Super User
BİRİ İKİSİNDƏ Aləmzar Sadiqqızının özüylə söhbəti və şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Aləmzar Sadiqqızının özüylə söhbəti və şeirləri təqdim ediləcək.
ALƏMZAR SADİQQIZI
ÖZÜYLƏ SÖHBƏTİ...
– Salam, Aləm, necəsən?
Nə var, nə yox, əzizim?
– Salam, özüm, nə deyim...
Var olan yox, qəribim,
Yox nə qədər istəsən...
– Bu nə giley-güzardı?
– Hərdən düşünürəm ki, bu taleyi, bu bəxti mənim yazıq ömrümə Tanrı özümü yazdı?
– Niyə gözlərinin yağış fəslidir? Niyə gözlərindən şeir tökülür?
– Bir yalan sevgini dəfn edir ömrüm...
– Deyirsən ki, sən gedəli havalar da dəyişib, bir yağışdı, bir küləkdi, bir də mən...
– Bir də gözlərimdən tökülən şeirlər...
– Bu yaşda nə sevgi?
– Anam deyərdi ki, insan bu dünyada qızılca çıxarmasa, qəbirdə çıxarar. Sevgi də qızılca kimidir. Hansı yaşda sevgi səni yaxalar, bilməzsən.
– Nədir axı bu sevgi, milyon ildi adamları yandırır?
– Sevgi insanın balası kimidir. Nə qədər günahı olsa da, onu bağışlayırsan... Gözünün bir damla yaşına dəyməyən üçün ömrünü yandırırsan. Ömrü bir sətrə sığan üçün bir kitab bağlayırsan.
– Bir də görərsən ki, qapın döyülür,
Bir də görərsən ki, çıxıb gəlmişəm.
Sənə söz verdiyim hədiyyə ki var,
Ovcumun içinə sıxıb gəlmişəm.
– Nədir o hədiyyə?
– Ürəyimdə qalan arzu...
– Ölmüş arzudan nə hədiyyə?
– Yaşamadığım duyğuların suveniri...
– Bəs bundan sonra yaşamaq istədiyin duyğuların suveniri nə olardı?
– Möcüzə...
– Maraqlıdır?
– 40-cı otağımda saçından asılıb...
– Aləm... Kim sənə doğma olsa, ona, mənə Aləm de deyirsən... Nədən?
– Dilində Aləm sözü ölən var...
– Niyə bu qədər ölənlərin arxasından sızlayırsan? Nə vaxt unudacaqsan onları?
– Yanlarına gedəndə...
– Birdən möcüzə olsa, bir günlüyə o dünyadan sənə birini gətirsələr?
– O qədər çoxdur ki, kimi deyim?
Adları dilimə gələndə dilim titrəyənlər, üzləri göz önümə gələndə gözümdən süzülənlər, zarafatları, xatirələri yadıma düşəndə üzümü güldürənlər...
Ancaq atamı görmək istərdim...
– Niyə belə başdasan, hər gün ayaqlanan qız?
– Məni görənlər üçün başdayam, görməyənlər üçün ayaqda.
– Niyə dərdindən ölür sevmədiyin adamlar?
– Aləm, gəl bu sualdan keçək...
İncitməyək onları. Qoy bizə qalsın gülüm,
Ömrümün nağılları...
– Hərdən Aləmi evdə qoyub Aləmzəri götürüb hara gedirsən?
– Hara getsəm, bir də baxıb görürəm Aləm də yanımdadı... Ağlasam, göz yaşımı silir, gülsəm, sevinir, əlimdən tutur, yollarda şeir yazdırır...
– O nə sözdü yazırsan? Mənə bir qadının qarşısında diz çök desələr, “öz qarşımda diz çökərəm” demisən...
– “Bu gördüyün, tanıdığın, inan ki, mən deyiləm. Bu, görünən tərəfimdir, əsl mənsə içimdədir, heç kimsəyə görünməyən”. Gənclik illərimdə yazmışdım. O görünməyən Aləmin qarşısında diz çökərəm, bəli!
– Yazmısan ki, “Eyni şeyə 99 dəfə inanan adama Aləmzər deyilir”.
– Çoxu anlamır nə demək istədiyimi...
O qədər aldanmışam ki... Elə bilirdim, atam qayıdacaq, qayıtmadı. Amma heç ölməyəcək, öldü. Elə bilirdim, dünyanın ən yaxşı qızı mənəm, gördüm ömrüm hələ də vitrində təzə qalıb. Yaşamadığı günləri gözləyir...
İnsanlara inandım, güvənimi sarsıtdılar. Güvəndiyim dağlara qar yağdı. Hələ də üşüyürəm...
– Niyə “özü payız, dərdi xəzəl”,
“bəxti ilə küsülü qadın”, “taleyi birtəhər yazılan qadın”san?
– Hərdən düşünürəm ki, Allah birini yaradarkən kim olmasını istəyirsə, onu dərdləri ilə birgə yaradır...
Onu da anladım ki, sən Allahın verdiyini istəmədikcə o səndən verdiyini alır. İncidə-incidə...
– Niyə almırdın ki, verdiyini?
– Cəsarətim çatmırdı...
– Sən axı sevməyi bacarmırdın, deyirdin ki, “sən olmayan dünyanı sevməyi bacarmadım, unutdum, sevməyi də, unutdum sənqarışıq”.
– Canımı qoymağa yer tapmayanda başımı ayrılığa qoydum...
Gördüm ki, qorxularımla baş-başayam,
O zaman üfüqdə bir günəş doğdu.
İsitdi üşüyən dünyamı, bir ay doğdu pəncərəmdə, zülmət gecələrim işıqlandı, qoşuldum o işıq selinə...
– Nəyini sevdin o sevgisi bir sətrə sığmayanın?
– Soruşmuşdu məndən: "Mənim urəyimi sevdin?" Mən də – "Cəsarətini" – demişdim.
Ancaq, demə, hər şeyi varmış, bircə cəsarəti yoxmuş...
– Ən çox nəyə peşmansan?
– Həm peşmanam, həm də qürurluyam... Hamı kimi ola bilmədiyimə və hamı kimi olmadığıma.
– Ona nə demək istərdin?
– Ölməsin... Və mənim xoş günlərimi görsün.
– Bundan sonra xoş günlər görəcəyinə inanırsan?
– Xoş gün deyəndə baxır nəyi nəzərdə tutursan... Əgər bu dünyadan köçəndə hamı arxanca yaxşı sözlər danışırsa, demək, o gün “xoş” gündür.
– Səninlə bir ömürdü yol gəlirik. Bircə şüarın vardı: "Əlləri olmasın, ayaqları olmasın, mənimlə danışmağı bacaran dili olsun" – deyirdin...
Harda qaldı o adam?
– Rastlaşmadıq... O, mənim yaratdığım idi... Allahın yaratdığı olsa, gəlib məni tapardı.
– Məzarına gələrmi o adam?
