Super User

Super User

Çərşənbə axşamı, 02 Sentyabr 2025 10:14

Şəkidə ustad dərsləri və sərgi keçirilib

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

1 sentyabr 2025-ci il tarixdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təçkilatçılığı, Şəki Regional Turizm İdarəsinin dəstəyi ilə "Əllərin sehri" adlı ustad dərsləri və sərgi keçirilib.

 

Şəki Dövlət Resm Qalereyasında təşkil edilən ustad dərsləri və sərgidə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, həmçinin Şəki Regional Turizm İdarəsinin rəhbərliyi və əməkdaşları, şəkili sənətkarlar, ictimaiyyət nümayəndələri və şəhərin qonaqları iştirak edib.

Tədbir iştirakçılarına "Təkəlduz" sənətkarı Güləndam Alxaslı, "Şəbəkə" sənətkarı Tofiq Rəsulov və digər sənətkarlar tərəfindən ustad töhfəsi verilib. Həmçinin müxtəlif növ sənətkarlıq nümunələrindən ibarət əsərlər nümayiş etdirilib .

Şəki-Zaqatala RMİ-nin rəisi Emil Bədəlov, həmçinin Şəki Dövlət Rəsm Qalereyası və şəbəkə emalatxansında olub, sənərkarlar tərəfindən hazırlanan əl işləri ilə tanış olub.

M.F Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin əməkdaşı Yusif Yusifli, İdris İdrisov və Cabir Camılov tədbir boyu rəngarən musiqi nümunələri ilə tədbirə rəng qatıblar.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2025)

 

 

                                                             

 

 

Çərşənbə axşamı, 02 Sentyabr 2025 10:03

Musiqidə köklər: Muğamdan caz improvizasiyasına

 

Rəqsanə Babayeva,

BeyləqanrayonMədəniyyətMərkəzininrejissoru,"Gənclik" Xalq Teatrının rəhbəri. “Ədəbiyyat və incəsənət” üçün

 

Musiqi millətin ruhunun səsidir. O, sözlə ifadə edilməyən hissləri, tarix boyu topladığımız xatirələri, mədəni kimliyimizin incə qatlarını daşıyır. Azərbaycan musiqisinin ən böyük dayaq nöqtəsi — muğamdır. Amma XXI əsrin qlobal ritmləri içində muğam tək qalmaq istəmir: o, caz, rok, hətta elektron musiqi ilə “danışır”, sintezlər yaradır. Bu proses bəzən milli ruhu zənginləşdirir, bəzən də səthiləşdirir. Elə buna görə, “kök” və “improvizasiya” anlayışlarını birlikdə dərk etmək vacibdir.

 

Muğam – kökün nəfəsi

 

Muğam yalnız musiqi janrı deyil, bir mədəniyyət sistemidir. Onun ladları, ritmik quruluşu, improvizasiya prinsipləri əsrlərlə ustad-şagird ənənəsində formalaşıb. Muğamda ifaçı yalnız hazır notları təkrar etmir — o, həmin an öz ürəyindəki hissləri əsrlərdən gələn musiqi qaydaları ilə birləşdirir. Bu, həm azadlıq, həm məsuliyyətdir.

Muğamın əsası xalqın gündəlik həyatından, təbiətindən, sevinc və kədərindən gəlir. Bu səbəbdən o, hər dövrdə dinləyicinin qəlbinə toxunmağı bacarır.

 

Caz – azadlığın ritmi

 

Caz da improvizasiya üzərində qurulub. XX əsrin əvvəllərində afroamerikalı musiqiçilərin azadlıq və ifadə axtarışından doğan bu janr, dinləyiciyə həm intellektual, həm emosional zövq verir. Cazın əsası melodiyanın sərbəst şəkildə ritmlə dialoqudur.

Azərbaycan musiqiçiləri, xüsusilə Vaqif Mustafazadə, muğamla cazı birləşdirərək dünyada unikal bir musiqi üslubu yaratdılar. Onun ifalarında muğamın fəlsəfi dərinliyi ilə cazın improvizasiya azadlığı bir-birini tamamlayırdı. Bu, həm milli kimliyin qorunması, həm də qlobal musiqi arenasına çıxış nümunəsi idi.

 

Sintez – risk və imkanlar

 

Muğam-caz sintezi, rok və elektron musiqidə milli motivlərin istifadəsi müasir dövrdə daha geniş yayılıb. Gənc musiqiçilər “kök” və “müasir nəfəs” arasında körpü qurmaq istəyirlər. Lakin burada iki təhlükə var:

1. Səthi istifadə – Milli motivin yalnız “egzotik” effekt kimi işlədilməsi, onun fəlsəfi və melodik dərinliyinin unudulması.

2. Texniki üstünlük, məzmun çatışmazlığı – Müasir səs effektləri ilə zəngin olsa da, ruhu olmayan musiqi yaradıcılıqdan çox “səs oyuncağı”na çevrilə bilər.

Uğurlu sintez isə yalnız muğamı və digər milli janrları dərindən bilən, onların mahiyyətini mənimsəmiş ifaçı və bəstəkarların əlində mümkün olur.

 

Milli musiqi təhsili – gələcəyin təminatı

 

Müasir musiqi axınında milli kimliyi qorumağın yolu, təhsil sistemində həm klassik milli janrların, həm də dünya musiqisinin ciddi öyrədilməsidir. Gənc musiqiçi həm Segah muğamını, həm də cazın akord quruluşunu bilməlidir. Bu, ona təkcə texniki bacarıq yox, həm də mədəni məsuliyyət qazandırar.

 

Dövlət və cəmiyyət dəstəyi

 

Festival və layihələr – Muğam və müasir janrların bir araya gəldiyi beynəlxalq tədbirlər.

