
Super User
“OXU – Kitabların sehrli dünyasına səyahət et!” devizi altında tədbir, özü də açıq havada
20 iyun 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən təşkil olunan “OXU, YARAT, QAZAN!”- Yay Festivalı davam edir. Festivalın “OXU – Kitabların sehrli dünyasına səyahət et!” devizi altında növbəti tədbiri açıq hava şəraitində təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, uşaqların yay tətilində kitab oxumağa marağını artırmaq və onların asudə vaxtlarını mənalı keçirmək məqsədilə açıq havada kitabxana əməkdaşları müxtəlif bədii əsərlər əsasında viktorinalar təşkil ediblər. Uşaqlar həm sevimli əsərlərini xatırlayıb biliklərini nümayiş etdiriblər, həm də yeni qəhrəmanlarla tanış olublar.
Tədbirdə həmçinin, məntiqi düşünməni və yaradıcı yanaşmanı təşviq edən fərqli oyunlar – krossvordlar, söz zənciri və nağıl qəhrəmanları əsasında pantomima ("him-cim") yarışları keçirilib. Uşaqlar təqdim olunan ipucları ilə tanınmış personajları tapmağa çalışaraq əyləniblər.
“OXU” istiqaməti çərçivəsində keçirilən bu tədbir kitabların sehrli dünyasına maraq oyadaraq uşaqlarda həm mütaliəyə sevgi, həm də ünsiyyət və təqdimetmə bacarıqlarının inkişafına töhfə verib. Festival çərçivəsində bu istiqamətdə silsilə tədbirlərin həyata keçirilməsi davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(21.06.2025)
Daşkənddə Türk Dövlətləri Təşkilatının III Diaspor Gənclərinin Forumu keçirilib
Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Təşkilatının (TDT) III Diaspor Gənclərinin Forumu baş tutub. Forumda TDT-yə üzv ölkələr 1+2 formatında – hər ölkədən 1 rəsmi nümayəndə və 2 diaspor gənci – təmsil olunub.
Forumda Azərbaycandan Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Könül Əliyeva və diaspor gəncləri — Qazaxıstandan Raqif Zeynalov, Qırğızıstandan isə Aynur Əsədova iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Könül Əliyeva çıxışında Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərindən, eləcə də diaspor sahəsində əməkdaşlığın uğurla inkişafından danışıb. O, 2022-ci ilin dekabrında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Özbəkistan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsi arasında imzalanan Anlaşma Memorandumunun bu sahədə əməkdaşlıq üçün yeni imkanlar yaratdığını və real nəticələr verdiyini vurğulayıb.
Çıxışdan sonra komitənin Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı haqqında videoçarx nümayiş olunub.
Forum çərçivəsində Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar Məsələləri Komitəsinin sədri Kaxraman Sariev ilə görüş keçirilib. Kaxraman Sariev Azərbaycana olan ilk rəsmi səfərindən məmnunluqla bəhs edib.
Daha sonra TDT-nin baş katibinin müavini Ömer Kocamanın və layihə direktoru Ali Çivilerin rəhbərliyi ilə iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlıqlarla bağlı təkliflər irəli sürülüb.
Görüşün sonunda komitə adından Kaxraman Sarievə və TDT-yə xatirə hədiyyələri təqdim olunub.
Forum gənclər üçün ekskursiya ilə yekunlaşıb və yerli telekanallarda geniş işıqlandırılıb.
“Ədəbiyyat və incəsənət”
(21.06.2025)
Zülmətin də nuru olarmış... – LƏNKƏRANDA BİR KİTAB TƏQDİMATI
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
İşıq, nur dərhal zülmətin şəkildəyişməsinə səbəb olar, qaranlıqları aydınlığa çıxarar. Amma bəzən qaranlıqlar əbədi olur, bununla belə, onların müəyyən hücrələrində işıq seli, nur damlaları toplaşır.
Bax bu, zülmətdəki işıqdır, zülmətdəki nurdur.
Bu gün -21 iyun 2025-ci il tarixdə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində gözdən əlil şair Samirə Sahibin "Zülmətdəki nur" kitabının təqdimatı keçirildi.
Tədbirdə bölgə yazarları, ziyalılar, məktəb şagirdləri, şairin qələm dostları, qohumları iştirak etdilər.
Mərkəzin direktoru Reyhanə Sadıxova, AYB Lənkəran bölməsinin sədri, yazıçı dramaturq Qafar Cəfərli, LDU-nun professoru Yadulla Ağazadə, filoloq şair Aytəkin Ağazadə, tanınmış ziyalı Ağadadaş Əliyev və digər çıxış edənlər şairin həyat və yaradıcılığı haqqında fikir və düşüncələrini bölüşdülər.
Tədbirdə tanınmış muğam ustası İmanverdi Ağayev və başqa musiqiçilər şairi musiqinin ecazkar dili ilə təbrik etdilər.
Şairin məktəbli şagirdlər tərəfindən səslənən şeirləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Sonda Samirə Sahib tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi...
