Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə 20-ci əsrin əvvəllərində yazıb yaratmış Tahir Rasizadənin  şeirləri təqdim edilir. 

 

 

Günəş doğarkən

 

Afaqa əlin yendiriyorkən dəli ruzgar

Birdən-birə silkindi fəza, axdı buludlar.

Sıyrıldı qaranlıq gecələrdən,

Qurtuldu səma bilməcələrdən.

 

Parlarkən üfüqlərdə doğan qırmızı halə,

Yüzlərdə gülümsərdi əməllər bu xəyalə.

Güllər küləklərlə sərazad,

Daldan-dala bülbüllər ötər şad.

 

 

Ətrafə fərəh nəşə saçarkən...

...

Dağlar, dərələr, güldü çəmənlər

Birlikdə bahar ömrü içənlər...

 

Orman dərənin köksünə yaslanmış uyurdu,

Qızğın günəşin nurunu içmiş kibi durdu.

Seyr etdi, gülümsündü uzaqdan,

Çıldırdı könüllər bu maraqdan.

 

 

Şairin xülyası

 

...Uzaqlarda sirr oxudu füsunlu gecə,

İncə bir tül buluddan endi gizlicə.

 

Qaplayınca qumaşlı bir örtü sahili,

Mavi səndal heyran oldu böylə doğuşa,

Atlas donlu dəniz aldı bizi ağuşa.

Ayın hüsnünü əmərkən sevdalı ada

Bir qətrə su oldu sandal içrə dəniz.

...Şəbnəmli dodaqlar haman başladı sözə.

 

"Bən bir sevda dənizində tənha yaşar bir inciyəm,

Şairlərin xülyasına ilham saçar əfsunçuyam.

Gecələri bürünərək ayın sirmə tellərinə

Uzadaram əllərimi o məhəbbət ellərinə".

 

Göyün parlaq çiçəkləri xəyalıma dastan yazar,

Qızğın günəş üfüqlərə yayılınca həmən pozar.

Dolaşaraq sevda coşan könüllərin dənizində

 

...Ansızın bir fırtınayla sarsıldı oda,

Dışarıda sızlardımı ruzgarın neyi?

Şair, xülya baharından şu xəzan eyi.

 

01.07.1928

 

 

Ona

 

Gül, sevdiciyim, gülməmizin əsl zamanı,

Təzyin edəlim eşq ilə gəl, biz də bu anı.

Gənclik... buna vabəstə həyatın həyəcanı

Təzyin edəlim eşq ilə gəl, biz də bu anı.

 

Doğmaqda günəş, əsmədə meh, ötmədə bülbül,

Bin dürlü bəşaşətlə gülümsər bizə hər gül.

Gül, sevdiciyim, nazlı gülüşlərlə sevin, gül,

Təzyin edəlim eşq ilə gəl, biz də bu anı.

 

 

Olsun 

 

İstərəm sevgili dilbər mənə canan olsun,

Qul olum mən ona, ancaq mənə sultan olsun.

 

Eşidim əmrini hər ləhzə böyük minnətlə,

Qurban etməkçin ona cismdə min can olsun.

 

Taleyə şükr edərəm, vallahi, ömrüm uzunu,

Şövq ilə qönçə dodaqlar mənə xəndan olsun.

 

Raziyəm vəslinə ancaq yetişim bir ləhzə,

Sonra istər əbədi hicr ilə zindan olsun.

 

Söylə, bir hurimisən, yoxsa, mələksən, dilbər?

Heç inanmam bu gözəllikdə də insan olsun.

 

Toplaşıb başına həp türfə gözəllər nə ki var,

Hüsnünə Misr Züleyxası da heyran olsun.

 

Ölürəm, eşqin ilə rəhm elə bir an, ey qız,

Olma razı ki, hüzurunda nahaq qan olsun.

 

Tahirəm, dünyada bir başqa məramım yoqdur,

İstərəm bircə gecə yar mənə mehman olsun.

 

 

Mən istərəm 

 

Mən istərəm, sevda qoqan pərilər

Mənim büllur kaşanəmə dizilsin.

Gökyüzində inci sərpən nəzərlər

Pərilərin baş ucunda süzülsün.

 

Mən istərəm, əlvan güllər, çiçəklər

Pəncərəmin qoğuşunda açılsın.

Tatlı günəş camlarında doğunca,

Kaşanəmə rəngli nurlar saçılsın.

 

Mən istərəm, hər şey dalsın sükutə

Solğun məhtab işığını sərpərkən.

Mən istərəm, bülbül ötsün, gül açsın

Səba yeli alınları öpərkən.

 

Mən istərəm, ömrün incə bir tül

Geyinərək sevda ilə görünsün.

Əsrarəngiz təxəyyüllər içində

Tatlı, gözəl röyalərə bürünsün.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2025)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Əvəlik dolmasının hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR 

§ Ət – 117 qr

§ Əvəlik – 50 qr

§ Düyü – 55 qr

§ Soğan – 20 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ qatıq – 50 qr, sarımsaq – 2 qr 

 

HAZIRLANMASI:

Içlik üçün soğanla çəkilmiş ətə duz, istiot, düyü əlavə olunur və qa- rışdırılır. Əvəlik yarpaqları yuyulub pörtlədilir, içərisinə içlik qoyulur və bükülür. Dolmalar qazana yığılır, üzərinə işgənə əlavə olunur və bişi- rilir. Əgər ətin yağı az olarsa, yağ da əlavə oluna bilər. Bişdikdən sonra süfrəyə sarımsaqlı qatıqla verilir.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2025)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə dünyaşöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin (1141-1209) zəngin ədəbi irsinin tədqiqi və beynəlxalq aləmdə təbliği sahəsində diqqətəlayiq addımlar atılır. Bu məqsədlə ölkəmizin Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) dahi şairin “Xəmsə”sinə daxil olan bütün əsərlərin orijinaldan türk dilinə tərcüməsi və nəşri layihəsini həyata keçirir. 

 

“Ədəbiyyat və incəsənət” portalına Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Mərkəzin növbəti layihəsi ilə türk dilinə tərcümə edilmiş Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması Ankarada çapdan çıxıb. Əsəri Ərzurum Atatürk Universitetinin professoru, tərcüməçi Nimet Yıldırım türkcəyə çevirib. 

Kitabın ön sözündə qeyd olunur ki, Nizaminin hər bir poeması mükəmməl və təkrarsız sənət əsəridir. “Sirlər xəzinəsi” əsəri isə dahi şairin ilk məsnəvisi olmaqla, müdrik fikirlərlə zəngin bir hikmət xəzinəsi, həyatın ayrı-ayrı sahələrini əhatə edən, yeni ideya və qənaətləri ifadə edən və hekayətlərdən ibarət bir poemadır. 

