Super User

Super User

Cümə axşamı, 17 İyul 2025 11:44

Şəhidlər barədə şeirlər - Mehrab Niftəliyev

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Mehrab Niftəliyev

 

Mehrab Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı.

Mehrab Niftəliyev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun baş giziri olan Mehrab Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı FüzulininCəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehrab Niftəliyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

Elə indi oxudum

Döyüş yolunu sənin.

Şuşanın üzərində

Zəfər qolunu sənin.

 

Elə indi oxudum

Tarix üstə qanını.

Qəhrəmanlıq yolunu,

İgidlik dastanını.

 

Oxudum ki, vətənə

Qovuşmaq arzun olub.

Oxudum ki, Şuşada,

Vuruşmaq arzun olub.

 

Bütün varlığın ilə

Döyüşlərə girmisən.

 

Sonuncu nəfəsini

Təbəssümünə qatıb,

Şuşada dalğalanan

Bayrağıma vermisən.

 

Beləcə də köçmüsən

Vətənin hər daşına.

Adın qanınla düşüb

Tarixin yaddaşına.

 

Əbədi işıq şəhid,

Odun mübarək olsun!

Yerin mübarək olsun,

Adın mübarək olsun!

 

Daha sənin adın da

İgidlik qalasıdır.

İndi sənin üç balan

Vətənin balasıdır.

 

Zəfər tariximizə

Yazılan kitab oldun,

Adın da Mehrab idi,

Özün də mehrab oldun.

 

Daha xatirələri

Şəkillər daşıyacaq.

Adın ürəyimizdə

Əbədi yaşayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2025)

 

 

Enver Aykol, “Ədəbiyyat və incəsənət” portalının Türkiyə təmsilçisi

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının Türk mədəniyyəti ünlüləri layihəsindəyik.

 

Funda Özsoy E., müasir türk ədəbiyyatının qurğu eksperimentləri ilə tanınan, hekayələrində mətnlərarasılıqdan yararlanan, "şüur axını" kimi üsullarla oxucunu qurmacanın daxilində oyuna dəvət edən; uşaqlıq travmaları, ailə dinamikaları və "öyrənilmiş çarəsizlik" kimi psixoloji dərinlikləri əsərlərinə daşıyan, qadın həyatının çoxşaxəli portretlərini (ana, bacı, mübariz qadın) çəkən, "Tahakküm" romanında kəskin devrik cümlələrlə hiddəti, "Edanın Gündəliyi"ndə isə lirik sadəliyi yarada bilən, "Qırklandım" təcrübə kitabıyla 2017 ESKADER Mükafatı qazanmış, orijinal səs sahibi bir yazardır.

 

Funda xanım, şüur axışı texnikasını əvvəlki kitablarınızda da işlətmişdiniz. Amma son kitabınız olan "Bu Gün Gözəl Şeylər Olacaq"da birdən çox qəhrəmanı rəvayətçi mövqeyinə qoyur və hər bir rəvayətçi üçün şüur axışı texnikasını cəsarətlə tətbiq edirsiniz. Bu üsulu seçməyiniz səbəbi yaradıcılığınızı sınamaq idimi, yoxsa romanın hekayəsi üçün bu bir zərurət idi?

 

Freud deyir ya, "Yaradıcı yazıçılıq, uşaq oyunları kimi xəyal qurmağın davamıdır və onun yerini tutur". Biz yazarlar, elə həmin oyunlara doya bilməyən, bəlkə də uşaqlığından alacağı olan insanlarıq. Yəni modernist bir yazar kimi şüur axışının müxtəlif formalarını sınayaraq yeni-yeni oyunlar icad etməyə, beləcə özümü aşmağa çalışdığımı deyə bilərəm. Amma əlbəttə, yazarın həyata dair bir məsələsi də olmalıdır. Əks halda yazarkən çəkilən o qədər çətinliyə dözməz, sadəcə oyun oynamaq, özünü aşmaq və varlığını mənalı etmək üçün.

 

Bir reportajınızda "Dil ustalığından çox, qurğu ustalığının izinə düşərəm" demişdiniz. Bu ustalıq üçün də dilə yiyələnmək lazım deyilmi?

 

O reportajda bu cümləni hekayə janrı üçün işlətmişdim və hələ də eyni fikirdəyəm. Hekayələrimdə qurğu ustalığına üstünlük verirəm. Müxtəlif qurğu texnikaları ilə yazılmış hekayələr də məni həyəcanlandırır. Amma romanda vəziyyət bir az fərqlidir. Romanda orijinal mövzu deyil, orijinal ifadə məni daha çox cəlb edir, Beşir Ayvazoğlunun "Eşq Estetikası" kitabında vurğuladığı kimi. Mən də romanlarımda bunu etməyə çalışmışam. Orijinal ifadə üçün dil ustalığı, əlbəttə, zəruridir.

 

Bu sualı verməyimin səbəbi, romanlarınızda özünü hiss etdirən üslub dəyişiklikləridir. "Tahakküm" romanınızda dil kəskinləşir, qəhrəmanların daxili aləmi daha itiləşir.

 

Hər romanın özünəməxsus bir kimyası, bir daxili səsi var. Doğru olan da budur. Duyğunu ötürə bilmək üçün həmin daxili səsi tutmalısınız. "Tahakküm", çox hiddətli bir romandır. Bu hiddəti oxucuya ötürə bilmək üçün cümlədəki vurğunu feli gücləndirməyə yükləməli idim. Ona görə də devrik cümlələrdən çox istifadə etdim və həmişə dönə-dönə yazdım. Bu səbəbdən təcrübi bir roman oldu. Yenə belə bir roman yaza bilərəmmi, əmin deyiləm. Sanki bir dəlilik və ilhamın birləşməsindən yaranıb. Roman olaraq da başlamamışdım, qəhrəmanın hiddətini qusaraq dəyişməsi ilə romana çevrildi. O romanda çox əzab var, üstəlik bu əzab oxuyan hər kəsə də keçir.

 

Hekayələrinizdə xüsusilə uşaqlıq travmaları və ailə daxili dinamiklər ön plandadır. Bu mövzulara marağınız öz yaşantınızla bağlıdır, yoxsa cəmiyyətdə bu sahədə böyük problemlər görürsünüz?

 

Yazar, öz həyatına toxunmayan heç nə yaza bilməz. Yazsa belə, içdənliyi tuta bilməz. Amma oxucunun həyatında da həmin duyğunun qarşılığı olmalıdır ki, kitabla yaxın əlaqə qura bilsin. Buna qarşılıqlı kimyəvi reaksiya deyə bilərik. Əlbəttə, yazdığım hekayə və romanlarda mənim həyatımdan parçalar var. Amma tanıdığım, söhbət etdiyim, həyat hekayələrini içdənliklə dinlədiyim insanlardan parçalar da var. Həyat səyahətimizdə qarşımıza çıxan insanlar ruhumuzda daimi barmaq izləri qoyur; kimisi sındıraraq, kimisi isə sığallayaraq edir bunu. Sanıram, mən də əsərlərimdə həmin barmaq izlərinin xəritəsini çıxarıram.

 

"Öyrənilmiş çarəsizlik" kimi psixoloji anlayışları da ədəbiyyata daşıyırsınız. Bir yazar üçün psixologiya elminin vacib olduğunu düşünürsünüzmü?