“Ədəbiyyat və incəsənət”
(21.06.2025)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzulu Beynəlxalq Simpoziumda iştirak edib
20 iyun 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmlər Akademiyasının (TÜBA) birgə təşkilatçılığı ilə AMEA-nın Elmi kitabxanasında keçirilən “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzulu beynəlxalq simpoziumda iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, Fondun prezidenti xanım Aktotı Raimkulova öz çıxışında Azərbaycan və Türkiyənin ortaq mədəni kodlarına, dövlətçilik ənənələrinə və Türk Dünyasının birliyində oynadığı strateji rola diqqət çəkib.
O vurğulayıb ki, bu simpozium təkcə elmi müzakirə mühiti deyil, eyni zamanda ortaq gələcəyimizi birlikdə formalaşdırmaq üçün mənəvi inkişaf yoludur. Fondun həyata keçirdiyi layihələrin Türk xalqlarını daha sıx birləşdirdiyini qeyd edən xanım Raimkulova, bu birliyin sivilizasiyalararası dialoqda Türk Dünyasına öz sözünü demək imkanı verdiyini bildirib.
Tədbirin açılış mərasimində, həmçinin AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, TÜBA-nın prezidenti prof., dok. Müzəffər Şəkər, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının (AASSA) prezidenti, TÜBA Beynəlxalq Əlaqələr İşçi Qrupunun sədri prof., dok. Ahmed Nuri Yurdusev iştirak ediblər.
“Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda keçirilən beynəlxalq simpozium, iki qardaş ölkənin qlobal arenadakı strateji əməkdaşlığını elmi müstəvidə analiz etməklə yanaşı, Türk dünyasının siyasi birliyinin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
“Ədəbiyyat və incəsənət”
(21.06.2025)
Filosof, şair, bəstəkar, televizyonçu, naşir – HƏR SAHƏDƏ DƏ UĞURLU
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Kiminsə haqqına girməyi xoşlamır. Haqqına girdilərsə çəkinmədən özünümüdafiəyə qalxır. Onun qəlbinə yol tapmaq elə də asan məsələ deyil, etimadını qazandınsa əbədi dostun olacaq. Əzmkar, iradəli, emosional və duyğusaldır. Əhval-ruhiyyəsi bir anda dəyişə bilər. Ləzzətli təamlara meyilli olsa da, süfrəsində hazırcavabların, ağıllı adamların olmasını xoşlayır. Dünyagörüşü, mütaliəsi güclü olduğundan bəlağətli, məntiqli danışmağı bacarır. Mübahisə və diskusiyalarda öz bildiyini, inandığını sübut etməsə əl çəkmir. Buna rəğmən həmsöhbətini səbrlə dinləməyi də var. Ürəyi çox yumşaqdır, sevdiklərinə kömək etməyə həmişə hazırdır…
1958-ci ildə Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 20 nömrəli məktəbdə başa vurub. Sonra beş il Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində ali təhsil alıb. Daha sonra fəlsəfə elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Azərbaycanda ilk qeyri-formal ictimai təşkilatlardan biri olan “CƏNGİ” birliyini yaradıb və rəhbərlik edib. Keçən əsrin 80-90-cı illərində Azərbaycan Dövlət Televiziyasında “Ekspromt” və “Çərşənbə axşamı” verilişlərinin, 2006-2007-ci illərdə isə ANS televiziya kanalında “CƏM” ictimai-siyasi tok-şounun müəllifi və aparıcısı olub. 1980-ci illərin əfsanəvi “OZAN” muğam-rok qrupunun yaradıcısı və rəhbəridir. "Şərq-Qərb" Nəşriyyat Evinin yaradaraq bir müddət oranı idarə edib. 2017-ci ildən "1001 kitab" və "Quran nəşrləri" nəşriyyatlarına rəhbərlik edir...
Deyir ki,- “Atam iqtisadçı-jurnalist kimi uzun illər jurnal redaktoru işləyib. Mənim nə vaxtsa onun kimi naşirlik edəcəyimi, əminəm ki, təsəvvür etmirdi. Çünki aradabir kitablar üzərində işləsəm də, nə vaxtsa əsas peşəmin naşirlik olacağını heç mən özüm də ağlıma gətirməzdim. 1996-cı ildə atam vəfat edəndə, mən bank sahibi və “bərkgedən” iş adamı idim... Anam isə naşirliyimə həm şahidlik edib, həm dəstək olub. O, Azərbaycan dili və ədəbiyyatı müəllimi, dilçi-alim olduğuna görə, redaktədə işim çətinə düşəndə, baş məsləhətçim idi. Sağlığında dilçilik üzrə onun iki elmi kitabını nəşr edə bildiyim üçün müəyyən təskinlik tapıram. Evdə üç uşaq olmuşuq. İndiki Hüseyn Cavid prospektində yaşamışıq və üçümüz də 20 nömrəli orta məktəbi bitirmişik. Mən orta məktəbin 4-8-ci siniflərində oxuyanda, həm də 16 nömrəli musiqi məktəbində tar üzrə beşillik təhsil almışam. Ailəmizdə ortancıl övlad olmuşam. Böyük qardaşım iqtisadçı-alim, kiçik bacım qəzet redaktorudur. Budur ki, yazı-pozu işi bizim bir növ ailəvi sənətimizdir”...
