
Super User
Mədəniyyət Nazirliyi Ekspert şurasının növbəti iclası keçirilib
Fevralın 20-də Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının həyata keçirilən işlərə və qarşıda duran vəzifələrə dair növbəti iclası keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, iclasda çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova ölkə ərazisində yerləşən dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin son siyahısının 2001-ci ildə təsdiq edildiyini bildirib.
Nazir müavini siyahının yenilənməsinə ciddi ehtiyac olduğunu bildirərək deyib: “Həmin siyahıya müvafiq əlavə və dəyişikliklərin edilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurası yaradılıb. Aparılmış təhlillər zamanı mövcud siyahıda bir sıra səhvlər, o cümlədən abidələrin adları, tarixləri və digər məlumatlarında uyğunsuzluq, xeyli sayda tarixi, memarlıq və arxeoloji əhəmiyyəti olan obyektlərin reyestrə daxil edilmədiyi kimi çatışmazlıqlar aşkar edilib. Digər bir məqam abidələrin yerləşdiyi ünvanlarla bağlıdır. Məlum olduğu kimi, 2001-ci ildən sonra ünvan məlumatlarında bir sıra dəyişikliklər edilib. Bütün məqamlar reyestrin yenilənməsi zamanı nəzərə alınacaq. Yeni reyestr bəzi tarixi abidələrin məlumatlarının yenilənməsini təqdim edəcək”, - deyə o əlavə edib.
Ekspert şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova şura tərəfindən həyata keçirilən işlər barədə məlumat verib.
Şuranın fəaliyyəti çərçivəsində daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi məqsədilə Ekspertiza aktı formaları hazırlandığını vurğulayan professor deyib: “Ekspertiza aktları memarlıq və arxeoloji abidələrin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatından çıxarılması, eləcə də zəruri dəyişikliklərin edilməsi üçün nəzərdə tutulub. Həyata keçirilən monitorinqin nəticələri ekspertiza aktları ilə şura üzvlərinə təqdim olunub. İndiyədək 300-dən artıq nümunəyə dair ekspertiza aktları hazırlanaraq şuranın müzakirəsinə təqdim edilib. Müzakirələrdən sonra verilən qərarlar rəy bildirilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) göndərilir. Ekspertiza aktları AMEA-dan alınan rəylərə uyğun olaraq, müvafiq qərarın verilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək”.
Xatırladaq ki, Ekspert şurası “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarına müvafiq əlavə və dəyişikliklər edilməsi məqsədilə təsis olunub. Ekspert şurasında Mədəniyyət Nazirliyi, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Turizm Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Memarlar İttifaqı, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Naxçıvan MR Mədəniyyət Nazirliyi təmsil olunur.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
“Əyləci yoxuymuş dəli səbrimin” - Rizvan Nəsiboğlunun şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Rizvan Nəsiboğlunun şeirləri təqdim edilir.
Divardan baxırsan
Anamın divardan asılan şəklinə
Səsini tapmıram ruhuma təpəm,
Canın yanımdadı, bunu bilirəm.
Yuxuda qaçıram əlini öpəm,
Oyanıb şəklinə salam verirəm.
Divardan baxırsan, gülüşündə qəm.
Əlinə həsrətdi saqqalım, saçım.
Bir yerim ağrısa, vallah, bilmirəm
Kimə "ana" deyim üstünə qaçım?
Çırpınır könlümdə boyat arzu-kam.
Əlimiz nəyəsə çatmır həmişə.
Neçə yol möcüzə arzulamışam,
Yolun şəklindən aşağı düşə.
Yoxluğun ömrümün payız əsimi,
Əlinin dadını vermir çayımız.
Bilmirsənmi başın "gizlənən" kimi,
Kəsilib evimdən ana bayımız.
Nə deyim, hər duyğu sinəmə yatmır.
Səhərə sirdaşdın, axşama qənim.
Sənə əlim çatmır, harayım çatmır.
Ürəyim divardan asılıb mənim.
Qış şeiri
Şaxta bıçaq kimi kəsir adamı,
Sərçələr üşüyür keşəl budaqda.
Hələ dəyişməyib cır narın tamı,
Ağappaq kağızdı çöllər uzaqda.
Sızqa külək gəzir baxçanı-bağı,
Kimiydi sovuran qarı beləcə?