– Mən onu özümlə məzara aparacağam...
“Sevgi şairitək köçər dünyadan,
Ömrünü sevgisiz yaşayan qadın”
– Səncə, söhbətimiz bitdi?
– Yox, bizə ayrılan vaxt bitdi.
...VƏ ŞEİRLƏRİ
ALƏM BOYDA AĞRISI VAR ADININ...
Uşaq, böyük kim gördüsə, ilk sözü:
"Nə gözəldi gözün sənin" – dedilər.
Bilmədilər amma o an, o dəmdə
Ürəyimi dibinəcən yedilər...
Deyəmmədim bu gözləri ağladan,
Namərd kimi köçüb gedən mərdi var...
Bu gözləri öpüb gedən, dönməyən,
Ata adlı sağalmayan dərdi var.
Hamı mənə, mən dərdimə vuruldum,
Qəm yazıldı o günlərdən gözümə.
Güldürməyi bacarmadım bir dəfə,
Gözlərimdən qəm süzüldü sözümə.
Biri vardı, öpmədi ki gözümdəm,
Ayrılıqdır gözdən öpmək, deyirlər...
Ayrılığı elə yazdı ömrümə,
Xatirələr ürəyimi yeyirlər.
Hər bu sözü eşidəndə susuram,
Dinmirəm ki, ürəyimdə gülürəm...
Bir də bilsəz, bu gözlərin əlindən
Bir ömürdü göz yaşından ölürəm.
Bu "gözləri göydən gözəl mələyin"
"Özü payız, dərdi xəzəl" qadının,
Bu "taleyi birtəhər yazılanın"
Aləm boyda ağrısı var adının!
7.02.2025
GEDƏK BİR CÜT GÜL QOYAQ...
Gözlərin aydın olsun,
Ürəyimdən qan axır...
Əlimlə kəsdim, tökdüm,
Bitdi bu sevgi, axır!
Bir azca sürt alnına
Ürəyimin qanından...
Könlümü qurban kəsdim,
Nəzir verdim adından.
Qəm eləmə bu gündən,
Get sevgi bazarına...
Gedək bir cüt gül qoyaq
Sevginin məzarına!
14.02.2025
***
Yenə üz-üzəyik, yenə bu axşam
Mən səni görürəm hayana baxsam,
Bir damla yaş olub gözündən axsam...
Olaram yolunda pərvanə, Tanrım...
Ey mənim dünyada ən böyük eşqim,
Ən böyük dayağım, ən gözəl şeirim,
Yuxumda sən məni sarvan seçmişdin
Sənə qonaq gələn karvana, Tanrım.
Mən sənin ən adil qulun, kölənəm...
Səninçün yaşayan, sənçün ölənəm,
Dərdimi həmişə sənlə bölənəm,
Gəlmişəm yolunda qurbana, Tanrım.
5.12.2024
AZ QALIB...
Az qalıb... lap bir azca
Ta səni unutmağa.
Bu gün bilet almışam
Özümə qayıtmağa...
Sənə ağır gəlirəm,
Yükü olmayan adam,
Yandıranda gəlməyə
Tükü olmayan adam.
Nə sevməyə ürəyin,
Nə də göz yaşın qalıb.
Mənə təslim olmağa
Yalnız savaşın qalıb.
Sən bilməzsən sədaqət,
Nə də məhəbbət nədir,
Sevdiyinlə yaşamaq,
Həyat, səadət nədir...
Daha səni sevmərəm!
Bu söz bir andım olsun!
Bir gün ölüb gedərsəm,
Bu da son qəmin olsun!
13.01.2025
GƏLMİŞƏM
Bir də görərsən ki, qapın doyülür,
Bir də görərsən ki, çıxıb gəlmişəm.
Məndən istədiyin hədiyyə ki var,
Ovcumun içinə sıxıb gəlmişəm.
Sən mənim ömrümə yağan qarmısan?
Dərdli payızmısan, ya baharmısan?
Gerçəkmi, xəyalmı, ya yalanmısan?
Mənəm, yanağından axıb gəlmişəm.
Arxada bir sənsiz ömür var, gülüm,
Sənə söz verməyə qısadı dilim,
Götür ürəyimi, yar dilim-dilim,
Sənin həsrətinnən yaxıb gəlmişəm.
Yağan yağmurunam, batan ayınam,
Gecikən ilinəm, günün, ayınam,
Gördüyün yuxunam, gələn yayınam...
Sənin gözlərinə baxıb gəlmişəm.
"Göy gözü göylərdən gözəl" mələyim,
Bənövşə ətirlim, küskün çiçəyim,
Ay ruhu özündən gözəl– göyçəyim,
Ruhuma qanadlar taxıb gəlmişəm!
14.11.2024
BİR ÖMÜR İÇİMDƏ ASDIĞIM ADAM...
Daha düşünməyə tabım qalmayıb,
Nə də ağlamağa gözümün yaşı.
Bu şeir də olsun nakam ömrümün
Başına qoyduğum bir məzar daşı...
Daha yollarına baxan deyiləm,
O yollar dağılsın qoy həsrətimdən!
Həmişə, hər yerdə yıxılmışam mən
Altıncı hissimin bəsirətindən...
Sənə gələn gündən anlamalıydım,
İkiyə bölünmüş yadımsan mənim.
Bir ömür içimdə asdığım adam,
Heç vaxt dadmadığım dadımsan mənim...
Sənsən milyon yerə bölünən adam,
Sən hardan biləsən məhəbbət nədir?
Sən hardan biləsən bir məsum eşqin
Tək sənə verdiyi səadət nədir?
Yolun açıq olsun ürəyin kimi,
Gələni, gedəni yaxşı qarşıla...
Hələ ki ömrünü verirsən yelə,
Hələ anlamırsan nə var qarşıda.
Hələ gec bilərsən, gec anlayarsan
Məni itirməyin ağrılarını.
Əlində üç alma qaldığı zaman
Dinlərsən Aləmin nağıllarını...
18.12.2024
***
Minlərlə ağrıdan keçdi bu sevgi,
Yaşaya bilmədim, ölə bilmədim.
Nə sənin agrını mən bilə bildim,
Nə mən çəkənləri sən bilə bildin...
Yaşarıq beləcə, öllük beləcə,
Nə sənsiz, nə mənsiz dağılmaz dünya.
Min Leyli, min Məcnun çürüdüb həyat,
Əmin ol bizə də ağlamaz dünya.
"Mehrabı eşq olan uca göylər"im
Yazıbdı bu qədər-qəzanı mənə.
Bəlkə də, Tanrının acıgı tutub,
Kəsib öz əliylə cəzanı mənə.
Aləmin ürəyi yarpaqdan incə,
Tanrının hökmünə dözərmi, bilməm?
Bir onu bilirəm sən dönənəcən,
Nə sənsiz yaşaram, nə sənsiz ölləm!
18.12.2024
SƏNƏ BİR NAĞIL DANIŞIM...
