxucu məktublarınacan”.

Mühafizəkar ədəbi mühitdə ən çox nifrəti məhz ən çox heyrətləndirən şairlər qazanır. İllər keçdikcə o vaxtlar Vaqifə və bir neçə başqa istedadlı və bənsərsiz şairə hücumlar normal şüura istehza kimi, bədii məntiqə karikatura kimi səslənir indi. Şübhə yoxdur ki, o dövrdəki nadanların müasir mənəvi xələfləri istedadlı adamlara cahilcəsinə atmacalar atarkən bunlar da haçansa inanılmaz karikatura kimi, ağıl sapıntısı kimi qavranılacaqdır.

 Amma ən qəribə paradoks odur ki, bir vaxtlar yeni poeziyanın ilk örnəklərinə ağız büzənlər ədəbiyyatda həmin təmayüllər təsdiq olunandan sonra əvvəl dediklərini unudaraq, dünən inkar etdiklərini bu gün tərifləməyə başladılar. Vaqif poeziyasına münasibətdə də belə sifət və mövqe dəyişənlər az olmadı, Vaqifin poeziyasında sərbəst və heca vəznində şeirlərin haqq-hesabını çəkib, onu məhz ənənəvi şeirin təmsilçisi kimi təqdim etməyə çalışdılar.

 Vaqifin ilk şeirlərinin birində belə misralar vardı:

 

Yazıram şeirin neçə dilində

Yazıram bəzən.

Qorxuram deməyə də

Rəsul Rza stilində.

 

Şeiri çapa verərkən Vaqif mənim xahişimlə bu misraları çıxartdı – dedi-qodulara qida verməmək üçün.

Amma mən bu gün tam məsuliyyətlə deyə bilərəm ki,Vaqifin poeziyası nə Rəsul Rza stilində,nə Səməd Vurğun səpkisində yazılmış şeirlərlə səciyyələnir. Vaqif sənətinin böyüklüyü onun təkrarsızlığında, bənzərsizliyində və yalnız onun özünə məxsus stilində, səpkisindədir…

Əlbəttə, hər bir böyük şair sələflərinin yaradıcılığından da bəhrələnir. Böyük şair müxtəlif vasitələri, bədii səpkiləri yalnız özünəməxsus şəkildə mənimsəyərək, öz orijinal üslubunu yaradır. Bu barədə ən dürüst və dəqiq fikri Vaqif Səmədoğlu Rəsul Rzanın 90 illiyi qeyd edilərkən yubiley gecəsində çıxışında dedi:

“Həyat sübut etdi ki, Səməd Vurğunun ənənəvi formalardakı poeziyası nə qədər novator poeziya idisə, Rəsul Rzanın yeni formada yazdığı seirləri, əsərləri o qədər Azərbaycan poeziyasının ən gözəl, ən qabaqcıl ənənələrinə söykənir”.

Bu sözləri bütünlüklə Vaqif Səmədoğlu poeziyasına da şamil etmək olar. Onun şeirlərində ənənəvi şeirimizdən gələn axıcılıq, qulağayatımlılıq yeni şeirə məxsus gözlənilməz, qeyri-adi obrazların və təşbehlərin vəhdətində canlanır.

Vaqifin daha sonrakı mərhələlərdə yazdığı şeirlərlə tanış olarkən atamın dediyi sözlər yaxşı yadımda qalıb: “Vaqif çox irəli gedib. Gərək özümü yığışdırım”.

Yəni təcrübəli, tanınmış şair gənc qələm sahibinin uğurlarıyla bağlı yaradıcılıq yarışına girməyə həvəslənirdi. Atamın dilindən heç bir başqa şair haqqında – istər öz nəslinə mənsub olanlar, istər daha sonrakı nəsillərin nümayəndələri – heç biri haqqında belə söz deməyini eşitməmişdim.

Məncə, Vaqifin ən parlaq özəlliyi, ən böyük uğuru heç kəsin demədiyini heç kəsin ağlına gəlməyən şəkildə deməsindədir. Bu poeziya bizə bildiyimizi bir daha izah etməyə çalışmır, bizi hər şeyə tamam başqa bucaqdan baxmağa çağırır.

İki dəfə iki dörddür. Bu, həqiqətdir. Bunu və buna bənzər həqiqətləri şeirlə ifadə etsən, heç bir etiraz doğurmaz. Amma bu, arifmetik həqiqətdir, reallığın həqiqətidir, bədii həqiqət deyil. Bədii həqiqət isə çox vaxt reallığın məntiqi dışındadır. Vaqifin belə misraları var:

İndi özündən küs,

Mənim min inamım var dünyada.