Cığırlar yüyürmür üzüaşağı,
Bir mart nağılıdı bu uzun gecə.
Bir qara boşluqdu evin dalında
Köpəyi gizlədən o xırdaca dam.
Ağappaq səhərdi evin damında,
Dəhlizdə qaraya çalan bir axşam.
Qarlı pəncərələr, söndürülmüş şam.
Ağaclar heykəldi, budaqları buz.
Demə, bir şəkildi dünya bu axşam
Bu göy - qar ələyi, bu yer - yuxusuz.
Bacanın tüstüsü boz yuxu kimi,
Axşamdan adlayıb təzə gün gəlir.
Evlər - ağ ümmanda bir neçə gəmi,
Bu qış gecəsində bir kənd dincəlir.
Şair Vasif Süleymanlıya
İçinin ağrısı gözündə gəzir,
Bəzən bircə sözlə duyulmaq olar.
İntizar duyğular sənə tələsir
Üzünün nuruyla yuyunmaq olar.
Səhərin - dərdini gizlədiyin dam,
Axşamın - qələmin qonduğu budaq.
Bir dəfə görənə doğmasan adam,
Durna qanadlıdı xəyalın ancaq.
Səsin - yarı sevinc, yarı qəmiymiş.
Yollar çağrılmamış ayağındadı.
Bir nakam məhəbbət səni gəzirmiş,
Hələ də həsrəti "qulağındadı".
Salamın həzindi, duan həzindi.
Gülüşün bir bahar yeli kimidi.
Bir dost kədərinə canın üzüldü.
Ürəyin qürbətin gülü kimidi.
Ömrün qüssəsi var bənövşə sözdə,
Kamanla alışıb, neylə bişirik.
Bir söz qatarın var ürəyimizdə,
Unutduq, görəsən, harda düşürük?
Altı sudu, üstü torpaq
Ağlatmadı zirvə qarın,
Sükutu daşdı dağların.
Boy verməyən arzuların.
Altı sudu, üstü torpaq.
O bulud niyə əyildi,
Bir ovuc suya düyüldü.
Daş taleyin yüz bir ildi,
Altı sudu, üstü torpaq.
Qoynu qəmdi bu möhnətin,
Udmadıq Təbriz töhmətin.
Durnalar köçən qürbətin
Altı sudu, üstü torpaq.
Dərya dayaz, göylər dərin,
Üzü gülməz bu şəhərin.
Yadımdan çıxa günlərin
Altı sudu, üstü torpaq.
Yuxusu yox kölgəmizin,
Həsrət evimizdi bizim.
Çin olmayan sevgimizin
Altı sudu, üstü torpaq.
Səbri gendi dünyamızın,
Üzü bərkdi canımızın.
İsinməyən komamızın
Altı sudu, üstü torpaq.
Dadı qaçıb axşamların,
Canı yox ölən şamların.
Haqqı gəzən adamların
Qəbri sudu, üstü torpaq.
Şair
Hər şeir ömürdən kəsir nə qədər.
Vaxtın uzun yolu bir az gödəlir.
Dörd divar içində yubanır səhər,
Axşamı yüyürə-yüyürə gəlir.
Bilməyir dünyanın hansı çağıdır,
Çətin xəbər tutar, sözün qısası.
Döngəsi, dönümü şeir bağıdı,
Qürbət şəhəridi şair masası.
Dağılar masaya qüssəsi, qəmi,
Kimdi yuxusunu gətirən dilə?
Hər şeir-səfərdən qayıdan gəmi,
Sevinə-sevinə çıxır sahilə.
Hara tələsirmiş su kimi illər.
Hər səhər telinə bəyaz düşər.
Qələmindən qopan həsrət şeirdi,
Özündən sonraya intizar düşər.
Özündən ayrıdı, can hardadı ki,
Bəzən düz yolunu tərsinə gedir.
Sözün alınmayan bazarındakı,
Bir sözün günahsız həbsinə gedir.
Gözəllik qibləsi, gözəl Tanrısı.
Min dərdin içində çiçəyə yer var.
Ən zərif şairin, sözün doğrusu,
Ləngər yerişində təzə şeir var.
Bəlkə mənzili yox bu haqq sorğunun,
Can necə tablasın dağ ağrısına?
İlahi, bu mizan sənin qurduğun,
Möhtacdı bir şair hayqırtısına.