Gəl sənə bir ocaq verim
Könlümün sazaq yerindən.
Özümdən gözəl gül dərim
Ömrümün uzaq yerindən.
Tut əlindən o çiçəyin,
Apar, yar, qoy sənin olsun.
Bir gün səndən dönər olsam,
Sevgim mənə qənim olsun.
Qoy bütün dünya bir yana,
Mən də ki bir yana olum.
Sən məni sığdır ruhuna,
Mən də sənin ruhun olum.
Gəl... sənə bir ömür verim
Ömrümün bitən yerindən...
Sənə bir nağıl danışım
Həsrətin itən yerindən.
21.12.2024
BU GÜN DƏ BİR QƏMLİ NƏĞMƏ KİMİYƏM...
Bu gün də bir qəmli nəğmə kimiyəm...
Əli ürəyində dolan qadınam.
Səsin gəlməyəndə evi yıxılan,
Dünyası dağılan, solan qadınam...
Nə könlüm açılır, nə də ki, gözüm,
Nə səbrim qalıbdı, nə də ki dözüm,
Neyləsəm, tapmıram bu dərdə çözüm,
Hər sözü-söhbəti yalan qadınam.
Mənəm bu dünyanın qəmli qadını,
Çoxdan itirmişəm ağız dadımı,
Sevdim doğmaları, sevdim yadımı,
Ömrü başdan-başa talan qadınam.
Allahın izniylə yazıb-pozuram,
Özüm öz könlümdə itib azıram,
Olsun, hər əzaba, qəmə razıyam,
Sevən könüllərdə qalan qadınam.
Aləməm, dünyada tək səni sevdim,
Sənsiz bu dünyada yiyəsiz evdim,
Səni vətən bildim, səni ev bildim,
Səninlə yaşayıb ölən qadınam.
19.12.2024
SƏNƏ KÜS ADAM...
Mən bir az içində azan adamam,
Bir az da unutqan, bir az pis adam.
Məndən inciməyi heç düşünməyin,
Bir az "uşaq" adam, bir az hiss adam...
Mən sənə qoşulub ağlaya billəm,
Coşğun çaylar kimi çağlaya billəm,
Səni ürəyimə bağlaya billəm,
Sənə incik adam, sənə küs adam...
Bəlkə, bu dünyanın nağıl qızıyam,
Bir Aləm qızıyam, bahar, yazıyam,
Küləyi, yağışı, qəmli sazıyam...
Bir az duman adam, bir az sis adam.
YENƏ GÖZLƏRİMİN YAĞIŞ FƏSLİDİR...
Yenə gözlərimin yağış fəslidir...
Bir yalan sevgini dəfn edir ömrüm...
Dünən nə umurdu, bu gün nə tapdı...
Daha məcrasına sığmayır könlüm.
Havamı bənzəyir, mənmi havaya?
Buludlar, bəlkə də, əksimi çəkir,
Alıb ağuşuna küləklər məni,
Təbiət sonuncu şəklimi çəkir...
Mənmi uzaqdayam, uzaqmı məndə...
Bilmirəm dünyanın hayanındayam.
Gah elə bilirəm, bir məzardayam,
Gah da ömür adlı bir saraydayam...
Güldün, gülüşünə sığındım, ömrüm,
Darıxdın, qoşuldum ayaz könlünə...
Mən bahar fəslindən çoxdan küsmüşəm,
Onunçün gətirdim payız ömrünə...
Bu da həyatımın qış nagılıdı...
Üç alma yerinə göydən qar yağar...
Mən bir az Allahın qəmli qızıyam...
Qoşulub buluda yağdıqca yağan...
26.10.2024
BİR DƏ PAYIZINA GƏLMƏZ BU BAHAR...
Bir də görəcəksən, çıxıb getmişəm,
Bir də görəcəksən, dünya bomboşdu...
Sən məni göylərdən yerə endirdin...
Qoy olsun, əzizim, sənə bu xoşdu...
Bəlkə də, son sözü deyirəm sənə,
Sən mənsiz yaşaya bilməyəcəksən...
Bəlkə də, yüz qadın ötər yanından...
Sən məni bir daha görməyəcəksən!
Bəlkə, Allah bilir olub-bitəni...
Ancaq sən bilmirsən nələr olacaq...
Bəlkə də, bir heçlik uğrunda canım.
Dünyanda ən böyük heçlik olacaq!
Yoracaq bu yollar, bu izlər səni,
Üzünə bir qapı açılmayacaq...
Ardınca gözündən yaş ələyən yox,
Dönərkən "min sual" sorulmayacaq...
Bir də bu Aləmi doğmaz bir ana...
Bir də payızına gəlməz bu bahar...
Mən sənin ömrünə necə gəlmişdim,
Nə Allah danışar, nə dost pıçıldar...
26.10.24
ÖLDÜRMƏSİN HƏSRƏTİN...
Səni çox incitmişəm,
Necə, nə cür, bilirəm...
Mənim cəzam Tanrıdan,
Sən kəsənə gülürəm...
Bütün günahlar sənin,
Cəzalar mənim olsun!
Götür, ürəyindən as,
Babalı sənin olsun.
Ömrüm yaralı quşdu,
Qırmısan qanadımı,
Bir qəfil ölüm ilə
Qıraram inadını...
Bəlkə, üz-üzə gəllik,
Mən susum, sən dinərsən...
Gözlərimə baxanda
Günahını görərsən.
Ömür ki var, nə sənin,
Nə də mənim olacaq.
Əzəl-axır ürəyim
Yenə sənin olacaq.
Öncə Allah, sonra sən,
Vurduqca vurun məni.
Neçə ki yaşayıram,
Sınayın, durun məni.
Bir günahım var mənim,
O da səni sevməkdi.
Bircə dərdim var ancaq,
O da səni yenməkdi.
Yığıb günahlarını
Qoyma mənim boynuma.
Bir gün köçüb gedərəm
Bu torpağın qoynuna!
Min aləm var, bir Aləm,
O da sənin qismətin.
Qayıt Allah eşqinə,
Öldürməsin həsrətin!
21.01.2025
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
Moşu, işsizlik, krossvordtapma məşğuliyyəti, maşınlardan şikayət, bir də xatirələr…
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
“İyun ayından Mingəçevir Dövlət Dram Teatrından ayrılmışam, artıq işləmirəm. Müqaviləm bitdi, uzatmadım. Sonuncu dəfə tatar yazıçısı Tufan Minnullinin “Ərməğanlı Ərməndər” əsərini səhnələşdirdim və sonra da işdən ayrıldım.”
Bu sözlər 81 yaşlı xalq artisti Valeh Kərimova – hamımızın Moşu kimi tanıdığımız aktyora aiddir.
