Super User
Xətai rayonunda “II Kəlağayı Festivalı” keçirildi
20 sentyabr 2025-ci il tarixdə Konstitusiya və Suverenlik ili çərçivəsində Xətai rayonunda mühüm mədəni hadisə baş tutdu. Xətai Rayon İcra Hakimiyyətinin, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və “Kəlağayı Ev Muzeyi”nin təşkilatçılığı ilə Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində “II Kəlağayı Festivalı” keçirildi.
“Ədəbiyyat və incəsənət” portalına İctimai Birlikdən verilən məlumata görə, festival çərçivəsində sərgi ilə tanışlıq, rəsmi açılış mərasimi və geniş konsert proqramı təqdim olundu. Tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, digər dövlət qurumlarının nümayəndələri, tanınmış incəsənət və ədəbiyyat xadimləri, aşıqlar, şairlər, media təmsilçiləri və çoxsaylı sakinlər iştirak etdilər.
Rəsmi hissədə “Mirvarid Dilbazi Poeziya Məclisi”nin sədri, “Kəlağayı Ev Muzeyi”nin direktoru Güllü Eldar Tomarlı tədbiri açaraq festivalın əhəmiyyətindən danışdı. Xətai Rayon İcra Hakimiyyətinin birinci müavini Etibar Əhmədov və şöbə müdiri Pənah İmanov, Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar İttifaqının sədri Ülviyyə Həmzəyeva, əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayeva və filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva çıxış edərək kəlağayının milli kimliyimizdəki əhəmiyyətini və belə tədbirlərin vacibliyini vurğuladılar.
Festival çərçivəsində zəngin sərgi proqramı da təqdim olundu. Sərginin açılışını Güllü Eldar Tomarlı edərək eksponatları iştirakçılara təqdim etdi. Tədbirdə Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində təhsil alan gənclərin əl işləri nümayiş etdirildi. Quramaçı sənətkarlar Ella Bağırova, Aybəniz Camalova, Asif Qasımov, Viktoriya İsmayılova və Könül Hüseynovanın əsərləri, eləcə də Şəki və Basqal kəlağayıları iştirakçılara təqdim olunaraq satışa çıxarıldı. Bundan başqa, Güllü Eldar Tomarlının yaratdığı “Kəlağayı Ev Muzeyi”nin əsrlərə söykənən 200 qədim kəlağayısı, dekorativ-tətbiqi sənət nümunələri və kəlağayı mövzusunda nəşrlər sərgi iştirakçılarının xüsusi marağına səbəb oldu.
Konsert proqramı da rəngarəng çıxışlarla yadda qaldı. Əvvəlcə Sosial Xidmətlər Agentliyinin Peşə-əmək Reabilitasiyası Mərkəzinin eşitmə və nitq məhdudiyyətli gəncləri Azərbaycan Respublikasının Dövlət Himnini əl işarələri ilə ifa edərək alqışlarla qarşılandılar. Daha sonra şəhid Ramil Yusifzadənin anası Reyhan Yusifova “Qələbə” mahnısını ifa etdi. Şəki Uşaq İncəsənət Məktəbindən xoreoqraf Xumar Əsədovanın rəqs qrupu “Naxçıvani” və “Arşın mal alan” filmindən rəqs nömrələri təqdim etdi. Əməkdar Mədəniyyət işçisi Aşıq Solmaz Kosayeva, “Səma” rəqs qrupu, bəstəkar və müğənni Arif Mehmandost, vokal müəllimi Fərqanə Salamova, “Nənə qızlar” ansamblı, müğənnilər İnci Şirvanlı, Uğur Şirvanlı, Nigar Ağdamlı, İntizar Bahardoğan, Həsən Həsənli, aşıqlar Rəvanə Lerikli, Aşıq Həqiqət, Nərmin Cəlal, şair Brilyant Atəş müxtəlif çıxışlarla festival iştirakçılarına unudulmaz anlar yaşatdılar.
Xatırladaq ki, kəlağayı 2014-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş və beynəlxalq səviyyədə tanıdılmışdır. Bu əlamətdar hadisənin 10 illik yubileyi münasibətilə 2024-cü ildə keçirilmiş “I Kəlağayı Festivalı” Xətai rayonunda başlanaraq, ölkəmizin müxtəlif bölgələrində və xaricdə uğurla davam etdirilmişdir.
“II Kəlağayı Festivalı” tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı və milli-mənəvi dəyərlərimizin təbliği, qeyri-maddi mədəni irsimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm mədəni hadisə kimi yadda qaldı.
Sonda Güllü Eldar Tomarlı qeyd edib ki, " Kəlağayı Festivalı" ənənəvi şəkildə dövlətimizin dəstəyi və qayğısı ilə hər il keçiriləcək.
Güllü Eldar Tomarlı göstərdiyi mənəvi və təşkilati dəstəyə görə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev cənablarına , Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin müşaviri Vüsal Sehranoğluna, zəhməti keçənlərə və festival iştirakçılarına təşəkkürünü bildirib.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Baba Vəziroğlunun şeirləri
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
POEZİYA
BABA VƏZİROĞLU
CƏNAB ALİ BAŞ KOMANDAN
Sənin kimi fatehi zaman yetirməz bir də,
Haqq-ədalət carçısı, tarix yazan sərkərdə.
Səndən ilham, güc alır zabit, əsgər səngərdə,
Hərb və sülh meydanında sən zəfər çalan adam,
Cənab Ali Baş Komandan!
Düşmənimiz baş əydi sən and içən bayrağa,
Sənin azad etdiyin hər bir qarış torpağa.
Anamız Azərbaycan qovuşur Qarabağa,
Qalmayacaq qisassız bir damla tökülən qan,
Cənab Ali Baş Komandan!
Getdiyin bu şanlı yol Ulu Öndər yoludur,
Sənin ordun yenilməz, sənin xalqın uludur.
"Yaşasın Azərbaycan!" - arzun, amalın budur,
Milyon-milyon ağızdan səslənir xeyir-duan,
Cənab Ali Baş Komandan!