Qeyd edək ki, 2024-cü ildə Türkiyədəki AMM-in layihəsi ilə Nimet Yıldırım tərəfindən Nizaminin “İskəndərnamə” əsəri türk dilinə tərcümə olunaraq Ankarada işıq üzü görmüşdü. 

Xatırladaq ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin Xalq şairi Camal Kamal tərəfindən “Xəmsə”yə daxil olan beş əsərin hər biri orijinaldan özbək dilinə tərcümə edilərək çapdan çıxıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2025)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Bu gün çağdaş Azərbaycan nəsrinin ən görkəmli nümayəndələrindən biri olan yazıçı, tənqidçi, pedaqoq, mətbuat və mədəniyyət xadimi  Seyid Hüseynin (Seyid Hüseyn Sadiqin) doğum günüdür.

 

Çağdaş Azərbaycan nəsrinin, xüsusilə hekayə janrının inkişafı və XX əsrin əvvəllərində ədəbi tənqidin yaranması Seyid Hüseynin adı ilə bağlıdır.

Şirin hekayə ustası kimi şöhrət qazanmış Seyid Hüseynin nəsri çağdaş Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafı dövrünün ən parlaq səhifələrindən biri sayılır.

 

Hüseyn Mirkazım oğlu Sadıqzadə 25 yanvar 1887-ci ildə Bakıda dünyaya gəlib.

Atasını erkən itirən yazıçı babasının himayəsində böyüyüb.

O, əvvəl Mollaxanada, daha sonra isə dörd ilə yaxın dövrünün görkəmli maarif xadimlərindən biri olan Mahmud bəy Mahmudbəyovun müdiri olduğu Rus-tatar məktəbində təhsil alıb.

Azərbaycan, rus və fars dillərini mükəmməl öyrənib.

XX əsrin əvvəllərində babsının vəfatından sonra əmək fəaliyyətinə başlayan Seyid Hüseyn 1904-1914-cü illərdə müxtəlif qəzet redaksiyalarında ədəbi işçi kimi fəaliyyət göstərib. 

O,  ilk öncə "Kaspi" və "Təzə həyat" qəzetlərinin mətbəəsində mürəttiblik etmiş, "Bəhlul", "Kəlniyət" və "Qurtuluş"  jurnallarının naşiri olmuş 1913-1914-cü illərdə "İqbal" jurnalının baş redaktoru vəzifəsində çalışmışdır. 

Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra Bakıda orta məktəb və texnikumlarda müəllim kimi fəaliyyət göstərmiş,  

"Kommunist" qəzeti, "Şərq qadını" jurnalı redaksiyakarında çalışmış, "Azərnəşr" in bədii ədəbiyyat şöbəsinin redaktoru olnuşdur.

Yazıçı bədii yaradıcılığa 1907-ci ildə başlamış qəzet və jurnallarda  məqalə və felyetonlarla çıxış etmişdir.

Çağdaş Azərbaycan nəsrinin, hekayə janrının və ədəbi tənqidin inkişafında Seyid Hüseynin xüsusi rolu olmuşdur.

1927-ci ilə qədər müvəqqəti-mühərrir kimi şöhrət qazanmış  yazıçı mədəni-maarif cəmiyyətlərinin işlərində fəal iştirak etmişdir.

O, 1934 -cü ildə Azərbaycan yazıçılar ittifaqının üzvü olmuşdur. Lakin, Ziyalılarımıza qənim kəsilmiş Stalin represiyası adlı ölüm maşını təəssüf ki, Seyid Hüseyndən də yan keçməmişdir. O, 1936-cı ildə yazıçılar ittifaqının üzvlüyündən kənarlaşdırılmış, əsərləri kəskin tənqid olunmuş və ona xalq düşməni damğası vurulmuşdur.

Seyid Hüseyn 1937-ci ildə həbs edilmiş 1938-ci ilin yanvarında güllələnmişdir.

Həmçinin yazıçının həb­sin­dən bir ne­çə ay so­nra – 2 no­yabr 1937-ci il­də onun həy­at yol­da­şı şair Ümmügülsüm хa­nım da xalq düşməninin həyat yoldaşı damğası ilə  həbs edi­lə­rək Ba­yıl həbs­хa­na­sı­na gön­də­ri­lmiş və bir müddət so­nra  8 il həbs cə­za­sı­na məh­kum edi­lə­rək, MTN sə­nəd­lə­ri­nə əsa­sən 1938-ci il­də Tem­laq İs­lah əmək Düşə­rgə­si­nə gön­də­ri­lmişdir.

Onu da qeyd edək ki, Ümgülsüm xanım Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı olmuşdur və Seyid Hüseynlə Ümgülsüm xanımın Oqtay, Toğrul və Qumral  adlı üç övladı olmuşdur.

Seyid Hüseyn ədəbi yaradıcılığa başladığı ilk illərdə ara- sıra sonralar isə müntəzəm olaraq  qəzet və jurnallarda "Kazımoğlu", "Hüseyn Sadiq", "Seyid Hüseyn", "Seyid Hüseyn Sadıqzadə",  "Mühərrir" imzaları ilə ədəbi-tənqidi məqalələrlə çıxış etmişdir. Müəllifin müxtəlif illərdə "Ağ valideyn yaxud zavallı Məşədi Zaman", Qaçaq oğul yaxud ata məhəbbəti", "Yeni həyat yollarında" kimi bir çox kitabı işıq üzü görmüş, "Gələcək həyat yollarında", "Şirinnaz", "İki həyat arasında", "Yatmış kəndin qış gecələrində", "Gilan qızı" və s.  kimi hekayələri, "Altun", "Yalan", "Gözləllik nədir" və s. kimi məqalələri xüsusi oxucu rəğbəti qazanmışdır.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2025)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

23-24 yanvarın tarixlərində Тюрк Mədəniyyəti və İrsi Fondunun (TMİF) Bakı şəhərində yerləşən Baş qərargahında Şura iclasına hazırlıq məqsədilə ikinci ekspert görüşü baş tutub. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin xarici işlər və mədəniyyət nazirlərinin nümayəndələri, həmçinin təşkilatın əməkdaşları iştirak edib.