Hadisələri dərindən təhlil etməyi bacarır, analitik ağlı ilə ən dolaşıq problemləri həll edə bilir. İqtisadi məsələlərindən yaxşı baş çıxarır, lakin ənənəvi yolla qazanmağa üstünlük verir. Risk etməyi xoşlamır. Keçmişə çox bağlı adamdır, daha doğrusu, mühafizəkardır. Ötən günləri tez-tez xatırlayıb köks ötürür. Məqsədə doğru gedən yolda iradə nümayiş etdirməkdən çəkinmir. Həssaslığı və intellekti onu filosofluqdan əlavə şair-bəstəkar məqamınadək yüksəldə bilib. Piano, gitara, tar musiqi alətlərini mükəmməl dilləndirə bilir. Otuzdan yuxarı musiqinin müəllifidir. Gözəl poeziya nümunələri yaradıb...
Deyir ki,- “Gəldiyim qənaətlərdən birini söyləyəcəm. Tələbə olarkən belə fikirlərimə görə mənə “vulqar materialist” deyirdilər. Vaxtilə, Vladimir Vernadskinin istifadə elədiyi “noosfer” anlayışı, hətta, demək olar, nəzəriyyəsi var idi. Nədir noosfer? Hələ internet dövründən əvvəl, XIX əsrin sonlarında və XX əsrin 1-ci yarısında yaşayıb yaratmış Vernadski deyirdi ki, necə ki, Yer kürəsinin atmosfer, litosfer və digər təbəqələri var, eləcə də noosfer təbəqəsi var. Vernadskiyə görə, noosfer – insanın əldə etdiyi biliklərin Yerin ətrafında əmələ gətirdiyi bir təbəqədir. Məncə, medianı da bu təbəqəyə aid etmək olar. Baxın, məsələn, bu gün biz kompüterimizdə hər hansı bir informasiyanı silirik. Amma o yox olmur. Fizikanın fundamental qanunlarına görə, maddi olan bir şey yox olmur, yalnız başqa formada mövcud olmaqda davam edir. Odur ki, kompüterdə hansısa informasiya neçəsə bit, bayt, geqabayt həcmdə maddi olan bir yeri tutubsa, deməli, o yox ola bilməz. Biz onu kompüterdən silirik, amma o harasa gedir, yox olmur”…
Bəli, bu dünyada heç kim heç zaman yox olmur. Kimisi SƏSə, kimisi SÖZə, kimisi MUSİQİyə, kimisi də TARİXə çevrilir. Haqqında söhbət açdığım Rasim Müzəffərli isə xoşbəxt adamlardandır, nə vaxtsa həm SƏS, həm SÖZ, həm MUSİQİ, həm də TARİX olacaq. Çünki O, əbədiyyətə gedən yolun yolçusudur…
Bu şeiri də o yazıb:
Dəlisov xəzrilər əlindən
Yaralı yelkənim üzüldü.
Qayalar tutmadı əlimdən,
Dalğalar qəsdimə düzüldü.
Bir batmış gəmiyəm, indi mən
Suların altında yatmışam.
Qorxmuram tufandan, küləkdən,
Üzməyin daşını atmışam.
Nələr, nələr üzür qəlbimdə,
Üzməyi bilməyən nə bilər?!
Rəqqaslartək süzür üstümdə
Fəlakət bilməyən gəmilər...
...Bəli, bu gün - iyunun 21-i Rasim Müzəffərlinin növbəti ad günüdür. Yeni yaşı mübarək olsun!
“Ədəbiyyat və incəsənət”
(21.06.2025)
SEÇMƏ ŞEİRLƏR: Nigar Rəfibəyli, “Ayrılıq”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
AYRILIQ
Aşıq Hüseyn Cavana nəzirə
Mən ki doymamışdım heç vüsalından,
Mənə zülm elədi yaman ayrılıq.
Nə olardı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq...
Biz ki bir ruh idik iki bədəndə,
O gülüb-sevinsə, gülərdim mən də,
Vüsalın bülbülü uçub gedəndə
Daş kimi qəlbimdə qalan ayrılıq.
Kim qıydı dostların bahar elinə?
Mehriban sözünə, şirin dilinə,
Cananın sazını alıb əlinə
Əğyar mizrabıyla çalan ayrılıq.
Mən görəndə orda yaz səhəriydi,
Xoş nəfəs baharın küləkləriydi,
Açılan ağ badam çiçəkləriydi,
İndi onlardımı solan, ayrılıq!
Gün çıxar, dağların əriyər qarı,
Pozulmaz dostların əhdi, ilqarı,
Keçər ürək dərdi, könül qubarı,
Gəl etmə meydanda cövlan, ayrılıq!
“Ədəbiyyat və incəsənət”
(21.06.2025)
PORTAL AKADEMİYASINDA - Reklamın uğur gətirməsi dərəcəsini 3 faktor müəyyənləşdirir
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Reklamdan danışırıq.
Reklamın uğur gətirməsi dərəcəsini 3 faktor müəyyənləşdirir:
- nəzərdə tutulan auditoriya;
- reklam mətninin özü;
- reklam kanalı.
Siz biznesiniz üçün lazım olan auditoriyanı düzgün seçməli, reklam mətnini qüsursuz hazırlamalı, ən nəhayət, ən effektiv reklam növü seçməlisiniz.
