ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında yenidən sizlərlə şair, AYB üzvü Çoşqun Xəlilğlunu görüşdürürük. Bu dəfə o, “Oğuza güvən” deyir.

 

Coşqun XƏLİLOĞLU

 

OĞUZA GÜVƏN


Danışsan, elə danış,
Dediyin sözə güvən.

Bir  iş görsən, Allaha -
Xaliqə-“Düz”ə güvən.

Dərindən düşün, anla,
Qanı yumazlar qanla.

Nə dost olma nadanla,
Nə də hər kəsə güvən.

Yazmaq elə-beləmi?
Gəl, güldürmə aləmi,

Ələ alsan qələmi,
Qəlbində közə güvən.

Dağ dərdi vardır dağın,
Dağmı, hər dağ sandığın?
Halalca qazandığın,
Çörəyə, duza güvən.

Bir bax,  yolu seçəndə,
Boylan, bərəyə-bəndə
Azsan dumanda, çəndə
Cığıra, izə güvən.

 

Coşqun, həyatı anla,

Yarış gedir zamanla,

Ucal Azərbaycanla,

Kökə-Oğuza güvən.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2025)

 

 

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Sumqayıt şəhərində təhsil və şəxsi inkişaf üzrə bir sıra təqdirəlayiq, uğurlu işlərə imza atmış “ELAND” təhsil mərkəzinin təsisçi, direktoru Aytən xanım Abdullayeva ilə həmsöhbət oldum. Müsahibənin təqdiminə keçmədən əvvəl qeyd etmək istədiyim bir məqam var, Aytən xanımla bu qarşılıqlı diskurs inanıram ki, inkişafa yönümlü olan gənclər üçün xeyli motivasiya verəcək. Çünki hər bir gənc istər təhsil, istərsə də, karyera yoluna çıxmadan öncə özündə inam və dəstək gözləyir. Və məhz belə bir məqamda Aytən xanımın söylədikləri sözün əsl mənasında əzmin, çox çalışmanın insan həyatında necə dəyərli olduğunu əsk etdirir.

 

-         Aytən xanım, sizi məhz təhsil inkişafı sahəsinə istiqamətləndirən təşəbbüs nə oldu?

 

-         Mən erkən yaşlarımdan ali təhsil almaq və xarici dil öyrənmək istəyində olmuşam. Lakin həyat yolum məni bu istəyimə zamanında yetməyə imkan vermədi. Obyektiv və subyektiv səbəblər məni erkən yaşda əmək fəaliyyətinə başlamağa vadar etdi. Sonralar düşündüm ki, fəaliyyətimi ali təhsil almaq istəyənlərin arzusuna vasitəçi olmaq və xarici dil öyrənmək istəyənlərə real dəstək göstərmək olsun. Bu istək məni “ELAND” Şəxsi İnkişaf Mərkəzini təsis etməyə ruhlandırdı.

 

 

-         Erkən yaşlardan əmək fəaliyyətinə başlayan bəlkə də, hədsiz sayda gənclərimiz var. Ki onlar müəyyən zaman sonra artıq təhsil və özünüinkişaf barədə xəyallarından imtina edirlər. Siz onlara necə məsləhətlər verərsiniz?

 

-         Öncəliklə, onu qeyd etmək istəyirəm ki, bizi əslində böyüdən qərarını aldığımız məqamlar deyil, imtina etmək məcburiyyətində qaldığımız və ya təxirə saldığımız arzu və istəklərimizdir. Əgər hər şey, bütün gözəlliklər bizə elə rahatlıqla verilsəydi, dünyada əsrlər boyu bu qədər inkişaf və yenilənmə olmazdı. Tarixə baxsaq, görərik ki, ən böyük fəthləri, yeni kəşfləri edən insanların demək olar ki, hamısı vaxtı-zamanında böyük fədakarlıq etmiş və ya məhrumiyyətlər içində yaşamış insanlar olublar. Çünki Tanrı hər çətinlikdən sonra bir asanlıq və mükafat verir və heç bir zəhmət qarşılıqsız qalmır. Buna görə də gənclər bu gün itirdiklərinə heyflənmək əvəzinə gələcəkdə qazana biləcəkləri uğurlara fokuslansalar, gec-tez yüksək məqamlar onların olacaq.

 

 

-         Böyük bir komandayla çalışmaq, insanlarla tez-tez kontaktda olmaq və təhsil keyfiyyətinin belə yüksək səviyyədə təşkil edilməsi barədə hansı fikirləri bölüşə bilərsiniz?

 

-         Demək istəyirəm ki, mərkəzimizin əldə etdiyi nəaliyyətlərin əsas səbəbi işimizi sevərək və səmimiliklə yerinə yetirməyimizdir. Çünki insan nə görürsə, onu da götürür. Biz də gün ərzində istənilən yaş qrupunda uşaqlarla, gənclərlə və özinkişafı üçün daim çalışan insanlarla kommunikasiyada oluruq. Biz onlara necə davranırıqsa, onlar da təhsil prosesinə eynilə qarşılıq verirlər. Əsas məqsədimiz insanları uğurun qazanıla biləcəyinə qəlbdən inandırmaq və bu yolda onlara peşəkar yardım etmək və dəstək olmaqdır.

 

 

-         Və sonda istərdim ki, siz gəncliyi necə görmək istədiyinizi bölüşəsiniz.

 

-         Ən əsası mən gəncliyi özgüvənli və daim çalışqan görmək istəyirəm. Məsələn, elə mən özüm. Həyatda qarşıma qoyduğum əsas məqsəd odur ki, kimsə mənə nə vaxtsa, deməsin ki, Aytən xanım bunu bilmir və ya bacarmır. Tanrı insana ömrü boyu daim fürsətlər verir, əsas bacarıq onu dəyərləndirməkdir. Düzdür, insanı formalaşdıran bir çox faktorlar olur; genetika, ətraf, dost-qohum əlaqələri və sairə. Lakin insanı insan edən öz məni ilə qurduğu bağdır. İradəsini idarə edə bilən gənclər görmək istəyirəm mən. Çünki mən inanıram ki, gələcəyi işıqlı yollarla gələcəyə addımlayan gənclər quracaq.

 

 

Beləliklə, Aytən xanımla olan bu danışıq həqiqətən gələcəyi öz əlləri ilə quran bir xanımın əzminin, işinə sevgisinin və səmimiliyinin göstəricisidir. Aytən xanıma, ailəsinə və sevdiklərinə həyatda uğurlar, sağlıq və xoşbəxtlik arzulayıram. Bir gənc müəllim, tədqiqatçı kimi mənə söylədiklərinin nə qədər xoş təsir etdiyini ifadə etməkdən çox məmnunam. Doğulub yaşadığım, mənim üçün əziz Sumqayıt şəhərində şagirdlər, gənclər və ümumiyyətlə, təhsil və elmi sevən insanlar üçün yaradılan belə gözəl təşəbbüsə görə Aytən xanıma təşəkkürümü bildirirəm.

 

 “Ədəbiyyat və incəsənət”

(19.09.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədlinin türk dünyasının ən möhtəşəm ortaq abidəsi olan Mahmud Kaşğarinin”Divanül-lüğətül türk” kitabının orijinala yaxın nüsxələrini tapması, əlyazmaları təhqiq etməsi, əssərlə bağlı yanlışlıqları aradan götürməsi barədə çox xəbər eşitmişik. Eləcə də ümumtürk əlifbasına verdiyi qatqılar barədə. Bu günsə hörmətli professorun doğum günüdür.

 

 Nadir Məmmədli 19 sentyabr 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində doğulub. 1977–1979-cu illərdə Moskva şəhərində hərbi xidmətdə olub. 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini, 1988-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki xarici dillər iki illik Fars dili şöbəsini əla qiymətlərlə bitirib.

Moskvada SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunda təcrübə keçib. 1992–1994-cü illərdə Moskva və Moskvaətrafı şəhərlərin arxivlərində çalışıb. Həmçinin İran İslam Respublikasının Təbriz şəhərindəki Dil və Ədəbiyyat Universitetində də təcrübə keçib. 1992-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında çalışıb. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda işləyib, hazırda da, oraya rəhbərlik edir.