Bir boyat şəkil
Getdin kölgəni də tuta bilmədim.
Yox oldun dumanda Qu səkən kimi.
O ötən sevginin ahını hər gün
Canıma çəkirəm suçəkən kimi.
Bu necə hicrandı, xəyalı göynək,
İçimi qovurub, çölümə çıxır.
Özündən xəbərsiz nadinc uşaqtək,
Adın oğurlanıb dilimə çıxır.
Qürbətə düşürəm şər qarışanda,
Hər günün başımda bir axşam durur.
Mənim taleyimin daş yoxuşunda
Sənin həsrətinə yaraşan durur.
Əyləci yoxuymuş dəli səbrimin,
Hələ göz yaşımı görən olmayıb.
Bir dənəm, sənəcən mənim qəlbimin,
Bağlı qapısını döyən olmayıb.
Dincliyi yoxuymuş yolun, cığırın;
"Gözüm sinəsini yağır eləyib,
İçimi əyirmiş dərdin ağırı,
Həsrətin Rizvanı fağır eləyib,
Yaxşı ki, ürəyim nazını çəkir,
Dərdimi uçurdum, boşaldım bir az.
Bu şeir deyil ki, bir boyat şəkil,
Uzaqlar tanıyar, yaxın tanımaz.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
BİR DİREKTOR, BİR ŞAGİRD layihəsində Yəhya Abbasov və Gülay Hüseynli
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 244 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Yəhya Müseyib oğlu Abbasov 1959-cu ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur. 1975-ci ildə Kəsəmən kənd orta məktəbinin 10-cu sinfini bitirmişdir. 1975-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1980-cı ildə həmin İnstitutun Fizika-Riyaziyyat fakültəsini bitirmiş və təyinatla Goranboy rayonunun Qaradağlı kənd orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. 28 aprel 1984-cü ildə Goranboy rayon Xoylu kənd sovetinin katibi və sonradan sədri vəzifəsinə seçilmiş, 01 sentyabr 1987-ci ildən 1998-ci ilin yanvar ayınadək Xoylu kənd orta məktəbinin direktoru vəzifəsində işləmişdir. Bir neçə çağrış Goranboy rayon XDS -nin deputatı seçilmişdir. 1988-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, müharibə vetranıdır. 12 yanvar 1998-ci il tarixindən Binəqədi rayon Təhsil Şöbəsində inspektor vəzifəsində işləmişdir.
23 dekabr 1999-cu il tarixinən Binəqədi rayon Əsəd Ələskərov adına 244 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. Eyni zamanda 6 fevral 1999-cu il tarixdən 30 noyabr 2012-ci il tarixədək 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin sədri vəzifəsində işləmişdir.
3 dekabr 2008-ci ildə "Müasir məktəb təhsilinin sosial fəlsəfi problemləri” mövzusunda dissertasiya işi müdafiə etmiş, Fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Təhsil sahəsində xidmətlərinə görə 2010-cu ildə Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə "Qabaqcıl təhsil işçisi "adına layiq görülmüş, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi medalı" ilə təltif olunmuşdur. Beş kitabın və müxtəlif vaxtlarda yerli və xarici mətbuatda çap olunmuş 18 elmi məqalənin müəllifidir.
1999-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Müharibədə iştirakına görə Azərbaycan QMƏVŞAİB-in İdarə Heyətinin 10.02.2016 cı il 02 №-li qərarına əsasən "FƏDAİ", 11.11.2016-cı il 10№-li qərarına əsasən "VƏTƏN NAMİNƏ" ,”BÖYÜK ZƏFƏR”, “MİLLİ ORDU -100”medalları ilə təltif edilmişdir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin İdarə Heyətinin 12 №-li 03.11.2017- il tarixli qərarına əsasən "Vətənpərvərlik İşində Xidmətlərinə görə" medalı ilə təltif edilmişdir.
ŞAGİRD:
Mən, Hüseynli Gülay Zaur qızı 244 nömrəli tam orta məktəbdə təhsil alıram.
2012-ci ildə Sumqayıtda anadan olmuşam və hal- hazırda 7a sinfində oxuyuram .
Kitab oxumağı çox sevirəm və ən sevdiyim janr detektiv janrıdır.
ESSE:
Azərbaycan
Vətən torpağından daha əziz nə var ki? Hər bir insanın boya -başa çatdığı, öz canından belə keçməyə hazır olduğu yer öz doğma Vətənidir.