İlk baxışda, lazımi auditoriyanı seçə biləcəyinə hər kəs özündə bir əminlik hiss edir. Amma, məsələ düşünülən qədər asan deyil. Sizə bir sual verim. Tutalım, avtomobil almaq istəyirsiniz, özü də məlum bir kompaniyanın avtomobilini. Sizə hansı məlumat-reklam guşəsi cəlbedici gələcək: bütün avtomobillərin satılmasından bəhs edən, yoxsa konkret siz arzuladığınız kompaniyanın avtomobillərindən bəhs edən? Əlbəttə sizi ikinci cəlb edəcək.
Hər hansı xəstəlikdən, məsələn, ostraxondrozdan əziyyət çəkən xəstə ümumi terapevt həkimin reklamını görub onun yanına təşrif buyurar, yoxsa məhz ostraxondroz üzrə mütəxəssisin? Təbii ki, ikincinin.
Unutmayın. Reklamda maksimal effekt əldə etmək üçün çalışın onu konkret auditoriyaya ünvanlayasınız. Auditoriya kiçildikcə reklam effektivliyi artacaq. Hətta siz, maksimum effekt qazanmaq üçün reklam ünvanladığınız auditoriyanı süni şəkildə kiçildə də bilərsiniz. Məlum bir şirkət istehsal etdiyi kondisionerə «Yalnız VİP müştərilər üçün!» yarlığını yapışdırıb kifayət qədər uğur qazanırsa, yaxud bir başqa şirkət avtomobillərinə «İndi hətta yoxsullar da avtomobil sürəcək» tipli reklam kampaniyası apararaq inanılmaz satış həcmi əldə edirsə, demək, bu dediyimiz müddəa sınanılmış müddəadır.
Reklam mətnini hazırlayanda da bir neçə vacib şərtə əməl etməyiniz zəruridir. İstehlakçı sizin təklif etdiyiniz məhsulla razılaşanda, unutmayın ki, özü-özünə suallar verir. Bax reklam mətninizdə o, bu suallara
cavab tapmalıdır.
1. Sual: Mən niyə bu məhsulu almalıyam?
Cavab: Çünki bu məhsul münasib qiymətədir, daha keyfiyyətlidir və s.
2. Sual: Mən niyə bu şirkətin məhsulunu almalıyam?
Cavab: Bu şirkət illərdir ki, bazardadır, müsbət imici, mükafatları var və s.
3. Sual: Mən niyə bu məhsulu məhz indi almalıyam?
Cavab: Endirim kampaniyası keçirilir, stimullaşdırıcı lotereya keçirilir, indi alsanız bir il pulsuz servis təklif olunur, məhsullar məhdud saydadır və s.
Reklam mətnində şəklin effekti çox böyükdür. İllüstrasiyalar daha çox diqqət cəlb edir və reklama inamı daha çox artırır. Maraqlı bir fakt deyim. Sosial şəbəkələrdə yazılan adi statusla şəkilaltı statusun oxunma sayı arasında azı 3-4 dəfə fərq var, bilirsinizmi?
Və ən nəhayət, potensial istehlakçını cəlb etməkçün yazılı reklamın başlığı uğurlu olmalıdır. Başlıq çox şeyi həll edir. Bir neçə variant düşünüb onun ən yaxşısını seçməlisiniz. Eləsini seçməlisiniz ki, istehlakçının yaxasından yapışıb onu özünə çəksin.
Video reklamda isə başlanğıc uğurlu olmalıdır. Elə bir başlanğıc düşünməlisiniz ki, cəmi 3-4 saniyəyə diqqəti cəlb etməyi bacarsın.
Və ən nəhayət, «hansı reklam növünə üstünlük verim» sualı ilə baş-başa qalarkən də ötəri qərar verməməlisiniz, xeyli düşünməli, saf-çürük etməlisiniz. Sizin potensial müştərilər daha çox hansı saatda asudə vaxt əldə edə bilir? Onlar nəyə baxır, nəyi dinləyir, nəyi oxuyurlar? Hansı portallara, sosial şəbəkələrə daha çox vaxt ayırırlar? Bu sualların hər birinin cavabı sizin reklam kampaniyanızı daha da uğurlu məcraya yönəldəcək.
Bəs hansı reklam növü məhz sizin profil üçün daha effektlidir? Küçə reklamımı, televiziyamı, internetmi?
Məsələn, «Hamıya yaxşı şərtlərlə kredit verilir» reklamını verib heç bir fayda əldə edə bilməyən bir tanıdığım bank yayda məzuniyyətə getmək istəyənlərə, payızda toy etmək istəyənlərə, qışda ev əşyaları almaq istəyənlərə , yazda evini təmir etmək istəyənlərə ayrıca kredit təklifi verməklə dördqat fayda ala bildi.
Kitab satışı ilə məşğul olan şəbəkə «ən yaxşı kitablar bizdə» formasında reklam kampaniyası aparsa, sizcə nəyəsə nail ola bilərmi? Amma, tutalım, sevgi romanı arzulayanlara ayrıca Nikolas Sparksı, Frederik Beqbederi, yaxud Mark Levini, detektivsevənlərə Fillis Doroti Ceymsi, Keyt Atkinsonu, yaxud Çingiz Abdullayevi təklif etsələr faydasını dərhal hiss edərlər.