2004-cü ildə Türkiyə Cümhuriyyətinin Qazi Universitetində (Ankara), 2012-ci ildə Çin Xalq Respublikasının Konfutsi Universitetində (Anxoy vilayəti) alınma, beynəlmiləl sözlərlə bağlı ekspress-mühazirələr oxuyub. Dünyanın ən nüfuzlu Beynəlxalq konfranslarında çıxış edən N.Məmmədlinin əsərləri Təbriz (İran), Trabzon, İstanbul (Türkiyə), Oş, Bişkek, (Qirğizistan), Perm, Ufa, Mahaçqala (Rusiya), Quvahati (Hindistan), Okinava (Yaponiya), Estern (Şri-Lanka) başqa şəhərlərdə nəşr olunub.

 

Əsas elmi əsərləri

1. "Eski doğu dilleri"

2. "Yunan və latın mənşəli beynəlmiləl termin elementlər"

3. "Alınma terminlərin leksik və semantik xüsusiyyətləri"

4. "Məfaxeri-Azərbaycan"

 

Monoqrafiyaları

1. "Müasir Azərbaycan dilində fellərin leksik sinonimliyi"

2. "Moskva Şərq Dilləri İnstitutunun Azərbaycanlı alimləri"

3. "Alınma terminlər"

4. "M.F.Axundovun obrazları və dilçilik görüşləri" (şərikli)

5. "Azərbaycan dilində alınma terminlər"

 

Dərslikləri

1. "Latın qrafikalı yeni Azərbaycan əlifbası"

2. "Azərbaycan dili"(rus bölmələri üçün)

3. "Azərbaycan dili və nitq mədəniyyəti" (Azərbaycan bölmələri üçün)

 

1. "Azərbaycan dili"

2. "Azərbaycan dili və nitq mədəniyyəti"

 

AMEA Nəsimi adına Dilçilik İnstitutu nəzdində filologiya üzrə elmlər doktoru və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının, Yaponiyada Higher Education Forumun (bax: Warm Regards, Higher Education Forum – http://www.prohef.org/), Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Filologiya məsələləri" elmi jurnalının redaksiya heyətinin üzvü və rəyçisidir.

1995-ci ildə Respublika Təhsil Nazirliyinin humanitar sahə üzrə təsis etdiyi "Gənc alim müsabiqəsi"nin və 2000-ci ildə "Alınma terminlər" monoqrafiyasına görə "Ən yaxşı elmi iş" müsabiqəsinin qalibidir.

1996-cı ildə İran İslam Respublikasının Ərdəbil şəhərində çəkilən "Şeyx Səfi" sənədli filminin ssenari müəllifi kimi pul mükafatına layiq görülüb. 2002-ci ildə "Rəsul Rza" mükafatı ilə təltif olunub. Azərbaycan Yazıçılar Birliyinin “Bəxtiyar Vahabzadə” mükafatı laureatıdır.

Professoru təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2025)

 

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

        Vaqif Səmədoğlu,“Uzaq yaşıl ada” kitabına Ön sözdən

 

Birinci sinifdə mən konservatoriya nəzdindəki onillik məktəbə getdim. Orda da artıq ikinci sinifdə oxuyan Anarı gördüm. Müəllimlər onu fərqləndirir, ondan söz açırdılar. Görkəmli ifaçılıq qabiliyyəti göstərdiyinə görə deyil, – onun şəxsi özgünlüyü, davranışı, – təmkinliyi, ləyaqəti diqqəti cəlb edirdi. Biz, demək olar ki, bir yerdə boya-başa çatmışıq.

Anar heyrətamiz düzgünlüyü ilə fərqlənir. Bizim rəhmətlik riyaziyyat müəllimimiz həmişə, bütün siniflərdə onu örnək kimi göstərərdi. O, çox uğurla riyaziyyatla, fizika ilə məşğul olurdu, çoxları da onun bu yolu seçəcəyini güman edirdilər. Atası onun geoloq olmağını istəyirdi. Yazıçılıqdan hələ söhbət getmirdi.

Əsl, ciddi dostluğumuz məktəbdən sonra başladı. Anar ədəbiyyata aludə oldu, musiqi məşqlərindən tamam əl çəkdi. Azərbaycan Dövlət Universitetinin Filoloji fakültə­sinə daxil oldu. Bizim öz kampaniyamız yarandı, – Anar, mən, bəstəkar Emin Sabitoğlu, Rəhman Bədəlov (o, indi fəlsəfə sahəsində çalışır) və rəhmətlik Araz Dadaşzadə. Lide­rimiz Anar idi. Mən isə musiqi təhsilimə davam edir, konservatoriyanın fortepiano şöbə­sində çalışırdım, mənə az qala Emil Gilels gələcəyini vəd edirdilər... Alınmadı...

 Görünür, bununla bağlı Anar nə isə qabaqcadan duymuşdu, çünki sənət, ədəbiyyat haqqında söhbət düşəndə hər dəfə məni ədəbi tənqidlə məşğul olmağa təhrik edir, deyirdi ki, mənim ədəbiyyat haqqında maraqlı mülahizələrim var. Amma tale elə gətirdi ki, mən şeir yazmağa başladım, şair oldum.

 Azərbaycan heç bir zaman ədəbi istedadlar sarıdan qıtlıq çəkməmişdir. Şairlər sarıdan – qədimdən bəri, nasirlərdən də – iki yüz ildi. Anarı mən mədəniyyət tariximizdə yalnız iki fiqurla – Mirzə Fətəli və Üzeyir Hacıbəyovla müqayisə edə bilərəm.

Yazıçı, dramaturq, ictimai xadim, hətta kinorejissor Anar haqqında çox yazırlar. Onun istedadı çoxşaxəlidir və bu vüsətli istedadın bir çox cəhətləri, açığını deyim, hələ də tələb olunmamış qalır. Onun istedadının maarifçilik yönü isə hələ də incələnməmiş və təəssüf ki, layiqincə dəyərləndirilməmiş bir qat kimi qalır.

Bəzən kiminsə haqqında deyirlər ki, taleyi belə gətirdi, elə gətirdi... Mənim taleyim Anarla bağlıdır. O, məndən bir yaş böyükdür və ən əvvəldən, məktəb illərindən, er­kən çağlardan onun liderlik keyfiyyətləri üzə çıxdı, hərçənd buna can atmırdı da.

 

***

Amansızcasına öz şəxsi vaxtına qəsd edərək, öz yaradıcılığı hesabına Anar Azərbaycan söz sənətinə çox-çox xidmətlər göstərmişdir. İndi isə öz səhhətinin hesabına... Fədakarlıq onun təbiətinə xasdır, təsadüfi deyil ki, ən çox sevdiyi şeirlərdən biri Pasternakın “Sənətin məqsədi fədakarlıqdır...” misrası ilə başlayan şeiridir.

Moskvada onun ətrafında azadsevər, dissidentlik üstə köklənən bir mühit yaranmışdı. O, yataqxanada yaşamırdı, otaq tuturdu və orda mən bir çox münəvvər adamlarla tanış olmuşdum. Onun qonaqları Yunna Morits, Alla Axundova, İvan Draç, Yuri Klepikov, İlya Averbax, Manana Andronnikova kimi şəxsiyyətlər olurdu. Ciddi, mənalı söhbətlər səhərədək uzanırdı.

80-ci illərin sonlarındakı dönüş məqamında Yusiflə mən Azərbaycan Xalq Cəbhəsinin qurucularından idik. Qarabağ hadisələrinin qızğın çağında, 90-cı ildə Anar Azadlıq meydanında çıxış edirdi. Yadımdan çıxmaz: beş yüz min nəfərdən az olmayan izdiham və mikrofon qarşısında duran Anar. Onun bir kəlamı məni heyrətə gətirdi: “Mən heç vaxt yuxarıların təzyiqinə tabe olmamışam və sizin də təzyiqinizə tabe olmayacam! Yəni Ali Sovetdə lazım bildiyimi edəcəyəm, əyilməyəcəm...”