Gözümüzü açıb dünyanı dərk etdiyimiz andan bəri hər an daim eşitdiyimiz, "ana Vətən", "doğma Vətən" adı verilən bu torpaqlar....
Mənim doğulub boya başa
çatdığım vətənim Azərbaycandır. Mən düşünürəm ki, çox şanslıyam, çünki müstəqil bir Azərbaycan vətəndaşıyam, bununla qürur duyuram. Vətənimi öz
canımdan, qanımdan çox sevirəm və onun bir qarış torpağı üçün canımdan belə keçərəm. Mənim böyüyüb boya başa çatdığım bu torpaqlarda hər bir insan öz Vətənini- Azərbaycanı hər şeydən, hər kəsdən çox sevir və bu torpaqlar üçün hər
cür əzab- əziyyətə tab gətirib.
Bizim xalqımız, dövlətimiz "dəmir yumruq" kimi güclüdür, çünki biz müstəqilik, azadıq və ən əsası qorxmaz, cəsur, igid əsgərlərimiz daim bizimlədir, Vətənimizi qoruyurlar.
Bu çətin yolda Şəhidlərimiz oldu, lakin hal - hazırda onlar sayəsində güclü bir dövlətik. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, onların ana -atalarına səbir versin.
Azərbaycan Polad Həşimov, Mübariz İbrahimov, Üzeyir Hacıbəyli, Natəvan, Xan Suşinski, Seyid Suşinski, Qara Qarayev, Zeynəb Xanlarova kimi unudulmaz dahilərin Vətənidir. Şanlı dövlətimiz çox güclü və yenilməzdir, bunun ən əsas digər səbəbi güclü və ağıllı dövlət başçısının olmasıdır. Ulu Öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin dövlətimizin bir çox nailiyyətlər əldə etməsində əvəzsiz xidmətləri var. Onların etdikləri hər bir iş bizim xeyrimizə olub.
Essemi gözəl bir cümlə ilə bitirmək istəyirəm. Bu cümlə Ulu Öndər Heydər Əliyevə məxsusdur. "Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam”.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
Ağdam Dram Teatrı beyləqanlılara “Cənnət və Cəhənnəm”i göstərəcək
Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi
Ağdam Dövlət Dram Teatrı 2 hissəli “Cənnət və Cəhənnəm” komediyası ilə 05 mart 2025-ci il tarixində beyləqanlı tamaşaçıların görüşünə gəlir.
Tamaşa Beyləqan rayon Mədəniyyət Mərkəzində baş tutacaq. Səhnə əsəri olduqca dinamik, rəngarəng və maraqlıdır.
Real və mistik aləmdə baş verən hadisələrin məzəli əhvalatlarını özündə təcəssüm etdirən tamaşa unudulmaz təəssurat yaradacaq, uzun müddət yaddaşlardan silinməyəcək.
Şair-dramaturq Sahib İbrahimlinin ,,Cənnət və cəhənnəm” komediyası 2 pərdə və
2 şəkildən ibarətdir. Komediyanın süjetini dediyimiz kimi, real və mistik bir aləmdə (Cəhənnəmdə) baş
verən məzəli əhvalatlar təşkil edir. Əsərin əsas qəhrəmanları ər-arvad Mustafa və
Ləyaqət dünyalarını dəyişərək cəhənnəmə düşürlər. Buna da səbəb onların öz
həyatlarını düzgün qurmaması, pul və sərvət qazanmaq naminə min cür fırıldaq və
dələduzluğa, naqis əməllərə, yaramaz vərdişlərə meyl etməsidir.
Mustafa və Ləyaqət rahat və işıqlı bir həyatda olduğu kimi, dünyalarını dəyişərək məhrumiyyət və əzab-əziyyət dolu Cəhənnəmə düşdükdə də özlərinin tamah və xudpəsəndlikdən doğan rəzil həyat tərzini davam etdirməyə can atır, öz məqsədlərinə nail olmaq üçün real
həyatda mənimsədikləri çirkin fənd və hiylələri bu qaranlıq mühitdə də tətbiq
etməyə çalışırlar. Belə ki, onlar Cənnətə buraxılmadıqda Cəhənnəmdəki insanlara
rüşvət vermək, İnkirlə Minkir, Əzrayılla Şeytan, Huri ilə Qılman arasında qarşıdurma
yaratmaq, qalmaqal törətmək, şər və böhtan atmaq yolu ilə nəyəsə nail
olacaqlarına ümid bəsləyirlər və bu yolda hər cür eybəcər üsul və vasitələrdən
istifadə edirlər. Bunların ifrat qeyri insani hərəkət və davranışları hətta sonda
Əzrayılı intihar dərəcəsinə çatdırır.