Arxiv və sənədləşmə – Klassik ifaların rəqəmsallaşdırılması, yeni ifaların qeydiyyatı.

Gənclərə səhnə imkanı – Yaradıcılıq müsabiqələri, canlı ifa platformaları.

 

Kökünü tanımayan improvizasiya azad deyil

 

Musiqidə azadlıq, kökdən uzaqlaşmaq deyil — kökdən güc almaqdır. Muğamın əsrlərlə formalaşan dərinliyi, cazın improvizasiya azadlığı ilə birləşdikdə, həm milli kimliyimizi, həm də yaradıcılıq sərhədlərimizi genişləndirir. Əgər bu tarazlığı qoruya bilsək, Azərbaycan musiqisi həm öz köklərinə sadiq qalar, həm də dünyaya yeni səs təqdim edər.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2025)

 

 

TəbrikQuliyev,

Sumqayıt şəhərAğsaqqallar Şurasınınsədri, Kimyaelmləri üzrə fəlsəfə doktoru, Əməkdarmühəndis, Prezidentinfərdi təqaüdçüsü. “Ədəbiyyatvə incəsənət” üçün

 

Sevimli şairimiz Şəhriyarındəyərlibirfikrivar: “Avropalılarbizdənonagörə irəlidirlərki, işiiş bilənə tapşırırlar”. Ulu şairin bu kəlamı, sözün əsl mənasında, həqiqətin ifadəsidir.

2015-ci il sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyevin Sərəncamı ilə Sumqayıt şəhərinə icra başçısı təyin olunan Zakir Fərəc oğlu Fərəcov həmin həqiqətin bariz nümunəsidir. Çünki Zakir müəllim Sumqayıtı yaxşı tanıyan, bu şəhərin problemlərini yaxından bilən, ömrünü doğma şəhərinə həsr etmiş bir rəhbər kimi fəaliyyətə başlamışdı. O, ilk gündən etibarən şəhərin inkişafı, abadlaşdırılması və sosial problemlərinin həlli istiqamətində böyük əzmlə çalışır.

Həmin vaxtdan Sumqayıtda genişmiqyaslı yenidənqurma və abadlıq işlərinə start verildi. Xüsusilə şəhərin giriş qapısında həyata keçirilən dəyişikliklər qısa zamanda Sumqayıtı tanınmaz dərəcədə gözəlləşdirdi. Bir müddət şəhərdən uzaq qalan insan bura qayıdanda heyrətlə sürücüyə: “Məni hara gətirmisən?” – deyə soruşurdu. Sürücü isə qürurla cavab verirdi: “Bura Sumqayıtdır!”

Doğrudan da qısa müddətdə şəhərin siması dəyişdi, yollar asfaltlandı, binaların dam örtükləri və fasadları yeniləndi, küçələrə, parklara gül-çiçək düzümü edildi. Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının binası, Muğam Mərkəzi, Musiqi və Şahmat məktəbləri, ASAN Xidmət Mərkəzi, Bayraq Meydanı kimi yeni tikililər şəhərin memarlıq simasını bəzəyən incilərə çevrildi.

Xəzər dənizin sahilində, uzun illər baxımsız qalan ərazi, Ulu Öndər Heydər Əliyevin vaxtilə arzuladığı kimi, qısa müddətdə möhtəşəm Bulvara çevrildi. Səkkiz ay ərzində salınan bu gözəllik Sumqayıta yeni nəfəs gətirdi, şəhərə dənizkənarı əraziyə möhtəşəm sima bəxş etdi. Ərazidə ucalan yeni binalar isə sanki “ikinci Sumqayıt”ı yaratdı.

Mədəniyyət sahəsində də böyük işlər görüldü. Kimyaçı Mədəniyyət Evi, Sumqayıt Dövlət Dram Teatrı, Nizami adına Kinoteatr və digər mədəniyyət ocaqları əsaslı şəkildə təmir olunaraq müasir görkəm aldı. Bu, bir daha göstərdi ki, rəhbər yerində olanda şəhərin siması yalnız abadlıq baxımından deyil, həm də mənəvi-mədəni tərəfdən yenilənir.

Zakir müəllimin rəhbərliyi dövründə Sumqayıtda keçirilən  mədəni-kütləvi tədbirlər şəhər sakinləri arasında mehribanlıq və həmrəyliyin möhkəmlənməsinə də xidmət edib. Bu tədbirlərdə insanların tez-tez görüşməsi, ünsiyyət qurması şəhərdə isti, doğma bir ab-hava yaradıb.

Prezident  İlham Əliyev də Sumqayıtda aparılan abadlıq və quruculuq işlərinə hər zaman yüksək qiymət verib. Təkcə bir faktı qeyd edək ki, dövlət başçısı prezidentlik fəaliyyəti dövründə otuz üç dəfə Sumqayıta səfər edib və hər dəfə icra hakimiyyəti başçısının qaldırdığı məsələlərə diqqətlə yanaşaraq onların həlli üçün maliyyə dəstəyi göstərib. Bu, həm Zakir müəllimin işinə verilən böyük etimadın, həm də Sumqayıta olan xüsusi qayğının göstəricisidir.

Şəhər ağsaqqalları da hər zaman Zakir müəllimin fəaliyyətini yüksək qiymətləndirir, onun şəhərin fəxri vətəndaşı adına layiq görülməsini arzulayırlar. Ölkə rəhbərinin müxtəlif mükafat və təltiflərlə qiymətləndirdiyi bu əməyin ən böyük mükafatı isə sumqayıtlıların ürəkdən söylədiyi minnətdarlıq sözləridir.