 

Əlbəttə, psixologiya bilməyən yazar insan ruhunu düzgün izah edə bilməz. Onda da yazdıqları dərinlik qazana bilməz. Bir yazar, hər şeydən əvvəl çox yaxşı dinləyici olmalıdır. Yaxşı dinləyicisizsə, qarşınızdakının deyə bilmədiklərini də eşidə bilərsiniz. Bəli, elə deyə bilmədiklərindən yazara material çıxır. Bunun üçün yazarın psixologiya elmi üzərində dərinləşməsi lazımdır. Amma yazar təkcə insanı deyil, cəmiyyətin mədəni kodlarını da həll edə bilməli və əsərində bu kodları əks etdirə bilməlidir. O halda psixologiya qədər sosiologiya və fəlsəfə elmləri də yazarın maraq dairəsinə daxil olur.

 

Kitablarınızda qadınların ictimai rollarını sorğulamağı laqeyd qoymursunuz. Amma bu sorğulamalar zamanı qeyd etməkdən çəkindiyiniz mövzular oldumu? Özünüzə özünüsenzura tətbiq edirsinizmi?

 

Bir qadın yazar kimi qadını mərkəzə qoymağı sevirəm. Yazdıqlarımda qadın dili var, qadın qəhrəmanlarımı daha çox vurğulayıram; ana qadın, övlad qadın, bacı qadın, çalışan qadın, əzilən qadın, ayağa qalxmağa çalışan və bunu bacaran qadın... Kitablarım vasitəsilə qadın fəryadlarını da çatdırmağa çalışıram. Uyğun bir dillə hər şeyi izah edə bilərsiniz, əslində. Bunu birbaşa deyil, kinayələrlə, imgelərlə, göndərmələrlə etdiyinizdə hər oxucu öz qabının aldığı qədərini artıq alacaqdır.

 

Özünəməxsus ritmi və tempi olan axıcı bir üslubunuz var. Devrik cümlələriniz də olduqca diqqət çəkicidir. Bu üslubu qurarkən diqqət etdiyiniz nöqtələr nələrdir? Zaman keçdikcə üslubunuzda dəyişiklik gözləyə bilərikmi?

 

Belə düşündüyünüzə görə təşəkkür edirəm. Bir yazar üçün kitablarının bəyənilməsi, xüsusilə də ədəbiyyatın kimyasını çox yaxşı bilən sizin kimi biri tərəfindən böyük zəhmətlə qurmağa çalışdığı üslubunun təqdir edilməsi şərəflidir. Bu ifadənin, üslubun, indiki Funda Özsoyun oxucuya deməyə çalışdıqlarını ötürməkdə hələlik kifayət etdiyini düşünürəm. Amma həmişə yeniliklərə açığam. Nəzihə Meriç 80 yaşından sonra əsərlərində yeni bir ifadə yarada bilmək cəsarətini göstərə bildisə, mən də çox sevdiyim bu yazardan aldığım ilhamla yeni ifadələr sınaya bilərəm. Bunun üçün yazmağa, ədəbiyyata olan inancımı həmişə diri saxlamağa ehtiyacım var.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəli, çox istedadlı aktyor idi, sevilirdi. Amma lazımınca qiymətini ala bilmədi, dünyadan nakam getdi. Söhbət Azərbaycan Respublikasının xalq artisti Telman Adıgözəlovdan gedir.

 

Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olub. Əslən ordubadlıdır. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb.

Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız", çeşməkli kişi, E.Baxış "Qədr gecəsi", Oyunbaz, Elçin "Ah Paris…Paris!..", Əhməd, "Mənim sevimli dəlim", Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanan "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynayıb.

 

Filmoqrafiya

- 1001-ci qastrol

- 777 №-li iş

- Anlamaq istəyirəm

- Arşınmalçı

- Bakı oğrusu

- Bir nömrəli…

- Çətirimiz buludlardır

- Diplomlu mütəxəssis

- Dörd bazar günü

- Evləri göydələn yar

- Evləri köndələn yar

 

Təltif və mükafatları

- "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı

- "Qızıl Dərviş" mükafatı

- "Əmək veteranı" medalı

 

Telman Adıgözəlov 15 aprel 2010-cu ildə - 56 yaşında ürək çatışmazlığından vəfat edib. Fatmayıdakı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2025)

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yubileylər silsiləsi” layihəsi çərçivəsində XIX əsr Azərbaycan şairi, pedaqoq, maarifçi və tərcüməçi Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd olunması və XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi  ilə əlaqədar videoçarxlar hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş videoçarx Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sitatları ilə başlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamında qeyd olunur: “Seyid Əzim Şirvani yaradıcılığı boyu... Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirmiş, ...Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynamışdır”.                       
 Videoçarxda Seyid Əzimin həyatı və ədəbi yaradıcılığı, pedaqoji fəaliyyəti haqqında məlumat verilir. Qeyd olunur ki, S.Ə.Şirvani 1869-cu ildə Şamaxıda “Üsuli-cədid” məktəbini açır və ömrünün sonuna qədər bu məktəbə rəhbərlik edir. Onun şagirdləri arasında böyük satirik şair M.Ə.Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və b. yazıçılar da olub. Seyid Əzim Şirvaninin yazdığı hekayələr Qori seminariyasının “Vətən dili” dərsliyinə daxil edilmişdir.

Videoçarxda izləyicilərə təqdim olunan maraqlı məlumatlardan biri də odur ki, 1874-cü ildə Şamaxıda yeni açılan məktəbdə Seyid Əzim Azərbaycan, fars dili və şəriət müəllimi təyin olunur. Sonralar həmin məktəbə rəhbərlik edir.

Seyid Əzim Şirvani maarif sahəsindəki xidmətlərinə görə, 1886-cı ildə gümüş medalla təltif olunur. Bu sənədin əsli Azərbaycan SSRİ Daxili İşlər Nazirliyinin arxivində saxlanılır.

İzləyicilərə təqdim olunan maraqlı məlumatlardan biri də odur ki, 1920-ci ilə qədər S.Ə.Şirvaninin əsərlərinin 5 nəşri var idi: Tiflisdə (1895), Təbrizdə (1895-1897 və 1912), Bakıda (1902). 1920-ci ildən sonra S.Ə.Şirvaninin əsərləri tərcümə edilərək digər dillərdə də nəşr olundu.

Seyid Əzim Şamaxıdakı “Beytüs-səfa” (“Paklar evi”) şairlər məclisinə də uzun illər rəhbərlik edir. Şair lirik qəzəllərində Füzuli ənənələrini davam etdirmiş, satirik şeir və təmsillərində insanları maarifə və mədəniyyətə çağırmışdır. M.M.Nəvvab, F.b.Köçərli, F.Qasımzadə, M.A.Dadaşzadə, H.Araslı və b. onun şeir və qəzəllərinə yüksək qiymət veriblər.

Videoçarxda şairin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş bölmə var.

Videoçarxda şairin bir neçə qəzəlləri və qəzəlinə yazılmış mahnı səsləndirilir.