Valeh Kərimov “onu guya işdən çıxarıblar” şayiələrinə də aydınlıq gətirib, bildirib ki, işdən öz istəyi ilə ayrılıb:
“Darıxıram, amma yol uzaq idi, hər dəfə Mingəçevirə gedib gəlmək olmurdu. Yaşım çoxdur, narahatlıqlarım olur. Başımı heç nə ilə qata bilmirəm. Evdə oturub krossvord həll edirəm. Yaxşı ki, krossvord var. Yəqin, respublikada yeganə krossvord yazan mənəm. Çünki indi ona heç kimin marağı yoxdur. Amma mən başımı onunla qatıram.
Həyat yoldaşım 10 ildir rəhmətə gedib, özüm-özümə baxıram. Kaş ki, hamı mənim kimi sağlam və gümrah olsun. Övladlarım da sağ olsun, amma onlara möhtac deyiləm. Zəhmətə öyrəşmiş adamam. Mən boş-bekar qalanda qocalıram, iş görəndə ömrüm uzanır. Televiziyada ancaq xəbərlər proqramını izləyirəm. Köhnə kinolarımıza baxıram, amma təzə kinolara hövsələm çatmır”.
Yeni Yasamalda yaşadığını deyən aktyor ərazidə həyətyanı sahənin olmamasından gileylənir:
“Həyət maşınlardan ibarətdir. Nə bir ağac, nə də bir oturacaq var. Maşınların arası ilə gedib marketdən çörək alıram. Prezident təqaüdü və yaşıma görə pensiya alıram. Dolanmağıma çatır”.
Valeh Kərimov bir çox rolları bir yana, məhz “Bəxt üzüyü” filmində oynadığı “Moşu” obrazı ilə tamaşaçıların yaddaşına həkk olunmasını qəbul edir, hətta bunu hər dəfəsində özü də təsdiqləyir.
Bu işsiz qaldığı, həyat yoldaşının xiffətini etdiyi, başını krossvordla qatdığı, həyətdəki maşınların çoxluğundan və ağacsızlıqdan gileyləndiyi bu günlərdə ona həyat stimulu verən xatirələridir, məhz xatirələrinin başında duran Moşu obrazını necə canlandırması, birdən-birə necə ümumxalq sevgisi qazanmasıdır.
İnsan ömrü elə bu deyilmi? Yaşadıqca gələcək qısalmaqda, keçmişsə uzanmaqdadır.
Elə bu cür də sonuna gedib çıxırsan.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
ÖMÜR - Bəxtiyar Vahabzadə poeziyasından bir vərəq
Şəhla Rəvan,
Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair.“Ədəbiyyat və incəsənət” üçün
Azərbaycanın Xalq şairi mərhum Bəxtiyar Vahabzadənin (1925-2009) xatirəsini əziz tutmaq və 100 illik yubileyinə ədəbi töhfə olaraq onun poeziya nümunələrinin təhlilini davam etdiririk. Bu dəfə görkəmli şairimizin daha bir şerini təhlil etmək və onu B.Vahabzadə poeziyasının vurğunları ilə bölüşmək istəyirəm...
ÖMÜR
Deyirlər, çox azdır yüz il, əlli il,
İnsana bir ömür kifayət deyil.
Hələ isitməmiş öz yerimizi
Ölüm cəllad olub haqlayır bizi.
Deyirlər, şirindir dadı dünyanın,
Kaş iki olaydı ömrü insanın.
Nola, çalışsaydıq ömrün birində,
Sonra əylənəydik biz digərində.
Bəxtiyar Vahabzadə
Şeirin təhlili:
Bəxtiyar Vahabzadənin "Ömür" şeiri, ömrün qısalığı və insanın daha çox yaşamaq arzusu mövzusunda dərin düşüncələr təqdim edir. Şeir insan təbiətinin əbədiyyətə can atmasını və həyatın məhdudiyyətləri qarşısındakı narahatlığını poetik şəkildə ifadə edir.
Şeirin ilk bəndi ömrün qısalığından bəhs edir:
"Deyirlər, çox azdır yüz il, əlli il,
İnsana bir ömür kifayət deyil".
Bu sətirlər insanların ümumi fikrini əks etdirir - zamanın sürətlə keçməsi və həyatın fani olması…
Vahabzadə cəmiyyətdə geniş yayılmış "ömür vəfalı deyil" düşüncəsini ifadə edir. Ömrün müddəti nə qədər uzun olsa da (yüz il, əlli il), bu, insanın doymadığı və hələ də kifayət görmədiyi bir müddət kimi qeyd edilir.
"Hələ isitməmiş öz yerimizi
Ölüm cəllad olub haqlayır bizi".
Bu misralar ömrün qısalığını daha da vurğulayır. "Öz yerimizi isitməmiş" ifadəsi insanın həyata tam uyğunlaşmadan, özünü tam gerçəkləşdirmədən, hətta bəlkə də həyatın dadını tam çıxarmadan ölümün gəlişini təsvir edir.
Ölümün "cəllad" adlandırılması isə onun amansız və qaçılmaz bir qüvvə olduğunu, insanı amansızcasına haqlayan bir qüvvə olduğunu göstərir. Bu, ölümün qorxuducu və tələsik gəlişinin qəbul edilməzliyini vurğulayır.
Şeirin ikinci bəndi insanın həyatı iki hissəyə bölmək arzusunu dilə gətirir:
"Deyirlər, şirindir dadı dünyanın,
Kaş iki olaydı ömrü insanın".
Burada həyatın şirinliyi, ləzzəti vurğulanır və bu ləzzətdən daha çox zövq almaq arzusu ifadə olunur. İnsanlar həyatın gözəlliklərindən tam yararlana bilmədiklərini hiss edərək, ömrün iki dəfə uzun olmasını arzulayırlar.
"Nola, çalışsaydıq ömrün birində,
Sonra əylənəydik biz digərində".
Bu misralar insan təbiətinin bəlkə də bir qədər utopik arzusunu əks etdirir. Həyatı iki hissəyə bölmək - birində bütün məsuliyyətləri yerinə yetirib, çalışıb-vuruşmaq, digərində isə sadəcə zövq almaq, əylənmək. Bu, insanın həyatın çətinliklərindən qaçmaq və ya onları sonraya saxlamaq istəyini, həm də işlə əyləncə arasında tarazlıq tapmaqda çətinlik çəkməsini göstərir. Həqiqətdə isə həyat bir bütündür və işlə istirahət iç-içədir.
Temalar və yorumlar:
Şeirin əsas mövzusu insanın zamanla mübarizəsidir. Ömür qısadır və ölüm qaçılmazdır, bu da insanı öz varoluşunun məhdudiyyətləri ilə üz-üzə qoyur.
1. Həyatın ləzzəti və doyumsuzluq;
İnsan həyatın dadını hiss edir, lakin bu dadı tam şəkildə çıxara bilmədiyini düşünür. Bu, daha çox yaşamaq, daha çox təcrübə toplamaq arzusunu oyadır.