Bu gün gənclik enerjisi ilə çalışan Zakir Fərəcovun rəhbərliyi altında Sumqayıt sürətlə inkişaf edir, yeni-yeni uğurlara imza atılır. Sumqayıtlıların isə dəyişməz arzusu budur ki, bu işıqlı yol davam etsin, Zakir müəllim uzun illər şəhərimizə rəhbərlik etsin.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2025)

 

 

Çərşənbə axşamı, 02 Sentyabr 2025 08:29

MÜTALİƏ MƏDƏNİYYƏTİ – Uğurlu olmaq üçün oxumalısan

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

 

7.

UĞURLU OLMAQ ÜÇÜN OXUMALISAN !

Müasir dövrdəuğurlu olmaq üçün oxumaq nə dərəcədə önəmlidir? Bunu anlamaq üçün mütaliə prosesini bir qədər incələyək.

Mütaliə özündə “kitaba sevgi”, “oxuya maraq”, “oxuduğunu qavramaq və anlamaq” və “yaradıcı oxu” kimi anlayışları birləşdirir. Kitab və mütaliənin təbliği – günümüzdə hər bir ziyalının, mədəniyyət, ədədbiyyat, kitabxana işçisinin  fəaliyyətinin əsas istiqamətidir. Kitab və mütaliənin təbliği üzrə proqram əhalinin bütün kateqoriyalarının kitabxanalara cəlb edilməsi ilə həyata keçirilir, lakin əsas diqqət uşaq, yeniyetmə və gənclərin mütaliəsinə yönəldilir. Yeniyetmə və gənc kadrların  mütaliə xarakteri isə hər gün dəyişir. Onlar üçün kitabı müstəqil seçmək heç də həmişə asan olmur. Yeni başlayan oxucu çox vaxt özü də nə istədiyini, nə oxuyacağını bilmir. Demək, bizlərin daim təbliğat işləri aparmasına böyük ehtiyac vardır.

Mütaliə üçün vaxt məsələsi əsas əhəmiyyət kəsb edən amildir. Nədənsə asudə vaxtının demək olar ki, çoxunu mənasız şeylərə sərf edən insan həmin vaxtın hər gün bir saatını mütaliəyə ayırmır. İşdən evə dönərkən evdə olan boş zamanı adətən televiziya verilişlərinə baxmaqla keçirənlər bu vaxtlarının heç olmasa bir saatını kitab oxumağa ayırsalar, bir çox müsbət keyfiyyətlər qazanmaqla yanaşı, vaxtlarını dəyərləndirmiş olarlar. Ya da internet klublarda, kompüter arxasında, kafelərdə, əyləncə məkanlarında və başqa yerlərdə vaxtlarını keçirən gənclər bu vaxtlarının üçdə birini kitabxanalarda keçirsələr və kitab oxumağa ayrısalar, cəmiyyətin ümumi düşüncə səviyyəsi yüksələr və geri qalan cəmiyyətlər sırasında olmaqdan qurtulmuş olar.

Növbəti: 8. Müatliə nədir?

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2025)

 

 

Çərşənbə axşamı, 02 Sentyabr 2025 08:04

Naxçıvanı fırçası ilə vəsf etmiş rəssam

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Doğum günləri 2 sentyabra təsadüf edənlərdən danışırıq, içlərində əlbəttə ki, rəssamlar da vardır. Azərbaycan SSR əməkdar incəsənət xadimi Əyyub Hüseynovdan danışacam.

 

Azərbaycan Rəssamlar İttifaqının üzvü Əyyub Hüseynov 2 sentyabr 1916-cı ildə Xok kəndində anadan olub. İlk ixtisas təhsilini 1930–1935-ci illərdə Bakıda fəaliyyət göstərən Azərbaycan Rəssamlıq Texnikumunda alıb. 1935–1941-ci illərdə Tiflis Rəssamlıq Akademiyasında təhsil alıb. Ali təhsilini bitirdikdən sonra o, Naxçıvana qayıdaraq bir müddət Naxçıvan Dövlət Dram Teatrında quruluşçu rəssam işləyib.

1948-ci ildə Naxçıvandan Bakıya köçüb. Burada bir vaxtlar təhsil aldığı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deməklə yanaşı, müstəqil yaradıcılıqla məşğul olub. Belə ki, 1948-ci ildən ömrünün sonunadək burada dərs deyən Əyyub Hüseynov 1956–1965-ci illərdə məktəbin direktoru vəzifəsində çalışıb.

1949-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, uzun müddət ittifaqın partiya komitəsinin sədri seçilib. Üç çağırışda rayon deputatı olub. Uzun illər Azərbaycan Rəssamlıq Fondunun nəzdində bədii şuranın üzvü və sədri də olub.

Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının fondunda, şəxsi kolleksiyalar və özünün emalatxanasında saxlanılır.

Əyyub Hüseynovun yaradıcılığı əsasən üç dövrə bölünür. Birinci dövr 1930–1950-ci illəri əhatə edir. Bu dövr onun sənət fəaliyyətinə başladığı erkən dövr kimi qiymətləndirilir. İkinci dövr yaradıcılığının məhsuldar dövrü olan 1960–1980-ci illərdir. 1980–1990-ci illər isə üçüncü dövrdür ki, artıq bu dövr yaradıcılığının yetkin dövrü kimi qiymətləndirilir.

Naxçıvan Dövlət Dram Teatrında çalışdığı dövrdə o, tanınan rəssam Şamil Qazıyevlə bir çox tamaşaların bədii tərtibatını və geyim eskizlərini hazırlayıb. Bu dövrdə rəssam Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu", Səməd Vurğunun "Fərhad və Şirin", Osman Sarıvəllinin "Babək", Abdulla Şaiqin "Vətən", Nağı Nağıyevin "Polad", Əbülfəz Abbasquliyevin "Günəş doğur" və s. pyeslərə bədii tərtibat verib və geyim eskizləri çəkib.

"Əməkdə fərqlənməyə görə" medalına layiq görülüb.

