Azərbaycan Nəşriyyatları Assosiasiyası Türküstan Kitab Sərgisində iştirak edir

 

 

Noyabrın 26-da Qazaxıstanda Türküstan Kitab Sərgisinin açılış mərasimi keçirilib.

Sərgidə Azərbaycan Nəşriyyatlar Assosiasiyasının (ANAİB) üzvü olan Hədəf Nəşrləri, XAN Nəşriyyatı və Altun Kitab Nəşriyyatı da öz stendləri ilə iştirak edirlər. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgiyə fəxri qonaq kimi qatılan ANAİB İdarə Heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq qeyd edib ki, kitab milli kimliyin qoruyucusu və mədəniyyətimizin ipək yoludur.

“Bu festival yalnız kitab təqdimatı deyil, türk dünyasının ortaq mədəni xəritəsinin yenidən çəkilməsi, oxucularla nəşriyyatlar arasında körpünün qurulmasıdır. Festival türk dünyasının sözə, kitaba və mədəniyyətə olan sevgisinin bayramıdır”, – deyə Şəmil Sadiq öz çıxışında vurğulayıb. Türk dünyasının filosof şairi, azərbaycanlı mütəfəkkir Hüseyn Cavidin “Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” fəlsəfəsini xatırladan Şəmil Sadiq tədbiri Azərbaycan nəşriyyatlarının və türk dünyası oxucularının mədəni əlaqələrini möhkəmləndirən, fikir mübadiləsinə imkan yaradan və gələcək üçün yeni əməkdaşlıq imkanlarını açan mühüm platforma kimi dəyərləndirib.

Sərgi çərçivəsində TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan stendini ziyarət edib.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.