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş videoçarx Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu sözləri ilə başlayır: “İkinci bir Bəxtiyar Vahabzadə yoxdur. O, başqasına bənzəmir və onu heç kəs əvəz edə bilməz”. Ulu Öndər Bəxtiyar Vahabzadə ilə görüşən zaman ona demişdir: “Xalqın düşüncə və arzuları, hiss və duyğuları, istək və amalları həmişə sizin zəngin yaradıcılığınızın, mübariz poeziyanızın cövhəri olmuşdur”. Sonra videoçarxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin: “Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli sənətkarlarındandır... Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi”, – sitatı verilir.

Videoçarxda  Ulu Öndərin Xalq şairi Bəxtiyar Vahabzadə  ilə görüşünün fraqmenti, Ulu Öndərin və B.Vahabzadənin lentə alınmış çəkilişlərindən parçalar təqdim olunur.

Videoçarxda qeyd olunur ki, Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə B.Vahabzadə yaradıcılığının mühüm istiqamətlərindən birini təşkil edib. Ana dilimizi yorulmadan təbliğ edən B.Vahabzadə böyük bir ədəbi irsi gələcək nəsillərə yadigar qoyub. Şair fəlsəfi məzmunlu lirikanın gözəl nümunələrini yaratmağa müvəffəq olub.

Şairin dərin lirizmi ilə səciyyələnən sözlərinə çoxsaylı mahnılar bəstələnib. Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeiri ilə başlayıb. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əks olunub. O, 1958-ci ildə yazdığı “Gülüstan” poemasında iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmişdir. B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir.

Videoçarxda Xalq şairinin bir sıra kitabları nümayiş olunur. Onun Azərbaycan və xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulan və müəllifinə geniş şöhrət gətirən pyesləri haqqında məlumat verilir. Görkəmli şairin 1960-2003-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulan “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”,“Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya?”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” pyesləri qeyd olunur.

Videoçarxda B.Vahabzadənin təltif və mükafatlarıda yer alır. Burada “Xatirəsi Azərbaycanda”, “Xaricdə” bölmələridə var. Xalq şairinin Şəki şəhərindəki Ev-muzeyi haqqında da məlumat verilir və muzeydəki bəzi eksponatlar nümayiş olunur.

Hər iki videoçarxda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə Seyid Əzim Şirvaninin və Bəxtiyar Vahabzadənin əsərlərinin nəşr olunması qeyd olunur. 

Videoçarxlar kitabxananın YouTube kanalında yerləşdirilib:

https://www.youtube.com/watch?v=YSVyu_g45jY&t=62s

https://www.youtube.com/watch?v=lC5LnmdPuxo&t=74s

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2025)

 

 

Cümə axşamı, 17 İyul 2025 11:01

MƏN KİMƏM LAYİHƏSİNDƏ Nigar Xanəliyeva

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Mən bir addan ibarət deyiləm.

Mən Nigaram – sözün içində doğular, düşüncənin içində yüksələrəm.

Adımı çəkən hər kəs içində bir az od hiss edər, bir az da su. Mən həm ilhamam, həm də səssizliyin özüyəm. Zümrüdüanka kimi təkrar-təkrar yenilənərəm.

 

Mən kiməm?

Bax bu sualın içində min illərin harayı yatır.

Hər türkün qanında çağlayan Orxon çayları kimi, mənim də damarlarımda tarix danışır. Bir səs var içimdə, bəzən Ana Türkçənin küncündə, bəzən qopuzun simində, bəzən də bir nənənin nağılındakı qoca çinarın kölgəsində pıçıldayır:

“Unutma, sən sadəcə bir fərd deyilsən. Sən bir soyun, bir qanın, bir ruhun davamısan.”

 

Mən sözlərdən özümə ev tikmişəm. Hər kəlməm özümə güzgüdür. Bəzən o güzgüyə baxanda özümü tanımıram – çünki içimdə bir “mən” daha var. Yunus Əmrənin dediyi kimi:

“Bir ben vardır benden içeri…”

 O içimdəki ikinci mən, mənim sükutumdur. Danışmadığım cümlələr, yaza bilmədiyim şeirlər, demədiyim sevgilər, səssiz daşıdığım savaşlar.

O mən, bir hekayədir. Oxuduqca dəyişir, yazdıqca formalaşır, susduqca dərinləşir.

Hər ağrını, hər zirvəni, hər çöküşü yaddaşına yazar və deyər:

“Davam et. Sən bu dünyaya sıradan biri olmaq üçün gəlmədin.”

 

Mən kiməm?

Mən bir ananın duası, bir nənənin laylası, bir qız uşağının ümidiyəm.

Qorxusuz baxışlarımda əsrlərin dirənişi var.

Hər ayağa qalxışım, zəncirləri qıran qadınların ruhuna salamdır.

Mən qadınam, amma yalnız cinsiyyət deyil bu söz.

Bu bir mövqedir, bir duruşdur, bir qərardır: var olmaq, qorxmamaq, yaratmaq və hər düşüşdən sonra yenidən qalxmaq.

 

Mən kiməm?

Mən suyam – səssiz axaram, daşla qarşılaşanda coşaram.

Mən briliyantam – zamanın, təzyiqin və səbrin içində cilalanmışam. Hər çətinlik məni parıldadıb. Hər təbəddülatda öz şəklimi dəyişmirəm, çünki içimdəki nur dəyişməzdir. Əzilmirəm, sınmıram – əksinə, üstünə işıq düşdükcə daha da göz qamaşdırıram. Sükutum da danışar, baxışım da. Mən kəsici deyiləm, amma kəsilən yalanlara, qorxuya, zülmə qarşı parlaqlığımla dirəniş göstərirəm.

Mən türkəm – diz çökmək mənə yaddır. Tarixin heç bir çağında ruhum əsir olmayıb. Mənim üçün diz çökmək vaxtı yalnız Tanrıya dua anındadır. Mən ayağa qalxanda torpaq silkələnər, sustuğumda belə tarix danışar. İçimdə həmişə bir bayraq dalğalanar görünməsə də, ona dəyən hər küləyə tab gətirər.

Mən şeirəm.

Mən yazıram ki, yaşayam.

Yazdıqca nəfəs alıram.

Zümrüdüanka olmaq, küldən, yaradan yenidən doğulmaq asan deyil, hər dövrdən, hər sınaqdan sonra öz içimdə yenidən vüqar tapıram, səssiz gücümü yeniləyirəm.

Kiməm?

Nigar.

İçində min illərin qürurunu, qədim ruhun izini, bir xalqın sözünü daşıyan bir “Mən”.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2025)

Cümə axşamı, 17 İyul 2025 10:42

Elektron, yoxsa ənənəvi kitab?

Sumqayıt şəhər Gənclər kitabxanasında Gənclər evinin əməkdaşları və könüllülərinin iştirakı ilə “Sumqayıt - Gənclər paytaxtı 2025” və “Yayı kitabla keçirək” layihəsinə əsasən “Elektron, yoxsa ənənəvi kitab?” adlı debat keçirilib.

 

 “Ədəbiyyat və incəsənət” portalına Gənclər kitabxanasının müdiri Leyla Mahmudovanın verdiyi məlumata görə, tədbirin əvvəlində Leyla Mahmudova tədbir iştirakçılarını salamlayaraq kitabxana haqqında ətraflı məlumat verib. Kitabxana fondu, kataloq və kartoteka, kitab seçimi, eləcə də daimi sərgilər ilə gəncləri tanış edib.