İndi isə düzgün reklam taktikası qurmağın və effektiv nəticə əldə etməyin qabaqcıl təcrübəyə əsaslanmış yollarına diqqət yetirin:
- çalışın reklamınızda cəmi bir aspektə diqqət yönəltməyin, reklam olunan tam obraz kimi auditoriyanın qarşısında dayansın;
- reklam ideyanız çox sadə və asan anlaşılan olsun;
- istehlakçının etibarını qazanmaq üçün mütləq öz reklam etdiyiniz məhsulun, xidmətin rəqiblərin təklif etdikləri məhsul və xidmətdən üstünlüyünü göstərməyi bacarmalısınız.
Sizə uğurlar!
“Ədəbiyyat və incəsənət”
(21.06.2025)
Kahramanmaraşda əbədi Azərbaycan abidəsi!
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”
İki il öncə güclü yeraltı təkanların dağıtdığı Kahramanmaraşda bugün duyğu yüklü, düşüncə əsaslı fikir təkanları baş verdi: dost da, dosta ola bilməyənlər də Azərbaycan Məhəlləsindən nəsibini aldı. Bilirsiz, bu, nə deməkdir? - Bir dastana, epopeyaya mövzu ola biləcək bu hadisənin bir neçə özəl, incə çizgisi vardır. Qarabağda, Zəngəzurun Gündoğarında kəndlər, şəhərlər tikən, “Böyük Qayıdış” Proqramını həyata keçirən Azərbaycan Respublikası, tarixi Zəfərinin sevincini qardaş ölkəyə daşıyır. Bu, Azərbaycan ilə Türkiyənin doğrudan -doğruya bir millət, iki dövlət olduğunu təntənəli surətdə və bir daha sübut edir!
Sübut edir ki, dörd yanımızda aləmin bir-birinə qarışdığı zamanda Azərbaycan ilə Türkiyə sabitlik, inkişaf, ümid və inam ünvanlarıdır. Hər qardaş qonşuluq, hər qonşu qardaşlıq edə bilmir. Bu anlamda, Kahramanmaraşda bugün yaşananlar, qardaşlığımız üzərinə kölgə salmaqçün marıxda yatanların ovqatını əməlli-başlı pozur. Ayrıca, Kahramanmaraş adı, coğrafiyası simvolik anlamlar da daşıyır və bugünümüzlə səsləşmələr içindədir. Bəlli - böyüklü-kiçikli bacılar ötən yüzilliyin əvvəllərində oralarda min hoqqadan çıxırdı; ancaq ümumişlək sözlə desək, xalq ruhunun cəsarəti paşa, məmur, vəkil, mühəndis və b. gözləmədən hətta bir südçünün, imamın və yeniyetmənin belə, işğalçılara üsyan bayrağı qaldıra biləcəyini bir daha və bir daha sübut etmişdi o illərdə...
Kahramanmaraş elə Kahramanmaraşdı!
Kahramanmaraş belə Kahramanmaraşdı!
Bəli,
Kahramanmaraşda Azərbaycan Məhəlləsinin açılışı və bununla bağlı, Prezident Əliyevin Türkiyəyə səfəri tarixi xarakter daşıyır.
Söhbət təkcə tikilən məhəllədən deyil, yeni mərhələdən, yüksələn mərtəbədən gedir.
Tarix bir daha tanıqlıq etdi:
Azərbaycan və Türkiyə eyni soydan gəldikləri kimi, eyni taledən, eyni dərddən və inama çevrilmiş eyni ümiddən doğulmuş iki dövlət, bir millətdir. 19 iyun 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkəyə etdiyi səfər bu həqiqətin daha bir möhtəşəm təcəssümü oldu.
İki il öncə – 6 fevral 2023-cü ildə baş verən dağıdıcı Kahramanmaraş zəlzələsi yalnız Türkiyənin deyil, bütün Türk dünyasının ürəyini ağrıtmışdı. Həmin anda Azərbaycan dövləti və xalqı dərhal qardaş köməyinə çatdı – təkcə axtarış-xilasetmə dəstələri deyil, həm də hərarətli dualar, dost əllər, açıq qəlblər yollandı o bölgəyə... Azərbaycan ilk yardım edən ölkələrdən oldu, ilk çadırlar, ilk içəcək-yeyəcəklər, geyəcəklər, ilk təskinlik sözləri Azərbaycandan oldu.
Bu gün açılışı baş tutan Azərbaycan Məhəlləsi həmin həmrəyliyin daimi abidəsinə çevrildi; yenidənqurma deyil bu, bu, birlik ruhunun təntənəsidir. Təkcə evlər yox, qardaşlığın qoşa divarları hörülür, damlar altına Türkiyə-Azərbaycan sevgisi salınır. Təsadüfi deyil ki, açılış törəninə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən qatıldı. İki liderin Hava limanında səmimi görüşü, qarşılamadakı təntənə, ardınca keçirilən müzakirələrin dərinliyi bir daha göstərdi ki, bəli, bu səfər sadəcə protokol səfəri olmayıb, illa tarix yazan, gələcək quran səfərin özüdür!
Açılış törəni özü bir məktəb, bir ismarıc idi: Səhnədə səslənən nitqlər, xalqın gözlərindəki şükranlıq, minnətdarlıq və sevinc, təqdim olunan sənət örnəkləri, qutsal bayraqların qoşa dalğalanması – hər şey, hər şey gözəldi, özəldi! Bəli, bəli, “Bir millət, iki dövlət” şüar deyil, bu, yerə kök salmış, göyə budaq atmış, Günəşin nuruna boyanmış sarsılmaz bir həqiqətdir.