Əyyub Hüseynov 17 aprel 1998-ci ildə Bakı şəhərində vəfat edib.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006 və 2016-cı illərdə rəssamın 90 və 100 illik yubileylərinə həsr olunan sərgilər təşkil olunub. 2018-ci ildə Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Əyyub Hüseynovun həyat və yaradıcılığına həsr olunan "Avtoportret" sənədli filminin təqdimatı keçirilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Təqvimdə bu gün doğulan aktyorlar arasında bir ad da var: Səyavuş Hüseynli. Kifayət qədər tanınmış bir şəxsdir. Mədəniyyətimizə xeyli töhfələr vermiş “SOY production" şirkətinin qurucularından biridir. Onu televiziyadakı çox populyar layihələrin aparıcısı kimi də tanıyırıq.

 

 O, 2 sentyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram teatr və kino aktyorluğu" fakultasinə daxil olub, 1992-ci ildə universiteti bitirib.

1993–1996-cı illərdə hərbi xidmətdə olub. İlk sənət müəllimi görkəmli teatr rejissoru Nəsir Sadıqzadə olub.

Səyavuş Hüseynli 1989-cu ildə əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi "Gənclər" teatrında aktyor kimi fəaliyyətə başlayıb. Teatrın premyerası olan Yusif Səmədoğlunun "Qətl günü" tamaşasında rol alıb. 1993–1994-cü ildə xalq artisti Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Pantomim Teatr-Studiyasının əsasını qoyan ilk heyətin aktyoru olub.

 Sənət müəllimlərindən biri olan Bəxtiyar Xanızadə ilə yaradıcı əməkdaşlıq universitet illərindən başlayıb.  1992–1993-cü illərdə ANS telekanalı ilə əməkdaşlıq edib. Bir sıra əyləncəli proqram və qısametrajlı televiziya filmlərinin yaranmasında aktyor və ssenarist kimi iştirak edib. Məşhur "Tramvay", "Tramvay 2", "Çarli Çaplin", "8 mart" və s. qısametrajlı komediya filmlərində baş rolların ifaçısı və ssenari müəlliflərindən olub.

1996-cı ildə istehsal olunan, A. P. Çexovun hekayəsinin motivləri əsasında çəkilən "Kiçik leytenant" bədii filminin ssenari müəllifi və baş rolun ifaçısıdır. 1997–1999-cu illərdə Space telekanalı ilə əməkdaşlıq edib. Bu müddətdə bir sıra əyləncəli proqramlarda və reklam çarxlarında rejissor, müəllif, aparıcı kimi fəaliyyət göstərib.

1998-ci il noyabrın 3-ü yaranan "SOY production" şirkətinin təsisçilərindən biri və bədii rəhbəridir. SOY şirkətini ilk layihəsi olan "Həftə Çal-çağırı" əyləncəli-informasiya proqramının aparıcısı və müəllifidir. Səyavuş Hüseynli bir çox reklam çarxlarının, irimiqyaslı tədbirlərin, yubileylərin rejissorudur.

 

Təltif və mükafatları

1. Humay

2. Qrand

3. Qızıl Pəri

 

Filmoqrafiya

- Kiçik leytenant

- Qırmızı xətt

- Sirr

- 3 bacı

- Qaynanamız

- Bakı binaları

- Neft daşları

- Təhlükəli nikah

- Təriqət toru

- Narkomaniya

 

Televiziya fəaliyyəti

Quruluşçu rejissor, ideya müəllifi və rəhbəri olduğu televiziya layihələri:

İşdən sonra

Həftə Çal-Çağırı

Qırmızı xətt

Zarafatyana

Çal-Çağır

Çal-Çağır şou

Yeni ulduz

Xalq ulduzu

Burda və indi

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2025)

 

 

 

Hafiz Ataxanlı, “Ədəbiyyat və incəsənət” üçün

 

Proloq

Hüseyn kişi tarladan arğın- yorğun dönmüşdü. Sazı götürdü. Bəsti xala çay gətirmək istədi.

- Yox, çayı bir azdan verərsən,- eyvanda oturub sazı köklədi,- yorğunluğumu ancaq sazla çıxarıram,bu gün əldən düşmüşəm.

Sazı sinəsinə basıb ayrıldı bu dünyanın qayğılarından,beynini gündəlik məşğul edən taxıl planından,əməkgünü cədvəlindən,sədrlik məsuliyyətindən.

 

Qazaxda, Yuxarı Göycədə o qədər qəm yiyəsi tanıyırdı,onları düşünürdü,ikinci cahan savaşının başsız qoyduğu ailələri,atasız uşaqları göz önünə gətirirdi,kədərli duyğuları ürəyindən barmağına,ordan da dərdə simsar simlərə ötürürdü. Bir də başını qaldırdı ki, İbrahim,İsrafil əmioğlanları dayanıblar qarşısında,ona baxırlar

-Ağrın aleym,tanımasaydım səni,elə bilərdim ki, Qori seminariyasını yox,aşıqlar məktəbini bitirmisən, - İbrahim heyranlıqla gülümsədi

İsrafil də zarafata qoşuldu:

- Əmioğlu,öleym,ta sənin yanında əlimə saz götürmərəm.

-Bəsdirin, məni çox tərifləməyin,sonra sizin çalğınızı bəyənmərəm ha,- Hüseyn müəllim ürəkdən güldü,sonra Bəstiyə səsləndi:

-Vidadi hardadır, a Bəsti, bayaqdan gözümə dəymir axı.

-Harda olacaq, teatr çıxarır, - Bəsti çayları gətirdi. 

İbrahim sevincək dilləndi:

-Hə, Hüseyn qağa, doğrudan ha, Allah saxlasın, dünən biz də baxdıq, əminəvəsi əməlli- başlı oyun çıxarır.

