Super User
Nigar Həmidlinin cəbhə xatirələrindən
İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi
Əslən Cəlilabaddan olan və I Qarabağ Müharibəsi zamanı Cəlilabad rayonundan cəbhəyə yollanmış ilk xanım jurnalist, AJB-nin uzvü, hərbi jurnalist, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, "Həməşəra" Fəxri Diplomu laureatı, pedaqoq, yazıçı-publisist və şair Nigar xanım Həmidlinin o illərdə Azərbaycanın döyünən ürəyi olan Şuşa şəhərinin 1992-ci ilin may ayında erməni təcavüzkarları tərəfindən işğal edilməsi barədə qələmə aldığı yazısını oxucularımıza “tarixi yaddaşlar silsiləsindən” təqdim edirəm.
Cəbhə xatirələri...
Gecə saat 01.55 dəqiqə.
Şuşa hər tərəfdən intensiv atəşə tutulur. Yaşadığım Şuşa sanatoriyasındakı 8-ci korpusun top mərmisindən pəncərələri çilik-çilik olur.
Rayonlardan gəlmiş milis işçiləri və mən 1-ci mərtəbəyə enirik. İşıqlar yanmır, həyəcan siqnalı verilmir.
Saat 3-ə qədər şəhərdə bir çox evlər yandırılır, iri binalara, müəssisələrə “Qrad”, “Alazan”, “Kristal”lardan atəş yağdırılır.
Şuşaya Xankəndi, Kərkicahan, Şuşikənd, Daşaltı tərəfdən zirehli hərbi texnika yaxınlaşır.
İlkin məlumata görə postlarda qızğın döyüş gedir. Postdan gələn milis işçisi saat 4-5 radələrində Kosalar, Qaragav kəndlərində yaralılar olduğunu bildirir. Saat 5-də şəhər əhalisindən evləri dağılanlar zirzəmiyə toplaşır. Burda uşaq, qadın, qoca da var. Mən onlardan ilkin məlumat ala bilirəm. Yanğısöndürənlər alovu söndürə bilmir. Çünki onları küçələrdə BMP, BTR və başqa silahlarla ataşə tuturlar.
Saat 6-da rabitə qovşağı, İcra hakimiyyəti, Universitet, 7 nömrəli məktəb, Qarabağa könüllülar batalyonunun binası, kilsə və digər binalar dağıdılır.
Saat 7-de Masallı milisi benzindoldurma məntəqəsindəki posta köməyə gedir. 10 nəfərdən 4-nün avtomatı var. Həbsxanada yerli sakin Hafizə qəlpə dəyir, həbsxana işçisi Yaşar və o halak olurlar. Yaşar Q.Zakir küçəsi, ev 1-də yaşayırdı. Yerli sakin Varaşilin, Məmmədov Şöhrətin, Həsənov Bəbirin evi “Qrad”la partladılır.
Təəccüblü burasıdır ki, təkid etməyimə baxmayaraq, heç bir milis işçisi (azı 100 nəfər PPD) köməyə getmək istəmir. Onlara heç kim tərəfindən əmr verilmədiyini bəhanə edirlər.
Saat 8.30 Şuşa DİŞ-nin əməkdaşı Sadiq gəlib kömək istəyir. “Kimin silahı var, gəlsin”, - deyə müraciət edir. Yenə də heç kim getmir. Çox yalvarıram. Şamaxı milisləri mənimlə DİŞ-nə gedir. Bizi yolda rabitə evinin qabağı tərəfdən artilleriya ilə atəşə tuturlar.
DİŞ-nə saat 9-da çatırıq. DİŞ-nin rəisinin müavini Eldəniz Quliyevin məlumatına görə Şuşa mühasirədədir. O, Bakıyla - MN, DİN və MTN-nin mətbuat xidməti ilə danışıb kömək istəyir. Mətbuat xidməti isə neçə nəfərin öldüyü haqda dəqiq məlumat tələb etdikdə, növbətçi dözə bilməyib onu təhqir edir. “Bizə kömək edin, Şuşanı ermənilər alır”,- deyə qışqırır.
Saat 11.15. Ermənilər çörək zavodunu, həbsxananı, tar sexini ələ keçirir. Arabir bizimkilər müdafiəni yara bilsələr də, kömək gəlmədiyindən şəhərin içərisinə doğru geri çəkilirlər.
Saat 12-də E.Quliyev cəlilabadlı Mübarizi Abşeron RDİŞ -nin milisləri ilə zastavaya göndərir. O, MN ilə, DİN ilə, Şuşa DİŞ rəisi V.Bayramovla və prezident aparatının bir nümayəndəsi ilə danışır. Sonra isə hamıya “2 saata kömək gələcək” – deyib arxayın edir.
Mübariz mənə Şuşanı tərk etməyi məsləhət bilir. Mənsə Eldənizə və ona deyirəm ki, silah verin. Mən son ana qədər Şuşanı tərk etməyəcəyəm. Heç olmasa girov düşdükdə özümü öldürə bilim. Hamıya bildirirəm, girov düşsəm məni güllələyin. Qanım sizə halaldır. Eldəniz deyir: Səni Mübariz güllələyər, yarızarafat-yarıgerçək.
Şuşa könüllülər batalyonundan Əli 3 nəfər yaralını və 7 nəfər meyitin silahını gətirir. Silahı DİŞ-nə təhvil verir. Ramizin batalyonundan Əlinin dediyinə görə 27 nəfərdən yalnız 3-4 nəfəri sağ qalıb.
E.Quliyev Elçin Məmmədov ilə danışmaq istəyir. E.Məmmədov hansısa postdadır. E. Quliyev Cahangirov ilə söhbətindən danışır. Danışığından hiss olunur ki, artıq döyüş şəhərin lap yaxınlığında piyada qoşunla üzbəüz gedir.
MN-dən R. Qazıyevlə danışılmadığından başqası onun haqqında hamını aldadırdı. Biz çox gözəl bilirdik ki, Şuşa siyasi oyunun qurbanı olacaq. Xocalı faciəsinin acı nəticələri təkrar olunurdu. Eyni ssenari davam edirdi.
Mən, artıq dözə bilmirəm. Küçəyə “Qrad”ın uğultusundan, partlayışdan çıxmaq mümkün olmasa da, təcili yardım maşınlarının yaralıları daşıdığını görüb güllə altında iki nəfər naməlum şəxslə xəstəxanaya gedirəm.
Xəstəxana köçürülüb. R. Qazıyevə qəsd olunan pedaqoji texnikumda 8 meyit, 10 nəfərə qədər yaralı var.
Mən, xəstəxanaya gəldiyim an belə bir xəbər gəldi ki, bizimkilər zastavanı tərk edib. Ermənilər şəhərə daxil olur.
Saat 2.30-dan düz saat 6.30-dək mən xəstəxanada yaralılara kömək etdim. İlk əvvəl Musayev Elçin, Tahir Səmədov, Gündüz Hidayət oğlu, Heydərov Aslan Xıdır oğlu, Hacıyev Bilal Cavanşir oğlu, İbrahimov Asif Cəlil oğlu, Novruzov Musabi Cəlal oğlu, Ellər və İsmayılov Vidadi Telman oğlunun yerləşdirilməsinə kömək etməklə, həm də qeydlər götürürdüm. Lakin yaralıların çoxalması mənim müxbirlik fəaliyyətimi kənara qoydu. Musayev Vidadinin son dəfə diktafona nəfəsini yaza bilsəm də, o həyatdan getdi.
Meyitlərimizin heç birinin sənədi yox idi. Dörd nəfər tanıdığım oğulların sənədi isə yerə düşmüşdü. Onları indi də saxlayıram:
1. Vahabzadə Şahin Mehdi oğlu.
2. İsmayılov Əşrəf Dayandur oğlu.
3. Şahmuradov Natiq Əlimərdan oğlunun pasport, tələbə bileti, arayış, bəzi telefon nömrələri qalır. Natiqin silahının nömrəsi və cibində pul var (10 min manat).
Ünvanlarını bilmədiyim üçün sənədi heç kimə təhvil verə bilmirəm.
Saat 16.00-da Nazim həkimin səyi nəticəsində yaralılarlı və meyitləri maşınlarla yola salırıq. Bütün tibb işçiləri Turşsuya gedir. Məni isə Bakıdan İlqar adlı bir oğlan 8-ci korpusa aparır. Mənim bütün əlyazmalarım orada qalıb. Şuşaya həsr etdiyim sənədlər, müsahibələrin bir hissəsi də Fizzə nənəgildə qaldı. Onlara getdim, qapı bağlı idi.
Saat 18.30 dəqiqədə DİŞ-nə top mərmisi düşdü. Bir nəfər qoca kişi orada yaralı idi.
