“Ədəbiyyat və incəsənət” portalının “Dünya ədəbiyyatı” rubrikasında sizlərə Hans Kristian Andersenin “Mələk” nağıl-hekayəsini təqdim edirik. Hekayəni dilimizə Dünyaxanım Mehdiyeva-Qəribli tərcümə edibdir.
Hər dəfə yaxşı, xeyirxah, gözəl çöhrəli uşaq öləndə, dünyasını dəyişəndə göydən yerə Mələk enib kőrpənin əlindən tutub, qucağına götürür və iri qanadları ilə onun ən sevdiyi yerlərin üstündən uçur. Yol üstü onlar cürbəcür güllərdən yekə gül dəstəsi toplayıb, özləri ilə səmaya gotürürlər. Hardakı onlar yerdən fərqli olaraq daha da gözəl çiçəklənib, daha ətirli rayihə saçırlar. Ulu Tanrı da bütün o çicəkləri köksünə sıxır, amma ona ən çox gözəl görünənin yalnız bircəsini öpür: həmin gül Tanrıdan səs payı alır və mübarək ruhların xoruna qatılır.
Bunların hamısını ölmüş uşağı qucağında səmaya doğru aparan Mələk danışırdı. Uşaqsa Mələyi elə bil yuxudaymış kimi eşidirdi. Onlar, uşağın həyatda ikən gəzdiyi, olduğu yerlərin, gozəl çicəklər açan yaşıl bağların, bağçaların üstündən uçurdular.
-Bu güllərdən hansılarını səmaya götürək,- deyə Mələk mehribanlıqla uşaqdan soruşdu.
Bağçada gözəl, yarı cəhrayi rəngli qızıl gül kolu vardı. Lakin kiminsə pis, kobud əli onun budaqlarını elə sındırmışdı ki, yarı açmış qöncələrlə dolu olan kol, demək olar qurumuş və kədər içində sallanıb qalmışdı.
- Yazıq kol,- deyə uşaq sarsıntı ilə dedi. Əgər mümkünsə gəl onu da özümüzlə səmaya götürək ki, orada bu gül, yenə də açsın.
Mələk, kolu götürüb və uşağı elə bərk öpdü ki, körpənin gözləri azca açıldı. Daha sonra onlar çoxlu tər güllər, həmçinin təvazökar bənövşələr və sadə xrizantemlər də dərdilər.
- Bax indi tamamlandı. Biz, mənim sevdiyim gülləri götürdük,- deyə uşaq sevinclə dilləndi.
Mələk razılıqla başını silkələdi və onlar uçmağa davam etdilər.
Gecə sakit və işıqlı idi; bütün şəhər yatmış və dərin yuxuya getmişdi. Onlar dar bir küçənin üstündən uçurdular. Səkidə, yol qırağında saman, kül qırıqları, cürbəcür zir-zibil; alebastr qırıntıları, kirəmit qırıqları, cırım- cındır, geyinilmiş şlyapalar… Bir sözlə sanki bir əsrə yaxın işlənmiş və formasını itirmiş əşyalar tökülüb qalmışdı : elə bil bir gün əvvəl buradan köç olmuşdu.
Mələk, bütün bu lazımsız zir-zibilin içindəki köklərilə bir ovuc torpağa sarılmış, sınmış gül dibçəyindən tökülən çöl gülünə işarə elədi. Gül, artıq solmuş və yararsız hala düşdüyündən, onu atmışdılar.
- Gəl bunu da özümüzlə götürək,- deyə Mələk bildirdi. Mən sənə uçduğumuz müddətdə bu gül haqqında danışacağam.
Mələk yerə enib, gülü götürdü və uçduqca danışmağa başladı.