-Yaxşı, balam, bəs tamaşa nədən bəhs edir? Bildiyimə görə pal- paltar, müəyyən əşyalar- filan lazım olur tamaşa üçün. Bəs onları hardan tapıb?

-İndiyəcən kəndimizdə nə qədər məzəli hadisə baş veribsə, yığırmış çinədanına, özü yazıb- pozub, internat məktəbdən də döşəkağı gətirib, soyunma otağı, bir də səhnə düzəldib. Maşallah, fərasətli uşaqdır, yaxşı gələcəyi var.

İbrahim əmioğlusunun sözünə qüvvət verdi:

-Hə, dünən əslində yığışdırmaq istəyirdi, camaat əl çəkmədi. Daha iki gün oynayacaqlar.

-Onda sabah vaxt tapıb mən də gəlib baxaram. Amma kənardan. Mənim orda olduğumu deməyəsiniz ha! Uşaq məni görəndə çəkinər, karıxar.

 

Bakı- İrəvan qatarı

Vidadi Əliyev arzularının ardınca yüyürdü, İncəsənət institutunun aktyorluq fakültəsinə qəbul olundu. Kursun rəhbəri Tofiq Kazımov, müəllimi Nəsir Sadıqzadə idi. İstedadı, zəhmətsevərliyi, öyrənmək təşnəsi, fəallığı və şübhəsiz ki, iki böyük sənətkardan öyrəndikləri tələbəlik illərindən onun uğur hekayəsinin yazılmasına rəvac verdi. Azərbaycan Dövlət Televiziyasında çəkilən "Birincilər və sonuncular" teletamaşasına dəvət aldı. Ünlü aktyor Səməndər Rzayevlə tərəf- müqabil oldu   Təyinatını Akademik Dövlət Dram Teatrına ayırmışdılar. Amma hələlik kurs yoldaşları ilə birlikdə "Sevil" tamaşasını diplom işi üçün hazırlayırdılar. Yenicə fəaliyyəti bərpa olunmuş İrəvan Azərbaycan Dövlət Dram Teatrından gəlmiş nümayəndənin çıxışı onun və həmkurslarının taleyini dəyişdirdi.

 

Arayış

1882-ci ildən başlayaraq qədim İrəvan şəhərinin aydınları bir truppa təşkil edirlər. Beləliklə, Qafqazın  mədəni mərkəzlərindən biri tarixə düşür. Ədəbiyyatşünas alim, görkəmli ictimai xadim Firudin bəy Köçərlinin təşəbbüsü və yaxından köməyi ilə 1886-cı ildə İrəvan truppası Mirzə Fətəli Axundovun " Müsyo Jordan və dərviş Məstəli şah" komediyasını hazırlayır. Sovet hakimiyyəti qurulduqdan sonra,1928-ci ildə teatr dövlət statusu alır, 1935 ci ildə isə sənət ocağına Cəfər Cabbarlının adı verilir.

SSRİ  rəhbərinin "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür- Araz ovalığına köçürülməsi haqqında" 1947-ci il 27 dekabr və " Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür- Araz ovalığına köçürülməsi üzrə tədbirlər haqqında" 1948-ci il,10 mart tarixli qərarları ilə azərbaycanlıların ulu yurdlarından kütləvi deportasiyası, Mərkəzi hakimiyyətin və Ermənistan rəhbərliyinin qərəzli siyasəti teatra da öz zırbəsini vurdu: teatr bağlandı.

1967-ci ildə Qərbi Azərbaycan ziyalılarının gərgin səyləri, davamll müraciətləri, Şıxəli Qurbanovun milli təəssübkeşliyi sayəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyəti bərpa olundu.

 

Qərar

Milli qürur hissi, sənət sevdası on bir tələbəyə təyinatdan imtinanı, İrəvana yollanmağı diktə etdi. Vidadi Əliyev, Mərziyyə Məmmədbəyova, Qasım Qasımov, Ədalət Ziyadxanov, Hacı İsmayılov, Qurban Ələkbərov, Ramiz Məlikov, Hacı Xəlilov, Sara Əliyeva, Nəsimi Eminov dərslərdən azad olunaraq İrəvan Dövlət Azərbaycan Dram Teatrına göndərildilər.

Bakı- İrəvan qatarının sərnişinləri arasında tələbə- aktyorlar yol gedirdilər. Şirin xəyallarla, böyük arzularla, romantik duyğularla yollara baxırdılar. Onlar şərəfli, amma çətin bir yola çıxmışdılar. Düşmən hikkəsinin qurbanı olmuş milli mədəniyyətin bərpası uğrunda böyük fədakarlıq, ağrılı, acılı günlərlə dolu yol düşmüşdü qismətlərinə.

1967-ci il martın 16-da boyunlarına şərəfli bir missiya götürmüş gənclər İrəvana çatdılar.

 

Doğma yurdda qəriblik

Nəsir Sadıqzadə tələbələrini tək buraxmadı. Teatrın şəraitsiz məkanında "Sevil"in məşqləri davam etdi. Aprelin-28 də tamaşanın premyerası Ermənistan Dövlət Akademik Dram Teatrında keçirildi.

Bir ildən sonra istedadlı şair- publisist Hidayət Orucov teatra direktor təyin olundu

 

"Təkcə sənətkar kimi yox,həm də düşmən ölkənin iqlimində doğma teatrımızın keşiyini çəkən qəhrəman- Böyük Adam: Vidadi Əliyev" (İlhamə Nasir, yazıçı)

 

21 il ərzində Vidadi müəllim aktyorluqla bərabər uğurlu rejissor fəaliyyəti də göstərdi. Yazı- pozu bacarığı, dünya və Azərbaycan dramaturgiyasına bələdçiliyi, nəzəri bilikləri ona ədəbi hissə müdiri işləmək imkanı da verdi. Bir də tale Vidadi Əliyevin yolunun üstünə Elmira xanımı çıxartdı.

