ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə axşamı, 23 Sentyabr 2025 10:29

“LİBRAFF” Deniel Çidiakı Bakıya gətirir

Oxucularını daim yeniliklərlə sevindirən “LİBRAFF” mağazalar şəbəkəsi bu ay daha bir ilkə imza atacaq. 8 ölkədə bestseller olmuş və dünyanın hər yerindən milyonlarla oxucuya malik avstraliyalı yazıçı Deniel Çidiak “LİBRAFF”ın təşəbbüsü ilə ilk dəfə Azərbaycanda oxucuları ilə görüşəcək.

 

Azərbaycanda da tez-tez bestseller siyahısına düşən və artıq ikinci nəşri də tükənməkdə olan “Kim deyir ki, bacarmazsan? Bacararsan!” kitabının müəllifi, oxucularına öz təcrübə və həyat hekayələri ilə ilham verən Deniel Çidiak sentyabrın son həftəsində Bakıda qonaq olacaq.

Artıq 5 kitab müəllifi olan müəllif 27 sentyabr saat 15:00 – “LİBRAFF”ın  “Park Akademiya” filialında kitab müzakirəsində iştirak edəcək və motivasiya, şəxsi inkişaf, habelə yumşaq bacarıqların önəmi barədə öz fikirlərini oxucularla bölüşəcək.

 28 sentyabr saat 12:00-da isə “Gənclik Mall”ın 1-ci mərtəbəsinin əsas zalında baş tutacaq imza mərasimində oxucular müəlliflə bir daha görüşmək imkanı qazanacaqlar.

Tədbirin giriş bileti müəllifin kitabıdır. Kitabı bütün LİBRAFF mağazalarından əldə etmək olar. Buradakı link vasitəsilə kitabı 20% endirimlə onlayn sifariş edə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2025)

 

Çərşənbə axşamı, 23 Sentyabr 2025 10:05

MARAQLI SÖHBƏTLƏR Xudu Məmmədov və Zəlimxan Yaqub

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Heç bilirsiniz, Xalq şairi Zəlimxan Yaquba “Saz” pemasını yazmağı kim sifariş verib? Bu gün bu haqda danışacağan.

 

Görkəmli alimimiz Xudu Məmmədov 80-ci illərdə Ağdamda bir məclisdə Zəlimxan Yaquba belə deyir: "Mən ictimai sifariş verirəm, saz haqqında əsər yazmalısan. Bu, xalqın sifarişidir. Bəxtiyar Vahabzadə "Muğam" poemasınıyazandan sonra saz haqqında da yazmaq istəyirdi. Ancaq mən dedim ki, Bəxtiyar, sən saz haqqında yazma, çünki sən onu bilmirsən, saz haqqında da yazan tapılar. İndi mən görürəm ki, saz haqqında əsərin müəllifini tapmışam və o adam sənsən..."

Beləcə, Zəlimxan Yaqub "Saz" poemasını Xudu Məmmədovun xahişi və təkidi ilə yazır.

Zəlimxan Yaqub sonralar bu haqda belə deyirdi: "Fəxr edirəm ki, mən "Saz" poemasının müəllifiyəm. O poemanın da araya-ərsəyə gəlməsinə görə böyük alimimiz Xudu Məmmədova minnətdaram".

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2025)

Çərşənbə axşamı, 23 Sentyabr 2025 09:33

20 yanvar şəhidi ÜLVİ BÜNYADZADƏ

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 İmperiya ordusu 20 yanvarda Bakıda qırğın törədəndə bir güllə də gənc bir şairə dəydi. Beləcə, arzuları ürəyində qalan nakam taleli daha bir gənc Şəhidlər Xiyabanının daimi sakini oldu...

 

Şair Ülvi Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı bir ailədə dünyaya göz açıb. 5 yaşından yazıb-oxumağı bacaran Ülvi 6 yaşında ilk şeirini yazıb.

Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndindəalıb. 1978-ci ildə Ülvinin valideynləri Kəsəmən kəndindən Daşkəsən şəhərinə köçüb. Orta təhsilini Daşkəsən şəhəri İ. Nəsimi adına 1 nömrəli tam orta məktəbdə alıb.