Qarabağ səmasında yenə günəş doğuldu,
Sənin dəmir yumruğun birlik oldu, güc oldu.
"Mənəm-mənəm" - deyənlər bəs noldu, necə oldu?
Ana südütək halal, sənə bu şöhrət, bu şan,
Cənab Ali Baş Komandan!
Sən yalnız, tək deyilsən, mətin türk qardaşın var,
Bir vəfalı, mehriban ürək-can sirdaşın var.
Bircə sözün, əmrinlə bu xalq ayağa qalxar,
Səninlə Azərbaycan - bir könüldə iki can -
Cənab Ali baş Komandan!
XATİRƏDİR
Niyə yanır bu ocaq,
Yanıb, külü qalacaq.
Bilmirəm nə olacaq,
Olanı xatirədir...
Qar yağır narın-narın,
Üzü gülür dağların.
O yaşıl yarpaqların
Solanı xatirədir...
Ay çəmənin çiçəyi,
Niyə soldu ləçəyin?!
Bu dünyanın gerçəyi,
Yalanı xatirədir...
Niyə çıxdıq yola biz,
Dəli olub bu dəniz.
Bir adadır sevgimiz,
Hər yanı xatirədir...
Gerçəkdi, yoxsa yalan,
Gəlib keçdi nə zaman?!
Sevginin ömrü bir an,
Qalanı xatirədir...
MƏNDƏN BİR DƏ OLMAYACAQ
Gecə-gündüz çıraqla sən,
Hələ məni gəzəcəksən.
Axtarmaqdan bezəcəksən,
Məndən bir də olmayacaq...
Yollara gül ələsən də,
Səhər-axşam diləsən də,
Başına kül ələsən də,
Məndən bir də olmayacaq...
Başqa yaz, bahar gələcək,
Yağış yağıb, qar gələcək.
Dünya sənə dar gələcək,
Məndən bir də olmayacaq...
Var olacaq, yox olacaq,
Məndən bir də olmayacaq...
Səni sevən çox olacaq,
Məndən bir də olmayacaq...
Düz qəddini əyəcəksən,
“Hayıf ondan” - deyəcəksən.
Dizlərinə döyəcəksən,
Məndən bir də olmayacaq...
Yatma belə, hələ oyan,
Getmə belə, hələ dayan.
Səni sevən, səni duyan,
Məndən bir də olmayacaq!..
SƏNSİZ KEÇƏN GÜNLƏRİM
Söz tapmadıq danışaq, dindi qatar astaca,
Səni məndən ayırar indi qatar astaca,
Qanadımız sevgiydi - heç bilmədik, ayrılıq
Qovub haqlayar bizi, gəlib çatar astaca...
Burda günəş parlayır, sənsiz istisi yoxdu,
Burda yağış başlayır, sənsiz kəsdisi yoxdu.
Sənsiz keçən günlərim oxşayır bir-birinə,
Sənsiz keçən günlərin yaxşısı, pisi yoxdu...
Hələ çox göynəyəcək sənsiz həsrətin yeri,
Bir gün gedən qatarlar bir gün dönərmi geri?
Bilirəm ki, sən mənsiz necə yetim qalırsan,
Bilirsən ki, mən sənsiz fağır, yazığın biri...
Adlayıb neçə kəndi, gəzsəm neçə şəhəri,
Ürəyində bitirmiş ömrümün hər səfəri.
Dönüb bir gün qatara, qayıdaram, əzizim,
Qapı kimi üzünə açıb nurlu səhəri...
Burda günəş parlayır, sənsiz istisi yoxdu,
Burda yağış başlayır, sənsiz kəsdisi yoxdu.
Sənsiz keçən günlərim oxşayır bir-birinə,
Sənsiz keçən günlərin yaxşısı, pisi yoxdu...
ŞUŞA...
Şəhər varmı dünyada,
Bu donda, bu biçimdə,
Bir duvaqlı gəlinsən,
Şuşam, duman içində!
Ay Qarabağ gözəli,
Ay Natavan qəzəli.
Başına sığal çəkib,
Ulu Tanrının əli.
Başında duman oldu,
Bağ-bağçan talan oldu,
Könül candan ayrıldı,
Həsrətin yaman oldu.
Necə dözdük bu dərdə,
Gəl səni qucum bir də.
İlham gəlir, qarşıla,
Tarix yazan sərkərdə!
Şükür gəldi bu çağın,
Üzeyir bəy qonağın.
Yenə muğamat deyir,
Sərin İsa bulağın.
Sən məndən könül istə,
Deyim ki, gözüm üstə.
Bülbüldən bir Heyratı,
Xan əmidən Şikəstə.
Cıdır düzü gül açdı,
Xarıbülbül dil açdı.
Azərbaycan bayrağı,
Sənə necə yaraşdı!.
Baxıb doymuram yenə,
Şükür, Tanrı, bu günə.
Vaqif yenə söz qoşur,
Şuşam, sənin hüsnünə.
Adın zəfərlə qoşa,
Yaşa, əbədi, yaşa.
Qarabağın maralı,
Azərbaycan gözəli,
Şuşa, ay qədim Şuşa,
Şuşa, ay cavan Şuşa,
Şuşa, ay əziz Şuşa!!!
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
Müasir Azərbaycan romanında yeni üfüqlər
Rəqsanə Babayeva
Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün
Azərbaycan ədəbiyyatı əsrlər boyu zəngin və çoxşaxəli inkişaf yolu keçib. Klassik dövrün dastanları, poeziyası və realizm ənənələri müasir dövrdə roman janrında yeni nəfəs tapır. XX əsrin sonlarından başlayaraq, Azərbaycan yazıçıları sosial, tarixi, milli və bəşəri mövzuları daha geniş və fərqli baxışlarla işləyir, müasir romanı həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıdırlar. Müasir Azərbaycan romanı artıq yalnız hekayə anlatmaqdan çıxmış, düşüncə, tədqiqat və eksperiment sahəsinə çevrilmişdir.