 

Xatırlatma

Elmira Məhərrəm qızı İsmayılova 1945-ci il, noyabrın 1- də İrəvanda ziyalı ailəsində dünyaya göz açıb. Şəcərəsi İrəvan xanına bağlanır. 1968-ci ildə İrəvan Dövlət Pedoqoji İnstitutunu bitirib. Elə həmin ildən İrəvan teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Humay (Əliqulu evlənir), Afət (Qaynana), Dilarə (Şəhərin yay günləri), Dilbər (Hacı Qənbər), Böyükxanım (Aydın), Xala (Arşın mal alan), Nazik (Ulduz) və s. onun obrazlar qalereyasında mühüm yer tutur. "Ömürdən uzun gecə" və  " Əkizlərin nağılı"  televiziya filmlərində çəkilib.  Beş il televiziyada fəaliyyət göstərib.

 

 Teatr naminə

Yaradıcı heyət var qüvvəsi ilə çalışırdı. Tamaşalar hazırlanırdı, amma şəraitsizlik ucbatından premyeralar İrəvan Dövlət Musiqili Komediya Teatrında, Rus Dram Teatrında, Ermənistan Dövlət Dram Teatrında, Zabitlər evində təşkil edilirdi. Bəzən də ətraf kəndlərə qastrollara çıxırdılar.  Soğlun çiçəklər, Sənsiz, Hacı Qənbər, Aydın, Nəsrəddin, Məşədi İbad, İkinci səs, Molla İbrahimxəlil kimyagər, Arşın mal alan, Toy kimindir, Ulduz, Toy, Qaynana, Tribunal, Şərəfin sandığı, Sən nə üçün yaşayırsan, Məni qınamayın, Məhv olmuş gündəliklər, Atayevlər ailəsi, Təklif, Hicran, Müsyo Jordan və dərviş Məstəli şah, Ər və arvad, Qarağaclar altında məhəbbət tamaşaları maraqla qarşılanmışdı

 

Ağlama yasəmən, salamat qal tut ağacı

1988-ci ilin payızında teatr Neftçala və Cəlilabad rayonlarına qastrol səfərinə yollandı. Geri qayıdarkən rastlaşdıqları mənzərədən əndişələndilər. Aktyor Şamil Dəmirçiyevin bağlı qapısının arasından benzin töküb mənzilini yandırmışdılar. Qorbaçov hakimiyyəti tarixən Azərbaycana kin bəsləmiş ermənilərin əl- qol açmalarına münbit şərait yaratmışdı. İrəvan meydanında qızışan mitinqlərdə Azərbaycan əleyhinə aqressiv şüarlar səslənir, İrəvanda yaşayan azərbaycanlıların şəhəri təcili tərk etmələri ilə bağlı ultimatum verilirdi.

 

"Teatrın normal fəaliyyətinə imkan vermirdilər, bağlanması üçün hər tərəfdən təzyiq göstərirdilər. Bunun qarşısını almaq üçün bütün qüvvə ilə çalışırdıq. Fəhlə işini də özümüz görürdük. Mitinqlərdən bir az öncə, uzun süründürməçilikdən sonra ev almışdım. Bayırda mitinqlər gedirdi, mən mənzilə oboy vururdum. İşin sonluğunu ağlıma belə gətirmirdim. Son anda qədim yurdumuzdan çıxmaq məcburiyyətində qaldıq. Qaldığım həyətdə yasəmən əkmişdim, bir də tut ağacı. Uzun müddət yuxumda ağlayan yasəmənləri görürdüm, budaqlarından ney səsi gələn tutun harayını eşidirdim" (Vidadi Əliyev)

 

Dar günlər və dar günün dostları

Bakıda yerləşəndən sonra Vidadi Əliyev bir neçə həmkarı ilə birlikdə Azərbaycanfilm kinostudiyasının direktoru Ramiz Fətəliyevə müraciət etdi. Kinodramaturq onların vəziyyətini anladı. Dərhal aktyorları ştata götürdü. Maddi cəhətdən vəziyyət düzəlsə də, səhnə eşqi, teatr təşnəsi Vidadi müəllimi rahat buraxmırdı. O, yeni təşəbbüslə Mədəniyyət Nazirliyinə getdi. Həmkarlarının bir neçəsi Vidadi Əliyevi tək buraxmadı.

 

"Nazir Polad Bülbüloğlu, nazir müavini Ədalət Vəliyev və Akademik Dövlət Dram Teatrının direktoru, SSSİ Ali Sovetinin deputatı Həsənağa Turabov bizi anlayışlı qarşıladılar. Onlara dedim ki, düşmən içində qədim mədəniyyətimizi təbliğ etmiş, qorumuş teatrımızı qorumaq lazımdı. Söylədiklərimə şərik çıxdılar. Beləliklə, 1989-cu il, iyulun 4-də Xırdalanda bizə yer verildi. Elə ordaca qərara gəldilər ki, teatra rəhbərlik işini mən boynuma götürüm"  (Vidadi Əliyev)

 

Akademik Dövlət Dram Teatrının, Azərbaycan Dövlət Opera və Balet Teatrının, Sumqayıt Dövlət Dram Teatrının köməyi ilə studiya rekvizit, əlbəsə, geyimlə təmin olundu. Altı aya qədər məvacibsiz çalışan fədailərə Qayğı cəmiyyətinin sədri, akademik İmam Mustafayev əl tutdu.

1989-cu il, noyabrın 4-də teatr-studiya ilk işini təqdimata çıxardı. Georgi Xuqayevin Elbrus evlənir əsəri maraqla qarşılandı.