İnsan və insanlığın qənimi olan Əzrayılın
Mustafa və Ləyaqətin əlindən cana doyaraq intihar etmək qərarına gəlməsi bu
ərlə arvadın real həyatda necə mənfur bir ömür yaşamaları barədə tamaşaçıda
aydın və mükəmməl təsəvvür yaradır.
Tamaşa tənqid hədəfi kimi götürülən Mustafa və Ləyaqətin ağılsız cəhdlərinin
iflası ilə tamamlanır. Quruluşçu rejissor və müəllifin, eyni zamanda bütün yaradıcı
heyətin tamaşaçılara çatdırmaq istədiyi əsas ideya bundan ibarətdir ki, insanlar
həyatda düzgün yol tutmalı, əliəyrilik, tamahkarlıq və xudpəsəndlik kimi mənəviəxlaqi dəyərlərə zidd əməllərdən çəkinməli, saf və təmiz bir ömür yaşamalıdırlar.
Bütün beyləqanlı teatrsevərləri tamaşanı izləməyə dəvət edirik!
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
Söz xiridarı Ələmdar Mahirin anım günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu soyuq fevral gününə həm də Azərbaycanın tanınmış qəzəlxan-şairi Ələmdar Quliyevin (Ələmdar Mahir) anım günü təsadüf edir.
Qəzəl, meyxana həvəskarları yəqin ki, dərhal onu tanıdılar.
Füzulişünas-alim Ələmdar Mahir 26 may 1950-ci ildə Bakının Nardaran kəndində gözünü dünyaya açmışdır. Ağlı söz kəsəndən İslam dini ehkamlarını, klassik şərq poeziyasını, muğam və əruz elmlərini bütün incəlikləri ilə bilən müdrik ağsaqqalların söhbətlərini dinləmiş, onların ağzından çıxan hikmət incilərini bir-bir, dönə-dönə yığıb öz yaddaş ipinə düzmüşdür.
Abşeronun müxtəlif kəndlərində yaşayan aqil adamların adını eşitdikcə onların sorağına düşmüş, axtarıb tapmış, səbir və dözümlə onlardan da öyrənməyə səy etmişdir. Fitri istedada malik gənc Ələmdarın öyrənmək, əxz etmək yolunda əlindən tutan bir Allah vergisi də vardır: bu da onun inanmaz dərəcədə iti hafizəyə, yaddaşa malik olmasıdır.
Bu səbəbdəndir ki, Ə. Mahir istər din və şəriət məsələlərində, istər klassik Azərbaycan poeziyası sahəsində canlı bir ensiklopediyanı xatırladır.
1993-cü ildə dini şeirlər müsabiqəsində birinci yer tutmuşdur və Allahşükür Paşazadə tərəfindən Məkkə ziyarəti ilə mükafatlandırılmışdır. Həmin ilin sentyabr ayında keçirilən qəzəl müsabiqəsində də birinci yeri tutmuş və Əliağa Vahid adına baş mükafatı almışdır. “De gəlsin” verlişinin 2001 və 2002-ci il mövsümlərində və başqa meyxana yarışlarında münsif qismində iştirak etmişdir.
Kitabları
1. Səadət intizarında
2. Mənim tanıdığım Füzuli
3. Külliyyat (Əsərləri)
4. Söz və musiqi beşiyi
Azərbaycanın tanınmış qəzəlxan-şairi Ələmdar Quliyevin 21 fevral 2014-cü ildə vəfat etmişdir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
“Ulduz” tələbələri Natəvan klubunda şeirlə qarşıladı
Könül, “Ədəbiyyat və incəsənət”
Ölkə gənclərinin sevimli jurnalı olan “Ulduz” daim yenilikləri ilə fərqlənməkdədir. Növbəti yeniliyi görmək üçün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubuna gəlmək lazım idi, madam ki, gələ bilməmisiniz, onda mən ərz edim, siz də dinləyin.