Öncə Fondun prezidenti Aqtotı Raımkulova qonaqları salamlayıb və 2024-cü ildə Fondun həyata keçirdiyi işlər barədə ətraflı məlumat verib. O, Fond tərəfindən 74-dən çox layihə və tədbirin reallaşdırıldığını vurğulayıb. Aqtotı Raımkulova bir sıra mühüm layihələri qeyd edib:  Astanada keçirilən sammit çərçivəsində Alaqul Osmonovun Bişkekdəki ev-muzeyinin bərpa və yenidənqurma işlərinin tamamlanması, "Türk Dünyası 2040-a baxış" sənədinə və TURKTIME-ın təşəbbüsünə uyğun olaraq Türk Mədəniyyəti İrsinin Kataloqunun hazırlanması, Beşinci Dünya Köçərilər Oyunlarının dəstəklənməsi, İstanbulda Türk mədəniyyət irsinin idarə olunması sahəsində mütəxəssislər arasında təcrübə və bilik mübadiləsi proqramının keçirilməsi, "Türk Dünyasının Məşhur Şəxsiyyətləri", "Türk ədəbiyyatının Zərgərləri", "Türk Dünyasının Elmi Xəzinələri" adlı kitab seriyalarının nəşr edilməsi, Bakıda "Türk Dünyası tarixi və mədəni irsinin UNESCO perspektivindən öyrənilməsi və qorunması" mövzusunda beynəlxalq konfransın təşkili, Parisdəki UNESCO qərargahında türk dünyasının görkəmli  alimi Mahmud Kaşğari tərəfindən XI əsrdə yazılmış "Divani Lüğət at-Türk" adlı ilk Türk dilləri ensiklopedik lüğətinin 950 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans və sərginin keçirilməsi.

İclasın gündəliyində Türk xalqlarının mədəni irsinin qorunub saxlanılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri yer alıb. Dövlət orqanlarının nümayəndələri və Fondun əməkdaşları təşkilatın normativ sənədlərində dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparıb, 2025 və 2026-cı illər üçün Fondun fəaliyyət planlarına daxil edilmiş Türk Dünyasının zəngin irsinin populyarlaşdırılması, qorunması və bərpasına yönəlmiş layihələr ətrafında ətraflı müzakirələr aparılıb.

Qeyd etmək lazımdır ki, cari ildə Fondun Şurasına Qazaxıstan Respublikası sədrlik edir və Fondun təsisçi ölkələrinin mədəniyyət nazirlərinin iştirak edəcəyi 2-ci Şura iclası 2025-ci il fevralın 7-də Astana şəhərində keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2025)

Şənbə, 25 Yanvar 2025 17:06

UNUDULMAZ FİLMLƏR - “Fəryad”

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

Hər dönəmin öz çətinlikləri, ağrısı olur. Bu çətinliklər müstəqilliyini yenicə əldə edən Azərbaycandan da yan keçmədi. Bir tərəfi vətəndaş müharibəsi ilə üz-üzə dayanmış, bir tərəfi isə qonşu deyib yanına adlığı ermənilər tərəfindən işğal edilən Azərbaycan səsini dünyaya heç cür eşitdirə bilmirdi. Öz dediyimizi elə özümüz də eşidirdik. O dönəmlərdə “səsimizi eşitdirməyin yolu film çəkməkdən keçir” sözü işlədilsəydi həmin adama gülərdilər. Ancaq çoxunun gülüb keçə biləcəyi bu fikir reallaşdı. Ssenari müəllifi Vaqif Mustafayev,  rejissoru və baş rolunun aktyoru Ceyhun Mirzəyevin olduğu “Fəryad”  filmi 1993-cü ildə çəkildi. 

Filmdə Xçaturyan rolunu o qədər yaxşı oynamışdı ki, aktyor Məlik Dadaşovu, deyilənə görə, Ermənistanda milli qəhrəman deyə ananlar da var idi. 

Filmin daha real bir şəkildə olması üçün o dönəm işğal zamanı Naftalanda məskunlaşan Xocalı sakinlərinin də köməyi olub. Hətta söylənənlərə görə Ceyhun Miirzəyev çəkilişlərdən o qədər təsirlənib ki, filmin operatoru Kənan Məmmədova   “zülmdən sağ qurtulan insanları yenidən öldürməyək” deyib ağlayıb. 

O dönəm yaşadıqlarımızı göz önünə gətirəndə həm millət olaraq, həm də insan olaraq necə çətin və sarsıdıcı ortamdan keçdiyimiz gözlər önünə sərgilənir. Qarabağımız hər nə qədər azadlığına qovuşsa belə o dönəmi unutmaq ağlımızdan, beynimizdən çıxarmaq qeyri-mümkündür. Həmd olsun ALLAHA, qisas günümüz qiyamətə qalmadı. 

ALLAH şəhidlərimizə rəhmət etsin, qazilərimizə ŞAFİ ismi ilə şəfa versin. 

 

“Ədəbiyyat və İncəsət”

(25.01.2025)

Şənbə, 25 Yanvar 2025 13:59

Nərgiz hər kəsə hədiyyə edilməz

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Maddi olaraq ən ucuz, mənəvi olaraq isə ən qiymətli güllərdən biridir nərgiz. Onun sadəliyi, ətirli varlığı və incə gözəlliyi insanların qəlbində xüsusi bir yer tutur. Amma hər gül kimi, nərgiz də hər ürəyə toxuna bilmir. Çünki nərgizin qiymətini anlamaq üçün yalnız gözəlliyini görmək kifayət deyil, onu hiss etmək, onunla xatirələr paylaşmaq lazımdır.

 

Nərgiz haqqında maraqlı məlumatlar:

 

Nərgizlər (Narcissus) soğanaqlı bitkilərdir və baharın gəlişini müjdələyən ilk çiçəklərdəndir. Adını yunan mifologiyasındakı Narcissusdan alır. Əfsanəyə görə, Narcissus öz əksinə vurulub özündən başqa heç kəsi sevməyən bir gənc idi. Bu əfsanə nərgizin bəzi mədəniyyətlərdə təvazökarlıq və ya tərsinə, eqoizm simvolu kimi qəbul edilməsinə səbəb olub. Amma həqiqət budur ki, nərgiz həyatı təcəssüm edir: qısa ömrü ərzində hüzur, xatirə və sevgi ilə doludur.

 

Hər kəsə hədiyyə edilməz:

 

Nərgiz hər kəsin sevdiyi bir gül deyil. Qoxusu bəzilərinin başını ağrıda bilər, bəzilərinə isə xoşbəxtlik gətirər. Onu anlamaq, sevmək və dəyərini bilmək xüsusi bir incəlik tələb edir. O, yalnız sevilməyə layiq olanların ruhuna toxunar və yalnız həqiqi sevənlər üçün dəyərli bir hədiyyədir.