2. İnsan arzusu və reallıq;
Şeir insanın gerçəkləşməsi mümkün olmayan arzularını (ömrün iki olması, işlə əyləncəni tamamilə ayırmaq) təsvir edir. Bu arzular, insanın həyatın çətinlikləri və məhdudiyyətləri qarşısında hiss etdiyi çarəsizliyi və məyusluğu vurğulayır.
Ölümün "cəllad" kimi təsvir edilməsi onun zülmkar və istənməyən bir son olduğunu göstərir. Bu, insanın təbii ölümdən qaçmaq və ya onun gəlişini gecikdirmək istəyini əks etdirir.
"Ömür" şeiri, Bəxtiyar Vahabzadənin digər əsərlərində olduğu kimi, sadə, xalq dilinə yaxın bir üslubda yazılmışdır, lakin daxilində universal insan hisslərini və varoluşsal sualları ehtiva edir. O, insanın zaman, həyat və ölüm qarşısındakı hislərini təsirli bir şəkildə ifadə edir.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
Ruanda Prezidenti “ASAN xidmət”də
20 sentyabr 2025-ci il tarixində Ruanda Respublikasının Prezidenti Pol Kaqame ölkəmizə rəsmi səfəri çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Qonağa “ASAN xidmət” modeli ilə bağlı təqdimat edilib. Milli brendimiz olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb.
Həmçinin vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.
“ASAN xidmət” təcrübəsinin Ruanda tərəfi ilə paylaşılması məqsədilə əməkdaşlıq əlaqələri 2024-cü ilin noyabr ayında COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olmuş Ruanda Prezidenti ilə Azərbaycan Respublikasının Prezidenti arasında keçirilən görüşün yekunlarına əsasən qurulub.
Bu çərçivədə cari ilin iyun ayında Dövlət Agentliyi ilə Ruandanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
Dahi kinorejissor Eyzenşteynin ilk azərbaycnlı tələbəsi - Səməd Mərdanov
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sizə köhnə, lap köhnə kişilərimizdən biri barədə danışmaq istəyirəm. Köhnə əyyamların rejissorundan. Özünüz gözəl bilirsiniz, o ətyyamlarda rejissorluq peşəsi təzə-təzə gündəmə gəlirdi. Kino yenicə yaranmış, xeyli keçdikdən sonra Çar Rusiyasının əsarətində olan Azərbaycana gəlib çıxmışdı. Oğul istəyərdik, bu naməlum, arxasında maddi gəlir dayanmayan, bir çoxlarının ağız büzdüyü bir sahəyə səndə uşaq marağı oyansın…
Azərbaycan kinorejissoru Səməd Mərdanov 22 sentyabr 1909-cu ildə Tiflisdə anadan olub. Tiflis o dövrdə Qafqazlarda mədəniyyət beşiyi sayılırdı, kinoya yaranan sevgi Səməddə dərhal formalaşıbdır, sovet dönəmində - artıq gənclik çağında bu sevginin ardınca Moskvaya – təhsil almağa yollanıbdır, 1935-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitiribdir.
Sovet kino rejissoru, dahi Sergey Eyzenşteynin tələbəsi və peşəkar təhsil alan ilk Azərbaycan kinematoqrafçılarından biri olan Mərdanovun yaradıcılığı milli kino sənətinin inkişafına əlbəttə ki təsir göstərib.
Mərdanov ilk sovet kinokomediyalarından olan "Mavi dənizin sahilində" (quruluşçu rejissor Boris Barnet; "Azərfilm" və "Mejrabpomfilm" (Moskva) kinostudiyalarının birgə istehsalı) filminin rejissorudur.
Mərdanovun 1939-cu ildə çəkdiyi "Kəndlilər" (1940-cı ildə ekrana buraxılıb) tarixi-inqilabi bədii filmi isə Azərbaycan kinosunun qızıl fonduna daxildir.
Filmoqrafiya
Köçərilər
Mavi dənizin sahilində
Kəndlilər
Əlbəttə ki, Səməd Mərdanov yaradıcılıq eşqiylə dolu, fitri istedadlı bir gənc idi, Azərbaycan kinosuna şöhrət və çələnglər gətirəcək bir durumdaydı. Fəqət, amansız ölüm onu səmi 30 yaşında - 6 avqust 1939-cu ildə Bakı şəhərində özcaynağına alıb.
Beləcə, kinomuz neçə-neçə şedevr filmdən məhrum olub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
“Düzdür” sözünün özü də bilmir ki, düzdür, ya səhvdir - AKTUAL
Fariz Əhmədov,
“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Adamlar min sifət olub.
–Düzdür.
Kiminsə sözünü danışmaq yaxşı iş deyil.
–Düzdür.
Elə adamları şişə taxmaq lazımdır.
– Düzdür.
Son zamanlar cəmiyyətin aşağı və yuxarı təbəqələri arasında ən çox işlənən üç sözdən biri “düzdür” sözüdür. Söz o qədər yerli-yersiz işlənib ki, özü də bilmir harada düz, harada səhvdir. İnsan öz dəyərini necə qaldıra bilirsə, eyni qaydada sözün dəyərini qaldıra və yaxud endirə bilir.
Səfəvi şahı, dövrünün ən müdrik siyasətçisi və dövlət başçısı Şah İsmayıl Xətai deyirdi: “Söz vardır, kəsər başı, Söz vardır, kəsər savaşı.” Amma indi söz sosial kütlə arasında bir qəpiyə dəymir. Nə su kimi lətafəti qalıb, nə də abır-həyası. Dilin yükünü çəkən sözlər haldan düşüb. İndi əsas olan sözün ağızdan çıxmasıdır, mahiyyəti isə kölgədə qalır. Halbuki söz xalqın mənəviyyatını ifadə edən ən dəyərli vasitədir.
Dilimizin zənginliyi, sözün çəkisi yalnız kitablarda və kitabxanalarda deyil, gündəlik danışığımızda, davranışımızda hiss olunmalıdır. Həmçinin söz insana məsuliyyət yükləyir. Biz onunla tərbiyə edir, yol göstərir, inandırır, eyni zamanda manipulyasiya edirik.
Əvvəl bir “sən öl”ə göz yumub yola düşülürdüsə, indi qəhqəhə çəkib gülünür. Görəsən, harda itirdik içimizdəki o cəsur adamı? Yoxsa it qapdı bizdən xəbərsiz? Sanki hər kəs tezdən evdən çıxarkən “düzdür” butonuna basaraq yola düzəlir, gününü o sözlə başlayıb, o sözlə də bitirir.
İmam Əli deyirdi ki, bir yerdə hər kəs eyni fikirdədirsə, deməli, heç kəs düşünmür. İndi məsələ ona oxşayır: ya davamlı yola veririk, ya da sözsüz-söhbətsiz qəbul edirik bu sözü.
DÜZDÜR!
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 22.Tarixə rakurs
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
22.