Mən, yaralının ayağını bağladım. Onu yola saldıq. Yerli sakin Şükufənin əri Əlinin meyitini çıxarırdılar. Şəhərdə kişilər hələ binaların ətrafında gəzinirdi. Mən onlardan: – “getmirsiniz?” soruşduqda, – “Ölsək də, qoy evimizdə erməni öldürsün, nəinki qeyrətsiz özümüzünkülər” cavabını verdilər.
Saat 20.00-da mən, yerli əhali və əsgərlərlə “Yarma” deyilən zastavada idim.
Mən, orada İH başçısı Nizami Bəhmənovu, prokuroru, Fəxrəddin komandiri, “spesnaz”ın əsgərlərini, qadınları, uşaqları gördüm.
N. Bəhmənovdan soruşdum: “Nizami müəllim hanı, bəs köməyə niyə gəlmədilər, niyə Şuşanı verdik, meyitlərimizi yola niyə düzmüşük?”. O əlləri ilə başını tutmuşdu: “Bizi də aldatdılar” deyib köks ötürdü. Həmin vaxt E.Quliyev də oraya gəldi. Biz saat 9.00-dək orda gözlədik. Təxminən 8.00-8.30-da bir təyyarə Nəbilər tərəfdən bombardman etdi. Hamı sevindi. Elə bildik, bizim təyyarədir. Amma bizim postun 8 nəfərin öldüyünü eşitdik, təyyarə bizim deyilmiş. Təyyarə getdi. Hamı ümidsizcəsinə erməni toplarının altında BMP və BTR-lərin müşayiəti ilə son dəfə Şuşanı tərk etdi. Mən də BTR-la Nazim Bahmənov, Eldəniz Quliyev və bütün əsgərlərin yola düşdüyünə əmin olub, oranı tərk etdim.
Zarıslıda “215 KL” studiyasından Çingiz Mustafayevi gördüm. Mənim,”Şuşa bizim deyil, Çingiz, ermənilər qələbə gününü qeyd edir” sözümə, o inanmadı. Turşsuda isə Daxili İşlər Naziri Tahir Əliyevin gəldiyini eşidib onunla görüşdüm. O, milis işçilərinə nəsə məsləhət verirdi. Çox əsəbi halda “Niyə köməyə gəlmədiniz, Şuşanı satdınız, qaytar bizim igidlərimizi, məgər indi gələrlər?” – deyib ağlayırdım.
T.Əliyev heç nə demirdi. Biz saat 10 -11-də Laçında idik. Səhər saat 8.00-da (9 may) Laçında da bir neçə evi partlatdılar. Yaralanan oldu. Mən, İcra Hakimiyyətində, DİŞ-də, AXC-də oldum. Meyitlərin daşınması üçün maşın istədik. Çox çətinliklə biz həm meyitləri, həm yaralıları yola saldıq. 15-20-yə qədər yaralını axşam Qubadlıya yola salmışdıq. 3 nəfər yaralını Biləsuvar könüllüləri ilə Biləsuvara gətirdik.
Şuşa satıldı. Ermənilər Şuşanı almadı. Öz rəhbərlərimiz onu satdı. Şuşanın verilməsini, mən yalnız təxribat adlandırıram. Şuşa şəhəri vəzifəyə, pula satıldı. Mən yaralıları Laçında dindirdim. Faktlar göstərir ki, heç bir əmr verilmədən əsgərlər öz qeyrətlərinə sığınıb döyüşüb. Əsgərlərin və mənimçün müəmmalı olan, ayın 7-də postlardan texnikanın geri çağrılmasını kimin təşkil etməsi idi?
Kirs kimi mövqeyimizdən əsgərləri geri çağıran, heç bir hücum əmri verməyən komandirlərə ayın 5-6-da hərəsinə 10-15 min manat pul mükafatı verilmişdi. Nə üçün? Ona görə ki, Şuşanı tərk etsinlər. Əsgərləri 5-6-7 mayda evə kütləvi buraxan kimlərdir, müharibədə məzuniyyətmi olur? Sərhəddən keçən vertolyotlar niyə vurulmurdu? Minaları hansı batalyonun kəşfiyyatçıları basdımışdı? Xalqa bu sualların cavabı verilməlidir. Şuşanı hücumla saxlamaq olardı.
Şuşa dövlət tərəfindən müdafiə olunmadı. Mən, şahidi olduğum hadisələrdən belə nəticə çıxarıram ki, müharibə dövründə xarici səfərlərə gedən prezident səlahiyyətini yerinə yetirən Y.Məmmədovun, MTN-nin, MN-dəki bütün hərbiçilərin, Azərbaycan Səhiyyə Nazirliyinin, hamının günahı böyükdür.
Yaralılar üçün maşın, tibbi avadanliq tapılmırsa, cərrah azlıq edirsə, ölümüzün üstünə mələfə yoxdursa, bir həkim kimi Y.Məmmədov tədbir görə bilərdimi?
Niyə axı, 7-si mayda Əlsahib Orucov ilə Şuşaya gələn dövlət nümayəndələri xalqa yalan vəd verdi ki, 10-da yenə Şuşaya qayıdacağıq? Bəs nə üçün, mayın 8-də harayımıza gəlmədilər?
Qoy, Azərbaycan xalqı eşitsin! Şuşa satılıb, özü də rəhbərlərin əli ilə satılıb. Şuşanı əldən verdiyimiz vaxtda isə radioda yalan malumat verən şəxslər cinayət cəlb olunmalıdır.
Şuşalılar bunu heç kimə bağışlamayacaq. Qoy millətimizin qeyrətli oğulları öz səslərini ucaldıb həqiqəti desin. Cinayətkarlar cəzalarına çatsınlar.”
Çox şükür ki, artıq Şuşa bizimdir, düşməndən intiqam alınıbdır. Müzəffər Ordumuz, Müzəffər Ali Baş Komandanımızın sayəsində Qarabağın ürəyi artıq bizimlə döyünür.
Tarixdən ibrət götürməkçünsə bu cür qeydlər, əksərən subyektivliyə varılsa belə, çox lazımlıdır.
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
Güney Azərbaycan Ədəbiyyatı Antologiyasında Vüqar Nemətin “Qarğa” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Kəleyberdə yaşayan Vüqar Nemətdir.
Vüqar Nemət
Kəleybər
QARĞA
Yenə nə qar-qar edirsən,
Qoy get öz işinə qarğa!
Həp öz sözünü deyirsən
Bəxtəvər başıma qarğa!
Sən ağa, mən ağa ancaq,
Buludları kim sağacaq?
Tələsmə, qar da yağacaq,
Bu qalan işinə qarğa!
Bəxtin qara, üzün qara,
İnanma qarla ağara,
Ağlıq nədir ay avara?!
Düşübsən peşinə qarğa!
Sən yatarsan, səsin yatmaz,
Heç kimin ağlına batmaz,
Əlin çatar, ağlın çatmaz,
Dünyanın daşına qarğa!
Payız gəlir, əsin düşür,
Küləklə də bəhsin düşür,
O səsindən ağ dən düşür,
Mənim də başıma qarğa!
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
ANAR, “Küləkli şəhər”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir.
ANAR, ŞEİRLƏR
KÜLƏKLİ ŞƏHƏR
Bu şəhərdə doğuldum,
Bu şəhərə oğuldum.
Burda yaşadım, yazdım
Bu yağışlı səhərdən,
bu küləkli şəhərdən
Gəncindən, qocasından,
evindən, küçəsindən,
gündüzü gecəsindən
Bu küləkli şəhərin
Növbənöv adamıyla
Dopdoludur hər yazım.
Daha kimlərdən yazım,
Daha nələrdən yazım?
Bu şəhər qarşısında
borclarımdan azadam.
Mənimtək borclarından
azad olub az adam.
Heç yolumdan azmadım,
Heç vaxt yalan yazmadım,
Təsəllim budur ancaq,
Bir gün küləktək keçsəm
Bu şəhərin üstündən,
Bu şəhərin yadında
yazılarım qalacaq,
qalacaqlar hər yerdə,
Bu dənizli şəhərdə,
Bu küləkli şəhərdə.
22 fevral 2020
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
“Sərxoş olmaqdan ayıl, bəsdir, yetər!” - Bakıxanov niyə şərabla bunca mübarizə aparıb?
Ədəbiyyat neqativliklərlə necə mübarizə aparır? Və ümumiyyətlə, aparırmı? Hər halda, ötən əsrlərdə maarifçilərimiz mübarizə aparıblar.
“Ədəbiyyat və incəsənət” portalı bu gün sizlərə Mobil Aslanlı Huntürkün bir məqaləsini təqdim edəcək. Müəllif Bakıxanovun poeziyasına rakurs edib. Bakıxanov niyə şərabla bunca mübarizə aparıb?