 

Nərgiz baxçası: 

Öz hüzurunu yarat

 

Nərgizlərdən söz düşəndə, onların yalnız başqalarından hədiyyə olaraq gözlənilməməsi vacibdir. Həyatda hüzur və xoşbəxtliyi bir başqasından ummaq yerinə, öz içində yaratmağı öyrənmək lazımdır. Öz nərgiz baxçanı yaratmaq, həyatını öz sevincinlə doldurmaq deməkdir. Çünki hüzur və gözəllik yalnız özündən başlayır.

 

Bir az sevgi, bir az nostalji

 

Nərgizlər sadəcə bir çiçək deyil, onlar xoş xatirələrin və keçmişin qoxusunu daşıyır. Bir nərgiz baxçasında gəzdiyiniz zaman sanki milyonlarla xatirə ayaqlarınızın altında canlanır. Hər bir saplağı sanki həyatın qısa, lakin dərin məna daşıyan bir hissəsini təmsil edir.

 

Sonda, unutmayın: 

 

Nərgizlər yalnız baharın müjdəçisi deyil, ruhunuzu sevgi ilə dolduracaq bir çiçəkdir. Onun dəyərini bilmək, onu yalnız gözə deyil, ürəyə də toxundura bilmək deməkdir. Nərgizlərin hüzurunu yaşamaq istəyirsinizsə, gözləməyin – özünüzə bir nərgiz baxçası yaradın və onu xatirələrinizlə bəzəyin.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2025)

  “Ədəbiyyat və incəsənət” portalı AYB üzvü Coşqun Xəliloğlunun “Dost xəyanəti” hekayəsini “Redaksiyanın poştundan” rubrikasında təqdim edir.

 

 

 

 

Dostumla dənizin sahilində gəzirdik. Birdən Niyaz dedi,  oturaq, bir siqaret çəkək.

Siqareti az-az çəkirəm, daha doğrusu, təzə-təzə öyrənməyə başlamışam. Niyazla nə vaxt gəzməyə çıxıram, mütləq məni siqaretə “qonaq” edir. Əvvəllər etiraz edirdim, indi isə təklifə “yox” deyə bilmirəm.

Çinar ağacının altındakı oturacaqda əyləşdik. Hərəmiz bir siqaret alışdırıb qoyduq damağımıza, acı tüstünü ləzzətlə ciyərimizə çəkməyə başladıq.

-Əyləşmək olar?- beli bir az bükülmüş, üz-gözü qırışmış 60-65 yaşlarında  bir kişi yanımızdakı boş yerə işarə edərək soruşdu.

-Buyurun əmi, əlbəttə olar.

-Neftçilər məhləsindənsiniz?- o, mənim üzümə baxaraq mehribanlıqla soruşdu.

-Bəli.

-Nə gözəl... Mənim dostum da orada yaşayır, adı Qüdrətdir.

-Hə, Qüdrət əmini tanıyırıq, qonşumuzdur, yaxşı adamdır.

-Sinif yoldaşı olmuşuq.

-Əmi, amma o, deyəsən sizdən cavandır?

Qüdrət əmi təzə tanışımızdan ən azı 7-8 yaş kiçik görünürdü.

-Yox, əslində mən ondan 6 ay kiçiyəm. On il bir sinifdə oxumuşuq. Məni tez qocaldan siqaret oldu.

Niyaz səbrsizləndi:

-Siqaret nədir ki, adamı belə qocaltsın. Əksinə, siqaret çəkəndə adamın beyni dincəlir, gərginlikdən, stressdən uzaq olur.

Həmişəki kimi o, özünü çoxbilmiş kimi göstərməyə çalışdı.

Təzə tanışımız aram-aram danışmağa başladı:

-Əgər vaxtınız varsa, qulaq asın, sizə “siqaretin faydası”ndan danışım, özü də öz şəxsi təcrübəmə əsasən. İnanmazsınız, mən siqaretlə tanışlığa başlayanda heç 9 yaşım da yox idi. Kənddə yaşayırdıq. İkinci sinfi qurtarıb yay tətilinə buraxıldıq. Bir neçə gün sonra  məktəbimizin təmirinə başladılar. Məktəbə yaxın yaşadığımız­dan hər gün qonşu uşaqlarla birlikdə inşaatçıların yanına gedirdik. Onların əksəriyyəti cavan idi. Həm də mehriban insanlar idilər.  Tez bir zamanda bir-birimizlə isinişdik.

 

Azacıq susub davam etdi:

-Kənddə hamının bağçası mer-meyvəylə doluydu - ərik, gilas, alça, gavalı.. nə qədər yığrsan yığ, kimə pay verirsən, ver. Bir gün nənəm dedi ki, ay bala, yazıqdrılar, səhərdən axşama kimi işləyirlər ki, məktəbiniz vaxtında təmir olunsun. Allaha da xoş gedər. Bu mer-meyvədən yığın, aparın verin onlara. Təklif ürəyimcə oldu. Hər meyvədən bir az dərib apardım məktəbə. Təmirçilər həvəslə işləyirdilər. “Əmi, sizə meyvə gətirmişəm” dedim. “Sənə də qurban olum, meyvələrinə də” - uzunboy, qıvrımsaç, Xanlar adlı cavan oğlan səbəti əlimdən aldı və digərlərinə səsləndi ki, əlinizi saxlayın, Əli dostumuz bizə pay gətirib. Ustalar meyvələrdən götürüb yeməyə başladılar. Tez bir vaxtda səbət boşaldı. Mənə təşəkkür etdilər. Bu dəm Xanlar siqaret yandırıb damağına qoydu. Birdən nə fikirləşdisə: “Əli, bəlkə, sənə də birin?” dedi. Cavabımı gözləmədən ikinci papirosu yandırıb mənə verdi. Bir az tərəddüd etsəm də qoydum damağıma.

Həmsphbətiumiz köks ötürdü:

   -Hər gün meyvə yığıb təmirçilərə aparırdım və hər dəfə bir siqaretlə mükafatlanır­dım. Avqustun axırında dostlarım işlərini bitirib getdilər. Elə onlardan ayrıldığım günün sabahı darıxmağa başladım. Əlbəttə, onlara görə yox, siqaretə görə. Nə edəcəyimi bilmirdim. Kiminsə görəcəyindən qorxsam da getdim evimizdən bir az aralıdakı zibilliyi eşələməyə. İki dənə yarısı çəkilməmiş papiros kötüyü tapdım. Birini yandırıb başladım çəkməyə. Sonra məktəb açıldı. Elə birinci gün məktəbdə gizlincə siqaret çəkən uşaqlarla dostlaşdım. Tez-tez dərsə gecikir, sinifdə fikrimi toplaya bilmirdim. Çox keçmədən sinfin ən pis oxuyan şagirdlərdən birinə çevrildim. Müəllimimiz də mənim siqaret çəkdiyimə və pis oxuduğuma görə atamı məktəbə çağırdı. O da mənim hərəkətimə görə çox pis oldu. Atam müəllimə söz verdi ki, mənə nəzarəti artıracaq və mən özümü düzəldəcəyəm. Atam rayon mərkəzində tikinti idarəsində bənna işləyirdi. Səhər obaşdan evdən çıxır, gecələr evə qayıdırdı. Məndən böyük üç qardaşım, bir bacım var idi. Onların hamısı yaxşı oxuyurdu. Hətta, o vaxt doqquzuncu sinifdə oxuyan bacım riyaziyyat fənni üzrə keçirilən olimpiadada rayon  birincisi olmuşdu.