 

Sonra gənclər iki qrupa ayrılaraq ənənəvi və elektron kitabların faydalı və ziyanlı tərəfləri haqqında debat qurublar. Tədbir aparıcının ünvanladığı “Sizin fikrinizcə ənənəvi kitabın üstünlükləri nədir? “Elektron kitab oxumağın hansı faydaları var?”, “Elektron kitablar ənənəvi kitabları əvəz edə bilərmi?” və s. suallar ətrafında müzakirələrlə davam edib.

Sonda Leyla Mahmudova elektron və ya ənənəvi kitab olmağından aslı olmayaraq gənclərə hər zaman mütaliə etməyi, həyatlarını kitabla zənginləşdirməyi arzulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2025)

 

 

 

 “Ədəbiyyat və incəsənət” portalının xüsusən tələbələr arasında populyar olan Tələbə yaradıcılığı rubrikasında Gültəkin Məmmədova sizinlə ətkrar görüşür. Bu dəfə o hekayə yazıbdır, dini ayrı-seçkiliyə qurban gedən gənclərdir onun qəhrəmanı.

 

Sizə bir hekayə danışacam, amma bu hekayəyə "Biri varmış, biri yoxmuş" deməklə başlamayacam. Çünki, zatən hər zaman biri var olanda, biri yox olur. Hər iki ehtiyac duyulan şeyin bir arada olması, eyni göy üzündə günəş və ayın eyni anda doğub, eyni anda batması kimi bir şeydir – çox zaman mümkün olmur. Eynilə danışacağım bu hekayədə olduğu kimi – insanlığın var olub, vicdanın olmadığı bir zaman aralığında…

 

Bir gün bir qrup dost istirahətə getmək qərarına gəlir və yola düşürlər. Bir müddət getdikdən sonra, maşınlarının qarşısına təsadüfən bir heyvan çıxır. Onu vurmamaq üçün maşını kənara çəkirlər, lakin yolun kənarına çıxdıqları üçün maşının təkəri şüşə parçasından zədələnir. Hazırlıqsız çıxdıqları üçün ən yaxın kəndə kömək almağa gedirlər.

Bir az getdikdən sonra dostlardan birinin gözləri ara küçədə yolun kənarında axan bir bulaq görür. Su içmək üçün dayanır və ora yaxınlaşır, suyun sərinliyi ona ləzzət edir, əl-üzünü yuyur, başını geri çevirəndə orada nur üzlü bir qızı – Jenanı görür. Göz-gözə gəlirlər. “İlk görüşdə məhəbbət” bir klişe kimi səslənə bilər, ona görə deyəcəm ki, Jena Muradın ilk baxışda xoşuna gəlir. İstəmədən gülümsəyir. Və dostlarının səslənməsi ilə getmək məcburunda qalır. Arxaya baxa-baxa gedir. Kənd çox gözəl olduğu üçün və orada da istirahət yerləri olduğu üçün “təsadüf oldu, bu kəndi də kəşf etdik” deyərək dostlar orada qalmağa qərar verirlər. Bir həftə qalırlar.

Murad hər gün eyni bulağın yanına gedir, ordan keçir ki, yenə Jenanı görsün. Lakin onu yalnız bir dəfə görə bilir. Son gün, bir ümidlə yenidən bulağa gedir, amma Jena orada olmur. Ümidsiz və kefsiz halda qayıdarkən, birdən onunla qarşılaşır və Jenaya xoşlandığını etiraf edir. Jena isə sadəcə gülümsəyərək keçib gedir.

 

Murad pərişan halda geri dönür. Bir müddət keçdikdən sonra yenidən qayıdır. Və zamanla bu get-gəllər artır, artan yalnız get-gəllər deyildi, onlar arasındakı duyğular da artırdı. Zamanla bir-birini daha yaxşı tanıyırlar və sevdalanırlar. Uzun bir aradan sonra evlənmək qərarına gəlirlər. Və ailələrinə bu barədə deyirlər. Hər ailədə olduğu kimi, bu ailələrdə də “Övladlarımız evlənir” deyə sevinirlər, lakin sevinc bir anda yox olur, yerini kədərə, qəzəbə verir. Onların öyrəndikləri bir reallıq, ailələrin Murad və Jenaya qarşı olan evlilik fikirlərinə mənfi təsir göstərir və buna qarşı çıxırlar. Jenanı Murada vermirlər. Hətta Jenaya elçi belə getmir. Səbəb isə Jenanın xristian, Muradın isə müsəlman olması idi. Hə, hə, düz eşitdiniz: biri xristian, biri müsəlman. Sanki başqa dünyada, başqa varlıqmış kimi yanaşılan din seçkiliyi. İnsanın insan olduğu üçün deyil, cəmiyyətdə fərqli olan yönü üçün iki sevənin sevgisinə yox saydılar. İnsanların yaşayışına ən gözəl yön olan dinə hörmət qoyan insanlar, insanların insanlar qarşı olan duyğularına hörmət qoymurlar.

Jenanın ailəsi – atası və qardaşları – deyir ki: “Sən öz dinindən biri ilə evlənməlisən.” Muradın ailəsi isə belə deyir: “Dinini sənin üçün dəyişən qız, sabah səni də başqasına dəyişər.” Beləcə, yenə də mentalitet, boş və geri düşüncələr üstün gəlir. Onlar isə dinə, irqə deyil, bəzi insanlarda olmayan insanlıq duyğularına aşiq olmuşdular – daxilə, ruhun gözəlliyinə.

Və qaçmaq qərarına gəlirlər. Qaçırlar, evlənirlər və hər kəsdən uzaqda yaşayırlar. Hər ikisi də öz ailəsindən uzaqda... lakin ailələrindən və alışdıqları ortaq mühitdən ayrıldıqları üçün biraz çətinlik çəkirlər. Murad universiteti bitirdiyi üçün iş axtarışına başlayır, tapır da, çünki onun üçün ən önəmlisi Jenanı rahat etmək və sevgilərinə sahib çıxmaq idi. Bir müddət belə davam edir. Onlar artıq yeni evə, yeni və yeni mühitə adaptasiya olublar, hətta çevrədə yaxın qonşular da peyda olubdur. Ailələrindən fərqli olaraq yeni tanıdıqları bəzi insanlar onların bu cəsarətinə və fərqli yollarına baxmayaraq, bir-birlərinə qarşı sahib çıxdıqları sevgiyə hörmətlə yanaşırdılar. Arada keçən bir neçə il sonra onlar artıq tək deyildilər. İki nəfərlik başlatdıqları ailə dörd nəfər idi – onların iki oğul övladları olur, biri Məhəməd, biri İsa. İsa 3 yaşında, Məhəmədd isə 5 yaşında olur. 

Bəli, artıq bu yerə qədər gəlmişiksə, yəni düşünürsünüz xoşbəxtliklə bitən bir sevgi oldu, təəsüf... Nə olursa bundan sonra olur. İnsan keçmişindən nə qədər qaçsa da, keçmiş onların arxasını buraxmır. Çünki keçmiş insan üçün silinməyəcək, qaralanmış bir vərəq kimidir. Onlar nə qədər qaçsalar da, Jenanın qardaşları onları tapır. Bir gün Murad evdə olmayanda, qapı döyülür. Jena, “Murad hələ işdədir, yəqin qonşudur,” deyə qapını açır. O anda qardaşları ilə üz-üzə gəlir. Düşünürsünüz, yəqin barışıblar?