Azərbaycan Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) və Filologiya (İngilis dili və ədəbiyyatı) ixtisasları üzrə təhsil alan sonuncu kurs tələbələri Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” jurnalında istehsalat təcrübəsinə başlayıblar. Elə istehsalat təcrübəsinin ilk günündə Natəvan klubunda “Ulduz” jurnalı ilə Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı və təcrübəçi tələbələrin iştirakı ilə poeziya tədbiri keçirildi.
Bundan da gözəl qarşılanma olarmı?
Tədbirdə “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, jurnalın şöbə redaktoru Taleh Mansur, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar, sədr müavini Ayşən Rəhim, Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayeva, kafedranın baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova iştirak edirdi. Və əlbəttə ki, bir də tələbələr.
Gənc və sevilən şairlər İntiqam Yaşar, Taleh Mansur və Ayşən Rəhim öz şeirlərini səsləndirdilər, tələbələrin suallarını cavablandırdılar.
Tədbir müzakirələrlə davam etdi.
Belə bir başlanğıcdan sonra “Ulduz” jurnalında istehsalat təcrübəsinə başlayan tələbələrin şeir yazmayacağına mən şəxsən inanmıram.
Siz necə, inanırsınızmı?
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)
“Mənim ana dilim, ana köküm” - OĞUZDA BEYNƏLXALQ ANA DİLİ GÜNÜ
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayon Tarix-Diyarşünaslıq muzeyində 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə “Mənim ana dilim, ana köküm” adlı tədbir təşkil olunub.
Tədbirdə Oğuz şəhərindəki ümumtəhsil məktəbi və liseylərində təhsil alan şagirdlər, gənclər və məktəblərdə işləyən müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə muzeyin bələdçisi E.Mütübullayeva açaraq, şagirdlərə 21 Fevral- Beynəlxalq Ana Dili Günü haqqında ətraflı məlumat verib. O qeyd edib ki, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü kimi elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandıracaq.
Sonra A.Suleymanova “Dilimiz milli varlığımızdır” adlı məruzə ilə çıxış edib.
Məruzə və çıxışlarda qeyd edilib ki, ana dili hər bir millətin varlığının vacib şərtidir. Azərbaycan dili Azərbaycan xalqının yaratdığı ən möhtəşəm əsərdir. Xalqımızın ən müqəddəs və ən qiymətli milli sərvətidir. Hər kəlməsi, hər sözü, adicə intonasiya və vurğuları minillik tarixə malikdir. Dilimiz bizim milli kimliyimizdir.
Ölkəmizdə Azərbaycan dilinin inkişafına dövlət dəstəyi yüksək səviyyədədir. Hər azərbaycanlı öz dilini sevməli, onu dərindən öyrənməli və yadtəsirlərdən qorumalıdır. Dilimiz var olduqca, millətimiz də var olacaqdır.
Sonda şagirdlər muzeyin ekspozisiyası ilə tanış olublar.
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)
“Sabaha qar deyiblər...” – İLQAR FƏHMİ
“Ədəbiyyat və incəsənət” portalı yazıçı, AYB katibi İlqar Fəhminin “Üşütmə” adlanan şeirini təqdim edir.
Bu gün – fevralın 20-də Bakıda və Abşeron yarımadasında hava kəskin soyudu. Hazırda temperatur müsbət 1 dərəcədir. Bu gün axşam saatlarından başlayaraq temperatur mənfi 2 dərəcəyədək enəcək. Sabahdan sonra isə hətta gündüz saatlarında temperaturun 0 dərəcədən aşağı olması, yolların buz bağlaması gözlənilir.
Adətən Bakı və Abşeron yarımadasında mənfi temperatur və qar yağması prosesi 1-2 gün ərzində müşahidə olunurdusa, bu dəfə soyuq və qeyri-sabit hava şəraiti 5 gün ərzində davam edəcək və bu qışın ən uzunmüddətli soyuq dövrü olacaq.
Beləliklə, sabaha qar deyiblər...
İntizar küləkləri
Üz gözümü yaladı.
Niyə bütün sevgilər
Əzabla qol qoladı?
Bu nə soyuqdur gəlib,
Nəfəsin də üşüyür.
Ürəyin qəfəsdədi
Qəfəsin də üşüyür.
Dönüb gün şüasına
Soyuğu azdırardım,
Üşüyən əllərini
Şeirlə qızdırardım.
