Türk ədəbiyyat – Dilavər Osman, Kırım Featured

 

“Ədəbiyyat və incəsənət” portalının Türk ədəbiyyatı rubikasında bu gün sizlərə Kırımtatar şairi Dilavər Osmanın şeirləri təqdim edilir. Şeirləri tatarcadan və ruscadan çevirən Dr. Həyat Şəmidir.

 

Canını əzabdan qoruyan şair olmaz!

 

Canını əzabdan qoruyan

Şair olmaz.

Özünü xalqdan ayıran

Yaşıyammaz.

 

Adını, dilini unudan -

Müğənni heç olmaz.

Dünyanı kitabdan tanıyan –

Bunu anlamaz. 

 

Dilavər Osman Kırım tatarıdır. Özbəkistanın Bekabad şəhərində anadan olub. Təhsilini və musiqi kolecini Özbəkistanda tamamlayıb. Kazan şəhərində Musiqi Konservatoriyasını bitirib. Şeirləri Kırımtatar dilində və Kazan şivəsində “İdil”, “Kazan atəşləri”, “Tatar eli”ndə, “Yıldız” kırımtatar dərgisində, Qazaxıstan, Özbəkistan, Rumıniya və Türkiyədə çap olunub.

“Kırım gülləri”, “Kırım – qanayan yaram” şeir kitablarının müəllifidir. Eyni zamanda Kazanda kırımtatar şairlərinin şeirlərindən ibarət “Kırım mənim ürəyimdə” adlı tərcümə kitabını nəşr etdirmişdir.

Tatarıstan və Ukrayna Yazarlar Birliyinin üzvüdür.

Dilavər Osman 1998-ci ildə Kırımtatar Milli Məclisinin başkanı Mustafa Əbdülcəmil Kırımoğlunun mətbuat katibliyinə təyin olunmuşdur. Akməsciddə Kırım Dövlət Mühəndislik Universitetində müəllim olaraq çalışmışdır. 

2009-cu ildən “Yıldız” kırımtatar ədəbiyyat dərgisinin baş redaktorudur. Kırımtatar Yazarlar Birliyinin katibidir. Tatarıstan və Kırım Cümhuriyyətində bir çox mükafatlara layiq görülmüşdür. 2007-ci ildə Musa Cəlil ödülü ilə mükafatlandırılmışdır.

 

 

AZAD MİLLƏT YOLUNDA

 

(Qurultayın 100 illiyinə)

 

 

And içirəm, söz verirəm millət üçün ölməyə,

Bilib-görüb millətimin göz yaşını silməyə.

Bilsəm, görsəm, min yaşasam, qurultaylı xan olsam,

Ölsəm bir gün məzarçılar gələr məni gömməyə.

 

Noman Çelebicihan, 1916

 

 (Kırımtatar xalqı qurultay vəkillərinin 1917-ci ilin dekabr ayında Bağçasarayda elan etdikləri Krım (Qırım) Hökumətinin başçısı. O, 1918-ci ilin fevral ayının 23-də bolşeviklər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş və meyiti Qara dənizə atılmışdır.  Şair kırımtatar xalqının “And içirəm” himninin müəllifidir)

 

 

Dalğalandı göy bayrağın, Qurultaylı xalq oldun,

Hayqırışla “Haqqım” dedin, xalqla birgə var oldun,

“Ey, gidi tatar gəncləri”[1] “And içirəm” sizinlə,

Bilib, görüb millətini çağırdın haqq sözünlə.

Böylə gündə basıb gəldi ağlar, qırmızılar, almanlar,

Nehirlərdən sular deyil, axan bizim al qanlar.

Tatarlar asıb-kəsildi, dağıdıldı saraylar,

Nomanların andı üçün qurban getdi babalar.

Qurultayı devirdilər, gənc tatarlar tutuldu,

Neçə canlar fəda oldu, həbslərə atıldı.

Basqın oldu - kəskin oldu, öldü igid ərənlər,

Həlak oldu millət üçün canından can verənlər.

 

Yüz il keçdi, yenə endi Xansaraya kölgələr,

Tatarların başı üstdən əsdi qapqara yellər...