 

Adi şeirdə bu misralardan sonra nə gələ bilərdi? İnamın sadalanması – dünyaya inam,insanlara inam,ədalətə inam və s.

 Amma Vaqif bu misraları belə davam edir:

 

Uzaqda bir külək var,

Küləyin üstdə bayraq.

 

Şəxsən mənimçün poeziyanın gözlənilməzlik gücü məhz bundadır. Yəni ayrıldığın insana “indi özündən küs” deyəndən sonra nəyə arxalandığını, nəyə dayandığını ifadə etmək üçün belə gözlənilməz, oxşarsız və ona görə də qəlbin ən gizli qatlarına varan bir obraz tapılıb.

Uzaqla, çox uzaqda, çox-çox uzaqda bir külək var və bu uzaq küləyin (“uzaq külək” özü nə qədər qeyri-adi ifadədir) üstündə də bayraq. Yəqin ki, heç bir şərhlə, izahla bu obrazın cazibəsini sübut etmək mümkün deyil, bunu yalnız duymaq olar.

Vaqif poeziyası onlarla, yüzlərlə belə örnəklərlə zəngindir.

Yaxud ictimai təhlükələrin xofunu, nigaran qəlblərdə oyanan səksəkəsini bu misralardan yaxşı necə ifadə etmək olardı:

 

 Bilirsənmi, artıq kəsib

 Ümid keçən yolları

 Tikilməmiş türmələrin

 Hörülməmiş hasarı.

 

Emin Sabitoğlunun yazdığı gözəl mahnının sözləri – Vaqifin sözləri yadıma düşür:

 

Bir axşam taksidən düşüb payıza,

Bilmədik hayana, haraya gedək.

Bahar həsrətiylə payız axşamı

Yenə həzin-həzin titrədi ürək.

 

Payızın əlindən qaçıb bir küncə

Dayandıq üzümüz dənizə sarı

Yenə tapılmadı payız gəlincə

O uzaq günlərin itmiş açarı.

 

İlk variantda əslində şeirin bəzi misraları başqa cür idi:

 

Bir axşam taksidən düşüb payıza,

Bilmədik hayana, haraya gedək.

Dərin sularını qatıb dayaza

Dəniz də bağlandı yay kinosu tək.

 

 Payızın əlindən qaçıb bir küncə

 Dayandıq üzümüz qibləyə sarı.

 Yenə tapılmadı payız gəlincə

 O uzaq günlərin itmiş açarı.

 

Kinomuzun ovaxtkı rəhbərliyi bu misraları bu şəkildə buraxmadı. Yaxşı, hələ onu başa düşmək olar ki, sovet adamları üzü qibləyə sarı dayana bilməz, bəs payızda yay kinosunun bağlanması niyə etiraz doğururdu? Demə, bu da kinoteatrların planı yerinə yetirə bilməməsinə işarə kimi yozula bilərdi.

 Adil Bəbirovun bəstələdiyi başqa bir gözəl mahnı – Vaqifin sözlərinədir:

 

Gördüyümüz şəhərləri,

Sevdiyimiz şeirləri,

Ah çəkdiyin gecələri,

Yox dediyin küçələri,

Payız rəngli baharları,

Kölgən düşən divarları

Ürəyimdən qopar, qopar,

Özünlə apar.

 

Eşq bitəndə ağrılı xatirələrdən qurtulmaq üçün bitən sevgini andıran hər şeydən xilas olmaq istəyirsən: haçansa sevgilinin kölgəsi düşmüş divarları da özüylə aparmasını xahiş edirsən.

Vaqif hansı janrda yazır-yazsın, şeir, mahnı mətni, pyes, kinossenari – hər an istedadı görünür. Vaxtilə qəzetdə çap etdirdiyi qısa, yığcam fikirlərini “Müdriklərlə üz-üzə” adlı kitabında topladı. Vaqifin qısa, yığcam, siqlətli kəlamları dünya ədəbiyyatında bu janrın ustaları sayılan XVII əsrin fransız mütəfəkkiri Laroşfukonun, XX əsrin polyak müdriki E.S.Letsin məşhur aforizmlərindən geri qalmır.

Kitabın hansı səhifəsini açsan, dərindən-dərin fikirlərlə rastlaşacaqsan. Təəssüf ki, onların hamısını bura köçürmək mümkün deyil.

Vaqif Səmədoğlunun teatr, kino və televiziya əsərlərinin üstündən sükutla keçmək olmaz, çünki onlar da sənətin bu növlərində tamamilə unikal hadisələrdir. “Bəxt üzüyü”nün iştirakçılarını – ağacları sulamaq üçün çırpınan Tanrı bəyi, “detdom uşaqlarının atasının adı olmaz” deyən yetimi, Hacı Qara, Məşədi İbad, Kərəmov kimi folklor personajına çevrilmiş Moşu Göyəzənlini unutmaqmı olar? Ramiz Əzizbəylinin çəkdiyi film kinomuzun əsl milli koloritə malik olan nadir örnəklərindən, ən gülməli və ən kədərli ekran əsərlərindəndir.