Mobil ASLANLI HUNTÜRK
A.A.BAKIXANOVUN POETİK DÜŞÜNCƏSİNDƏ
SAĞLAM HƏYAT TƏRZİ
XIX əsr Azərbaycan xalqının ictimai-pedaqoji fikir tarixində nadir simalardan biri kimi əlahiddə yer tutan A.Bakıxanov öz dövrünün ensiklopedik bilikli, dərin zəkalı şəxsiyyətlərindən biri olmuşdur. Fiziki tərbiyəyə, insanın ahəngdar inkişafına, onun cismani sağlamlığına, harmonik gözəlliyinə xüsusi diqqət yetirmişdir. Böyük maarifçi “Təhzibi-əxlaq” əsərindəki “Etidala riayət”, “Yaxşı işlərin fəziləti”, “Can sağlığının qazanılması” və s. adlı fəsillərində, habelə “Müşkatül-ənvar” (“Nurlar mənbəyi”) əsərində “Nəfsin qorunması” başlığı ilə yazdığı hekayətində insan sağlamlığının düşməni olan, onu mənəviyyatca eybəcərləşdirib rüsvay edən şərabın törətdiyi bəlalardan və digər naqis fəsadlar barədə geniş söz açır:
O şərabı istəməz ki, şər ab olmuş ləqəbi,
Zatında bir fitnə vardır, qarışdırır əsəbi.
Elə şərab istəməz ki, etsin cana bəd əsər,
Nəşəsindən qəm yaransın, xumarından dərdi-sər.
Deyirlər ki, yüz xətaya olar daim mey bais,
Ona görə ad vermişlər ona “ümmül-xəbais”.
Ağılsız baş şəraba qızışarsa bir daha,
Bada gedər bir gün içrə hörmət, ədəb və həya.
Bu uğursuz nəfsin hökmü qarışarsa hər işə,
Ağlasığmaz pislik olar insanlara bir peşə.[1]
A.Bakıxanov “Mişkatül-ənvar” (“Nurlar mənbəyi”) əsərindəki “Nəfsin qorunması” hekayətində şəraba aludəçiliyi insan əxlaqına, mənəviyyatına xələl gətirən, mənliyini heçə endirərək el-oba arasında xar edən zərərli vərdiş adlandırır. Şair spirtli içkilərə qurşanan kəslərin içkinin təsirindən xumarlanıb hüşyar olduğunu, şərabın adamı abırsız hala salıb eybəcərləşdirdiyini, el içində rüsvay etdiyini, bundan müxtəlif mərəzlərin, naxoşluğun törəndiyini qeyd edir. O, millətin övladlarına sərxoşluqdan daim uzaq olmağı tövsiyə edir, şərabı «şər ab» adlandırırdı. Onun müasiri, xalqımızın parlaq ziyalısı M.F.Axundov isə şərabın haram edilməsinin, islam dininin misilsiz qanunlarından olduğunu israrlayırdı. Bakıxanovun əsl təbib, gözəl loğman kimi şərabın həm də konkret olaraq hansı fəsadlar törətdiyini də nəzərə çatdırır. Onun fikrincə, sağlamlığın qəddar düşməni olan şərab insanda, hər şeydən öncə, sinir sistemini sıradan çıxararaq onu ağılsız bir məxluq kimi rəzil sifətə salır. Şair həmin hekayətdə bir məzlum gəncin başına gələn hadisəni bütün təfsilatı ilə oxucusuna çatdırır:
A.Bakıxanov “Mişkatül-ənvar” əsərində içkiyə meyil göstərən bir şəxsin gözəl, səviyyəli bir məclisdə şərabın təsirindən getdikcə meyxoş olub özün rüsvay etməsi ilə onun törətdiyi fitnə-fəsaddan söhbət açır. Fağır, ədəb-ərkanlı həmin gənc eybəcər və biabırçı bir hala düşür ki, bütün məclis əhlini dəng edir, hamını naqis və düşük hərəkəti ilə bezdirir. Heç vaxt içki içməyən bu adam meyin təsirindən elə bir huşsuz hala düşür ki, şərəfsiz bir əyyaş kimi ləyaqətsiz hərəkətlər edir:
Şərab içib getdikcə çox sərxoşluğa düşdüm mən,
Ürəyimin ətəyi də çıxdı tədbir əlindən.
Hərisliyim çoxaldıqca açdı şərab üzümü,
O sildikcə qəm tozunu, çaşdırdım hər sözümü…
Yenə içdim, hey içdikcə içməyi çox xoşladım,
Dilsiz idim, birdən-birə natiqliyə başladım.
Elə bildim söz mülkünün mənəm qadir sultanı,
Söz düzməkdə təkcə mənəm öz əsrimin Söhbanı.[2]
Şair göstərir ki, “şər ab” kimi, yəni “şər su” kimi tanınan bu mayenin tərkibində bir fitnə-fəsad yatır, odur ki, onu qəbul edərkən həddən-ziyadə ehtiyatlı olmaq lazımdır.
El arasında belə bir fikir yayılıb ki, mey, yəni şərab yüz xətaya bais olur. Odur ki, şair bu zərb-məsəldən ustalıqla istifadə etməklə göstərir ki, insanı dost-düşmən yanında xar edən şəraba həddən ziyadə aludə olan kəslər öz-özlərinə bəri başdan qəbir qazan biveclərdir.
A.Bakıxanov belə bir nəticəyə gəlir ki, insan harada, hansı şəraitdə olmasına baxmayaraq, öz hisslərini cilovlamaqla nəfsinə sahib çıxmağı bacarmalıdır. Nəfs insan ağlının hökmdarı olmalıdır. Çünki nəfsdən çox bəlalar törənə bilər. Dahi Füzulinin təbirincə desək, “Pəhləvan ol kimdir, kim nəfsin qətl eyləyə”.
Abbasqulu ağa insanın vüqarına, ləyaqətinə və şərəfinə xələl gətirən ünsürlərlə mübarizədə nəfsin gücünün rolunu xüsusi vurğulayır. Nəfsin tamaha güc gəlməsi insandan güclü xarakter, dəmir iradi səy və əzmkarlıq tələb edir. Şairə görə, insanlarda bir sıra əxlaqi cılızlığın, mənəvi düşkünlüyün, mənəvi kasıblığın törənmə səbəblərini onların iradə zəifliyində axtarmaq lazımdır. Aydın həqiqətdir ki, fiziki cəhətdən möhkəm, mətin və güclü şəxslər bu işin öhdəsindən daha asan gəlirlər. Odur ki, nəfsin qorunub saxlanması üçün hər bir kəsdən iradi güc və səy tələb edilir. Beləliklə, insanın fiziki tərbiyəsi, fiziki yetkinliyi onun iradi tərbiyəsini şərtləndirən başlıca amillərdir. Psixoloji tədqiqatlar göstərmişdir ki, insanda baş verən qeyri-əxlaqi hərəkətlərin baş vermə səbəbləri, bilavasitə iradi cılızlıqla, xarakter zəifliyi ilə bağlıdır. Bu prosesdə insanın özünü ələ alma özünü tənqid, özünə inam, özünə qiymət, özünə nəzarət kimi özünü tərbiyə vasitələrinin əxlaqi vərdiş kimi şüur və təfəkkürdə təzahürü başlıca məsələlərdəndir.
“Müşkatül-Ənvar”da həmin gəncin ətrafdakı kəsləri çərənləməkdən dəng etməsi, gah müvazinətini itirərək rəqsə qoşulması, badələrin sayını, ölçünü nizamlamağı bacarmaqda aciz olması belə təsvir edilir:
Xəyalımdan tamam çıxdı sayıqlıq və ehtiyat,
Mey apardı iradəmi, düşmən açdı qol-qanad.
Bu məsəli yaxşı demiş dünya görmüş atalar:
Öz başını qorumağa sərxoş nədən güc alar?
Mən yenə də başa çəkdim bundan sonra neçə cam,
Sərxoşluğum rəqs etməyə verdi bu dəm sərəncam.
Bu qaydadır, sərxoşların rəqsə meyli çox olur,
Çünki şərab təsirilə vüqar, təmkin yox olur.
Mən, elə ki, rəqs elədim lap pozuldu əhvalım,
Nəyim vardı, getdi əldən, itdi ağlım, kamalım.
Sonra yenə başa çəkdim neçə dolu badə mən,
Keflilikdən çərənlədim, tamam getdim badə mən![3]
Şairin nəzərdə tutduğu nəfs məfhumu çox geniş anlayış kimi götürülmüşdür, onu təkcə yemək-içməyə şamil etmək düzgün deyil. Lakin bu əsərdə şair insan xislətinə xas olan bütün qüsurların kökünü və mənbəyini nəfsi qorumamaqda, şərabı çox qəbul etməkdə görür. Onun fikrincə, şərab insanların başına min bir fəlakət açır, təsadüfi deyildir ki, Bakıxanov zatında fitnə olan meyi şeytan sidiyi kimi qələmə verir. Şairin bu barədə yazdığı bəzi misralara diqqət yetirək:
“Ki şeytan sidiyidir, haqdan gəlmiş bu xəbər…”
Yaxud:
“Min ixtilaf törədirlər meyin zikri üstündə…”[4]
Bu, bir həqiqətdir ki, şərabı şadlanmaq, xoş ovqat gətirmək, əhvali-ruhiyyəni yüksəltmək üçün içənlər də çoxdur. Elə əsl məsələ də məhz həmin ilk qədəhdən sonra başlayır. Azmı olub şərabı qətrə-qətrə dadaraq küpünə girib yatanlar?