Mövzuların genişlənməsi
Müasir romanın ən mühüm yeniliklərindən biri mövzuların genişlənməsidir. Ənənəvi olaraq sevgi, qəhrəmanlıq, ailə və sosial həyat mövzuları işlənirdisə, bu gün yazıçılar qloballaşma, müasir texnologiya, ekoloji böhran, qadın və gənclik problemləri kimi mövzulara da toxunurlar.
Xüsusilə Qarabağ mövzusu müasir romanlarda milli yaddaş və mənəvi dəyərlərin güzgüsü kimi çıxış edir. Müharibənin gətirdiyi dağıntılar, insan hekayələri, torpaq və aidiyyət məsələləri yalnız tarixi fakt kimi deyil, həm də obrazlar və emosiyalar vasitəsilə təqdim olunur.
Yeni dillər və üslub imkanları
Müasir Azərbaycan romançılarının dili və üslubu da fərqlidir. Klassik realizm ənənələri qorunmaqla yanaşı, eksperimental üslublar, psixoloji roman elementləri, zaman və məkan oyunları, dialoq və monoloqların interaktiv formaları istifadə olunur. Bu, oxucuya yalnız hadisəni izləmək yox, həm də obrazların daxili dünyasına daxil olmaq imkanı yaradır.
Yazıçılar müasir roman vasitəsilə milli kimliyi qoruyur, eyni zamanda qlobal ədəbiyyatın tələblərinə uyğun yeniliklər təqdim edirlər. Bu da Azərbaycan romanının dünya ədəbiyyatında öz yerini möhkəmləndirməsinə şərait yaradır.
Gənc yazarların rolu
Müasir Azərbaycan romanında gənc yazarların rolu xüsusilə önəmlidir. Onlar həm klassik ənənəni davam etdirir, həm də yeni texnologiya, sosial media və qloballaşan dünya ilə bağlı problemləri işləyirlər.
Gənc yazıçılar milli irsi unutmadan, onu müasir janr və süjetlərdə təqdim edirlər. Bu yanaşma həm milli kimliyin qorunmasını təmin edir, həm də romanı yeni oxucu auditoriyası üçün daha cəlbedici edir.
Qarabağ və müasir roman
Son illərdə Qarabağ mövzusu müasir Azərbaycan romanında həm tarixi, həm də mənəvi aspektdə işlənir. Müharibə və azadlıq hekayələri yalnız dramatik təsvir deyil, həm də milli yaddaşın qorunmasıdır. Yazıçılar torpağa bağlılığı, qəhrəmanlığı, insan taleyini və mədəni irsi müasir süjet vasitəsilə təqdim edirlər. Bu, roman janrını yalnız ədəbiyyat sahəsi kimi deyil, həm də milli-mədəni dəyər kimi gücləndirir.
Beynəlxalq üfüqlər
Müasir Azərbaycan romanı artıq yalnız yerli oxucu üçün deyil, dünya auditoriyası üçün də maraqlıdır. Tərcümə olunmuş əsərlər beynəlxalq kitab sərgilərində, festivallarda təqdim olunur, Azərbaycan ədəbiyyatının zənginliyi və müxtəlifliyi ilə tanışlıq imkanı yaradır.
Bu proses milli kimliyin qlobal səviyyədə təqdimatı, həm də mədəni diplomatiya vasitəsi kimi çıxış edir. Xarici oxucular Azərbaycan romanını oxuyarkən yalnız ədəbiyyat deyil, həm də tarix, mədəniyyət və milli dəyərləri öyrənir.
Yeni mövzular və eksperimentlər
Müasir romançılar eksperimental metodlardan da istifadə edirlər. Romanlarda vaxtın qeyri-xətti axını, bir neçə perspektivdən hekayənin təqdim olunması, fantastik elementlər və psixoloji dərinlik yeni oxucu təcrübəsi yaradır. Bu, Azərbaycan romanına yalnız estetik deyil, həm də konseptual dərinlik verir.
Məsələn, gənc yazarların psixoloji və sosial problemləri işlədiyi romanlar, milli kimlik, müharibə və ailə münasibətləri kimi mövzularla paralel olaraq təqdim olunur. Bu yanaşma romanın həm yerli, həm də beynəlxalq səviyyədə dəyərini artırır.
Müasir Azərbaycan romanı yeni üfüqlər açır. O, yalnız hekayə anlatmaqla kifayətlənmir, həm də milli kimliyi qoruyur, milli irsi gələcəyə çatdırır, gənc nəsli düşünməyə və yaratmağa ilhamlandırır. Qarabağ motivləri, qadın və gənclik hekayələri, ekoloji və sosial mövzular romanı həm zəngin, həm də universal edir.
Bu gün Azərbaycan romançılığı həm ənənəni yaşadır, həm də müasir üslublarla oxucunu təəccübləndirir. Müasir roman gənc yazarların enerjisi, milli irs və qlobal baxışın sintezidir.
Beləliklə, müasir Azərbaycan romanı yalnız ədəbiyyat deyil, həm də milli kimliyin, tarix və mədəni irsin yeni üfüqlərdə təcəssümüdür.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
Ədəbiyyatımızın zadəgan qızı Zemfira Məhərrəmli
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Yüksək mədəniyyət, mehriban davranış, xeyirxahlıq kübarlıqdan irəli gəlir. Kübarlıq isə zadəganlıq əlamətidir, əsilzadələrə xas olur. Sadə, təvazökar, işgüzar və zəhmətkeş xanımdır. Yazıb-yartmaq, maarifləndirmək onun həyat kredosudur. Ərsəyə gətirdiyi əsərlərin hər biri insanlığa, mənəviyyata xidmət edir. Ünsiyyətdə nəzakətli və iltifatlıdır. Məhz elə bu keyfiyyətləri onu həmişə diqqət mərkəzində saxlayıb...