TARİXƏ RAKURS
Azərbaycan xalqı tarixən mütaliə edən xalq kimi tanınıb. Böyük ədiblər yetişdirən, böyük tirajlarla kitablar çap olunan, çoxsaylı kitabxanaları, kitab mağazaları ilə öyünən bu məmləkətdə ötən əsrin 90-cı illərində müstəqillik əldə edilməsindən dərhal sonra bu sahədə ciddi böhran yarandı. Müstəqilliyin ilk illərində respublikanın üzləşdiyi iqtisadi böhran, siyasi xaos, bir ictimai-iqtisadi formasiyanın digəri ilə əvəz olunmasının fəsadları, zorla sürükləndiyimiz müharibənin, milyonlarla insanın qaçqın və didərgin düşməsinin insanların iqtisadi durumuna və əhval-ruhiyyəsinə vurduğu zərbələr kitab mağazalarının kütləvi olaraq baqqal mağazalarına çevrilməsinə, kitabxanaların qapılarından qıfıllar asılmasına, “indi heç kəs heç kəsin kitabını oxumur” kimi məsəllərin yaranmasına səbəb oldu. Bununla belə, siyasi və iqtisadi sabitlik yarandıqdan sonra tədricən kitaba münasibət dəyişdi, kitaba əvvəlki sevgi bərpa olunmağa başladı.
İndi isə gəlin tarixə nəzər yetirək.
Ölkəmizdə kitabçılıq sənətinin inkişaf dövrü eramızın XI əsrinə aid edilsə də, əslində onun tarixi çox-çox qədimlərə gedib çıxır. Yaşadığımız bölgədə ilk kitabxanalar çox uzaq tarixdə dövlət qurumlarının yarandığı dövrlərdə meydana gəlmişdir. Tarixdən bəlli olduğu kimi, V əsrdə Qafqaz Albaniyasında 52 hərfdən ibarət alban əlifbası tərtib edilmişdi. Beləliklə, bir çox kitablar alban dilinə tərcümə edilmiş, kilsə və məktəblərdə kiçik kitabxanalar təşkil olunmuşdur. Azərbaycanda İslam dini yayıldıqdan sonra isə məscid və mədrəsələrdə kitabxanalar meydana gəldi və kitab mədəniyyəti geniş yayılmağa başladı.
Amma bu inkişaf XI əsrdə sözün əsl mənasında dönüş mərhələsinə qədəm qoyub. Bu dövrdən etibarən yaranan nüfuzlu əsərlərin qorunub saxlanılması üçün kitabxanaların sayı da artmağa başlayıb. İlk şəxsi kitabxanalara Bəhmənyarın kitabxanası, Xətib Təbrizinin kitabxanası, Nəsrəddin Tusi və “Seyyidəna” kitabxanası, Rəşidəddin və “Rəşidiyyə” kitabxanasını misal çəkmək olar.
Tarixdə antik dövrdə Yunanıstanı, orta əsrlərdə isə Çini kitabxananın vətəni hesab edirlər. Halbuki, bizim də öyünəsi nailiyyətlərimiz olub. XI-XII əsrlərdə Gəncədə Dar-əl-kitab adlı böyük bir kitabxana olub. Həddad ibn Asim Naxçıvaninin başçılıq etdiyi bu kitabxana öz kitab sayına görə hətta Şərqin ən böyük kitabxanalarından biri kimi müxtəlif yazılı mənbələrə düşüb.
XIII əsrdə öz kitab fondunun zənginliyi ilə Şərqdə birinci olan (hətta Qahirə, Kordoba, Bağdad, Pitaka-tayk kitabxanalarını belə üstələyib – red.), Qərblə yarışa girən Marağa Rəsədxanasının Elmi Kitabxanası isə orta əsrlərdə Azərbaycanda kitabçılıq ənənəsinin möhtəşəmliyinin bariz sübutudur. Nəsirəddin Tusinin təşəbbüsü ilə qurulmuş bu kitabxanada 400000 kitab və əlyazması toplanmışdı.
Sonradan Şah İsmayıl Xətainin Təbrizdəki saray kitabxanasının, Ərdəbildə Şeyx Səfi məqbərəsinin kitabxanasının zəngin kolleksiyasına görə şöhrəti el-el gəzmişdir.
Çox təəssüf ki, Azərbaycanın qədim kitabçılıq ənənələri, məşhur kitabxanalarımız öz tədqiqatçılarımızın belə diqqətindən yayınmışdır, diqqətdənkənar qalmışdır. Bu isə adımızın adlar içində olmamasına səbəb olmuşdur.
Növbəti: 23.Mütaliə ilə bağlı faktlar
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
Tarda möcüzəli ifası ilə rusları mat qoyan AĞDAMLI OQTAY QULİYEV
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Biz adətən musiqi incəsənəti barədə danışanda söhbəti yalnız müğənni və çalğıçıların, bir də bəstəkarların üzərində cəmləyirik. Amma musiqinin inkişafında lokomotiv olan musiqi nəzəriyyəçiləri və pedaqoqlar kölgədə qalırlar.
Bu gün bu lokomotiv funksiyalılardan birinin - Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının mərhum professoru Oqtay Quliyevin doğum günüdür. Üstəlik, Oqtay Quliyev mahir tar ifaçısı da olubdur.
Oqtay Quliyev 1938-ci ildə Ağdamda – muğam sənətinin məskənində anadan olub, sənətə ilk addımını rayon musiqi məktəbində atıb, onun tar ixtisası üzrə yüksək pedaqoji təcrübəyə malik müəllimləri həm not iztisası, həm də muğam sənəti üzrə sirlərini məmnuniyyətlə öyrədiblər. Müəllimlərinin məsləhətilə Bakıya gəlib və təhsilini A.Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində davam etdirib. Burada məşhur sənət xadimlərindən Xalq artisti, professor Səid Rüstəmov və Xalq artisti, muğam sərrafı Əhməd Bakıxanovdan ixtisas dərsləri alıb. Tələbəsinin istedadını yüksək qiymətləndirən Səid Rüstəmov ona böyük etimad göstərərək, bədii rəhbəri və baş dirijoru olduğu əməkdar kollektivə - Xalq çalğı alətləri orkestrinə solist işləməyə dəvət edib.
İşlədiyi peşəkar kollektiv bu gənc tələbə üçün əsl sənət məktəbinə çevrilib. On il bu görkəmli kollektivdə çalışması, Səid Rüstəmov, Əhsən Dadaşov, Adil Gəray, Baba Salahov, Bəhruz Zeynalov və bir çox təcrübəli sənətçilərlə birlikdə işləməsi onun peşəkar musiqiçi kimi püxtələməsinə, ciddi sənət meyarlarına yiyələnməsinə, ifaçı kimi yetişməsinə müsbət təsir göstərib.
1958-ci ildə Dövlət Konservatoriyasına daxil olub. Azərbaycan Dövlət Konservatoriyasının nəzdində yeni kafedra – Azərbaycan xalq musiqisi kafedrası- açılıb. Bu kafedra iki bölmədən ibarət olub: Xalq musiqisi nəzəriyyəsi və tarixi və Xalq çalğı alətləri orkestrinin dirijorluq sinifləri.