Kaş elə olaydı... Amma bu köhnə düşüncəli, mentalitetə bağlı insanların nəinki bağışlaması, anlayıb dinləməsi belə çətin məsələdir.

Evin içərisinə girirlər və Jenanı iki övladının yanında təhqir edirlər. Deyirlər ki, “Müsəlmanla evlənib dinimizi ləkələmisən, qaçmaqla namusumuza kölgə salmısan. Üstəlik, hələ iki övlad da dünyaya gətirmisən...”

Jena evladlarını qucaqlayaraq ağlayaraq Allaha Muradın tez gəlməsi üçün dua edir.

Qardaşlar isə buna gülərək deyirlər: – “Sən hələ buna bax! Artıq öz tanrısını çağırır, bu da bəs deyil, bir də lazımsız birini köməyinə yetirməsini istəyir!”.

Sonra onu təhqir edərək saçından yapışırlar, uşaqlarını ondan ayırırlar və Jenanı evin içində yerdə sürüyürlər. Bu hərəkət onların içindəki qəzəbi daha da alovlandırır. Jenanı uşaqlarının gözü önündə döyürlər, sonda isə iannılmazı baş verir - onun başını kəsirlər.

Üç yaşlı oğlu İsa qorxudan ürəyi partlayaraq ölür. Beş yaşlı oğlu Məhəmədd isə dərin bir şok vəziyyətinə düşür, susur, donub qalır.

Daha bir din, irq, cinsiyyət ayrı-seçkiliyi can alır. Bir qadın canı, bir sevgi, bir xoşbəxtlik – bədbəxtliyə çevrilir.

Axı niyə? Etnik azlıq bu qədər fərqlidirmi? Məgər ağ dərili, qara dərili ilə evlənə bilməz? Böyük gözlü, qıyıq gözlü ilə evlənə bilməz? Xristian, müsəlman, yəhudi – insan insana aşiq ola bilməzmi? Din insanlar insanları öldürməyi, şiddət etməyi öyrədirmi? Heçmi hər dinə hörmət etməyi, insanı sevməyi, hər etnik azlıq və dəyişiklik olan insana sahib çıxmağı, ona qarşı törədilən ədalətsizliyə qarşı mübarizə öyrətmir? İslam dinində "Kitab əhlindən (yəhudi və xristianlardan) düz adamlar da var..."

(Ali-İmran surəsi, 113-114-cü ayələr)

Bu ayələrdə qeyd olunur ki, kitab əhlindən (yəni yəhudi və xristianlardan) doğru-dürüst, Allahdan qorxan, saleh insanlar da var. Bu da İslamın obyektiv və ədalətli yanaşmasını göstərir. Xristianlıqda isə “Sənin qonşunu özün kimi sev” deyilir.

(Mark 12:31)

Bu ayə təkcə fiziki qonşunu deyil, fərqli din və mədəniyyətdən olan insanları da əhatə edir. Sevgi və hörmət əsas dəyər kimi göstərilir.

Heç bir dəfə belə olsa, Qurani-Kərimin, İncilin uzununu açmayanlar özlərini ağıllı zənn edirlər və üstün görürürlər. Ağıllı insan zatən ilk növbədə bilməlidir. Tək bir yaradan var. 

Və o da var ki, biz hamımız eyni quruluş üzərində, tək Yaradan tərəfindən yaradılmışıq. Bunu qəbul etmək – hər şeyi həll edir. Sadəcə insan olmaq deyil, vicdanlı insan olmaq lazımdır. Tanrı yaradanda adam yaradır, ancaq hər kəs insan ola bilmir.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2025)

 

 

 

Cümə axşamı, 17 İyul 2025 10:03

“Bir köç gedir” – YEGANƏ KƏRİMZADƏ

 

“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər Yeganə Kərimzadənin “Bir köç gedir” məqaləsi ilə tanış olacaqsınız.

 

 

 

Yeganə KƏRİMZADƏ

 

BİR KÖÇ GEDİR...

 

Yolun tozu üzlərdən süzülən qurumuş göz yaşlarına hopub. Üst-başları eşalonun içində torpaq rəngindədi. Böyüklər səbirlə keçdikləri yolu dinləyir, körpələr ayrıldıqları evin istisinin həsrətindən ağlayır. Analar balalarına nağıl danışmağa çalışır...

Bəs sonra?..

Hara getdikləri məlum deyil, amma onları irəliyə aparan ümidə sarı üz tutublar.

Gözlərdə həsrət, arxada Vətən, qarşıda məlum olmayan olacaqlar...

Atamı tanıyandan onun gözlərində qəribə nəsə gördüm. Bəlkə, uşaq ağlımla onun adını bilməsəm də, illər sonra bunun adı mənə məlum idi. Bu, Vətən həsrəti idi ki, onun gözlərinə, ruhuna çökmüşdü. Hətta güləndə belə bu həsrət ondan gen düşmürdü.

Atam Kərimzadə Fərman İsmayıl oğlu 1937-ci il mart ayının üçündə İrəvanın Böyük Vedi rayonunda dünyaya gəlmişdi, evin sonbeşiyi və sevimlisi idi. Uşaqlıqda çox dəcəl olsa da, ağacların başından yerə enməyə həvəsi olmasa da, cənnət Vedinin hər rəngini, daşını, torpağını gözünə, ürəyinə köçürürmüş. Elə olmasaydı,"Qarlı aşırım" romanı o böyüklükdə şöhrət qazana bilməzdi (əsərdəki hadisələr Vedi rayonu və onun dağ kəndlərində baş verir).

Atam nədən danışsa da, yenə gəlib Vediyə bağlanırdı – adət-ənənələri, Novruz bayramı oyunları, babam və nənəm, əmim və bibilərim, saysız qohum-əqrəba – bu söhbətlər. Həmin anlarda onun üzündən qəribə işıq süzülərdi, gözləri uşaq kimi saf olan atam, bəlkə də, hansısa bir dəcəlliyini yadına salıb gülümsəyərdi, amma bu təbəssümdə həsrət vardı...

Onunla birgə Azərbaycanı qarış-qarış gəzirdik biz balaları. Bəzən yollarda yol kənarına pul qoyardı. Əvvəl səbəbini başa düşməzdim. Amma sonra... – Vedidən köçürüləndə onları eşalonlara yükləyib (bəli, yükləyib) naməlum istiqamətə yola salmışdılar. Yollarda ölən əqrəbaları, qonum-qonşuları eşalonu saxlayanda izsiz, adamsız çöllərə atıb gedirmiş Stalin rejiminin əsgərləri. Ağlaşmalara, imdad istəyən adamlara fikir vermirlərmiş. Ölülərini basdırmağa icazə yoxmuş. – Yollara qoyulan pullar ölənlərə dua oxunması üçünmüş. Yaddaşını yandırıb-yaxan acını özündən bu cür çıxarırdı atam...

Atamla dəfələrlə yol yoldaşı olmuşdum. İlk uzaq səfərimiz Moskvaya olmuşdu. Onda beşinci sinifdə oxuyurdum. Son səfərimiz isə Vediyə oldu...