Əsərdə qeyd edilir ki, ziyafətdəki abırlı zövq əhlinin heysiyyatını təhqir edən həmin gəncin, özünə çox həmdəm olan dost və tanışlarına kobud rəftarı, nalayiq davranışı həmin sərxoşun coşub hərzə-hərzə danışması qaba, əcaib hərəkəti içdiyi meyin qədərini, ölçüsünü bilməməyində idi. Şairin fikrincə, hər bir söz, əməl və işdə etidala riayət etmək əxlaqın başlıca şərtlərindəndir. Meyin sərxoşluğundan meymun halına düşən bu gənc, spirtin təsiri tədricən azalıb getdikcə peşmanlıq hissi keçirməyə başlayır:
Hər yetənlə dalaşaraq söyüb təhqir eylədim,
Yaraşmayan işlər gördüm, cəfəngiyat söylədim.
Hərçənd ki, sözlərimdən bir az oldum xəbərdar,
Lakin əldə deyil idi heç iradə, ixtiyar.
İllər boyu sınadığım sadiq o can dostları,
Candan əziz o səmimi və mehriban dostları.[5]
Mötəbər mənbə və qaynaqlardan bəlli olduğu kimi, A.Bakıxanovun heç vaxt içki içməməsinə baxmayaraq, şərabı tərifməsi, habelə içkinin xeyri və şəri barədə düzgün mühakimələr yürütməsi istər-istəməz oxucuda təəccüb doğurur. Şairin şərabla bağlı fikir və mülahizələri, onun son dərəcə güclü müşahidə qabiliyyətinə malik olduğunu aydın göstərir.
Şairin fikrincə, şərab içməklə ona aludə olmaq arasında çox böyük fərq vardır. Şəraba aludəçiliyin sonu sərxoşluğa aparıb çıxarır. Sərxoş adamlarda isə şərabın təsirindən vüqar və təmkin yox olur, ağıl və kamal əldən gedir.
A.Bakıxanov əsərdə şərabın insanın başına açdığı müsibətlərdən söhbət açmaqla bərabər, şəraba meyli olan şəxslərə içdiyi vaxt artıq-əksik danışmağı da irad tutur, sanki üzünü onlara tərəf çevirərək içkinin təsiri ilə qaba danışmamağı, hər sözə, kəlməyə diqqət yetirməyi tövsiyə edir. Çünki bir qayda olaraq, içməyi bacarmayan kəslər ardı-arası kəsilmədən mənasız söhbətlər edir – bir sözlə, boş-boğazlıq edirlər:
Gah şadlandım, gah qəmləndim bu yaramaz dil ilə,
Ya Rəbb, belə yaman dilim kaş dibindən kəsilə!
Hər nə isə, ağlım itib eyləmişəm gör nələr,
Yaraşmayan işlər tutub törətmişəm fitnələr.
Heç özüm də bilməyirdim nədir bunun səbəbi,
Gah ağlayır, gah gülürdüm, xeyli küskün, əsəbi.
Mən qüsmağa başladıqda halım tamam pozuldu,
Huşsuz düşdüm cəsəd kimi, dilim isə lal oldu.[6]
“Müşkatül-ənvar”da A.Bakıxanov şərabın təsirindən öz hərəkət və davranışına nəzarət etməyi bacarmayan sərxoşların düşdüyü ağır vəziyyəti, psixoloji gərginliyi də düzgün qələmə almışdır. O, sərxoş insanın dili ilə düşdüyü gülünc vəziyyəti sanki gözümüz önündə canlandırır, şərabın səbəb olduğu əcaib əməlləri bir-bir sadalayır. Bu iyrənc mənzərəni seyr edən hər bir oxucu əsərdə təsvir edilən həmin sərxoş adamın davranışından, ağlını itirərək yaramaz işlər görməsindən, fitnələr törətməsindən – bir sözlə, sərsəmləmələrindən bir növ tərbiyə alır. Daha doğrusu, A.Bakıxanov bu xoşagəlməz mənzərəni qələmə almaqla öz oxucusunu tərbiyə edir, ona göstərir ki, sərxoş adamın aqibəti bax budur, o, insanlara qəm-qüssədən, mənasız fikirlərdən başqa heç nə gətirmir:
Mey nəşəsi barəsində hər kəs bir cür vurur laf,
Saf şərabın xassəsində vardır böyük ixtilaf.
Biri onda gəzir saflıq, fərəh, hər cür xoş halət,
Bir başqası deyir: “Şərab törədir min fəlakət”.[7]
Şair sərxoş adamdan danışarkən bir məsələni də öz oxucularına çatdırır ki, bu da şərabın, ümumiyyətlə, içkinin insan səhhətinə, onun mənəvi varlığına və iqtisadi durumuna endirilən sarsıdıcı zərbədir. O, haqlı olaraq belə zəif xarakterli insanı elin qınağıyla məzəmmətləyir və hədəfə gələn həmin adamın, nəhayət, öz naqis əməlindən peşman olduğunu göstərir:
Başağrısı sərsəmliyin eyləmişdi məni xar,
Bu zavallı halı yalnız düşən bilər, anlayar.
Ayıldıqda ətrafımda görmədim bir dostumu,
Ar da getdi, pul da getdi, şərabdakı kef bumu?!
Etibardan dəm vurmağa haqq verirmi bu halət?
Allahdan da, bəndədən mən çəkirəm xəcalət.[8]
A.Bakıxanov öz fikrini sübuta yetirmək üçün müxtəlif məzmunlu hekayə və lətifələrdən də geniş istifadə etmişdir. Şair maraqlı, ibrətamiz fikirlər söyləməklə nəticədə öz məqsədini daha qabarıq bildirir. O, ilk hekayədə nəşələnmək üçün bazardan həb almış şəxsin birdən-birə dəyişərək “insanlıq”dan uzaqlaşmasını inandırıcı boyalarla təsvir edir və həmin hekayətin sonunda deyir:
“Dedi: Aman, gör nə bəla gətirdim öz başıma,
Hansı üzlə nəzər salım indi öz tay-tuşuma?”.[9]
Şair bir anlığa şərabın məstedici təsirindən xumarlanıb feyziyab olan kəslərin sonrakı aqibəti, necə bədbəxt bir məxluqa çevriləcəyi barədə bəri başdan xəbərdarlıq edir.
Ey könül, sən ibrət götür öz başına gələndən,
Başqası da ibrət alsın bu yol ilə qoy səndən.
Mey məstliyi uzun sürməz, davamı da azdır, az,
Ayılantək təsir qalmaz bir nəşəsi duyulmaz…[10]
A.Bakıxanov gününü sərxoşluqla keçirən iradəsiz insanların ötəri kef çəkmələrini ağılsızlıq hesab edərək, onların sağlamlığının qayğısına qalıb faydalı, xeyirxah və nəcib işlərlə məşğul olmalarını daha məqbul sayır:
Öz ömrünü sərxoşluqda keçirərsə hər cahil,
Başağrısı bir an belə rahat qoymaz, onu bil!
Xumarlanmış gözlərini açan zaman yuxudan
Görəcəkdir günəş çıxmış, işıqlanmış bu cahan.[11]
Abbasqulu ağa içkiyə qurşananların, onun məstedici halından feyziyab olanların ailəsi, dostları üçün bir ictimai bəlaya çevriləcəyini, həmin bihuşedici maddənin təsirindən özünə və ətrafdakılara xələl gətirəcəyini duyub onlara bu naqis əməli, ədəbsiz vərdişi tərgitməyi tövsiyə edir. Bu bəd adəti dayandırmayacağı halda, onların daha dəhşətli bəlalarla üzləşəcəyini yada salır:
Mey içəndən öyrənsən hüşyarlığı,
Sərxoş olmaqdan ayıl, bəsdir, yetər![12]
Mənbələrdə göstərilir ki, Bakıxanov Peterburqda olanda imperator birinci Nikolayın qonaqlıq məclisinə dəvət olunur. Çara və arvadına çatdırırlar ki, Qafqazdan gələn qonağın ömründə dilinə içki dəyməyib. İmperatorun arvadı qürurla söyləyir ki, mən Abbasqulu ağaya şərab içirdərəm. O, bir qədəh şərabı qızıl siniyə qoyur və özü gətirib Bakıxanova təqdim edir. Padşahın arvadının şərab təqdim etməsi qonaq üçün ən yüksək hörmət sayılırmış. Abbasqulu ağa ayağa qalxıb qızıl sinidən qədəhi götürür və üzünü çar birinci Nikolaya tutaraq deyir:
– Ey mənim həşəmətli hökmdarım, siz deyirsiniz şərab için, Allahım deyir içmə, hansınızın sözünə baxım?