“Bastırıq[2]”dan eşidirəm, çıxammadı Nomanlar,

Göz yaşını Göy Bayrağa tökdü bizim analar.

Eşidirəm yenə fəryad, qalmaqallı Krımdan...

Gənc tatarlar qurban getdi azad millət yolunda,

Daha neçə yüz il keçər, xalqın ulduzu sönməz,

Nomanları doğuran xalq heç bir zaman yenilməz.

 

 

SƏNSİZ

 

Mən səni gözlədim ümid sönəndə,

Inancım tükənib, zülmət enəndə.

Mən səni aradım, gəzdim yuxuda,

Bulmadım, tapmadım, yoxsan orada.

 

Sən mənə gərəksən, qoruyanımsan,

İstidən, soyuqdan, yaxşı-yamandan

Sənsiz boş dünyanın küncü-bucağı,

Zülmətə qərq olar günün hər çağı.

 

Sənsiz açılmaz ki, bağımda güllər,

Boynunu bükərlər məxmər qönçələr…

Soluxan güllərin göynər yarası,

Çiçəklər ağlayar, olmaz çarəsi.

 

 

 

QARĞALAR

 

Krıma qarğa basqını başladı,

Sürü-sürü gəlib Krımı daşladı…

Yenə əsib coşur qara dalğalar,

Qarğalar tək qapqaradır buludlar.

 

Ötməz oldu Krımda bülbüllər,

Susdu torağaylar, büküldü güllər,

Susdu azan səsi, susdu səlalar,

Talandı camilər və mədrəsələr.

 

Krımı dərd sardı və yadlar aldı,

İnlədi içindən daşı-torpağı.

Sular durdu, saf bulaqlar ağladı,

Yasa batdı Krım xiyabanları.

 

Çatırdağın[3] uca zirvəsinə,

Qonub toplandılar bu qara quşlar.

Ağ Qayanın[4] ağappaq üzündən,

Axar gözüdolusu qan yaşlar…

 

Qarğalar qarıldayır, dolaşırlar,

Hər yerdə ac itlər ulaşırlar,

Dünya gördükcə heyrətə gəlir,

Kimin yurdunu görün kim paylaşır?

 

Ah Krımda susdu huzur səsləri,

Qarğalar yanında sərçələr gəzir,

Ana yurdum, səni kim qoruyacaq,

“And içirəm” deyibən qurtaracaq?

 

Uzandı Krıma yenə yad əllər,

Qarğalarla doldu… ümid Allaha.

Yurdumda duyulur əcnəbi səslər,

“Ey tatar, necəsən?” deyən yox daha.

 

Qarğalar padişahı, eyvah dost!

Yaşıl yurda ayaq basammırıq biz.

Ağ günümüz qara oldu, eyvah dost!

Yol-izdəki qarğalara verək son.

 

Qopar bir gün yenə də fırtına,

Qarğalar sürülər öz yurduna.

Dağılar qara buludlar bir gün,

Qılınar şükür namazı hər gün.

 

 

VƏTƏN

 

Ağ qağayılar uçar,

Dənizlərin üzündə.

Duyular çiçək qoxusu…

Görüşənədək, cəsur Kırım!

Dağlar, dənizlər,

“Getmə” deyə pıçıldaşan sahillər…

Doğma yurdum mənim: ormanlar, çaylar,

Sönməsin ocağın, isti qucağın…

Şəlalələr uçar, uçar xəyallar.

Əcdadımdan qalıb hər daşında izlər.

Yox, mən səndə deyil,

səhralarda doğuldum,

böyümədim

büllur sularından içərək.

Fəqət,

taleyimin əvvəli-sonu sənsən.

Mən dan yeri söküləndə gəldim,

Sənə “Vətənim” dedim,

Krım!

Vətənim sənsən…

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2025)

 



[1] Ey, gidi tatar gəncləri” -  Noman Çelebicihanın şeirinin adıdır.

[2]“Bastırıq” - Noman Çelebicihanın əsərinin adıdır, tərcüməsi zindan, həbsxana deməkdir.

[3] Çatırdağ – Krımın ən hündür dağlarından birinin adı

[4] Ağ Qaya – Qarasubazar yanındakı qayanın adı

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.