     Bura kimi danışıb həmsöhbətimiz sual ünvanladı:

-Uşaqlar, sizi yormuram ki?

-Yox, əmi, çox maraqlı danışırsınız – mən cavab verdim.

-Dərsdən sonra evə qayıdanda əvvəlcə anamla rastlaşdım. Üzünə kədər çökmüşdü, elə yorğun, qəmli görünürdü ki...  Bir anlıq atamın məktəbə çağırıldığını unudaraq “Ana, nəsə olub” soruşdum. “Ay bala, bundan artıq nə olacaq? Atana məni yaxşı danlatdın” dedi anam. Həyatda bəlkə də ilk dəfə peşmanlıq hissi keçirdim. “Ana, söz verirəm ki, bir də siqaret çəkməyəcəyəm, dərslərimi yaxşı oxuyacağam” dedim. Həmin gecə atamın gözünə görünmədim. Evdə heç kimin üzünə baxa bilmədim. Gecə də çox narahat yatdım. Bir müddət siqaret çəkmədim, dərslərimi də yaxşı oxumağa başladım. Artıq yeddinci sinifdə oxuyurdum. İstirahət günlərinin birində məndən iki yaş böyük qonşumuz Zamanla rastlaşdım. Damağında siqaret var idi. “Çəkirsən” deyə soruşdu. “Yox” deyə bilmədim, “olsa, çəkərəm“ dedim. Siqareti çəkdik, indi də izah edə bilmədiyim qəribə hisslər keçirməyə başladım. Nə isə. Orta məktəbi birtəhər bitirdim. Bacım və qardaşlarımın hamısı ali təhsil alsalar da mən texniki peşə məktəbinin diplomuyla kifayətləndim. Düzdür, seçdiyim qaynaqçı peşəsi məni heç vaxt çörəksiz qoymadı, əsgərlikdə də köməyimə çatdı. Amma siqaretdən ayrıla bilmədim. Bəzən iki qutu siqaret çəkirdim. Siqaretə aludəçiliyim heç vaxt yaxın ətrafımda yaxşı qarşılanmadı. Atamın danlağına, böyük qardaşımın məzəmmətinə, qohum-əqrəbanın rişxəndinə fikir vermədən siqaretdən ayrılmaq fikrim yox idi. Qazancımın bir hissəsini bu zəhərə verirdim. Hesablamı­şam, həmin pulu yığsaydım, iki otaqlı ev ala bilərdim. Evlənəndən sonra həyat yoldaşımla dəfələrlə siqaretə görə mübahisəmiz olurdu. Mən hər vəcdlə özümü haqlı sanırdım. “Mən evin kişisiyəm, özüm bilərəm. Pulu mən qazanıram,  sənin pulunla çəkmirəm ki...” deyirdim. Yazıq arvad  haqsızlığıma dözmək məcburiyyətində qalırdı.

 Həmsöhbətimiz fikrə daldı. Səsində peşmançılıq tonları aşkar duyulurdu:

-Uzun illər çəkdiyim siqaret orqanizmimə ciddi təsir etsə də büruzə verməməyə çalışırdım. Lakin bir dəfə çətinliklə nəfəs aldığımı hiss etdim. Ayaqlarım bərk ağrı­ma­ğa başlamışdı. Öskürək də başladı, kəsmək bilmirdi. Həkimə getməyi sevməsəm də səhhətimin gündən-günə pisləşməsi məni xəstəxanaya yollanmağa məcbur etdi. Məni müayinə etdilər. Daxili orqanlarımdan demək olar ki, salamatı  yox idi. Ürəyim yaxşı vurmurdu, öd kisəm qatılaşmışdı, qaraciyərimin ölçüləri dəyişmişdi, ağ ciyərimdə ləkələr, düyünlər yaranmışdı, hətta həkimlər dedilər ki, vaxtında müalicə olunmasan xərçəngə çevrilə bilər. Böyrəyimdə də ciddi problemlər var idi. Digər analizlərin nəticəsi də vəziyyətimin kəskin pis olduğunu təsdiqləyirdi. İftixar həkim mənə: “Əli, görürsən, vəziyyətin yaxşı deyil, amma çıxış yolu var. Səbrlə, dözümlə uzun müddət müalicə olunmalısan. Səndə eyni zamanda bir neçə xəstəlik baş qaldırıb, xəstəliklər də həmişə bir-biri ilə dostluq edirlər. Bacardığım qədər səni müalicə etməyə çalışacağam. Amma mən müalicənin əlli faizini edə bilərəm. Əlli faiz isə səndən asılıdır. Sən, siqareti atmalısan, yoxsa çəkdiyimiz əziyyət, xərclədiyin pul boş-boşuna gedəcək, yaşamaq ehtimalın da çox azdır” söylədi. Mən “həkim, mən 40 ildən çoxdur ki, siqaret çəkirəm. İndi onu necə atım” deyə sual edəndə o “sən, siqaretlə dostluq etmisən. O, isə səninlə dostluq etmədi, sənə xəyanət etdi. Ağsaqqal adamsan, xəyanəti bağışlamaq kişilikdir?” deyə üstümə çəmkirdi. Uşaqlar, həkimin sözləri mənə necə təsir etdisə özümdən asılı olmayaraq: “Yox, nakişilikdir!” deyə qışqırdım. Allah mənə güc verdi. İradəmi toplayıb siqareti atdım. Müalicəm uzun çəksə də sağaldım. Məni çox sevən ailəmin, uşaqlarımın yanına qayıtdım. Düz altı ildir ki siqaret çəkmirəm. Özümü yaxşı hiss edirəm, yaxınlarım, doğmalarım da mənə görə çox sevinirlər. Siqaret məni vaxtından tez qocaltdı. O, sanki lampadır, amma o lampa işıq, nur yox, qaranlıq saçır.