Çox dindar olan çar birinci Nikolay bir anın içində:
– Əlbəttə, Allahın, – söyləyir.
Abbasqulu ağa Bakıxanov əlindəki qədəhi təzədən qaytarıb padşah arvadının əlindəki qızıl siniyə qoyur. Padşah arvadı peşman halda qayıdıb yerində oturur.[13]
Bütün ömrü boyu sağlam həyat tərzi keçirmiş Abbasqulu ağa nəinki müasirləri tərəfindən yüksək dəyərləndirilmiş, onun eyni zamanda bu problemin tətbiqi və təşviqi yolunda əvəzsiz xidməti olmuşdur.
Böyük maarifçi başdan-başa əxlaq tərbiyəsinə həsr olunmuş “Təhzibi-əxlaq” əsərində gəncləri pis və ləyaqətsiz əməllərdən uzaq durmağa, nəcib, xeyirxah, şərəfli işlərə xidmət etməyə çağırır. Onun əsərləri şəxsiyyətin bütövlüyünü, vicdanlı, saf, ədalətli, prinsipial comərd olmağı, bütün humanist əməllərə riayət etməyi və elmə daim can atmağı, vətən uğrunda canından keçməyi, zəhmətə qatlaşmağı, əqli və fiziki əməyə məhəbbəti, habelə gigiyena və sağlamlığa xidmət etməyi təbliğ edir.
Ədibin ümumilikdə tərbiyə mövzusunu geniş və hərtərəfli əhatə edən həmin əsərində “Etidala riayət etmək haqqında”, “Yaxşı işlərin fəziləti haqqında”, “Rahatlıq əldə etmək haqqında”, “İşin faydaları haqqında” və s. fəsillərində sağlam həyat tərzinin formalaşdırılması, fiziki sağlamlıq, iradi-mənəvi keyfiyyətlər, habelə fiziki tərbiyə motivləri ilə bağlı mühüm məsələlərə toxunulur.
A.Bakıxanovun “Təhzibi-əxlaq” əsərində “Etidala riayət”, “Yaxşı işlərin fəziləti”, “Can sağlığının qazanılması”, “Şöhrətin bəyanı” fəsilləri əxlaqi-etik normaların geniş və dəqiq şərhinə həsr olunmuşdur. Böyük maarifpərvər, əxlaqşünas filosofun əxlaq nəzəriyyəsində “etidal” (orta hədd) prinsipi olduqca mühüm yer tutur. Şair təbiət və insan həyatından çoxlu faktlar gətirərək belə qənaətə gəlir ki, hər şeydə azlıq faydasız olduğu kimi, həddindən artıq yemək də onun səhhətini pozur və patoloji xəstəliklərin yaranmasına səbəb olur. Nəbatatın yetişməsi rütubətə möhtacdır, lakin rütubət çox olarsa, onu çürüdər. Xəsislik pis xasiyyətdir, lakin həddindən artıq israfçılıq da pisdir.
Böyük ədibin mənəvi xəzinəmizin dəyərli sərvətlərindən olan “Nəsihətnamə”ləri arasında insan səhhətinin möhkəmləndirilməsi, gümrah bədənə, sağlam orqanlara, uzunömürlülüyə səbəb olan əsas amilləri şərtləndirən vasitələrlə bağlı qiymətli fikirlər çoxdur. O, yaşamaq, həm də mənalı yaşamaq, səmərəli ömür sürmək naminə, yemək üçün yaşayanları deyil, yaşamaq üçün yeyənləri nəzərdə tutaraq bu işdə, hər şeydən öncə, iradəli olmağı tövsiyə edir. Şair göstərir ki, çox yeyib qarınqululuq etmək insanın öz səhhətinə, sağlamlığına düşmən kəsilməsi deməkdir. Təbii ki, bu məsələdə lazımi ölçünü, etidalı gözləməyib, rejimin qaydalarına intizam göstərməyən kəslərin bir sıra xəstəliklərə mübtəla olmaları şəksizdir.
Abbasqulu ağa göstərir ki, qida qəbulunda qədəri gözləməyib, həddini aşan kəslərin ağlı, düşüncəsi də qaydasınca olmur. Onun fikrincə, belə adamların, adətən, zehni korafəhim olur, kal ağıl sahibi kimi əqli kütləşmiş bir fərd kimi maddiləşir. Təsadüfi deyildir ki, Şərqin böyük zəka sahibləri, müdrikləri əqli və bədəni həmahəng olmayan kəsləri şikəst məxluq adlandırmışlar. Beləliklə, xalqımızın əvəzsiz filosofu, müqtədir pedaqoq və həkimi yeyib-içmək işində normal insanın daim qaydasında, qədərində qidalanmağını bu işdə özünənəzarəti şərtləndirən başlıca amil kimi qiymətləndirmişdir. Və əsərlərində dönə-dönə yazırdı: “Çox yeməkdən çəkinin, çünki bədənin səlamətliyinə və ağıla zərəri vardır”.[14]
A.Bakıxanov “Mənzum hekayətləri”ndə hər bir xəstəliyin törənmə səbəbləri və həmin bəlaya qarşı insanların şəfa tapmasından ötəri əlac yolları və lazımi profilaktik tədbirlər görmə barədə söhbət açır. Şairə görə, insan öz canını hər hansı bir dərd-bəladan qoruyub həkimə möhtac olmamaq üçün o, ilk növbədə öz fiziki-cismani möhkəmliyi uğrunda çalışmalıdır. Bununçün isə bir sıra fiziki tərbiyə məşğələləri, bədən tərbiyəsi hərəkətləri ilə yanaşı, həm də təbii və gigiyenik amillərə, xüsusilə də sağlam həyat tərzi yaşamına mühüm diqqət yetirilməlidir:
Hər bir xəstəliyin bir səbəbi var,
İllətsiz xəstəlik olmaz aşikar.
Altı şey vücuda çox lazımdır, bil,
Dörd şey də eləyir mərəzi təhlil.
Bu şeylər birləşsə bir yerdə, yəqin,
Pozulmaz heç zaman halı səhhətin.
Deməli, mərəzdən kim görsə bəla,
Etmiş öz-özünü dərdə mübtəla.[15]
Şairin dediklərindən belə qənaətə gəlmək olur ki, müxtəlif mərəzlərə yoluxmamaq, habelə dava-dərmana möhtac olmamaq üçün hər bir kəs hökmən gərək fiziki tərbiyə məşğələləri, onun əsas vasitələri və idman təmrinlərinə xüsusi yer ayırsın:
Ağıllı, xəstəlik hələ gəlməmiş,
Çalışar vaxtında görülsün hər iş.
Elə ki hüdudu aşdı bir ixlat,
Bədəndə törəyir xəstəlik, fəsad.
Vücudun səhhəti pozulub gedər,
Yüz illət bədəni sərnigun edər.
Sağlamkən gərəkdir edəsən əlac,
Ki, vücud olmasın dəvaya möhtac.[16]
Beləliklə, bütün ömrünü fəal, fəal olduğu qədər də sağlam həyat tərzi yaşamış və yaradıcılığında da həmin fəzil məsləhləri, müdrik tövsiyələri çox böyük sənətkarlıqla bizlərə çatdırmış ədibin yaradıcılığına dönə-dönə müraciət edilməlidir. Bu gün xalqımızın gənc övladlarının əqli və mənəvi kamilləşməsi nə dərəcədə zəruridirsə, onların fiziki təkmilləşməsi də o dərəcədə mühüm əhəmiyyət kəsb edir. Odur ki, fiziki tərbiyənin əsas amili kimi təbii və gigiyenik qaydalara ciddi riayət olunması sağlam həyat tərzinin formalaşmasına zəmin yaradan başlıca vasitədir.
[1] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh.141-142.
[2] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh. 144.
[3] Bakıxanov A. Qüdsi. Bədii əsərləri. Bakı, Azərnəşr, 1973, səh. 27-28.
[4] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh. 142.
[5] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh. 145.
[6] Yenə orada, səh. 146.
[7] Bakıxanov A. Qüdsi. Bədii əsərləri. Bakı, Azərnəşr, 1973, səh. 25.
[8] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh. 146.
[9] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh. 150.
[10] Yenə orada, səh. 146.
[11] Yenə orada, səh. 146.
[12] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh.318.
[13] Nəsirli Ş.Ə. Azərbaycan generalları. Bakı, “Gənclik”, 1991, səh. 38.
[14] Bakıxanov A. Hind əfsanəsi. Bakı, “Gənclik”, 1972, səh.96.
[15] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh.229-230.
[16] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh.230.