 

Mədəniyyətimizin hamisi

1993-cü ilin yayında xalqın tələbi, ziyalıların müraciəti ilə görkəmli dövlət xadimi, böyük siyasətçi Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Dövlət quruculuğu, ordu formalaşdırılması ilə bərabər ulu öndər ədəbiyyat və incəsənəti də diqqət mərkəzində saxladı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyətini yaxşllaşdlrmaq barədə " 31 avqust, 1994 cü il tarixli, 320 sayll əmri verildi. Əmrə əsasən, sənət ocağı Nəsimi rayoni ərazisində, Hüseynqulu Sarabski adına Mədəniyyət evinə yerləşdi. Vidadi Əliyev teatrın direktoru və bədii rəhbəri kimi fəaliyyətini davam etdirdi. Yaradıcılıq ruhu artdı. Dramaturgiyadan seçmələr səhnəyə gətirildi. Muxtəlif teatrlardan tanınmış rejissorlar dəvət olundular. 

 

"20 Yanvar faciəmizə həsr etdiyimiz tamaşanı Təbriz və Ərdəbil şəhərlərində oynadıq. Tehran televiziyası tamaşanı lentə aldı." (Vidadi Əliyev)

 

Portretə cizgilər

"Çətin məqamlarda- hər kəs ağır psixoloji sarsıntıya, çıxılmaz vəziyyətə düşəndə Vidadi müəllim qəhrəmanlıq göstərərək teatrın kollektivini bir araya cəmlədi. Bütün bunlar heç bir texniki - maddi bazası olmayan teatr üçün əvəzsiz xidmət idi. O, həm aktyor, həm rejissor, həm də direktor kimi layiqli sənətkar, vətəndaşdır. Ümumiyyətlə, İrəvan teatrında onun haqq- sayı sonsuzdur. Vaxt olub ki, direktorluq dövründə fəhlə yerinə də iş görüb.

Elmira teatrın Azərbaycanda fəaliyyətinin yenidən davam etdirilməsində çox böyük zəhmət çəkib. O, teatrı son dərəcə sevən, teatrın önündə gedən, onun yükünü çiynində daşıyan sənətkarlardan biridir. Bir sözlə, Elmira xanım İrəvan teatrının anasıdır." ( Almaz Ülvi, filologiya elmləri doktoru)

 

Vidadi Əliyev 1988-ci ildən 2000-ci ilə qədər rəhbər kimi bütün enerjisini teatrın inkişafı naminə sərf etdi, 14 nəfərlik məhdud aktyor ştatı ilə dəyərli tamaşaların ərsəyə gəlməsi üçün həm direktor- bədii rəhbər, həm də quruluşçu rejissor kimi əzmlə çalışdı.

 

"Verdiyi quruluşlar rejissorun yüksək sənətkarlığından, tükənməz təxəyyülündən xəbər verir. İşində əsas gücü aktyor ifasına verən Vidadi Əliyev maraqlı və təkrarolunmaz yozumları ilə tamaşaçı rəğbəti qazanmış səhnə əsərləri yaradıb. Onun yaradıcılığında lirik məqamlar, psixoloji vəziyyətlər, realistcəsinə poetik ifadələr yer alıb. Vidadi Əliyevin quruluşunda aktyor mizanla, psixoloji durumla dediyi söz arasında üzvilik, vəhdət yaradıb, sadə, səmimi və inandırıcı şəkildə ifa edir "  (İlham Rəhimli, professor, əməkdar incəsənət xadimi)

 

Vidadi Əliyevin aktyorluq imkanları kino rejissorlarının da diqqətini çəkib. Bayquş gələndə, Küçələrə su səpmişəm, Doğma sahillərdə, Qəzəlxan, Təxribat, Yalan, Nabat, Girov, Cavid ömrü bədii filmlərində xarakterik obrazlar yaradıb.

 

"Bu yaxınlarda Yurd yeri filminə baxdım. İlahi, necə təsirli idi?! Onun baxışları atamın baxışlarını xatırlatdı. Qabarıb- çəkilən sinəsində Qubadlı deyə- deyə dünyadan köçən atamın Vətən ağrılarını hiss etdim. Həm də o baxışlarda, gözlərinin dərinliklərində Vətən nisgili, İrəvan həsrəti" (İlhamə Nasir, yazıçı)

 

Sədaqət

Çətin zamanlarda Musiqili Komediya Teatrının direktoru Hacıbaba Bağırovdan Vidadi müəllimə də, Elmira xanıma da iş təklifi gəlib. Daha sonra Xalq artisti Afaq Bəşirqızı Elmira xanımı teatra dəvət edib. Hər ikisi dəvətə görə minnətdarlıq edib, doğma teatrı dar ayaqda qoyub getməyi özlərinə sığışdırmayıblar.  Onlar üçün sədaqət önəmli prinsipdir. 2016-cı ildə Türkiyədə qastrol səfərində Abidəmin dastanı tamaşasında bir yerdə oynayıblar və bu, ömürlərini səhnəyə həsr etmiş  fədakar cütlük üçün vida oyunu olub.

 

Qəfil zərbə

Dəmirçi dəmiri döyür,

saat zamanı,

ürəyim sükutu.

dəmir əyildi,

zaman əridi,

ürəyim hanı?!

         Faiq İsmayılov

 

Mən bu ailəni rəhmətlik Oqtayla tanımışdım. Tələbəlik illərindən. Sonralar Azərbaycan televiziya sınayesinı mükəmməl menecer konsepsiyasını uğurla tətbiq edən peşəkar, böyük təşkilatçı, SOY-un yaradıcısı kimi daha yaxından tanıdım.