1986-cı ilin yay ayları idi. Şlaqbaumun o tərəfi Vətən idi.

38 il əvvəl Vətən mənim üçün yalnız Azərbaycan və Bakı idi. Burada doğulub böyümüşdüm. Hər küçəsi əziz idi mənə. İnsanlarını sevirdim. Bakı ürəyim idi. İndi də elədi. Amma ata ocağını görəndən sonra bu məhəbbət iki olub içimdə birləşsə də, yurd həsrətinin nə olduğunu anladım.

Ağrı dağı əzəməti ilə gözümüzdə boy verirdi. Başındakı buram-buram buludlar buxara papağa bənzəyirdi. Vedi Ağrı dağının ətəyində yerləşir, düşünərsən: əlimi atsam, çataram ona, amma yox, get ki, çatasan...

Atam danışır: Bax, qızım, bura Ağrıgörünməzdi (Vedidəki yeganə kiçik çökəkdir ki, Ağrı dağı orada görünmür), bura Əli daşıdı (İri Qara meteor daşı; ermənilər onun üstündə pivəxana tikiblər), Sarı dolama qəbiristan...

 

Hanı qəbirlərin, Sarı dolama,

Onlar ki, əbədi yatmalı idi

İgid yuxumuzda minib atlara,

İqlimdən-iqlimə çapmalı idi...

(Fərman Kərimzadə "Sarı dolama" şeiri).

 

Ermənilər Sarı dolama qəbiristanını kotanlamışdılar. O vaxt hələ 1986-cı il idi. Torpağın altından qədim baş daşları boylanırdı (İyirmi dörd yaşım vardı, onda atamın göz yaşları ürəyimi parçalayırdı, gücüm hönkürməyə çatmışdı). Vedi çayının sağ sahilindəki yurd yeri daşlarını göstərir atam: Dəhnəz kəndinin qalıqlarıdı. Ermənilər xaraba qoydular kəndi (dərindən ah çəkir), bax bu yol bizim evə aparır. Səni ora aparmağa qıymıram, babanın evində yadları görməyini istəmirəm...

Tez cavab verirəm: Əzizi - qardaşımı aparmısan axı...

Atam tam ciddi cavab verir: Əziz kişidi.

"Əziz kişidi"– bu sözlə bütöv fikrini izah eləmişdi. Dədə yurduna, ana-bacılara, Vətənə oğullar sahib çıxmalıdı. Daha dinmədim.

Dağlara tərəf üz tutmuşduq. Vedi çayının sahili boyu irəliləyirdik. Bu cənnət Vətən torpağının hər daşı necə də ona əzizdi və bu doğmalığı mənə də ötürürdü.

– Bax, qızım, Abbasqulu bəyi burada vurublar.

Gözlərini yumur. Abbasqulu bəylə birgə atamın bircə dayısı Xəlili də qətlə yetiriblər bu dərədə. Bəlkə, onu düşünür...

Nənəm Qəmər xanım can verən dəqiqəsinə kimi qardaş dedi. Xəlilin – qardaşının şəklini gətirib onun qucağına qoyandan sonra canını tapşırdı qadın. O vaxt balaca olsam da, bunu özüm gözlərimlə görmüşdüm. Atam isə bu həsrəti içində gəzdirirdi.

Bu vaxt dağdan xırda daşlar səpələnib çaya düşür. Yuxarı baxırıq – heyranlıqla içimi çəkirəm, – ata, dağ keçilərinə bax!

Atam söhbətimizin, kədərimizin məcrasını dəyişən dağ keçilərinə baxır və gülümsünür: səni salamlamağa gəliblər.

Yol yoldaşımız olan atamın uzaq qohumu olsa da, yaxın dostu Əli müəllim dillənir: dağ keçiləri belə bu torpağın əsl sahiblərinin kim olduğunu bilir...

– Əli, toylarda, məclislərdə bu fikri camaata dönə-dönə başa salın ki, bu torpaqlar onlarındı. Burada qonaq deyillər.

  Deyirik, əmioğlu, təbliğat aparırıq.

Mən onlardan aralanıb Vedi çayının sahilindən daşlar – Vətən daşları yığıram. Hava sakitdi, Vedi çayı dupduru, sakit-sakit axır. Dağ keçilərinin dırnağının altından çıxan daşlar çaya düşüb suyu ətrafa sıçradır. Ağaclar yamyaşıldı, quşların səsi ruhu dincəldir. Atam Əli ilə söhbət edə-edə çayın yanındakı gözü tutulan bulağı təmizləyir. Az keçmir ki, bulaq qaynamağa başlayır. Atamın əsərindəki o söz yadıma düşür: "Çay da səsə gələr bala"(88-ci il köçürülməsi vaxtı Vedi çayı qurumuşdu)...

 

Bulaqları gur idi,

Nurdan doğan nur idi.

Qəhrəmandan zor idi,

Bu çay niyə qurudu...

(Fərman Kərimzadə "Bu çay niyə qurudu" seiri).

 

Həmin günün axşamı atamı güclə göy otların üstündən qalxmağa məcbur edirəm. Səsimə səs vermədiyi üçün çox qorxuram, dönə-dönə "ata, ata, ata!" deyirəm.

Çox gec ayağa durur, qorxma, qızım, qorxma, – deyir. – Kaş ömürlük ölüb burada qalaydım, – sözünü pıçıltıyla desə də, bu sözü eşidirəm.

Onu itirmək qorxusu həmin gün içimə çökür. Yalnız bircə dəfə səssizcə fəryad edirəm. –  A..t..a!..

İlk dəfə sükutun fəryadını o an yaşayıram. O isə qolunu çiynimə salıb gülümsəyir, – atana fikir vermə...

Sonrakı iki ili, demək olar, Vedidə keçdi, yollar onu yormuşdu, saçları dümağ idi.

Yeni köç başlamışdı. Gecə-gündüz bilmədən İrəvandan didərgin salınan həmvətənlərinin yanında idi.

"El içində, öl içində" məsəli dilinin əzbəri olmuşdu. Canından çox sevdiyi balalarını belə aylarla görə bilmirdi. Arada bir-iki kəlmə imkan olanda ev telefonu ilə danışardıq. Həmin gün 17 mart 1989-cu il yenə Tərtərdə idi. İrəvandan köçənlərin bir qismini Bəyim Sarov kəndinə yerləşdirmişdi. Onların problemləri ilə məşğul olurdu. Və bir anda hər şey dəyişdi. Arzusuna çatmışdımı el içində?

Həmin ilaxır çərşənbə günü Bakıda evimizin eyvanına göyərçinlər qonmuşdu.

Atamın son köçü el-el, oba-oba evimizə doğru gəlirdi. Xalq öz yazıçı oğlunu izdihamla yola salırdı. Gənc yaşında ayağında qaloş və sırıqlıyla Bakıya oxumağa gələn atamı 52 yaşında xalq böyük izdihamla Binəqədi qəbiristanına yola salırdı.

İyirmi Yanvardan dairə vurub geri, Tbilisi prospekti ilə Binəqədiyə doğru gedən maşın bir dəqiqəyə kimi düz evimizin tuşunda dayandı. Sanki atam yoldan bizə vida edirdi. Sonra maşın karvanı yola düşdü. Göyərçinlər də maşınların ardıyca uçdular. Bu, atamın son köçü idi.