“Ədəbiyyat və incəsənət”
(29.09.06.2025)
Türk Mədəniyyəti və İrsi Fondu Böyük çölün tarixinə diqqət çəkir
UITAU VİLAYƏTİNDƏ “CUCİ XAN VƏ QIZIL ORDA: BÖYÜK ÇÖLÜN TARİXİ, İRSİ VƏ SİVİLİZASİYASI” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB
27–28 sentyabr 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının Ulıtau vilayətində Türk Mədəniyyəti və İrsi Fondu və Ulıtau vilayəti Akiminin birgə təşkilatçılığı ilə “Cuçi Xan və Qızıl Orda: Böyük Çölün tarixi, irsi və sivilizasiyası” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, tədbirin əsas məqsədi Cuçi Xanın irsinin və Qızıl Ordanın tarixinin elmi əsaslarla araşdırılması, tarix, bərpa, folklor, musiqişünaslıq və sənətşünaslıq sahələrində hərtərəfli tədqiqatların aparılması, eyni zamanda Ulıtau bölgəsinin mədəniyyətində ortaq türk dəyərlərinin öyrənilərək bütövlükdə türk sivilizasiyasının mənəvi irsi kimi qiymətləndirilməsi olub.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Tatarıstandan tanınmış alim və mütəxəssislərin iştirak etdiyi konfransda “Cuçi Ulusu və Qızıl Orda dövründə dövlətçilik və tarixi-mədəni proseslər”, eləcə də “Türk dünyasının XII-XIV əsrlər musiqi-folklor irsi və mənəvi dəyərləri. Küyçü-bəstəkar Ketbuka xanın tarixi-mədəni irsi” mövzuları üzrə müzakirələr aparılıb.
Plenar iclasda Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Ulıtau vilayətinin Akimi Dastan Rıspəkov və Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Mədəniyyət Komitəsi sədrinin müavini Maksat Arğınbekov çıxış ediblər.
Xanım Aktotı Raimkulova nitqində Cuçi Xanın irsinin və Qızıl Orda tarixinin dərin elmi araşdırılmasının, habelə Ulıtau torpaqlarında formalaşmış ortaq türkdilli dəyərlərin müəyyənləşdirilməsinin müasir dövr üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Konfrans çərçivəsində zəngin mədəni proqram da təqdim olunub. Türk Dünyası mədəniyyətinin tanınmış səfiri olan “TURAN” ansamblı “TAMYR” adlı konsert proqramı ilə çıxış edərək tamaşaçılara türkdilli xalqlara məxsus 40-dan çox milli musiqi alətini və onların musiqi irsini təqdim edib. Bundan əlavə, iştirakçılar üçün Ulıtau bölgəsinin tarixi-mədəni abidələrinə ekskursiya təşkil olunub. Nümayəndə heyətləri Cuçi Xan, Alaş Xan və Dombaul məqbərələrini ziyarət edərək bölgənin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar.
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
Əməkdar artist Cabir İmanov vəfat edib
Əməkdar artist, “Planet Parni iz Baku KVN Tetarı”nın aparıcı siması Cabir İmanov vəfat edib. “Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb. Məlumata görə, o bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.
Qeyd edək ki, C.İmanov 1992–2001-ci illərdə əsrin çempionu olmuş “Parni iz Baku” KVN komandasının üzvü olub. Xatırladaq ki, həmin komandanın kapitanı Anar Məmmədxanov da gözlənilmədən vaxtsız vəfat etmişdi…
Cabir İmanov 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdü. 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdu.
Ailəli idi, 4 övladı var.
Allah rəhmət eləsin.
"Ədəbiyyat və incəsənət"
(29.09.2025)
Sərhədsiz sənət: Qarabağ motivləri dünya səhnəsində
Rəqsanə Babayeva
Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün
Sənətin ən böyük gücü onun sərhəd tanımamasıdır. Siyasətin, iqtisadiyyatın, hətta coğrafi məkanların belə ayırdığı xalqları bəzən bir musiqi sədası, bir rəsm əsəri, bir teatr tamaşası birləşdirə bilir. Qarabağ motivləri isə bu sərhədsiz sənətin ən parlaq nümunəsinə çevrilməkdədir. Çünki Qarabağ təkcə bir bölgə deyil – mədəniyyətin, yaradıcılığın, xalqın ruhunun simvoludur.
İşğaldan azad edilən Qarabağ torpaqları bu gün yenidən sənətin doğulduğu, köhnə yaraların mədəniyyətlə sağaldıldığı bir məkan kimi dünyaya təqdim olunur. Bu motivlərin dünya səhnəsinə çıxışı isə Azərbaycanın ən mühüm mədəni diplomatiya qələbələrindən biridir.
Qarabağ – yaradıcılığın beşiyi
Şuşa, Ağdam, Füzuli, Zəngilan… Bu adlar təkcə coğrafi məkanları deyil, həm də mədəniyyət ocaqlarını xatırladır. Qarabağ əsrlər boyu aşıqların, xanəndələrin, şairlərin ilham mənbəyi olub. Xurşidbanu Natəvanın şeirləri, Bülbülün səsi, Üzeyir Hacıbəylinin musiqisi Qarabağın sənət ocağı olduğunu sübut edib.
Bu gün həmin torpaqlarda bərpa olunan mədəniyyət məkanları – konsert zalları, muzeylər, teatrlar – yalnız Azərbaycanın deyil, bütün dünyanın diqqətini çəkir. Çünki Qarabağda doğulan motivlər hər kəs üçün universal duyğulara çevrilir: həsrət, azadlıq, qələbə, yenidənqurma…
Musiqidə Qarabağ izləri
Qarabağ motivləri musiqidə xüsusi yer tutur. Muğam məktəbinin ən böyük ustaları Qarabağ torpağından çıxıb. “Segah”, “Şur”, “Bayatı-Şiraz” kimi muğamlar Qarabağın təbiəti və insanların hissləri ilə yoğrulub.
Azadlıqdan sonra keçirilən “Xarıbülbül” musiqi festivalı artıq təkcə Azərbaycanın deyil, dünyanın musiqi gündəminə çıxıb. Burada səslənən muğam və xalq musiqisi müxtəlif ölkələrin sənətkarlarının iştirakı ilə yeni çalar qazanır. Bu, Qarabağ musiqisinin sərhədsiz gücünü təsdiqləyir.
Rəssamlıqda Qarabağ mövzusu
Azərbaycan rəssamlarının əsərlərində Qarabağ motivləri hər zaman ön planda olub. Cıdır düzünün mənzərələri, Şuşanın küçələri, dağıdılmış abidələrin təsviri sənətdə həm faciəni, həm də ümidin işığını əks etdirib.
Son illərdə beynəlxalq sərgilərdə Qarabağ mövzulu əsərlərin təqdim olunması dünya ictimaiyyətinə unikal bir mədəni mesaj verir: sənət vasitəsilə Qarabağın dirçəlişi, sülh və yaradıcılıq hekayəsi dünyaya çatdırılır.
Teatr və kino – Qarabağın səhnə təcəssümü
Teatr tamaşaları və filmlərdə Qarabağ mövzusu xüsusi bir yerdə dayanır. Müharibə illərində yazılmış pyeslər faciəni göstərirdisə, bu günki tamaşalar və ekran əsərləri daha çox qələbəni, quruculuğu və insan iradəsini əks etdirir.
Beynəlxalq festivallarda nümayiş olunan Azərbaycan filmləri – Qarabağın tarixi, mədəniyyəti və azadlıq uğrunda mübarizəsini təsvir edən əsərlər – tamaşaçılarda dərin təəssürat yaradır. Çünki sənət dili universal dildir; bir kadr, bir səhnə sərhədsiz təsir gücünə malikdir.
Dünya səhnəsində Qarabağ motivləri
Qarabağ motivlərinin Parisdə bir sərgidə, Nyu-Yorkda bir konsertdə, İstanbuldakı teatr festivalında təqdim olunması artıq adi hadisə deyil. Bu, Azərbaycanın milli irsini dünya miqyasında təbliğ etməsi deməkdir.
Mədəniyyət vasitəsilə Qarabağın səsi dünyaya çatdırıldıqca, həm həqiqətlər tanınır, həm də Azərbaycan incəsənəti yeni auditoriyalar qazanır. Xarici tamaşaçılar Qarabağı təkcə siyasi münaqişə məkanı kimi deyil, zəngin mədəniyyətin beşiyi kimi tanıyır.
Gənclərin yeni baxışı
Qarabağ motivlərinin gələcəyini gənc sənətkarlar formalaşdıracaq. Rəqəmsal texnologiyalardan istifadə edən rəssamların Qarabağı virtual incəsənətdə təqdim etməsi, gənc musiqiçilərin muğamı dünya janrları ilə sintez etməsi, yeni nəsil yazıçıların Qarabağ hekayələrini qlobal ədəbiyyat dili ilə ifadə etməsi – bunlar Qarabağın motivlərini sərhədsizləşdirir.
Dünya auditoriyası artıq Qarabağı yalnız tarixi abidələr və ya ənənəvi motivlərlə deyil, həm də müasir incəsənətin parçası kimi görür.