Danışıb qurtarandan sobra həmsöhbətimiz sanki yüngülləşibmiş kimi söylədi:

-Uşaqlar, yəqin ki vaxtınızı aldığıma görə məndən inciməzsiniz. Mən istəyirəm ki, hamı mənim timsalımda siqaretin zərərini başa düşsün. Axı, biz bir millətin övladlarıyıq.

Və gülümsündü.

Gözüm Niyaza sataşdı, o da mənə baxdı. Siqaret qutusunu cibindən çıxarıb içində qalmış siqaretlərlə birlikdə əzib zibil qutusuna atdı.

                                                                         (05.01.2025)

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2025)

 

 

Şənbə, 25 Yanvar 2025 15:37

Anamın müqəddəs nağılı - HEKAYƏ

“Ədəbiyyat və incəsənət” portalı yazıçı və dramaturq Ağalar İdrisoğlunun nəsr əsərlərininn dərcini davam etdirir. Bu dəfə sizlərə “Anamın müqəddəs nağılı” hekayəsi təqdim ediləcək.

 

 

Oğlum, müharibələr dünyanın ən dəhşətli bəlası və Ulu Tanrının lənətlədiyi bəşəri  faciədi. Dünya yaranandan bunun qarşısını almaqda Böyük Yaradan özü də acizdi. Bəlkə də bu müharibələrə görə Ulu Tanrı  insanları yaratmağa da peşimandı...

                                                                 Atamın dediyi sözlər

 

Uşaq yaşlarımda anam mənə çox nağıl danışıb. Lap çox... Onun danışdığı nağılları dəfələrlə eşitsəm də, hər dəfə sakitcə oturub, maraqla qulaq  asardım. Çünki anam bu nağılları elə maraqla danışardı ki, elə bil özü də bu nağılların iştirakçısı olmuşdu. Elə bil bu dəhşətli  hadisələr onun öz başına gəlmişdi...

Amma bir nağılı danışanda, neyçünsə həmişə ala gözləri dolar, gözəl, ağ siması qaralar və bir müddət harasa uzaqlara baxıb, bu bayatını deyərdi:

 

           Əzizinəm hər aylar,

           Hər ulduzlar, hər aylar.

           Balası ölmüş analar

          “Bala” deyib haraylar...

 

Sonra da anam mənim balaca, totuq əlimdən tutar, həyətimizin günbatan tərəfindəki qara, böyük daşın yanına gətirərdi. O, bu qara daşa qəmli-qəmli baxıb səssizcə ağlayardı. Mən də anamın ağladığını görəndə, gözlərimin yaşı kipriklərimi isladıb, yanağımdan sinəmə axardı. Əziz adamını itirmiş kimi ağlayardım... Uşaq ağlımla, düşüncəmlə başa düşürdüm ki, bu qara daş nə isə müqəddəs bir daşdı. Və bu qara daşın altında kimsə yatır. Bu, kiminsə, əziz bir adamın qəbridi. Ancaq kimin? Başa düşə bilmirdim...

O nağıl yaddaşıma elə hopmuşdu ki, illər keçəndən sonra anamın söylədiyi nağılların çoxunu unutdum; təkcə o nağıldan başqa. O nağıl mənim həyat yolum, həyat çırağım oldu. O nağıl mənim ali məqsədim, əsas ideyam oldu. O nağıl məni həmişə haqqı müdafıə eləməyə səslədi. Davalara, müharibələrə, günahsız insan qanı tökənlərə nifrət bəsləməyi öyrətdi. İnsanların haqqını müdafiə etmək üçün məni hüquqşünas elədi o nağıl. Haqqa tapınmağı, həmişə haqqın tərəfində olmağı öyrətdi. Bəlkə də elə o nağıl məni yazıçı elədi...

Anam o nağılı belə söyləyirdi:

- Oğul balam, noğul balam, şəkər balam, gül balam. Biri vardı, biri yoxdu. Allahdan savayı yer üzündə çoxlu insanlar vardı. Bu insanların içərisində Məhəmməd adlı bir ata, Sona adlı bir ana və onların da, bax, sənin kimi bapbalaca, sənin kimi totuq-motuq bir oğlu vardı. Adı sənin adın kimi Murad idi. Bu balaca oğlan murada, muraza çatdırmışdı həm atasını, həm də anasını. Onların sevincləri, arzula, istəkləri yer, göy qədər idi. Nələr arzu eləmirdilər Muradın atası, anası...

Bu vaxt yerlə göy bir-birinə qovuşdu. Göyün üzünü qara buludlar örtdü. İnsanlan oxşamala, ağıları, yalvaşları, göz yaşları yerdən göyə ucaldı. Bir matəm bürüdü bu məmləkəti, eli, obanı. Dedilər ki, dava başlayıb. Dedilər ki, kişilər torpağı, Vətəni, anaları, uşaqla qorumaqçün gərək davaya getsinlər. Yoxsa  yağı düşmən gəlib torpaqlamızı torba ilə daşıyacaq. Bizi yurd-yuvamızdan didərgin salıb, özü də gəlib burda ağalıq eləyəcək. Yurd-yuvamıza sahib çıxıb deyəcək ki, bu yurd elə əzəldən mənim dədə-babamın olub. Mənim əcdadımın sümükləri var burda. Siz bu yerlərə gəlməsiz. Siz bu yerlərə yadsız... Bütün bunları özündə götür-qoy eləyən Məhəmməd ata da dava paltarını geyinib, əlinə silah götürüb getdi Vətəni, torpağı, arvadını, oğlunu, elini, obasını qorumağa...

Ana tək qaldı. Bircə körpəsilə. Ana tək qaldı öz cavan ömrü, taleyilə. Əynindəki hələ də rəngi solmayan toy paltarı ilə. Bu paltarını çıxarıb qara paltar geyindi ana. Qara yayq bağladı. Qara geyindirdi bircə Murad balası da. Bə nə?... Axı, Vətən dardaydı. Yağı düşmən bu yerlərə can atırdı. Yağı düşmən qana susamışdı. Belə vaxtda ağ, ya da güllü paltar geyinə bilməzdi ana. Belə vaxtda şən mahnı oxuya bilməzdi Sona. Belə vaxtda toylar, çal-çağırlar olmazdı. Allah bağışlamazdı belə işləri. Yoxsa günlərini daha qara gətirərdi bu məmləkətin, bu millətin. Yağı düşmənə daha çox güc-qüvvət verərdi. O da sədləri, bənd-bərəni aşıb bu yerlərə gəlib çıxardı. Buranın torpağını torba ilə daşıyardı. Evlərini söküb, qəbirlərini viranə günə qoyardı. Bunu həmin məmləkətin insanları bildiyindən hamı qara geyinmişdi. Hamı səfərbər olmuşdu. Hamı bir olmuşdu. Hamı kini, küdurəti, vəzifə, nəsil, tayfa davasını bir yana atıb, yumruq kimi birləşmişdi. Qocası da, qarısı da, cavanı da, uşağı da bir şey fikirləşirdi: “Vətən torpağı yadellilərdən təmizləmək. Nəyin bahasına olursa-olsun, yadların, yağıların tapdağında qalmamaq. Köçkünlük, didərginlik ömrü yaşamamaq. Gedib kimlərinsə qoltuğuna sığınmamaq”...