Gözəl adı var- Zemfira. Adının mənası ciddi, şanslı, aktiv və diqqətli deməkdir. Bir vaxtlar işğal altında olan torpaqlarımız uğrunda döyüşən fədakar qadınlar haqqında ərsəyə gətirdiyi “Qarabağ müharibəsi: zərif talelər” kitabı bəlkə də, bu mövzuda qələmə alınan ən gözəl publisist yazılar toplusudur. İndiyədək iyirmi kitabı işıq üzü görüb. Onların əksəriyyətində məhz Qarabağdan söhbət açılır. Bu xanıma hakim kəsilən milli qeyrət, düşmənə nifrət yazdığı əsərlərdə də öz əksini tapıb. Bu da onun böyük vətənpərvər olduğunun təzahürüdür…
Deyir ki:- “Mən Qarabağ Veteran Qadınlar Təşkilatının fəxri üzvüyəm. İllər öncə, ilk təsis konfranslarında mənə üzvlük biletini təqdim etdilər. "Haqqımızda yazan, bizi tanıdan sizsiniz”,-deyirdilər. Bu sözlər mənim üçün qürurverici idi. Bayramlarda, həyatımın hansısa əlamətdar günündə, bəzən isə çətinlikləri olanda zəng edirlər. Kömək edə biləndə sevinirəm. Bizim üçün xüsusi bir gün var. 8 Mart Qadınlar Bayramı günü biz şənlik keçirmirik. Bir qucaq al qərənfillə Şəhidlər Xiyabanına gedir, bu müqəddəs məkanda uyuyan şəhid qızlarımızı yad edirik...”
1991-ci ildən mətbuatda həm də hərbi mövzuda yazılarla çıxış edir. Dəfələrlə “qaynar” nöqtələrdə olaraq Qarabağ müharibəsinin dəhşətləri, torpaqlarımızın bölünməzliyi uğrunda çarpışan oğul və qızlarımızın hünərini əks etdirən silsilə cəbhə reportajları hazırlayaraq dərc etdirib. 2010-cu ildə “Tərəqqi” medalına, 2018-ci ildə AYB-nin Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb. 2018-2019-cu illərdə IX və X “The first” ödülləri ilə mükafatlandırılıb. Prezident mükafatçısıdır. 2003-cü ildə elmi iş müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Müəllifi olduğu bir sıra publisistik və bədii əsərləri ana dili ilə yanaşı rus, ingilis və türk dillərində çap olunub…
“Səmimi etiraf edim ki, ədəbi yaradıcılığımda bir telefon zəngi mühüm rol oynayıb. "Bakı” qəzetində işlədiyim zaman xalq yazıçısı Hüseyn Abbaszadə mənə zəng etdi. 1997-ci ilin aprel ayı idi. Dedi ki, qızım mən sizin telefonunuzu xalq şairi Qabildən almışam. Onun əlində mənim ”Döyüşə qızlar gedir” kitabımı görübmüş. Sonradan bu kitabdakı sənədli hekayələrimi oxuyub və bəyənib. Böyük Vətən Müharibəsinin odlu yollarından keçən, sonradan "General” və "Qayıdanlardan biri” romanlarını qələmə alan yazıçımız məsləhət gördü ki, bədii yaradıcılığa başlayım. İnanın, məni əmin elədi ki, sizdə gözəl alınacaq. Ondan sonra bədii yaradıcılıqla məşğul olmağa başladım. "Ulduz", "Azərbaycan”,”Yazıçı qadınlar” jurnallarında, "Söz”dərgisındə,"Ədəbiyyat", "525-ci qəzet”, "Kaspi" və "Mir literaturı” qəzetlərində yazılarım dərc edilirdi.”- söyləyir.
Sadə, təvazökar, zəhmətsevər, işgüzar xanımdır. Məhsuldar işləməyi bacarır. Ərsəyə gətirdiyi əsərlərin hər biri mühüm tarixi hadisədir- insanlığa, mənəviyyata xidmət edir. Məhz, elə bu keyfiyyətləri onu həmişə diqqət mərkəzində saxlayır. Bir sözlə, yazıb-yartmaq, maarifləndirmək onun həyat kredosudur…
Deyir ki:- “Bəzən gənclərin "hüquqşünas olmaq istəyirdim, balım çatmadı, jurnalist oldum” kimi fikirlərinə rast gəlirik. Bu, günümüzün həqiqətləridir. Indiki Bakı Dövlətt Universitetinə qəbul olunduğumuz 1973-cü ili göz önünə gətirirəm. 50 yer uğrunda 1000-dən çox abituriyent mübarizə aparırdı. O vaxtlar test üsulu yox idi. 4 imtahanın hər birindən 4 qiymət alan neçə gənc bu fakültəyə qəbul oluna bilmədi. Bu müsabiqəyə qanı-canı ilə jurnalist olmaq istəyənlər qatılmışdı. Fəxr edirəm ki, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Qulu Xəlilli, Nurəddin Babayev, Nəriman Zeynalov, Famil Mehdi, Yalçın Əlizadə, Cahangir Məmmədli kimi müəllimlərdən dərs almışam. Qeyd edim ki, bu gün jurnalistikamızda ümid verən gənclər çoxdur. Bütün bunlara baxmayaraq, problemlər də qalmaqdadır. O zaman baş redaktorumuz Nəsir İmanquliyevin yaxşı bir sözü var idi. Deyirdi ki, yazını gərək elə yazasan ki, sim kimi cingildəsin. İndi isə dil qaydalarının pozulması yaralı yerimizdir. Özüm təmiz üslubun tərəfdarı olduğumdan bəsit, cılız, qrammatik qaydalara riayət edilməyən yazılara düşmənəm. Bu xüsusiyyətimə görə də inanın ki, bütün yazılarıma divan tuturam...”
Çox gözəl xanımdır. Onun yardımsevər, həssas, nəcib və incə olması bu gözəlliyə xüsusi rəng qatır. Bundan əlavə başqalarının qayğısına qalmaq və yaxşılıq etmək onun üçün əsl həyat nümunəsidir. Odur ki, xoş duyğularla yaşayan insanlara qarşı nəzakətli və mehribandır. İşlərini elə qurur ki, uğur yolunda gərəksiz maneələrlə üzləşmir. Problemsiz bir həyat onun ən böyük arzusudur. Xaraktercə zərif və cəlbedicidir. Cazibədarlığından necə istifadə etməyi bilən bu insanda uşaq səmimiyyəti var. Yalan danışmağı, bayağılığı, fiziki gərginliyi sevmir. Düşüncələrində müstəqil, fəaliyyətində azaddır. Bir sözlə, haqqında söhbət açdığım yazıçı-publisist Zemfira Məhərrəmli necə deyərlər, istiqanlı, insanpərvər xanımdır...