Sənət sərhəd tanımır. Qarabağ motivləri isə bu sərhədsiz sənətin ən güclü ifadəsinə çevrilib. Musiqidə muğam, rəssamlıqda naxış, teatrda tamaşa, kinoda kadr – hər biri Qarabağı dünyaya tanıdır.
Bu motivlərin dünya səhnəsinə çıxması Azərbaycanın yalnız mədəni uğuru deyil, həm də diplomatik qələbəsidir. Çünki sənət hər zaman siyasətdən daha çox inandırıcı, daha çox təsirli olub.
Qarabağ mədəniyyəti bu gün sərhədləri aşaraq dünyaya bir mesaj verir: biz dağıntıdan sonra qururuq, düşmənçilikdən sonra sənət yaradırıq, qaranlıqdan sonra işıq saçırıq.
Və bu işıq – sərhədsiz sənətin, Qarabağ motivlərinin dünyaya açılan işığıdır.
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
Tarix müəlliminin etirafı – Meyxoş Abdullahın yeni hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı Cəlilabadda yaşayıb-yaradan ustad yazar Meyxoş Abdullahın “Tarix müəlliminin etirafı”adlı yeni hekayəsini təqdim edir.
Arıq, taqəti kəsilmiş ağsaçlı müəllimə ağır addımlarla kəndin kənarındakı qəbristanlığa doğru irəliləyirdi. Bir-iki gün olardı ki, canındakı o müdhiş ağrılar birazca azlamışdı. Başqa vaxt olsaydı, bu uzun yolu xəstə canıyla piyada getmək ona ağır gələrdi. Amma bu gün, o, qəti qərara gəlmişdi ki, kənd qəbristanlığına gedib, vaxtilə dərs dediyi, indi isə el-obanın sevimlisi olan şəhid əsgər, İbrahim Lələyevin məzarını ziyarət etsin.
Müəlliminin şagirdinə deyiləsi ürək sözləri vardı. Neçə gün idi ki, o, bu barədə fikirləşirdi. Ürəyində yığılıb qalmış sözləri ona elə əzab verirdi ki…
Qəbristanlığın qapısına çatanda, bir azca dayanıb nəfəsini dərdi. Ayaqlarındakı ağrılar ona şiddətli əzab verdiyindən, canını dişinə tutub birtəhər dözürdü. Əlindəki əsa, elə bil, onun son ümid yeri idi. Bütün vücudunu əsaya etibar edirmiş kimi bərk-bərk ona söykənmişdi.
Müəllimə qəbristanlığın qapısından içəri girib, sol tərəfdə, qara mərmərlərlə əhatə olunmuş məzara sarı irəlilədi. Həyəcanlandığından, soyuq dəymiş adamlar kimi tir-tir titrəyirdi.
O, qəbrin önünə çatanda dayandı. Başını astaca qaldırıb, qocalıqdan heydən düşməkdə olan bulanıq gözlərini, mərmər daşına həkk olunmuş şəkilə dikdi. Şəkildəki hərbi geyimdə olan cavan oğlanın gülümsər gözləri o dəqiqə müəlliminin gözləriylə toqquşdu.
– Hə… Sənsən, İbrahim, oğlum? – deyə müəllimə, uzun illərdən bəri görmədiyi şagirdini şəklindən tanıdığına görə sevindi.
İbrahim onun neçə illər bundan qabaq tarix fənnindən dərs keçdiyi şagirdi idi. İllər, onun boy-buxununun, sir-sifətinin cizgilərini dəyişsə də, gözləri həmin gözlər idi, lap uşaqlıqda olduğu kimi, saf, məsum.
Mərmər daşın parıltısı igid əsgərin çöhvrəsini bir az da işıqlandırdığı üçün, oradan gözlərinə düşən nur atəşinə bənzər şüalar müəllimənin gözlərini qamaşdırdı.
Müəllimə dərindən nəfəs aldı və güclə eşidiləcək səslə pıçıldadı:
– Xoş gördük səni, oğlum… Şəhid adın mübarək!..
Sonra o, titrək əlləriylə qara mərmərin üzərində həkk olunmuş şəkili sığalladı. Daşın soyuqluğu, elə bil, onun xəstə canına işlədi, bədənindən soyuq bir gizilti keçdi.
Müəllimə başını qaldlrıb şəkilə baxanda, yenə onun gözləri, qara mərmər daşın üzərinə həkk olunmuş şagirdinin gülümsər gözləriylə toqquşdu. Gözlər bir anlıq da olsun nəzərlərini müəllimindən çəkmək istəmirdi. Müəllimə hansı səmtə dönürdüsə, o gözlər yenə də onu axtarırdı.
– Oğul, bilirsən niyə gəlmişəm?! – deyə, müəllimə titrək səslə dilləndi. – Şəhadətə qovuşduğunu bir müddət bundan qabaq eşitdim. Onda bərk xəstələnmişdim, yataqdan qalxmağa hərəkətim yox idi. Bir azca özümə gələndən sonra, evinizə gəlib, ata-anana başsağlığı vermək istədim. Amma nədənsə, fikrimdən daşındım. Qərara gəldim ki, əvvəlcə gəlim sənin özünü ziyarət edim, sonra onları. Axı, ürəyimdə sənə deyiləsi çox sözlərim var. Xəstələnəndə Allahıma yalvarırdım ki, tanrı mənə bir az da möhlət versin, ürəyimdəki sözlərimi sənə çatdıra bilim. – Əziz oğlum, xatırlayıram ki, o vaxtlar mən sizə tarix fənnindən dərs keçəndə sən mənim dərslərimi o qədər də yaxşı oxumurdun. Hətta, bir az da nadinclik edərdin, elə deyilmi?! – deyə müəllimə, nəmli gözlərini qara mərmərdəki şəklin gözlərinin içinə dikdi.
Qara mərmərdəki şəkil yenə də gülümsəyirdi. Sanki ağsaçlı müəlliməsinin fikrini təsdiq edirmiş kimi; – hə, elədir müəllimə!– demək istəyirdi.
– Mən onda əsəbləşirdim. Səni və sinifdə zəif oxuyan uşaqları danlardım, – deyə, müəllimə astaca sözlərinə davam etdi. Əlaçı şagirdləri isə sizə nümüunə göstərib: – Bunlara baxın və onlardan ibrət götürün! – söyləyərdim. Deyərdim ki, bu yaxşı oxuyan şagirdlər ağıllı uşaqlardırlar. Gələcəkdə vətənə namusla xidmət edəcəklər. Vətən üçün insanlarçün xeyirli işlər görəcəklər. Onların ad-sanları dünyanın hər yerindən eşidiləcəkdir. Biz onlarla fəxr edəcəyik! – deyə, yaxşı oxuyan uşaqları tərifləyərdim. – Amma siz tənbəllər, bəs sizdən nə olacaq?! – deyərək, sizi bərk qınayırdım. – Yadındadırmı, oğlum? – deyə müəllim dərindən ah çəkdi. Məni başa düş, oğlum, bir müəllim kimi, bir ana kimi sizin gələcəyinizdən çox narahat idim, ona görə belə edirdim. Sizləri düşünürdüm. Düşünürdüm ki, bu uşaqlar həyatda nə edəcəklər, necə yaşayacaqlar, görəsən?! Geyim-keciminizə, pırtlaşıq saçlarınıza, dəli-dolu hərəkətlərinizə baxıb yaman fikir edirdim. Fikirləşərdim ki, bizim gələcəyimiz olan siz gənclər, axı, vətən üçün, bizlər üçün nə gün ağlayacaqsınız?!
Bu fikirlər məni yaman narahat edirdi. Bir müəllim kimi, bir ziyalı kimi gecə-gündüz bu barədə fikirləşib, bərk narahat olurdum. Amma gör, nə qədər yanılmışam, oğul. Sən demə, yaxşı oxumaq, ziyalı olmaq, hələ vətən təəssübü, vətən qeyrəti çəkmək deyilmiş… Doğrudur, həmin öyünə-öyünə təriflədiyim əlaçı şagirdlərim ali məktəblərə qəbul olub tələbə adı qazandılar. Oxuyub böyük vəzifə sahibi də oldular. Onların arasında mənim davamçılarım da vardır. Amma fikirləşirəm, həyatda nələr dəyişdi, onlar bu dünyanın hansı axarını dəyişə bildilər? Onların heç biri sənin kimi ad-san, şan-şöhrət qazanıb ucalmadılar. Onları olsa-olsa bu kənd, el-oba tanıdı. Sən isə öz igidliyinlə, vətənsevərliyinlə onların hamısından üstün oldun. Sən şəhid olmağınla vətəni sevməyi, torpağına bağlılığı, nəinki, dostlarına, hətta, mən ağsaçlı müəlliminə də öyrətdin.