Hava yaman tutulub,
Yəqin yağar, deyiblər.
Əynini qalın elə
Sabaha qar deyiblər.
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)
"Ulduz" "Genç Yürekler"də parladı!
“Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi Şəfa Vəli “Ulduz” - “Genç Yürekler” əməkdaşlığının Türkiyə mətbuatındakı əks-sədasından yazır.
58 yaşlı “Ulduz” dərgisi ilə 6 yaşlı “Genç Yürekler” Türk ədəbiyyatında yeni cığır saldılar!
1967-ci ildən Azərbaycanın paytaxtı Bakıda Azərbaycan Yazıçılar Birliyinin orqanı kimi nəşr olunan “Ulduz” dərgisi və 2019-cu ildən etibarən Qardaş Türkiyənin paytaxtı Ankara şəhərində nəşr olunan “Genç Yürekler” dərgisi 2024-cü ildə Türk ədəbiyyatı tarixinə yazılacaq bir ortaqlığa-qardaşlığa imza atdılar.
Aylıq dərgi olan “Ulduz”un 2024-cü il sentyabr sayında “Genç Yürekler” dərgisinin yazarlarının əsərləri Türkiyə türkcəsində işıq üzü gördü. Azərbaycan və Türkiyə-iki qardaş ölkənin yazarları və oxucuları “Ulduz”da “Genç Yürekler”i ədəbi hadisə kimi dəyərləndirdilər, qürur duyulası addımın əks-sədası hər iki ölkə mətbuatında günlərlə eşidildi.
Üç ayda bir çıxan “Genç Yürekler” dərgisinin qış sayı (14-cü sayı) “Ulduz”a qucaq açdı. Azərbaycanın görkəmli ədəbiyyat nümayəndələrinin qələmindən çıxan bir-birindən gözəl və maraqlı yazılar, əsərlər “Genç Yürekler” dərgisində Azərbaycan türkcəsində yayımlandı. Hər iki qardaş ölkənin ədəbiyyat adamları, ədəbiyyatsevərləri bu ədəbi hadisəni də təqdirlə qarşıladılar. Dərgi nəşr olunan gündən etibarən, istər Türkiyə, istərsə də Azərbaycan mətbuatında ədəbi hadisə ilə bağlı yazılar yer almaqdadır.
27 yanvar 2025-ci ildə Azərbaycan Yazıçılar Birliyində yüksək səviyyədə təqdimatı keçirilən “Genç Yürekler” dərgisinin qış sayını Azərbaycana dərginin Yazı İşləri Müdiri Cem Arslan gətirmişdi.
“Genç Yürekler” dərgisinin sahibi və Yayın Kurulu Başkanı, şair Muhterem Şahin mətbuata açıqlamasında “Ulduz”-“Genç Yürekler” qardaşlığı haqqında bunları deyib: “Bir Millet, İki Devlet: Azerbaycan-Türkiye”sloganı ile karşılıklı sayılar çıkaran Genç Yürekler ile Ulduz Dergisi; kültür, sanat, edebiyat, basın ve yayın camiasında da takdirle karşılandı. Can Azerbaycan'ındeğerli jurnalı Ulduz Dergisiyle 2021'den beri görüşmehalindeyiz. Ulduz Dergisinin Baş Redaktoru Qulu AğsesBey, bize karşılıklı olarak birer sayı çıkarma teklifindebulundu. Biz de hiç tereddüt etmeden kabul ettik. Zira yıllardır, Türk dünyasının büyük mütefekkiri Gaspıralıİsmail Bey'in 'Dilde, fikirde, işte birlik.' sözüyle yanıptutuşuyorduk. Bu söz, benim düşünce dünyamda her zaman kılavuzum olmuştur. Yakın zamanda dergimizinbu son sayısını Bakü’ye ulaştırma imkanı bulduk. Hamd olsun. Orada Azərbaycan Yazıçılar Birliyi'nde(AYB) çok güzel bir tanıtım programı oldu. Büyükkalem üstadı Anar Bey, dergilerimizden övgüyle sözetti. Ulduz Dergisinin Baş Redaktoru Qulu Ağses Bey'infedakarlığını, gayretini unutamam. Redaksıya HeyetiÜyesi Prof. Dr. Resmiyye Sabir Hanım'ın yardım vedesteğini unutamam. Her ikisine de şükranlarımısunuyorum”.