Tezliklə Azərbaycan xanımına xas olan ən gözəl xüsusiyyətləri özündə birləşdirən Zemfira xanımın 70 yaşı tamam olur. Onu yubileyi münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
Ən çox ağlayan Messi oldu
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1-Cİ SUAL-CAVAB
-Media Azərbaycanın 3-cü futbol divizionunda oynayan “Leik” komandasının ispaniyalı legioneri Rodriqo Vaskesin yığmada oynaması xəbərini yayıb. Bu xəbərin doğru olması şox şübhə doğurur. İspaniyalı, yığmada oynayan oyunçu və Azərbaycanın 3-cü divizionu, ucqar, dağlıq Lerik rayonu.
-Biz hər şeyə şübhə ilə yanaşmaqdan haçan usanacağıq? Niyə öz uğurlarımıza barmaq tıxayırıq? Bəli, rəsmən təsdiqləyirəm ki, Azərbaycanın 3-cü futbol divizionunda oynayan “Leik” komandasının ispaniyalı legioneri Rodriqo Vaskes yığma oyunçusudur. O, İspaniyanın Kordobo əyalətinin Daura kəndində yaşayır, kəndin Muaro məhəlləsinin 3-cü dalanının futbol yığmasının müdafiəçi və hücumçusudur.
-Həm müdafiəçi, həm də hücumçu?
-Bəli, elədir, çünki həmin dalanda yaşayan və futbol oynaya bilən kişi cinsi nümayəndəsi cəmi 9 nəfər olduğundan, Rodriqo Vaskes və daha bir nəfər birdən-birə 2 ampluada oyuna çıxırlar.
2-Cİ SUAL-CAVAB
-Azərbaycanlı keçmiş SOCAR rəsmisi, sonrakı biznesmen, milyonluq maşınları, bahalı əyləncələri, Messini, Ronaldinyonu və “Barselona” prezidentini Bakıya gətirməsi ilə gündəm olan Adnan Əhmədzadə DTX tərəfindən həbsinə ən çox kim ağlayıbdır?
-Əlbəttə ki Messi. Çünki onunla dost olmaq üçün Adnan bəy düz 22 milyon dollarından keçibdir. Belə yağlı tikəni əldən çıxaran, sizcə, ağlamazmı?
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
Anar – mənim yazıçımdır.
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
VAQİF SƏMƏDOĞLU ANAR BARƏDƏ
Anar – mənim yazıçımdır.
Bəzən deyir, Vaqif şair olmasaydı, bu şeirləri mən yazardım. Mən isə deyirəm: Anar nəsr əsərlərini yazmasaydı, onları mən yazacaqdım.
Moskvada oxuduğumuz illərdə də bir yerdə idik. Anar Ali Ssenari kurslarında oxuyurdu. Mən Moskva Konservatoriyasında ustad dərsləri alırdım. Anarın ətrafında Pribaltikadan, Gürcüstandan, Qırğızıstandan olan müxtəlif xalqların nümayəndələri toplaşırdı. Orda da lider idi. Kirayə qaldığı otaqda ədəbi görüşlər keçirirdik…
Azərbaycanda ensiklopedik biliklərə malik olan bircə adamı tanıyıram – o da Anardır.
Anar həm də çox etibarlı dostdur. Məndən cəmisi bir yaş böyükdür, amma bəzən mənə elə gəlir ki, on yaş böyükdür. Heç kəs mənimçün Anarı əvəz edə bilməz. Tanrıya dua edirəm ki, bizi görüşdürdü.
Bir müsahibədən. “Mir literatura” qəzeti. Sentyabr, 2011
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
TƏLƏBƏ YARADICILIĞI – Nuray Fərrzəliyevanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərə Ağdam Dövlət Ssoial-İqtisad Kollecinin tələbəsi Nuray Fərzəliyevanın
“Bir fincan tut” hekayəsi təqdim edilir.
Mən hər zaman qaçmışam. Uşaqlıqdan bəri insanlardan, sevgidən, kədərdən, hətta xoşbəxtlikdən belə. Çünki içimdə qəribə bir qorxu vardı: əgər bir şeyə çox bağlansam, bir gün onu itirəndə dayanılmaz ağrı yaşayacağam. Ona görə də özümə kiçik, soyuq, amma “güvənli” bir dünya qurmuşdum.
Günlərim təkrara çevrilmişdi. Hər səhər eyni küçə ilə işə gedirdim, hər gün eyni qəhvəxananın eyni küncündə otururdum. Orada insanlar gəlir, gedir, gülür, danışır, amma mən onların heç birinə qarışmırdım. Sanki şüşənin arxasında yaşayırdım: görünməz, toxunulmaz, amma içdən tükənmiş. Axşamlar isə eyni səssizliklə evə qayıdırdım. Həyat mənim üçün bir film idi. Ssenarisi əvvəldən yazılmış, sonu bəlli, dəyişməyən bir film. Və mən o filmin əsas qəhrəmanı deyildim sadəcə tamaşaçısı idim. O gecə şəhərin gurultusundan qaçmaq üçün addımlarım məni kənara apardı. Ayaqlarımın məni hara gətirdiyini bilmirdim, sadəcə gedirdim. İçimdə elə bir yorğunluq vardı ki, elə bil çiyinlərimdə bütün dünyanın ağırlığını daşıyırdım.
Nəhayət, köhnə bir tut ağacının altında dayandım. Səssizlik vardı. Külək budaqları titrədirdi və mənə elə gəlirdi ki, ağac özü mənimlə danışır. Qaranlıqda budaqlara baxanda, qəribə bir dəvət hiss etdim, elə bil ağac mənə pıçıldayırdı: “yuxarı qalx…”
Və mən qalxdım.