Diqqət yetirin, axı onun qarşısında yarım milyon qızışmış, coşmuş, ilk dəfə birləşmiş azərbaycanlı var idi... Amma onun cəsarətinə heyrətim çox çəkmədi, bir dəqiqə sonra anladım ki, bu – Anardı.

***

Əziz oxucu! Bu kitabın, şeirlərin əksəriyyətini, poemaların hamısını mən itmiş, ölmüş hesab edirdim. Elə bilirdim ki, onlar da 70-ci illər yaradıcılığımın aqibətinə uğrayıblar. Xoşbəxtlikdən belə olmadı. Xoşbəxtlikdən yer üzündə Dostluq, Qayğıkeşlik, Məhəbbət və Etibar varmış. Anar varmış yer üzündə. Dost şeirlərini öz arxivində saxlayan, özünün yaradıcılıq, ictimai fəaliyyəti, ailə qayğıları vaxtından kəsib bu yazıları makinada köçürən, sahmana salan Anar varmış. Nə deyim? Məni mənə qaytaran, ölü sandığım yazılarımı mənə dipdiri bəxş edən bu insana dilimizin hansı sözləriylə minnətdarlığı bildirim? Allah səni mənə çox görməsin, Anarım!

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2025)

 

 

Emin ŞIXƏLİYEV,

Naxçıvan MR Ali Məclisinin deputatı, tarix elmləri doktoru, dosent

 

Azərbaycan Respublikasının 2023-cü ilin sentyabr ayında həyata keçirdiyi antiterror əməliyyatı müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin suverenlik hüquqlarının təmin edilməsi və beynəlxalq hüququn aliliyinin təsdiqi baxımından mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu əməliyyat yalnız hərbi aspektdə deyil, siyasi, hüquqi, sosial-psixoloji və regional müstəvidə də çoxşaxəli nəticələr doğurdu. Əslində, Azərbaycanın uzun illər boyu apardığı diplomatik fəaliyyətin və hərbi-siyasi strategiyasının məntiqi yekunu kimi səciyyələndirilən əməliyyat dövlətin müstəqil siyasət yürütmək əzminin və milli maraqları qorumaq qətiyyətinin bariz nümunəsi oldu.

 

Əvvəla, antiterror əməliyyatı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin təsdiqi idi. Ermənistanın dəstəyi ilə Qarabağda fəaliyyət göstərən separatçı rejim heç bir legitimlik daşımırdı və beynəlxalq ictimaiyyət tərəfindən tanınmırdı. Buna baxmayaraq, uzun illər ərzində bu qurum bölgədə qeyri-sabitlik ocağı kimi mövcudluğunu davam etdirmiş, regionun təhlükəsizlik arxitekturasına təhdid yaratmışdı. 2020-ci ilin 44 günlük müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünün böyük hissəsini bərpa etsə də, Qarabağda qalan qanunsuz silahlı dəstələrin fəaliyyəti həm dövlətin suveren hüquqlarını məhdudlaşdırır, həm də beynəlxalq hüququn pozulmasına şərait yaradırdı. Bu mənada 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarını tam bərpa etdi və beynəlxalq hüququn fundamental prinsiplərinin – ərazi bütövlüyü və dövlətlərin suverenliyi prinsipinin praktik reallaşmasına imkan yaratdı.

Əməliyyatın hərbi aspektinə nəzər saldıqda, onun planlaşdırılmasının və icrasının yüksək səviyyəsi diqqət çəkir. Bir sutkadan az müddətdə həyata keçirilən hərbi tədbir minimal itkilərlə başa çatdı. Bu, bir tərəfdən Azərbaycan Ordusunun müasir texnologiyalar əsasında formalaşmış çevik və peşəkar hərbi qüvvə olduğunu nümayiş etdirdi, digər tərəfdən isə dövlətin strateji planlaşdırma qabiliyyətinin güclü olduğunu sübut etdi. Hərbi əməliyyatın sürətli nəticələnməsi siyasi müstəvidə də əhəmiyyətli siqnal verdi: Azərbaycan milli təhlükəsizlik və suverenlik məsələlərində kompromisə getməyəcəyini, güc amilindən istifadənin isə beynəlxalq hüquqa söykənən legitim çərçivədə mümkün olduğunu nümayiş etdirdi.

Əməliyyatın siyasi nəticələri daha geniş müstəvidə dəyərləndirilə bilər. Azərbaycan beynəlxalq aləmə göstərdi ki, regionda davamlı sülh yalnız real vəziyyətin, yəni Azərbaycanın ərazi bütövlüyünün tanınması və separatizmin ləğvi əsasında mümkün ola bilər. Bu yanaşma beynəlxalq münasibətlər sistemində balansın qorunmasında güc amilinin və diplomatiyanın qarşılıqlı tamamlayıcı mexanizmlər kimi fəaliyyət göstərdiyini təsdiq etdi. Əməliyyatla Azərbaycan eyni zamanda beynəlxalq aktorlara açıq mesaj verdi: ölkə öz milli maraqlarını qorumaqda qətiyyətlidir və bu istiqamətdə heç bir təzyiq qarşısında geri çəkilməyəcək.

Sosial və psixoloji aspektdən isə əməliyyat milli dövlətçilik tarixində dönüş nöqtəsi oldu. On illərdir işğal və separatizm siyasətindən əziyyət çəkən Azərbaycan xalqı üçün bu hadisə yalnız hərbi qələbə deyil, həm də milli qürur və tarixi ədalətin bərpası simvolu idi. Eyni zamanda suverenliyin tam bərpasını özündə ehtiva edən bu tarixi zəfər həm də dövlətçilik, hüquqi legitimlik və regional geosiyasət baxımından yeni mərhələ açdı. Xalq və dövlətin birliyi, siyasi rəhbərliyin qətiyyətli mövqeyi cəmiyyətin milli identitetini gücləndirdi, həmçinin Azərbaycan vətəndaşlarının dövlətə inamını daha da möhkəmləndirdi. Bu fakt göstərir ki, antiterror əməliyyatı yalnız siyasi və hərbi müstəvidə deyil, həm də milli-mənəvi baxımdan strateji əhəmiyyətə malikdir.

Regional kontekstdə əməliyyat Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasına səbəb oldu. Ermənistanın uzun illər maksimalist mövqedən çıxış etməsi, separatçı qurumu dəstəkləməsi sonda nəticəsiz qaldı. Əksinə, Azərbaycan əməliyyatdan sonra regionda iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya xətlərinin açılması və yeni təhlükəsizlik arxitekturasının qurulması üçün daha əlverişli mövqe qazandı. Bu mənada antiterror əməliyyatı regional inteqrasiya proseslərinin siyasi bazasını yaratdı.

Beynəlxalq müstəvidə əməliyyat bir sıra güc mərkəzlərinin mövqeyinə təsir göstərdi. Azərbaycanın legitim əsaslarla həyata keçirdiyi bu addım bəzi dairələrin təzyiq cəhdlərinə baxmayaraq, beynəlxalq hüququn yanında olduğunu nümayiş etdirdi. Əksər beynəlxalq aktorlar hadisəni Azərbaycanın daxili işi kimi qiymətləndirdi. Bu fakt Azərbaycanın diplomatik imkanlarını genişləndirdi və müstəqil siyasət yürütmək əzmini bir daha təsdiqlədi.

 

Nəticə etibarilə, 2023-cü ilin sentyabr antiterror əməliyyatı Azərbaycanın müasir dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Bu əməliyyat bir daha göstərdi ki, milli iradə, siyasi qətiyyət və müasir hərbi güc birləşdikdə ölkənin strateji məqsədləri reallığa çevrilə bilər. Əməliyyat həm beynəlxalq hüququn prinsiplərinin praktik təsdiqi, həm də regional siyasətdə yeni reallıqların yaradılması baxımından fundamental əhəmiyyət kəsb edir. İldönümü qeyd olunan bu hadisəni yalnız qələbə kimi deyil, həm də Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli iradəsinin və beynəlxalq hüquqa sadiqliyinin təntənəsi kimi dəyərləndirmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2025)

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

İndi haqqında söhbət açacağım şəxs Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovdur. Haqqında niyə məhz bu gün söhbət açmağımın isə səbəbi var. Bu gün Mikayıl müəllimin ad günüdür, 49-u aşırıb 50-yə doğru yola çıxır.