Oqtay Quliyev dirijorluq sinfini seçib. O vaxtlar bu sənət sahəsində oxuyanlar I və II kurslarda xalq çalğı alətləri ixtisası üzrə təhsil alıb, III kursdan başlayaraq dirijorluq ixtisasına yiyələnirdilər. Bu səbəbdən Oqtay Quliyev əvvəl Səid Rüstəmovun tar ixtisası sinfində iki il təhsil alıb, sonrakı illərdə dirijorluq sahəsində püxtələşib və həmin sinifi müvəffəqiyyətlə bitirib. Səid Rüstəmov və Süleyman Ələsgərov kimi görkəmli sənətkar və pedaqoqlardan ixtisas təhsili alıb. Oqtay Quliyev dirijorluq sinfinin ilk yetirmələrindən olub. İfaçılıq yolunda addımlarını daha yeni uğurlarla davam etdirib.
Oqtay Quliyev Azərbaycan xalq çalğı alətləri orkestrinin tarixinin ilk tədqiqatçısıdır. O bu işlə bir neçə il məşğul olub, «Azərbaycan xalq çalğı alətləri orkestri» mövzusunda dissertasiyasını Tiflisdə müdafiə edib və sənətşünaslıq namizədi alimlik dərəcəsini alıb. Sonra isə onun bu mövzuda Bakıda, "İşıq" nəşriyyatında monoqrafiyası çap olunub.
Oqtay Quliyev hələ gənc yaşlarından tarzən kimi tanınıb. İştirak etdiyi ilk müsabiqə 1956-cı ildə Bakıda keçirilən Birinci Musiqi Festivalı olub. Öz məharətli ifası ilə festivalın qızıl medalına və laureatı adına layiq görülüb. 1957-ci ildə Moskvada Sovet Gənclərinin Birinci Ümumittifaq Festivalında iştirak edən O. Quliyev bu çətin sınaqdan da uğurla çıxıb: festivalın qızıl medalına, birinci dərəcəli diplomuna layiq görülərək, laureat adını qazanıb. Bununla da Oqtay Quliyev Azərbaycanlı ifaçı kimi Ümumittifaq miqyasda tanınıb. Müsabiqədə xalq çalğı alətləri üzrə keçmiş SSRİ-nin bütün respublikalarından seçilən ifaçılar Moskvaya gəlib öz sənətlərini nümayiş etdiriblər, görkəmli mütəxəssislərdən ibarət münsiflər heyəti hər bir ifaçıya yüksək tələblər və meyarla yanaşıb və nəticədə təkcə O.Quliyev qızıl medala layiq görülüb.
1963-cü ildə konservatoriyanı müvəffəqiyyətlə bitirən O. Quliyev ömrünü pedaqoji fəaliyyətə həsr edib. 1969-cu ildən konservatoriyada işləməyə dəvət alıb. Xalq çalğı alətləri kafedrasında təcrübəli pedaqoqlarla bir yerdə işləyərək, tarı tədris edib, ifaçı və müəllim kadrların yetişdirilməsi işində uğurla çalışıb. O, tədris repertuarının təkmilləşməsi və zənginləşməsi qayğısına qalaraq, Azərbaycan, rus və Avropa musiqi ədəbiyyatlarından çoxlu sayda nümunələri tar ilə fortepiano üçün işləyib, tədris üçün pyeslər məcmuələri nəşr etdirib. Daha bir xidməti isə S. Rüstəmovun tar və kamança üçün "Melodik etüdlər"inin, bəstəkarlarımızın tar üçün konsert və pyeslərinin, müəllimlərin metodik vəsaitlərinin nəşrində ixtisas redaktoru kimi yaxından iştirak etməsidir. Xüsusilə, S. Hacıyevlə birlikdə yazdığı "Tar üçün pyeslər məcmuəsi" uşaq musiqi məktəblərində repertuar boşluğunu aradan qaldıraraq, öz aktuallığını bu gün də saxlayıb.
Məlum olduğu kimi, 1970-ci illərdə Moskvada ümumittifaq "Melodiya" səsyazma şirkəti tərəfindən "Muğam məktəbi" seriyasından iki val buraxılıb. Vallara Əhməd Bakıxanovla yanaşı, onun istedadlı tələbəsi Oqtay Quliyevin ifasında "Şur", "Segah", "Çahargah", "Şahnaz", "Bayatı-kürd", "Heyratı" muğamları yazılıb.
"Haqqında deyilənlər"
Milli Konservatoriyanın keçmiş rektoru, Xalq artisti, professor Siyavuş Kərimi:
"Oqtay Quliyev həyatını olduqca nəcib, humanist və xalqımız üçün çox gərəkli bir işə həsr etmişdir: musiqi ifaçılığı, müəllimlik, təhsil, elm... Qırx ildən artıq dövrü əhatə edən bu geniş və çoxşaxəli fəaliyyəti ilə professor O. Quliyev istər Azərbaycan ifaçılıq sənətinin, istər tar tədrisinin və ümumilikdə musiqi təhsilinin inkişafına, istərsə də ifaçılıq tarixinin elmi tədqiqinə layiqli töhfələr vermişdir."
Oqtay Quliyevin uğurlarına ən çox Səid Rüstəmov sevinirdi. O, mətbuat səhifələrində öz yetirməsi haqqında belə yazırdı:
"Gənc tarzən Oqtay Quliyevin maraqlı proqramla çıxış etməsi özünün yüksək istedad sahibi olduğunu göstərməklə yanaşı, həm də xalqımızın qədim musiqi aləti olan tarın olduqca kütləviləşdiyini bir daha sübut etdi. O, münsiflər heyəti qarşısında «Orta Mahur», H.Xanməmmədovun «Konsert»ini, Ü.Hacıbəyovun «Koroğlu» operasından rəqsi çaldıqdan sonra Qlinkanın «İvan Susanin» operasından valsı ifa etdi. Elə münsiflər heyətini də valeh edən bu klassik əsərin xalq musiqi alətində gözəl səslənməsi idi."
Tanınmış moskvalı yazıçı-publisist V. Ardamatski festivalın qaliblərinə həsr etdiyi "Beş ləçək" kitabında Azərbaycandan olan gənc tar ifaçısının istedadını xüsusi qiymətləndirir:
"O. Quliyev qədim musiqi aləti olan tarın nəyə qadir olduğunu nümayiş etdirdi. Münsiflər heyətinin xarici ölkələrdən olan nümayəndələri gənc sovet musiqiçisinin sinəsində dil açan tara, onu dilləndirən bu bəstəboy oğlanın məharətinə heyran qalmışdılar. Oqtay "Orta mahur", "Cahargah" muğamları ilə yanaşı, M. Qlinkanın "İvan Susanin" operasından ayrı-ayrı parçaları tarda məharətlə dilləndirəndə dinləyicilərin, eləcə də tələbkar münsiflərin üzvlərinin heyrəti bir az da artdı. Tarzən bunu duyurmuş kimi daha da coşur, bəlkə də indiyədək professionalların imkansız musiqi aləti hesab etdiyi tarda istənilən mürəkkəb əsəri bütün incəliklərinə qədər çalmağın mümkün olduğunu əyani şəkildə sübuta yetirirdi."