Tut ağacının gövdəsi qaba və soyuq idi. Barmaqlarımı qabıqlı budaqlara keçirib yavaş-yavaş yuxarı dırmaşırdım. Ayaqlarım sürüşürdü, amma dayanmaq fikrim yox idi. İçimdə elə bir qərarlılıq vardı ki, sanki bədənim artıq özümə aid deyildi. Mən yalnız sonu görmək istəyirdim. Hər addımda ürəyim daha sürətlə döyünürdü. Döyüntülər boğazıma yığılır, nəfəs almağımı çətinləşdirirdi. Qulaqlarıma yalnız bir səs gəlirdi: “bitir… bitir… bitir…”
Yuxarı qalxdıqca şəhərin gurultusu zəifləyirdi. Mənim üçün dünya yalnız o ağac və onun kölgəsinə bürünmüş qaranlıqdan ibarət idi. Nəhayət, ağacın ən hündür budaqlarından birinə çıxdım. Aşağıya baxdım. Şəhərin işıqları uzaqda xırda ulduzlar kimi titrəyirdi. İnsanların həyatları davam edirdi gülüşlər, söhbətlər, sevgilər, kədərli anlar… Amma mənim üçün bunların heç bir mənası qalmamışdı. Mən öz filmimin son səhnəsini oynamağa hazır idim.
Bir anlıq gözlərimi yumdum. Tək bir addım yetərli idi. Bütün bu yorğunluq, bütün bu boşluq yoxa çıxacaqdı. Amma o an, gözlərim qapalıykən qəribə bir səs eşitdim. Zəif, amma aydın idi. Qəhqəhə ilə qarışmış uşaq səsi.
Gözlərimi açdım.
Aşağı baxanda bir neçə uşağın ağacın altında olduğunu gördüm. Onların əlində balaca fincanlar vardı. Budaqlardan tutları yığır, sonra bir-birinə göstərib gülürdülər. Sanki onlar üçün həyatın ən böyük sərgüzəşti elə bu an idi ağacdan tut toplamaq, barmaqlarını bənövşəyi rəngə boyamaq və sonra gülərək bölüşmək idi. O an özümü qəribə hiss etdim: ağacın yuxarısında “yoxluq” axtaran mən, aşağıda isə sadəcə var olmağın sevincini yaşayan uşaqlar.
Onlara baxdıqca boğazımda düyün əmələ gəldi. Mənim üçün həyat heç bir dəyəri qalmamış boşluq idi. Onların isə hər biri sadə bir tut dənəsinin dadında xoşbəxtlik tapırdı. Ağacın ən uca budağında oturmuşdum. Əllərim titrəyirdi, ayaqlarımın altında dünya kiçik və əhəmiyyətsiz görünürdü. Amma baxışlarım yenə də aşağıya, o uşaqlara kilidlənmişdi. Onlar sanki başqa bir aləmdən gəlmişdilər. Sadəliyin, saflığın təcəssümü idilər. Bir qızcığaz, qıvrım saçları alnına yapışmış halda, əlindəki fincanı ehtiyatla tutub diqqətlə tumurcuqlara baxırdı. Bir oğlan uşağı isə hər dəfə daha böyük tut tapanda sevinir, ucadan qəhqəhə çəkir, digərlərinə də göstəriridi. Mən hərəkətsiz qalmışdım. Sanki daşlaşmışdım. Amma elə bil içimdəki sükut çox uzun sürmüşdü, çünki birdən uşaq səsinin incə titrəyişi eşidildi:
– “Orda kim var?”
Mən istəmədən budağı azca tərpətmişdim və yarpaqlar xışıltı ilə səs çıxarmışdı. Uşaqlar başlarını yuxarı qaldırdılar. İndi onların gözləri məni görürdü. Mənim varlığım - illərlə gizləndiyi, heç kimin fərqinə varmadığı bu adam indi bir neçə balaca gözün diqqətində idi.
Qıvrım saçlı qız əlini gözlərinin üstünə qoyub diqqətlə baxdı. Sonra asta səslə dedi:
– “Oturub orda… ağacın başında.”
Digərləri də bir-bir boylanmağa başladı. Mənimlə göz-gözə gələndə, onların baxışında qorxu yox, təəccüb və maraq vardı. Mən özümü elə bil bir güzgüdə görürdüm, illərlə gizlənən, amma indi birdən-birə ifşa olan bir adam timsalında.
Uşaqlardan biri ucadan səsləndi:
– “Orda nə edirsən? Tut yığırsan?”
Mən susdum. Dodaqlarım qurumuşdu, səsim çıxmırdı. Nə cavab verəcəyimi bilmirdim. Mən burda tut yığmaq üçün deyildim axı… Mənim niyyətim tamam başqaydı. Uşaqlar hələ də mənə baxırdı. Sonra qızcığaz, o balaca qıvrım saçlı qız, təmkinlə dilləndi:
– “Tək yemə. Biz də burdayıq. Bizə də kömək elə. Sonda birlikdə yeyək.”
İllərlə heç kim mənə “bizimlə paylaş” deməmişdi. Mənim dünyam həmişə “mən” üzərində qurulmuşdu - təkliyim, qorxum, ağrım. Amma indi bir uşaq mənimlə "biz”dən danışırdı.
Mən aşağıya enib onlara qoşulmaq istədim. Ayaqlarım əvvəlcə əsə-əsə hərəkət elədi, sonra yavaş-yavaş budaqdan budağa enməyə başladım. Onların gözləri mənim hər hərəkətimi izləyirdi. Ağacın gövdəsi kobud idi, dırnaqlarımın altına batan qabıqları hiss edirdim. Ayaqlarım sanki boşluğa düşəcəkmiş kimi əsirdi, amma içimdə qəribə bir təmkin vardı. Nəhayət, ayaqlarım torpağa dəydi. Torpağın qoxusu burnuma doldu, bu qoxu mənə illərlə unutduğum uşaq günlərimi xatırlatdı. Mənim də vaxtilə bu cür ağacların altında oynadığım günlər olmuşdu, amma yaddaşımın dərinliyinə basdırmışdım o xatirələri. Uşaqlar isə gözlərini məndən çəkmirdi. Onların baxışında nə hökm, nə sual vardı. Sadəcə maraq və bir az da səmimiyyət.