- Bu dar küçədə, alçaq zirzəmidə bir kasıb və xəstə oğlan yaşayırdı. O, lap körpə yaşlarından həmişə yataqda xəstə yatırdı. Özünü yaxsı hiss etdikdə isə qoltuq dəyənəyi ilə bu balaca hinə bənzər otağında iki dəfə irəliyə və geriyə gəzirdi. Vəssalam. Yay vaxtı hərdən günəş yarım saatlıq bu zirzəmiyə də boylanırdı. O zaman oğlan, günəşin şəfəqləri altında əyləşib, əllərini günün işığına uzadıb, barmaqlarından axan al qana tamaşa eləyirdi. Belə günəş altında oturmalar ona gəzintini əvəzləyirdi. Meşələrin zəngin yaz örtüyünə bürünməsini isə o, qonşu oğlunun ona yenicə yarpaqlamış fıstıq budağını gətirməsindən bilirdi. Oğlan, həmin budağı başının üzərində tutub fikrən yaşıl fıstıq ağacının altına uçurdu. Hardakı günəş parlayır və quşlar cəh-cəh vururdu. Bir dəfə qonşu oğlan ona çöl-çəmən çiçəkləri gətirmişdi. Onların arasında olanlardan birinin üstündə kökü də vardı. Oğlan, həmin gülü dibçəkdə əkib, çarpayısına yaxın bir yerdə qoydu. Görünür əli çox yüngül oldu. Çünki gül tez özünü tutdu və böyüməyə başladı. Özündən yeni çıxıntılar, köklər verdi. O artıq hər il açırdı və oğlan üçün bu gül, bütöv bir bağçaya bərabər idi. Həmin çöl gülü oğlanın torpaqdakı balaca, gözəl xəzinəsi idi. Oğlan ona su verir, qulluq eləyir və balaca hinə düşən hər günəş şəfəqinin ondan yan keçməməsinə fikir verirdi. Oğlan, balaca sevimlisi ilə yaşayıb, nəfəs alırdı. Axı o gül məhz onunçün açıb və rayihə saçırdı. Hətta
Ulu Tanrı oğlanı yanına səslədiyi, çağırdığı anda belə oğlan, üzünü gülə tərəf çevirdi... Son dəfə ona həsrətlə baxdı…
Budur artıq bir ildir ki, oğlan Tanrının yanındadır və bir il idi ki, həmin gül hamı tərəfindən unudulmuş, pəncərədə qalmış, solmuş, qurumuş və digər lazımsız əşyalarla bir yerdə küçəyə atılmışdı. Bax biz, indi həmin solmuş, zavallı gülü özümüzlə götürdük. Çünki o kral bağ-bağçalarındakı gur açan güllərdən daha çox sevinc bəxş etmişdi həmin oğlana.
- Sən bütün bunları hardan bilirsən, -deyə körpə maraqla Mələkdən soruşdu.
- Bilirəm, - deyə Mələk dedi. Axı o kasıb, şikəst, qoltuq dəyənəkləri ilə gəzən oğlan mən özüm olmuşam. Mən, öz gülümü tanıdım!
Bu zaman körpə gözlərini daha da iri açıb, Mələyin gözəl və sevinclə dolu simasına maraqla baxdı.
Elə həmin andaca onlar Uca Yaradanın yanında, səmada peyda oldular. Harda ki, əbədi sevinc və şadlıq hökm sürür. Ulu Tanrı bütün gülləri köksünə basdı, lakin təkcə o zavallı, solmuş çöl çiçəyini öpdü və həmin gül də Ulu Tanrını əhatə eləyən mələklərin xoşuna gəldi…
Mələklərin bəziləri Ulu Tanrının lap yanında, o biriləri bir az aralıda, digərləri isə lap aralıda, əksəriyyəti isə çox-çox uzaqda uçurdu, amma buna baxmayaraq onlar hamısı sevinc dolu, bəxtiyar və xoşbəxt idilər…
Hamı oxuyurdu. Böyüklər də, yenicə dünyasını dəyişmiş körpə də və səkiyə, küçəyə lazımsız əşyalarla birgə atılmış, solmuş, qurumuş həmin çöl çiçəyi də… Çünki artıq o da dirçəlmiş, yarpaqlar və gözəl çiçəklər açmışdı…
Ədəbiyyat və incəsənət”
(27.11.2025)