Azərbaycan Məhəlləsi artıq təkcə bir yaşayış yeri yox, türkün dərdinin türkün əlindən tutması ilə gidərilməsi nişanıdır. Bu küçələrdə Azərbaycanın adının ruhi energetikası dolaşacaq; bu Məhəllədə böyüyəcək uşaqlar biləcək ki, onların evi bir zamanlar uzaqdan gələn, amma könüldən yaxın qardaşlar tərəfindən tikilib. Onlar torpağın necə silkələndiyini deyil, qardaşlığın necə möhkəm olduğunu xatırlayacaqlar.
Bu səfər və bu açılış bir daha sübut etdi: Harada türkün gözü yaşlıdırsa, orada Azərbaycan vardır. Harada Azərbaycan var, orada da Türkiyənin Ürəyi döyünür. Bu birliyin adı Turan ruhu, bu ruhun təcəssümü isə Kahramanmaraşdakı Azərbaycan Məhəlləsidir!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Şəkildə: Kahramanmaraşdakı Azərbaycan məhəlləsi belə olacaq.
“Ədəbiyyat və incəsənət”
(21.06.2025)
MARAQLI SÖHBƏTLƏR – Öz yaralılarına qorxudan yaxın durmadılar, amma türk durdu
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Türkiyənin Gelibolu yarımadasının cənub qurtaracağında çox maraqlı bir abidə var. Onun postamentində yazılmışdır: “Mehmetçiyə hörmət abidəsi”. ( Mehmet türk ordusunun sıravi əsgərlərinə verilən addır). Bu heykəltəraşlıq kompozisiyası Birinci Dünya Müharibəsinin qanlı hadisələrinə həsr olunub və ingilis əsgərlərinin geyimində olan bir yaralı şəxsi ehtiyatla aparan türk əsgərini təsvir edir.
Bu abidə türk heykəltəraşı Tankut Ektemin 1997-ci ildə Eceabat şəhəri yaxınlığında qızğın döyüşlərin getdiyi yerdə ucaldılmış və Çanaqqala döyüşünün maraqlı epizodlarından birinə həsr olunub.
Həmin döyüş zamanı ingilislərə dəstək verən Avstraliya və Yeni Zelandiya ordu korpusu var qüvvələri ilə vuruşaraq, türk ordusunu Çanaqqala boğazına sıxmağa çalışırdı. Hücumlar bir-birinin ardınca davam edirdi, türklər isə son gücləri ilə müdafiə olunurdular.
Növbəti uğursuz hücumdan sonra hər iki tərəf yenidən döyüşə hazırlaşmaq üçün sakitləşir. Səngərlərdən ancaq nadir, təsadüfi atışların səsi gəlirdi. Bu vaxt neytral zonada bir yaralı avstraliyalı zabit qalmışdı. O, inildəyib yoldaşlarını çağırdı, amma nahaq yerə: avstraliyalı əsgərlərdən heç biri həyatını riskə ataraq ona yaxınlaşmaq və düşmənin asan hədəfinə çevrilmək istəmirdi...
Gerisi isə bir türk insanının döyüşdə necə sərt olsa da insanlıqda necə ali olmasına işarədir:
...Bu zaman türk qoşunları atəşi dayandırır və səngərdən köynəyini ağ bayraq edərək qaldıran bir türk əsgəri qalxır. Hər iki tərəfin sükutla izlədiyi bu mənzərədə, türk əsgəri yaralıya yaxınlaşır, ehtiyatla onu qaldırır və düşmən səngərlərinə tərəf apararq, yaralını onlara təhvil verir. Sonra isə yenidən öz səngərinə qayıdır. Məhz bu hadisə türk və avstraliyalı döyüşçülərin münasibətlərində dönüş nöqtəsi olur. Türk əsgərinin bu alicənablıq hərəkətdən sonra hər iki tərəfin əsgərləri vaxtaşırı səngərlərdən bir-birlərinə zarafatlaşmağa və siqaretlər atmağa, həmçinin yaralı və ölülərini atəş zonasından çıxarmaq mümkün olsun deyə, atəşkəs təşkil etməyə başladılar.
Rəsmi versiyaya görə, sıravi bir türk əsgəri tərəfindən, ona düşmən olan yaralı avstraliyalı zabitin xilas etməsi Türkiyədə Çanaqqala döyüşünün bütün iştirakçılarına hörmətlə yanaşma ənənəsi doğurdu. Həqiqətən də bu abidə yaradılandan bəri bir dənə də olsun vandalizm hadisəsi qeydə alınmamışdır. Əsgərlərinin xatirəsini ehtiramla yad etməyə gələn türklər öz soydaşlarının məzarlarına, eləcə də ingilis, fransız, avstraliyalı və yeni zelandiyalıların da dəfn edildiyi məzarlara eyni qayğı ilə yanaşırlar.