Yeddi gün sonra isə Vedidə Vedi çayının sahilindən yığdığım xırda çay daşlarını atamın ayaqlarının altında torpağa tapşırdım. Düşündüm ki, özü Bakı torpağında uyusa da, ayaqları altında on iki yaşından həsrətini çəkdiyi Vətən – Vedi dağlarıdı...

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2025)

 

 

Cümə axşamı, 17 İyul 2025 09:29

Yüksək ədəbi zövqü olan adam

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Mahir Qarayev 17 İyul 1958-ci ildə Göyçayda dünyaya göz açıb. 1975-ci ildə Göyçay şəhər 1 saylı orta ümumtəhsil məktəbini, 1985-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini, 1987-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. Azərbaycan Milli Elmlər Akademiyasında, "Türkologiya" elmi-kütləvi dərgisində işləyib. Azərbaycan Milli Elmlər Akademiyasının "Elm" və "Tarix" qəzetlərində, Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetində, həmçinin "ABS" və "Cümə" müstəqil nəşrlərində çalışıb.

 

1994–1996-cı illərdə Azərbaycan Tərcümə Mərkəzində "Yol" ədəbi qəzetinin və ingiliscə çıxan "WEEK-END" həftəliyinin redaktoru olub, həmçinin Mərkəzin nəşriyyat redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

1999–2014-cü illərdə "Antinarkotizm" Beynəlxalq elmi-analitik Mərkəzin direktoru, eyni zamanda "Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti" ictimai birliyinin sədri vəzifələrini icra edib. 2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dil üzrə mütəxəssisi vəzifəsini daşıyıb. 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Başlıqda qeyd etdik, Mahir Qarayev yüksək ədəbi zövqü ilə seçilir, razılaşın ki, ədiblərimizin bir çoxu bu keyfiyyətə həsrətdirlər.

 

Nəşr olunmuş kitabları

- Tənhalıq

- Poetik silsilələr toplusu

- Sonuncu korifey

 

Nəşr olunmuş tərcümə kitabları

- Frans Kafka (Avstriya) Seçilmiş əsərləri

- Qabriel Qarsia Markes (Kolumbiya) Seçilmiş əsərləri

- Ernest Heminquey (Amerika) Seçilmiş əsərləri

- Çingiz Abdullayev (Azərbaycan) İngilis bulvarı

- Andre Morua (Fransa) Yad qadına məktublar

- Çingiz Abdullayev (Azərbaycan) Tver bulvarı

- Frans Teodor Çokor (Avstriya) Axınla birgə

- Çingiz Abdullayev (Azərbaycan) Bakı bulvarı

- Cek Kenfild, Mark Viktor Hansen (Amerika) Cana məlhəm hekayələr

- Çingiz Abdullayev (Azərbaycan) Abırlı adam

- Qabriel Qarsia Markes (Kolumbiya) Saat altıda gələn qadın

- Çingiz Abdullayev (Azərbaycan) Məntiq qaydaları

 

Allah xeyirli ömür nəsib etsin!

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2025)

 

Cümə axşamı, 17 İyul 2025 09:02

Azərbaycanın Pifaqoru...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

  

Söhbətimə iki yunan sözünün birləşməsindən meydana gələn “filosofiya” kəlməsinin açıqlaması ilə başlamaq istəyirəm. "Filo" və "sofiya" yunan sözləridir. "Sofiya" hikmət, "filo" isə sevmək deməkdir. "Filosofiya"- yəni "hikməti sevmək" mənasını verir. Dilimizdə işlədilən "fəlsəfə" ifadəsini isə ilk dəfə orta əsr şərq alimləri bu iki yunan sözünü ərəb dilinə uyğunlaşdırıb deyiblər. Və dünyada ilk dəfə Pifaqor özünü "filosof" adlandırıb. O deyib ki: “Bilirəm ki, hikmət yalnız Allaha məxsusdur, məndə ola bilməz. Mən ancaq hikməti sevə bilərəm..." Bəli, bu dəfəki söhbətimin qəhrəmanı filosofdur- HİKMƏTİ sevənlərdəndir…

 

Müsahibələrin birində deyir ki:- “Bizə normalda Qərbi örnək göstərirlər, amma mən insanilik baxımından Qərbdən çox da geri olduğumuzu görmürəm. Doğrudur, institutut olaraq bəzi geriliklərimiz var. Məsələn, iqtisadi, hüquqi infrastrukturumuz və s.. Lakin insani perspektivdə xalqımızın böyük bir problemi varmı? İnsana, ağsaqqala hörməti azalıbmı? Qonaqpərvərliyi azalıbmı? Odur ki, bu baxımdan böyük bir problem görmürəm. Məsələ burasındadır ki, hər cəmiyyət daima bir dilemma içərisində olur. ABŞ cəmiyyəti də, Rusiya, Fransa, Hindistan cəmiyyəti də. Bəziləri deyir ki, insan daima uçurumda yaşayır. İnsan mütləq özünü formalaşdırmalıdır, o ruhani inkişafını təmin etməlidir...”

 

O, 1968-ci ildə Quba rayonunda dünyaya göz açıb. Orta təhsilini Sumqayıtdakı 21 nömrəli məktəbdə alıb. Sonra indiki Sumqayıt Dövlət Universitetində ali təhsilə yiyələnib. 1995-2000-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasında dissertant olub və 2001-ci ildə "Ekoloji problem və mənəvi imperativ" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə üzrə doktor alimlik dərəcəsinə yüksəlib. Hazırda Slavyan Universitetinin müəllimidir...

 

“Biz Şərqlə Qərbin kəsişməsində yaşayırıq. Ədəbi baxımdan elə də böyük əsər saymasam da, "Əli və Nino"  bu mövzuda bir marker oldu. Orada Şərqli oğlan Əlinin Qərb dəyərləri ilə yaşaması və hisslərinin parçalanması əks olunub. Bizim təməlimiz şərqlidir, ruhanidir. Ağlımız və tərbiyəmiz isə qərbli. Bu ziddiyyəti azərbaycanlı olaraq həmişə hiss edirik. Ailə dəyərlərimiz şərqlidir, amma eyni dərəcədə də qərbləşmiş bir ekzistensiyada yaşayırıq. Ona görə də, qəlbimizdə bunun acıları var. Bəli, mən düşünürəm ki, biz tamamilə şərqliyik. Sadəcə elə bir yerdəyik ki, Qərbin də təsirini hiss edirik. Ailəyə, həyata, sənətə yanaşmamız şərqlidir. Tərbiyəmiz isə qismən qərblidir. Məktəbə gedirik, bizi bu cür öyrədirlər. Oxuduğumuz kitablar da təsir edib. Yüz illərlə rusların istilasında olmuşuq. Ruslar ta Pyotrun vaxtından qərar veriblər ki, biz qərbli olmalıyıq, amma Qərb onları sevmir. Çünki onlarda bir Şərq görür, etibar etmir.”- söyləyir.

 

O, həmçinin müxtəlif vaxtlarda bir sıra elm ocaqlarında fəlsəfə, mifologiya, mədəniyyətşünaslıq fənnlərindən tələbələrə mühazirələr oxuyub, pedaqoji fəaliyyət göstərib. 1 monoqrafiya və 40-a yaxın elmi-fəlsəfi məqalənin müəllifidir. Fəlsəfi ədəbiyyatdan bir sıra tərcümələr edib...