 

Mikayıl Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. 1992–1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997–1998-ci illərdə ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

Əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb. 1999–2002-ci illər – özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib.

1999-cu ildən ABŞ-nin Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür. 2002–2003-cü illər – İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri vəzifəsində çalışıb. 2003–2004-cü illər – Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb. 2004-cü il, 20 fevral – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilib. Həmin vəzifədə işlədiyi dövrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, xarici iqtisadi əlaqələr, xarici investisiya siyasəti, beynəlxalq arbitrajlarda hüquqi məsələlər və korporativ idarəetmə kimi fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirib

2021-ci il, 4 yanvar – Dövlət başçısının Sərəncamı ilə yaradılmış Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. 2021-ci il, 23 yanvar – Dövlət başçısının Sərəncamı ilə Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri təyin edilib. 2022-ci il, 7 iyul – Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın həmsədri təyin edilib. 2022-ci il, 28 iyul – Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri təyin edilib.

 

Mikayıl Cabbarov 2013–2017-ci illərdə təhsil naziri kimi fəaliyyət göstərib. Onun Azərbaycanın təhsil naziri kimi fəaliyyəti müddətində ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbə hazırlıq təhsilinə başlanıb. Nazir müəllimlərlə iş və onların qiymətlədirilməsində yeni qaydalar tətbiq edib. 2014–2018-ci illər ərzində ölkədə ümumilikdə 140.000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib.

Tədris prosesinin elektronlaşdırılması bu dövrdə təhsil sahəsində aparılmış islahatların əsas istiqamətlərindən biri olub. 2015-ci ildə Bakı şəhərində birinci siniflərə qəbul prosesi tam elektronlaşdırılıb. 2017-ci ildə tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrinin birindəndən digərinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə https://transfer.edu.az/ xüsusi elektron sistemi istifadəyə verilib.

2015-ci ildə Mikayıl Cabbarovun iştirakı ilə İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı fəaliyyətə başlayıb. Həmin il onun iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fransız-Azərbaycan Universitetinin (UFAZ) açılışı olub. 2017-ci ildə "ADA" Universitetində BP-nin maliyyə dəstəyi ilə "Big Data" Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılıb.

2017–2019-cu illərdə Mikayıl Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri kimi fəaliyyətə göstərib. O, vergi orqanlarının fəaliyyətində yeni yanaşmalar, vergi əməkdaşlarının fəaliyyətinə yeni tələblər, vergi orqanlarına etimadın yüksəldilməsi və vergi sahəsində şəffaflığın təminatı ilə bağlı təşəbbüslər irəli sürüb.

İlk növbədə vergi uçotunun dəqiq aparılmasını, auditin real funksiyasının bərpa olunmasını, vergilərin yığılmasından vergilərin ödənilməsinə keçidin təmin edilməsini, vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin və spektrinin müasir tələblərə uyğun olaraq genişləndirilməsi istiqamətində islahatlara başlayıb. Vergi islahatlarına paralel olaraq milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübənin ölkəmizin vergi sistemində tətbiqi başlayır.

Dövlət başçısının sərəncamı ilə Mikayıl Cabbarov 2019-cu ildən Azərbaycan Respublikasının iqtisadiyyat naziri təyin edilib. Onun təşəbbüsü ilə Azərbaycan iqtisadiyyatında şəffaflığın təmin olunması istiqamətində vergi sistemində həyata keçirilən tədbirlər iqtisadiyyatın digər sahələrində də davam etdirilib. Mikayıl Cabbarov, iqtisadiyyatın daha sürətlə şaxələndirilməsi, iqtisadiyyatın dayanıqlılığını təmin etmək, neftdən asılılığı aradan qaldırmaq, iqtisadiyyatın bütün sahələrinə özəl sektoru cəlb etmək və insan kapitalının inkişafının iqtisadi siyasətin əsas hədəfləri olduğunu hesab edir:

 

"Şəffaf münasibətlərin qurulması kontekstində atılan addımlar dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsasını qoyub. Yumşaq vergi nəzarəti, həmçinin yeni vergi güzəştləri mexanizminin tətbiqi biznesin qismən də olsa, "kölgə"dən çıxmasına səbəb olub. Bütövlükdə, işgüzar cəmiyyətin yeni münasibətlər kontekstinə müsbət yanaşması aparılan siyasətin düzgünlüyünü, şəffaflığın isə alternativsizliyini bir daha sübut edir."

Onun fəaliyyəti dövründə sahibkarlığın təşviqi, yeni istehsal müəssisələrinin yaradılması və biznes mühitinin təkmilləşdirilməsi genişlənib. 2019-cu ildə Pirallahıda dərman istehsalı müəssisəsi açılıb, Hacıqabul Sənaye Parkında izolyasiya materialları istehsalı üzrə yeni zavodun təməli qoyulub, 2020-ci ildə Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başlayıb.

Mikayıl Cabbarov iqtisadi sahədə fəaliyyətin stimullaşdırıcı mexanizmlər vasitəsilə həyata keçirilməsinə xüsusi diqqət ayırır. 2020-ci ildə COVID-19 koronavirus pandemiyasının və bundan irəli gələn dünya enerji və səhm bazarlarının kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər ilə bağlı tətbiq edilən alətlər biznes ictiamiyyəti, sahibkarlar və cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb.

2021-ci ildə Mikayıl Cabbarov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Azərbaycan və BMT arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq üzrə Çərçivə Sənədi imzalayıblar. Ticarət əlaqələrinin yeni müstəvidə genişləndirilməsi məqsədilə Türkiyə ilə rəqəmsal ticarət sahəsində Anlaşma Memorandumu imzalayıb. 2021-ci ilin iyulunda nazir Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlığın, işgüzar əlaqələrin genişləndirilməsi və işgüzar dialoqun təşviqi üçün mühüm platformaya çevriləcək Azərbaycanın İsraildə Ticarət və Turizm Nümayəndəliklərinin açılışında iştirak edib.

2022-ci ilin iyun ayında Türkiyə İxracatçılar Məclisinin (TİM) "2021-ci il İxracat Çempionları" siyahısında "SOCAR Türkiyə" 8-ci yerə layiq görülüb, "SOCAR Türkiyə"nin törəmə müəssisəsi olan "Petkim" isə TİM-in "İlk 1000 ixracatçı" siyahısında 22-ci sırada yer alıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "SOCAR Türkiyə"nin layiq görüldüyü mükafatı Mikayıl Cabbarova təqdim edib.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" təsdiq edilib. Sənədin əhəmiyyəti barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, onun hazırlanması zamanı yaradılmış işçi qruplara müvafiq sahələrin və nazirliklərin rəhbərləri başçılıq edib:

"Bizim əsas hədəflərimiz cəmiyyətin rifahı, ölkə iqtisadiyyatının qlobal dəyər yaratma zəncirinə inteqrasiyası, innovativ istiqamətin və milli iqtisadiyyatın maliyyə dayanıqlılığının gücləndirilməsidir."

2024-cü ildə İslam İnkişaf Bankı və İqtisadiyyat Nazirliyi arasında Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir imzalayıblar. İqtisadiyyat naziri Mikayıl Cabbarov sənədin tərəflər arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyini bildirib.

2024-cü ilin noyabrında Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İqtisadiyyat Nazirliyi tərəfindən bir sıra tədbirlər keçirilib. Yaşıl iqtisadiyyata keçidin stimullaşdırılması, iqlim fəaliyyətinə töhfə verən və dayanıqlı biznes modellərinin təşviqi, karbonsuz iş prinsiplərinə transformasiyanın sürətləndirilməsi və bərpa olunan enerjidən istifadənin artırılması kimi hədəflərə yönəlik səmərəli müzakirələr aparılıb və bir sıra sənədlər imzalanıb.