Ramiz Həsənoğlunun tamaşaya qoyduğu “Yaşıl eynəkli adam” telefilmləri haqqında da eyni sözləri söyləmək olar. “Yayda qartopu oyunu” pyesində can verən, amma ölüm ayağında belə hamını incidən cəmiyyətin rəmzi obrazı yaradılmışdır.

Vaqifin ən maraqlı səhnə əsərlərindən biri “Generalın son əmri”dir. Vaxtilə Gənclər Teatrında rəhmətlik Hüseynağa Atakişiyev bu pyesi uğurla tamaşaya qoymuşdu. İndi həmin pyesi Ramiz Həsənoğlu Milli Dram Teatrında qurur. Ramizin rejissor yozumuyla tanışam, məşqlərinə baxmışam. Bu quruluşun teatrımızın tarixində orijinal bir hadisə olacağına əminəm, çünki əsərin dramaturgiyası buna geniş imkan yaradır. “Sabun operaları” estetikasında yaranan səhnə əsərləri arasında “Generalın son əmri” polifonik zənginliyiylə seçilir. Bu pyes həm güclü sarkazma malik olan, həm absurd, həm sürrealist teatrın ünsürlərini daşıyan, həm də sırf realist personajlarla xəyalı iştirakçıların ünsiyyətini əks etdirən, diriykən ölənləri və ölüykən diriləri səhnəyə gətirən unikal əsərdir.

Vaqifin son zamanlar xəstələndiyi məlumdur. Mən də bu haqda ona görə yazıram ki, mətbuat bu barədə dəfələrlə məlumat verib. Amma mən xüsusi qeyd etmək istərdim ki, Vaqif bu çətin sınaqdan da heyrətamiz bir kişiliklə, mərdlik və qoçaqlıqla keçir. Vaqifin güclü yumoru əsərlərindən də bəllidir, onu tanıyanlarla ünsiyyətindən də. Amma bu yumor, demə, həm də çox cəsur yumor imiş və bu cəsarət belə anlarda tam dolğunluğuyla açıldı. Vaqif xəstəliyini də zarafata sala bilən hünər sahibidir. Onunla mütəmadi əlaqə saxlayan adam kimi bunu daima müşahidə edirəm.

Bir neçə vaxt qabaq mənə telefon etdi:

– Məni qınayırsan ki, çoxdan şeir yazmıram, – dedi. – Təzə şeir yazmışam, tapşır internetdən çıxarsınlar, oxu.

Tapşırdım, çıxarıb gətirdilər. Şeirdə Allaha müraciət edirdi ki, onu nə vaxt çağıracaq, gündüzmü, gecəmi?!

 

Allah, nə var, nə yox?

Məndən nə xəbər var?

Gecələri özüm sayaram,

Üzümə açılacaq neçə səhər var?

Bəyənəcəksənmi məni,

Bəndəni hansı gözlə görəcəksən?

Allah,

Özüm gəlim,

Ya kimisə göndərəcəksən?

 

Oxuyub dərhal Vaqifə zəng elədim.

– Şeirini oxudum, – dedim, – amma orda başqa bir yazı da var, görmüsən?

– Nə yazı?

– Allahın sənə cavabı. Allah sənə deyir ki, indi başım yaman qarışıqdır, işim-gücüm çoxdur, məni belə yersiz suallarla narahat eləmə. Bir on-on beş ildən sonra müraciət edərsən,onda baxarıq.

Allahla zarafat olmaz, Vaqif. Allaha dua etmək olar. Mən də hər gün Allaha dua edirəm ki, sənin ömrünü uzatsın. Vaxtilə mənə bağışladığın ilk kitabında “dünya bir yana,sən bir yana” yazmışdın.

 Mən də bu gün eyni sözləri sənə deyirəm:dünya bir yana,sən bir yana, Vaqulya. Mümkün qədər çox yaşa. Hamımıza lazımsan. Yaradıcılığını toplayan, layiqincə dəyərləndirən, sənin yolunda hər fədakarlığa qatlanan Nüşabə xanıma lazımsan. Səni çox sevən dostlarına, yaxınlarına lazımsan. Milyonlarla oxucuna,tamaşaçına lazımsan.

Mənə lazımsan…

75 yaşın mübarək, qardaşım.

 İstanbul–Bakı,31 may2 iyun,2014

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.