Dəyərli Muhterem Şahin onu da qeyd edib ki, “GençYürekler” dərgisinin yaradıcı heyəti olaraq may ayındaBakıda baş tutacaq IV Türk Dünyası Ədəbiyyat və KitabFestivalına dəvətlidirlər. Azərbaycanın Xalq şairi BəxtiyarVahabzadənin “O da ulu, bu da ulu,/ Azərbaycan-Türkiyə!” misraları ilə açıqlamasını bitirən Muhterem Şahinin dediyibir cümlə isə, əsrlər sonra da xatırlanacaq: “AzerbaycanTürk dünyasının şahdamarıdır!”
“Ulduz” jurnalının baş redaktoru, şair, publisist QuluAğsəs isə mətbuata açıqlamasında dərgilərinqardaşlaşmasının tarixindən danışdı: “İki il öncə qardaşölkədə türkdilli dövlətlərin dərgilərinin fuarı keçirilirdi. “Ulduz” jurnalı da həmin tədbirə redaksiya heyətininüzvü, şair Rəsmiyyə Sabirin qismində qatılmışdı. Azərbaycana dönən Rəsmiyyə xanım mənə ordakıdərgilərdən bəhs etdi və “Gənc ürəklər” dərhaldiqqətimi cəlb etdi. Beləcə, dərginin baş redaktoruMöhtərəm Şahinlə yazışdıq, bir-birimizə əbədiəməkdaşlıq təklifi yolladıq. İstəyimiz qısa vaxtdareallaşdı. Hər iki dərginin-“Ulduz”da “Genç Yürekler”, “Genç Yürekler”də “Ulduz”- nəşri bir daha sübut etdiki, biz ulu öndər Heydər Əliyevin dediyi kimi, həqiqətən, iki dövlət, bir millətik!”
Qulu Ağsəs, həmçinin, onu da vurğulayıb ki, əməkdaşlıq davam edəcək.
İndiyədək “Ulduz”-“Genç Yürekler” qardaşlığı barədəqardaş ölkənin “Ankara Ulus” və “İlksayfa” qəzetləri, (həmçinin, qəzetlərin saytları) xəbər mətnləri yayımladılar. 18 fevral 2025-ci ildə isə “AnaHaberGazete” (anahaberyorum.com) “Genç Yürekler Dergisinin Son Sayısı Azerbaycan'da Yankı Buldu” başlığı ilə özəl xəbər hazırladı.
Hər iki dərgiyə Ortaq Türk mədəniyyəti və ədəbiyyatı naminə atdıqları bu addıma görə təşəkkür edir, qoşa addımlayacaqları hər cığırda uğur, uğur, yenə uğur arzulayırıq!
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)
DİQQƏT - Bakıya əsl qış gəlir
Bu gün – fevralın 20-də Bakıda və Abşeron yarımadasında havanın kəskin soyuduğu duyulur. Hazırda temperatur müsbət 1 dərəcədir.
Bu gün axşam saatlarından başlayaraq Bakıda və yarımadada havanın temperaturu mənfi 2 dərəcəyədək enəcək. Fevralın 21-dən sonra isə hətta gündüz saatlarında temperaturun 0 dərəcədən aşağı olması, yolların buz bağlaması gözlənilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.
O bildirib ki, Bakı və Abşeron yarımadasında mənfi temperatur və qar yağması prosesi ötən dövrlərdə 1-2 gün ərzində müşahidə olunurdusa, bu dəfə soyuq və qeyri-sabit hava şəraiti 5 gün ərzində davam edəcək və bu qışın ən uzunmüddətli soyuq dövrü olacaq:
"Bu müddət ərzində havanın temperaturunun 0-3 dərəcə şaxta olacağı, fasilələrlə qar yağacağı, güclənən şimal küləyi nəticəsində isə soyuq diskomfortunun daha da kəskinləşəcəyi proqnozlaşdırılır".
Nazirlik sözçüsü Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən qarlı, şaxtalı və küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən xəbərdarlıqlara xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb:
"Yolların buz bağlaması təhlükəsi olduğundan işlərimizi və fəaliyyətimizi hava durumuna uyğun qurmağımız şərtdir. Hava xəbərdarlıqlarından əvvəlcədən məlumatlı olub, ehtiyatlı davranmaq tövsiyə olunur".
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)