 Bu dərd azmış kimi Ulu Yaradan aclıq imtahanına da çəkdi bu məmləkəti, bu milləti. Həmin il çox quraqlıq oldu. Taxıl bitmədi. Çörək olmadı. Təndirlər qalanmadı. Tabaqlar boşaldı...

Acından ananın da qarnı belinə yapışdı. Üç gün qucağındakı  oğlu Murad “çörək”, “yemək”,- deyib ağladı, zarıdı... Dördüncü gün dörd yaşındaca gözlərini əbədi yumdu Murad. Yaşamağa heyi, taqəti qalmayan anaya Ulu Tanrı tərəfindən güc, qüvvət gəldi. O, bala deyib, qıyya çəkdi, zülüm-zülüm ağladı. Balası gözlərinin qarşısında öldürülən yalquzaq tək haray qopartdı... Sifətində dırnaqları ilə şırımlar, yaralar açdı Sona. Ağ bənizi al qana qərq oldu ananın... Amma balasını geri qaytara bilmədi. Qurtara bilmədi onu ölümün pəncəsindən, bədheybət  Əzrayılın əlindən. Bir gün səhərə kimi qucağında balasının meyidi zarıdı, oxşama dedi Sona ana... Səhəri gün qar basmış yeri, torpağı əlləri ilə, barmaqları ilə diddi, qəbir qazdı ana öz balasına...

Oğlunu torpağa tapşıran günü ana özü də sağalmaz dərdə düşdü. Sağalmaz bir xəstəlik tapdı Sona ananı; ürək getmə xəstəliyi... Beləcə qəbrin yanında ürəyi getdi Sona ananın. Onu, ərləri davada olan qadınlar birtəhər evə gətirdilər. Üç gün ölü kimi yatdı Sona ana. Elə bildilər ölüb. Cavan bir ailəyə belə zülüm verdiyinə, Murad kimi gül  balaya, Sona kimi qənirsiz gözələ qıydığına görə yamanladılar Əzrayılı. Əzrayılın cildinə girmiş yağı düşməni də yamanladılar... Dördüncü gün Sona ayıldı. Oğlunu soruşdu.  Ölüb”,- dedilər. İnanmadı ana bu sözə. Murad hey!.. Ay Murad, - deyə çağırdı, haray qopardı, ucadan səslədi körpəsini. Murad hay vermədi. Muradın səsi gəlmədi... Murad bir daha görünmədi. Amma Muradın ruhu tez-tez ananın röyalarına gəldi. Ana hövlnak yuxudan ayıldı. Körpəsini yanında görmədi. Yenə də ürəyi getdi. Səsi, qışqırığı, harayı həyət-bacanı götürdü. Səsinə, harayına qonşular tökülüşdü. Əllərini ovuşdurdular, alnına su vurdular. Min cür əzab-əziyyətlə ürək keçməsindən ayıltdılar Sonanı ...

…Həmin ilin baharında dava qurtardı. Yağı düşməni öz evinə qədər qovdu igid əsgərlərimiz. Düşmən məcbur oldu ki, təslim olsun. Məcbur oldu ki, özünün cinayətkar, qəsbkar olduğunu boynuna  alsın. Bir daha günahsız qanlar tökməyəcəyinə, anaları, ərləri  övladsız qoymayacağına, başqa məmləkətə soxulmayacağına söz  verdi düşmən. Bizim igid, rəşadətli əsgərlərdən aman dilədi. Hətta təslim sənədlərinə, daha bundan sonra başqa millətlərin torpaqlanı zəbt eləməyəcəkləri ilə də bağlı sənədlərə imza atdılar...

Bu vaxt Məhəmməd ata sapsağlam, ancaq saçları ağappaq ağarmış vəziyyətdə davadan qayıtdı. Beş ilə elə bil o, otuz il qocalmışdı. Evdə  xəstə yatan arvadı Sonanı gördü. Oğlu Muradı soruşdu. “Ölüb”,- dedilər. Muradın həyətin günbatan tərəfindəki qəbrini ona göstərdilər. Oğlunun ölüm xəbəri sarsıtdı onu. Beş illik davada yüzlərlə ölüm, qan-qada, məhrumiyyətlər görən Məhəmməd heç belə sarsılmamışdı... Lakin tez də özünü ələ aldı. Davanın qan-qadası mətinləşdirmiş    bir qədər soyuqqan etmişdi onu. O, hardansa böyük, qara daş tapıb, gətirib həmin yerə qoydu.

… Məhəmmədin gəlişilə Sonanın da gözlərinə işıq gəldi. O, kəfənini cırdı. Ayağa durdu. Yaşamağa həvəsi, istəyi artdı. Ürəyində, beynində yeni arzular çiçək açdı...

... Yenidən həyat qaynadı. Qələbə çalmış insanların yaşamağa, qurub-yaratmağa inamı, ümidi  artdı. Axı, inam, ümid həyatın sərmayəsidi. Yağı düşmənin uçurub dağıtdığı, tari-mar elədiyi evləri, kəndləri, şəhərləri təmir elədi, yenisini tikdi insanlar. Haqq-ədalət onlar tərəfində olduğundan Ulu Tan onlara çox böyük  güc-qüvvət, var-dövlət verdi. Atalar, analar dünyaya yeni övladlar gətirdilər. Məhəmməd ata ilə Sona ana da yenidən övlad istəyinə düşdülər. Düz  on ildən sonra  Böyük Yaradan onlara yenidən bir oğul payı verdi. Bu oğlanın da adını Murad qoydular; ilk Muradın qırılmış həyatını yaşamasıyçün. İlk Muradın çata bilmədiyi muradlara ikinci Muradın çatmasıyçün. Dünyaya  gələn Murad da öz gəlişilə unutdurdu  Məhəmmədə, Sonaya dörd yaşında dünyasını dəyişən oğul dərdini, oğul itkisini, oğul dağını. Murad onların bütün ümidlərini, istəklərini, arzularını doğrultdu...