Mən orta məktəbi qızıl medalla, universiteti isə qırmızı diplomla bitirib, 40 il tarix müəllimi işləmişəm. Sən demə, həyatda savadlı olmaq, dünyanın bütün tarixini əzbərləmək, ölkələrin tarixi keçmişini bir-bir sadalamaq, eraları; – buz dövrünü, daş dövrünü, dəmir dövrünü, nə bilim daha nə dövrünü şagirdlərin yaddaşına yeritmək tarixi anlatmaq deyilmiş. Bunlar yalnız kitabda yazılanları şagirdlərin beyninə zorla yeritməkdən başqa bir işə yaramırmış. Tarixi əzbərləmək yox, tarix yazmaq lazımış, sənin kimi, oğul.
Bağışla məni, oğlum, bilirsən, necə peşimanam. Bu gün mən səndən çox şey öyrəndim. Sən mənə tarix dərsi keçdin, tarix dərsi öyrətdin, oğlum. Yadımdan heç vaxt çıxmayan bir tarix dərsi.
Kaş, bu həyata bir də dönə biləydik… Onda, səndən öyrəndiyim, sənin yazdığın tarix dərsini, bilirsən şagirdlərimə necə həvəslə öyrədərdim?!
… Müəllimə sözlərini bitirib bir azca rahatlaşdı. Sonra o, cib dəsmalına büküb gətirdiyi tabaşirlə şəhid şagirdinin mərmər başdaşının aşağı tərəfində, ona heç vaxt vermədiyi “5” (əla) qiymətini yazaraq, tabaşirli dəsmalla gözlərinin yaşını silə-silə asta-asta oradan uzaqlaşdı…
Soyuq mərmər daşlardan boylanan bir cüt gülümsər baxışlar ağsaçlı tarix müəllimini yola salırdı…
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
Diiqət! Çıxış edir Aşıq Samirə!
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Aşıq deyəndə göz önünə kişi ifaçı gəlir. Amma bu stereotipi qıran bir kəs də var – Aşiq Samirə. Bu gün doğum günü olan, 44 yaşını qeyd edəcək Samirə Əliyeva.
Samirə Əliyeva 29 sentyabr 1981-ci ildə Bakıda anadan olub. Təhsilinə 1988-ci ildə Bakı şəhəri, Xətai rayonu 221 saylı orta məktəbdə başlayaraq, 1998-ci ildə 98 saylı orta məktəbi bitirib. 1998–2002-ci illərdə ADMİU-nun "Kütləvi tədbirlər rejissoru" ixtisası üzrə bakalavr, 2002–2004-cü illərdə "Mədəniyyətşünaslıq" ixtisası üzrə magistr təhsili alıb.
1991-ci ildən aşıq sənəti ilə məşğuldur.
2006-cı ildən ADMİU-nun dissertantı olan Samirə Əliyeva 2013-cü ildə tədqiqat işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 2019-cu ilin mart ayında, AAK tərəfindən dosentlik diplomu ilə təltif olunub.
2004-cü ildən ADMİU-nun "Estrada və populyar musiqi" kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayıb. 2011-ci ildən "Aşıq sənəti" kafedrasında baş müəllim, 2017-ci ildən dosent vəzifəsində çalışır. 2022-ci ildən kafedranın müdiridir.
2008-ci ildə YUNESKO-nun "Aşıq sənəti"nin təbliği naminə keçirdiyi seçimi nəticəsində qadın aşıqları arasında seçilib, bu təşəbbüslə Fransada çıxarılan "Azərbaycan Aşıq Sənəti Anatologiyası" adlı diskdə onun ifasına yer ayrılıb. 2009-cu ilin mart ayında Fransanın "Luvr" muzeyində aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olması ilə bağlı keçirilən konsertdə qadın aşıqlarını təmsil edərək, uğurla çıxış edib.
2018-ci ildə Azərbaycan Aşıqlar Birliyinin IV qurultayında hesabat çıxışı olub. 2019-cu ilin aprel ayında, YUNESKO-nun Özbəkistanda təşkil etdiyi Beynəlxalq "Bakshı festivalı" nda II yerə layiq görülüb. Həmin ilin iyun ayında YUNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində solist olaraq, yadda qalan və fəal iştirakına görə Mədəniyyət Nazirliyinin və YUNESKO rəhbərliyinin fəxri diplomuna layiq görülüb.
Həmin ilin sentyabr ayında Heydər Əliyev Mərkəzində 31 ölkənin XVIII–XX əsrlərə aid olan 200-dək musiqi aləti bir arada - "Musiqi alətləri: birlik və müxtəliflik" sərgisində "Aşıqlar" və "Saz" bölmələrində yeganə gənc aşıq olaraq, solo ifaları və yaradıcılığı ilə bağlı məlumatlar yer alıb.
Samirə Əliyeva bir sıra məqalə, konfrans materialı və proqramın, o cümlədən aşıq sənəti üzrə təhsil alan tələbələr üçün "İxtisas", "Aşıq sənətinin tarixi və nəzəriyyəsi" və magistr pilləsi üzrə "Aşıq sənətinin müasir istiqamətləri" adlı proqramın tərtibçisi, "Dastan ifaçılığı bir aktyorun teatırı kimi" adlı dərs vəsaitinin müəllifidir
Mükafatları
1. 1993-cü ildə Respublika üzrə keçirilən "Gənc istedadlar" telemüsabiqəsinin qalibi olaraq, eyni ildə Şotlandiyanın Aberdin şəhərində keçirilən "Ümumdünya gəncləri festivalı" laureatı olub.
2. 1994-cü ildə "Sübh şəfəqləri" telemüsabiqəsi, "Yanvar şəhidləri" şeir müsabiqəsi, İstedad – 95 müsabiqəsi və "Aşıq qızların I Respublika" müsabiqəsinin diplomuna layiq görülüb.
3. 1996-cı ildə "Xalq çalğı alətləri ansamblının" şəhərlərarası keçirilən müsabiqənin, "Pöhrə — 97" müsabiqəsinin ," İstedadlar axtarırıq — 97" müsabiqəsinin, "Vətənimdir – Odlar Yurdu — 98" müsabiqəsinin qalibi olub, "Gənclik — 99" gənc müğənnilərin Respublika estrada – mahnı müsabiqəsinin I dərəcəli diplomuna layiq görülüb.
4. Azərbaycan Prezidentinin Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülüb. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatçısı olub.
5. 2021-ci ildə Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar ilk dəfə olaraq "Leyli və Məcnun" dastan-tamaşasında Leyli obrazında uğurlu çıxışına görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən "Nizami Gəncəvi-880 xatirə nişanı" ilə təltif olunub.
6. 2023-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsis etdiyi "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
Milli Qəhrəman Allahverdi Bağırovun ailəsi və sevgi hekayəsi
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Allahverdi Bağırov beş bacıdan sonra doğulmuşdu. Lakin bacıları ondan böyük olsalar da, onun qarşısında özlərini uşaq kimi hiss edirdilər.
Bacısı Svetlana Bağırova deyir: “Son dərəcə mehriban, amma zəhmli görkəmli idi. Allahverdi əyləşən süfrədə onunla oturub yemək yeməmişik. Məndən kiçik olmasına baxmayaraq hamımız ona böyük kimi hörmət edirdik”.
Anası rəhmətə gedəndə Allahverdi Bağırov çox sarsılmışdı. Axşamlar gizlicə qəbiristanlığa gedərək anasının məzarını ziyarət edirmiş. Atası da dünyadan vaxtsız köçdüyündən Allahverdi Bağırov ailənin qayğılarını üzərinə götürüməli olur. Müharibə başlayanda onun 46 yaşı vardı. Ağdamın imkanlı, varlı adamı iş-gücünü atıb cəbhəyə yollanmışdı...
Digər bacısı Almaz Bağırova deyir: “Sevdiyi qız vardı. O qız ailənin yeganə övladı idi. Onlar uzun illər bir-birlərini sevdilər. Lakin qızın ali məktəbə daxil olması gənclər arasında problem yaratdı. Allahverdi sevgilisindən fərqli olaraq həmin il ali məktəbə daxil ola bilməmişdi”.
Gənclər ayrılırlar. İllər sonra Allahverdi Bağırov keçmiş sevgilisinin vəfat etdiyini eşidir. O, hər dəfə doğmalarının məzarını ziyarət edəndə keçmiş sevgilisinin məzarına da baş çəkirmiş.
Həmin qız Allahverdi Bağırovun şəhid olmasından az əvvəl onun yuxusuna girir. Milli Qəhrəman bu barədə bacısına danışır: “Yuxumda gördüm ki, o qız məni zorla özünə doğru çəkdi”.
Bacısı onun bu yuxusundan qorxur, kövrəlir. Bunu görən Allahverdi Bağırov tez sözlərinə düzəliş edir: “Narahat olma, qız məni buraxdı”.
Amma yuxusu çin çıxır, bir neçə həftə sonra şəhid olur.
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)