 

"Oqtayın qəfil gedişi sarsıtdı məni, qəddimi əydi. Dözməli dərd deyil. İçimdə ağlayıram. Göz yaşım ürəyimi yandırır. Yuxuma girir tez- tez. Həmişə də, həyatda olduğu kimi, qaynar, hay- küylü, haray- həşirli, tələsən, həm də zarafatcıl" (Vidadi Əliyev)

 

 Mustika

"Oqtay mənə bir telefon almışdı.  O, haqqın dərgahına qovuşan gün telefon birdən birə işləmədi. Heç kimin də başı çıxmadı. Oqtayın üçü çıxan gün telefon özü özündən açıldı, işləməyə başladı" (Elmira İsmaylova)

 

Ailənin ikinci övladı Elçinlə məni CNF production-da unudulmaz şairimiz Cabir Novruzun oğlu, rəhmətlik Müşfiq tanış edib. Fundamental əsərlərini, televiziyaşünaslıqla bağlı  araşdırmalarını həvəslə oxuyuram. Elçin Əlibəyli böyük intellekt sahibidirə

 

"İrəvan teatrının baş rejissoru Tofiq müəllimin qurduğu tamaşaya daxili baxış keçirilirdi. Elçini də özümüzlə götürmüşdük. Hardasa, 5 yaşı olardı. Çıxışlar bitəndən sonra birdən Tofiq müəllim Elçinə tərəf döndü:

-Balaca, tamaşa xoşuna gəldi?

Elçin elə bir irad bildirdi ki, hamımız heyrətləndik. Və maraqlı burasıdlr ki, rejissor o iradla razılaşdı, düzəlişi etdi."  (Vidadi Əliyev)

 

74 gün

Onlar bir-biri üçün bu dünyaya gəliblər.

Tale onları İrəvanda görüşdürdü.

Sevgilərini etiraf edib ailə oldular.

Sevgi və sənət eşqi üzərində qurulmuş ailə modeli yaratdılar.

Azərbaycan incəsənətinə mühüm töhfə verən iki övlad böyütdülər.

Sərvət həvəsinə düşmədilər, var- dövlət dalınca qaçmadılar. İradələri, gözütoxluqları nəfsə qalib gəldi.

Ən böyük kapitalın intellektual övladların olması düşüncəsinə aksiom təntənəsi yaşatdılar.

Çətinliklərə birlikdə sinə gərdilər.

Faciənin, övlad itkisinin acısını da birgə yaşadılar. Bir-birinə hayan oldular, toxtaqlıq verdilər.

Və hər ikisinin 80 illik yubiley məqamıdır. Arada vur- tut 74 gün fərq var.

Sentyabrın 1-də əməkdar artist Vidadi Əliyevin, noyabrın 13-də Xalq artisti Elmira İsmayılovanın doqquzuncu onilliyə qədəm qoyduqları ünlü tarixdir.

Mübarəkdir!

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2025)

 

Bazar ertəsi, 01 Sentyabr 2025 11:36

RƏSM QALEREYASI: Əkbər Əkbəri, “Qarı”

RƏSM QALEREYASI: Əkbər Əkbəri, “Qarı”

 

Əkbər Əkbərinin “Qarı” rəsmi yağlı boya ilə çəkilib və canlılığı ilə fərqlənir.

 

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq təşkil edilən qəbullarda sakinlərin müraciət və təklifləri yerində dinlənilir, müvafiq tədbirlər görülür.

Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu avqustun 29-da Şəmkir şəhərində olub.

“Ədəbiyyqt və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə nazir Adil Kərimli və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Ümummilli Lider Heydər Əliyevin şəhərdəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Şəmkir rayon Mədəniyyət Mərkəzində keçirilən və nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar.

Sakinlərin müraciətləri, əsasən, məşğulluq, müəssisələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, iş yerinin dəyişdirilməsi, əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub.

Nazir vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını diqqətə çatdırıb. Şəhid ailələrinin üzvləri və qazilərin müraciətlərinə xüsusi yanaşılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2025)

 

Türk Ədəbiyyatı Vəqfinin təşəbbüsü ilə Türk dünyasının hər bir ölkəsini təmsil edən xanımlardan ibarət “Türk Dünyası Qadın Şairlər Birliyi” yaradılıb. Birliyin sədri olaraq Azərbaycan və Türkiyə Yazıçılar birliklərinin üzvü, azərbaycanlı şairə, Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin fəxri professoru Xuraman Muradova seçilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Türk Dünyası Qadın Şairlər Birliyi”nin yaradılması ilə bağlı qərar bu il avqustun 1-dən 4-dək Şimali Kipr Türk Cümhuriyyətində keçirilən “Türk Dünyası I Lefkoşa Şeir Axşamları” çərçivəsində qəbul edilib. 

Tədbirdə Türk dünyasının gələcəyində qadın şairlərin rolu müzakirə olunub.

Azərbaycanlı şairin rəhbərlik edəcəyi birliyin sədr müavinləri vəzifəsinə Türkiyədən İnci Okumuş və Şimali Makedoniyadan Leyla Şerif Emin, baş katibi isə Azərbaycandan Aysel Xanlarqızı təyin ediliblər.

Birliyin əsas məqsədi Türk dünyası qadın şairlərinin yaradıcılığını təbliğ etmək, ədəbi-mədəni körpülər qurmaq, gənc şairlərə dəstək olmaq, Türk dünyası arasında birlik və həmrəyliyi şeir vasitəsilə daha da gücləndirməkdir.

Türk dünyasının qadın şairlərini bir araya gətirəcək qurumun xalqlarımız arasında ədəbi və mədəni əlaqələrin inkişaf etdirilməsi, Türk dünyası qadınlarının əlaqəsinin gücləndirilməsi, xalqlarımız arasında dostluq və həmrəyliyin daha da artırılması, eləcə də türk dövlətlərində irimiqyaslı tədbirlərin keçirilməsində mühüm addımlar atması və bu sahədə əhəmiyyətli rolları üzərinə götürməsi nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.