12–13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpgili bədii və publisistik yazıları ilə "Daşkəsən" qəzetində çıxış edib. Eyni zamanda rayonda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliyinin üzvlüyünə qəbul edilib. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddillik musiqi təhsili alıb. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətləri ilə çala bilirdi.

1986-cı ildə sənədlərini ADU-nun şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə verib, imtahanlarını müvəffəqiyyətlə versə də, müsabiqədən keçməyib, Daşkəsən kəndinə qayıdaraq rayon təmir-tikinti idarəsində rəngsaz işləyib. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olub. Təhsilə başladığı ilk günlərdən qrup nümayəndəsi seçilib, dərs əlaçısı və fəal ictimaiyyətçi kimi tezliklə bütün institutda tanınıb. İnstitutun qəzetində yazıları mütamadi çap olunub.

Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilib. 1987–1989-cu illər Ülvi Bünyadzadənin qısa ömrünün ən məhsuldar dövrü olub. 1988-ci ilin iyunundan 1989-cu ilin sentyabrına qədər hərbi xidmətdə olub. Ülvi əsgəri xidmətini yüksək səviyyədə yerinə yetirdiyinə görə hərbi hissədə Sov.İKP üzvlüyünə qəbul edilib. Əlbəttə, o dövr üçün parya üzvü olmaq böyük zirvə hesab edilirdi. Nə biləydi ki, elə bu partiya onun qanını tökəcək…

1989-cu ilin sentyabr ayında SSRİ Müdafiə Nazirinin həmin dövrdəki qərarına əsasən o, tələbə olduğu üçün vaxtından 9 ay əvvəl hərbi xidmətdən tərxis olunub və APXDİ-nin II kursunda təhsilini davam etdirmək üçün sentyabr ayının əvvəllərində Kanskdan Bakıya qayıdıb. Ülvi həmin gün Azadlıq meydanındakı mitinqdə iştirak edib və uydurma "Dağlıq Qarabağ probleminin" xalqı üçün yaratdığı sıxıntıların, iztirabların, gərginliklərin daha da dərinləşdiyinin şahidi olub.

19 yanvar 1990-cı ildə gecə Bakıya girən Sovet ordusunun yolunu kəsib, dinc piketin gülləbaran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlanan gülləyə sipər edib və saat 00.20-də həlak olub. Yanvarın 20-də axşamüstü dostları, tələbə yoldaşları və müəllimləri onun cəsədini Semaşko adına xəstəxanadan tapıblar.

Ülvi Bünyadzadə Bakıda Şəhidlər Xiyabanında 40-cı qəbrdə dəfn olunub.

Ülvinin əsərlərinə 200-dən çox şeiri, "Ömür yolu" poeması və "Qansızlar" povesti (Hər iki əsər Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-yə yaxın dünya ədəbiyyatından original tərcümələr (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi, bibisi Almaz Ülviyə, dostları Məhəbbət və Cavidə yazdığı xeyli məktubları və s. yazıları daxildir

Ülvinin son illər yaşadığı küçəyə (babasının evi yerləşən Anaşkin küçəsinə) "Ülvi Bünyadzadə küçəsi" adı verilib. Həmin evin (babasının evinin) divarına "Burada 20 yanvar şəhidi, şair Ülvi Bünyadzadə yaşamışdır" yazılı barelyef-lövhə vurulub

"20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 31 mart 1998-ci il tarixdə fərman imzalanıb. 29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnaməyə uyğun Ülviyə bu ad verilib.

 

Əsərləri

1. "Ülvi duyğularım"

2. "Bir ölümün acığına"

3. "Ömrüm sənin eşqindi"

4. "Sənin oxşarın bənövşədi"

5. "Ömür yolu"

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2025)

 

Çərşənbə axşamı, 23 Sentyabr 2025 09:02

MÜTALİƏ MƏDƏNİYYƏTİ – 23.Mütaliə ilə bağlı faktlar

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

23.