COP29 çərçivəsində SPECA İqlim və İnnovasiya Dialoqunun və SPECA Çoxtərəfli Etimad Fondunun təqdimatı keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, dialoq qlobal iqlim idarəçiliyində vahid platformamız olacaq: "Fond isə iqlim dəyişikliyi, iqtisadi inteqrasiya və davamlı inkişaf kimi ortaq problemləri həll etmək üçün çevik mexanizm kimi fəaliyyət göstərəcək".

İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində yaradılmış və COP29-da təqdim olunan qlobal “Yaşıl artım portalı” istifadəyə verilib.

Əslində, bu sadaladıqlarım Cabbarov personasının yalnız cüzi bir hissəsinin görüntüsüdür. Bütövlükdə, onun fəaliyyəti əlbəttə ki, bir yazıya əsl sığışmaz.

 

“Ədəbiyyat və incədənət”

(19.09.2025)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

RAMİZ RÖVŞƏN,

Xalq şairi

 

İLAN BALASI

 

Böyüyüb bu körpə ilan balası,
gah o başa, gah bu başa sürünür.
Sevinir udduğu havaya, suya,
Torpağa sevinir, daşa sevinir.
Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.
Çiçəyin qoxusu, otun qoxusu,
Küləyin nəfəsi dolur canına.
… Özündən xəbərsiz, səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şey…
 
Bu ilan balası bir vaxt canında
Gizlənən zəhərdən xəbər tutacaq.
Bəlkə qarğıyacaq baxtını onda,
Bəlkə boğazını qəhər tutacaq.
Ağlama, ağlama, ilan balası,
Baxtını qarğıma, ilan balası!
Bu da bir ömürdü, dözəsən gərək,
Beləymiş taleyin əmri, buyruğu;
Döşünün altında –sevən bir ürək,
Dişinin altında –zəhər tuluğu.


Görənlər çığırar: – İlan var, ilan!..

Qovduqca qovarlar səni dünyada.
Hər yandan kəsilər yolun-yolağın,
Tək bircə yol qalar sənə dünyada;
Başından quyruğunacan,
Zəhərli dişindən
Quyruğunacan
Tək bircə yol qalar, –
o yol özünsən,
Özün öz yolunsan, ilan balası.
Özün bu dünyada öz əzizinsən,
Özün öz balansan, ilan balası.
 
Hara qaçacaqsan göz qabağından,
Bu zalım dünyaya neyləyəcəksən?
Yüz yol çıxacaqsan öz qabığından,
Özündən ayrıla bilməyəcəksən.
Öyrən, yavaş-yavaş özünə öyrən,
Dünyanın hər cürə üzünə öyrən.
Barış canındakı zəhərli dərdlə,
iyrənmə özündən, ilan balası.
Bəlkə də, ən acı həqiqət elə
sənsən yer üzündə, ilan balası.
Sənsən haqqın yolu bu yer üzündə,
tanrı özü seçib bu yolu bəlkə.
Yüz cür sifətiylə, yüz cür üzüylə
Dünya səndən keçib durulur bəlkə

 

 

AYRILIQ

 

Yenə bu şəhərdə üz-üzə gəldik,

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə də, biz xoşbəxt ola bilərdik,

Bəlkə də, xoşbəxtik,

xəbərimiz yox.

 

Aradan nə qədər il keçib görən, -

Tanıya bilmədim, məni bağışla.

Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla!

“Ölmədim” deyirəm, nə bilim axı, -

Bəlkə də, mən sənsiz ölmüşəm elə,

Qəbirsiz-kəfənsiz ölmüşəm elə.

 

Bəlkə də, biz onda ayrılmasaydıq,

Nə mən indikiydim, nə sən indiki, -

Ayrıldıq, şeytanı güldürdük onda;

Bu ilin, bu ayın, bu günündəki,

Elə bu küçənin bu tinindəki

məni də, səni də öldürdük onda.

 

…Sağımız-solumuz adamla dolu,

Qol-qola kişilər, qadınlar keçir.

Özündən xəbərsiz ömründə min yol

Özünü öldürən adamlar keçir.

Keçir öz qanına batan adamlar,

Bir də ki, qan hanı?

Qan axı yoxdu.

Hamı günahkardı dünyada, amma

Dünyada heç kəsin günahı yoxdu.

Bizsiz yazılmışdı bu tale, bu baxt,

Sapanddan atılan bir cüt daşıq biz.

Bəlkə bu dünyada on-on beş il yox,

Min il bundan qabaq ayrılmışıq biz.

Halal yolumuzu dəyişib, nəsə

Çaşmışıq, bir özgə yoldan getmişik.

Bəlkə min il qabaq səhv düşüb nəsə,

Minillik bir səhvə qurban getmişik.

Dəyişib yerini bəlkə qış-bahar,

Qarışıb dünyanın şəhəri, kəndi.

Bəlkə öz bətnində ögey analar

Ögey balaları gəzdirir indi.

Ömrüm başdan-başa yalandı bəlkə,

Taleyim başqaymış doğrudan elə.

O yoldan ötən qız anamdı bəlkə,

Bəlkə də, oğlumdu bu oğlan elə.

Bu yalan ömrümdə görən sən nəsən?

Bəlkə heç sevgilim deyilsən mənim.

Anamsan, bacımsan, nənəmsən, nəsən?!..

Bircə Allah bilir, nəyimsən mənim.

Bizi kim addadar bu ayrılıqdan,

Çatmaz dadımıza nə yol, nə körpü.

Ölüsən, dirisən, hər nəsən, dayan!

Dayan, heç olmasa əlindən öpüm…

 

Deyirsən: “Ölüyəm, ölünü öpmə…”

Əlimin içində soyuyur əlin.

Deyirsən: “Sən Allah, əlimi öpmə,

əlimdən, deyəsən, qan iyi gəlir…”

 

 

QARA PALTARLI QADIN

 

Kişilər bir olmur, atam balası, -
qorxağı var, igidi var.
Amma hər kişinin öləndən sonra
qəbri üstə ağlayası
Bir qara paltarlı gözəl qadına
ümidi var.

Sən öləndə
kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dünyada
bəlkə sənə ən çox ağlayan
Ən çox ağlatdığın qadın olacaq.

Göz yaşları yuduqca baş daşını,
Qəbrində qurcalanıb deyəcəksən,
İlahi, illər boyu ağlatdığım bu qadın
görən necə saxlayıb
bu qədər göz yaşını?!

Bircə kərə
nə saçını oxşamışam,
nə gözünü silmişəm,
Gözlərimə batır indi
saçlarının hər dəni.
İllər boyu
bu qadına mən axı dərd vermişəm,
İndi görən niyə çəkir dərdimi?!

Bu qadın baş daşımı
öpüb sığallamaqdansa,
Yumruğuyla döysə, döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.

Yeri, yeri, qara paltarlı qadın,
Kiri, kiri, qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridi,
baş daşımı bəsdi basdın bağrına.
Bütün mənə ağlayanlar kiridi,
sən də kiri, qəbrim damır, ağlama!..

 

 

DÜNYA QƏFİL İŞIQLANSA

 

Qəfil gün doğsa bir gecə,
Dünya düm ağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli
kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
kimlərin evindən çıxır.

Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq görsək,
Başımıza hava gələr,
ağlımız çaşar bəlkə də.
Hamı birdən baş götürüb
dünyadan qaçar bəlkə də.

Bu dünyada bəs kim qalar,
Kim böyüdər, uşaqları?!
...Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır...

 

 

BAŞI KƏSİK GÖZƏL KÖTÜK

 

Başı kəsik gözəl kötük,
bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu,
bıçağı sənə kim çəkdi?

İpək-ipək yarpaqların
Küləklərlə talandımı?
Bilək-bilək budaqların
ocaqlarda qalandımı?
Küsdünmü taleyin acılığından?
Zalımlar keçmədi qocalığından
Yıxılmış ucalığından,
başı kəsik gözəl kötük…

Gözəl kötük, sızıldama, göynəmə,
Nə baltalar, nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da, qəm yemə,
Sən yıxılan ucalıqlar qalacaq.

Dünyanın küləyi keçər,
Qarı yağışı keçər.
Qatar-qatar quşu keçər,
daş atarlar, daşı keçər
sən yıxılan ucalıqdan.