Qeyd edək ki, türklərin özlərinin Çanaqqala döyüşü adlandırdıqları və Gelibolu döyüşü kimi tarixə düşən genişmiqyaslı hərbi əməliyyat 1915-ci ilin fevralında başlayıb və bir ilə yaxın davam edib. Antanta ölkələri Çanaqqala boğazını ələ keçirməli idilər və İstanbulu almağı planlaşdırırdılar. Əməliyyatın əsas məqsədi Türkiyəni müharibədən çıxarmaq və Türkiyə boğazlarından Rusiyaya dəniz yolu açmaq idi. Çanakkala döyüşü Birinci Dünya Müharibəsinin ən amansız və qanlı döyüşlərindən biri oldu. Bu döyüşlərdə müttəfiq ordusunun (yəni ingilislər, fransızlar, avstraliyalılar və yeni zelandiyalılar) ümumi itkiləri 302 000 nəfər təşkil etdi. Osmanlı İmperiyası bir qədər az – 250 000 əsgər itirdi.
Antantanın Çanaqqala əməliyyatı fəlakətli uğursuzluğa düçar oldu. Böyük Britaniya Admirallığının Birinci Lordu Uinston Çörçill isə əməliyyatın təşəbbüskarı kimi istefa verməyə məcbur oldu.
Çanaqqala döyüşünün türk xalqının tarixi yaddaşında həm də ona görə xüsusi əhəmiyyəti var ki, Çanaqqalanın müdafiəsinin təşkilatçılarından biri Türkiyə Cümhuriyyətinin qurucusu və prezidenti Atatürk Mustafa Kamal idi.
“Ədəbiyyat və incəsənət”
(21.06.2025)
BİRİ İKİSİNDƏ – Sevinc Yunuslunun şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Sevinc Yunuslunun şeirləri təqdim ediləcək.
***
Çiçək kimi gülər üzün
axşam düşüb, şehlənib.
Hara gedirsən beləcə
boynubükük, ehlənib.
Sənin çəkdiyin ağrılar
milyon ildir köhnəlib.
Dərd nədir, qurban olduğum?..
Dərd adamı güldürər...
Səfi pozulmaz durnamın,
bir naşı daş atmasa.
Bircə düşman qalib gələr,
dost bizi quşatmasa.
Tanrı bizi bu dünyaya
Gətirib yaşatmasa,
uzaqbaşı neyləyəcək?..
Günbəgün süründürər...
Bu yel ki var boş başımda,
qəm eləmə, keçəcək.
Bir qız var bulaq başında
əlində cam, içəcək.
Min cəfaya dözən könlüm
bax buna da dözəcək!
Məni heç nə öldürəmməz,
yalanların öldürər!..
***
Görən xatırlayırsan adın dilində olanı?
Gecə-gündüz sənə görə gözü boşalıb-dolanı...
Məktublarım saralıbmı
kitabında saxladığın?..
Saçın cibimdədir hələ
qoxlayıb ağladığım...
Sən gedəli Bakının buludları qaralıb,
Sahilə qalxan yolun səkiləri daralıb...
Həzin laylalı Xəzər
ləpələr şəhəridi,
Mənimçün hər yer sənsiz
təpələr şəhəridi...
Nə söyüd var, nə vələs, yoxdu həmin park yeri,
bütün xatirəmizi söküb Bakının meri...
Sənin iş yerinin də
binası özəlləşib.
Üzülmədim…bir az da
xatirən gözəlləşib...
Eh nə isə... eh nə isə, bir az özündən danış,
Necə oldu ağ saçın əlimlə oldu tanış?..
Boyuna dolandığım, gördüyüm kimisənmi?..
Elə həmin dərdindən öldüyüm kimisənmi?..
Elə darıxmışam ki...
Neynirsən, nə edirsən?..
Orda sənə kim deyir
“Oyan, işə gedirsən?..”
***
Həyatın bir anı ağ, bir anı qaranlıqdır,
Hansı gülü qoxlasan, bir az məni taparsan.
Bir də könlümü qırma, bir an çəkər getməyim –
Çox oduma güvənmə, soyuyaram, yanarsan!
Göz yaşını mənimtək kim silə, kim anlaya?
Kim bu yolu mənimtək başlaya, ya sonlaya.
Mənim nə günahım var, gətiribdir dünyaya –
O dünyada görüşsəz, anamı danlayarsan...
Bilirsən, adı eşqdir göydə bütün dinlərin.
Bu eşq ki var, bax bu eşq, bu eşq mində birlərin!
Bu eşq ilə bircə mən sahibiyəm yerlərin –
Səni mən yaradaram, Allahı da danarsan...
***
Səhra istidi, çöl isti,
Sapsarı bir qum üşüyür...
Ovuclarımda tər isti,
Bəs niyə ruhum üşüyür?..
Dirilə billəm səsindən,
Gəl də çıxart qəfəsimdən...
Balıqların nəfəsindən
Tor udum-udum üşüyür...
Ay gecəyə qarışammır...
Çay da bəndini aşammır.
Geri gəl... sənsiz yaşanmır,
Bütün umudum üşüyür...
***
Nə doldurar bir otaqlıq boşluğu?
Heç bir alov yandırammaz könlümü.
Kədər olur hər sevginin sonluğu,
Nə desələr, inandırmaz könlümü.
Göz yaşına yanaqlarım sarıldı,
Əllərinə çiçək verib yolladım.
Dedim, küsmə, ayrılıq var həyatda,
Yenə sənə ürək verib, yolladım.
