Naşı fotoqrafın qurbanı - Barat Şəkinskaya Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Teatr tariximizə bu ad qızıl hərflərlə yazılıb.

İllər ötsə də onun yaratdığı rollar unudulmur.

Və o, yaşayır, yaşayacaq.

 

Barat Həbib xan qızı Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada bəyzadə ailəsində anadan olub. Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Atası Həbib xan 1920-ci il, aprelin 28-də bolşeviklər Bakını zəbt edərkən qaçaq düşüb. Beləcə, bolşevik işğalı onların xoşbəxt həyatına son qoyub.

 

Barat Şəkinskaya, hələ uşaq ikən 1920-ci ildə Şuşada göstərilən "Şəbih" tamaşasında Səkinə rolunda iştirak edib. O, ilk təhsilini Şuşada alıb.

1920-ci il avqustun 21-də anası uşaqları Barat, Səriyyə və Süleymanla birlikdə Şuşanı tərk edərək Ağdamın Göytəpə kəndinə gediblər. 1923-cü ildə isə Gəncəyə köçüblər. Həmin il sentyabrın 1-də Barat Gəncədəki 2 saylı, birinci dərəcəli qız məktəbində dərsə başlayıb. 1927-ci ildə Gəncədə pedaqoji məktəbə qəbul olunub. Həm məktəbin, həm də şəhərin müxtəlif dram dərnəklərində həvəskar aktrisa kimi çıxış etməyə başlayıb.

1929-cu il, sentyabrın 18-də Gəncə Həmkarlar ittifaqının "Fəhlə klubu"nda aktrisa ştatına götürülüb. 1930-cu il, iyunun 25-də Pedaqoji məktəbi bitirərək, Sərkər kənd məktəbinə müəllim göndərilib. Eyni zamanda, "Qadınlar klubu"nun, "İşçi klubu"nun və "Dəmiryolçular klubu"nun dram dərnəklərində həvəskar aktrisa kimi fəaliyyətini artırıb.

1933-cü il, yanvarın 7-də Gəncə Türk İşçi Teatrosunun truppasına aktrisa götürülüb. 1935-ci il, fevralın 23-də Lavrenti Beriya adına Gəncə Dövlət Dram Teatrından işdən çıxıb tibb təhsili almaq məqsədi ilə Bakıya gəlib. 1935-ci il, sentyabrın 1-də Akademik Milli Dram Teatrının aktyor truppasına aktrisa qəbul olunub (O zaman teatr Məşədi Əzizbəyov adına Azərbaycan dövlət Dram Teatrı adlanırdı).

Yaradıcılığının əsas dövrü 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrı ilə bağlı olub. Barat Şəkinskaya həm də Azərbaycanın ilk travisti — oğlan rolları oynayan aktrisası olub. 1937-ci il yanvarın 14-də milli teatr tariximizə "Azərbaycan səhnəsinin Cülyettası" kimi şərəfli əbədiyyət səhifəsi yazıb. Onun Gəncə teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazları yüksək bədii-estetik məziyyətləri ilə Azərbaycan teatrı tarixinə yazılıb.

1943-cü ildə Gəncəyə qayıtdıqdan sonra buradakı Dövlət teatrının yaradıcı kollektivinə üzv olub və Bahar ("Bahar") və Hürü ("Məhəbbət") rollarının ifaçısı olub. 1944-cü il, dekabrın 18-də Barat Şəkinskaya köçürmə yolu ilə Gəncə teatrından Akademik Milli Dram Teatrına keçib.

1956-cı il, iyulun 12-də Barat Şəkinskaya ərizə yazaraq məzuniyyətə gedib. Lakin məzuniyyətdən sonra işə qayıtmayaraq teatrdan çıxıb. Dörd il "Azərbaycanfilm" kinostudiyasında aktrisa, Filarmoniyada aparıcı, yenicə açılan televiziyada diktor işləyib. Daşkənddə keçirilən Beynəlxalq kino festivalı günlərində iştirak edib.