Ümidli gözlər dikilər,
Körpə ağaclar yekələr,
Yekələr, qalxar, dikələr
sən yıxalan ucalığa...

Məndən sənə salam olsun,
başı kəsik gözəl kötük!
Balam olsa, balan olsun,
başı kəsik gözəl kötük.
Əyilim, köksünə başımı qoyum,
Gecələr laylamı çalasan mənim.
Böyründə bir evin daşını qoyum,
evimin dirəyi olasan mənim.
Gözəl kötük,
yaraların köz bağlasın, sağalsın,
Bu dünyada nə baltalar,
Nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da,
Yenə canın sağ olsun,
Bu dünyada
Sən yıxılan ucalıqlar qalacaq...

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2025)

 

 

2025-ci il sentyabrın 18-də dahi bəstəkar, Azərbaycan müasir peşəkar musiqisinin banisi, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi tamam oldu.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AzərTAC bu əlamətdar hadisə münasibətilə tanınmış musiqi və mədəniyyət xadimləri ilə silsilə söhbətlər keçiribdir.. Sənətşünaslıq doktoru, professor, bəstəkar, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Üzeyir Hacıbəyli şəxsiyyətindən bəhs edib:

Üzeyir Hacıbəylinin irsi təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının sərvətidir. O, türk ruhunun dərinliyini və orijinallığını qoruyub saxlamaqla, həm də milli melodiyaları, intonasiyaları, obrazları qlobal rezonans doğuran əsərlərə çevirməyə nail olub.

Hacıbəylinin musiqisi xalqlarımızın tarixini, dünyagörüşünü, mənəvi dəyərlərini dərk edə biləcəyimiz mədəni koddur. Onun “Koroğlu” və “Leyli və Məcnun” operaları Şərqdə ilk peşəkar opera əsərləri, Türk dünyasının musiqi mədəniyyətinin trayektoriyasını dəyişdirən həqiqi tarixi addım idi. Bu gün onun yaradıcılığı keçmişlə gələcək arasında əlaqədir, bizi Türk dünyasının zəngin irsini qoruyub saxlamağa və inkişaf etdirməyə ruhlandırır.

Bir bəstəkar kimi, mənim üçün Üzeyir Hacıbəyli yaradıcılığının şəxsi əhəmiyyəti hədsizdir. O, ənənə ilə yeniliyi birləşdirməyi bacaran əsl sənətkar nümunəsidir. Dahi bəstəkarın musiqisi təkcə səslənmir, hamı üçün anlaşılan insani hisslərin dili ilə nəfəs alır və danışır.

Onun folklorun, muğamın kökünü götürmək, onları akademik formaya çevirmək bacarığına heyran qalmamaq olmur, bu əsərlər qeyri-adi və dahiyanə musiqi nümunələridir. Hər bir bəstəkar əsrlərlə yaşayacaq musiqi yaratmaq arzusundadır. Hacıbəyli buna nail olub. Şəxsən mənim üçün o, öz xalqı üçün cəsarət, dərinlik və fədakarlıq nümunəsidir. Onun yaradıcılığı bizə xatırladır ki, incəsənət ənənə ilə müasirlik arasında körpü ola, eyni zamanda, Şərqlə Qərbin mədəni dialoq vasitəsinə çevrilə bilər.

Onun musiqisi həm peşəkarlar, həm də geniş ictimaiyyət tərəfindən sevilir və hörmətlə qarşılanır. Məsələn, “Arşın mal alan” musiqili komediyasından ariyaların, duetlərin həm uşaqlar, həm də böyüklər tərəfindən – məktəblərdə, həyətlərdə, şənliklərdə oxunması xalqın Hacıbəylinin bəstəkar kimi istedadına heyranlığını daha çox nümayiş etdirib.

Üzeyir Hacıbəylinin musiqisi ümumbəşəri gücə malikdir. O, humanizm, sülh, gözəllik və mənəvi yüksəliş dəyərlərini təcəssüm etdirir. Onun əsərləri türk xalqının təkcə qədim adət-ənənələrin qoruyucusu deyil, həm də qlobal mədəniyyətin fəal iştirakçıları kimi imicini dünyaya çatdırır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan, Türkiyənin dövlət başçılarının dəstəyi ilə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının zəngin irsinin və mədəniyyətinin qorunub saxlanılması və beynəlxalq miqyasda təbliği istiqamətində fəal iş aparır.

Fondun prioritet fəaliyyət istiqamətlərindən biri də zəngin mədəni irsin, incəsənətin, folklor nümunələrinin, Türk dünyasının görkəmli bəstəkarlarının əsərlərinin təbliğidir.

Bildiyiniz kimi, bu il biz dahi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyini qeyd edir və Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan Mədəniyyət Nazirliyi, Milli Konservatoriya və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu ilə birgə təşkil etdiyi beynəlxalq simpozium keçiririk. Bu, əməkdaşlığın mədəni dünyamızın böyük adlarını qorumaq və populyarlaşdırmaq səylərini necə birləşdirdiyinin bariz nümunəsidir.

Onun musiqisini, ideallarını və prinsiplərini bütün dünyada təbliğ etməklə, öyrənməklə və populyarlaşdırmaqla, biz mədəniyyət və sülh səfirləri missiyasını yerinə yetirmiş oluruq. Həmçinin türk sivilizasiyasının dünya incəsənətinə çox böyük töhfə verdiyini nümayiş etdiririk. Biz bəşəriyyətə təkcə bir dahi şəxsiyyətin musiqi irsini deyil, həm də Türk dünyasının bütün mənəvi dərinliyini, dəyərlərini açırıq.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2025)

 

Təranə Turan Rəhimli,

şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru. “Ədəbiyyat və incəsənət” üçün

 

Müsahibim tanınmış  türkoloq, Balkanlarda türk varlığını, türk dilini və ədəbiyyatını  fədakarca təbliğ edən araşdırmaçı,  pedaqoq, şair, Kıbrıs  Balkanlar Avrasiya Türk Ədəbiyyatları Qurumunun yaradıcısı və fəxri başqanı  Fəyyaz Sağlamdır.

 

Qısa özkeçmiş: 

Fəyyaz Sağlam 1959-cu il fevralın 27-də Türkiyədə  Konya şəhərinin  İlgın rayonunun Arğıthanı kəndində anadan olub. Atası Əmirdağlı müəllim Bayram Sağlam İraq  Mosul türkmənlərindən idi. Anası Konyanın Akşehir rayonundandır. Feyyaz Sağlam ibtidai, orta və lisey təhsilini Akşehirdə almışdır. 1985-ci ildə Dokuz Eylül Universiteti Buca Təhsil Fakültəsinin Türk Dili və Ədəbiyyatı Bölümü məzunu olmuşdur. O, 1986-2020-ci illər arasında 34 il eyni universitetdə İzmirdə Doqquz Eylül Universitetində Türk Dili, Çağdaş Türk ləhcələri və Türk Dünyası Ədəbiyyatı üzrə müəllim vəzifəsində çalışıb. 14 yaşından şeir, hekayə, araşdırma, təhlil, tənqid, memuar, ədəbi məktublar və s. kimi janrlarda ədəbi əsərlər yazmışdır. Türk Dünyasında mədəniyyətlərarası qarşılıqlı əlaqə və ünsiyyət üzərində daha geniş və davamlı şəkildə araşdırmalar aparmışdır. Fəyyaz Sağlamın 50 kitabı nəşr olunub.

O, 1998-ci ildə layihəsini hazırladığı KIBATEK (Kıbrıs Balkanlar Avrasiya Türk Ədəbiyyatı Qurumu) vasitəsilə şair, yazıçı, tədqiqatçı, tərcüməçi və naşir kimi  yaradıcı dostları ilə  birlikdə 27 ildir həm ölkə daxilində, həm də xaricdə ədəbi fəaliyyətini beynəlxalq miqyasda həyata keçirir. 20-dən çox nüfuzlu beynəlxalq  mükafata layiq görülüb.

