Rəqsanə Babayeva,
Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, "Gənclik" xalq teatrının rejissoru. "Ədəbiyyat və İncəsənət" üçün
Soyuq külək bəzən insanın üzünə yox, birbaşa qəlbinə toxunur. Haradan əsdiyi bilinməz, amma buraxdığı hiss dərhal tanınar: içinə işləyən, insanı dayanıb düşünməyə məcbur edən bir hiss. Qar da elədir. Səssiz-səmirsiz enər, kimsədən icazə almaz, hər şeyin üstünü örtər, amma heç nəyi yox etməz. Sadəcə saxlayar. Sevgi isə çox vaxt məhz bu iki halın arasında doğular – üşüdən bir küləklə, susduran bir qarın içində.
Bu bir nağıldır. Amma uzaq diyarlardan, saraylardan, qeyri-adi varlıqlardan danışan bir nağıl deyil. Bu, qışın insan qəlbində necə səsləndiyini anlatan bir hekayədir. Qarın bir duyğuya, küləyin bir xatirəyə çevrildiyi; sevginin isə ucadan yox, astadan danışdığı bir anlatı.
Qış həmin il tez gəlmişdi. Təqvimlər hələ payızı göstərərkən, göy üzü qərarını vermişdi. Şəhər hazır olmadığı bir soyuqla üz-üzə qalmışdı. İnsanlar tələsik paltolarına bürünmüş, şərflərini boyunlarına dolamışdılar. Amma heç kim qəlbini örtməyi düşünməmişdi. Çünki insan ən çox elə oradan üşüyür.
Bəzi insanlar qışı sevir. Soyuğu sevdiklərindən yox, soyuğun insanı sadələşdirdiyinə inandıqları üçün. Qış gələndə həyat yavaşlayar, sözlər azalır, baxışlar dərinləşər. Qar yağanda dünyanın səsi bir az susar sanki. Hər şey daha aydın, daha gerçək görünər.
Külək küçələrdə dolaşarkən sanki nəsə demək istəyir. Bəzən köhnə bir xatirəni sürüyüb gətirər, bəzən unudulmuş bir hissi qapı önünə qoyar. İnsan üzünü küləyə tutanda, qaçmayanda, içindən keçənləri daha aydın eşidər. Çünki bəzi küləklər üşütmək üçün yox, oyatmaq üçün əsər.
Qar adətən axşamüstü başlayar. Əvvəl çəkingən, sonra qətiyyətli. Göydən yavaş-yavaş enər, tələsməz. Damlar, ağaclar, yollar eyni ağlıqda birləşər. Qar şəhəri susdurar. O sükutun içində insan öz ürəyinin səsini eşidər. İçində gizlətdiyi sevgini, deyə bilmədiyi sözləri, yarım qalan hissləri anlayar.
Sevgi qışda başqa cür yaşanar. Yay kimi coşqulu olmaz. Göstərişsizdir. Səssizdir. Amma dərindir. Qar kimi… Toxunduğu hər şeyi dəyişər, amma bunu hiss etdirmədən edər. Sevgi bəzən bir baxış deyil, bir söz də deyil. Bəzən sadəcə eyni sükutda üşüməməkdir.
Soyuq sevgini azaltmaz. Əksinə, onu sınayar. İnsan soyuqda nəyi özü ilə apardığını, nəyi geridə qoyduğunu daha yaxşı anlayar. Qış saxta olanı içində saxlamaz. Həqiqi sevgi qarın altında belə yolunu tapar. İncə bir cücərti kimi – səssiz, amma israrlı.
Günlər keçər. Qar yağar, əriyər, yenidən yağar. Külək bəzən sərtləşər, bəzən dinər. Amma qışın insana öyrətdiyi bir həqiqət qalır: sevmək hər zaman isitmək deyil; bəzən üşüməyi birlikdə qəbul etməkdir.
Qış bitməyə yaxın şəhər yavaş-yavaş əvvəlki halına qayıdar. Qar çəkilər, küçələr dolarar, səslər artar. Amma qışın qəlbdə buraxdığı iz asan silinməz. Çünki bəzi duyğular mövsümlə gəlməz, mövsümlə getməz. Onlar insanın içində qalır.
Bu nağıl xoşbəxt bitirmi, bilinmir. Bəlkə də nağılların mütləq xoşbəxt bitməsi şərt deyil. Bəzən əsas olan qarın altında cücərən sevgini hiss etməkdir. Soyuğun ortasında üşüməməyi öyrənməkdir.
Və insan anlayar ki, sevgi hər zaman yay kimi olmur. Bəzən qışdır. Bəzən qardır. Bəzən sərt bir küləkdir. Amma həqiqi sevgi insanı ən soyuq günlərdə belə həyata bağlayandır.
Ona görə də qar yağanda qorxma. Külək əsəndə qaçma. Bəlkə də qəlbini ən çox isidəcək duyğu, elə həmin anda doğulur.
“Ədəbiyyat və incəsənət”
(14.01.2026)