MÜTALİƏ İLƏ BAĞLI FAKTLAR

Böyük şəxsiyyətlərin həyatına nəzər saldıqda, mütaliə haqqında çox əhəmiyyətli və maraqlı faktlar meydana çıxır. Dahi şairimiz və mütəfəkkirimiz Nizami Gəncəvi elm öyrənməyi hər şeydən üstün tuturdu. O, özü qədim yunan mənbələrini birər-birər öyrənirdi. Azərbaycan Sovet ədəbiyyatının görkəmli nümayəndələri Səməd  Vurğun və Rəsul Rza mütaliənin vacibliyini dönə-dönə qeyd edirdilər, özləri də çox mütaliə etmələri ilə fərlənirdilər.

Günümüzdə də ölkəmizdə çox sayda kitab oxumaqla fərqlənən unikal şəxslər vardır. Onlardan biri Sumqayıt şəhərində yaşayan Xan Rəsuloğludur ki, oxuduğu kitabların sayı hesabı yoxdur, min nüsxələrlə ölçülür. O, kitabları həm oxuyur, həm də onların qısa konspektini tutur, təbliğ edir.

Məşhurların kitablarla bağlılıqlarına aid o qədər maraqlı faktlar gətirmək olar ki. Məsələn, Napoleon Bonapart sürətli oxuma qabiliyyəti ilə fərqlənib. Hətta onun  dəqiqəyə iki min söz sürətiylə oxuduğu iddia olunur. Balzak iki yüz səhifəlik romanı cəmi yarım saata oxuyurmuş.

Dünyanın ən varlı iki şəxsi – “Tesla” şirkətinin sahibi İlon Mask da, “Amazon” şirkətinin sahibi Ceff Bezos da qazandıqları bütün uğurlara görə kitablara borclu olduqlarını söyləmişlər. İlon Maskı yüksəldən Benjamin Franklinin xatirələri, Ceff Bezosu isə müşküllərdən xilas edən Nobel mükafatçısı Kadzio İsiquranın “Günün  qalanı” romanı olmuşdur.

 "Risaleyi Nur" kitabının müəllifi olan Badiuzzaman Said Nursi yeniyetməlik çağında gündə 200 səhifə mütaliə etməklə 90 kitab oxumuş və qeyri-adi hafizəsi hesabına onların hər birini əzbər yadda saxlamışdır.

Növbəti:

24. Dahilər və kitab

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2025)

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, ICESCO-nun Baş direktoru cənab Dr. Salim bin Məhəmməd əl-Malik Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə Türkistana səfər edib və orada müxtəlif tədbirlərə qatılmaqdadır.

21 Sentyabr, 2025-ci il tarixində Dr. Salim bin Məhəmməd əl-Malikin Türkistan vilayəti Akiminin müavini Yertay Altayev və Türkistan şəhərinin akimi Azimbek Pazılbekoğlu ilə görüşü baş tutub.

 

Portalımıza Türkistanda olanTürk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyətindən verilən xəbərə görə, görüş zamanı əsas diqqət mədəni irsin qorunması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib. Həmçinin, ICESCO ilə əlaqələrin daha da möhkəmləndirilməsi və Türkistan vilayətindəki abidələrin İslam dünyasının mədəni irs siyahılarına salınması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Türkistan vilayəti Akim müavini və Türkistan şəhəri Akimi ICESCO-nun fəaliyyətini yüksək qiymətləndirib, görüşün əhəmiyyətinə toxunublar. ICESCO Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik Türkistanda keçirdiyi zaman ərzində onun zəngin mədəni irsinin şahidi olduğunu və bu mirasın İslam dünyasının ümumi dəyərlərinə böyük töhfə verdiyini qeyd edib. Tərəflər öz növbəsində Türk Mədəniyyəti və İrsi Fonduna görüşün təşəbbüsünə və təşkilinə görə minnətdarlığını bildiriblər.

Görüş əməkdaşlığın perspektivləri ilə bağlı səmərəli fikir mübadiləsi ilə davam edib.