 

1. Fəyyaz Sağlam deyəndə ilk yada düşən Balkan Türkkəri ədəbiyyatı olur. Çünki, 1990-cı illərdən bəri  Azərbaycanda sizi  məhz  Balkan türklərinin ədəbiyyatı ilə bağlı araşdırmalarınızla tanıdıq.  Sizin bu ədəbiyyata belə böyük sevginizin təməli necə qoyuldu?

 

-  Təranə xanım, ilk növbədə, bu müsahibə təklifinə görə  çox təşəkkür edirəm. Türk Dünyası Ədəbiyyatı sahəsində daha dəqiq nəticələr əldə etmək üçün elmi məqalələrlə yanaşı, bu cür çalışmaların da böyük əhəmiyyəti vardır. Birinci sualınızla bağlı qeyd edim ki, öncəliklə Balkanlar dediyimiz coğrafiyanın  keçmişdə və günümüzdə  Türk Dünyasının tarix, dil, ədəbiyyat, mədəniyyət, folklor, mifologiya və s. sahələrin inkişafı baxımından  ən önəmli yer olduğunu xatırlamaq lazımdır.  Bu coğrafiya  V əsrdən etibarən Balkanlara şimaldan köçmüş kuman, avar, uz, peçeneq, qaqauz, tatar və digər türk birliklərinin vətəni olmuşdur. Bu durumun  günümüzdə də əlamətləri  mövcuddur. Məsələn,bu gün Rumıniyada digər türk toplumları ilə birgə  tatar türkləri də yaşamaqdadırlar. Tatar türkcəsində qəzetlər, kitablar, jurnallar nəşr edirlər, məktəbləri var. Yəni ədəbi fəaliyyətlərini öz yazı dili olan tatar türkcəsi ilə davam etdirirlər. Makedoniyanın Kumanovo şəhəri tarixən Kuman türkləri tərəfindən qurulub. Qaqauz türkləri Balkanların təbii hissəsi olan Moldova ilə yanaşı Yunanıstan və Bolqarıstanda da varlıqlarını, mədəniyyətlərini və ədəbi fəaliyyətlərini davam etdirirlər.

Bu misalların sayını çoxalda da bilərik. XIV əsrdə oğuz türkləri Anadoludan gəlib Balkanlarda  məskunlaşıblar. Bu, Balkanlarda türk varlığını, türk dilini və təbii olaraq ədəbiyyatını gücləndirib. Bu tarixi dövrdə Balkanlarda çoxlu sayda şair və yazıçılar yetişmiş, zaman keçdikcə türk dünyası ilə birbaşa və dolayısıyla əlaqələri olmuşdur. Bu zəngin mənzərə mənim diqqətimi çəkdi və mən öz fədqiqatlarım çərçivəsində bu sahəyə töhfələr verməyə çalışdım və çalışıram. Xoşbəxtəm ki, bu araşdırmalar sizin kimi alimlərin də diqqətini çəkib.

 

2. Balkan türkləri ədəbiyyatına dair tədqiqat əsərlərinizin içərisində Batı Tŕakya türkləri ilə bağlı araşdırmalarınızın xüsusi yeri və çəkisi var. Bunun səbəbi nədən qaynaqlanır?

 

- 20-ci əsrdə Qərbi Trakya türkləri istisna olmaqla, bütün Balkan türkləri 1990-cı illərdə Soyuq Müharibə bitənə qədər siyasi və mədəni cəhətdən sosialist sistem daxilində yaşadılar. Bu sistemin ədəbiyyat baxımından öz içində müsbət və mənfi tərəfləri vardı. Təftişdə olmaq,  rejimi tərifləmək şərtilə bir nöqtəyə qədər ədəbiyyatınızı yaşada və hətta müəyyən dərəcədə inkişaf etdirə bilirdiniz. Bununla bağlı çoxlu misallar çəkmək olar, biri ilə kifayətlənəcəyəm. Mehmet Çavuşevin 1964-cü ildə Sofiyada çapdan çıxmış “Serenada illəri” adlı şeir kitabında Türk dastan qəhrəmanı Koroğlu kommunizmin simvolu və qəhrəmanı kimi təqdim olunur. (Bilirsiniz ki, belə olmasaydı, kitabın türkcə nəşri həmin siyasi atmosferə görə mümkün olmazdı.) Balkanlarda bu çərçivədə olan türk toplumlarının ədəbiyyatı sosializm quruluşu daxilində, nəzarət-təftiş şəraitində də olsa, akademik yöndən öyrənildi, tədqiq edildi və ədəbiyyata qazandırıldı. Batı Trakya (Qərbi Trakya - T.T.R)  türkləri isə  siyasi və ədəbi baxımdan fərqli bir atmosferdə yaşayırdılar. Onların siyasi tarixi fərqlidir. Yunan türkologiyası şüurlu olaraq onlara əhəmiyyət verməmiş və tamamilə diqqətdən kənarda qalmışdılar. Batı Trakya türkləri arasında türkologiya sahəsində heç bir alim yetişməmişdi.

Bu və digər səbəblərdən ustad alimlərin məsləhəti, təşviqi ilə bu sahəyə maraq göstərməyə başladım. Balkanlardakı digər türk toplumlarının ədəbiyyatı üzərində aparılan, amma  Batı Trakyada heç vaxt gerçəkləşməmiş akademik araşdırmalar aparmağa çalışdım. Hesab edirəm ki, bu məlumat yetərli olar.

 

3. Türk xalqları ədəbiyyatı üçün xidmətlərinizin sədası Türkiyə və bütövlükdə Türk dünyası sərhədlərini çoxdan aşıb keçib. Bütün Avropaya, uzaq Avstraliyaya qədər  bir çox ölkələrdə bu ədəbiyyatı təbliğ etməyə nail olmusunuz. Türkiyədən uzaqlarda türk xalqları ədəbiyyatına qazandırdıqlarınız sizi qane edirmi?

 

- Əstəğfrullah ... Deyə bilərəm ki, Batı Trakya türkləri əvvəllər də mənbələrdə tanınırdı, amma dili, mədəniyyəti, ədəbiyyatı, mətbuat tarixi və s. haqqında heç bir bilgi yox idi.  Bu məsələləri ortaya çıxarınca  elm dünyasından  və türkologiya mərkəzlərindən ciddi maraq gördüm. “Batı Trakya Türkləri Uşaq Ədəbiyyatı” adlı kitabım çapdan çıxanda aldığım ilk reaksiyalardan biri Afrikadan gəldi. Bu, Misirin Qahirə şəhərində türkoloq alim Prof.Dr.Muhəmməd Harbın təbrik məktubu idi. Zaman keçdikcə Avropa və Türk Dünyası akademik dairələrindən işimə ciddi maraq göstərildiyini gördim.  Və bu maraq Avstraliyaya qədər uzandı. Təbii ki, araşdırmalarıma qarşı belə bir maraq və diqqət məni çox sevindirdi. Amma  Batı Trakya  türkləri ilə bağlı daha  görüləcək çox iş var.

 

4.  Dörd  önəmli  sahəni  uğurla  fəaliyyətinizdə birləşdirmisiniz:  şairlik,  araşdırmaçılıq, universitetdə müəllimlik və ən mürəkkəb olanı - Kıbrıs İraq Balkanlar  Avrasiya Türk Ədəbiyyatları Qurumunun başqanlığı. Bu sahələrdə fəaliyyətiniz zamanı birinin digərinə qatqıları nədən ibarət olub?

 

-  Bu vəziyyəti dörd yox, beş kimi təsvir etmək olar.  Həyat fəlsəfəmin əhəmiyyətli bir aspekti də səyyahlıqdır. Övliya Çələbi, İbn-i Battuta, Marko Polo və Kaşqarlı Mahmud (XI əsrdə Orta Asiyada bütün türk tayfalarını gəzib tədqiq etmişdilər) mənə çox təsir etdi.Mən də bu günə qədər  Balkanlar, Avropa  və Azərbaycan səyahətlərimi şeirlərlə kitablaşdırdım. Digər bölgələrlə bağlı səyahət şeirlərim  "Divan 2019" kitabımın  “Səyahətnamə” bölməsində yer allb.  Önəm  sırasına görə , fəaliyyətimi belə dəyərləndirmək olar: akademik karyera,  KIBATEK nəzəriyyəçisi,  tədqiqatçılıq, səyyahlıq və şairlik.  Onların hamısı bir-birilə iç-içədir, bir-birini qidalandırır və tamamlayır.