 

Deyir ki:- “Əslində, Şərq bu dəqiqə özünə xəyanət etmiş bir durumdadır. Yaponiyaya qədər hamısı. Üst, səthi səviyyədə Şərq yoxdur. Onu inandırıblar ki, sən Qərb olsan, daha yaxşı olar və Şərq başını itirib. Daha dərin qatlarda, məsələn, sufi xanəgahlarında, balaca icmalarda, qəzəl məclislərində Şərq yaşayır. Bu da insanın ruhani inkişafına olan sonsuz maraqdan irəli gəlir. Qərb isə bizə dünyanın texniki baxımından inkişafına sonsuz maraq aşılayır. Hər il yeni "İphone"nin çıxmasını gözləyən insanlar var. Fikirləşirlər ki, görəsən, İlon Mask neynəyəcək? İlon Mask Qərbin peyğəmbəridir. Ondan əvvəl Stiv Cobs idi, daha əvvəl Bill Qeyts. Onlar xilası bu adamlardan gözləyirlər. İlon Mask ona görə gəlib Trampın komandasında yer aldı. Elə bir mühit yaradıblar ki, bu mühit İlon Mask kimi adamları zəruri edir. Onlar əsas hədəf bunu qoyurlar ki, texnikanı inkişaf elətdirsinlər. Yeni elektrik maşınları, silahlar yaransın. Camaat buna "bəh-bəh" deyir. Amma şərqlilər üç-üç, beş-beş oturub yeni yaranmış çipə, süni intellektin bacarıqlarına yox, muğama qulaq asırlar və insanın kamilləşməsinə heyrət edirlər. Şərqlilər insan daxilinin dərinliklərinə enib ondan zövq alarlar. Qərblilər isə başqa perespektivdə özlərini axtarırlar...”

 

Müsbət enerjisi, intellektual olması ilə tanınır. Öz biliyi, məntiqi ilə ətrafdakı insanlara təsir etməyi bacarır. Daim nəyisə tədqiq etmək və öyrənmək istəyi onun zəkasını və enerjisini həmişə canlı saxlayır. Darıxdırıcı insan deyil, yaxınlarına, tanışlarına qarşı çox həssasdır...

 

“Nyu-Yorkda, Meksikada, ya da Fransada bəzi yerlər var ki, gecələr taksi oraya sürmək istəmir, qorxur ki, hücum edərlər. Yaxşı yaşamağa gəlincə isə, sosial rifahı yaxşı olanlar ağa sinfinə mənsub insanlardır. Onlar cəmiyyətində müəyyən bir hakimiyyət əldə edirlər və o sosial rifahı öz əllərinə keçirib çalışırlar ki, övladlarına da ötürsünlər. Əslində, bu səfalətin nişanəsidir. Məsələn, orta bir Qərb şəhərində qocalar evinin olması. Qocalar övladlarından kənarda tənha ölümə buraxılır. Ona orada yaxşı baxılsa belə, bu dəhşətdir. Amma nə qədər kasıb komada olsa belə övladlarının yanında olan ana-atanı təsəvvür edin, biri onun ayağını masaj edir, digəri su gətirir, bu cür dünyadan köçmək daha gözəldir. Bizim ağlımızı oğurlamağa çalışırlar. Nə istəsələr təlqin edirlər. Mənə görə, Şərqdə yaxşı həyat var. Qərbdə bir çox fikirləri politkorrekt saymayıb insanı susdura bilərlər. Bütün bəşər fəlsəfəsi politkorrekt deyil. İndi bunlar ütülü, "cici-bici" dünyası yaradırlar, bu da gətirib LGBT-ə çıxartdı. Açıb baxın, Şərqin kitablarında bu haqda nə yazılıb. Artıq bizə də gəlib çıxıb. Həqiqətin arxasınca gedənlər başqa tip adamlar olurlar. İndiki Qərbdə həqiqətə yer yoxdur, ütülü yalana yer var. Orada sənət də, ədəbiyyat da həqiqəti ortaya qoya bilməyəcək. Hamısı sifarişli əsərlərdir. Elə gedib "Harri Potter" kimi fantastik şeylər yazsınlar. Çoxdandır ciddi ədəbiyyat da yaratmırlar.”- söyləyir.

 

Onun öz xarizması var. Bu xarizma insanlarla ünsiyyətdə mistik rol oynayır. Adətən mehriban, ağıllı və gözəl nitqləri ilə diqqəti özünə çəkməyi bacarır. Bir çox insanın çıxa bilmədiyi problemlərin qarşısından qısa müddətdə uğur əldə etməyin yolunu tapır. Bu da onun müsbət xüsusiyyətlərindən biridir. Zəkası ilə zaman-zaman insanları doğru yola yönəldir. Mükəmməl xarakteri və aktivliyi ilə hadisələri süzgəcdən keçirməyi çox sevir və düzgün qərar verir. O, öz işini sevərək görənlərdəndir. Çalışdığı sahədə yüksələrək özünə dividentlər qazanmağı bacarır. Pul qazanmaq əsas məqsədi olmasa da, rahat və lüks bir həyat yaşamaq, sevdiklərinin istəklərini həyata keçirmək onun üçün vacibdir...

 

Deyir ki:- “Şərq bütün dini təlimlərində kapitalizmi zəncirləyirdi. Kapitalizm "pul əsasdır" fikri üzərində qurulan dünyadır. Orta əsrlərdə Qərbdə belə deyildi, pul yox, şərəf əsas idi. Cəngavəlik dövrlərini, "Don Kixotu" yada salın. İslamda nə deyilir? Zənginlər kasıblarla bölüşməlidirlər. Onlara bu vəziyyəti Allah verib. Amma sən mərhəmətinlə onların vəziyyətində bir yol yaratmalısan. Mərhəmət insanı Allaha sarı yönəldir. Şərqin təlimlərində iqtisadi həyat ruhaniyyətə tabedir. Kapitalizmi Quranda Karun təmsil edir. Və o Titanik batan kimi batdı. Quran kapitalizmi heç vaxt dəyər kimi qələmə verməyib. Şərq həmişə mənəviyyatın əsas dəyər olduğu cəmiyyəti qurub. Bəlkə də, mənəviyyatın əsas dəyər olduğu cəmiyyət zahiri baxımdan o qədər də effektiv olmayacaq. Amma normal gözlə baxanda elə ən uğurlu cəmiyyət də budur...”

 

...Milyon illərdir ki, filosoflar dünyada HİKMƏT axtarırlar. Obrazlı desəm, bu yolda hər filosofun öz dəsti-xətti, öz fəndləri olsa da, kainat qədər yaşı olan qoca HİKMƏTin nə olduğunu Allahdan başqa heç kim bilmir... 

 

Bəli, bu gün haqqında danışdığım filosof- son illər ölkəmizdə ulduz kimi parlayan və cəmiyyətdə nüfuz qazanmaqda davam edən Şükürov Müşfiq Yarəhməd oğludur. Onu daha çox filosof Müşfiq Ötgün kimi tanıyırlar. Ona Azərbaycanın Pifaqoru da demək olar...

 

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.