Qıvrım saçlı qız qayıdıb əyildi, yerə düşmüş tutları yığmağa başladı. Mənə tərəf baxmadan dedi:
"-Əgər hamımız birlikdə toplasaq, daha çox olacaq. Sonra da hamımız yeyəcəyik.”
Səsi sakit idi, amma qəribə bir gücü vardı.
Digər uşaqlar da bir-birinə sözsüz baxıb, başları ilə razılaşdılar. Elə bil onlar arasında onsuz da çoxdan qurulmuş bir anlaşma vardı, paylaşmaq onların dili idi.
Əlimi cibimə atmaq istədim, amma heç nə yox idi. Mənim tutum yox idi, fincanım yox idi. Hətta paylaşmağa hazır bir şeyim belə yox idi. Düşündüm: “Mənim onlara qatılmağa haqqım varmı? Mən burda başqa niyyətləydim axı…”
Amma uşaqlar sanki düşüncələrimi oxudular. Onlardan biri - balaca, üstü palçığa bulaşmış köynəkli oğlan – əlindəki fincanı götürüb mənə tərəf uzatdı.
– “Götür. Tutları Bunun içinə yığ.”
Bir uşaq heç tərəddüd etmədən özünə məxsus olanı mənimlə bölüşürdü. Əlimi uzadanda barmaqlarımız bir-birinə toxundu. Onun əli balaca idi, amma istiliyi sanki donmuş qəlbimi isidirdi. Mən o fincanı götürdüm. Sonra ağaca yaxınlaşdım. İlk dəfə budağın üzərindən bir tut dənəsini qopardım, fincanın içinə qoydum. Uşaqlar mənim tərəddüdümü hiss etməsinlər deyə, daha çoxyığmağa başladım. Onlar gülə-gülə öz aralarında danışırdılar, mən isə çoxdan unutduğum bir şeyin dadını hiss edirdim -insanlar arasında olmaq.
Bir azdan fincanlar doldu. Onların əlləri bənövşəyi rəngə boyanmışdı, mənim də barmaqlarım eyni rəngdə idi. Bir oğlan sevincdən ucadan dedi:
– “Bəsdi artıq! Gəlin yeyək!”
Onlar dairə qurub oturdular. Mən kənarda dayanmışdım, çünki yenə də içimdə o köhnə çəkinmə vardı. Amma qızcığaz başını qaldırıb mənə baxdı:
– “Gəl. Tək yemək olmaz. Hamımız bir yerdə yeməliyik.”
Heç nə demədim. Məndə irəlilədim, onların dairəsinə oturdum. Tutları ortalığa qoydular. Uşaqlar bir-bir götürüb yeməyə başladılar, sonra da mənə uzatdılar. İlk dənəni ağzıma qoydum. Dadı şirin idi, amma o şirinlik təkcə meyvənin deyil, o anın, o paylaşımın dadı idi.
İlk dəfə idi ki, yemək sadəcə doymaq üçün deyildi.
Uşaqlar danışır, gülür, bir-birlərinə zarafatlar edirdilər. Mən isə sadəcə onları izləyirdim. Onların sadə sözlərində, uşaqca səmimiyyətlərində böyük bir həqiqət vardı: həyat çox mürəkkəb görünür, amma əslində çox sadədir. Sadəcə paylaşmaq və birlikdə olmaq.
Gözlərim doldu. Mən illərlə ağlamamışdım. Amma indi sanki içimdəki daşlardan axan su gözlərimdən damcı-damcı çıxırdı. Mən gizlətmədim. Onların yanında özümü gizlətməyə ehtiyac yox idi. Çünki onların gözündə mənim kim olduğum yox, indi yanlarında oturduğum önəmli idi.
O gecə mən tut ağacının altından başqa bir insan kimi qalxdım. Mən əvvəlki kimi deyildim. İçimdə uzun illərin qaranlığını deşən işıq vardı. Mən başa düşdüm ki, mənasız görünən günlərimdə belə bir səbəb gizlənirmiş: o uşaqlara rast gəlmək, onların saf baxışlarından dərs almaq.
Şəhərə qayıdanda küçələr mənə ilk dəfə tanış gəldi. İnsanların səsi mənə yük deyil, musiqi kimi eşidildi. Mən ilk dəfə düşündüm: “Bəlkə də həyat film deyil. Hər gün yazılan bir hekayədir. Və mən bu hekayəni tək yazmalı deyiləm.”
O gündən bəri mən fərqli yaşamağa başladım. Kafedə küncdə oturanda yanımdakı masada əyləşən bir insanın söhbətini dinləmək istədim. Parkda tək oturan bir qocanın yanında dayanıb salam verdim. Küçədə üz-gözündən yorğunluq oxunan bir gəncə gülümsədim. Çünki başa düşdüm: hər kəsin içində bir dünya var, bir əbədiyyət gizlənir.
İllər sonra belə mən hələ də o günün səsini, gülüşlərini, barmaqlarıma bulaşmış tutun qoxusunu xatırlayıram. Həyatım boyu çox şey dəyişdi - insanlar gəldi, insanlar getdi, yollarım ayrıldı, yollarım birləşdi. Amma heç nə o ağacın kölgəsində oturduğum an qədər parlaq olmadı.
Həyat insanın topladığı şeylərlə deyil, bölüşdükləri ilə ölçülür. Tək yeyilən meyvə doyurur, amma dad vermir. Tək gedilən yol aparır, amma iz qoymur.
O uşaqlar mənim müəllimlərim oldu. Onlar məni sözlə yox, sadəlikləri ilə öyrətdilər:
“Paylaşanda çoxalırıq. Birlikdə olanda yaşayırıq.”
İndi mən hər tut mövsümündə bir az kənara çəkilib öz-özümə gülümsəyirəm. Çünki bilirəm ki, əslində həyat tut ağacının altında başlamışdı.
“İnsan yaşamaq üçün insana möhtacdır.”