Bu sevgidən çevirmədim üzümü,
Qırıldığım, incidiyim an oldu...
Məni atıb bildiyini tutanda
Qürurumun üstü-başı qan oldu.
Nə eylədin, düz elədin, əzizim.
Sevgimizi can evindən oxladın.
Məndən sənə zərər gəlməz, bilirsən,
Daş səbrimi milyon dəfə yoxladın...
Nə sevdaysa, can çəkişdim önündə,
Zülüm idi bir yalanın on dəfə.
İndi mənə bağışlamı deyirsən?
Bağışladım... Ölmək üçün son dəfə...
***
Buludu bir az da sıxsan,
Gözündən yağış çıxacaq.
Bu dəfə vida yerinə
Dilimdən alqış çıxacaq.
Verdim könlümü əlimlə.
Dedim, oynama külümlə.
Bir gün çəkdiyim zülümlər
Sənə də tanış çıxacaq.
Bir dəli eşqsə ümidin,
Mən getsəm, itsə ümidin...
Bir zaman bitsə ümidin,
Yuxunu danış, çıxacaq.
Bu eşq deyil əcəl-əcəl...
Canımda qoymadı əsər...
Sənə olan sevgilərin
altından yarış çıxacaq...
Dünyanı tutan canım da
Doymadı eşqin tamından.
Sonumuz Cəmşid camından
Torpaq... bir qarış çıxacaq...
***
Sənin gözlərinə yuxu gedəndə
Başının üstündə oyaq olacam.
Nəyi atırsan-at onları atma,
Sənə məktublarım dayaq olacaq,
götür və qoxla...
Ta fəth edən olmaz könül adanı.
Alan olmayanda dərdi-qadanı.
Bağrının başında mənim məqamım
Bir ağrı, bir boşluq, oyuq olacaq,
əlinlə saxla...
Dadı olmayacaq yağın, balın da,
Qardaş da, bacı da eh, öz halında.
Ən məsud, ən kövrək, isti anında
Yatağın bir anlıq soyuq olacaq,
doyunca ağla...
Yandırdın bağrını, közün öldürdün,
İçində sevdalı sözü öldürdün.
Yunuslu Sevinci özün öldürdün,
Etməsən, el-aləm duyuq olacaq,
gözünü bağla!
***
Ürəyimin divarları döyülür
Sinəm üstən qoşa çəkir ağrı dağ.
Biz tərəfdə qar ələnib Aveyə
Siz tərəfdə dumanlanıb Ağrıdağ..
Varılmayan səhralara qol açdım,
Yollarında ayağıma qan açdım.
Pənah dedim, Tanrı dedim, əl açdım,
Min ümiddən bircə qaldı ağrı sağ...
Bax, quzular yal-yamaca daraşıb,
Saçlarımdı qollarına dolaşıb…
Ayrılmırıq, milyon kərə dalaşıb
Daha niyə biz bu eşqi ağrıdaq?
Yıxar səddi Arazla Kür birləşər,
Qarı bitər, qışı bitər güneyin...
Gəl barışaq, günəşlənib Ağrıdağ,
Ətəkləri çiçəklənib Aveyin...
***
Gözlərimə yuxu getdi bir anlıq,
Ağlı çaşdı divardakı saatın.
Elə gözəl açıldı ki üzünə –
Əllərini əzbərləyibmiş qapım...
Elə gəldin, elə bil ki başıma
Min ildir ki oyun açan deyilsən.
Elə bil ki yastığımın üstünə
Çiçəkləri qoyub qaçan deyilsən...
Elə qorxdum, nəfəsini saçımda
Tanımadım, nəfəsimə hopmadı.
Sonra divlər atdı məni dənizə,
Ancaq əlin əllərimdən qopmadı...
Yuxumda da əllərimlə yol açıb
Yekəxana mən deyirdim “get”ləri.
Addımbaşı sən önünə yal atıb,
Üstümüzə hürdürürdün itləri.
Yuxumda da zəng gəlmişdi uzaqdan,
Dalaşırdıq, sən kimisə öpmüsən!..
Ayıldım ki, çay soyuyub, film bitib,
Qollarımda yuxuyaca getmisən...
Həmin gecə səhərədək dünya da
Çıxacaqdı ətrafından oxunun.
Ağlı çaşdı divardakı saatın –
Atasına lənət belə yuxunun...
***
Gəl qapını bağlayaq
Arxada qalsın hamı..
Gəl unudaq halalı,
Gəl unudaq haramı...
Bircə-bircə oxuyum
Çoxluğunun şeirini...
Mənimtək kim söyləyər
Yoxluğunun şeirini?..
Sərxoş deyək sağlığı,
Xoşdur ruhun dağnığı.
Gəl qaraldaq ağlığı,
Gəl ağardaq qaranı...
Bir sən, bir mən, bir ağ at,
Bəsdir burdan qaçmağa...
Əllərindən tutmağa,
Buludlarda uçmağa...
Ocaq haqqı, köz haqqı,
Çəmən, çiçək, düz haqqı...
Ağrı haqqı, söz haqqı –
Sən sararsan yaramı…
Nə olsun ki, tufanda,
Nə olsun, tələdəsən...
Sən məni təslim edən
Yeganə qələbəsən…
“Ədəbiyyat və incəsənət”
(21.06.2025)