“Ədəbiyyat və incəsənət” 2 gün dalbadal – dünən və bu gün sabah sizlərə Təranə Dəmirin şeirlərini təqdim edir.
DƏRDİ VAR
Onsuz da bu dünyada
Hərənin öz dərdi var.
Ağlayanın birdisə,
Gülənin yüz dərdi var.
Bölünmüşük sədlərə,
Şəkillərə,bütlərə,
Tükəsini yüz yerə
Bölənin yüz dərdi var.
Arzunu sus aparır,
Ürəyi buz aparır,
Gedən canın qurtarır,
Gələnin yüz dərdi var.
Dünya düşüb təpərdən,
Nə göydənik,nə yerdən,
Xəbər çıxmır xəbərdən,
Bilənin yüz dərdi var.
Hərə öz havasında,
Şükründə,duasında,
Şahlar taxt davasında,
Kölənin tüz dərdi var.
Gün görən yox biz təki,
Dayan təki,döz təki,
Hərə bir fikir çəkir,
Şələnin yüz dərdi var.
Soluruq yarpaq-yarpaq,
Ölürük torpaq -torpaq,
Hamımız ovuq,ancaq,
Tələnin yüz dərdi var.
ŞAİR OLDUM
Tək-tənha uşaqdım,
Hamıdan uzaqdım.
Dostum divarlardı,daşlardı,
Ağaclardı,quşlardı.
Ayla,ulduzla danışardım,
Gec küsüb,tez barışardım.
Darıxanda barmaqlarıma
rəngli-rəngli üzük şəkli çəkərdim,
Hər ölən kəpənəkçün göz yaşı tökərdim.
Dilimi kimsə bilməzdi,
Saçlarım sığala gəlməzdi,
Sonra şair oldum.
NEYNİM
Neyləyim bir yerdə qərar tutmadım,
Gəzdim aran məni,gəzdim dağ məni.
Hayana getdimsə yurda tələsdim,
Çəkdi öz canına bu torpaq məni.
Çəkdi şoran çöllər məni uzaqdan,
Dumana tələsdim,çənə tələsdim.
Təndir çörəyinin ətrinə qaçdım,
Buğdaya tələsdim, dənə tələsdim.
Kəndin çamuruna,tozuna döndüm,
Açmadı şəhərin havası məni.
Məni tanımadı burda ağaclar,
Şəhərin sərçəsi, qarğası məni.
Öyrəşə bilmədim gen küçələrə,
Maşın tüstüsünə,siqnal səsinə.
Bir ürkək, bir sakit kənd uşağıydım,
Sığmadım şəhərin təntənəsinə.
Qaldım şəhər ilə kəmd arasında,
Nə şəhərli oldum,nə kəndli,neynim.
Mənim bahar ömrüm, mənim qış ömrüm,
Eləcə yollarda tükəndi, neynim.
MƏNİ
Ol dedi,düşdüm tələyə,
İnandım bəxtə,taleyə,
Dayandım üzüküləyə,
Küləklədi zaman məni.
Yol verdim gəlib gedənə,
Düşdüm neyçinə,nədənə,
Bu ruh sığmadı bədənə,
Buraxmadı qadam məni.
Qanadlandım,uçammadım,
Ayaqlandım,qaçammadım,
Heç kimdən heç nə ummadım,
Tanımadı Adam məni.
Könlümü açdım varağa,
Açınca düşdüm qınağa,
Qoymadılar yaşamağa
Bu bəy məni,bu xan məni.
Bəlkələrdən tutub qaldım,
Kölgələrdə batıb qaldım,
Neyləyim ki,yatıb qaldım,
Olmadı oyadan məni.
“Ədəbiyyat və incəsənət”
(27.11.2025)