 ... İllər keçdi. Mən anamın nağılları ilə böyüdüm. Və günlərin bir günü bildim ki, anamın danışdığı bu qəmli əhvalat nağıl yox, əsl həqiqət imiş. Bu həqiqət, bu tarixçə başqasının yox, elə mənim öz atamın, anamın və dörd yaşında ikən anamın qucağında dava vaxtı, şaxtalı, qarlı qış günündə  acından ölən, indisə mən adını daşıdığım qardaşımın başına gəlib bu faciə, bu qəmli əhvalat...

Mən də atamın, anamın istəyilə iki ali məktəb qurtarmışam. Qardaşımın adından yazıb-yaradıram. Öz adımdan isə beynəlxalq səviyyəli hüquqşünas olmaqla, haqqı müdafiə eləyirəm. Və bu yolda var qüvvəmlə vuruşuram  ki,  Yer kürəsi qazan kimi qaynamasın, davaların kökü kəsilsin. Qaçqınlar, köçkünlər, didərginlər olmasın. Uşaqlar atasız, anasız, kimsəsiz qalıb acından ölməsinlər. Həmişə sülh, əmin-amanlıq olsun. Heyif  ki, hələ də öz istəyimə çata bilmirəm. Çünki  Yer kürəsini yenə də nadürüstlər, nakəslər, bədxahlar  başına götürüb... İnsanlar ölüm-dirim uğrunda mübarizə aparırlar. Ölümün pəncəsindən qaçıb, yad  ellərə sığınırlar… Qaçqınlıq, köçgünlük kimi dəhşətli hadisə insanların  ömrünə, həyatına balta çalır…

Bu od püskürən planetimizdə günahsız qanlar axıdan qəsbkarları, cinayətkarla, qaniçənləri gördükdə ucadan bağırmaq, onların yaxasından tutub qışqırmaq, bu vəhşilərə, nadürüstlərə, atasından bixəbərlərə anamın nağılını danışmaq istəyirəm. İstəyirəm ki, onlara deyəm:

- Ey adını insan qoyan vəhşilər, qaniçənlər, qəddarlar, qəsbkarlar, atasından bixəbərlər, insanlıq adına ləkə olanlar! Əzrayılın dəyirmanına su tökənlər! Məgər sizi ana doğmayıb? Məgər siz analarınızın nağıllarını eşitməyibsiz?..  Məgər, haqsızlığa etiraz eləyən analarınızın gözündə  yaş görməyibsiz? Axı belə getsə, ərlərini, övladları, yaxınlarını itirən anaların  göz yaşları gec-tez selə-suya dönəcək. Və  bu sellər, sular da Yer kürəsini məhv eləyəcək. Yer kürəsini sel, su basacaq. Anaların göz yaşına görə də Ulu Tanrı sizi qarğıyacaq. Qarğıyacaq ki, niyə  siz  o göz yaşlarını görmürsüz. Böyük Yaradan tezliklə sizi cəzalandıracaq və Yer kürəsini tar-mar eləyəcək. Axı, zaman-zaman  bu Yer planeti bizim kimi adamlarla dolub-boşalıb…  Yəqin ki, onlar da bizim kimi davalar, qırğınlar törətdiklərinə görə Ulu Yaradan onları məhv eləyib. Yer planeti selə-suya qərq olub. Sonra elə möcüzələr yaradıb ki, sellər, sular çəkilib. Yeni canlılar yaradıb. Və ümid edib ki, yeni yaratdığı  bu adamlar öz sələflərinin bəd, pis əməllərini yəqin ki, davam etdirməzlər. Lakin əfsus... Sədd heyf ki, Böyük Yaradan da zaman-zaman öz  inamında yanılıb. Artıq  O, indi yenə də bu planeti dağıdıb, yenisini yaratmaq barədə  fikirləşir...

Çünki hər gün təbiətdə baş verən fəlakətlər, tufanlar, qasırğalar, sunamilər və qarşısı çox çətinliklə alınan, insanlara bəla gətirən  ayrı-ayrı xəstəliklər, artıq  bundan xəbər verir... Barı bir anlıq siz də öz analarınızı fıkirləşin, ey Yer kürəsində dəhşətlər yaradan yırtıcılar, insanlıq simasını itirənlər. Yer kürəsindəki insanların sayını tən yarı azaltmaq istəyən vəhşilər...

Bu gözəl planetimizin gələcək taleyini, onun qoynunda böyük arzularla, əməllərlə yaşayan insanları, fidan körpələri, heç olmasa öz övladlarınızın gələcək taleyini düşünün! Düşünün!.. Hələ ki, gec deyil… Onu da bilin ki, müharibələr, bilərəkdən ayrı-ayrı dağıdıcı xəstəliklər yaratmaq vəhşiliyin pik nöqtəsi, insanlığın sonu  deməkdi…

Bu sözləri yazandan sonra beynimdən bu fikirlər də keçdi: “Axı, elə bugünkü dünyamız özü də min cürə murdarlıqlarla, əclaflıqlarla, qəddarlıqlarla, dəhşətli faciələrlə dolu  bir nağıldı. Bu nağılın gedişinə Ulu Tanrı özü də mat qalıb. Həqiqətən    mat qalıb!..”

 

Bakı şəhəri. May-iyun, 1972-ci il

Bəzi əlavələr 2010- ci ilin may ayında olub.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2025)

 

 

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Oğuz Rayon Mərkəzi kitabxanasının uşaq şöbəsi Oğuz şəhərindəki məktəb və liseylərin məktəb kitabxanaları və şagirdlərinin iştirakı ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının yaranmasının 60 illik yubileyi münasibətilə "Hər şeyi kitablardan öyrənirik" adlı dəyirmi masa keçirmişdir.

 

Tədbirdə Uşaq şöbəsinin müdiri F.Köçərli adına Rspublika Uşaq Kitabxanasının  yaranma tarixi, şöbələri və ümumilikdə fəaliyyəti haqqında geniş məlumat vermişdir.

Şagirdlər "Hər şeyi kitablardan öyrənirik", "Kitabların uşaq mənəviyyatının formalaşmağında rolu" və "Kitabsız bir ömrün nə mənası var" və s. başlıqlı məruzələr etmişlər.

Sonra uşaqlar internetdən, yoxsa kitablardan alınan məlumatların onlar üçün daha xeyirli olması haqqında fikir mübadiləsi ediblər.  

Şəhərdəki H.Babayev adına tam orta məktəbin kitabxana müdiri Mətanət xanım çıxış edərək kitabxana ilə daha sıx əlaqə saxlamağın, ənənəvi kitab oxumağın üstünlüklərini vurğulamışdır.

Tədbir şagirdlər üçün çox maraqlı olmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.