 

5. Şair Fəyyaz Sağlamın araşdırmaçı Fəyyaz Sağlama münasibəti necədir? Yola gedirlərmi?

 

- Düşünürəm ki, buna əvvəlki sualı cavablandırarkən toxundum.  Bir sözlə, ifadə etsək, “iç-içə” deyə bilərik.

 

6. Fəyyaz Sağlam bu gün öz şair-araşdırmaçı  özkeçmişinə daha nələri əlavə etmək istərdi?

 

- Məsləkdaşlarımızla, siz də daxil olmaqla, beynəlxalq komandamızla birgə  27 ildir ki,  beynəlxalq arenada böyük fədakarlıq və əzmlə davam etdirdiyim KİBATEK layihəmiz haqqında  doktorluq dissertasiyası  tədqiqatı aparılmasını arzu edərdim. Bunu şəxsi reklam üçün yox, komanda olaraq bu məsələdə həqiqətən Türk Dünyasına və Türkologiyaya xidmət etdiyimizə inandığım üçün istəyirəm. 

Şair kimi isə  yazdığım/yazacağım ölməz sevgi şeiri ilə yadda qalmaq istərdim.

 

7. Azərbaycanla əlaqələriniz və Azərbaycana sevginiz haqqında nəşr edilən kitablarınız çox mətləbləri deyir. Özünüz bu haqda nə demək istərdiniz.?

 

- Uşaqlığımdan bəri Azərbaycan ən çox maraqlandığım və görmək istədiyim ölkələrdən biri olub. Bu maraq və diqqəti mən “Azərbaycan rübailəri” adlı şeirlər kitabımın ön sözündə təsvir etmişəm (Birinci nəşri Bakıda, ikincisi İzmirdə nəşr olunub). Azərbaycanda beş dəfə olmuşam. İlk ikisi SSRİ dövründə  --  təhlükəli bir dövrdə, riskli səfərlər idi (Nümunə verməyəcəyəm; gələcəkdə xatirələrimi yazmaq imkanım olsa, inşallah bir neçə misal paylaşacam.) Demokratiya dövründə  də Azərbaycanda üç dəfə olmuşam. Təəssüf ki, Naxçıvan əks istiqamətdə olduğundan getmək imkanım olmadı. Təbii ki, məlum səbəblərdən yenicə azad edilmiş Qarabağa getmək mümkün deyildi. İndi düşünürəm ki, bu mümkündür. Allah qoysa, Naxçıvana, Qarabağa səfər etmək, oralar haqqında şeirlər yazmaq, bütün Azərbaycanı görmək şansım olacaq.

 

8. Türk dünyasında  ədəbiyyatı, eləcə də nilli kimliyi  yox olmaq təhlükəsi  altında olan toplumlar da var. Onlarla bağlı düşüncəıərinizi bilmək maraqlı olardı.

 

-  Türk Dünyasında əlbəttə ki, bir çox sevindirici irəliləyişlər var, amma bəli, təəssüf ki, belə hallar da var. Bu məsələlərin həlli yollarını təqdim etmək mənim imkanlarım xaricindədir. Məsələn, Anadoludan Yunanıstana əhali mübadiləsi yolu ilə köç etmək məcburiyyətində qalan, türkcədən başqa dil bilməyən  xristian (pravoslav) Karamanlı türkləri yox olmaq təhlükəsi ilə üz-üzədirlər. Onların sayı xeyli azalıb. Yunanıstanda doğulan övladları, nəvələri özlərinin Anadolu mənşəyini, türklüyünü bilirlər, amma təəssüf ki, assimilyasiya olunublar. Yunanıstanda araşdırmalar apararkən bu Karamanlı türkləri ilə görüşüb türkcə söhbət etdim. Faciəvi vəziyyətdir. Onlar haqqında hekayələr, şeirlər yazdım, yunan dilinə tərcümə edilərək nəşr olundu. Əlimdən başqa heç nə gəlmir. Təbii ki, Türk Dünyasında Qaramanlı pravoslav türklərindən başqa oxşar çətinliklərlə üzləşən başqa türk toplumları da var. Müzakirə davam edə bilər, amma mənim verdiyim örnəyin kifayət edəcəyini düşünürəm.

 

9. KIBATEK-in ədəbiyyatın inkişafı sahəsində xidmətləri sadalamaqla bitməz. Hədəfdə daha hansı böyük layihələr var?

 

-  Biz KIBATEK layihəmizlə bağlı işimizi bacardığımız qədər, gücümüzün yetdiyi qədər davam etdirməyə çalışırıq. Bildiyiniz kimi, pandemiya bütün dünyada tarazlığı pozdu. Əvvəllər asanlıqla tapdığımız dəstəyi indi tapmaqda çətinlik çəkirik. Bildiyiniz kimi, bizim büdcəmiz, maddi dəstəyimiz yoxdur. Ona görə də ən azı ildə bir dəfə keçirdiyimiz beynəlxalq tədbirlərimizi iki ildir ölkəmizdən xaricdə keçirə bilməməyimiz bizi çox üzür. Məqsədimiz bu ənənəni yaşatmaqdır. Bundan başqa, digər KIBATEK layihələrimiz də eyni yolda davam edir.

 

10. Ədəbi gəncliyə sözünüz...

 

 - Türk Dünyasının gələcəyi gənclərdən asılıdır. Türkiyə, Azərbaycan, Özbəkistan, Qaqauz, Tatarıstan, Tuva və digər türk gəncləri  eyni ideallar yolunda çalışsalar, İsmayıl Qaspıralının dediyi kimi “Dildə, Fikirdə, İşdə Birlik” idealında birləşsələr, Türk Dünyasının və Türk Dünyasıı Ədəbiyyatının gələcəyi parlaq olar. Çox sağ olun.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2025)

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Mətləb Cəfərov 

Mətləb Cəfərov 19 noyabr 1977-ci ildə Sabirabad rayonunun Nərimankənd kəndində anadan olmuşdur. 9-cu sinfə qədər Sabirabad rayon Nərimankənd kənd tam orta məktəbində təhsil almış, 2 il sonra təhsilini davam etdirdiyi Bakı şəhərindəki liseylərdən birində təhsilini bitirmişdir. Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) ali təhsil almışdır.

Mətləb Cəfərov ali məktəbdən məzun olduqdan sonra "leytenant" rütbəsi ilə hərbi xidmət qulluqçusu olmuşdur. Xidmətini ehtiyatda olan zabit kimi və "baş leytenant" rütbəsi ilə başa vurmuşdur.

Azərbaycan Ordusunun baş leytenantı olan Mətləb Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq həmin ilin 16 oktyabrından iştirak etmişdir. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mətləb Cəfərov 2 noyabr 2020-ci ildə Qubadlı istiqamətində ağır yaralanmışdır. 18 günlük koma vəziyyətindən sonra 20 noyabr 2020-ci ildə müalicə aldığı xəstəxanada şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətləb Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mətləb Cəfərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mətləb Cəfərov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Salam, müqəddəs şəhid.

Salam, yoldaş leytenant.

Düşmənə qan udduran,

Könüllü baş leytenant.

 

Şərəflə xidmət etdin,

Vuruşdun ordumuzda.

İndi şəhər salınır,

Tarixi yurdumuzda.

 

Keçəcəkdir yüz illər,

Bu zəfər üzərindən.

Gələcəkdə nəsillər,

Öyrənəcək dərindən.

 

Öyrənəcək sənin tək,

Qəhrəmanlar olubdu.

Könüllü vuruşaraq,

Öz yurdunu alıbdı.

 

Alıbdı Qubadlını,

Füzuli, Kəlbəcəri,

Şuşa qalası üstə,

Yazıbdı bu zəfəri.

 

Qəti olma narahat,

Qələbə qazanmışıq.

Məzarında rahat yat,

Könüllü baş leytenant.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.