Qeyd etmək lazımdır ki, görüşdən əvvəl qonaqlar üçün “Böyük Çöllər Yurdu” («ҰлыДалаелі») Mərkəzinə xüsusi ekskursiya təşkil olunub. Burada iştirakçılar mərkəzin zəngin ekspozisiyaları ilə tanış olub, Böyük Çölün tarixi, mədəni irsi və qədim ənənələri haqqında ətraflı məlumat əldə ediblər.  

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2025)

 

Çərşənbə axşamı, 23 Sentyabr 2025 08:01

Onu daha çox uşaq yazıçısı kimi xatırlayırlar

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bizdə uşaqlar üçün yazanlar o qədər azdır ki. Ona görə də lanları əsla unutmurlar, oxuyurlar, bəyənirlər. O cümlədən, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş Ələviyyə Babayevanı.

 

Ələviyyə Babayeva 1921-ci ilin 12 avqustunda Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunan "İki həyat" adlı hekayəsi ilə başlayıb. Hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr edib. A. Qaydarın "Uzaq ölkələr", V. Biankinin "İz ilə", "Ayı balası", "Qırmızı təpə", K. Paustovskinin "Oğru pişik", V. Q. Korolenkonun "Satın alnmış uşaqlar", Y. Sotnikin "Əcaib quş", V. Astafyevin "Ulduz xəzanı", Y. Çaruşinin "Nikitanın oyuncaqları" və b. onun tərcüməsində kütləvi tirajla çap olunub.

"Azərbaycan qadını" jurnalında məsul katib, "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri, sonra baş redaktor olub. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin Azərbaycanın bir çox yerlərində ədəbi tədbirlərdə iştirak edib. Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olub.

 

Əsərləri

- Mənim müəlliməm

- Hekayələr

- Tək ağac

- Kənd yolları

- Payızda

- Mən tək deyiləm

- Kənd yollarında səyahət

- Kölgə

- Tut ağacı

- Süsənsünbül

- Hörüklər

- Povestlər

- Adamlar və talelər

- Böyürtkən mürəbbəsi

- Sehrli pillələr

- Səni axtarıram

- Küləyin tərkin

 

Filmoqrafiya

- Dınqıl, sazım, dınqıl

- Sehrlənmiş küpə

 

Mükafatları

- Azərbaycan SSR əməkdar mədəniyyət işçisi

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Yazıçı 23 sentyabr 2014-cü ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2025)

 

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Oğuz rayonunun qədim Baş Daşağıl kəndindəki Sənətkarlıq klubunda, həvəskar musiqiçi, sintizator ifçısı, gözdən əlil, Uşaq İncəsənət Festivalı iştirakçısı, Oğuz rayon Uşaq Musiqi məktəbinin şagirdi Zəhra Novruzovanın ilk konserti təşkil edilib.

 

Tədbirdə əvvəlcə Dövlət himnimiz səsləndirilib, sonra Vətən uğrunda həlak olmuş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Oğuz rayon Baş Daşağıl kənd Sənətkarlıq klubunun müdiri R.Abdurəfiyev həvəskar sintizator ifaçısı Zəhra Novruzovanın uğurları barədə məlumat vermişdir. 

Tədbirdə Z.Novruzovanın solo çıxışı olmuşdur. Daha sonra isə o  özünün sevimli mahnılarını Oğuzun tanınmış müğənniləri ilə birlikdə də ifa etmişdir.

Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin əməkdaşı A.Ağayev, Baş Daşağıl kənd Ərazi İdarəetmə üzrə İcra Nümayəndəsi T.Məmmədov,   Bucaq kənd Bələdiyyəsinin sədri R.Əhmədov, Baş Daşağıl kənd sakinləri həvəskar musiqiçi Z.Novruzovanın yaxın qohumları, həmçinin Zəhra Novruzuzovaya mənəvi dəstək olmaq üçün Bakı şəhərindən gələn əslən Oğuz rayon Sincan kəndindən olan tanınan və sevilən müğəni Tərlan Oğuzlu və Oğuz rayon Dəymədərə kəndindən qonaq qismində iştirak edən müğəni Ülvi Oğuzlu, eləcədə tədbirin ərsəyə gəlməsində, Zəhra Oğuzlunun ilk solo konsertinin təşkil olunmasında Oğuz rayon Mədəniyyət Mərkəzinin direktoru Anar Hüseyinov, Oğuz rayon Mədəniyət Mərkəzinin əməkdaşı Mirməhəmməd Malıyevin böyük zəhməti olmuşdur.

 Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Ayaz Ağayev  Oğuz rayon İcra Hakimiyyətinin Başçısı Cavid Əbdul-Qədirovun fəxri fərmanını və hədiyyəsini,   Zəhra Novruzovaya təqdim etmiş, onu təbrik etmişdir.

Tədbirin təşkilinə görə Oğuz rayon Baş Daşağıl kənd kənd sakinləri və tədbir iştirakçıları yaradıcı insanlara, istedalı şəxslərə; göstərdiyi mənəvi dəstəyə görə Oğuz rayon İcra Hakimiyyətinin Başçısı Cavid Əbdul-Qədirova, Oğuz rayon Mədəniyyət Mərkəzinin direktoru A.Hüseyinova, Oğuz rayon Baş Daşağıl kənd Sənətkarlıq klubunun əməkdaşlarına öz minəttdarlıqlarını bildirdilər.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2025)

 

 

                                                                                          

 

 

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert Sumqayıtda baş tutub.

 

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirdə Regional Kamera Orkestri, Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin Xalq çalğı alətləri orkestri və Sumqayıt Dövlət Dram Teatrının kollektivi çıxış edib.

Konsertdə bəstəkarın əsərləri, milli rəqslər və bədii kompozisiyalar təqdim olunub, proqram tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2025)

 

 

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN TƏŞƏBBÜSÜ İLƏ ICESCO-NUN BAŞ DİREKTORU UNİVERSİTETİNİN QONAĞI OLUB

 

21 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik Türkistana səfəri çərçivəsində Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin ilahiyyat fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə görüş keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüş zamanı elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, gənc nəslin dini-mənəvi dəyərlər ruhunda tərbiyəsi, həmçinin gələcəkdə birgə həyata keçirilə biləcək layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.  Daha sonra qonaqlar “Divani Lüğət it-Türk” adlı Beynəlxalq Sərgisi və orada təqdim olunan nadir eksponatlar, tarixi əlyazmalar və XI əsrə aid türklərin mədəni quruculuq aspektinə diqqət çəkən əşyalar ilə tanış olublar.

Qeyd etmək lazımdır ki, bu Sərgi 10 iyun, 2025-ci il tarixində Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetində Türk Mədəniyyəti və İrsi Fondunun və Türküstan vilayəti Akiminin birgə əməkdaşlığı ilə təntənəli şəkildə açılmışdır.

Tədbirin sonunda Dr. Salim əl-Malik tələbələrin ünvanladığı suallara cavab verib, gənclərin elmə və maarifə olan marağını yüksək qiymətləndirərək, onların gələcəkdə Türk-İslam dünyasının inkişafında mühüm rol oynayacaqlarını vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2025)

 

 

Noyabrın 3-dən 5-dək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək. 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verr ki, tədbir Türkiyənin Antalya şəhərində təşkil olunacaq.

Forum çərçivəsində mədəniyyət elçiləri şəbəkəsinin fəaliyyəti əsasında Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təbliği, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri və Azərbaycan Evləri ilə mədəniyyət xadimlərinin qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsi nəzərdə tutulur.

Proqramda panel sessiyaları və müzakirələr, milli mədəni irs nümunələrindən ibarət sərgi və konsert proqramı təşkil ediləcək. Forum iştirakçıları, həmçinin, Antalya şəhərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən noyabrın 1-dən 9-dək keçiriləcək “Mədəniyyət Yolu” Festivalında iştirak edəcəklər. Azərbaycan sözügedən festivalda fəxri qonaq statusunda təmsil olunacaq.

Xaricdə yaşayan azərbaycanlı mədəniyyət xadimləri oktyabrın 1-dək https://culture.fillout.com/elchilersəhifəsi üzərindən qeydiyyatdan keçə bilərlər.

Azərbaycan Mədəniyyət Elçiləri Forumunun hər il dünyanın müxtəlif bölgələrində təşkili planlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.