Aktrisa Moris Meterlinqin "Göy quş" (Tiltil), Şekspirin "Kral Lir" (Kardeliya), "Romeo va Cülyetta" (Cülyetta), "Otello" (Dezdemona), "On ikinci gecə" (Viola),"Polad qartal",(Şəfiqə),Şillerin "Məkr və məhəbbət" (Luiza), Karlo Haldoninin "Mehmanxana sahibəsi" (Mirandalina), Lope de Veqanın "Rəqs müəllimi" (Florela), Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər" (Kruçinina) pyeslərinin tamaşalarında əsas rolların ifaçısı olub.

Aktrisa çoxlu sayda uşaq rolları da oynayıb. Axırıncı dəfə o, uşaq rolunu 37 yaşında oynayıb. Bu, Məhəmmədhüseyn Təhmasibin "Çiçəklənən Arzular" pyesində 7-ci sinif şagirdi Nazlı rolu olub. "Azərbaycan səhnəsinin Cülyettası" deyə çağırılan Barat Şəkinskaya 1935-ci ildən xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunub. Aktrisanın iştirak etdiyi "Arxip baba və Lyonka", "Ad günü", "Köhnə qala", "Çippolino", "Buratino", "Sirk gəlir" və onlarca bu səpkili tamaşalar Teleradio şirkətinin qızıl fondunda qorunub saxlanılıb.

Barat Şəkinskaya Azərbaycanın bir sıra məşhur, dillər əzbəri olan filmlərində maraqlı obrazlar canlandırıb. "Görüş" (1955), "O olmasın, bu olsun" (1956), "Qızmar günəş altında" (1957), "Kölgələr sürünür" (1958), "Qəribə əhvalat" (1960), "Telefonçu qız" (1962), "Azəri teatrının ustaları" (1966), "Evin kişisi (1978), "Onun bəlalı sevgisi" (1980), "Üzeyir ömrü" (1981) filmlərində Barat xanımın oynadığı rollar film tariximizin qiymətli incilərindəndir. Barat Şəkinskaya 23 yaşında,4 may 1940-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 21 iyul 1949-cu ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.

Aktrisa “O olmasın, bu olsun”, “Görüş”, “Qızmar günəş altında” kimi məşhur filmlərə çəkilib. Ona ən çox uğur gətirən film isə “O olmasın, bu olsun” filmindəki qulluqçu Sənəm obrazı olub. Həmin filmin çəkilişləri zamanı Rüstəm bəy rolunu ifa edən Ağasadıq Gəraybəyli masanın üzərindəki stəkanı masaya çırpanda stəkanın qırıqları ətrafa səpələnib. Çəkiliş zamanı baş verən bu hadisədə şüşə qırıqları Barat xanımın əlini kəsib. Çəkilişdən sonra ona təcili yardım çağırılıb.

70-ci illərdə artıq yaşlandığını hiss edən aktrisa səhnəni tərk etməli olduğunu bilib və bu reallığı belə ifadə edib:

"Bir gün məşqdə idim. Məşq gedirdi. Bir də gördüm yuxu məni basdı. Möhkəm əsnədim. Çöndüm sağa baxdım, sola baxdım ki, məni görən olmadı ki? Öz-özümə dedim ki, hə Barat, səninki burada qurtardı"

Bu isə qızı Solmaz xanımın xatirəsidir:

“Anam təqaüdə çıxandan bir neçə il əvvəl kollektiv foto çəkilişi zamanı fotoqrafın naşılığı üzündən civəli lampanın işığı elə salınmışdı ki, bir neçə nəfərin sağlamlığına ziyan dəymişdi, anamın isə bir gözü qlaukoma oldu. Cərrahiyyə əməliyyatı elətdirib süni göz saldırmalı oldu. Xasiyyəti elə sadə idi ki, sonralar müsahibə almağa, süjet hazırlamağa gələn jurnalistlərə deyirdi ki, a bala, gözlə, qoy gedim gözümü taxım, gəlim. Ya da deyirdi ki, bu tərəfdən çəkməyin, o biri tərəfdən çəkin, qoy, tamaşaçılar təbii gözümü görsünlər. Demək istəyirəm ki, bunu özünə dərd eləməmişdi”

Xalq artisti Barat Şəkinskaya 14 yanvar 1999-cu ildə 84 yaşında dünyasını dəyişib. Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.