Mükafatları
1. 1956-cı ildə Bakıda keçirilən Birinci Musiqi Festivalının Qızıl medalı və laureatı
2. Qızılmedal, birincidərəcəlidiplom, laureatadı - 1957-ciildə MoskvadaSovetGənclərininBirinci ÜmumittifaqFestivalında
3. Beynəlxalqmüsabiqə laureatı adı - 1957-ciildə DünyaGənclərinin 6-cı ÜmumdünyaFestivalı
GörkəmlimusiqixadimiOqtayQuliyev2021-ciilin 6 aprelində vəfatedib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
ADA Universiteti adından Şəmistan Nəzirliyə ithafən
Xəbər verdiyimiz kimi, görkəmli tədqiqatçı, hərbi jurnalist Şəmistan Nəzirli vəfat edibdir. O, həm də ADA Universiteti tərəfindən Qazax Müəllimlər Seminariyasının bərpası işlərinə qatqılar vermişdi. Bu səbəbdən, bu böyük ziyalının vəfatı münasibətilə ADA Universiteti adından nekroloq yayımlanmışdır.
“Ədəbiyyat və incəsənət” portal nekroloqun mətnini təqdim edir:
Azərbaycanın tanınmış araşdırmaçı-publisisti, hərbi jurnalist, nasir Şəmistan Nəzirli 20 sentyabr, 2025-ci ildə ömrünün 83-cü ilində Qazaxda vəfat etmişdir.
Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak üçün Qazaxda olan Şəmistan Nəzirli Qazax Müəllimlər Seminariyası İncəsənət Mərkəzində keçirilən sərginin açılışında iştirak edib, sərgi iştirakçıları ilə öz şəxsi arxivindən olan tarixi fotolar və məlumatlarla bölüşüb.
Şəmistan Nəzirli Qazax Müəllimlər Seminariyasının bərpası prosesində ilk günlərdən yaxından iştirak etmişdir. Onun Seminariyanın tarixi əhəmiyyəti barədə araşdırmaları bu elm ocağının əvvəlki ruhunu bərpa etmək üçün əvəzolunmaz əhəmiyyət daşıyır. Seminariyanın xüsusi tədqiqatçılar qrupunun dəyərli üzvü kimi o hər zaman buradakı tədbirlərdə böyük həvəs və coşqu ilə iştirak edərdi. Onun tarixin unudulmaması uğrunda apardığı elmi araşdırmaları gələcək nəsillərə bir mirasdır.
Şəmistan Nəzirlinin Azərbaycana, Qazağa, Seminariyaya ürəkdən bağlılığını və sədaqətini nəzərə alaraq, onun məhz belə bir gündə və məkanda vəfatı bizi və tədbir iştirakçılarını dərindən təsirləndirdi.
O ölkəmizə, onun tarixinə olan sevgisi ilə yaddaşlarda daim qalacaqdır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
75 ilin 100 illik işığı - TƏDBİR
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, «Ədəbiyyat və incəsənət» portalının Cənub təmsilçisi
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı və dəstəyi ilə Cəlilabad rayonunun ilk jurnalist xanımı, yazıçı-publisist Solmaz xanım Məmmədovanın 75 illik yubileyi və eyni halda onun yenicə nəşr olunmuş "Onu gözləyən var" adlı kitabının təqdimat mərasimi keçirilmişdir.
Vətən uğrunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsini əziz tutmaq hədəfi ilə 1 dəqiqəlik sükutla başlayan və Bilal Alarlının aparıcılığı ilə keçirilən tədbir Cəlilabad rayonunun tanınmış ziyalıları, qələm əhli və xüsusilə də Cəlilabad ədəbi mühitinin tanınmış simalarının, həmçinin, qonaq qismində Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Varisin və tanınmış şair, yazıçı Aqşin Yeniseyin iştirakı ilə gerçəkləşmişdir.
Tədbirdə iştirak edən ziyalı, şair, yazıçı və qələm əhlindən olan nümayəndələr çıxış edərək Solmaz xanımın həyat yolu və dəyərlərindən söz açmış, onun yenicə nəşr olunmuş kitabını dəyərləndirərək şeirlərindən qiraət etmiş və müəllifə yaradıcılıq uğurları arzulamışlar.
Tədbirdə tanınmış yazıçı-publisist və qələm əhli olan həmyerlilərimiz: Meyxoş Abdullah, Bilal Alarlı və İlqar İsmayılzadə, yazıçı-şair və ədəbi təhlilçi xanımlardan: Gülşən Şahmuradlı, Şəhla Rəvan, Seylan Abbas, Gülcahan Əsgərova, Sevil İsayeva, Ruhiyyə Abbaszadə və Arzu Əyyarqızı, həmçinin, ziyalılardan Xatirə Quliyeva, Adıgözəl Nuriyev, Cəlilabad RİH-nin nümayəndəsi Varid Əsgərov, Cəlilabad Bələdiyyəsinin sədr müavini Elçin Hüseynov, Qarabağ qazisi Maşallah Əliyev və Zakir Əliyev çıxış edərək Solmaz Məmmədovanın 48 illik jurnalistika fəaliyyəti ilə yanaşı, onun ədəbi-bədii yaradıcılığından danışmış, ona xoş arzularını dilə gətirmişlər.
Tədbir iştirakçıları və eləcə də Solmaz xanımın ailə üzvləri, başda oğlu, ingilisdilli mediamızın aparıcı nümayəndəsi Elnur Ənvəroğlu bu tədbirin keşirilməsində əməyi olan hər kəsə, xüsusən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilova, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad Rayon Şöbəsinin rəisi Fuad Əzizova, Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Qənimət İsrafilovaya göstərdikləri qayğı və səmimiyyətə görə təşəkkür etmişlər.
Sonda Solmaz Məmmədova çıxış etmiş, tədbir barədə təəssüratlarını bölüşmüş, öz həyat və yaradıcılıq yollarından fraqmentlər danışmış, belə gözəl tədbirin keçirilməsinin ona daha səmərəli çalışması üçün enerji və stimul verdiyini dilə gətirmişdir.
Tədbirdə Solmaz xanıma Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin imzası ilə Fəxri Diplom, həmçinin, "Həməşəra" Mətbu Orqanının təsisçisi və baş redaktoru İlqar İsmayılzadə tərəfindən "Nizami Gəncəvi" Fəxri Diplomu təqdim edilmiş, sonda isə xatirə şəkilləri çəkilmişdir.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)