Əslində hər birimiz öz “tut ağacımızın” ətrafındayıq. Kimimiz zirvədə dayanıb aşağıya baxır, kimimiz kölgəsində oturub gözləyir, kimimiz də meyvəsini toplamaqla məşğuldur. Hər birimiz öz qaranlığımızı daşıyırıq. Kimsə kədəri gizlədir, kimsə yorğun gülüşlərin arxasında əzabını saxlayır. Amma bəzən ən kiçik hərəkət dünyanı dəyişdirir. Tanımadığımız bir insana uzadılan bir gülüş, Bir uşağın öz tut dənəsini bir başqasına uzatması, yaxud çətin bir günün sonunda birinin “necəsən” sualı, bir fincan kofe ilə edilən sadə bir jest…
Bunlar çox vaxt görünməz, amma əslində həyatın ən güclü toxunuşlarıdır. İnsanlar bunu dərhal anlamır, amma iç dünyalarında uzun müddət qalır. Həyat böyük hadisələrdə yox, məhz bu kiçik anlarda, sadə seçimlərdə gizlidir. İnsan hər gün milyonlarla insanla qarşılaşır, amma hər birinə kiçik bir diqqət göstərmək - gülmək, qulaq asmaq, kömək etmək həm bizim, həm də onların həyatında görünməz, amma əbədi bir iz buraxır.
Və bu iz, bəzən illər sonra geri dönüb göstərir ki, həyatın əsl mənası böyük hərəkətlərdə deyil; sadəcə birlikdə olmaqda, bir-birimizin yanında olmaqda və paylaşmaqda gizlidir.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
Bremendə Üzeyir Hacıbəyliyə həsr edilən möhtəşəm konsert keçirilib
Azərbaycan professional musiqi məktəbinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi və Milli Musiqi Günü münasibətilə Almaniyanın Bremen şəhərində “Şərqdən gələn səs” adlı möhtəşəm musiqi proqramı təqdim olunub.
yat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfirliyinin və Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir Bremendə tarixi-memarlıq baxımından əhəmiyyətli “Unser Lieben Frauen Kirche - Christophus” salonunda baş tutub.
Konsertdə azərbaycanlı musiqiçi Tural İsmayılovun rəhbərlik etdiyi “Anima Şirvani” ansamblı və bremenli ifaçılar səhnəni bölüşərək Şərq və Qərb musiqi ənənələrinin möhtəşəm sintezini təqdim ediblər. Proqramda Üzeyir Hacıbəylinin əsərləri ilə yanaşı, dünya musiqisinin nəhəngi İohan Sebastyan Baxın kompozisiyaları da səsləndirilib. Musiqinin sehrli dili vasitəsilə mədəniyyətlərarası dialoq qurulub, dinləyicilərə bənzərsiz musiqili anlar bəxş edilib. Səsləndirilən əsərlər Şərqin zəngin melodiyalarını Avropa klassik musiqisinin dərin ahəngləri ilə birləşdirərək tamaşaçılara yüksək estetik zövq yaşadıb.
Tədbirin əsas məqsədi görkəmli bəstəkar Üzeyir Hacıbəylinin bənzərsiz yaradıcılıq irsini beynəlxalq miqyasda tanıtmaq, Azərbaycanın zəngin musiqi irsini beynəlxalq auditoriyaya daha geniş təqdim etmək olub.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
Qazaxıstanda “Silk Way Star” vokal müsabiqəsinin premyerası keçirilib
Qazaxıstanın “Jibek Joly” telekanalında ilk beynəlxalq “Silk Way Star” vokal müsabiqəsinin premyerası reallaşıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, müsabiqədə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Çin, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Cənubi Koreya və digər ölkələrin nümayəndələri iştirak edir.
Bu, Asiyada keçirilən ilk vokal müsabiqədir və Astanada təşkil olunur. Azərbaycanı yarışmada müğənni və aktrisa, “Azərbaycanın Səsi” layihəsinin yarımfinalçısı Səbinə Quluzadə (Sabina Zadeh) təmsil edir.
Musiqili şounun çəkilişlərinə bu il avqustun 20-də start verilib.
“Silk Way Star”ın böyük finalı noyabrın 22-də keçiriləcək və ilin ən yaddaqalan musiqi hadisələrindən birinə çevriləcəyi gözlənilir. Final beynəlxalq live-şou formatında “Jibek Joly/Silk Way” telekanalı və iştirakçı ölkələrin aparıcı telekanallarında canlı yayımlanacaq.
Qalib “Silk Way Star”ın unikal titulunu qazanacaq və öz yaradıcılığını dünya səhnəsində təqdim etmək imkanı əldə edəcək.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
Şəhidlər barədə şeirlər - Tacəddin Əzizli
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Tacəddin Əzizli
Tacəddin Əzizli 1994-cü il avqustun 7-də Salyan rayonunun Sarvan kəndində anadan olub. 2000-2004-cü illərdə İ. Həsənov adına Sarvan kənd tam orta məktəbində, 2004-2011-ci illərdə isə Səbail rayonunun R. Hüseynov adına 49 nömrəli məktəb-liseyində təhsil alıb. 2012-2017-ci illərdə Xarkov Dövlət Ticarət və Qida Sənayesi Universitetində ali təhsil alıb.
Tacəddin Əzizli 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Tacəddin Əzizli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacəddin Əzizli noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhidlər baş tacıdır,
Sən də bizim tacımız.
Həm zəfər sevincimiz,
Həm də itki acımız.
Səni itirməmişik,
Bizim yanımızdasan,
Bizim ruhumuzdasan,
Bizim canımızdasan.
Bircə görə bilmirik,
Bircə duya bilmirik.
Boynuna sarılaraq,
Qucaqlaya bilmirik.
Bilmirik hayandasan,
Səmalarda, cənnətdə.
Tanrı icazə versə,
Görüşərdik, əlbəttə.
Səninçün darıxmışıq,
Söylə, harda görüşək?
Xəyalən də olsa, gəl,
Yuxularda görüşək.
Görüşək, igid oğul,
Tanrıya çatan şəhid.
Zəfər tariximizə,
İmzasın atan şəhid.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)


